Xəbərlər

Qutsal “Şərqilik” Bayramı

Ocaq Günsırası ilə 12 Ata Ayı, 44-cü ildə (sentyabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı:

Qutsal Günümüzə başlayaq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı gələnəksəl olaraq, öz Şərqilik Bayramını həyata keçirir. Bu il 25 ildir biz bu bayramı həyata keçiririk. Bizim ayrı-ayrı illərdə keçirdiyimiz bayram tədbirləri biçimcə keşməkeşli olub. Daha çox qapalı ortamda, dörd divar arasında keçirmişik. Ayrı-ayrı hallarda təbiət qoynuna çıxmışıq, ayrı-ayrı soydaşlarımızla birlikdə Asif Atanın belə bir gələnəyini yaşatmışıq, onu qabağa aparmağa çalışmışıq. Bu gün də öz gələnəyimizi davam eləyirik. Başlıca məsələ nədir, biz öz gələnəklərimizi yaşatmaqdan usanmırıq. Mən düşünürəm, gələnəklərimizin mahiyyəti bizim varlığımıza girib, bizim ləyaqətimizlə birikib. Çünkü bizim gözümüz qırağa dikilməyib. Toplumda biz necə qarşılanırıq, bizi necə qəbul edirlər, psixoloji basqılar, toplumsal basqılar bizim işimizə əngəl ola bilməyib. Ən başlıca məsələ də budur, əqidənin birinci şərti də budur. Gərək sənə qıraq etkilər əngəl olmasın, səni yoldan sapdırmasın. Buna da biz yetə bilmişik. Bunun özünü də bir uğur saymaq olar. Əgər məndən soruşsalar bu günkü bayramın özəlliklərini necə dəyərləndirərsən, o özəlliklərdən biri kimi Ocaqçının öz gələnəklərinə usanmadan sadiq qalmasını önə çəkib vurğulayardım. Bu çox düşündürücü, həm də uğurlu bir işdir. Öz istəklərimiz özümüzə aydındır. Hədəfimiz nədir, nə istəyirik, niyə bu addımları atırıq, niyə toplumun geriyə getməsi bizi hürkütmür. Bizi rahatsız edir, toplum günü gündən geri gedir, ancaq hürkütmür. Yəni  biz işimizin önəmini özümləşdirmişik deyə, rahatsız deyilik ki, toplum geri gedir, heç bir şeyə yetmək alınmayacaq. Belə qorxulu düşüncələrə dalmırıq. Bunu da mən niyə vurğu edirəm, əslində bu günkü tədbirdə deməyə də bilərəm. Bu hər bir Ocaqçının gündəlik özünə aydınlaşdırmalı olduğu məsələdir.
Ailə Günləri keçiririk. Atanın Ailə Günləri üçün qoyduğu toxunulmaz, dəyişməz qurallar var. “Mən kiməm, həyat nədir, dünya necədir” kimi toxunulmaz, dəyişməz suallar var. Ailə Günündə Ocaqçı bu suallara cavab verməlidir. Sən buna bir dəfə cavab verməklə qurtarmırsan. Çünkü bir ömür yaşayırsan, yol gedirsən. Hər yaşantında yenidən qayıdıb özünə baxırsan, yenidən həyata baxırsan, yenidən dünyanı öyrənirsən. Bunun da adına özünüdərk prosesi deyirik. Əgər insan bu cür məsələlərlə uğraşmasa, bu cür suallar qarşısında özünü hazırlamasa onun özünü dərkindən söhbət gedə bilməz. Toplumda nə qədər istəsən yazıb-oxuyan insanlar var. Ancaq deyə bilməzsən, bu insanların hamısında özünüdərk prosesi gedir. Özünüdərk prosesi başlıca olaraq ruhaniyyat xəttində olur. Özünüdərk prosesi hər bir yolda, hər bir gedişdə getmir. Buna görə düşünürük ki, Atanın qoyduğu həmin məsələ, başlıca olaraq, özünüdərk prosesini fərdin ömründə başa çatdırmaq, həm də davam eləməkdir. Ona görə biz toplumdakılardan fərqli olaraq, həm də öz yaşantılarımızla uğraşırıq. Biz buna görə təşviş keçirmirik, toplum dala gedir, qabağa gedir. Biz istəyirik qabağa getsin. Biz istəyirik, biz də toplumu doğru bildiyimiz yola çağıraq. Çağırırıq da gücümüz çatan qədər. İndiki axar istədiyimiz biçimdə deyil. Biz dünyanı gəzə bilmirik. Ancaq çağaşırı edirik bunları. Bunların hamısı nə deməkdir?! Bu gün Şərqilik adında bir bayram keçiririk.  Hər zaman biz Doğuda olan düşüncə, ideya, ruhaniyyat adamlarının adlarını hallandırırıq. Onların adlarını önə çəkirik, qiymətini bir daha özümüzə aydınlaşdırmağa çalışırıq. Deyirik ki, biz bu dəyərlərin özünü bayram edirik. Bu dəyərlərin özünü insan ağlında, insan şüurunda yaşatmaq üçün, qabağa aparmaq üçün bayram edirik. Həm də o dəyərlərlə özümüz mərasimləşirik, o dəyərlərlə ruhaniyyatlaşırıq, o dəyərlərlə doğmalaşırıq. Bunları biz 25 ildə dilə gətirmişik. Son çağlar mənim axtarışlarımda Şərqlik məsələsi yüksək bir önəm daşıyıb. Nə mənada yüksək önəm daşıyıb, Ocaq içi, ya Ocaq dışı insanların rahatsız olduğu bir gediş var. Əyri-doğru gedişlər həmişə olub. Doğru gedişlər araşdırıldıqca, öyrənildikcə insan həm nikbinlik tapır içində, həm də qürur duyğusu yaşayır. Tarixi gedişlərdə insanlarımız nə qədər yüksək axtarışlarda olublar. Heyvana, topluma, məişətə enməyiblər. Çox yüksək örnəklər ortaya qoyublar. Biz qayıdıb o örnəkləri öyrəndikcə nəyə yetirik?! Mən onları bir tarixi fakt kimi öyrənmirəm. Onları öz Yolumu, əqidəmi dərk eləmək üçün öyrənirəm. Həm də mənə yol göstərənin – yolbaşının ortaya gətirdiyi işin önəmini özümə bir daha aydınlaşdırıram. Biz tarixdə nələrisə doğru saya bilərik, nələrisə doğru saymaya bilərik, qəbul etdiklərimiz, etmədiklərimiz ola bilər. Bunlar olası bir şeylərdir. Ancaq görürsən, biz axtarışa bu gün başlamamışıq. Sən demə nə qədər gözəl, dərin axtarışlar olub tarixdə. O axtarışların özü də, dediyim kimi, növbəti aşamalarda, insanın ruhaniyyat aşamalarında özünüdərk məsələsində gözəl örnəklər verir. Mən bu məsələlərlə bağlı, son dönəmdə iki önəmli əsər işləmişəm. Onlardan biri “Ölüm Mütləq Yoxluq deyil”, o biri də “Həyat din ilə alınmır” adlanır. Hər ikisi mənə Şərqi dəyərlərin öyrənilməsi açısından etki bağışlayır. Çünkü bu axtarışlar başlıca olaraq daha çox Şərq bölgəsində həyata keçirilib. Son yüzillərdə bu proses Batı coğrafiyasında da başladı. Ancaq əskidən böyük axtarışlar daha çox Doğuda olub. Böyük yaradıcılıqlar, işlər, böyük dühalar Doğuda olub. Bu günün özündə belə Batıda ayrı-ayrı şəxsiyyətlərin düşüncələri şərqidir, heç qərbi deyil. Xristianlığın yaxşı keyfiyyətləri, yaxşı cəhətləri nələri varsa o da şərqidir, qərbi deyil. Bu da bir ayrı qonudur, niyə qərbi deyil şərqidir. Bəlkə də ona görə biz elə Qərbilik bayramı deyil Şərqilik bayramı keçiririk. Bəşərilik bayramı da təkcə Qərbilik deyil, bütövlükdə genelinsanlıq bayramı kimi həyata keçirilir. Deməli, bir məsələ olduqca önəmlidir. Bəlkə də bu axtarışları həyata keçirmək, insanlığın yolunu bəlirləmək, insanın özünüdərk məsələsini ayaqda tutmaq, onu qorumaq doğrudan elə Şərqi məsələdir. Bəlkə doğrudan da, açarı burdadır, dəyər burdadır.

Şərqdə hansısa mədəniyyətləri əsas götürürük, önəm veririk. Ata deyirdi, “İslam” Şərqi dəyər deyil. Niyə deyil, mən bunu Atanın dilindən eşitməmişəm. Bunu geniş açmayıb. Ancaq elə bir vurğusu var. Mən “Ölüm Mütləq Yoxluq deyil” yazımda, islamda qədim bilgilərin təhrif olunmasını önə çəkmişəm. Təhrif olunub, xurafatlaşdırılıb. Yəni qədimdə olan bilgilərin çoxu elə xurafat biçimində olub. Ancaq din qədimdən alıb onları doğrultmayıb, yeni xurafat şəklinə salıb, topluma sırıyıb. Ən başlıcası İslam dünyagörüşü özündən öncəki Şərqi dünyagörüşlərdən, Şərqi axtarışlardan yararlansa da, bir çox məsələlərdə özünəxas bir yol tutub. Bu yollarda da sapıb, konkret olaraq, bəzi yerlərdə zərər də verib. Məsələn insana, dünyaya, Allaha, vətənə, millətə münasibətdə zərər verib. Bu zərərləri zaman-zaman açmışıq, demişik, mətbuatda yazmışıq. Məsələn, deyirik Allaha zərər verib. İslamı öyrənməyib onun sadəcə rituallarını yerinə yetirən adam ayrı, ancaq onu öyrənən adamlar iki yöndə İslamdan uzaqlaşmağa çalışır. Bir yön belədir ki, deyilənin, yazılanın hərfi mənasını görür, hərfi mənasına cəfəngiyyat deyib gedir. Bəzi yöndən adamlar isə onun əsas xəttinin alt qatlarında olan məzmunu tutmağa, özü üçün aydınlaşdırmağa çalışır. Yenə yönü başqa yerə çıxır, bilik azır. Məsələn, məndə ikinci xətt olub. Mən, o cəfəngiyyatdır, bu cəfəngiyyatdır deyib dini qırağa qoymamışam. Öncələr olub, ancaq son dövrlər yenidən məsələlərə baş vurduqca görürəm, cəfəngiyyatdır deyib üstündən keçmək doğru deyilmiş. Mən islama qədərki baxışları özümçün aydınlaşdıranda bu düşüncəyə gəldim. Məsələn, qədim Mesopatamiya xalqlarını misal çəkmişəm. Ölünü torpağa qoyanda yanına azuqə qoyardılar. Onların şüurunda ölümsüzlük məsələsi vardı. Yəni ölümü mütləq yoxluq saymırdılar. Ya şüurda, ya şüuraltı necəsə ölümü mütləq yoxluq saymırdılar. Öləndən sonra həyatın davam edəcəyini düşünürdülər. “Ölümdən sonrakı həyat” ideyası lap qədimdən gəlir. Əslində ölünün yanına bir şey qoymaq geridüşüncəlilikdir, cəfəng bir gedişdir. Ancaq bunun səbəbi də var, ölümlə barışmır insanlar. Yəni burda ölümlə barışmazlıq var. Bu məsələ Asif Atada özünü daha anlamlı, qapsamlı göstərir. Misal çəkmişəm, Asif Ata “Ölümlə görüş” yazısında deyir, məni aparmağamı gəlmisən ölüm… Cismimdən heç nə itməyəcək, sabahkılarda yenidən peyda olacaq… Nəsimi də şerlərində deyir, torpağın altına qoyduğun insan sonradan yaşama qayıdır. Asif Ata da deyir, “…təbiətlə birgə oyanacaq, tapmadığı dünyasını arayacaq…”. Bunlar boşuna deyilmiş məsələlər deyil. Həmin biliyin çağdaş şəklidir, bir az da doğrulmuş şəklidir. Bunlar başqa biçimdə veda dinlərində də deyilib. Yenidəndoğulma ideyasını isə fəlsəfi mənada qəbul edirik. İnsanın ruhani kamilliyə yetməsini ölməzliyin yönü sayırıq. Yəni insan ruhani kamilliyə yetibsə, artıq ölməzlik sürəci başlayıb.
 Bu biliklər İslamda necə özünü göstərir?! Təsəvvür edin, torpağın altına ölünü basdıranda yanına şey-şüy basdırmaq xurafatdır, İslam da deyir, Allah ölüləri dirildəcək, sorğu-sual başlayacaq. Bu da başqa bir xurafatdır. Bu da həmən biliyin – “təbiətlə birgə oyanmaq” biliyinin təhrif olunmasıdır. Ölülər diriləcək, sorğu-sual olunacaq, sonra cənnətlik, cəhənnəmlik seçiləcək. Bu özü artıq yeni biçimdə xurafatlaşma, cəfəngləşmədir. Buna bənzər çox misallar çəkmək olar. Ona görə Ata deyir, İslam Şərqi dəyər deyil. Bayaq Allaha münasibət məsələsində vurğu elədim, Allah ziddiyyətlər, təzadlar içərisinə atılıb. Allah hər surədə fərqli obrazlaşdırılır. Adamabənzər qüvvəyə çevrilir, Allah insanla öcəşir, insanın kamilləşməsində, yenidəndoğulmasında Allah iştirak eləmir. Necə iştirak edəydi?! – Allah anlamı (Asif Atanın dediyi Mütləq) Dünyalıqdır, insanda  İnsanlıq mahiyyəti ilə şəkillənən bir məzmundur. Ata deyir, insan özündə Mütləq gəzdirir, bu Mütləqin adı İnsanlıqdır. Ümumi Dünyalığın insanda İnsanlıq çalarıdır. İnsan bununla var olur. İnsan özünün bu mahiyyətinə yetməklə özünü dərk edir. Əslində özünüdərk – özündə daşıdığı Mütləqi, yəni Allahı dərk demək olur. Yəni özünüdərk – həm də Allahı dərkdir, Dünyanı, Dünyalığı dərkdir. Belə bir prosesdə İslamın Allahı iştirak eləmir. İnsanı özündən uzaqda tutur, insanla Allah arasında kosmik bir uzaqlıq yaranır. Eləcə də, insana Allahı tanımaq, anlamaq, dərk eləmək yasağı qoyulur. Ona görə bu dünyabaxış şərqi sayılmır. Adını çəkdiyim məsələlərdə axtarışlar, həmin axtarışlardakı çalarlar şərqi mahiyyətin doğurduğu məsələlərdir. O axtarışlar, bizə ötürülən məzmunlar, gözəlliklər Şərqi mahiyyətdən qaynaqlanır. Biz bu gün də onları öyrəndikcə öz axtarışlarımızda bir yana çatmağa səbəb tapırıq. Bizə yardımçı olur, bəhrələnirik. O axtarışların insana bağlı gözəllikləri, gələcəyə bağlı etkiləri, nəyi varsa o şərqidir. Biz də o məzmunu bayram edirik, yaşayırıq, yaşadırıq. 25 il içində, hər il bu tədbirləri keçirdikcə bu məzmunu açırıq, bununla bağlı söz deyirik. Məncə toplumda da Asif Atanın düşüncəsi, yönü yayılmaqdadır. Mən məzuniyyətdə olanda nə qədər adamlarla görüşdüm. Həyətimdə çay süfrəmə qonaq oldular. Saytlarımızı izləyirlər. Bunlar o deməkdir ki, bizim öz üzərimizdə işləməyimiz, çalışmağımız, çəkdiyimiz zəhmətlər az, ya çox anlamda etki göstərir. Biz işimizdən usanmırıq.
Hər birinizə sayğımı, sevgimi bildirirəm. Atanın işi yönündə addım atanlar, söz deyənlər, Atanın işinə boylanan, qulaq kəsilən hər kəsin bu Günü qutlu olsun.
Atamız Var olsun! Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): 44-cü ilin Şərqilik Bayramına Atanın sözü ilə başlamaq istəyirəm. Ata deyir, “Şərq özünə qapılanda dünyanı unutdu, dünyaya qapılanda özünü unutdu”. Bu gediş nəinki Şərqin özünə, bütün bəşəriyyətə baha başa gəldi. Çünkü nə qədər Batı Doğu ənənələrinə üz tuturdu irəli gedirdi. Doğu geriləyəndən sonra, maddi tərəqqi dalınca, yəni Batının dalınca yüyürdükcə özünün ruhani dəyərlərini unutmağa başladı. Halbuki İsanın bir kəlməsi ilə Avropa bataqlıqdan çıxdı, barbarlıqdan qurtardı. Eləcə də bədiyyatın, fəlsəfənin, ədəbiyyatın ağıla, ürəyə sığmayan söz qüdrətinin Doğusal dəyərlərdən yaranmasının zəifləməsi bütün bəşərin ruhaniyyatda da geriləməsinə gətirib çıxardı. Bu günkü hay-həşir başladı.
Bir ovuc adam bura gəlirik. Gələndə şəhərə baxıram, insanlar ora-bura qaçır. Sifətdə zərrə qədər insani ifadə yox, ancaq yüyürürlər, çalışırlar. Ancaq bir ovuc adam başqa səmtə gedir. Bu səmt də bəşərin dərdi olan səmtdir. Şərqin ruhu, sabahı nə ilə oyana bilər – Asif Atanın Mütləqə İnam fəlsəfəsi ilə. Əgər Doğu öz dəyərlərini bərpa eləmək üçün hansısa başqa bir yol arayacaqsa əli boşda qalacaq. Çünkü o fikrin mayasında  insanı deyil, başqa amilləri bulacaq.

Mən Batının Doğu dəyərlərinə ehtiyacından bir söz eşitmişdim. Hamı eşitmiş olar, Mirzə Şəfi Vazehlə Fridrix Bodenştedt məsələsini. Bodenştedt Tiflisdə alman konsulu idi, Vazehlə münasibəti vardı. Vazehin şerlərini alman dilinə tərcümə elədi, Avropada yaydı. Bunu öz adına elədi, onunla milyonçu oldu. Bu elə Batıda Doğu ruhuna ehtiyacın göstəricisi idi.
Bu gün dünyanın qarışdığı bir dövrdür, xəstəliklərin, qırğınların baş alıb getdiyi bir dövrdür. Bəzən mənə deyirlər, insan niyə bu qədər sarsılır. Deyirəm, mən olduğum kəndin içindən gündə nə qədər şəhid maşını keçirdi. Axı insan olanın ürəyi parçalanmaya bilməz. İnsanın insana elədiyi zülümdür bu. Bu ildırımdan, təbiətin elədiyi hər hansı bir olaydan törəmirdi. Bu insanın insana elədiyi zülüm idi, zillət idi…
Hamınızın Şərqilik Bayramını qutlayıram. Bu Bayrama gəlişinizi qutlayıram.
Atamız Var olsun!

Abil Ulusoy: Mən öncə tədbirə yığışan hər kəsin Şərqilik Bayramını qutlayıram. Niyə Şərqilik?! Zamanında Ataya da sual vermişdim… Soylu Atalı da qeyd elədi, 25 ildir bu tədbir keçirilir. Ataya sual vermişdim ki, bu, dünyanın bölünməsidirmi? Ata dedi, yox. Ata ilə bir müsahibə oldu, qəzetdə də çıxmışdı. Ata dedi, mənim düşüncələrim olduğu kimi verilsin, nələrisə çıxartmaq istəyirlərsə, tam çıxarılsın. Ancaq müsahibəyə toxunulmadı, olduğu kimi verildi. Ata dedi, adını belə qoyun – Şərq Qərbin xilaskarıdır. Əslində biz bilirdik, Ata Qərbi də hamıdan yaxşı öyrənmişdi, Şərqi də öyrənmişdi. Müqayisə edəndə dünyanın yaxşı nəyi varsa Şərqdən başlandığını görürdü. Şərqin dünyanın xilaskarı olduğunu bildiyi üçün elə dedi. Şərqiliyin bayram olunmasını ona görə önə çəkdi. 25 ildir bu bayram keçirilir, söz deyilir.
Ocağın 200-dən çox Evladı olub. Azərbaycan kimi on milyon əhalisi olan, ərazi baxımından o qədər də böyük olmayan bir ölkədə 200-dən artıq kişi söz deyə bilsəydi, bu gün Azərbaycan belə rəzil, zəlil durumda olmazdı. Keçmişdə Ocaqçı olanları izləyirəm. Əslində kiməsə sərt görünə bilər, ancaq deməliyəm, onlar Ocağa böyük zərbə vururlar. Yazdıqlarıyla, özlərinin təqdimatlarıyla toplumda bir anlaşılmazlıq yaradırlar. Belələri o qədər çoxdur ki, hətta oxuyanlar da anlamaq istəmirlər ki, Ocaq nədir, bunlar nə istəyirlər. Asif Ata olduğu kimi sunulmalıdır. Onda Ataya olan münasibət də toplumda başqa cür olacaq.
Akademiyanın tarix institutunun bir əməkdaşı ironiya ilə mənə yazmışdı ki, sənin Asif Atanı Mərdəkana qədər tanıyırlar. Beyləqandan bir xanım idi. Deyirəm, xanım, mən həqiqəti dedim. Yəqin tanımadığınıza görə elə deyirsiniz. Ataya yaşlı nəslin münasibəti, özəllikcə də akademiyada işləyənlərin, qıraqda olanların münasibətinin mənfi olması qısqanclıqdır, Atanı həzm eləməməkdir. Ataya qarşı çıxırlar. Bəziləri də “Asif müəllim mənimlə işləmişdi” deməklə paralellik yaratmaq istəyirlər. Bəzi Ocaqçı sayılanlar guya dinlə mübarizə aparırlar. Mən də deyirəm, dinlə o cür mübarizə eləmə. Bacarırsansa Ocaq işi gör. Qoy toplumda paralellik yaratsın. İstənilən ideya təzə gəlibsə, toplumda mütləq şəkildə deyə bilmir ki, köhnə getsin mən oturum onun yerində. Köhnə ona müqavimət göstərəcək. Ən yaxşı yol odur, təzə gətirdiyinin haqlı olmasını göstərmək üçün, toplumda bərqərar olması üçün özününkünü yayasan. İnsanların seçim imkanları var, oxuyurlar, görürlər. Bunu qəbul eləyənlər öncə bir nəfər olur, sonra artır. Yavaş-yavaş toplumda paralellik yaranır ki, o da var, mən də varam. Günlərin bir günü artıq o olmur, sən olursan. Əvvəllər öyrənən idin, axırda öyrədən olacaqsan. Ancaq öyrədən olmaq üçün davamlı olaraq deməlisən ki, bu iş yerisin.
İnsan özünü millətdə tapır. Millət də özünü bir insanda tapmalıdır. Bu Türkiyədə Kamal Atatürkün timsalında özünü göstərdi. Türkiyədə olan, oranın ictimai, siyasi həyatını yaxşı bilən biri kimi deyirəm, nə edirlər etsinlər, alçaltmağa da, danmağa da çalışsalar, Türkiyədə insanların son tapınaq yeri var. Siyasilər qəbul etsələr də, etməsələr də, Türkiyə cümhuriyyətində olan hər kəs özünü Kamal Atatürkün timsalında tapır. Azərbaycan da özünü Asif Atanın timsalında tapmalı idi. Tapınaq yeri o olmalıydı. Azərbaycanın minilliklər tarixində Azərbaycan xalqının iradəsini ayrı-ayrı adamlar ifadə edirdilər. Midiya dövlətində insanlar yaşayıblar, sayı bilmirik nə qədərdir. Ancaq Azərbaycan xalqının iradəsini ifadə edən Zərdüşt oldu. Ondan sonrakı dövrlərdə də bizim xalqımızın iradəsini ifadə ədən barmaq sayda insanlar idi. Dədə Qorqud idi, insana ali səcdə fəlsəfəsini yaradan Nəimi idi, Nəsimi idi, insana ali sevgi deyən Fizuli, saz, muğam idi. İndi Azərbaycan xalqının iradəsini Asif Ata ifadə etməlidir. Bunun üçün Asif Ata topluma olduğu kimi tanıdılmalıdır. Bunun üçün zamanla çox işləmək gərəkdir. Atanın bir sözü var, Azərbaycan Şərqin ən dərin və ən parlaq ifadəsidir. Ata mahiyyətdən çıxış edib deyirdi, Azərbaycanı da tanıyın, Şərqi tanıyan kimi. Ancaq bu gün Azərbaycan Şərqin ən dərin, ən parlaq ifadəsi ola bilmir, gerçəklik bunu göstərir. Çünki xalqın olanını xalqa qaytarıb vermək üçün Ata uzun illər işlədi, öyrəndi. Sonra “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemini yaratdı. İndi nə etmək gərəkdir, həmin dəyər sistemini mənimsəmək, onu Azərbaycan xalqına qaytarıb vermək gərəkdir. Qaryağdı oğlu Cabbara muğamla, təsniflərlə bağlı yazdığına pul təklif edəndə deyib götürmürəm. Çünkü mən xalqın olanı xalqa qaytarıb verirəm. Bunun üçün pul almalı deyiləm. Asif Atanın da yaratdığı dəyər sistemini Ocaqçılar, Ocaq yörəsində olan adamlar qaytarıb xalqa vermək üçün zəhmət çəkirlər.
Azərbaycanın durumu hədsiz dərəcədə ağırdır. Azərbaycan özü ola bilmir, qoymurlar özü olsun. Həm daxildə həm də xaricdən. Ancaq yenə də dərdin dərmanı dərdin özündədir. Azərbaycan özü ola bilər. Azərbaycan öz dünyasını yaratmalıdır. Zamanında deyirdilər, Rəşid Behbudov getdi Hindistanda Azərbaycanı tanıtdı. Zeynəb Xanlarova getdi, dünyanı gəzdi, Azərbaycanı tanıtdı. Sonradan məlum oldu ki, heç kim Azərbaycanı tanımırmış. İndi də tanıtmaqda davam edirlər, ancaq yenə də tanınmır. Çünkü Azərbaycanı doğru tanıtmırlar. Amerikada tədbir keçirib ora yatırım etsən məni tanı, tanımayacaqlar. Azərbaycan Azərbaycanda öz dünyasını yaradandan sonra onun gərəkliyini görəcəklər. Yoxsa mümkün deyil tanınmaq. Hansı keyfiyyətlərini görüb tanısınlar?! Ancaq sabah öz dünyamızı yaratsaq, həmin dünyanın işığına gələcəklər, dünya bizi tanıyacaq, qəbul edəcək. Onda harasa getmək gərək olmayacaq. Azərbaycanı tanıtmaq üçün də ən böyük sorumluluq Ocağın, Ocaq çevrəsində olanların boynuna düşür.
Azərbaycanın siyasi dünyası yox dərəcəsindədir. Milli, siyasi yönü yoxdur Azərbaycanın. Milli, siyasi yön yaratmaq Ocağın işidir. Azərbaycanın bu gün ideologiyası yoxdur ki, türkçülük atalar ortalığa. Sosial şəbəkələrdə gəlişi gözəl bir söz deyirlər, qalanı da onu davam elətdirir. Sosial şəbəkələrdə Turan qurulur, bütöv Azərbaycan qurulur. Əslində heç nə yoxdur. Çünkü ölkədə maarifçilik, ruhaniyyat işi aparılmır.
İstanbulda bir kitab aldım, “Dünyaya yön verən yüz filosof”. Dünyaya yön verən yüz filosof içərisində bir nəfər türk yoxdur. Amerikalı var, inglis var, alman var, yunan var, italyan var, ancaq biz yoxuq. Bunu da nəşr edən türklərin çox aparıcı bir nəşriyyatıdır. Özümüz özümüzü də tanımaq istəmirik. Yadlara qarşı o qədər sevgimiz var ki. Sosial şəbəkələri izləyirsiniz, hamı bir-birindən savadlı, oxumuş görünmək istəyirsə, ancaq yadları misal gətirir. Hətta keçmiş Ocaqçılar da belə edirlər. Neçəsinə irad tutmuşam ki, sən utanırsan Asif Atadan sitat gətirməyə, başqalarından misal gətirirsən. Əslində onların dedikləri Atanın dediklərinin səviyyəsinə çatmayan söz yığınıdır. Heç birində düşüncə yoxdur. Bir səhifə oxuyursan, baxırsan heç bir düşüncə yoxdur ortada. Bunu da Asif Atanın Ocağında olmuş, Atanı dinləmiş, Ocaq tədbirlərinə qatılmış adamlar deyir. Mən istəyərdim, ən azından Ocaq həyatı yaşamış insanlar arasında bir yaxınlıq, doğmalıq yaransın. Daha geniş dairə yaransın, təbliğat, maariflənmə işi bir nöqtədən getsin. Maarifçilik bir yöndə gedərsə, Azərbaycanda çox böyük iş görmək olar. Bir nəfərin yazmağıyla çox çətindir. Qarşıdakı həddən artıq çoxdur.
Hamı Əbülfəz Elçibəyin böyük türkçü kimi şəklini yapışdırır. Atatürklə birləşdiriblər. Ata yaxşı deyir, Əbülfəz gərək prezident olmayaydı, bu onun işi deyildi. Əbülfəz nə siyasətdən siyasətçi idi, nə ruhaniyyatdan ruhaniyyatçı. Ancaq keçmiş Ocaqçılar da onu böyük bəy adlandırırlar. Mən də yazı yazdım, bəyin böyüyü-kiçiyi olmur. “Bəy” türk sözüdür, mənası “bəyənmək” deməkdir. Bu milləti aldatmaq o qədər asandır ki. Millətin oxumuşları çoxalıb, savadlısı yox olub. Bunların hamısının kökü ondadır ki, ruhaniyyatdan uzaq düşüblər. Hamı siyasətçi, yazar, şair olub.  O qədər tədbirə dəvət edirlər, təqdimat mərasimidir, gəl çıxış elə. Getsəm həqiqəti deyəcəm, ya küsəcək, ya dalaşacaq. Heç getməyinə də dəymir. Hərə qoltuğuna bir kitab vurub ki, yazıçıyam, siyasətçiyəm, söz sahibiyəm. Söz bu qədər ucuzdur ki, hamı söz desin. Sonda yenə demək istəyirəm ki, Ocağın üstünə çox ağır yük düşüb. Ocaq elə bil çəmbərə alınıb, odun-alovun içərisindədir. Dostu yoxdur. Özünə yer eləməlidir, özü dost qazanmalıdır, əslində özü Azərbaycan yaratmalıdır.
Bir daha hamınızı qutlayıram.

Soylu Atalı: Atanı tanımaq məsələsi ilə bağlı bir əkləmə edim. Əslində Atanı Mərdəkandan o yana tanımırlar deyilişi çox kobud yanlışdır. Atanı hər yerdə tanıyırlar. Türkiyədə də bilirlər,  Güney Azərbaycanda da bilirlər, Rusiyada da bilirlər. Hər yerdə bilirlər. Sadəcə olaraq sorun nədir, mən bunu dəfələrlə demişəm, siz də bunu bilirsiniz. Əgər biz, bu gün Asif Atanın adının qabağından peyğəmbər sözünü götürsək, Asif Atanın şəklini götürüb hamı meydana çıxar. Məsələ odur. Biz deyirik,  Azərbaycana peyğəmbər veririk. Çünkü Azərbaycanın ruhani qurtuluşu peyğəmbərlik olayındadır.

Abil Ulusoy: Bunu neçə nəfər deyir, illərlə Ocaqda olanlar da demir. Hətta Elli o gün yazmışdı ki, Asif Ata sağ olsaydı, özünə peyğəmbər deməzdi.

Soylu Atalı: Biz dönə-dönə izah vermişik. Asif Ata 70-ci illərdə – təqib illərində gördü ki, Azərbaycan toplumu ilə bir iş görə bilmir. Azərbaycan toplumu ilə hakimiyyəti dəyişə bilmir, hakimiyyətə gələ bilmir, milli dövlət yaratmaq absurd bir şey kimi görünür artıq. Çünkü xalq daxilən o qədər özündən ayrılıb ki, o qədər cılızlaşıb, o qədər kiçildilib ki, bu xalqın indiki səviyyəsi ilə nə milli dövlət yaranar, nə də başqa şey. Ona görə dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Yəni ruhaniyyat yolu tutduq. Başlıca olaraq, insanların şüurunu balaca saxlayan, insanları özünə qarşı saxlayan, insanın özünüdərk prosesinə əngəl olan dindir. Din insanları ortaya gətirilən düşüncələrin hamısının inkişaf prosesinə qarşı qoyub sanki. İnsanı qorxaq, kölə, bəndə götürürsən, Allahla insanın arasına sınır çəkirsən, bununla insan böyüməz axı. İnsan özünü necə dərk edə bilər, Allah insanın özümlüyüdür. Bu özümlüyünü dərk eləməyən insan, əlbəttə, qüdrətli ola bilməz, yaradıcı, qurucu ola bilməz. Bu açıdan Asif Ata dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaqlaşma nədir, ruhaniyyat yaratmaq, yeni dünyabaxış yaratmaq. Yəni inamı yalanlardan qurtarmaq, ruhaniyyatı yalanlardan qurtarmaq, İnsanlığı yalanlardan qurtarmaq, Allahı yalanlardan qurtarmaq. Asif Atanın hədəfi budur. Bunu xilas eləməsən insan var olmayacaq, dünya da var olmayacaq. Buna görə də bu gün Asif Atanın toplumda asta yerişinin başında peyğəmbərlik məsələsinə münasibət durur. Atasevərləri qırağa qoysaq, (Azərbaycanda minlərlə adam var ki, Atanın peyğəmbərliyini qəbul edir) hamı düşünür ki, Asif Atanın adının qabağına peyğəmbər yazmısan, indi 21-ci yüzildir, indi peyğəmbər yaranmaz. Bu mümkün deyil, gərək deyil.

Abil Ulusoy: Mən nə qədər yazmışam, Mütləqə İnam peyğəmbəri Asif Ata, bir nəfər də etiraz etməyib.

Soylu Atalı: Dediyim odur, bizim işimiz budur. Bu işdən də çəkinmək, qorxmaq gərək deyil. Belə götürəndə əgər bu yol doğru olmasaydı, biz bunu doğru bilməsəydik, həqiqət bilməsəydik, bizim nəyimizə gərək idi ki, kimisə peyğəmbər kimi topluma sırıyaq. Bu sırımaq deyil axı. Sənin qurtuluşunu yetirməkdir. Bununla bağlı bəs qədər demişik, yazmışıq. İndi də yazırıq, deyirik. Asif Ata cadügər deyil, meraca qalxmır, Cəbrayılla ünsiyyət yaratmır. Ondan vəhy dənləmir. Asif Ata dünyanın mahiyyətindən, insanın mənasından soraq verir. Sənə öz içindən soraq verir. Sənin böyüklüyünü sənə öyrədir, sənin xilaskar olduğunu öyrədir. Deyir ki, dünyanı əyən də sənsən, qurtaran da. Səni öz gözündə böyütməsəm, inamın bayrağını başın üzərinə qaldırmasan bəşəriyyət qurtulmayacaq. Allah ideyası ilə bəşəriyyət qurtulmadı. Əslində Allah anlamını yeni şəkildə, Atanın Yolunda yalandan arındırmışıq. Allah qurtara bilmədi, insan qurtarmalıdır. İnsanla Allah arasında çox böyük fərqlər yaranıb, çox böyük uzaqlıq var. İnsan içində Allaha tapınıb, qutsal etalona tapınıb qabağa addım atmır, gələcəyə addım götürmür. Dəfələrlə bizə deyiblər, Asif Atanın adının qabağından peyğəmbər sözünü götürsəniz, bütün dünya qəbul edəcək. Mənə dünyanın Asif Atanı peyğəmbərsiz qəbul eləməyi gərək deyil. Mən onunla heç bir iş görə bilmirəm. Onda o olacaq ən yaxşı halda Şekspir, ya da bir başqası. Asif Ata peyğəmbərlərlə yarışa girib ki, sən insanı qurtara bilmədin. İcazə ver, mən gəlim meydana, mən qurtarım. Mən neynirəm filosof Asif Ata deyilsin, axı filosofun ruhaniyyat ünvanı olmur, ruhaniyyat məbədi olmur. O ruhaniyyat məbədi ki, orda insan özünə dönüş əldə etməlidir. Bütün məsələ odur. Sən bunu qəbul edəcəksən. Gec ya tez. Bu gün qəbul eləsən də, eləməsən də özün bilərsən. Ayrı hədəfim yoxdur. Əgər bundan qıraqda qurtuluş bilsəydim, inanın birinci mən əl çəkərdim. Niyə siz peyğəmbəri ancaq merac faktı kimi qəbul edirsiniz, niyə siz peyğəmbəri ancaq Cəbrayılla dost kimi qəbul etməlisiniz?! Niyə peyğəmbəri ismi-əzan oxuyan kimi qəbul etməlisiniz?! Peyğəmbər insanı qurtaran böyük şəxsiyyətdir. Ruhaniyyatı əsilləşdirən, yalanlardan arındıran böyük şəxsiyyətdir. Mən bunun üzərində işləyirəm. Ruhaniyyatı bütünlüklə mifologiyaya çevirdilər. Alleqorik biçimdə veriblər, başı-ayağı bəlli deyil. Sənin Allah obrazın bəlli deyil. Bilmirəm nə verirsən mənə. Mən o Allahı sevərək, öyərək, tapınaraq qurtula bilmirəm. Mənim üçün qurtuluş faktı deyil Allah, ancaq olmalı idi. Olmadı, çünkü sən Allahdan əllaməçi düzəltdin. Fantastik bir şey düzəltdin. İnsan fantaziya dünyasından gerçək dünyaya gəlməlidir. Asif Atanın tanınması geniş məsələdir. Asif Ata gec-tez, elə bizim dediyimiz qaydada da qəbul olunacaq.

Əhməd Fərhad öz şeirlərindən bir neçəsini səsləndirdi.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün Ocağımızda 44-cü ilin Şərqilik Bayramı keçirilir. Millətsevərlərin, xalqımızın, Ocaqsevərlərin bayramını qutlayıram, can sağlığı, gözəl, ləyaqətli bir gələcək uğrunda mübarizə arzulayıram. Asif Atanın bir sözü var, deyir, Şərqdən dəllal alınmaz. Qardaşlarım öz düşüncələrini izhar elədilər, Doğu dəyərlərindən danışdılar. Bu günkü gerçək durumu Əhməd qardaşımız öz şerlərilə dedi. Əhməd qardaşımın şeirləri məni etkilədi, bu günkü durumumuz gör hansı səviyyədədir. Bunlar hamısı ondan irəli gəlir ki, xalqımız, insanımız bu günə qədər öz həqiqi yolunu tapa bilməyib. Ayrı-ayrı zamanlarda millətin sözünü deyən, millətə yol göstərən aydınlarımız olub. Onların da dediyini hardasa milli səviyyədə gerçəkləşdirmək mümkün olmayıb. Azərbaycana indi nə sunulur, yenə gözümüzü dikmişik Avropaya. Ən gözəl bir şey kimi sunulan demokratiyadır, azad bazardır. Demokratiya ola bilər ki, Azərbaycan övladına hardasa cazibəli görünsün. Avropada elmi, bacarığı olan, iş qurmağı bacaran adamlar ortalığa çıxa bilirlər, biznes qura bilirlər. Özlərinə minlərlə adamı qoşa bilirlər. Həm ona qoşulan min nəfər məmnun olur, həm də adam özü məmnun olur. Deyək ki, Bilqeys kimi bir adam müasir dövr üçün gərəkli olan proqramı, baş işlədib qura bildi. Bu, minlərlə adama çörək də verdi. Minlərlə adam çörək tapdı, məmnun oldu, Bilqeys milyarder oldu. Bu nə deməkdir, – başqalarını əzmək, başqalarına hökm eləmək, onların yaratdığı mülkiyyəti mənimsəmək deməkdir. Bu, Azərbaycanda niyə göz qamaşdırır, çünkü burda qabiliyyət də boğulur, elm adamı da boğulur. Bunlar hamısı gərək hardasa yuxarıda oturanların diktəsinə uyğun bir yol seçələr. Bu yolda həqiqi elm adamı artmır.

Din bu gün bəlkə də ərəbin özü üçün də yaramır. Çünkü dinin içində boşluqlar var. O boşluqdan Amerika da istifadə edir, İngiltərə də, yeni islamçılar yaradırlar. Yeni islamçıları da buraxırlar Doğunun canına ki, həmişə bunlar ələbaxan kimi qalsın. İnsan özünü tanımasın, həmişə xilası özündən qıraqda axtarsın. Bu gün də həmin xilas üçün gözlər Batıya dikilib. Çıxış yolu Mütləqə İnamdadır. Asif Ata bu dünyabaxışı Azərbaycan xalqının qədimliyindən süzülüb gələn düşüncələr üzərində qurub yaradıb.
Bu dünyabaxışa görə hər şey insanla bağlıdır. Burada Asif Atanın bir özəlliyi var. “İnsan daxilində Mütləq gəzdirir” nə deməkdir, – insan gərək mütləq ədalətli, mütləq xeyirxah, mütləq həqiqətpərəst olsun. İnsanın insana hörməti mütləq səviyyədə olsun. Dostluq, doğmalıq, qardaşlıq mütləq səviyyədə olsun. Nisbilik, ala-yarımçıqlıq yenə dalana dirənir. Ola bilər, hansısa bir ideya başlanğıcda müsbət dəyişikliklər yaratsın. İlk bolşeviklər bir az o yola uyğun həyat yaşaya bildilər. Ancaq sonrakıların əlindən zorakılıq, zalımlıq çıxdı. Bütün o kütləvi qırğınlar tarixə bir dərs oldu. Bu gün ağzına qədər silahlanma gedir dünyada. Hərdən adamın ürəyinə xof gəlir ki, hətta insanın kökü kəsilə bilər. Neçə illər bundan qabaq bir bomba atıldı, hələ də şikəst uşaqlar var. Bu gün belə bombalar insanın kökünü kəsə bilər. Yenə də biz deyirik, çıxış yolunu Asif Ata İnsanın özündə görür. Bunun həllini “özüylədöyüş” ideyasında görür.
Biz internetin, texnologiyanın əleyhinə deyilik. Sadəcə bu gün texnologiya insanın həyatına elə daxil olub, baxırsan hər yerdə, ailədə də hər kəsin əlində telefon var. Mən iki-üç il bundan öncə hərbçi olan oğlumgilə getdim. İlk gün yaxşı keçdi, doğmalaşdıq, şirin söhbətlər etdik. Səhəri gün hər kəs əlində telefonla məşğul olmağa başladı. Baxırsan ki, doğmalıq itib, məhəbbət itib, eşq itib. Qabaq vəcdli, vəhyli məqamlar olardı. Mənim yadıma gəlir. Düzdür, sosializm rejimi kapitalizmin bir növü idi. Dövlət özü soyğunçuluqla, talançılıqla məşğul idi. İdarəçilər bir az yaxşı dolanırdılar. Bir az da ziyalılar sinfinin ağzına nəsə atırdılar. Qalan əməkçilərin hamısının əlləri boşda qalmışdı. Ancaq müasir yanları da vardı. İndiki kimi cəhalət tüğyan eləmirdi. İndiki dövrdəki kimi internetdə bu dərəcədə həyasızlıq ortaya çıxmırdı.
Qardaşım şerində də vurğuladı, indi kişilər xəcalətindən bayıra da çıxa bilmir. O vaxt yığılardıq bir evə, yaşlı adamlar maraqlı şeylər danışardı, keçmişdən danışılırdı, uşaqlar da sevinə-sevinə qulaq asardı. İbrət, mərifət, qanacaq götürərdik onlardan. İndi bu keyfiyyətlər aradan qalxıb. Ata “Özüylədöyüş” ideyası qoyub ki, mərifəti, qanacağı, qabiliyyəti, ləyaqəti, böyüklüyü, ülviliyi qazanmaq olsun. Partiyalar belə işlərlə məşğul deyil. Mən elə bilirdim partiyalar sanballıdı. Ancaq sonra öyrənirəm ki, onların heç gerçəklik səviyyəsində sanbalı yox imiş. Tutaq ki, sanballı oldu, hansısa güclü dövlət yiyəlik elədi hansısa partiyaya, aranı qarışdırdı Liviyada, İraqda, Suriyada olduğu kimi. Azərbaycanı qarışdırmağa nə var ki. Rusiya, Amerika, yaxud İngiltərə burda istənilən bir partiyaya yiyəlik edə bilər. Aləm dəyəcək bir-birinə. Bu başa gələ bilər. Bazar iqtisadiyyatı ilə, demokratiya hərcayiliyi ilə yaxşı olmaq mümkün deyil axı. Qabiliyyət, bilik çıxır irəli, beş-on adam bundan bəhrələnir. O da bunu öz haqqı hesab edir. Çünkü qanun ona o ixtiyarı verir.

Qardaşımız Ocaqdan gedənlərdən danışdı. Bütün dinlərdə barmaq qoymağa bir boşluq var. Mütləqə İnamda belə bir boşluq yoxdur. Onların ayrılıb bu cür mövqe tutmaları nədən irəli gəlir?! – Sadəcə olaraq böyüklüyü, peyğəmbərliyi həzm edə bilmirlər. Bir də “mən də varam” məsələsi. Mənim hələ indiyədək bir yazım çıxmayıb, ancaq Soylu qardaşımı öz qarşımda görüb fəxr edirəm. Mən deyə bilmədiyim qaydada deyir, mən deyə bilmədiyim ucalıqda möhtəşəm deyir. Hər deyəndə də fərəhlə doluram, uçmağa qanad qazanıram. Bu mənim qardaşımdır, söz deyə bilir, yaza bilir, iç dünyası da ona uyğundur. Mən də ilk Ocaqçılardan biri idim. Axırda bəzi şeylər baş verdi, açığı iradəm çatmadı. Çıxıb getdim. Soylu ilə münasibətim də olmayıb. Təsadüfən Soylu ilə qarşılaşdım. Mən gəldim Soylunun gördüyü işləri gördüm, ürəyim  dağa döndü. Günev qardaşım o cür sıxıntıların içində İnam Evi yaradıb, bu “Biləcəridən o yana gedib-getməyib” məsələsi deyil. Bizə Azərbaycan gərəkdir. Biz içəridə özümüzü qurub yaratmalıyıq.
Bacılarımızın fədakarlığını gördüm. Elə işlər görülüb, sözə sığmır. Bu dərəcədə Ocaqda işlər gedib, bu dərəcədə yayılıb, bu dərcədə fədakarlıq, imtina, özündənkeçmələr olub.
Bizim yolumuz həqiqət yoludur. Mütləqə İnamdan qıraqda həqiqət görmürəm. Hamınıza uğurlar arzulayıram İnsanilik yolunda. Hamınızın bayramı qutlu olsun.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Atanın belə bir deyimi var, “Qərb öz nailiyyətləri ilə Şərqin gözünü qamaşdıra bildi. Şərq sabahı görmədi”. Bu gün hər məsələdə Avropaya can atmaq, ona bənzəmək, ona bərabər ola bilmək çabaları göz önündədir. Avropa mədəniyyətinə, Avropa texnologiyasına, inkişafına bərabər olmaq – ucalmaq, qurtulmaq kimi dəyərləndirilir. Əslində mədəniyyət sayılan ortamda insanın insana müqəddəs yanaşması, ailə müqəddəsliyi ortadan qalxıb. Texnologiyaların gəlişməsi bir yandan müsbət əlamətlərlə meydana çıxsa da, daha çox insanı sanki canlı robota çevirib. İnsanı fəlakətə sürükləyir, insanlığın süqutunu yetirir. Ona görə bu gün Doğu-Batı bölgüsü etmədən ümumi insanın durumuna baxanda insan fəlakətin ağuşunda görünür. Batı insanı pulçuluğun, ağalığın yaratdığı fəlakət içindədir. Doğu insanı isə özündən ayrılmanın, özünə yadlaşmanın caynağında çırpınmaqdadır. İnsan maddiyyata bərabər deyil ki, maddiyyatın, texnologiyanın üzərində xoşbəxtlik qursun. Əgər maddiyyatla xoşbəxtlik qurmaq, dünyanın gözəlliklərini duymaq mümkün olardısa, dünya heç bu günkü kimi qan-qadaya da bürünməzdi. Dünya ağalığın, hərisliyin qurbanına çevrilməzdi.
Əslində qurtuluş qıraqda gedən dəyişikliklərdə, gəlişmədə deyil. Qurtuluş insan ömrünün, mənəviyyatının qurulmasından başlayır. İnsan ömrü müqəddəslik üstə qurularsa, insan qurtuluş yolunu da tapar. Çünkü dünyanın dəyişməsi insanın dəyişməsindən başlayır.
Doğunu İslama bərabər götürürlər. İslam açısından dəyərləndiriləndə Doğu geridüşüncəli, cahil sayılır. Ancaq Doğu heç də təkcə ərəbçilikdən qaynaqlanan pozuntulara bərabər deyil. Doğunun ta qədimdən üzü bu yana insana dəyər verən, müqəddəsliyi tanıdan, hətta insanı Allah səviyyəsinə qaldıran dəyərləri var. Bunlar, az-çox çatışmazlıqları olsa da, Doğudan başlayıb. Bu dəyərlər sistemi özünün bəşəri irəli apara biləcək üstünlükləri ilə Mütləqə İnamda öz bütövlüyünə qovuşur. Mütləqə İnam bəşərin sabahıdır, çünkü insanı varoluşa səsləyən dəyərlər Doğudan başlasa da, söhbət insandan gedir. İnsanın müqəddəslik üstə ömür qurması xalqın, Şərqin, həm də bütövlükdə bəşərin qurtuluşudur.

İlahə Ucaruh: Ürəyinizdə Ata Günəşi olsun. Əziz bacı-qardaşlarım, sizin dediklərinizə qatılıram. Peyğəmbər sözü ilə bağlı məsələ məni də rahatsız edir. Mən bu haqda Soylu bəylə də danışmışdım. Eşitdiyimə görə, Asif Ata özü deyib, bu söz müvəqqəti olaraq işlənir. Başqa bir sözlə əvəz edənə qədər bunu işlətməliyik. Bu doğrudurmu? Mən də düşünürəm o sözü dəyişmək bəlkə də köməyimizə yetər. Bizim əski türk sözlərimiz var, onlar peyğəmbərlik mənasında işlənib. Məsələn yalavac sözü işlənə bilər.

Göylü Atalı: Mən buna qarşıyam. Peyğəmbərlik anlamı var, bu, toplum tərəfindən qəbul olunmuş bir sözdür. Peyğəmbər yeni bir İnam yaradan deməkdir. Biz bunu malalamaqla nəyə nail ola bilərik ki. Məncə, bu, geri addım atmaq olar. Atanın bu barədə yazılı sözü də var ki, Ata sözü daha qutsal sözdür. Sadəcə olaraq, toplumun qavramında peyğəmbər sözü var. “Ata” deyəndə bu söz “peyğəmbər” anlamında qəbul olunmur, elə “Ata” kimi qəbul olunur. Hələ bu sözü o anlamda heç kim işlətmir. Uzun zaman “peyğəmbər” sözü qüvvədə qalmalıdır, elə o cür də sunulmalıdır. Başqa addım geri addım deməkdir. Mən belə düşünürəm.

İnamlı Atalı: Ata sözü hələ bir qədər kiçik görünür. Çünkü ailədə də bu söz işlənir. Söz öz qüvvəsində, öz böyüklüyündə oturuşmayıb. Ancaq ola bilər gələcəkdə oturuşsun. Biz onu o cür qəbul edəcəyik. Bizə gərəkdir ki, Atanın ideyası oturuşsun millətin içində, bəşəriyyətdə. Əsas odur ideya yerisin, ancaq “peyğəmbər” sözü bu gün vacibdir. Çünkü İslam dəyərləri ilə insan yaranmadı. İnsan aldadıldı, xurafata getdi. Xurafat isə insanı qurtara bilmədi. O baxışın içimizdən çıxmasına görə bu gün “peyğəmbər” sözünün önəmi var. Millətimiz onu o cür qəbul edir. Ancaq Atanın elə sözü olub, gələcəkdə “peyğəmbər” sözü “Ata” sözü ilə əvəz olunacaq.

Soylu Atalı: Mənim mövqeyim artıq çoxdan bəllidir. Ocaqda da demişəm, yazılı da demişəm. Asif Atanın peyğəmbərliyi məsələsi yalnız Asif Atanın toplum tərəfindən, dünya tərəfindən qəbul edildikdən sonra “peyğəmbər” sözünə baxıla bilər. Biz bu sözü ortadan qaldırsaq məğlubiyyət olar. Ox yaydan çıxıb. Yayı gizləməyin artıq mənası yoxdur. Hər kəs bilir Asif Ata peyğəmbərdir. Bu gün biz durub “peyğəmbər” sözünü götürsək, bizə sual verərlər ki, siz Asif Atanı peyğəmbər sayırsınız?! Onda nə deyərik, deyək saymırıq?! Bu bizim məğlubiyyətimiz olar. Sayırsınızsa niyə sözü götürsünüz, saymırsınızsa onda bunu əsaslandırın. Ona görə qorxmaq gərək deyil. Toplumu bu fobiyadan qurtarmaq gərəkdir. Azərbaycan toplumu öz içində peyğəmbərin yaranacağına inanmır. Bu inamsızlıqdan bizim Azərbaycan toplumunu qurtarmaq gərəkdir. Özü – daha cəsarətlə, daha böyük ümidlə, daha böyük sevgi ilə bəşəriyyətə öz içindən peyğəmbər çıxara bilmək  gücünü sunmaldıır. Mən peyğəmbər verə bilərəm. Peyğəmbərin qıraqdan gəlməsinə gərək yoxdur. Mənim öz içimdə dünyabaxış yaranıb, böyük dəyərlər yaranıb, bu gün də yaranıb. Bütün dünyanın, bütün bəşəriyyətin üzünün başqa bir tərəfə çevrildiyi bir gedişdə biz, peyğəmbərlik olayını, yeni aşamada, qurtuluş faktı olaraq ortaya gətiririk. Bu həqiqəti görməməkdən, bu həqiqətdən qorxmaqdan toplumun şüurunu qurtarmaq gərəkdir.
Ona görə davamlı şəkildə israr etmək, üzərində dayanmaq, vurğu eləmək gərəkdir. Asif Ata yeni dünyabaxış yaradıb. Dünyabaxış yaradanın başqa adı yoxdur, peyğəmbərdir. Dilimizin sözlərinin türkləşməsi sürəci yavaş-yavaş gedir. Bu söz bəri başdan ortadan götürülməməlidir. Götürülərsə, daha da işin zərərinə olacaq. Biz xeyir götürməyəcəyik. Asif Ata peyğəbər deyil, bəs kimdir? – Filosofdur. Filosofdur lap yaxşı. Dünyada min filosof var, biri də Asif Atadır. Axı biz, Asif Atanı filosof kimi vermirik. Asif Atanın dünyabaxışını veririk. Dünyabaxışı hansı ad altında verək, hələ ki, başqa ad altında verə bilmirik. “Ata” dünyabaxış yaratmır. Dədə qorqud da Qorqud Ata idi. Dünyabaxış yaratmayıb ki. Ancaq bu dünyabaxışdır, bunu  kim yaradır – peyğəmbər.
Biz işi sürətləndirmək istəyirik. Qaş qayırdığımız yerdə vurub göz çıxartmış olarıq. Çünkü toplumun dəyişməsi üçün yalnız sözdə Asif Atanın böyük şəxsiyyət kimi qəbul olunması Asif Ataya gərək deyil. Asif Ataya gərəkdir ki, toplum içdən dəyişsin. Toplumu içdən nə dəyişə bilər, hamımız əsaslandırırıq ruhaniyyat, dünyabaxış, mürşüd. Mürşüd nədir, peyğəmbər. Biri var üç-beş adamın mürşüdü, öyrətməni,  biri də var bəşəriyyətin öyrətməni. Bəşəriyyətin öyrətməninə peyğəmbər deyirlər, üç-beş adamın öyrətməninə mürşüd deyirlər. Ona görə də bizim öyrətmənimiz peyğəmbərdir, bundan qorxmamaq gərəkdir.

Abil Ulusoy: “Peyğəmbər” sözü türk sözü deyil, mənası səhv eləmirəmsə “xəbər gətirən” deməkdir. Əslində belə deyək, mahiyyəti uyğun bir söz kimi alınmır. Asif Ata yaratdığı İnamın Atasıdır. Ancaq Atalıq da nə ölkədə, nə də dünyada başa düşülən anlaşılan şəklidə belə qəbul olunmur. Soylu bəy Dədə Qorqudun adını çəkdi. Dədə Qorqud bəşərə ağsaqqallıq örnəyi idi, onun dədəliyini türk toplumu olaraq biz qəbul elədik. Qorqud Ata deyirik,  Qorqud deyirik. Bu da sadəcə olaraq türk toplumunun içərisində qalır. Bəşəri örnək, nümunə kimi dünya peyğəmbərlik tanıyır. Bu məsələyə elə Asif Atanın öz sözü ilə nöqtə qoyulmalıdır: Dünya nə çağırırsa çağırsın, sən öz çağırdığını çağır.

Soylu Atalı: Aydındır. Biz öz baxışımızı dedik. Nə vaxtsa buna sanballı əks açıqlamalar olarsa, onda polemikaya çevirmək olar.

Bir əlavə edim, hamınız bilirsiniz ki, Asif Atanı biz peyğəmbər adlandırmamışıq. Özü adlandırıb. Mən dəfələrlə demişəm, heç bir peyğəmbəri toplum peyğəmbər adlandırmır, özü adlandırır. Bəşəriyyətdə neçə peyğəmbər olubsa, hamısı özü deyib mən peyğəmbərəm. Asif Ata da bir dünyabaxış yaradıb ortaya çıxıb. Mən nə bilim o peyğəmbərdir. Özü deyib, mən də peyğəmbər kimi qəbul etdim. Asif Atanı bütöv qəbul eləmək gərəkdir. Nə deyirsə, necə varsa o cür qəbul etmək gərəkdir. Asif Atanı bölüb qəbul etmək bu işin zərərinədir. Mümkün deyil bölüb qəbul edəsən. Yəni mümkün deyil öncə Atalığını qəbul elə, sonra peyğəmbər kimi qəbul elə. Bu adam özü addımını başlanğıcdan necə götürüb, – özünü peyğəmbər kimi qəbul etməklə addım götürüb. Yəni başa düşdü ki,  toplumu inamın, ideyanın beşiyindəykən tərbiyə eləmək, alışdırmaq gərəkdir. Özü də bu sözü ortaya gətirib.
Bayaq söhbətin başlanğıcında da dedim. Mən də o düşüncədəyəm ki, yanlışlıqlar yaradırlar. Özünü Atanın çevrəsində sayan  adamlar belə yanlışlıqlar yaratmamalıdırlar. Asif Atanı mən peyğəmbər adlandırmamışam, özü peyğəmbər adlandırıb. Sağlığında biz ona peyğəmbərim deyə müraciət eləmişik. Bu gələnəyi Asif Ata öləndən sonra niyə ortadan qaldırmalıyıq ki. Bunu davam etməliyik. Özəllikcə mən sizə cəsarətlə deyirəm, Asif Atanın peyğəmbərliyini açan, şərh edən, izah edən, əsaslandıran bəs qədər əsərlər yazmışam, ortaya çıxarmışam. Mən bundan sonra öz dediklərimi dana bilmərəm. Asif Atanın dediyini danmaq bir qəbahət, artıq Asif Ata haqqında dediklərimi danmaq iki qəbahət olar. Yenə vurğu edirəm, “peyğəmbər” sözü, ola bilər, nə vaxtsa leksikonumuzdan çıxacaq. Bu bizlik deyil, gələcək bilər. Buna gələcəkdə, bacımızın dediyi kimi, yalavacmı deyiləcək, başqa bir admı deyiləcək, Bilqamısmı deyiləcək bilmirəm. “Bilqamıs” özü bəlkə bir peyğəmbərmiş. Bilqamıs elə “hamsını bilən” deməkdir. Hamısını bilən peyğəmbər olur. Bu gün mən bunu düşünmürəm, bu gün mən Asif Atanın peyğəmbərliyini ayaqda tutmağa çalışıram. Bizim hədəfimiz topluma, bəşəriyyətə yeni inam verməkdir, yalansız inamın şəxsiyyətini, peyğəmbərini verməkdir. Bu qəbul olunmalıdır. Mənə elə gəlir, Ataya bağlı insanlarımız bunu anlayıb qəbul etməlidir. Bunu çək-çevirə salmaq olmaz.
Ruhaniyyat məsələsində ehtiyatlı olmaq gərəkdir. Ruhaniyyat qurtuluşun açarıdır. Ruhaniyyat özünüdərk məsələsinin açarıdır. Özünüdərk məsələsi əyri təməl üzərində, əyri  prinsiplər üzərində sunuldusa bütün bəşəriyyətin yönü əyiləcək, necə ki əyilir. Ona görə bu məsələdə olduqca həssas yanaşmaq, ehtiyatlı olmaq gərəkdir.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun. Bayaq Soylu bəy dedi, 25 ildir Bayram keçiririk. Doğrudan da, bu gündən baxanda 25 ilin keçməyi böyük bir dövrdür. İlk bayramı necə keçirməyimiz yadımdadır. Bayramları çoxsaylı insanlarla, müxtəlif yerlərdə keçirmişik. Soylu bəyin tikilməmiş evində keçirmişik. Üç adam olmuşuq, yaxud daha çox olmuşuq, təbiət qoynunda olmuşuq. Yerlər dəyişib, saylar dəyişib. Ən önəmlisi bizim ruhumuz dəyişməyib. Biz bu bayramı doğrudan da, içimizdə duyaraq, yaşayaraq keçirmişik. İndi də yaşayırıq. Bu əzmimizə, Atanın verdiyi bu gücə həqiqətən də içimdə heyrət edirəm. Hər zaman da o heyrətlə yaşayıram. Elə bir zaman olmadı ki, bir dəfə biz bayramı keçirməyək. O ardıcıllığı, o halı qoruyub saxladıq.
Hər şey İnsandan başlayır. İnsanı qutsal bilərsən, dəyərləndirərsən, dünya da başqa cür gözəlləşər. İnsanı arac bilərsən, faydalanarsan, istismar edərsən, ağalıq edərsən, dünyanın mənzərəsi buna görə dəyişər. Özüldə insana münasibət durur.
Doğuda insan qutsal sayılıb. Özündə özündən artıq Məna görüb. Nəsiminin, Babəkin, Mənsur Həllacın timsalında. Özünü görmək, özünü tanımaq böyük olaydır. Özündə özündən artıq olanı görmək – bu qutsallıq olayıdır.
Doğunun özünün özünə elədiyini dünya eləməyib. Doğunun maddi dəyərləri muzeylərdə, mənəvi dəyərləri arxivdə qalıb. Dünyanın gözü ilə, dünyanın ölçüsü ilə baxıb özünə. Öz dəyərlərinin nə qədər işıqlı, gərəkli olduğunu görə bilməyib, inana bilməyib. Özünə yad gözü ilə baxdığı üçün yağılaşıb özünə.
Batı Doğunu yaxşı öyrənib. Doğu haqqında onun strategiyası var. Bu strategiya illərdir irəli gedir. Doğuya qarşı istədiklərini həyata keçirir. Doğunun isə bu strategiyaya qarşı heç bir düşüncəsi, mübarizəsi yoxdur, ağlına da gəlmir. Dəyərlərinin hər biri gözəldir, gərəklidir. Ancaq Doğunu bütövləşdirmək üçün, bütün bir ruha gətirmək üçün azdır.
Dünya bir ahəngdədir. Ata deyir, bir kəpənək ölür, dünya əskilir. Bir ağac qırılır, dünyanın o biri başında onun iqliminə etki göstərir. Dünya belə bir uyumdadır. Özü ilə uyumda olmayan dünya ilə necə uyumda olsun?! Özünə dəyər verə bilməyən dünyada necə özünə yer tapa bilsin?! Özünə inanmayana kim inansın?! Özü ola bilməyən sabaha necə getsin?!
Bunu qarşıya almalıdır Doğu. Ciddi düşünməli, özünə, özümlüyünə doğru yol getməlidir. Özünü tanımaq, özünü görə bilmək böyük addımdır. Özünü qurmağa başlamaq isə gələcəyini qurmaqdır. Bu da Ata Yolu ilə mümkündür.
Atamız Var olsun!

Rafiq Qasımov: Hamınızı salamlayıram. Mən də uzun müddət tədbirlərə, fəlsəfi görüşlərə çox qatılmışam. Özüm də neçə illərdir, aramsız kitab oxuyuram. Nə yazıqlar, oxuduğum müzakirə olunan şeylər ancaq masa ətrafında söhbətdən o tərəfə keçmir. Mən çox istəmişəm, mənim oxuduğum, anlamaq istədiyim şeylər təkcə  düşüncəmdə olmasın, həyatımda da onu yaşayım. Mən öncələr Atanın insana verdiyi tərifi eşitməmişdim. Düşünürdüm, çıxıram evdən  çölə, ətraf yaxşı olursa mən də yaxşı oluram, dəyişilirsə mən də pis oluram. Genel olaraq mənim ovqatım, halım çevrəmin bəlirlədiyi tərzdə olurdu. Düşünürdüm hər şey dəyişilir, dünya dəyişilir, ətraf tez-tez dəyişilir, bəs bunların arxasında bir dinclik, ruh sakitliyi, dəyişməz bir şey varmı. Axırda bunu dərk elədim ki, insana xoşbəxtlik əslində qıraqdan gəlmir. Bu, insana içdən gəlməlidir. Atanın tərifində də deyir, insan içində Mütləq daşıyan, gedişdən, şəraitdən, mühitdən üstün olan ruhani varlıqdır. Bu tərifi insan anlayıb öz həyatına tətbiq eləməklə çox şeyə nail ola bilər. Mən həqiqətən gördüm ki, dəyişilən ətraf mühitə qarşı ancaq insan içdən özünü dəyişməklə sakit qala bilər, ruhani yüksəlişə çata bilər. Bir çox şeylərdə çalışıram ki, bu tərifi göz önündə tutum. İşimdə də buna çalışıram. Bunu diqqətdə saxlayanda görürəm ki, yeni mahiyyətlər açılır. Mən yeni oxuyanda heç nə başa düşmürdüm. Oxuyurdum, oxuyanda insanın içində xoş bir duyğu yaranır. Kitabı qatlayıb qırağa qoyub işə başlayanda  görürsən ki, o şirin duyğular yavaş-yavaş yox olur. Çalışıram ki, o kitabdan çox şeylər oxuyum, öyrənim, onlar mənim düşüncəmdə qalsın. Onları öz real həyatıma tətbiq edərək öz həyatımı qurum. Öncələr çox əsəbi olmuşam, buna görə müalicə də almışam. Ancaq bu gün mənim içimdə bir dinclik var. Buna görə çox sevinirəm. Çünkü ətrafın dəyişkənliyi məni etkiləmir, hərdən yenə də olur, ancaq demək olar ki, böyük yol qət eləmişəm. Görmüşəm ki, əslində olaylar olduğu kimidir. Ancaq mənim zehnimin münasibəti bu olayları başqa prizmadan göstərir. Mən əsəbi olanda ətraf da pis görünür, xoş olanda ətraf da elə görünür. Bunu demək olar aşmışam. Düzdür, tam deyil, çalışıram ki, bunu davam edim.

Soylu Atalı: Böyük uğurdur. Mən ilk dəfə Rafiqlə söhbət edəndə bu axtarışlarını görürdüm. Ancaq tərəddüdləri vardı, içində ayrı-ayrı təbəddülatlar vardı, sualları da çox idi. Ancaq həm də bir səmimiyyət, bir canatma görürdüm. Bir də bu oğlanda bir ciddiyyət, intizam, dəqiqlik görürəm. Məni çox yaxşı etkiləyir. Nə özünü aldatmır, nə də başqasını. Özünü içəridən yüksəltmək, dəyişmək baxımından çox önəmli bir keyfiyyətdir. Sənə uğurlar diləyirəm. Davam elə, həmişə Ocağa bağlı ol. Ocaqçılarla əlaqə saxla  düşüncəni bölüş. Ya mənimlə bölüş, fərq etməz. Belə deyək, sənin tapdığın, sənin  doğma olduğun bir dünyanın olduğunu göz önündə saxla. Bu böyük bir məsələdir, uğurdur. Asif Atanın işi budur. Asif Ata ona görə deyir, ağac-ağac, hal-hal, fərd-fərd dəyişmək gərəkdir. Mən gedib görüş keçirirəm, yüz adamın içində söz deyirəm, bəzən onun içində bir adam da qabağa durmur. Ancaq bəzən bircə nəfər adama üz tutur. Görürsən bir nəfərin içindən nə qədər gözəl məsələlər, düşüncələr doğur, dəyişikliklər doğur. Asif Atanın insanla bağlı mövqeyi də burda özünü doğruldur.
Bu gün söhbətimiz geniş oldu , məncə yorucu olmadı. Söhbət Asif Atanın baxışına yönəllik qayğılarla bağlı, eləcə də nikbinliklə bağlı şəkildə davam elədi. Belə tədbirlər olanda insanlarımız bizimlə bir arada olarsa, həm onlarçün, həm də bizimçün yaxşı olar. Ona görə belə adamları axtarıb çağırmaq gərəkdir. Canlı ünsiyyət tamam başqadır. Canlı ünsiyyətləri artırmaq gərəkdir. Canlı ünsiyyətdə insan tam açılır, doğmalıq yaranır, səmimiyyət ortaya gəlir. Hər şey dəqiqləşir. Hər birinizə uğurlar diləyirəm.

“Şərqilik üstə Mütləqlə Təmas”ı Nurtəkin Atalı deyir.
Soylu Atalı: Şərqləşin, Şərqləşdirin!
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm” deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”səcdəsilə Tədbir sona yetir.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.

Xəzan Ayı, 44-cü il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir