Xəbərlər

Qutsal “Şərqilik” Bayramındakı çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Şərqilik” Bayramındakı çıxışlar

Ocaq Günsırası ilə 12 Ata Ayı, 40-cı ildə Asif Ata Ocağı Qutsal “Şərqilik” Bayramı keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: Ocaqda ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı anırıq. Onların adına ayağa dururuq. Onları sükutla anmırıq. Onları alovlu duyğularımızla, sevgimizlə anırıq. Onları həyatda ölmüş bilsək də, Ocaq­da var sayırıq. Həmişə də Ocaqda bizimlə var olacaqlar.

Ürəyinizdə Ata Günəşi olsun, dəyərli qardaşlarım, bacılarım. Bugünkü günümüzdə sizin hər birinizin ürəyinizdən öpürəm. Sizi qutlayıram. İnsanlığın, milliliyin gələcəyi yönündə göstərilən hər bir addımı dəyərli, ləyaqətli sayıram. Onlara daim özümün qədir bilən bir səviyyəmlə yanaşıram.

İnsanlığın gələcəyinə olan münasibətimiz, sevgimiz bizim əlimizi dayaqsız qoymur. Biz bu sevginin peşində gələcəyə addım götürürük. Çabalar göstəririk. Bundan sonra da çabalar göstərəcəyik. Sözümüzlə, işimizlə, yerişimizlə, gedişimizlə, gəlişimizlə böyük bir ideyanın yerişini sağlamağa çalışacağıq. Hər birimizin ayrı-ayrılıqda, ya məqsədyönlü, ya da yeri gələndə, xalqın içində, onun geriliyinə dirəniş göstərmək halınız var. Onun uğurunun yönü haradırsa bildirmək, demək gedişləri var. Hər birinizin belə çabalarınız, söhbətləriniz olub, olur. Biz böyük bir qayğını ayrı-ayrı çalarla törənləşdiririk, dilə gətiririk. Hər il də biz bu cür adlarla anlamca böyük törənlər həyata keçiririk. İndi də biz həmin törənlərdən birini keçiririk. Yenə də, o açıdan iş başındayıq. Şərqilik Bayramı deyə bir törən keçiririk. Burada biz Şərqiliyə (Doğusallığa) olan münasibətimizi aydınlaşdırırıq, aydınlaşdırmağa çalışırıq. Bildiklərimizi, doğru saydıqlarımızı dilə gətiririk, öyrənirik, öyrətməyə çalışırıq. Bütün bunların hamısı bir nizam, sistem halına gətirilib, bu nizamın, sistemin içinə girib-çıxanların durumundan asılı olmayaraq. Bu sistemdə olan, olmayanların yanaşmasından aslı olmayaraq. Biz niyə Doğusallıq deyə bir törən keçiririk. Bunu niyə gərəkli bilirik?! Baxın, dünyada başqa tendensiyalar yaşanır, başqa gəlişmələr var. Biz ayrı bir yön veririk, ayrı bir söz deyirik. Dünya deyir, indi texnologiyaların gəlişdiyi bir çağdayıq. Bilimin göylərin sirrini açdığı bir çağdayıq. Bunu bizim soydaşlarımız da dilə gətirirlər. Yeri gələndə bizə bunu ya deyirlər, ya demirlər, ancaq düşünürlər, siz isə Doğu deyirsiniz deyirlər. Doğuda nə görübsünüz axı? – Biz Doğuda bu gün heç nə görmürük. Uşaq da deyilik, ağlımız da az deyil, nəyinsə üzünə boya yaxaq, bəzəyək, onu məbudumuza çevirək. Belə bir istəyimiz də yoxdur. Biz görürük, bəşəriyyətin ayaq basdığı bu sivilizasiyada insanlığı bütünlüklə sıradan çıxarmaqdadırlar. Bəs İnsanlığı sıradan çıxarmaya nəylə dirəniş göstərmək olar? (Belə götürək, elə bir əməl yoxdur, praktika yoxdur). Texnologiyaların gəlişməsində böyük bir praktika var. Ortaya böyük fakt qoyulur. Ancaq İnsanlığın sıradan çıxarılmasına qarşı əməli bir praktika, fakt yoxdur. Biz isə deyirik, dirəniş göstərmək gərəkdir. Necə dirəniş? Texnolo­giyanın gəlişməsinəmi? Yox. Texnologiyanın gəlişməsinə deyil, gəlişməsinin İnsanlığı sıradan çıxarmasına dirəniş gərəkdir. Texnologiyanın gəlişməsinin qarşısını almaq olmaz, olası da (mümkün də) deyil. Necə sıradan çıxarıb? Siz də görürsünüz. Texnologiyalar İnsanlıq üçün gəlişmir, kapitalizm üçün gəlişir. Sənin yaşadığın quruluş kapitalizm quruluşudur. Pulçuluq bütünlüklə yaşamın ölçüsünə çevrilib. Mənəviyyat pulçuluğun kölgəsində tapdalanmaqdadır. İnsanın qədir, qiyməti yoxdur. Təkcə bizim ölkəmizdə belə deyil, bizim ölkəmizdə sadəcə bir az aşırıdır. Deyirlər Avropada insana başqa cür dəyər verirlər. Sirkdə də heyvanları qəşəng bəzəyirlər, ağzına da qida atırlar, özünü də oynadırlar. Ancaq bir az dərindən baxırsan, bu, heyvana, heyvanlığa qarşı bir alçaldıcılıqdır. Yəni insan özünü aşağılayır əslində. Mən bilmirəm, o doğrudur, ya deyil. O haqda düşünməmişəm, indi də düşünmək istəmirəm. Ancaq mənim bildiyim odur, orada heyvan özgürlüyünü itirib. Belə götürəndə Avropanın insanı da o duruma gətirilib. Onun mənəviyyat ölçüsü, ailə ölçüsü, insana sevgi ölçüsü yoxdur. Hər şey hüquqla nizamlanır. Hüquq mənim içimin gözəlliklərini görmür axı. Mənim sənə olan sevgimi nizamlamır axı. Ona yol açmır axı. Dövlətin yönətiminə yol açır. İnsanın içi qapalı qalır. Gözəlliklər üzə çıxmır. Doğuda bunlar olub. İnsanlığın dərin, incə qatları, ayrı-ayrı böyük şəxsiyyətlərin əməlində, yaşamında, münasibətində, əsərində, kitabında, düşüncəsində ortaya gəlib. Ölçü kimi sunulub. Bu gözəldir. Sən insan olduğunu bununla dərk eləyərsən. Ürəyin sevinclə böyüyər, döyünər. Görərsən, həyat gözəldir, yaşamağa dəyər. Yasda insana demirsən işlə, gəlir əldə elə, dolan. Yasda deyirsən hər şey axirətdə yaxşı olacaqdır. Ora üçün hazırlaş, bu dünya boş bir şeydir. Sən də günahkarsan-filan. Heç bir ümid vermirsən insana. İnsan gözünü açıb dünyanı görə bilmir, bu dünya nədir?! Yaxşıdır, yamandır, yaşamağa dəyər, dəyməz, niyə yaşayıram mən? Yoxdur bu.

Yazılarımın birində yazmışdım, Doğunu hərəmxana eybəcərliyiylə qınayırlar. Ancaq araşdırın tarixi, öyrənin. Görəcəksiniz, hərəmxana eybəcərliyi şahların saraylarında olub. Ancaq o cür heyvanca yaşam Avropada küçələrdə, bütün toplumun həyatında ölçüyə çevrilib. Burda şahların saraylarında idi. Gerçək həyatda, özünüz bir az qabağa baxın, nə görəcəksiniz? Pis-yaxşı mərifət, qanacaq var idi. Sayıb-sayışdırma var idi başqasını.

Bu gün xalqın özümlüyündən ayrılmış gələnəkləri var. Yəni yadlıqlardan gələn eybəcər gələnəklər var. Onları sayma, tələbini qəbul eləmə. Ancaq xalqın 1000 il bundan qabaq gələn yaddaşlarında mərifət ölçüsü də var. Bunu necə görməzlikdən gəlirsən? Necə saymırsan? Toplumun səviyyəsi aşağı düşüb, bu o demək deyil, onun şüurunda yaşayan uca gələnəkləri gözardına vurmalısan, saymamalısan. Getdikcə hər şeyi itiririk. Getdikcə sürüyə çevrilirik. Bu sürülüyə dirəniş göstərmək üçün ayrı-ayrı adamların inamsızcasına ağız büzmələrini qırağa qoymaq gərəkdir. Biz o gələnəkləri dışlaya biləcək daha böyük gələnəklərin ölçüsünü yaradıb ortaya gətiririk. İdeya dirənişi var burda. Tarixlərdə belə olub. Araşdırmışam belə şeyləri. Asif Ataya dayanaraq yaratdığımız gələnəklər, sözün hikməti, gücü sel kimi yığılır. O sel bəndləri aşıb gedəcək zamanında. Çünkü insan ölümü qarşılamağa həvəsli deyil. Mənəvi ölümdən qaçacaq.

Sufilər olub tarixdə. Onları bəlli bir səviyyədə oxuyub öyrənmişəm. Sufilərin çox gözəl ölçüləri olub. İnsanın insana münasibəti ölçüyə çevrilib. Yüksək baxıblar insanın anlamına. Həllac deyir: “Könlümün gözüylə baxdım Tanrıya. Sordum kimsən? Dedi ki, sən.” Bunu deyən insan gör necə uca yaşayıb. Pərdəni qaldır, bir az batinə bax. Bu böyük ölçü idi. Bunları xurafat məhv eləməsəydi, bu cür ölçülər həyatın gözəlliklərini saxlaya biləcəkdi.

Mürid qapını döyür. İçəridən soruşur: kimdir? Deyir, ustad, mənəm. Mürşid isə deyir, gedə bilərsən. Burda ikinci mənə yer yoxdur. Bir mən var. Gör necə dərin ölçü verirlər. Sən əgər özündə məni görə bilmirsənsə, səninlə mənim bir yerdə olmağımın anlamı yoxdur. Vəhdəti-Vücud deyilən ölçülərin tələbləridir bunlar. İkinin bir olması. Bu zaman insan insana sevgi, sayğı bəsləyə bilir. Buddanın Nirvanası olub. İnsandan tələb eləyib, sən bir iç varlıqsan. Dışarıya qapını açırsan, dışarıdan içinə çox pis şeylər axıb dolur. İçinin qapısını bağlayarsan, içinə dolandan arınarsan. İçin arı-duru olar. O arı-duru içinlə yeni bir dünya yarada bilərsən. Özgürlük budur. İnsan bu cür yaşamayanda dışında qayda-qanun axtarır. Baxın, biz Doğu dəyərləri deyəndə bu cür dəyərləri gözə alırıq. Bunları öyrədirik. Bunları yeni bir aşamaya, yeni bir ölçüyə çeviririk, insanlığın qurtuluşu üçün. Biz mollalar kimi demirik, texnologiya pis şeydir, lotuluq yaxşı şeydir. Lütfüzadənin elmini götürdülər, insana qarşı istifadə elədilər. Heç kimin vecinə deyil, bu texnologiyanı gəlişdirməyin fəsadları. Bu texnologiyanın olanaqlarından yararlanıb 20 adamın işini 1 texnikaya tapşırırlar. Düşünən yoxdur, yerdə qalan 19 adam acından ölür. Bunu neyləyək bəs? Düşünməyəcək. Mənəviyyatı sıradan çıxan bir toplumun bundan o yana ölçüsü yoxdur. Bu ölçünü dəyişmək üçün bəşəriyyətə yeni sivilizasiya ötürmək gərəkdir. Ardıcıl, davamlı iş aparmaq gərəkdir. Çağırmaq gərəkdir. Qoy qulağını tıxasın. Sən çağır.

Elə bir çağda ki, insan bəsit şüurları qoruyub saxlayırdı, öz məbudunu özünün ağasına çevirirdi, elə bir çağda sufilər Vəhdəti-Vücud fəlsəfəsini ortaya qoydular. Allahın insanın ağası olmasına qarşı durdular. Dedilər, Allah əgər insanın ağasıdırsa, insan əgər bu şüurla yaşayırsa, onda bəşəriyyətin ağ günündən danışmaq yersizdir. Onda insanlığın gözəlliklərini heç kimə öyrədə bilməyəcəksən, anlada bilməyəcəksən. Ona görə deyirik, insan öz anlamında həqqi yaşadır. Batinin gözü açılırsa, o həqqi görər, özünün qarşısında sorumluluğunu anlayar. Batinin gözüylə baxar dünyaya, dünyanın nə demək olduğunu dərk eləyər, dünyanın gözəlliklərini qoruyub saxlayar. Bunu İdeya, İnam səviyyəsinə qaldırdı Asif Ata. Bunu İnam səviyyəsinə qaldıranda ölçü yaranır. Bir var bunu bədii ədəbiyyatın vərəqlərinə qeyd eləyəsən, ya da bunu ayrı-ayrı məclislərdə deyəsən. Bir də var, bunu insan şüurunun hərəkətverici qüvvəsinə çevirəsən. Onun mənliyini oluşduran İnamdır. İnamına çevirəsən. Onun dünyabaxışına çevirəsən. Asif Atanın yaratdığı ona görədir. İnsanlara deyirsən, bundan qıcıqlanırlar.

Biri sual verir, Asif Ata özünü peyğəmbər sayırmı? Düzgün də deyir, qətiyyən yox. Mən bu “yox”u, doğrusu başa düşmədim. Nə üçün bu qardaşımız elə cavab verir?! Axı Asif Ata dünyabaxış yaradıbdır. Deyir, insanlığı qurtarmağa gəlmişəm. Nə ilə qurtarır? Alimliklə qurtara bilməz ki. Peyğəmbərliklə qurtara bilər. Çünkü peyğəmbər insanın içinin qurulmasıyla uğraşır. Peyğəmbər bilgi vermir, İçi yaradır. Ölçü verir, şüuru dəyişir, mənliyi oluşdurur. Ərəblərin dediyi kimi, peyğəmbər Cəbrayılla pıçıldaşmır. Peyğəmbər yaradıcıdır. Peyğəmbər sözünü nə vaxtsa ortadan qaldırarıqsa, o başqa. Bu gün mənim sənə dediyim anlam bu sözün altındadır. Bu anlamın altında “peyğəmbər” sözünü qəbul eləməsən, onda Atanın dedikləri sənin şüurunu dəyişmiyəcək. Asan gəlməsin. Çünkü insanın qurtuluşu da asan bir məsələ deyil. İnsanın öz anlamına bərabər yaşaması asan bir məsələ deyil. İnsanın heyvana dönüşməsi asandır. Ancaq kamil xilqət olması çətindir. Çətin olduğu üçün bu qədər çabalar ortaya gəlir, ideyalar yaradılır. Üç-beş adam ortaya durur. Bu çətinliyi gözə alır. Düşünür, bu çətinliyin qarşısında addımı dala qoymaq olmaz. Addımı dala qoyarsan, heç nə yeriməz. Gərək inadın davam eləsin, qırılmasın. Meydanında şər var. Əminsənmi sənin için həqiqətlə yüklənib, içində xeyir oturub?! Əminsənsə, meydandan çəkilmə qırağa. Yox, əgər hamının biri ola bilirsənsə, onda heç vaxt demə mən yaxşıyam, o biri pisdir. Sən yaxşıların qatında (mərtəbəsində) dayana bilmirsən. Necə yaxşısan? Necə başqasına örnək verə bilərsən?

Bütün söhbətlərimizin hamısının yönü dolanıb gəlir Asif Atanın ideyasının üzərinə. Bəşərin nicatı İnsanlaşmaqdadır! İnsanlaşın – İnsanlaşdırın! Bununla söhbətimi bitirirəm. Var olun dinlədiyinizə görə.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Əslində Soylu qardaşım bayram söhbətinə elə bir ağır notlarla başladı, elə bu Şərqi yöndə bayrama münasibətdir. Şərq həmişə dözülməzliklərə qarşı çıxanda nədənsə çəkinməyib. Söz yox, düşüncə adamlarından gedir söhbət. Saraylardan getmir. Ümumi halından gedir. Cəlaləddin Rumidən gedir.

Mən bura gələndə avtobusda 2 tələbə ilə söhbət elədim. Bütün salon diqqət kəsildi. Şərqdə dünyanın dərdini öz dərdinə çevirənlər əlac axtarırdılar.

Soylunun danışdıqları nə qədər ağır notlar olsa da, mənim içimi fərəhlə, güclə doldurdu. Orda da dedim, gedirəm bayram tədbirinə. Söz yox, bir dəfə çağırmaqla gəlmirlər. Ancaq məsələ burasındadır, bir adam etiraz etmədi. Dinə münasibət də orda tam aşılandı. Yadlıqlar bizi hara aparır?! Böyük səltənətlər quruldu. Teymur gəldi, Çingiz gəldi, Səfəvilər gəldi, Atabəylər gəldi. Tarix səhnəsində şəxsiyyətlər olubdur. Hamısının gücü axırda sonucsuz qaldı. Niyə? Ona görə ki, öz özülü üzərində qurulmadı. Orda Şərqilik oldusa da, zərərli biçim aldı. Soylu qardaşım demişkən, gözüyumlu Şərqi qabartmırıq.

Bu cür şeylər evdən çıxmaq halı gətirir.

Bu gün ciddi işim var – Məbədin tikintisini başa çatdırıram. Halbuki biz onu illərə hesablamışdıq. Orda əldən qabaq ürək çalışdığına görə elə alındı…

Yolda gələndə bəşəriyyətin məbədlərə münasibətini açıram. Bir meşənin yamacında daşları çürümüş bir məbəd var. İnsanların içində o məbədə sayğı olduğu üçün indiyə qədər yaşayıb qalıbdır. Şərq indiyə qədər dünyanın pozuntulu gedişinə qarşı şəxsiyyətlər veribdir. Bəlli qədər yüksəyə qalxıbdır. Ancaq bu gün yeni ölçüyə gərək yaranıb. Asif Ata deyir, insanlığa gedən yol filan məsələlərdən keçir. Özüylədöyüşdən keçir. Özündəki şəri döyməsən, dünyadakı şəri döyə bilməzsən. Bəzən mənə deyirlər, nəyimə gərəkdir ermənin insanlaşması. Deyirəm 20 ildir, 30 ildir qonşuluqda başına od ələyir. Ən azından buna görə gərəkdir.

Asif Atanın Ocaqçıları oyun oynamırlar. Bu boyda dərdi içəridə daşıya-daşıya haray çəkirlər. Bu harayın biri də Şərqilik Bayramıdır. Bu gün Şərq dəyər yaratmaq xislətindən əl çəkib özünü Avropaya bənzədir. Ancaq vaxt olub, Avropa İsanın düşüncəsiylə barbarlıqdan çıxdı. “Janna Dark” filminə baxmışıq. Bu gün mədəni bir xalq sayılan ingilislərlə fransızlar bir-birinin başına nə oyun açırmışlar. İndi heç olmasa humanizm deyilən şey var. İsanın Şərqdən gələn düşüncələri humanizm idi Avropaya öyrədilən. Bu gün Şərqin özümsüzləşməsi bəşərin zərərinədir. Uçurumun qarşısındadır İnsanlıq. Qurtuluş üçün Asif Atanı görmək, Ondan Yolu, Ölçünü öyrənmək gərəkdir. Asif Ata Ocağı var olsun. Asif Ata Ocağına üz tutanları Şərqilik Bayramı münasibətilə ürəkdən qutlayıram.

Atamız Var olsun!

Soylu Atalı: Bizim Batıyla, Doğuyla bağlı dediyimiz sözlər sayğıya, sevgiyə dayanır. Biz onların nə nisbi, nə də kamil olduğunu deyə bilərik. Onları Asif Atanın kölgəsində aşağılamırıq. Onlar öz çağlarında insanlığa gərək olan sözlər deyiblər. Mən hər zaman deyirəm, biz demirik, bəşəriyyət Asif Atada dayanacaq. Biz deyirik, Mütləqə İnam dünyabaxışı öz dəyərlərində sıradan çıxmayacaq. Ancaq yenilənəcək. Bəşəriyyət min illər Asif Atanın nizamında qalmayacaq. İnsanlığın özünün yerişində əskilmələr olur. Ata deyir, ən gözəl özüylədöyüş özünə davamlı göz yetirməkdir. Bioloji varlıqsan. Bioloji duyğuların var. Bir an bioloji duyğuların etkisində addım atarsan, baxarsan yanlışa gedib çıxırsan. Yəni insan bir səviyyədə qalmır. O standart bir mexanizm deyil, bir yol quraşdırasan dəyişməz qala. Doğuluş, yaranış var. Bioloji varlıq, həm də, bioloji varlıq olduğuna görə azalır. Dəyərlərdən, istəmədən, uzaqlaşma baş verir. Ondan sonra günlərin bir günü yenə görərsən, ortaya şəxsiyyət çıxır, elə getmə, belə gəl. Yenə çağırır, haray çəkir, gözəllikləri qoruya biləcək ideya verir. Bəşəriyyətdə həmişə çağırışlar olacaq. Asif Ata son deyil. Məhəmmədin özünü son saymasını biz yalançılıq kimi qarşılayırıq. Bəşəriyyətin ağlı, düşüncəsi qısır deyil. Sən kimsən bəşəriyyətin düşüncəsinə son verirsən, məndən sonra düşüncə yoxdur, kitab da olmayacaq deyirsən. Bu açıdan biz Asif Atanı, bəşəriyyətin gələcəyi üçün, onun qarşısına sınır (sədd) kimi qoymuruq. İnsanlaşma özü sonsuz bir tələbdir. İnsanlığın gözəlliyi sonsuz bir uyumdur. Sonsuzluğu nə qədər desən, çağırsan tükənməyəcək. Tükənsəydi, kainat qurtarardı. Kainatın sonsuzluğu kimidir ideyaların sonsuzluğu. Gözəllikləri nişan verən, aydınlaşdıran ideyaların sonsuzluğu. Ona görə bunun başında gələn ölçü insana, insanlaşmaya dayanacaq. Bu, aradan qalxan deyil. İnsanlaşmayla bağlı nə qədər gözəl söz deyirsən de, tükənən deyil. İnsanlaşma anlamı, mahiyyəti ortadan qalxmayacaq.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Bayramımız qutlu olsun. Ata deyirdi, Şərqi ən gözəl Azərbaycan təmsil edir. Azərbaycanın dəyərləri Şərqi dəyərlərdir. Millidir, milli olduğu qədər də Bəşəridir. Dəyər xalq ruhunu təmsil edir. Xalq dəyərləri yaşadır, keçmişini qoruyur, gələcəyini qurur, həm də qoruma altına alır sanki. Çünkü ruhdan gələn, kökdən gələn özümlüyü qoruyur, özümlüyü sabaha aparır.

Ata deyir, İnsan fəlakət içindədir, çünkü İnamsızdır, İdraksızdır, Mənəviyyatsızdır, İradəsizdir. İnsan İnamsız olduğu üçün xalq da İnamsızdır. Xalq da fəlakət içindədir. Şərq də fəlakət içindədir.

Fəlakət söyləmədən gəlir. Ancaq fəlakətin nədənləri özündən öncə gəlir. Öz sözünü deyə bilməyən, öz xarakterini ortaya qoya bilməyən insanın hörməti olmur toplum içində. Öz aqibətinin yiyəsi olmayan da həyatın anlamını duya bilmir. Çünkü aqibətini, həyatın anlamını bilən, dərk edən onu qurmaq, qorumaq üçün savaşar, çaba göstərər, cəsarətini, özündənkeç­məsini özünə, başqalarına təsdiq edər. Nəyin uğrunda savaşacaqsan əgər məqsədin yoxsa? Nəyin uğrunda savaşacaqsan əgər anlamı dərk etmirsənsə? Nəyin uğrunda savaşacaqsan əgər sabahı ağlında yaratmasan? İdeya öncə ürəklərdə, beyinlərdə, xəyallarda yaranır, sonra gerçəkləşir. Öz aqibətinin yiyəsi olmayan xalqın da durumu eynidir. Toplumda hörməti olmayan insanın durumu ilə bəşərdə yeri, hörməti olmayan xalqın durumu eynidir. Öz ruhsal düşüncəsi, ruhsal aqibəti olmayanın siyasal düşüncəsi, siyasal aqibəti də olmur. Ruhsal açıdan özgələşən xalq siyasal açıdan da asılı duruma düşür.

Bənzərsiz dəyərlərimizlə bir ola bilmədik, bənzərsizliyimizi qoruya bilmədik. Oxşadıq. Oxşadıqca itirdiyimizi bilmədik. Oxşadıqca yox olduğumuzun fərqinə varmadıq. Fəlakətimizi görmədik, özümüzü çağdaş saydıq. Sevindik. Böyük fərəhlərimizi dağ kimi uçurub, ovuldu­ğumuza sevindik. İndi uçurulmuş, ovulmuş daşlardan dağ qurmalıyıq. Deyilişi, təsəvvürə gəlişi belə çətin bir işin peşindəyik. Özümləşmək üçün yenidən qurulmaq gərəkdir. Özgələşdirən inamdan imtina etməli, özümləşdirən inama üz tutmalıdır millət, Şərq. Siyasal aqibətini yenidən qurmalı, bağımsız siyasal düşüncəsi, əməli olmalıdır. Milliləşməli, Şərqləşməli, bəşərləşməlidir.

Bunlar niyə Mütləqə İnamdan keçir? Çünkü Mütləqə İnam araçılığıyla İnsan özüylədöyüşüb Adamlığından İnsanlığa yüksəlir. Nisbi İnamdan, Nisbi İdrakdan, Mənəviyyatdan, İradədən arınır. Nisbilik zaman, ortam həddində, səddindədir. Özünə inanan insan zamanın, ortamın etkisinə düşmür, öz aqibətinin yiyəsi kimi öz dünyasını yaradır. Bu cür insanlardan yaranan xalqın durumu da başqa cür olur. Mütləqə İnam ruhsal baxışı dəyişir, həyata da baxış dəyişilir, dünyaya da baxış dəyişilir. Özümləşən, öz sözü, öz baxışı olan insanı, milləti heç nə dəyişdirmir, dəyişdirə də bilməz. Tərsinə, o dəyişdirər. Çünkü İnsanlıqdan başqa qurtuluş yolu yoxdur. Bütün savaşların, fəlakətlərin, ekoloji faciələrin özülündə Adamlığın ağalığı, yırtıcılığı, çəkişməsi durur. Ağalıq ehtirası, varlanmaq həvəsi insanı insana, ölkəni ölkəyə yadlaşdırır. İnsanlıqdan uzaqlaşdıqca, insanlardan uzaqlaşırsan, yadlaşırsan. Özünə də yadlaşırsan. İnsanlaşdıqca özünlə də doğmalaşırsan, insanlarla da, ölkələrlə də, doğayla da.

Atamız Var olsun!

Güntay Atalı: Ata deyirdi, biz türkdilli xalq olsaq da, böyük Şərq dünyasının bir hissəsiyik. Həmişə böyük ləyaqət yiyələri, görmüşük, övladlarını haramçılıqdan çəkindirər. Övladına düzgün, qurucu olmağı öyrədər. Ata, gör nə qədər xalqına güvənib, öz xalqının övladlarına böyük bir işi miras qoyub. Bilib, Azərbaycanın ayrı-ayrı yerlərindən onun yükünün altına çiynini verənlər tapılacaq.

Bu yaxınlarda Soylu bəylə telefon bağlantımız oldu. Bu söhbətdən, mənə bəlli şeylər, elə yaxşı halıma çatdı. Ayrı-ayrılıqda insanlar gedişdən narazıdır, gəlişmənin özündən narazıdır. Ancaq bütün narazılıqların bir çıxış yolu var. Biz bunu dərk eləmişik. İnsanlar Asif Atanın yoluna üz tutmaqla, Asif Atanın prinsipləriylə yaşamaqla bütün narazı olduğu halları zaman-zaman aradan qaldıra bilər. Bunun sonuna yetə bilər, dünya, insan öz mənasına uyğun ola bilər. İnsanların bu yola gəlməsi, iç yaradan məsələ olduğuna görə, zaman istəyən məsələdir. Ancaq zamanın öhdəsinə buraxılası məsələ də deyil. Çünkü biz yanan idrakların tarixin bəlli bir yerində söndüyünün şahidi olmuşuq. Ona görə Asif Ata ideyasının arxasında durmaq, Asif Ata ideyalarının daşıyıcısı olmaq, bu xalq qarşısında qoyduğu tələbin gərəkliyini saxlamaq gərəkdir.

Şərqilik bayramı münasibətilə bütün insanları təbrik eləyirəm. Biz bu gün Bayramın anlamını yaşadırıq, bu otaqda. Ancaq mən inanıram, zaman gələcək, bu bayramlar Azərbaycanın sınırından qırağa çıxacaq. Çünkü Şərq Şərqilik adlı bayram görməyibdir. İnsanlıq adlı bayramı insan görməyibdir. Bəşərilik adlı bayramı bəşər görməyibdir. Xəlqilik adlı bayramı heç bir xalq görməyib. Soylu bəyin bayaq dediyi kimi, heç kim ölümü həvəslə qarşılamır. Ölümdən qurtarmaq üçün Asif Atanın Yolunu tanımaq gərək. Atamız Var olsun!

İlham bəy: Qardaşları dinlədikcə adamın düşüncələri yenilənir.

Əslində “qurban” türkə aiddir. İslam dininə birmənalı aidiyyatı yoxdur. Qaldı, Şərqin böyük dahilər yetişdirməsi, Məhəmmədi mən dahi saymıram. Çünkü həyat Məhəmmədlə qurtarır. Dahi odur ki, özündən sonra da ümidlər saxlasın. Ancaq o, ümidi öləndən sonraya saxlayır. O biri dünyanı da heç kim kəşf eləyə bilməyib. Ona görə Şərq dahiləri sırasında Məhəmmədi görmürəm. Elə Şərq nə veribsə, ondan qıraqda verib. 6000 kitab yandırılıb keçmişdə, Şərq ədəbiyyatlarından. Hətta dünyada ilk dəfə göz əməliyyatını türklər eləyiblər. Avropalı alim deyir ki, o kitablar yandırılmasaydı, dünya indi başqa olardı.

 

Soylu Atalı: Bəzən bir xalqı bir adam təmsil eləyə bilir. Görürsən, bir adam böyüklük göstərir. O böyüklük xalqın adına bağlanır. Bir millət də Şərqin adına böyüklük gətirə bilər. Burda anlaşılmaz bir şey yoxdur. Asif Ata deyir, Azərbaycan Şərqin hərəkətverici qüvvəsidir. Ata Şərqilik deyəndə Şərq coğrafiyasındakı xalqların hamısının ortaya gətirdiyini gözə almır. Şərqilik insani yöndür. O yönü daşıyan xalqların dəyərlərini örnək göstərir.

Bilgi üçün deyirəm. “Qurban” məsələsiylə bağlı düşüncəmi sizə deyim. “Qurban” bəşəriyyətin ən ibtidai, bəsit şüurunun ortaya gətirdiyi bir faktdır. Bilirsiniz, hansı ehtiyaclardan ortaya çıxıb. Bilirsiniz, qurban elə-belə insanların adına bağlı bir şey deyil. “Qurban” imdad istəməkdir. Bu bir növ paydır. Gözə alınsın deyə düşünülən paydır.

İlham bəy: Mən o məqalədə oxudum. Qurbanları ancaq yürüşlərdən sonra kəsirlər. Yəni qələbənin müjdəsi kimi.

Soylu Atalı: Eyni şeydir. O qələbəni sənə qazandırana verirsən qurban. O elə bir anlam daşıyır. Dediyim kimi, “qurban” məsələsi çox ibtidai bir baxışdır. O sıradan çıxacaq. Çıxmalıdır da. Onu saxlamaq bəşəriyyətə ayıbdır. İnsanlıq üçün aşağı bir səviyyədir. Ona görə Asif Ata düşüncələrə belə ideya verir. Bayramları, yaxşı yöndə əyləncələri ortadan qaldıra bilməzsən. Bunları oyuna çevirməməkdən gedir söhbət. Ona görə bayram məsələsini Asif Ata dəyər kimi işləyir. İnsanın ləyaqətinə uyğun bir dəyər kimi işləyir. Xalqların mənliyinə, var oluşuna bir dəyər kimi işləyir. Bu, xalqların şüuruna müsbət etkilər göstərsin deyə. Bu bayramlar onun şüurunda özünü özünə tanıtsın deyə. Baxın, söhbətimin başlanğıcında mən yasdan danışdım. Divara ərəb dilində ayələr yazılmış lövhələr vururlar. İnsanlar başa düşməlidirlər, ölənin yasında söz demək ölənin özü üçün deyil, qalan üçündür. Qalana anlatmaq gərək, ölüm var. Həyat nədir onu anla. Biçim olaraq hamı sıradan çıxıb gedir. Sənə bir uyarıdır ölüm, insan olduğunu düşün, ömrünü İnsan olmağa, gözəlliklərə bağla. Ərəb dilində bunu türkə qandıra bilmirsən.

Söhbət ondan gedir, insanı insana tanıdan, bəşəri bəşərə öyrədən, bildirən sözlər, söhbətlər bayramlara çevrilməlidir.

Mübariz bəy: Sizi dinləmək xoşdur. Bayaq Güntay bəy danışığında bir söz dedi. Orda türkdilli xalq sözünü dedi. Ümumiyyətlə belə bir xalq varmı ki, başqa bir millət olsun, ancaq dili türk olsun. Yəni onlar belə olarsa, türkdilli sayılmalıdır, yoxsa necə?

Soylu Atalı: O ifadə bizim yanlışımızdır. Sovet vaxtı işlədilmiş ifadələrdir. Bu da bir aşama idi. Heç kim özünü türk saymırdı, birdən-birə durub deyəsən sən türksən. Bir də var, bir aşama kimi, yəni ona bir qapı açasan. Yəni o çağlarda Asif Ata belə ifadə işlədib. Biz aşama üçün işlədilən sözü dəyişməliyik, razıyam sizinlə.

Güntay Atalı: Mənə bir şey qaranlıq qalır, millət-xalq məsələsi. İkisi də eyni şeydirmi?

Soylu Atalı: Atanı oxumaq gərəkdir. Ata deyir, xalq millət bir şeydir. Sadəcə olaraq, bizdə xalq ayırımı yarandı SSRİ dönəmində. Çünkü SSRİ bunu eyni şey kimi verə bilməzdi. Eyni şey kimi versəydi, Marksizm fəlsəfəsində xalq, millət bir şey kimi bilinsəydi, deyərdin, axı rusla mən bir şey deyiləm. SSRİ xalqı bir şey anlamına gələrdi, yəni SSRİ milləti. Ona görə bunlar xalq, millət anlayışlarını bir-birindən ayırdılar. Düzdür, sinonim sözlər olub. Ulus deyiblər millətə, xalqa budun deyiblər türklər. Ancaq eyni anlamı daşıyır. Ayrı bir zamanda mən bunun fəlsəfi anlamını da aça bilərəm. Əhali ayrı şeydir. Azərbaycan əhalisinin içində talış da var, tat da var. Azərbaycan toplumu sözündə də, yenə o da var, bu da var. Azərbaycan milləti anlayışı yoxdur. Bir də doğru qəbul eləyirəm, türkdilli məsələsi doğru deyil. Sadəcə, türkdilli sözünün yaranması hansı açıdan ortaya gəlib. Bir neçə kəlmə deyim. Biz türkün ayrı-ayrı boylarıyıq. Türkün Oğuz, Qıpçaq, Qarluq boyları var. Bu boylara özgün olan toplumları var. Biz türkük, bunu genəl anlamda deyə bilərik. Ancaq fərqləndirmək üçün məcburuq deyək, Azərbaycan türküyük. Həm də bəlli şeylərlə ayrılırıq. Bəlli fərqlərimiz yox deyil. Bu açıdan türkdilli xalqlar deyimi ortaya gəlib. Ancaq böyük anlamda biz türkük. Bunun ikinci anlamı yoxdur. Rusdilli xalqlar da eyni açıdan ortaya çıxıb. Ukrayna, Belarus bunlara rusdillilər deyiblər. Ukraynanın da dilində özünəxas fərqlər var, belarusun da. Biz də qazaxla danışanda bir-birimizi nələrdəsə anlamaya bilərik. Çünkü onların leksikonunda olan sözlər bizdə yoxdur, bizdə olanlar onlarda yoxdur. Bu açıdan demək olar.

İnamlı: Mən Asif Ataya səcdə edib, Bayrağını öpürəm. Şərqilik bayramı münasibətilə öncə hər kəsi qutlayıram. Niyə mən Məhəmmədi peyğəmbər kimi qəbul eləmirəm, Asif Atanı eləyirəm? Ona görə yox, Məhəmməd ərəbdir, Asif Ata türkdür. Əgər Məhəmməd də insanlığa bir yön göstərsəydi, bəşəriyyətin varlığına qulluq etsəydi, Məhəmmədə peyğəmbər deyib, səcdə eləyərdim. Soylu Atalı çıxışında dedi, camaat qınayır, bəşəriyyət nə hayda, siz nə hayda. Toplum küyə düşüb. Doğrudan da, hansı küyə düşdüyünün özü də fərqində deyil. Bu yenilikdir. Şərqilik dəyərləri zaman-zaman yaşadılmasaydı, yəqin, ondan sonra yaranan dəyər də yaranmazdı. Özündən öncə yaranan dəyər özündən sonrakına sanki bir stimul verir. Özündən öncəki dəyərləri Asif Ata öyrəndi, Atalıq ideyası ortaya gəldi.

Son zamanlar mətbuatda dəyərlərin üstünə hücum var. Söz yox, bu, bilgisizlikdən irəli gəlir. Jurnalist deyir, Koroğlu kim olub? Qanun qaçaqçısı, dövlətinə qarşı çıxan birisi. Baxmayaraq, Koroğlunun özü Şərqi dəyərdir. Sonra Məcnunu aşağılayır. Doğrudan da, biz bu gün Şərqilik bayramını yaşatmasaq, bizim ümidimiz jurnalistikanın əlində qalsaydı, Azərbaycanın indiyə qədər yaratdığı dəyərlər itərdi. Bu dəyərlər özü həm də müxtəliflikdir, gözəllikdir. Oxullara görüşlərə gedəndə Soylu bəy deyirdi, Babək, Nəsimi, Füzuli ölməyib. Bu bayramların keçirilməsi ona görə qeyri-adi olaydır.

Bir amerikalı yazıçı var, Uil Dürant. Onun bir yaxşı sözü var. Nitsşenin özü boynuna alır, Batı dəyərləri Doğudan yararlanıb. Uil Dürant da yazır, Batı bütün dəyərlərinin, musiqisinin hamısını Doğudan götürüb. Ancaq Doğu əlindəkini verdi, özünə yiyə çıxmadı. Dəyərlərimizi bilmədiymizə görə indi Avropa siyasətimizi, maddiyyatımızı, bir-birimizə münasibətimizi də idarə eləyir. Biz Avropanı aşağılamırıq. Ancaq bizi qədər olmayıblar.

Şərqilik bayramı köhnəlik deyil. Tərsinə, getdikcə bu kimi bayramlara ehtiyac olacaq.

Soylu Atalı: Ata “Yol” kitabında deyir, 20-ci yüzilin bayquşları insanı ayaqlar altına salıb, tapdalayır. Belə bir çağda biz İnsanlıq Bayrağını başımızın üzərinə qaldırırıq.

Dediyim məsələ, hamı bu gün dəyərlərə yenidən baxılması çağırışı adı altında qədim xalqların dəyərlərini sıradan çıxarır. Onları buna yönəldənlər dünyanı yönətmək üçün edirlər, buna nə qədər pullar ayrılır. Belə bir çağda Asif Ata Ocağı o dəyərlərin hamısını törənlərdə yaşadır, əməli olaraq, ideya olaraq. Gerçək gücümüz ideya gücümüzdən çox aşağı olsa da, biz onu eləyirik. Bir neçə söz deyim, bu məsələyə aydınlıq gəlsin. Batı, Doğu məsələsində çatışmayan məsələlər. Batıda yetərincə ciddi ağıllar işləyib. Ancaq Asif Ata onları nədə qınayır?! Asif Ata deyir, Doğu daha çox duyğusallıq üzərində oturuşdu, Batı isə daha çox əqliyyətçilik üzərində. Rasionalizm, o da irrosionalizm. Asif Ata da deyir, xalqın yaşaması üçün duyğu ilə ağlın gücünü birləşdirmək gərəkdir. Bizim Doğuda böyük kimi qəbul elədiklərimiz idrakı dışlamayıblar. Sadəcə olaraq, özlərinin yaşamı bütünlüklə duyğusallığa köklənib. Batıda daha çox duyğusallığı uşaqsayağı qəbul eləyiblər. Ona görə orda rasional düşüncələr, axtarışlar daha geniş ölçüyə çevrilibdir. Bu açıdan Batı bilginlərini oxuyuram, onların işlətdiyi ağıla heyran qalıram. Nə qədər dərin ağıllar var. Çatışmayan odur, insan duyğularının incəliklərini, insan varlığında onların etkisini hesaba qatmırlar. Ancaq Asif Ata onları birləşdirə bilir.

Bu gün Avropada əqliyyətçilik xəttində daha çox texnologiyalar, bilim gəlişir. Ancaq ruhaniyyat sıradan çıxır.

Türkel Atalı: Bugünkü gediş, insanların yaşamı, texnikanın gəlişdiyi bu çağ Doğu dəyərlərinə qarşıdır. Həyat, insan öz mənasına bərabər olmadığı üçün insana münasibət varlı-kasıb, ağa-qul səviyyəsində qiymətləndirilir. Din bir yandan insanı sıxışdırır, qorxu içində yaşadır. Batının yürütdüyü siyasət o biri yandan insanda vətənə münasibəti öldürür. İnsanın mənliyini öldürür. Ata deyir, insanın mənliyini öldürmək Allahı öldürməkdir əslində. Vətəndə insanın mənliyi, kimliyi, qutsal dəyərləri yaşayır, ifadə olunur. İslamın ümmətçilik prinsipi bəşər tarixində qutsallıqların, şəxsiyyətlərin hamısını heç sayır, gərəksiz sayır. Bu səbəbdən ərəbçilik bəşər üçün dəhşətli, birinci faciədir. İkinci bir faciə Batının dünyaya yiyələnmək istəyi, planeti özününküləşdirmək yanaşması. Ata deyir, insana inanmamaq küfrdür. Bu hər iki təhlükə insana inamsızlıqdan irəli gəlir. Ata İnamı insanı göyləşdirir, Doğu dəyərlərini özünə qaytaran, bütövlükdə bəşəriliyə qulluq eləyən inamdır. Bu inamı yurdumuzda yaratdığına görə, Azərbaycanımız-Azərbaycanlığımız dəyər sisteminin Doğuluğun mahiyyətini özündə daşıdığına görə Azərbaycanı dünyanın ruhsal mərkəzi hesab edir Ata. Ataya səcdəmizlə, ruhsal mərkəz olan Azərbaycandan başlayaraq, Doğunu Doğuya, bəşəri bəşərə bənzətmək üçün öz hünərlərimizi yetiririk Ocaqçı yaşamımızla.

Soylu Atalı: Həmişə bu tədbirlərimizdə şərqilər oxuyuruq, deyirik. Şərqilik Bayramı üstə şərqi yazmamışıq. Ona görə Bəşərilik şərqisini oxuyuram. (Şərqilik Şərqisini oxuyur – T. A.)

 İnamlı “Şərqilik üstə Mütləqlə Təması” oxuyur – T. A.)

 Soylu Atalı: Şərqləşin – Şərqləşdirin!

 Hamı: Şərqə and olsun, Şərqiliyə qulluq eləyəcəm! – deyir.

 Çay süfrəsi yörəsində doğmalaşma söhbətləri davam edir.

Ata Ayı, 40-cı il. Saray-Soylu.

(sentyabr, 2018)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir