Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Mərasimi

Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 46-cı ildə (aprel, 2024) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani İdrak Günü” mərasimini gerçəkləşdirdi. Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün’ümüzə başlayırıq. Ruhani İdrak Günü Mərasimini gerçəkləşdiririk. Bu mərasimdə Ocaqda ölənlərimizin adını anırıq, onların adına ayağa qalxırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir.
Sizə mərasimimizin özəllikləri ilə bağlı bir neçə söz demək istəyirəm. Bildiyiniz kimi, Ruhani İdrak Günü əslində Ocaq idrakının, başqa sözlə, Ocaqçı idrakının yetkinləşməsi, Ocağa, Ocağın tələblərinə cavab verəcək bir düzeydə təsdiq olunması üçündür. Ocaqçıları düşündürən suallar olur. Çağaşırı bu sualları biz, ayrı-ayrı Ailə Günlərində dilə gətirsək də, vurğulasaq da, cavablandırsaq da, Ruhani İdrak Günü Mərasimimizdə daha əsaslı məsələlərə toxunmalıyıq. Həm də ciddi sorulara cavablar tapmalıyıq. Bu gün bizim işimiz bu Mərasimin məzmununu doğrultmaqdır. Əgər biz idrak məsələsində axsasaq dinə çevriləcəyik. Ona görə idrak məsələsində axsamaq olmaz, buna yol vermək olmaz. Nəyə görə dinə çevrilə bilərik? – Bilirsiniz, Atanın çağırışı var, yaratdığı, ortaya gətirdiyi bir nizam, sistem var. O bütövlükdə bəşəriyyətə ünvanlanmış bir ölçüdür. Bəşəriyyətin yaşam ölçüsü deyə bilərik buna. Burada nə olmalıdır, necə olmalıdır?! Axı nə qədər biz istəsək də, istəməsək də, dünya xalqları var, hər xalqın özünəxas mədəniyyəti, gələnəkləri var. Eyni halda, hər xalqın içində fərqli ölçülər var, ancaq hər xalqın içində bizi yetərləndirən çox az gəlişmə var, xalqların insani sorunları var. Bu sorunlar da hər bir xalqın içində böyüyür. Böyüyüb elə bir düzeyə çatır ki, xalqlararası münasibətlər zədə götürür, xalqlararası münasibətlər siyasiləşir, təbəqələşir. Xalqlararası münasibətlərin hamısı siyasətlə yönətilir. Dünyanın siyasəti ən çox türkə qarşıdır. Ona görə, nə qədər deyirsən de, yönətilən xalqların içində türkə qarşı bir nifrət var. Eləcə də, başqa xalqlara nifrəti var. Bu nifrəti doğuran səbəb xalqın yaxasını siyasətə verməsidir. Bütünlüklə xalqların içində insani ölçü olmayanda onların yönətimi keçir siyasətin əlinə. Siyasət onları pis yönətir. Siyasət başqa xalqlara qarşı elə bir münasibət sərgiləyir ki, sonucda bu dövlətin, bu məmləkətin xalqı başqa dövlətin xalqına qarşı nifrət bəsləməyə başlayır. Bütün məsələ budur. Ona görə deyirəm, biz idrak məsələsini çözməsək, yoluna qoymasaq dinə bənzəyərik. Din idrak məsələsini həll eləmir. Dində tərbiyəli, saf adamlar oldu, özü üçün təmiz yaşayanlar oldu, ancaq bütövlükdə idrak məsələsi yoluna qoyulmadı.İdrak məsələsi yoluna qoyulmadığı üçün insanlararası münasibətlər, – istər xalqın öz içində, istər uluslararası düzeydə, zədə götürdü.
Din insana özü olmağı öyrətmir, tabeçi olmağı, boyunduruqda tərbiyəli olmağı öyrədir, itaət öyrədir. İstər islamda istər xristianlıqda. Deyir, bir üzünə vuranda qoy o biri üzünə də vursun. Bu özü özündə yaxşı səslənir, humanist səslənir. Heç kim sual vermir, axı mənim üzümə vuran qanmaz adamdır,qanmaza o biri üzümü tutacam, ona da vuracaq. Mən o biri üzümü tutanda o ağıllanmır, tərbiyələnmir. Yəni məsələ burasındadır ki, burada idrak işləmir, idrak yoluna qoymur məsələni. Məsələni sadəcə olaraq saflığa çəkir, mənəvi düzeyə çəkir ki, belə olsa insanlar peşman olar, belə olsa insanlar anlayışla qarşılayar, yavaş-yavaş düzələr. Ancaq düzəlmir. Xristianlıq iki min ildir bu sözü deyir, ancaq heç kim bu üzünə vuranda o biri üzünü tutmur. Nə də, tutsa da, o özünü doğrultmaz. Bu üzünü tutan aşırı dərəcədə mömin ola bilər ki, gəl bura vur. Mömin olanın da elə işi olmaz. Qanacaqsızlığın qarşısını almaq hər iki üzünü onun qarşısına tutmaqda deyil. Bu baxımdan deyirəm, ya müsəlmançılıqda, ya xristianlıqda, fərq eləmir, insana itaət öyrədilir. Biz də deyirik ruhani tabeçilik olsun. Ruhani tabeçilik insanlığın yenilməsinə gətirib çıxarmamalıdır, qurulmasına, şəxsiyyətə çevrilməsinə gətirib çıxarmalıdır. Biz kimin qarşısında tabe oluruq, – kilsənin, məscidin. Məscidi, kilsəni kim yönəldir,- Allahı tanımayan, anlamayan, qanmayan geridüşüncəli adamlar. Sən də onlara boyun əyirsən. Sənin onlara boyun əyməyin ruhaniyyatsızlıqdır. Gərək kilsənin, məscidin başında duran adamın başı işləsin, idrakı işləsin. Bu dinlərin də yönü elədir ki, burada idrak işləmir. İdrakı işləməlidir ki, bütün davranışlar mənəviyyat üstündə qursun. İdrakı yaşadan mənəviyyatdır, mənəviyyatın söykənəcəyi idrakdır. Ona görə Ata bu məsələni mərasim səviyyəsində qoyub ki, bütün məsələlərə aydınlıq gətirilsin. Biz heç nəyə öz arzularımızdan yanaşmırıq, hər şeyə insanlığın tələbi ilə yanaşırıq…
Toplumda aşağı səviyyəli, bir də, ən yaxşı halda, orta səviyyəli təfəkkür adamları olur. Bir də ki, hardasa az bir biçimdə mömin, mənəviyyatlı adamlar olur. Onlar da toplumda düzən yaratmırlar. Niyə?! Gerçəkdən də şərlə, pisliklə barışmayan təfəkkür adamı olsun, mənəviyyatlı adam olsun, onu xalqa anlat ki, bu sənin şəxsiyyətindir, bunu eşitməlisən, – bunu heç kim eləmir. Kimi sunurlar, – istedadı olan, siyasətə yarayan birini. Bunun istedadı var, tutaq ki, yaxşı şeir söyləyir, yaxşı qarmon çalır. Belələrini xalqa sunurlar. Yaxşı qarmon çalanın, yaxşı şeir söyləyənin mənəviyyatı yerində deyil axı. Mənəviyyatı yerində olmayan adamı sən bu topluma böyük kimi sırıyırsan. Sonucda toplum ancaq belə bir ölçü görür, belə bir nizam görür, bundan artığını görmür. Ona görə toplum düşünmür, dəyişmir. İnsanları işsiz qoyur, ac qoyurlar, televiziyalarda musiqi, poeziya ilə baş qatırlar. İnsanlar bu qədər gərgin işləyirlər, səhərdən axşama kimi, axşam da oturub televizorda musiqi dinləyirlər.  Əyləncədir da, bir az gərginlikdən açılır, bir az dincəlir. Bəs bu millət nə vaxt düşünəcək?! Səhərdən axşama qədər işlədirsən, sonra başını qatırsan musiqi ilə, poeziya ilə, özünəyarar adamların boş-boş danışığı ilə. Onlara düşünmək meydanı yaratmırsan, düşünmək olanağı vermirsən. Onun üçün deyirəm, Ata bu ortamı dışlayır, yeni bir ortam sunur. Ona görə bizə deyir, idrak məsələsi ilə uğraşmalısınız. Sizin içinizdə İnsanlığa gərək olan bütün sorulara cavab olmalıdır, bütün sorunların həlli yönündə cavab olmalıdır. O da idrakdan keçir. Asif Ata İnsanlığın ölçüsü ilə uğraşan idraka ruhani idrak deyir. Toplumun sosial həyatıyla uğraşan idraka ruhani idrak demir. Dövlətin siyasi düzəyində çalışanların düşüncəsinə, idrakına ruhani idrak demir. Ona görə biz ruhani idrak məsələsini çözməliyik. Çözməyimizin yolu da öyrənməyimiz, düşünməyimiz, sorulara cavab verməyimiz, köklənməyimiz, yaşamağımızdır. Əgər sən Asif Atanın dediyi kimi yaşamasan heç bir vaxt səndə idrak inkişaf etməyəcək. Çünki idrak həqiqəti əzbərləyə bilməz. İdrak həqiqəti kəşf etmək üçündür. Həqiqəti isə ancaq yaşayanda kəşf edirsən, gözəlliklərlə iç-çə olanda kəşf edirsən, qıraqdan seyr etməklə onu kəşf edə bilmirsən. Sanki böyük bir qəsrin içini görmədən çöldən onu seyr edirsən, bilmirsən içində nə var. Ona görə deyirəm, Ocaq dindən üstündür, artıqdır. Yəni Ocağın anlamı artıqdır. Dinin anlamı da o deyil, biçimi də. Ocağın biçimi dindən artıqdırmı,- onu biz yaratmalıyıq, bu suala biz öz düşüncəmizlə, öyrəndiyimizlə, yaratdığımızla cavab verməliyik. Atanın Ruhani İdrak Mərasiminin əsas canı budur ki, biz Asif Atanın yaratdığı İnsanilik nizamını həm anlayaq, həm də onu yaşada bilək, yaşaya bilək. Əgər biz onu anlayarıqsa, əslində bu özünü kəşf deməkdir. Ruhani idrak özünü kəşfdir. Adam idrak ilə özünü, həqiqəti kəşf edir. Burda birbaşa idrak məsələsi, idrak faktoru önə keçir…
Qısa olaraq bunu demək istəyirdim. Ruhani idrakın yönündən, tələbindən irəli gələn belə bir Mərasim keçiririk. Mən bununla sözümü bitirirəm, indi sözü olan söz desin, sualları olan suallarını versin. Dediyimiz kimi, bu mərasim həm də birgə kəşflər, axtarışlar, sorular, tapıntılar Mərasimidir.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Söz yox, ruhsal yaşamaq mövcudluğu ötmək tələbidir. Yəni adi halda insan mövcud olur, Atanın təyini ilə desək, bu var olmaq demək deyil. Atanın təyini ilə var olmaq insanın özü olmasıdır, öz mənasına yetməsidir.
Dərk edirəm ki, mövcudluğu ötmək, yüksəlmək tələbi ilə yaşam yolu tutmuşam. İnamlı, İdraklı, Mənəviyyatlı, İradəli yaşamaq ruhsal yaşamın yönü olmaqla mənim özümü müəyyən edir. Axı insan elə ruhun özüdür, özünə qovuşmaqdır. Özünlə bir olmaq aqibəti ömrü işıqlandırır, fərəhə qərq edir. Həqiqət dərk olunur, içindən yol başlayır. Qarşına çıxan maneələri aşdıqca, ruhsal döyüşün verdiyi qəhrəmanlıq xisləti yeni imkanlar açır qarşında, vəcdli, etizazlı aqibət gəlir ömrə. Özünlə bir olmağın fərəhi – özünüdərkə qovuşmağın aqibətini yaradır. Özündən gen düşmüş bəşəriyyət bu həqiqəti qəbul etməlidir. Bu günə qədər əlinin boşda qalmasının nədənini dərindən düşünməli, axtarışlarının yönünü Asif Ata Ocağından salmalı, Mütləqə İnam təlimini dinləməlidir.
İdrakla bağlı uzun- uzadı danışmaq olmur ki, bunun izahını verəsən. Bilməklə dərk olunmağın fərqi hər birimizə aydındır. Hər hansı bir düşüncəni hansısa bir müəllim məndən beş dəfə yaxşı izah edə bilər gözəl cümlələrlə. Ancaq bu bilgidir. Soylu qardaşın dediyi kəşf etmək məsələsi isə insanın özü olmasından keçir. Dərk etmək odur, ordan başlayır özünüdərk. Özündən yüksəyə qalxmaq, fərəh, ömrün işıqlanması, ətrafına işıq salması… Bu da şəxsiyyət olmaq deməkdir.
Atamız Var olsun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu yaxınlarda bir filmə baxdım. Döyüş gedir, iki nəfər bir-birilə (tarixi kinodur) qılıncla döyüşürlər. Onlardan biri xəyanət edir. Biri o birini yaralayır, o da deyir məni öldür, yaralı qoyma. O biri deyir ki, ölümü də qazanmaq gərəkdir. Yəni qəhrəman kimi ölməyi ona layiq görmür. Düşünürəm, həyatı da qazanmaq lazımdır. Həqiqəti dərk edərək ədalət ölçüsündə yaşamaq həyatı başqa cür yaşadır insana. İnsana da başqa cür yanaşırsan, təbiətə də, topluma da, millətə də. İnsan olmağının, dünyaya gəlməyinin, insan kimi yaşamağın sevincini yaşayırsan, başqasını da yaşatmaq istəyirsən. Dünyanı gözəlləşdirmək, insanlaşdırmaq üçün çabalayırsan. Bu əməllər, insan olmağının təsdiqi kimi, fərəhlə qayıdır insana. İnsan insana gərəkdir, dünyaya gərəkdir, bunlar bir-birinə bağlı yaşamdır.
İnsanlıqdan asılı olduğu dərəcədə özü olmaq fərəhi yaşayır insan. Cəmiyyətdən aslı olduğu dərəcədə özünə yadlıq fəlakəti yaşayır insan. Seçim insanın aqibətini yaradır, ya özü olmaq, ya da özünə yad olmaq.
Həqiqəti nə zaman anladım,- o zaman ki, Atanı gördüm, Atanın İnamını öyrəndim, Ataya inandım. Söz yox, biz Ocağa gəlirik, Ocağa gəlməklə Yol başlamır. Nə zaman özüylə döyüşün təsdiqini görürsən, o döyüş nöqtəsindən başlayır ruhsal yolçuluq. O yolçuluq yeni aşamalarla daha da böyüyür, fərəhi artır, işığı artır, ömrünə hakim olur, ömrünü qurur.
Soylu qardaş bayaq idrakın gözəlliyindən danışdı. Neçə illər öncə söhbətlərimizin birində dedi ki, biri var özünə inanmaq, biri var özünü uydurmaq. İnsanın özünə inamıyla eqoizmin fərqini izah etdi. Bununla hər şey insanın gözündə aydınlaşır, hər bir şey öz təyinatında daha gözəl görünür. Ruhani inadla tərsiliyin fərqini açdıqca idrakın gözəlliyini görmək olur onun aydınlaşdırmalarında. O dərəcədə açıq-aydın o fərqlərin izahını verdi. İdrakın gözəlliyi odur ki, doğrudan da, bizim gözümüzü açır, hər bir şeyi olduğu kimi görmək, hər şeyə olduğu kimi dəyər vermək üstünlüyü verir…
Sözümün sonunda bir sual da vermək istəyirəm: Atanın kitabında belə bir söz var, “Təhlükə iqtidar, təhlükəsizlik iqtidarsızlıq”.Bu soruya Yükümlünün cavabını istərdim.
Atamız Var olsun.

Soylu Atalı: Genel anlamda iqtidar hakim olmaq deməkdir. Biz burada iqtidar sözünə iki anlamda yanaşa bilərik: bir siyasi anlayış kimi, bir də bireysəl bacarıq anlamında. Dövlətin başında duran üçün təhlükə var, eyni halda, dövlətin başında duran özü təhlükədir. Kim üçün təhlükədir, – toplum üçün, İnsanlıq üçün. Ya da onun özü üçün təhlükə var, özü insanlıq üçün, cəmiyyət üçün təhlükədir, təhlükə olduğu üçün onun özü üçün də təhlükə var. Bir də, dediyim kimi, iqtidarlı olmaq – həqiqətçi olmaq, doğruçu olmaq, döyüşkən olmaq, şərlə barışmamaq, şərlə döyüşmək anlamındadır. Əgər sən doğruçu, həqiqətçi olacaqsansa sənin varlığın təhlükədir. Eyni halda, sənin özün üçün təhlükə var, mübariz olduğun üçün, doğruçu, həqiqətçi olduğun üçün sənə qarşı təhlükə var. Çünki sənin çevrən, sənin yaşadığın ortam şərlə, eybəcərliklə doludur. İqtidarsızlıq təhlükəsizlikdir deyir. Heç bir qabiliyyətin yoxdur, bacarığın yoxdur, mübarizən yoxdur, təhlükəsizsən. Ancaq bir az burda məsələnin yönünü dəyişmək də olar. İqtidarsızlığın özü mütləq təhlükəsizlik deyil. İqtidarsızdan nə desən gözləmək olar, iqtidarsızdan zərər gözləmək olar. Nə mənada zərər gözləmək olar, iqtidarsız əgər şərə qarşı dirənmirsə, şərə qarşı döyüşmürsə, şərə qarşı döyüşənin yanında durmaz, arxasında olmaz. Bu baxımdan ona güvənmək olmaz. Bütövlükdə götürəndə el arasında söz var,  deyir “az aşım, ağrımayan başım”, heç nəyə qarışmır, özü üçün bəsit bir həyat yaşayır, dünyadan düzdür. Beləsi təhkükəyə də gərək deyil, təhlükəsizliyə də.

Göytəkin Atalı: (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): İsa Muğannanın “İdeal” əsərini oxuyuram. Bununla bağlı sual vermək istəyirəm. Yazıçı türkün başlanğıc millət olduğunu müxtəlif formalarda isbatlamağa çalışır. Məsələn, deyir, öncə bir millət olub – türk, sonra onlar ayrılıb başqa yerlərdə yaşamağa başlayıblar. İqlim şəraitinə uyğun olaraq xarici görkəmləri dəyişilib. Özlərinə millət olaraq ad seçiblər. Sonra sözlərlə izah etməyə başlayır,  məsələn,“ərəb” sözü “əhrəb” türk sözünün dəyişmiş formasıdır. Ərəb sözü hesab etdiyimiz çox sözlər əslində qədim türk sözlərinin təhrif olunmuş formasıdır. Kitabda bu kimi izahlar lap çoxdur. Ümumiyyətlə, türkün başlanğıc millət olması doğru versiya hesab oluna bilərmi? Ya da bunun elə bir önəmi varmı ki, başlanğıc millət türkdür və ya başqasıdır?

Soylu Atalı: Birinci, türkün başlanğıc millət olmasının İnsanlıq üçün heç bir önəmi yoxdur. Həm də onu sübut etmək olduqca çətin məsələdir. Yer kürəsində İnsanlığın başlama dönəmi var. Sonra başqa yerlərə yayılıb. Min il öncə mənim öz babam bilmirəm kim olub, xaraktercə necə olub, ömrü necə olub, özü bilər. Sabir Yanardağ tez-tez deyirdi, ərəb də türkdü, yaponda türkdü, hər kəs türkdü. Mən də dedim,əgər bütün millətlər türkdürsə, onda türk yoxdur. Özünəxaslıq deyilən bir şey var. O da türkdü, bu da türkdü. Axı niyə türkdü. Ləzgi niyə türkdü, ləzgi ləzgidir də. Yapon türk olsaydı, türk deyərdik, yapon niyə deyirik?! Millətlər bölünürlər, hər bir millətin özəlliyi var. Hər bir millətin özünün dili var, tarixi aqibəti var, düşüncə yönü var, hətta bölgədən bölgəyə dəyişən dil var. Batılı, doğulu millətlər var, hər yöndən fərqləri var. Biz deyə bilmərik, çəməndə öncə novruzgülü vardı, sonra ondan nərgizgülü əmələ gəldi, sonra bənövşə gülü əmələ gəldi. Deyə bilərikmi, bütün güllər novruz gülündən əmələ gəlib?! Heç kim sübut edə bilməz. Bizə görə bütün millətlər türk deyil, ancaq hamı insandır. Bütün bəşəriyyət insandır. Bu insanların fərqli dilləri var, özəllikləri var, mədəniyyətləri var, formalaşmış gələnəkləri var. İsa Muğanna hərdən belə şeyləri uydurur, heç bir əsası da yoxdur.
Sən bir insansan,sən bir millətsən,millət kimi formalaş, başqa insanlara qənim kəsilmə. Tamahkarlıq eləmə, öldürmə,vurma,insanlıq elə, insan kimi yaşa. Əsas budur. Dinlərin də, ruhaniyyatın da funksiyası budur. İnsanlığın düşdüyü sorunları çözmək. Elm nəzəriyyə irəli sürür ki, Yer böyük partlayışlardan yaranıb. Biz də bunu oxuyub bilirik, əyridi, düzdü, özü bilər. Bizim üçün düz – İnsanlıqdır. Biz İnsanlığı ölçü götürürük. Ocaq olaraq İnsanlığın ölçü olmasına çalışırıq. İnsanı özündən xilas edək. İsalar, Muğannalar qoy özləri üçün millət tarixçəsi yaratsınlar. Biz də Ocaq olaraq öz görəvimizi yerinə yetirək. Söz yox, biz millətə böyük önəm veririk, ancaq onu uydurmaqla, başqa millətləri danmaqla yox.

Göytəkin Atalı: Dinlərdə belə bir məsələ var, hansısa günahdan təmizlənmək üçün fiziki işgəncə görmək məsələsi. Məsələn,özünü döyərək qan çıxartmaq, bununla günahlardan təmizlənmək. Sonra, məsələn, İslamda bilərəkdən orucu pozarsa, yenidən iki ay oruc tutmaq. Bizim yolumuzda isə bu yoxdur. Biz deyirik, kamillik əbədi bir prosesdir.İnsan ölənə qədər bu proses davam edir. Müəyyən bir mərhələdə deyə bilməzsən ki, mən artıq kamilləşdim, hər şeyi yoluna qoydum filan. Yəni həyatda daim qarşılaşdığımız, rastlaşdığımız hadisələr var, özüylədöyüş bizdə həmişə olmalıdır. Tutalım ki, özünə nəzarəti itirərsən, səhvə yol verərsən, bilərək yanlış davranarsan. Onda Ocaqçı özü ilə necə davranmalıdır. Yəni bilərəkdən etdiyin səhvin verdiyi bir əzab var, ondan necə qurtulmaq olar?

Soylu Atalı: Əslində bədəni cəzalandırmaq adlı tərbiyə yoxdur. Ocağın məntiqində belə bir tərbiyə yoxdur. Bədəninə zərər verirsənsə, bu sinir pozuntusuna gətirib çıxarır. Bədənə zərər verməklə o normal düşünə bilməz. Bunlar hamısı doğru olmayan şeylərdir. Bu, günahla döyüş yolu deyil. Günahla döyüş tamam fərqli bir şeydir. Günah bədənə yüklənmir, günah ruha yüklənir. Günahı ruhdan təmizləmək gərəkdir. Günah sənin içindədir, içinlə döyüşməlisən, çölünlə yox. Bu söz boşuna deyilməyib, – eşşəyə gücü çatmır, palanı döyəcləyir.

Günev Atalı: Günahdan qurtulmağın birinci yolu  etirafdan başlayır. Etiraf etmək və o günahı etməmək. Bunun da yolu özüylədöyüşdən keçir.

Soylu Atalı: İnsan hər yerə şəkil çəkə bilir, divara, kağıza. Çünkü bu onun yetənəyidir (istedadıdır). Ancaq İnsanın içinin şəklini çəkmək gərəkdir. Ora əl girmir. Ora düşüncə girir, ora mənəviyyat girir, ona görə insanın zahiri davranışları insan üzərində yaranan əyləncədən başqa bir şey deyil. Gərəksiz bir əyləncədir. Aşura günündə körpə uşağın başını yarırlar, o da ölür, buna nə ad qoymaq olar?! Belə günah çıxartmaq olar?! Körpə uşağı vur öldür ki, günah çıxarıram. Normal adam başına-gözünə döyməz. Bu baş sənə gərəkdir. Bu baş sənə içindəkini təmizləmək üçün gərəkdir. Həqiqətləri kəşf etmək üçün gərəkdir. Ona görə bizim yolumuz düşüncə yoludur, idrak yoludur. Bizim yolumuz inam yoludur. İnsana güvənmək, inanmaq üçün onun dəyişməsinə inanmalısan. İnsan özündə hansısa bir çatışmazlığı görməli, göstərməlidir. Başqasına onu göstərməkdən qorxmaq gərək deyil. Başqasına onu göstərməyəndə oyun göstərirsən. Necə?! Məsələn, mənim içimdə eqoizm var, mən bu eqoizmi tanıyıb özümə, sizə göstərmirəmsə, onda eqoizmi sizə bəzəyib göstərəcəm. Mənlik kimi göstərəcəm, sizi aldatmağa çalışacam.Doğrunu deməkdən qorxmamaq, usanmamaq, yorulmamaq gərəkdir. Biz deməli deyilik,mənim haqqımda nə düşünərlər? Nə düşünürlər, düşünsünlər. Evi süpürəndə sənin haqqında düşünürlər, nə təmizkar adamdı. İçini də süpür. Öncə deyəcəklər belə elə, sonra səni tanıyandan sonra heyran olacaqlar. Deyəcəklər şəxsiyyətdir.
Dahilər, dühalar əzabı sevir, kədəri sevir. Çünkü dahini yetişdirən əzabdır, kef deyil, əyləncə deyil. Əyləncə dahi yaratmır. Əyləncə cılız yaradır. Ona görə cılız əyləncəni sevir, kefi sevir. Çünkü cılızı yaradan kefdir, əyləncədir. Dahini isə əzab yaradır. Özünü çevrəyə qarşı qoyursan, şərə qarşı qoyursan, mübarizə gedir. Şər sənin rahatlığını pozur. Əzabı sən dadırsan, yaşayırsan, beləcə dözümlə, mübarizə ilə şəxsiyyətə çevrilirsən, böyük olursan, düha olursan.
Batı fəlsəfəsində əzabla doğmalaşmağın başqa bir anlamı da var. Buna mazoxizm deyirlər. Mazoxizmi qadınlara aid edirlər. Elə qadınlar var, döyülməkdən, işgəncə verilməkdən həzz alırlar, onlara mazoxist deyirlər. Bir də sadizm sözü var, başqasına əzab vermək, ondan həzz almaq, belə adamlara sadist deyirlər. İndi deyəndə ki, biz əzabı sevirik, kədəri sevirik. Batının siyasi ideologiyalarında deyirlər, bunlar mazoxistdirlər. Mən şərlə döyüşdə zəhmət çəkirəm, əzab çəkirəm, əzabı ona görə sevirəm ki, bu əzab şərlə döyüşdən gəlir. Şərlə döyüş məni böyüklüyə aparır. Ona görə sevirəm. Əzabın özünü sevmirəm, onun mənasını sevirəm. Əzab mənə dahilik verir. Eyni halda özümlə döyüşürəm. Özüylə döyüşdən daha böyük əzab yoxdur. Sarsıntılar var burda. Özünə deyirsən, etiraf edirsən.Tarixdə etiraf edənləri hamımız sevirik, çünkü bizə dərs verir, öyrədir. Sokrat, Qandi, Tolstoy, Asif Ata belə olub, Nəsimi belə olub. Onlar əzablarıyla, öz üzərlərində yüksəlmələriylə dərs veriblər, örnək veriblər bəşəriyyətə. Atanın ən böyük dostu əzab idi.Ona görə bu gün hər birimiz Asif Ataya səcdə qılırıq. Əzaba doğma olduğu üçün, dost olduğu üçün. 

Göytəkin Atalı: İndiyə qədər oxuduğum əsərlərdə bənzər obrazlar olub, ən sonuncu Hüseyn Cavidin “Səyavuş” əsərində olub. Orda da bənzər bir hal var. Onun əsərində şəxs saray fitnə-fəsadının içində ədalətin, saflığın daşıyıcısı kimi obrazlaşdırılır. Ancaq o nə qədər mübarizə aparsada, saray mühitinin fitnə-fəsadına, xəyanətinə qurban gedir axırda. Ümumiyyətlə, o cür fitnə-fəsadın, təzadın çox olduğu yerlərdə ədaləti təmsil edən obraz sanki qaranlığın içində işıq kimi parlayır. Əsəri oxuduqca inanırsan onun qələbə çalacağına. Bəzən olur ki, o da həmin mühitin qurbanı olur. Bu tip əsərləri oxuduqca insanda sarsıntılı hallar yaranır. Bəlkə bu mənim yanlış yanaşmamdır ki, oxuduğum hər bir əsərdə xeyirin qələbəsini görmək istəyirəm. Əsərlərdə canlandırılan bu cür obrazlar hamısı nə qədər çətin həyat yaşasalar da, fitnə-fəsada qurban gedəndə onu qəbul edə bilmirəm…

Soylu Atalı: Kim deyir ki, məğlub olur. Necə məğlub olub ki, sənə mesaj verir. Sarayın içində mübarizə aparıb. O məğlubiyyət deyil, qələbədir. Öz çağında fiziki olaraq məğlub olur, mənəvi olaraq məğlub olmur. Bu məsələnin bir tərəfi.
İkinci, söz yox ki, mübarizəni sarayın içində aparmazlar.Sarayın içiylə apararlar mübarizəni, ancaq sarayın içində aparmazlar. Sarayın içinin nümayəndəsi olmaqla orda mübarizə aparmaq olmur. Gərək sarayın içinin nümayəndəsi olmayasan. Nəsimi Azərbaycanda döyüşdü, sonra getdi Hələbə, sonra o biri yerə. Deyə bilməzsən ki, Nəsimini eşidən, bilən ancaq Azərbaycanın Şirvan bölgəsidir. Eləcə də Ocaq həqiqətləri. Ocaq həqiqətlərini anlayan, bilən təkcə Bakı şəhərində deyil. Bakı şəhərində olsaydı, onda biz Bakı şəhərini Ocaqlaşdırardıq.Yəni sənin çağırışını eşidən, anlayan sənin çevrəndə olmaya da bilər. Bəşəriyyətin uzaq nöqtələrində harayına səs verən olar, sənə qoşulan olar.Ona görə yenə deyirəm sarayın içiylə mübarizə aparmaq olar, ancaq sarayın içində oturaraq yox. O fiziki sonuc verməyəcək. Ancaq dediyim kimi, məsələ təkcə fiziki sonucda deyil, mənəvi sonuc sabaha ötürülür. Bunları ona görə vurğuladım ki, anlaşılsın. Bu dediyim fiziki sonuc gözləyənlər üçündür. Qurban gedən gedib, ancaq haqsızlıqla barışmayıb. Ona görə belə şeylərə mən nikbin baxıram. Sarsılmıram, alqışlayıram. Çünkü can qurban verilib, ləyaqət yox. Bizim mübarizəmiz isə bundan qat-qat yüksəkdə durur. Bu ayrı məsələ.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.

Səsdən Yazıya çevirdi: Göytəkin Atalı
İşıq Ayı, 46-cı il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir