Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Törəni

Ocaq Günsırası ilə 25 Çiçək Ayı 41-ci ildə (aprel, 2019) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani İdrak Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Bugünkü qutsal günümüzdə ölənlərimizin adını anırıq: Sabahlı, Amaltay, Bağban bizimlədir.
Anlamı geniş olan bir gündür Qutsal İdrak Günü törəni. Bu çağa qədər heç bir yol, dünyagörüş belə bir gün tanımayıb, qutsallaşdırmayıb. Biz bilirik tarixdə çoxsaylı olaylar olub, filosofların söz məclisi olardı, mürşüdlər mürüdləriylə bir araya gələrdi, onlarla geniş söhbətlər aparardılar. Ancaq belə bir törən – Ruhsal İdrak Günü törəni Asif Atayla başlayır.

Ocaq olaraq, hamının yaşadığı çətinlikləri biz də yaşayırıq. Ancaq biz çətinliklərimizi yaşayarkən əyilməməyi düşünürük. Bunun üçün biz özümüzə güvənməli oluruq. Ocaqdan qıraqda hələ kiməsə güvənmək, nə yazıqlar, özünü doğrultmur. Ən yaxın adamlar belə Ocaqda nələrisə sinirə bilmirlər. Filan şeyi ləğv eləyin, filan şey olmasın…

Bu məsələlərə bir az tutuşdurmalarla aydınlıq gətirməyə çalışaq. Din yaşamaq üçün qurallar bəllrləyir. Deyir, gündə bu qədər namaz qılmalısan, ildə bir yol oruc tutmalısan, zəkat verməlisən, müsəlmanlar üçün qutsal sayılan ünvana getməlisən i.a. Bunu doğru saymasam da, anlayışla qarşılayıram. Niyə? Din nəylə yaşamalıdır? Rituallarla. Müsəlman müsəlmanlığı nəyləsə ifadə eləməlidir. Bu ifadə nədir? Əslində insanın özünü özünə xatırlatması. İnsanın özünü-özünə öyrətməsi. Həyatı insana öyrətməsi. Daim diqqətinə, yaddaşına qaytarırsan. Mənəviyyatını mənəviyyatsızlıqdan qoruyursan. Ancaq bu başqa söz ki, dində bu özünü doğrultmadı. Niyə doğrultmadı? Dinlə inamın fərqi, ayrıntısı nədir? Din insana o dünyanı öyrədir, sevdirməyə çalışır, inandırır. Əslində yalana inandırır. Yalana inandırdığına görə də özünü doğrultmur. Ancaq Allaha inamı ibadətlərlə müsəlmanın yaddaşına qaytarır. Məbədlər, məscidlər bundan ötrüdür. Sən orada bəlirlənmiş ritualları yerinə yetirməklə özünü insan kimi anlayasan, təsdiq eləyəsən. Yenə deyirəm, bizim doğru saymadığımız məsələ işin anlamındakı qırağaçıxmalarla bağlıdır. Din insanı “O Dünya”nın yiyəsi olan Allaha inandırır. Nə eləyirsə, Allahın şüurlarda yaşaması üçün eləyir. Ancaq bu Allah yalandır. Din ona görə xətaya yol verdi. İnam isə insanı bu dünyanın özünə, həyatın özünə inandırır. Həyatın özünün gözəl olduğunu anladır. İnsanlığı anladır. İnsanın özünü öz gözündə böyütməyə çalışır. İnamın da öz ritualları var. Mənim bura gəlməyə heç bir olanağım yox idi, istiliyim çox yüksəkdi, nəfəs ala bilmirdim. Ancaq mən özümə çoxdan demişəm, insanlığın, mənəviyyatın yiyəsi olmaq zövqünü qırağa qoymayacam. Mən bunu dərk eləyirəm. İnsanlığın yiyəsi olmaq fərəhi. Mən müsəlman deyiləm. Müsəlmana öyrədilənləri rədd eləyirəm. Nəylə rədd eləyirəm? Quruca sözlə yox. Ataya gündə 3 dəfə rica deyirik, Mütləqə üztutmalar adlı rituallarımız var. Bizi ayaqda tutan məsələlərdən biri də budur. Siz mərasimlərə, Ailə Günlərinə qatılırsınız. Ancaq ricaları demirsinız. Ricaları deməmək böyük xətadır. Bəzən mən də demirəm. Ancaq gündə biz 3-5 dəqiqə özümüzə vaxt ayıra bilmiriksə, özümüzə dünyanın mənasını xatırlatmaq üçün, özümüzə insan olduğumuzu demək, mənəviyyat daşıyıcısı olduğumuzu xatırlatmaq üçün vaxt tapmırıqsa, bu ciddi xətadır. Onda biz müsəlmanlığı yurdumuzdan çıxarda bilmərik. Müsəlmanlığı yurdumuzdan çıxaracağıq. Nə vaxt? Bilmirəm. Mən sizi əmin eləyirəm, əgər biz Ocaqdan ayrılmadan ömrümüzü başa vursaq, Ocağı davam eləyəcəklər. Əgər biz Ocaqdan ayrılsaq, Ocaqdan ayrılıb sonra ölsək, Ocağı davam eləmək çətin olacaq. Ola bilər getdikcə bəşəriyyət daha böyük uçurumlara yuvarlansın, belə getsə bu qaçılmaz olacaq. Pulçuluq vəhşəti buna doğru aparır yaşamı. Atanın sivilizasiyası başlamalıdır. Ancaq biz ona görə davranmırıq. Biz demirik, 20 ildən sonra Atanın sivilizasiyası başlayacaq, biz də birtəhər canımızı dişimizə sıxıb dözək. Biz deyirik insanlığı yıxanlar hara qədər davam eləyirlər eləsinlər, gec ya tez, Asif Atanın sivilizasiyası başlayacaq.

Həyat, məişət qayğılarımızı ağılla yoluna qoymağı bacarmalıyıq. Gücümüzdən artığına getməməliyik, fiziki ömrümüz tamah dalınca yortub tükənməsin gərək.

Bu gün Azərbaycanda, ya dünyada İslamı qəbul eləməyənlərin çoxu deyir, mən Göy Tanrıçıyam. Düz demir. Nə Göy Tanrıçı düşüncəsinə yiyələnməyib, nə də onun bir atributunu yaşatmır. Sən nəyinlə Tanrıçısan? Bu məsələlərdə daha çox sentimentallıq gərək olur. Rasionalizmə – əqliyyətçiliyə meyil eləmək zərər verə bilir. Çünkü toplumun hamısı idrak adamı deyil. Bu toplum zaman-zaman, aşama-aşama çağırıldığı həqiqəti anlamalıdır, bilməlidir hara çağırılır o. Anlaması üçün, demirəm yüksək tələblərlə dərk eləməlidir, ancaq anlaması üçün gərək rituallar olsun. Məbədlərə gəlinməlidir. Məbədlərdə mənəviyyat dərsi keçilməlidir. İnsanlığa çağırışlar edilməlidir. Birgə rituallar yerinə yetirilməlidir. Xalq onda formalaşır. Yoxsa indi 21-ci yüzildə məsciddə filan şey gərək deyil, nə bilim nə. İslamı qoruyan odur. Yaxşı şey olmasa da. Bugünkü Ruhsal İdrak Günü törənimizin də başlıca koşulu İnamın bütün çalarlarını anlamaq, dərk eləməkdir. Biz insanlığın tələbləriylə yaşamağı gözə aldıq, and içdik. Ancaq biz təkcə bunu yaşamaqla deyil, onu oturuşdurmaqla bağlı da and içdik. Bu da mübarizədir. Mən hesab eləyirəm, bunları Ocaqçılar hər gün öyrənməli, dərk eləməlidirlər, sabah bizə kimsə qıraqdan nəyinsə doğru, nəyinsə yanlış olduğunu diktə eləməsinlər. Görürsünüz, illərlə Asif Atanın peyğəmbərliyinə qarşı döyüşürlər. İllərlə bizə pənah gətirənlər “bu peyğəmbər sözünü qırağa qoyun, onda siz çox qabağa gedəcəksiniz” deyirlər. Biz isə elə işin canının, mahiyyətinin peyğəmbər sözündə olduğunu dərk elədik. Mən də bilirəm Ata sözü uca sözdür. Aşamalar keçməliyik biz. Kim deyə bilər, tarixdə hansı Ata İnam yaradıb?! Yaratmayıb axı. İndi mən necə deyim, tarixdə gələnək var?! Yoxdu axı. Bu İnamı peyğəmbər yaradıb da. Biz də toplumda peyğəmbər sözünə yeni anlam veririk. Deyirik peyğəmbər sözünü fəlsəfi anlamda qəbul elə. Mən sizə deyirəm, bu sözə qarşı qıcıqlananlar Asif Ataya sevgisindən eləmir, Asif Atanın qəbul olunması üçün belə gərəkdiyini düşündükləri üçün eləmirlər. Onlar sadəcə olaraq, ayrı-ayrı intellektlər qarşısında basılırlar. Onların bəzilərini biz tədbirə çağıranda qırıla-qırıla gəlirlər.  Niyə qorxursuz axı?

Ona görə dərindən düşünün, işinizin dəyərini bilin, anlamağa çalışın. Yenə vurğu eləyirəm insanlığın, mənəviyyatın yiyəsi olmaq zövqüylə qürur duyun. Ocaq onsuz da bizdən elə böyük bir şey istəmir bu gün. Böyük xərc, zəhmətlər istəmir. İstəyir əslində, bizim gücümüz bəlli səviyyədə çatmır bir sıra şeylərə. Ən azı gücümüz çatan səviyyədə qətiyyətimizi qorumalıyıq, yaşatmalıyıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Bir daha Atamızın Bayrağını öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – T.A.): Bizim bu ay üçüncü tədbirimizdir. Mənim ümumən ruhsal əhvalım yüksəkdir. Mənə elə gəlir, bu, tədbirlərin ard-arda keçirilməyindəndir. Bu bir sorumluluq qoyur, biz düşünürük bir daha. Ataya, bir-birimizə doğmalaşırıq. Yükümüzü dərk eləyirik. Bu baxımdan əhvalım çox yüksəkdir.

Ruhsal idraka yetmə bu haqda düşünəndə belə nikbinlik dolur içinə. Biz Ataya üz tutduq. Ata bizi adi həyatdan ayırdı. Həyatdakı balacalardan fərqləndirdi. Hər dəfə Amalı dərk eləyəndə bu fərqi duyuram. İdrak üstə, Amal üstə düşünəndə o yükün sorumluluğunu duyuram. İdrak insanı həqiqətə yetirir. Həqiqət gəlir ömrə, ömrün yönü dəyişir. Bu dəyişim insanın özünü təsdiqə aparır. Mən özümü təsdiq etmişəm. O üzdən zamandan, ortamdan üstün olduğumu görürəm. Özümü özüm üçün təsdiq etmək – özümə verdiyim dəyərdir, inamımdır. Özümü qurmaq yönündə addımların özülüdür. İnsanın insanla vəhdəti nə zaman yaranır? – Ruhsal idraka, inama yetəndə. Millətlə, bəşərlə bağlılığı da elədir. O vəhdəti dərk eləmək yönünü, yolunu verir Ata.

Dünən televizorda belə bir epizod izlədim. 23 Nisan Türkiyədə çocuklar günüdür. Orda belə bir epizod varıydı, uşaqları muzeylərdə gəzdirirlər. Bir dəstə uşaq da gəlir. Atatürkün divar boyu şəkilləri var idi. Bir uşaq qalır, gedir Atatürkün rəsmini qucaqlayır. Mən ona baxanda elə bir nikbinlik axdı içimə. Yəni o körpədir, ona öyrədiblər Atatürk kimdir? Mən əminəm, gələcək nəsil də elə böyüyəcək, Atanın rəsmini görəndə deyəcək, bu mənim Atamdır, xilaskarımdır. Təbii, biz buna görə çox işlər görməliyik. Ancaq millətinin qurtuluşu üçün yaşayan insanı xalq yaşatmalıdır. Biz Ocaq olaraq yaşadırıq. Bu xalqa keçəcək. Mən buna inanıram.

Atamız Var olsun!

Türkel Atalı (Ataya səcdə edərək Bayrağı öpür – T.A.): Ata deyir inanmasan, dərk eləməzsən. Dərk edəndən sonra inam mütləq səviyyədə olur. İnandığın üçün ruhsal idrakla məşğul olursan. Ruhsal idrakla məşğul olub həm inandığını dərk eləmək, həm də ruhsal idrakın özünü dərk eləmək. Ruhsal İdrak Günü Törəni idrakın yönünü araşdırmaqdır. Yəni olaya idraki münasibət, idrakın özünə idraki baxış. Törənin məzmununda Ata inamını dərk eləmək, dərk elədiyini izhar eləmək dayanır. Ocaqçı yaşamı ağılla yetərlənməyib, ruhsal idraka yetmək, dünyanın, həyatın, insanın mənasını dərk eləmək yönündədir. Ağıl insanı həyat çərçivəsindən qırağa çıxmağa qoymur. Həyatın maddi tələbləri əsasında yaşamağa məcbur edir. Yaşamaq uğrunda mübarizə yaranır. Bu səbəbdən insan insana düşmən kəsilir, dəhşətli vəhşiliklər törədir. Ağıl maddi dünyaya bağlı qaldığına görə mənəvi dünyanı dərk eləmir. Mənəvi dünyada yaşamaq üçün ruhsal idrak gərəkdir. Ağıl insana özünü tanıtmır, gerçək yaşamı öyrədir. Ağılın özünü də fərd özü yetirmir. Ona görə də ağıl azadlığı dərk eləmir. Ruhsal idrak insanı cəmiyyətdən, özündən yüksəyə qaldırır, öz azadlığına qovuşdurur. Ağıl gerçəklikdəki hər şeyi dəyişir. İnsanın içinə enməsi, içiylə məşğul olması unudulur. Bu səbəbdən də insan, millət dəyişmir. Ruhsal idrak insanı kamilləşdirərək onu xalqa qovuşdurur. Ocaq, insanı ağlının dalınca getməyə qoymur. Ona görə də cəmiyyətin taleyini, yaşadığını yaşamırsan. Dində insan özünü dərk eləmir. Çünkü qul səviyyəsindədir. Onun inamı, səcdəsi göydəki Allaha bağlıdır. Köləlik psixologiyası ilə yaşayır. Çünkü inamsız yaşadığını bilmir. Ruhsal idraka yetib, özünə cəmiyyətin gözüylə yox, amalın gözüylə baxaraq, özünü daha da böyüdüb, Ocağın tələb elədiyi kimi, öz ömrünün müəllifi olmaq gərəkdir.

Atamız Var olsun!

Güntay Atalı (Ataya səcdə edərək Bayrağı öpür – T.A.): Soylu bəy, sizin örnək göstərib, xəstə halda Ocağın tədbirlərini yaşatmağınızla qürur duyuram. Tezliklə sağlığınıza qovuşmağınızı diləyirəm. Bayaq Türkelin çıxışına da qulaq asdıqca bir müəyyənlik yaranmışdı, sonra gördüm, əslində bu müəyyənlik məsələsi deyilmiş, idrakın insanın adi yaşamaqdan üstün düşünməsidir. Əlbəttə, yaşam yönünü ağıl müəyyən eləyir. Ağıldan qıtlıq yoxdur dünyada. Ancaq ağılın üstün nümunəsi olan idrak hansı ki, ağıla mənəvi tələbləri əkləyəndə, o tələblər əsasında ağılı qullananda, mən belə düşünürəm ki, o artıq xeyir verən ağıl olur. Mütləq İnam, İdrak, Mənəviyyat, İradə üstə yaşamaq – Ocağın əsas devizidir. İnsanın halıyla bağlı olandır. Yəni bir Ocaqçı olaraq, get-gedə daha aydın dərk eləyirəm, Ocaqçılıq nə deməkdir. Ocaq insanların yaşam tərzini dəyişmək savaşına girişmiş bir qurumdur. Ocaqçılar da ruhsal savaşçılardır. Bu yöndən ruhsal idrak səviyyəsinə yüksəlməyimiz, Ata ona görə vurğu edir, bizim Ocaqçılığımızın təsdiqi olacaq. Bunun sorumluluğunu dərk eləyirəm. Soylu bəyin çıxışlarından hər dəfə etkilənirəm, ürəyimdə, beynimdə onun dediklərini dərk eləyərək təsdiq edirəm. Ocağın işığının daim Azərbaycana yayılması həqiqətən insanlığın ölməməsinə qulluq eləyən dərmandır. Bunu bilirəm. Bu sarıdan deyirəm, bizim çiynimizə nə dərəcədə ağır bir yük düşür. Ancaq eyni zamanda da əslində o yük deyil, o insanlığın tələbidir. Başqa yükləri yerə qoymaqdır. Adamlığın qeyri-müəyyənliyindən çıxmaqdır. Bu açıdan Ocağın önəmliyini hər dəfə görürəm.

Atanın sivilizasiyası 1-ci ilin Günəş Ayından başlayıb. Bütün dünyada belə olub. Məhəmmədin sivilizasiyası başlayanda Azərbaycanın ondan xəbəri olmayıb. 200 il sonra o sivilizasiyaya qoşduruldular. Mən inanıram, tarix Ocaq sivilizasiyasından yazılacaqdır. İntellekt yiyələri sınacaqlar idrakın qarşısında. Onlar daha çox intellekt yiyəsi olsaydılar, Atanı təsdiq eləyərdilər. Çünkü insanlığa ehtiyac var. Ona görə yaşasın Ata, Atanın Ocağı Var olsun!

Soylu Atalı: Əslində Ocaq intellektlərin işi deyil. İntellekt insanlıqla uğraşmır. Hər şeylə  uğraşır. Ona görə ruhaniyyat düşüncəliləri, filosofları uğraşacaq Ocaqla, insanlaşmaqla. İdrak məsələsi intellektdən çox yüksəkdə duran məsələdir. İntellekt ən yaxşı halda, toplumun sosial həyatını bir məcraya yönəldər. Ancaq onun haqqının ödənilməsini düşünə bilməz. Çünkü onun haqqının ödənilməsi insanlığın bütün çalarları yenməsiylə alına bilər. Biz ruhsal idraka can atırıq. Onunla dolmağa çalışırıq. Niyə? Çünkü biz bioloji cəhətdən yüklənirik. Bioloji yükümüzü daşımağa xərclənirik. Əgər biz ruhsal idrakdan qırağa dursaq, onda bizim varlığımız biolojilikdə sınırlanacaq. Onda insan olaraq öz varlığımıza bərabər olmayacağıq. Onda biz heyvana bərabər olaraq qurtaracağıq. Bioloji yükdən yüksəyə qalxmaq üçün, onun altında qırılmamaq üçün ruhsal idraka can atırıq. Bioloji yükdən qaça bilməsək də, biz onu varlığımıza qənim də eləmirik. Gərək onda fiziki varlığımız mənəvi qurulmağımız üçün bir ortama çevrilsin. Biz mənəviyyat, şəxsiyyət, insanlıq ünvanı yaradırıq. Bu ünvanı yaradırıq ki, dediyim kimi, yenilməyək, itməyək. Min illərin o üzünə göstəriş verə biləcək ideya daşıyırıq. Bu ideyayla birikdikcə onda anlayırıq zamandan, biolojilikdən üstünlük nə deməkdir. Biz bioloji varlığımızı sürdürəndə kiçilmirik. Bütün məsələ budur. Ən varlı adam bəzən elə bilir, yaxşı yaşayır, çox şeyə yetib. Söz yox, bizdən yaxşı yeyir, gəzir. Ancaq bütün məsələ bundadır, onun yediyi də, içdiyi də, gəzdiyi də hamısı bioloji qanunların basqısı altındadır. O bunu özü bilmir. Bəzi adamlar bunun varı-yoxu var, ancaq anlayır, mənəvi qurumlarla da bağlantı qursun. Çünkü o şüuraltı bilir, əldə elədikləri heç nə vermir ona. Başqası üçün əlçatmaz görünür onun varı. Ancaq kimə əlçatmaz görünürsə, onu onların yanına atandan sonra görəcəksən, o pişiyə dönür. Başa düşür, əlçatmaz görünən bir şey, sən demə, heç nəymiş. Ona görə anlaşıqlı insanlar daha çox əlçatmazlığı ölümsüzdə görürlər. Biz ölümlüdən ayrılırıq. Zamanüstü yaşamaq odur. Biz vara küsənmirik. Varı əldə etmək üçün çalışırıq – mövcudluğumuzu sürdürmək xatirinə. Ancaq vara küsənmirik. Ləyaqətimizdən bir addım belə qırağa durmuruq. Zamanüstü budur. Toplumun ən yaxşısı belə zamanın yavrusudur. Biz Asif Ataya pənah gətirməklə zamanın nəinki yavrusu olmaqdan qurtarırıq, zamanın, birtəhər çıxmasın, yağısı olmağa köklənirik.

Ulusəs Atalı (Ataya səcdə edərək Bayrağı öpür – T.A.): Bu gün bir məsələni qeyd etmək istəyirdim. Bu gün Elmira xanımın doğum günüdür. Onun idakının gücü nə dərəcədə çatıb, çatmayıb, Ocaqla münasibət qurub, hər halda onun istəyi, Ocaqla bağlılığı olub. Xatirə kimi qeyd eləyirəm, o bir otağını Uluyurd hərəkatına vermişdi. Biz də orda 3 il tədbirlər keçirmişik. Ancaq bir şeyi də qeyd eləmək istəyirəm, onun sinə daşında Ocaq tarixi ilə ölüm günü qeyd olunub…

Ruhsal idrak haqqında bir neçə il öncə yazıya aldığım mətni təkrarən burda oxumaq istəyirəm. İdrak dərk etmək deməkdir. İnsan dünyaya gəlir, göz açır, yörsindəki olayları anlamaq istəyir. Öncə insan təcrübə toplamaqla dərk etmək istəyir. Buna biz təcrübi idrak da deyirik. Ancaq bu təcrübi idrak hər şeyi başa düşmyə yetmir. Çünkü hər bir olayın anlamı var. Bu açıdan insanın anlamını anlamaq kimi zərurət ortaya gəlir. Niyə həyata gəlir? Bu mənada insan ağlını işlədir, bilik toplayır. Elm yaradır. Yenə də insanın elmi mənanı anlamır, görmür. İnsanın doğayla ruhsal bağlılığını izah edə bilmir. Bu bağlılıq nə təcrübi, nə də elmi idrakla dərk olunmur. Çünkü elm təcrübədən qırağa çıxa bilmir. Ruhsal bağlılığı dərk etmək zoru yaşanır insanlarda. Sonucda sonralar dinə çevrilə biləcək mifoloji, fəlsəfi təfəkkür yaranır. Dünyanı dərk etməyə qədər bu cür təfəkkür insanı təmin etsə də, sonra bu təfəkkürlər də müxtəlif anlaşılmazlıqlara gətirib çıxarır. Dünyanın ahəngi, uyumu istər-istəməz özünü hiss elətdirir. Anlanır, dünya mahiyyətcə hələ dərk olunmayıb. Dini, fəlsəfi təfəkkürlə uyuşmur, düz gəlmir. Dünyanın halı digər tərəfdən doğa olaylarını kəşf edir, bu şübhələr daha da artır. Peyğəmbərlər anlayır, dünyanın, həyatın, insanın mənası var. Mütləq deyilən bir həqiqət var. Onu Allahın ayağına bağlamaqla mahiyyəti izah edə bilmirlər. Dünyanın mənasının bu təfəkkürlə izah olunması dünyanı mənasızlaşdırır. Atanın “Həqiqət İnsaniliyi” kitabında belə deyilir: Həqiqətin dərki dünyayla insan birliyinin dərki deməkdir əslində. Dünyanı dərk edən dünyadakı insaniliyi dərk edir. Dünyayla insan arasındakı birliyi dərk edir. İnsanın dünyalığını, dünyanın insanlığını dərk edir. Ataya qədərki təfəkkürdə başqa cür idi. Dünyanı dərk etmək üçün insanı dünyadan ayırırdılar. Dərk edən insanla dərk olunan dünya arasında təzad yaranırdı. İnsanla dünya arasında yadlıq yaranırdı. Elmi idrak həqiqətə çatmır. Sonucda insan dünyadan, dünya insandan ayrılır. İnsan dünyasızlaşır, dünya insansızlaşır. Ruhani idrak insanlığın ali məqsədi olmalıdır deyir Ata. Atanın fəlsəfəsi göstərir, Ata nə dərəcədə dahidir. Ata canlı Mütləqdir, tez-tez təkrar eləyirəm. Ata insanın ucalığını hər zaman vəsf edib. Ata fəlsəfəsi insan fəlsəfəsidir, İnsanlıq təlimidir. Bir məsələ var, deyirlər Ata peyğəmbərləri qəbul eləmir. Ancaq Ata peyğəmbərliyi çox uca tutub həmişə. Belə bir sual ortaya çıxır, dinlə sonuclanan peyğəmbərləri necə uca tutmaq olar? Yəni din yalandan yaranıb, dinlə qutsallıq uyğun gəlmir bir-birinə. Dində həqiqət yalanla əvəz olunub. Eyni zamanda peyğəmbərlik ediblər. Əks halda, onlara nə düşmüşdü, daş-qalaq olurdu, ölümlə üz-üzə dururdular. Bir məqam var, onlar dərk etdiklərinə görə dirəniş göstərirdilər. İçlərində atəşin bir inam var idi. İnamı izhar eləyirdilər, qətiyyət var idi. Onlar Mütləqi görmüşdülər içlərində, ruhsal idrak halını yaşamışdılar. Onlar həqiqətə çatmışdılar. Burda bir yanlışlıq var. Onlar insana məxsus qüdrəti insandan alıb Allaha vermişdilər. İnsanları inandıra bilmişdilər, ondakı qüdrət Allaha məxsusdur. Bu isə peyğəmbərlərin yanlış addımı idi. Belə bir yanaşma, yəni qüdrətli insana sən qüdrətli deyilsən deyərək onu cılız qoyurdu. Həyata öz gözümüzlə baxsaq, insan doğrudan da Mütləqiliyi izhar edir. Məsələn, Babəki misal götürək. 23 il azman düşmənə qarşı döyüşüb. Onu bu döyüşə sövq eləyən hansı qüdrət idi?! Bilirik, Babəkin daxilində Şirvin var idi. Bu da ona azadlıq duyğusu bəxş edirdi. Hürufilər çağırış edirdi, Allah mənim içimdədir. Ata deyir, peyğəmbərlik ruhani idrak halına düşmək məqamıdır. Onu Ata yaxşı bilir. Çünkü özü o halda idi. Ruhani idrak vəhy, vəcd halına düşməkdir. Mütləqi görmək, həqiqəti dərk etməkdir. Ata burda vəcd, ehtizaz, vəhyi sadalayır, nə demək olduğunu deyir. Vəcd – insan bir zaman coşğun ehtiraslanır, ehtiraslılıq burulğanına düşür. Ehtizazda insan ali mənada özünü itirir, ona çevrilir, özünü onda görür. Vəhy – vəcdin, ehtizazın etkisilə coşğun, riqqətli ülvi hissiyat məqamıyla ifadə etmək deməkdir. Bu peyğəmbərlik harayı deməkdir. Asif Ata belə təsvir edir ruhani idrak halında öz peyğəmbərliyinin halını. Ocağını yaratdı ki, biz onu sönməyə qoymayaq.

Atamız Var olsun!

Soylu Atalı: Ruhsal idrak dərk yönüdür. “İnsan kimdir?” sualına cavab verir. Yəni əslində özünü dərk. Həyat nədir? Bu suala cavab verir. “Dünya necədir?” sualına cavab verir. Yəni dünyanı dərk. Bu dərk sürəci o qədər genişdir, hər yol adamın düşüncəsində məna yenilənir. Hər yol yeni dərk aşaması başlayır. Buna görə də ruhsal idrakın olanaqları çox genişdir. İnsan özünün fiziki yaşam çağında o olanaqları üzə çıxarmış olarsa, bir o qədər özünü təsdiq eləmiş olar…

 

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetir.

 

Şölə Ayı, 41-ci il. Saray-Soylu.

(iyun, 2019).

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir