Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Törənində deyilmiş sözlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ruhani İdrak Günü” Törənində deyilmiş sözlər

Ata-Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 40-cı ildə (aprel, 2018) Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Ruhani İdrak Günü” Törənini həyata keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: “Qutsal Günümüzə başlayırıq.  Günümüzün anlamı çox dərindir. İdrak işiylə uğraşan məktəblər olub. Ancaq Ruhsal İdrak əməlini, işini, Ruhsal idraka yetməni törənləşdirmək, düşünürəm, özünəxas bir yenilikdir. Ona görə yeni dünyabaxışın ideya anlamını öyrətdiyi baxımdan, bu törən dərin anlam daşıyır. Bu dərin anlamı yaşatmağa biz borcluyuq. Bu dərin anlama yetə-yetə yaşatmağa borcluyuq. İstər Ruhsal İdrak Günü törəni olsun, istər Ocağın başqa törənləri olsun, bu törənlərdə hər şey ruhsal idrak məsələsinə bağlıdır. Söz yox, döyüşən, əqidə insanından gedir söhbət. İnsan öz yaşamını, tapındığı dünyagörüşün ölçüsünə uyğunlaşdırmaq, onun əsasında qurmaq üçün dərin anlama yetmə­lidir. Bu yolu da ruhsal idrakla getmək olur. Ocağın törənləri, Evladın həm əlindən tutub ruhsal idraka yetməni yetirir, həm də ruhsal idraka yetənlərdən bu törənin anlamını yaşatmağı, ifadə eləməyi tələb edir. Baxın, gərək törənlərdən elə öyrənəsən, çıxasan, sonra bu törənlərə qayıdanda onu yeniləyə biləsən. Hər bir törən əslində yenilənməsiylə gözəl olur, yadda qalan, qurucu olur. Əgər o yenilənmirsə, onda onun halı, nizamı tükənə bilər. Gərək yeniləyəsən. Yeniləmək üçün də öz üzərində işləmək gərəkdir. Bizim işimizin tələbi belədir, gərək həm öz üzərimizdə işləyək, həm də toplumun üzərində işləyək. Cırlaşan toplumu diriltmək gərəkdir. Onun mənəviyyatını, gələcəyə baxışını diriltmək gərəkdir. Bunu diriltmək bizdən böyük güc, qüdrət tələb edir. Biz ideya insanlarıyıq. Bizim ayaq işimiz də ideya işinə bağlıdır. Bizdə məzmun birdir. Yeriyəndə də, oturanda da eyni işi görürük. Öyrənməyin bizim qarşımızda qoyduğu başlıca tələb nədir? Biz Asif Ataya qədər olan çağı bütünlüklə rədd eləmirik. Çünkü fani saymırıq. Düşünürük, bəşəriyyət bu günə qədər yol gəlibsə, onun axtarışları da, tapıntıları da olubdur. Bu cəhətdən biz hər şeyin üstündən xətt çəkmirik. Ancaq az sayırıq. Asif Atanın dünyabaxışının adı Mütləqə İnamdır. O özünə qədərki çağı nisbi sayır. Nisbi saydığına görə barışmır. Nisbiylə barışmadığına görə Mütləqi ölçü götürür. Niyə Mütləqi ölçü götürür? Axı heç bir çağ, yaşam Mütləqə tən olmur. İnsan ömrü tən ola bilər. Ancaq toplumun ömrü, yaşamı, çağı Mütləqə tən olmur. Buna baxmayaraq, toplumun yaşamı, nizamı, toplumun mənəviyyatı Mütləqə tən olmur, Asif Ata onun qarşısında Mütləqilik ölçüsü qoyur. Çünkü Mütləqə, onun dediyi ölçüyə dartınma, canatma olmasa onda yenilənmə olmur. Nisbiylə nə qədər barışırsansa, yenilənmə bir o qədər arxa plana keçir. Bu gün dünənə, sabah da bugünə bənzəyir. Asif Ata ona görə toplumun, bəşəriyyətin qarşısında Mütləqilik ölçüsü qoyur. Buna can atmalısan. Olduğunla barışmamalısan. Yaşamınla barışmamalısan. Daim can atmalısan. Görün bu nə qədər dərin anlam daşıyır. Dinlər belə demir. Asif Ata bununla deyir, bəşəriyyəti min illər sonra özümdə dayandırmıram. Ona axtarışlar yönü verirəm. Özüm də ona zəmin oluram. Dinlər deyir, hər şey mənəm. Məndə dayanmalıdır. Qabağa getməli deyilsən. “Qabağa getməli deyilsən” tələbi bəşəriyyətin yaşam nizamını pozur. İnsanın canında tənbəllik yaradır. Ruhunda, düşüncəsində tənbəllik yaradır. Nə var, onunla barışırsan. Axtarışa getmirsən, yeniliyə can atmırsan, öz üzərin­də işləmirsən, gərgin yaşamırsan, fərəhi tanımırsan, göylərin anlamını dərk eləmirsən, gələcəyin gözəlliyini görmürsən. Qalırsan bu gündə, dünəndə. Ona görə Atanın bəşəriyyətin qarşısında Mütləqilik ölçüsü qoyması bir möcüzədir. Biz də bu quruculuğa qulluq eləyirik. Bu tələblərin gerçəkləşməsinə qulluq eləyirik. Bunun üçün bizə qədərki çağda bütün ətalətləri, gerilikləri arxada qoymalıyıq. Ona görə bizim zamanımızda işin ağırlığı bizim üzərimizə düşür. Bu ağırlıq bəzən bizi darıxdıra, təntidə bilir. Çünkü Atanın dediyi nizam, ölçü hələ oturmayıb. Əgər o toplumda oturuşmuş, gələnəkləşmiş olsa, onda Ocaq insanı, əqidə insanı qurumda çalışan insan, sadəcə olaraq, o nizama uyumu qoruya bilər. Yaratmaqla uğraşmaz. Yaratmaqla uğraşmaq gərginlik yaradır. Bu işi sıfır nöqtəsindən Asif Ata başlayıb. Biz də sıfır nöqtəsindən onun arxasına düşmüşük. Deməli, ağırlıq bizim üzərimizə düşməlidir. Tarixin mənzərəsini biz dəyişirik. Ona görə bu ağırlıqları, çətinlikləri dərk eləməyimiz, anlamağımız gərəkdir. Təntiyib yıxılmağımız gərək deyil. Söz deyirsən ağız büzür, belə gedir, elə gedir, külək aparır. Bu hal Ocaqçı olan kəsi təntitməməlidir. Bir də təntitmənin özülündə nə durur? Təkcə mən dedim filankəs eşitmədi. Az deyirsən. Üç dəfə deyirsən, dördüncü dəfə demirsən. Öz üzərində işləsən usanmayacaqsan. Daim deyəcəksən. Sən çağırmaqdan ötrü varsan. Dəyişməkdən ötrü varsan. Tərsinə olsaydı, bizə gərək qalmazdı. Atanın bizdən umduğu nədir? – Mənim yaratdığımı deyin. Həm siz var olun, həm gələcək. Ruhsal idrak məsələsinin anlamı budur. Bizim də keçirdiyimiz törənin anlamı budur. Ruhaniyyat məsələsi elə məsələdir, bu məsələdə konkret baxışın oturması olduqca çətindir. Çünkü subyektiv baxışlar çoxdur. Biri belə deyir, biri elə deyir. O biri özünün dediyini doğru sayır. Sən “Mütləq” filan şeyə deyirsən, mən filan şeyə. Sən “ruh” filan şeyə deyirsən, mən filan şeyə.

 

Ruhaniyyat məsələsiylə bağlı konkretlik insanın ağlına girmir. Ata deyir, doğruya qalsa, mücərrəd görünən daha konkretdir. Bu adamların ağlına girmir. İdrak buna böyüməlidir. Hamı deyir, mürəkkəb sadədən yaranır. Ata deyir, sadə mürəkkəbdən yaranır. Hamı deyir, bütöv ziddiyyətlərdən yaranır. Ata deyir, ziddiyyət bütövdən yaranır. Ata deyir mənadan yaranır. Hamı deyir bəsitdən, balacadan yaranır. Atanın dediyi konkretdir. Ancaq mücərrəd görünür. Ona görə ruhaniyyatın, fəlsəfənin işi də çətindir. Ona yetən idraklar gərəkdir. O idraklar heç bir vaxt güləşməyəcək. İndi güləşir. Çünkü yetkin deyil. Yetkin olmayanlar güləşir. Baxın, sizə bir fakt deyim. Mən indi Od İşığı ideyasını işləyirəm. Araşdırıram, görürəm, bir sıra alimlər sübut eləyirlər, o cümlədən Herodot deyir, Zərdüşt Maqların öncəsidir. Maqlar – muğlar bunlar proto türklərdir. Aristotel yazır, Deyokun ( Deyok da Midiya dövlətinin qurucusudur) hakimiyyətində təmsil olunan altı tayfadan biri Maqlardır. Bunlar arilər deyil. Yunanlar da deyil. Kimdir bəs? Türklər. Maqlar Midiya dövlətinin süqutuna qədər çox müdrik olublar. Fəlsəfə sözü yunanlardan başlasa da, müdriklüklə uğraşan Maqlarda olub. Düşüncə onlarda olub. Onlar Zərdüşt düşüncəsini Avestada daha dərinliklərə yetiriblər. Böyük bir bilik sisteminə çeviriblər.

Sonra Astiyaq qızını farssoylu Kambisə verir. Ondan Kir doğulur. Kir də üsyan qaldırıb öz babasını devirir. Dövləti ələ keçirir. Yerində fars dövləti yaradır. Yəni neyləyir? Ayrı yerdə dövlət yaratmır ki. Özününküləri o dövlətə tətbiq eləyir. Quruluşunu, strukturunu dəyişir, özününküləşdirir. Ondan sonra bütün qayda-qanun, yaşam, nizam – hamısı dəyişir. Bayaq türk idi, indi fars çağı olur. Eyni halda, Kirin oğlu öncə böyük bacısıyla, sonra kiçik bacısıyla ailə qurur. Ailə quranda Maqları bunu təsdiq etməyə zorlayır. Artıq öncəki törələr süquta uğrayıb. Onu yönətənlərin psixologiyası da, mənəviyyatı da dəyişib. Onlar da, hökmdarın istəyinə uyğun olaraq, yasaları dəyişirlər. Yasa Zərdüştün prinsiplərindən gəlirdi, ən yüksək İnsani səviyyədə idi. Ancaq mənəviyyatca dəyişmiş maqlar deyir, sən istəyirsənsə, olar. Heydər Əliyev deyir filan şey olar? Çevrəsində olanlar da deyir, Heydər Əliyev deyirsə, olar. Bu da həmin şeydir. Nə baş verir? Sistem, quruluş dəyişir. Yeni bir quruluş yaranır. Pis struktur, ölçü yaranır. Bu pis ölçü oturuşur, tarixə çevrilir, yazılır. Bizim ondan sonrakı insanlarımız, ya bugünkü insanlarımız Zərdüştə, Maqlara, Əhəmənilər hökmdarı qalib olandan sonrakı aşamadan baxırlar. Ondan qabaqkı çağa baxmırlar. Nifrət eləyir, ondan qabağı görmədiyi üçün.

Yəni bizim qutsallığımız, böyüklüyümüz dəyişdirilib. Dəyişdirilənə baxıb, nifrət edirlər. Ərəblər gəlib, yeddinci yüz ildə, Tanrını qırağa qoydu, bütün sistemini, mənəviyyatını, ölçüsünü – hər şeyini dəyişdilər. Dəyişib eybəcər bir şey yaratdılar. İndiklər bunun içində yaşayırlar. İndiklər ondan öncəkinə baxmırlar. Ondan öncəkini rədd eləyirlər. Paradoksa bax. Necə olur, sən tarixdə olmuş belə bir olayın sonrasına (yəni dəyişilməsindən sonraya) nifrət edirsən. Bu gün isə sonrakına (yəni zorla müsəlmanlaşdırılmaya) məhəbbət bəsləyirsən?! Bunların cavabı ruhsal idrak istəyir.

 

Ruhsal idrak konkretdir. Çünkü mənəviyyat, insanlıq ölçüsüylə yanaşırsan. Millilik ölçüsüy­lə, vicdanla, ədalətlə yanaşırsan. Boğazdan yuxarı yanaşmırsan. Bir an düşünün, Asif Atanın işi gələcəkdə dəyişdi. İşğal olundu, Mütləqə İnamı dövlət səviyyəsində qəbul elədilər. Kimin ağlına nə gələcək dəyiş-düyüş edəcək. 500 il bundan sonrakılar da deyəcək, Asif Ata belə bir şey yaradıb. Yaratmayıb axı…

Bunların hamısını anlamaq ruhsal idrak tələb eləyən məsələlərdir. Bizim bu törənin anlamı ona görə dərindir. İnsanı hansı tələbə yüksəldir, onun qarşısında nələr açır?! Tarixə, keçmişə, dəyərə, yaxşıya, yamana, bu günə, gələcəyə ayıq bax deyir. Asif Atanın ölçüsü ayıqlıq şüurudur, düşüncəsidir. Ona görə Atanın üzərində işləyəndə Onun dediklərini incələmək gərəkdir. Sonra Ataya qədərkiləri oxuyub incələmək gərəkdir. Öz üzərində işləmək gərəkdir. Düzdür, çətindir həm o, həm bu. Ancaq mən görürəm, iş aparmaq üçün bir ara bəzi işlərlə sınırlaşmaq gərəkdir. Çünkü biliyə yetməyən adamın cəsarəti zəif olur. Yerişi, cəsarəti, hünəri yaradan bilikdir. Atalı olmaq cəsarətli olmaqdır. Ruhsal İdrak gününün anlamıyla bağlı deyəcəklərim bu qədər.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

Ulusəs Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): “Ruhani İdrak Günü” mərasimi Ocağın dərin mərasimlərindən biridir. Öz mənasına görə. Biz Ocaqçıyıq. Məqsədimiz odur, Mütləqə İnam fəlsəfəsini birinci növbədə özümüz dərk eləyək. Sonra onu yayaq, çatdıraq. Dərk eləmək asan deyil. İdraklı insanlar çoxdur. Ancaq ruhsal idraka yetən insanlar tək-təkdir. İstəyirəm bir yazımı oxuyum: Ruhsal İdrak idrakın yüksək aşamasıdır. Mütləqi yalnız ruhsal idrak dərk edə bilər deyir Ata. İnsan dünyaya göz açır. Göz açdığı gündən ölənə qədər çevrəsində baş verən olayları anlamağa çalışır. Bunun zoruyla yaşayır. Öncə təcrübi idrak olur. Bu bəs eləmir. Çünkü izlədiyi olayların mənası var. O, mənaya çatmaq üçün bəlli bir yol keçməlidir. İdraka yiyə olmalıdır. Dərk olunan, bir də dərk edən. Dərk olunanın mənası var. Dərk edən də insandır. İnsanın da mənası var. İnsanın mənası da açılmalıdır. İnsan ağlını işlədir, bilik toplamağa başlayır, elm yaradır. Elm də təcrübi idrakdan çox yuxarı qalxa bilmir. İnsanın təbiətlə, dünyayla ruhsal bağlılıqlarını elm aça bilmir. Bunu təcrübi, elmi idrakla dərk etmək mümkün olmur. Bu ruhsal bağlılığı dərk etmək zoru yaşayan insanlar mifoloji təfəkkürə yön tuturlar. Yəni elm sübut eləyə bilmirsə, mifoloji təfəkkürlə yanaşırlar məsələyə. Bu təfəkkür bəlli qədər cəmiyyətin, insanların düşüncəsini təmin edir. Ancaq yenə də dünyanın uyumu, Təbiətin qanunauyğunluqları özünü göstərir. Anlaşılır, dünya mahiyyətcə hələ dərk olunmayıb. Dini, fəlsəfi təfəkkürə uyuşmur, düz gəlmir, izah olunmur dünyanın belə halı. Hamı anlayır, dünyanın, həyatın mənası var. Mütləq deyilən bir həqiqət var. Onu Allahın ayağına bağlamaq düzgün deyil. O mahiyyəti izah eləmir. Mənasızlaşdırılır dünya, ona görə yaşam mənəviyyatsızlaşır. Dünya göz görə-görə əyilir. Ata deyir: “həqiqətin dərki insanla dünya birliyinin dərkidir. Dünyanı dərk edən dünyadakı İnsanlığı dərk edir. Dünyayla insan arasındakı birliyi dərk edir. İnsanın dünyalığını, dünyanın insanlığını dərk edir”. Ataya qədərki təfəkkür tamam başqa idi. “Dünyanı dərk etmək üçün insan dünyadan ayrılmalı olur. Dərk edən insanla dərk olunan insan arasında təzad yaranır. İnsanla dünya arasında yadlıq yaranır”. Elm bu yadlığı gəlişdirməyə çalışır. Elmi tədqiqatlar müsbət sonuc vermir. Tərsinə, mənfi rol oynayır. Sonucda insan dünyadan, dünya insandan ayrılır. İnsan dünyasızlaşır, dünya insansızlaşır. Asif Ata peyğəmbərliyi çox uca tuturdu. Məhəmmədin Haraylarını qiymətləndirirdi. Belə baxanda çətindir, din yaradan peyğəmbərləri necə uca tutmaq olar. Din axı yalandan yarandı. Din müqəddəsliyi uydurdu. Mütləqi uydurdu, həqiqəti yalanla əvəz etdi. Eyni zamanda peyğəmbərlər (Atanın fikrincə) uğurlu işlər də görüblər. Ölümlə üzləşiblər. Ancaq dediklərindən dönməyiblər. Atəşin bir inam var idi onların dediklərində. Onlar israr eləyirdilər, qətiyyət göstərirdilər. Ata deyirdi, onlar Mütləqi görmüşdülər, ruhsal idrak halını yaşamışdılar. Mütləqi yalnız ruhsal idrakı tanıyan görə bilər. Onlar həqiqətə çatmışdılar. Ancaq bir yanlışlıq var idi burda. Onlar insana xas olan Mütləqi insandan alıb, Allaha bağışlamışdılar, burda hər şey dəyişilmişdi. İnsanları inandıra bilmişdilər, bu qüdrət Allaha xasdır. Yəni bu sən deyilsən. Səndə olan sənin deyil, başqasınındır. Peyğəmbərlər vəhy halını yaşamışdılar. Ancaq onun yönü yanlış idi. Yəni ona vəhy gəlmişdi, ruhsal idrak üçün ortam yaranmışdı, ancaq Mütləqi Allahla eyniləşdirmişdilər. İnsanları inandırmışdılar bu belədir.

Gərək həyata öz gözümüzlə baxaq, necə həyat yaranıb?! İnsan doğrudanmı Mütləqi izhar edir? Biz deyirik, Mütləq adi bir insanda da var. Ancaq insanın Mənasında var.

Babək 23 il azman düşmənə qarşı vuruşdu. Onda ruhsal idrak səviyyəsinə qalxmışdı. İnsanlar yer kürəsinin dairəvi olduğunu sübut eləyirlər. İnsan bütün qalaktikanı bəlli eləyə bilir. Bu da bir qüdrətdir. Bunlar ruhsal idrakın çağırışları deyilmi?

Peyğəmbərlik ruhsal idrak halına düşmək məqamıdır. Peyğəmbərlik halına vəcdlə, ehtizazla yaşamaqla düşür insan. Ata bu üç duyğunu əsas tutur. Onu ruhsal idrakın pillələri sayır. Ata bu halla yaşadı, canlı Mütləq oldu. Atamız Var olsun!

 Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Son Ailə Günündə düşüncədən artıq söz dedik. Ona görə də cavabımızı aldıq. Ona görə özəl sözüm yoxdur. Mərasimlə bağlı onu deyə bilərəm, bu mərasim Atanın idraka verdiyi yüksək qiymətdir. Biz ruhun dörd xilqətini götürürük: İnam, İdrak, Mənəviyyat, İradə. Atanın idrakı bu dərəcədə dəyərləndirməsi nədən irəli gəlir? Belə başa düşürəm, Atanın deyir, dərk etmək İnamdan gəlir. İnanmasan, dərk etmirsən. Yəni insanı tanıdığın qədər özünü böyüdürsən, gəlişdirirsən. Dünyanı, həyatı tanıdığın qədər özünü tanıya bilirsən.

Mən Atanın düşüncələrini genel olaraq bilirəm. Ancaq dərinliyinə qədər öyrənməmişəm. İnam mənim köməyimə gəlir, Atanın dediklərini qəbul eləyirəm. Ancaq fəlsəfi, elmi biliyim o deyil, o düşüncələrin həqiqətinə daha dərindən varım. Ancaq bir İnamçı nə qədər dərk etməlidirsə, dərk edə bilərsə, məncə, o yoldayam. Atanın məndən tələb elədiyi dünyanın, həyatın, insanın mənasını dərk eləməkdir. Məncə, bu yöndə az yol gəlməmişəm. Deməzdim mənim idrak olanaqlarım. Düşünəndə, oturanda, kitabla, qələmlə üz-üzə olanda duyuram, çox şeylər çatır mənə. Ancaq ömrümü sistemləşdirməliyəm.

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Hamımız bilirik, çətinliklər hər il artacaq. Keçən il deyirdim, mənim üçün çətindir. Ancaq bu il görürəm, keçən il mənim üçün daha asanıymış. Çətinliyin artması gedişinin axarının gətirdiyidir. Həm də çətinliyin artması, mən artmalıyam, ondan çıxış yolu aramaq gərəkliyini üzə çıxardır. Çünkü özümə doğru addım atmaq istəyirəm, qarşıdan əngəllər çıxır. Görürəm, azalmayacaq. Sadəcə, mən bundan üstün olmalıyam. Ocaq Yükümlüsü “Ocağı verə bilmək” məsələsini dedi. Bakı şəhərində, ofis mühitində rus dili hakimdir. Mən mühitimdə, milli yöndən məsələlər düşəndə, münasibətimi bildirirəm. Elə bil Avropadasan, milli münasibət bildirirsən. O mühitdə Ocağı verməyə çalışasan, çox çətindir. Hələ, bu xalqın millətləşmək, özümlüyü haqqında düşünmək çətinliyi var. Hər mənada, bir Ocaqçı olaraq, təkcə iş mühitində demirəm, ümumiyyətlə, fərqimi görürəm. Bu, Atanın, Ocağın bizə verdiyidir. Elə bil köstəbəklər içində işləyirsən, ya onların arasındasan, sənin onların gözünü açmaq yükün var. Doğrudan da çətindir, sorumludur. Bu sorumluluğun özünü anlamaq belə idraka ciddi bir ayıqlıq gətirir. Sorumluluğum artır. Bu qədər.

Atamız Var olsun!

Soylu Atalı: Ata deyir, sizi davranışınızdan, oturuşunuzdan, yerişinizdən, baxışınızdan bilməlidirlər, görməlidirlər. Belə götürəndə, topluma söz deməyin birinci kanıtı da budur. Ata Özüylədöyüş ideyası verib. Sən özünü qurursan. Sənin davranışın fərqli olur. Bu, toplumun gözündən qaçmır. Bu birinci sözdür sənin dediyin. İkinci söz, hər hansı bir münasibət bildirəndə, nə qədər axmaq toplum olursa-olsun, o sənin sözünə önəm verməyə bilməz. Çünkü görür, sən fərqli yaşayırsan, fərqli deyirsən. Ona görə Ata deyir, davranışınızdan seçilməlisiniz. Bənzərsizlik, əlçatmazlıq, qeyri-adilik, özünəxaslıq. Fərq özü söz deyir, yön yaradır. Birinci çətinlik insanın özü ola bilməsidir. İnsan özü ola bilməyəndə onda heç bir vaxt toplumun düzələcəyinə inanmırsan. Bu baxımdan Ata deyir hər şey bireydən başlayır.

Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Soylu bəy, o qədər aydın izah elədiniz mərasimin anlamını. İdrakın nə olduğu, niyə artmalıdır? Bilirəm, alt yapıda məndə yerini tutub. Sadəcə olaraq, orda qalmaması üçün, ölməməsi üçün daim uğraşmalıyam. Ata ruhsal idrak tələbi qoyub bizim qarşımızda, dünyanın yönünü dəyişmək üçün. Konkret olaraq, peyğəmbərlərin yaşaması – verdikləri ölçülər yaşadıqca onlar yaşayır. Atadan öncə olanlar nə qədər əyridirsə, düzdürsə, onların ölçüsü elə də oturuşub. Siz o gün doğru dediniz, Ata indiyə qədər gələn gəliş­mənin yeni bir aşamasıdır.

 

Soylu Atalı: Belə demək istəyirsən: Ata ölçü verib. Biz istəyirik toplum bu ölçünün tələbiylə yaşasın. Ancaq Atadan öncəkilərin ölçüsünü bu gün biz yaşamasaq da, təbliğ eləməsək də, Asif Atanın ölçüsünün yaranmasında onların yardımı var. Onlar qatqısıyla yaşayır, ölməzdir.

Güntay Atalı: Atanın ölçüsünü ölkədə, hansısa insanda var eləmək üçün Ruhsal idraka yetmək gərəkdir. Atanın tələbi budur.

Atamız Var olsun!

Soylu Atalı: Biz Atanı görürük, dərk eləyirik, öyrənirik, verməyə çalışırıq. Mən deyirəm bu görmədə qədim ölməzlərin qatqısı var. İşıq yanır. Biz oturmuşuq, işığın fərqinə varmırıq. İşığın gərəyi bu anda ağlımıza gəlmir. Ancaq get onu söndür. İşıq varıymış, işığıymış bizə göstərən. İnsan bəzən işığı görmür, işığın göstərdiyini görür. İşığın göstərdiyi əsasında yaşayır. Ancaq ona təkan verən işıqdır. Dediyim kimi, o ölməzlərin hər biri o işıq kimi bir şeydir. O işığın parçası kimi bir şeydir. Onlar qatılırlar. Mən bir ölçüylə yaşayıram, nələrsə verirəm. Nə verirəm? Mənim bu ölçüyə yetməyimdə, ağlımın işıqlanmasında Tolstoyun böyük rolu var. Görürsünüz, mən Tolstoyu təbliğ eləmirəm. Ancaq mən onu sevirəm. Mənim nələrisə anlamağımda, dərk eləməyimdə, bu ölçüyə yetməyimdə, yaşamağımda onun da qatqısı olub. Ona görə ölməzdir. Tolstoy genel sistemin, elə bil, bir zərrəsidir. Tolstoy özü ayrıca bir yaşam nizamı deyil. Ancaq genel yaşam sisteminin bir işığıdır, zərrəsidir. Ona görə ölməzdirlər dahilər. Qədimdə, min il bundan öncə elə şeylər deyilib, bu gün heç kim onu təkzib eləyə bilmir, istər elmdə, istər fəlsəfi düşüncədə olsun.

Ruhani İdrak Günü mərasimi, milliləşdirdiyimiz adla desək, Ruhsal İdrak Günü Törəni, məncə, biz bunun tələblərinə girsək, yaxşı gəlişəcəyik. Yaxşı olar, Gediş Yazısını yazan adam sorular qoysun. Qoy onunla diskusiya getsin. Bu törənin yöntəmi də odur.

İndi bir neçə söz demək istəyirəm törəni sonlandırmaq üçün.

Biz Asif Atanın işinin uğurunu, yerişini öz ortamımızda görürük, yalnız bəzən. Ancaq Asif Atanın işi, etkisi dərinliklərə işləməkdədir. Bunu toplumun içində ayrı-ayrı baxışlara qulluq eləyənlərin rahatsızlığında, çaxnaşmalarında görmək olur. Ataya qarşı davrananlar var. Öyrədilmiş adamlardır bunlar. Bu elə-belə məsələ deyil. İndiyə qədər yox idi. İndi niyə var? İndi yaşam ağırlaşır, topluma sığınan ideoloji nəsnələr gücdən düşür, demokratiya gücdən düşür, din gücdən düşür. Getdikcə yeniliyə, doğruluğa ehtiyac artır. Bu yeniliyi, ehtiyacı Asif Ata təmsil eləyir. Ona görə Asif Ataya ehtiyac qabaracaq. Qabardıqca Onu vurmalar da artacaq. Bu Ocaqçını sarsıtmamalı. Çağında, doğru söz deməlidir, doğru yön, əhval yaratmalı. Bu cür dirənişlər indidən başlayır.

Eloğlum Həmid Türkiyəyə getmişdi. Ordan gəlib çox rahatsız danışırdı. Türkiyə batıb gedir. Düzdür, hamımız Bakıdan baxırıq, bilirik. Ancaq adam gedib gözüylə görəndə dəli olur. Türkiyə, İran, Azərbaycan batıb gedir. Bu batıb gedənləri tutub üzdə saxlaya biləcək ölçülər də batıb gedir. Asif Ataya ehtiyac artır. Ona görə Ona qarşı dirənişlər, söz demələr də artacaq. Dünənə kimi İran altdan işlər gördürürdü. Ancaq Atanı gündəliyə salmırdı. Bu gün Ərdoğan Türkiyəsi Atadan rahatsız olacaq. Getdikcə, Türkiyənin içində, Atanın adı hallandıqca Ona qarşı davranmalar da artacaq. Bunu gözə almaq, sarsılmamaq. Yerində, çağında sanballı söz demək, ömür yaşamaq, münasibət sərgiləmək gərəkdir. Bizim sayımız azdır. Beş-üç adamın özünəxas yaşaması, beş-üç min adamın gücündən daha güclüdür. Mən həmişə bunu deyirəm. Ona görə özünü, ləyaqətini buna kökləmək gərəkdir. Yaşasın Ata.

Qutsal Günümüz başa çatır. Qutsal günümüzü Nişanələrin sunulmasıyla sonlandırırıq.

Ocaq Yükümlüsü Yol Sözü ilə Evladlıq Nişanələrini Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetir.

İşıq Ayı, 40-cı il. Saray-Soylu.

(may, 2018.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir