Xəbərlər

Qutsal “Xəlqilik” Bayramı

Asif Atanın İnam Atanın Mütləqə İnam Ocağı 13 Şölə Ayı, 46-cı ildə (iyun,2024) Qutsal “Xəlqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir, onların adını Ocağımızda əbədiləşdiririk.
Ocağımızın 46-cı ilində “Xəlqilik” Bayramı keçiririk.
– Biz əslində tədbirlərlə həm Ocağı yaşadırıq, həm də özümüzü yaradırıq. Xalqda Ocaq quruculuğumuz, apardığımız işlər hamısı Ocaq tədbirlərimizin ciddi şəkildə davamıdır. Mən elə düşünürəm, bu davam Yolun məzmunundan qaynaqlandığı üçün uğurlu alınır. Məsələn, bizim Günevlə Ağstafaya səfərimiz geniş ölçüdə görüşlərlə keçmədi. Beş-üç adamla söhbət elədik. Ancaq bizim dörd gün orda qalmağımız, Ata sonevini təmir eləməyimiz (geniş kütlə ilə danışmasaq da, orda olmağımız, gördüyümüz işlər) söz dedi. Eləcə də, Qazaxda radiyoya verdiyimiz müsahibə bölgədə Ocaq sorağının yayılmasına etki göstərdi. Ata sonevinin təmiri də, dediyim kimi, Asif Atanın xalqda yerini, rolunu göstərməkdir.
Eləcə də mənim Borçalı səfərim. Bir çox adamlarla görüşdüm, söhbətlər elədim, ünvanlarda oldum. Bunların özü də yenə Ocaq quruculuğunun bir işidir.
  – Baxın, minillərdən üzü bu yana hər bir düha, düşüncə adamı bəşəriyyətin nizamını düşünüb. Başlıca olaraq, öz xalqının nizamını düşünüb. Necə edək ki, xalq birgəyaşayış nizamı tapsın, birgə qurulma nizamı tapsın, özünü formalaşdıra bilsin, özünə çəki-düzən versin. Özünə çəki-düzən verməyəcəksə, onda onun xalq məzmunu qalmır. Xalq məzmunu qalmırsa, bir toplumun, bir ölkənin içində insanın dünyanı dərk etməsi, dünya ilə insan arasında bağlılığı dərk etməsi kimi məsələlər aydınlığa çıxmır. Bu da aydınlığa çıxmasa, onda ən ibtidai tərbiyəni belə yaşatmaq mümkün deyil. Bu üzdən xalqının mənəvi birgəyaşayış nizamını Asif Ata dərin bir biçimdə, sistemli şəkildə ortaya gətirdi. Onun düşüncəsinə görə, xalq olmaq üçün insanı dəyişmək gərəkdir. İnsanı dəyişməsən xalq olmaq mümkün deyil. Baxın, adi adamlar belə, deyirlər, biz millətləşmə prosesi keçməliyik. Ancaq necə keçməliyik?! Bu məsələ hələ çox adamın ağlına çatmır. Hamı sosial sorunları görür, bu sorunları çözmədən millətləşmənin mümkünsüzlüyünü dilə gətirirlər. Bəs bu sorunları kim çözməlidir, – ona cavab verə bilmirlər. Asif Ata ona görə deyir, bütün bu sorunları həll etmək üçün, millətləşmədən öncə İnsanlaşma sürəci olmalıdır. Bu sürəc olmasa millətləşmədən danışmaq mümkün deyil. Ona görə biz Ocaq olaraq özümüz öz ömrümüzdə dəyişikliklər həyata keçiririk, xarakterimizi dəyişirik, düşüncəmizin yönünü dəyişirik, şüurumuzun səmtini dəyişirik. Öz üzərimizdə apardığımız işin sonucunu xalqa sunuruq. Millətləşmənin yolunu bunda görürük. Bu sadəcə bir təbliğat deyil. Bizdə hər şey standartdır deyib təbliğat apara bilmərik. “Biz elə anadangəlmə belə safıq, arıyıq, duruyuq, xalqı sevirik” deyə bir məntiq yoxdur. Bu mümkün deyil. Hər birimiz axtarışda olmuşuq, boşluqda olmuşuq, hamı kimi millətləşmənin yolunu özümüzdən qıraqda axtarmışıq. Ancaq Asif Atanın çağırışını eşidə bilmişik. Anlamışıq ki, insanın öz ömrünü dəyişməsi nə deməkdir. Xalq olmağın yolu, açarı budur – mənim ömrüm dəyişməlidir. Mənim ömrüm dəyişdikcə xalq olmağa başlayıram. Atanın dediyi budur, hər şey fərddən başlayır. Biz hamımız gözləyirik, deyirik, qoy hamı yaxşı olsun, dəyişsə mən də dəyişəcəyəm. Belə məntiq yoxdur. Sən dəyiş sonra başqası da dəyişsin. Hamı qıraqdan gözləyir. Zaman-zaman biz toplumda bunu deyirik ki, qıraqdan gözləməməlisiniz.
   Xalqlaşma dediyimiz məsələ millətləşmə işidir əslində. Millətləşmənin başlanğıcıdır, yönüdür, əsasıdır. Əgər biz bunu eləyə bilmiriksə, eləyə bilməyəcəyiksə, özümüzlə bacarmırıqsa, özümüz öz üzərimizdə qələbə çalmayacağıqsa bütün danışdıqlarımızın hamısı nəzəri məna daşıyacaq. Uzağa getməyən yeriməyən bir nəzəriyyə. Hamı danışanda yaxşı danışır. Hökm deyil ki, biz onu daha yaraşıqlı danışaq, daha əsaslandırılmış danışaq. Ömür qurulmalıdır. Hamı hamını öyrədir, özünü qurmur. Bütün deyilənlər əzbərlənmiş şeylərdir. Başqasına baxan özünü üstün sayır, ağıllı sayır. Gərək özünlə uğraşasan, başqası ilə yox. Özünü başqası ilə tutuşdurmamalısan. Atanın çağırışı odur ki, özünü Mütləq ilə tutuşdur, Mütləq qüsursuzdur, qüsurlu ilə tutuşdurma. Qüsurlu ilə özünü müqayisə etsən sən də qüsurlu olacaqsan. Az qüsurlu olacaqsan, ancaq olacaqsan. Özünü Mütləqlə müqayisə elə. Asif Atada xalq olmağın, xalqı yaratmağın yolu bundan keçir.
   Bizim həyatda axtardığımız, öyrəndiyimiz, öyrətmək istədiyimiz, görmək istədiyimiz nədir, – sonsuzluq. Yəni İnsanın bu dünyaya gəlişinin başlıca səbəbinədir, –  sonsuzluğu öyrənmək, sonsuzluğu dərk eləmək, bütün ömrünü sonsuzluğun tələblərinə uyğunlaşdırmaq, özünü sonsuzluqla müqayisə etmək. Asif Ata bizə bunu deyir. Mütləqi öyrənin, araşdırın, onun tələbləri ilə yaşayın. Bu zaman sizdən başlayan bir bəşər xətti yaranacaq. Nəinki xalq, bəşər xətti. İnsandan başlayan, xalqlaşan, bəşərləşən bir nizam başlayacaq, daha doğrusu, ölçü formalaşacaq. Bu ölçü minillər getməlidir. Bu ölçü insanın dəyişməsinin adıdır, bu ölçü insanın insan olduğunu dərk etməsinin adıdır, bu ölçü, insanın öz növündən olanlarla, insan kimi dil tapıb yaşamasının adıdır. Asif Atanın ölçüsü budur. Ona görə düşündü, daşındı, öz xalqına yeni İnam verdi. Dedi: Əski inamlar sizi doğru yola çəkə bilmədi, əski inamlar sizin şüurunuzu böyüdə bilmədi, əski inamlar sizin içinizi dəyişə bilmədi, xarakterinizi dəyişə bilmədi, sizi mahiyyətinizə qovuşdura bilmədi. İndi mən sizə mahiyyətimizdən gələn inamı verirəm, onu bütün dolğunluğu ilə sizə sunuram. Siz onu öyrənin, onunla yaşayın, onunla olun. O zaman ölçü dəyişəcək, o zaman xalq yaranacaq, o zaman xalqın yaşayış nizamında əski sorunlar ortadan qalxacaq… Biz də bu inam əsasında ömür yolu keçirik. Ona görə ömür kitabını yazmaq gərəkdir,  Atanın tələblərini yazmaq gərəkdir ki, bu kitab insanlara öyrətmənlik eləyə bilsin. Ömürlə öyrətmək gərəkdir. Söz sadəcə söz deyil. Söz nəyinsə ifadəsidir.  Bizim üçün söz yaşamımızın, ömrümüzün, ləyaqətimizin ifadəsidir, onun izharıdır. Əgər deyilsə, onda sözü demək artıqdır. Əgər söz ömürdən gəlmirsə, onun işığı qurtarır, onda söz yerə düşür.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Soylu bəy, sən çıxış edəndə, tələb kimi qoyursan ki, ömür olmasa söz yerə düşəcək. Mən öz halıma baxıram, özümdə görürəm bunları. Həmişə inamlar cəmiyyətə, xalqın içinə o vaxt yeriyib ki, insanın özü həddindən artıq hərcayi bir durma düşür, xalq, millət həddindən artıq hərcayi bir duruma düşür, artıq yeni bir inama, yeni bir dünyabaxışa ehtiyac doğur. Nə yazıqlar ki, insan həm bioloji, həm ruhani varlıqdır. Məcburdur ki, bu qarşığın içində öz yolunu tapa. Həyatını elə qura ki, aparıcı ruhanilik olsun. Bütün bu gedişləri düşünərək çalışırıq öz həyatımızda nələrsə edək. Çünkü toplumun içində əyintilər yaradan nə varsa bizim də həyatımıza, düşüncəmizə yansıyır. Biz bundan qurtulmasaq başqalarını qurtuluşa çağıra bilmirik. Soylu qardaşımız yaxşı dedi ki, Atanın dediyini başqalarına çatdırmaq üçün öncə öz yaşamımıza gətirməliyik. O zaman xalq Asif Atanı eşidəcək…
Atamız var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mərasimlərdə, bayramlarda, Ocaqla bağlı hər hansı bir xalqlaşmada, söhbətlərdə elə bir ucalıqda özümü hiss edirəm, elə bir əhvalda özümü hiss edirəm ki. Mənim gücüm çatmayıb o halımı izhar edim, elə bir əhvalda oluram, bəzən elə bil uçuram. Həqiqətən özümü çox yüksəkliklərdə hiss edirəm. Çünki baxıram hansı düşüncənin ətrafında toplaşmışıq biz. Heç kimin halına baxmayaraq. Kim fikirləşə bilər ki, bir stolun arxasında 2 cüt bir tək adam var, onlar neyləyə bilər. Bu sualın cavabını yeganə düzgün verə bilən Ocaqçı ola bilər. Ən düzgün cavabı Atanı öyrənmiş adam verə bilər ki, indiyədək nə iş görübsə təklər görüb. İdeya bir başda yaranıb, min başda birdən yaranmayıb. Ancaq məsələ burdadır ki, onu öz ömrünə çevirənlər o sözün cavabını daha düzgün verə bilirlər, daha etkili verə bilirlər. O cavab ömrə, ürəklərə yansıyır.
…Ata buyurdu ki, xalq öz bənzərsizliyilə, bəşəri ləyaqəti ilə var olur. Xalqın bənzərsizliyi nə deməkdir? – Vaxt olub, doğrudan xalqımız həm bənzərsiz olub, həm də bəşəriyyət üçün örnək olub, böyük dəyərlər veribdir. Qorqud yaşam sistemi verib, maqlar  xüsusilər ölkəsi. Belə bir xalq bu gün özündən çox uzaqlaşıb, bir ilişki qalıb. O ilişki də Asif Atadır. Həmişə özünə qırağın gözüylə baxıb. İnanc özgənin, məişət özgənin, geyimlər özgənin, bütün münasibətlər hamısı özgəçilik üstündə, xeyir-şər hamısı özgəçilik üstündə. Belə bir xalqın bənzərsizliyi harda qaldı? Deməli, bu, xalq səviyyəsindən çox aşağıdır. Bu dərdi də ürəyində gəzdirən beş-on nəfərdir. O dərd ürəkdədirsə onun əlacı var. Fərəhlənmək gərəkdir ki, o dərd ürəkdədir. Kiminsə, lap bir nəfərin ürəyindədir, Soylunun ürəyindədir. Bu az iş deyil, bir həftənin içində Soylu Borçalıda aləmi yaxşı mənada qatışdırıb. Nə qədər ürəklərə işıq salıb. Mən axşam da qulaq asmışam o səslərə, çox gözəldir.
Fərdi özgürlük olmasa xalq xalq səviyyəsinə yetə bilməz. Fərdin özgürlüyü yəni onun azadlığı. Mən nədən azadam? – Birinci növbədə öz içimdəki qüsurlarımdan azadam, sonra cəmiyyətin etkisindən azadam, dövlətin, rejimin etkisindən azadam. Ümumiyyətlə dünyanın ahəngində, nizamında bir çatışmazlıq var ki, hər tərəfli bizi qane eləmir, baxanda gözlərimizin qabağında görürük, tez gözümüzü yumub üzümüzü çeviririk. Belə bir haldan qurtulmaq üçün azad, müstəqil düşüncəli fərdlərdən yaranan xalq gərəkdir. Tək bircə qüsur bəsdir ki, kamil olmayasan. Bayaq nəvəm Türkellə kamillik barədə söhbət edirdik. O, mənə birbaşa sual verdi ki, baba, sən özünü kamil hesab edirsənmi? Dedim xeyr. Bəs kimi kamil hesab edirsən? Dedim, Soylu babanı. Bəs sən niyə elə olmursan? Dedim ki, mən Soylu baba kimi düşüncə insanı deyiləm. Mən də yetməyə çalışıram. Mən onun arxasınca gedirəm, mən ona yetməliyəm, mən də kamil olmalıyam. Mən demirəm ki, mən kamil olmayacam heç vaxt. Düzdür 35 il az məsələ deyil. 35 il bir fikrin üzərində dayanasan qalasan, yenə də özünə belə deyəsən. Bilirsən, Mütləqlə müqayisə doğrudan da belədir. Dağlara yaxınlaşdıqda dağlar səndən uzaqlaşır. Bunu müşahidə etmişəm, elə bilirsən dağ daha yaxındadır, ancaq yaxınlaşdıqca görürsən dağ getdi, uzaqdaymış bu dağ. Mütləq məsələsi belədir. Mən özüm qətiyyən başa sala bilmirəm ki, kamillik məsələsində niyə belə çətin danışıram, niyə sinədolusu danışmıram. Bəlkə də bu sözə, bu düşüncəyə məndən qıraqdakı daha doğru cavab verə bilər, nəinki mən. Ancaq mən bunu halımda daim qururam, daim saxlayıram.
…Bu xalqın potensiyası yerə-göyə sığmır, üç min ilə gedib çatan bir yaşam sistemi var. Bu gün bunu iftixar hissi ilə qaldırırsan, belə bir xalqın nümayəndəsisən sən, belə xalqın övladısan sən. Sən bunu bacararsan.
…Bu bayram mənim üçün çox önəmlidir. Çox sevinirəm. Yol insanı olmağım elə bu bayramın məzmunudur. Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Elana (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ocağımız dünyamızı xilas edəcək, bu mütləqdir. Bu bizim millətimizdən başlayacaq. Çünkü bu millət Asif Atanı verib. Asif Ata bu millətin gözüdür. Danışanda deyirlər ki, bizim millət belədir, xalq belədir. Ancaq ana öz şikəst övladını o birilərdən çox istəyən kimi mən də öz xalqımızın şikəstliyinə görə öz xalqımızı daha çox istəyirəm. İstəmirəm öz xalqımızı aşağılayam. Çünkü onların günahı aşağılandıracaq qədər deyil. Dünyanı Ocaqlaşdırmaq çox vaxt apara bilər. Ancaq bu olacaq, mütləq olacaq. Ocağımız dünyamızı xilas edəcək,  Ata boşuna çağırmır: “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır”.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Belə bir qonumuz var özünə yadlaşma və onunla mübarizə. Günümüzdə hər sahədə artıq özünəyadlaşmanın ağır sonucları görünür. Milli dəyərlərin yaşadılması, dəyərlərlə yaşamaq, milli dəyərlərə üz tutub böyümək kimi məsələlər artıq insanlara yad görünür. Toplumun böyük əksəriyyəti üçün bu cür məsələlər qəribə münasibətlə qarşılanır. Bu qədər yaşam sorunları varkən belə şeylərin yada düşməsinə olumsuz kimi baxırlar. Ona görə get-gedə yadlığa meyillilik daha da artır. Bunun yaranmasında təhsilin böyük rolu var. Mən məktəb dərsliklərindən görürəm, milliliyə aid olan nələrsə get-gedə sıxışdırılır. Proqramı elə qururlar ki, hər hansı bir dəyərimizlə, adətimizlə bağlı çox qısıtlı məlumat verilir. Uşaqları robota çevirən metodlar daha geniş tədris olunur. Sanki qəsdən elə qurulur. Uşağa əlavə nəsə oxutmağa, İnsanlıqla bağlı nəsə anlatmağa imkan qalmır. Çünkü o metodları mənimsəyən uşağın ya vaxtı qalmır, ya da, beyin o qədər yorulur ki, sənin dediyini anlamır. Beləcə get-gedə daha acınacaqlı hal yaranır. Doğrudur, bizim dönəmimizdə də milli dəyər nədir, yadlıq nədir, milli dəyərlər insan həyatında nə kimi rol oynayır, hansı yad ideologiyalar oturuşub, – bu kimi məsələlər öyrədilmirdi.  Ancaq ən azından düşünmək, axtarmaq vardı. İndi hər gələn yeni nəsil öncəkindən daha çox yadlığa meyilli olur. Bu o deməkdir ki, yad ideologiyalar xalqın içində özünə elə yer edir ki, özümüz də anlamadan dönüb o ideologiyaların daşıyıcısına çevrilirik. Ən çətini də bununla mübarizədir.
Bütün faciələr başlanğıcını insanın içindən götürür, məhz insanın mənfi duyğularından götürür. Beləcə yavaş-yavaş insanlararası münasibətlər pozulur, ürəklərdə kin, ədavət yuva salır. Bir insanın bir insanı, bir xalqın bir xalqı qəbul eləməsi dalana dirənir…
Ona görə Ocağımız var olsun. Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Hər kəsin içində olan istəklər dilə gətirildi. Bu işin dərin məzmunu öz yerində, zaman-zaman yaratdığı etkilərlər də öz yerində. Bu işin ən ibtidai bir etkisi də var. Bu da  Atanın ideyasının başına toplaşmaq,ən sadə dildə desək, adamlara başa salır ki, sizin gördüyünüz, izlədiyiniz həyatdan fərqli bir şeylər də var, fərqli həyat da var, fərqli düşüncələr də var, fərqli yön də var. Ən başlıcası insanlarımızı kökdə saxlayır. Biz daim görürük, çoxlarımız toplumun yaşamında gedən proseslərlə təmasda oluruq. İnsanlar xaotik yaşamlarında elə oturuşublar, sanki həyat bu deməkdir, bundan başqa həyat yoxdur. Atanın sözünün başına toplaşmaq o deməkdir ki, həyat sizin gördüyünüz deyil, ondan fərqlidir. Nə fərqlidirsə onu öyrənin, onu yaşadın. Onda görəcəksiniz, cəmiyyətdə istəmədiyiniz, xoşa gəlməyən nələr varsa sizdən əl çəkir, o sizdə özülünü tapmır. Gərək insanlarımızda cəmiyyətçilik heç bir mənada özünü tapmasın, yaşamasın. Evimizdən, içimizdən, münasibətimizdən, əhvalımızdan daim qırağa çıxsın. Bizim içimizi, işimizi korlamağa qıraqdan heç nə gəlməsin. Hər şey öz içimizdən qaynaqlansın, hər şey öz içimizdə yaransın ki, qıraqdan nəsə gəlib onu pozmasın, əhvalımızı korlamasın. Ən sadə deyilişlə Atanın sözünün başına toplaşmağın belə bir zəngin məzmunu var. Bu gün də biz həmişə olduğu kimi Ata sözünün başına toplaşdıq, içimizin səsini dinlədik, ömrümüzün yönünü izlədik. Topluma nəyi deyirik, veririk, hansı mesajlar ötürürüksə onları bir daha nizama gətirdik, gündəliyə gətirdik. Bir daha onları ömrümüz olaraq, işimiz olaraq qurmaq istədiyimizi özümüzə deyə bildik. Bu da Ocağı yaşadır…

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı Günev Atalı oxuyur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq”, “Atamız Var olsun” səcdəsilə Bayram törəni sona çatır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir