Xəbərlər

Qutsal “Yeni İl” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 45-ci ili

Qutsal “Yeni İl” Törəni

Ocaq Günsırası ilə 1 Günəş Ayı 45-ci ildə (mart 2023) Asif Ata Ocağı Qutsal “Yeni İl” Törənini gerçəkləşdirdi.

Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağının Günsırasında 45-ci il başlayır. 45-ci ilimiz “Yeni İl” törəni ilə başlayır. Yeni İlimiz qutlu olsun. Yeni ilimizdə Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir.
Atanın sağlığında dəyərli bir quralımız vardı, davam edir. Öncələr biz onu daha çox yerinə yetirirdik. Ara verilməsinə baxmayaraq, o quralları yaşatmağı doğru sayıram. Ata Ocaqçıların əməllərini, hünərlərini Mərasimlərdə alqışlayardı (təqdir edərdi). Onu bəzən şifahi deyirdi, bəzən də Ruhani Bəlgə yazıb dilə gətirirdi. Ruhani Bəlgəni özümüzə verirdi, arxivimizdə qalırdı. Şəxsən mənim arxivimdə elə Ruhani Bəlgələr var. Bu, Ocağın gərəkən qurallarından biridir, yaşadılmalı, davam  olunmalı bir gələnəyidir. Bunu biz davam eləməliyik. O üzdən 45-ci ilimizdə 44-cü ilimizin əməllərini, hünərlərini dəyərləndirməyimiz gərəkdir.
44-cü ilimizdə Ocağın xalqlaşma gələnəyini davamlı şəkildə həyata keçirən qardaşımız Günevin hünərini, əməlini alqışlayırıq.

Günev Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: İndiki çətin bir dönəmdə, ölkənin maddi sıxıntılar içində olduğu bir çağda Ocağın maddi yaşamasının yükünü daşıyan, gözləniləndən daha çox hünər göstərən Bilənin hünərini, əməlini alqışlayırıq. Eləcə də Bilənin xalqlaşma işində göstərdiyi hünərləri alqışlayırıq.

Bilən Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: Nurtəkinin Ocaqgüzarlığını alqışlayırıq. Elə işlər var, Ocağın qurum olaraq, nizam məsələsidir, yaşamaq məsələsidir. Bu işdə Nurtəkin həmişə ərdəmlik göstərib, Ocağın yaşamasını qoruyub. 

Nurtəkin Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: Göytəkinin əməllərini, hünərlərini alqışlayırıq. Göytəkinin bütün işləri uğurludur. Bütün tədbirlərin yazıya çevrilməsi Göytəkinin hünəri ilə oluşur. Təkcə onlar deyil, bizim özümüzün yazılarımızı da yazıb vaxtında çatdırır. Biz onu basında, sosial şəbəkələrdə yayırıq. Onun bu işləri Ocaq üçün dəyərdir.

Göytəkin Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: İndi Ocağımızın Yeni İl məsələsi ilə bağlı bir neçə söz deyim. Atanın ölümündən tam olaraq 26 il ötüb. 26 il bir hərəkatın, özü də ruhani hərəkatın qorunması gerçəkdən, sözlə ifadə eləsək də, sözə sığmayan qeyrət məsələsidir, ləyaqət məsələsidir. Partiyaların çoxu heç bu qədər yaşamır. Ancaq partiyalara üz tutan adamlar hansısa bir ümüdlə yaşayırlar. Sıradan adamları deyirəm. Onların üzvü olduqları partiya nə vaxtsa hakimiyyətə gələ bilər, onlar da bundan nəsə qazana bilərlər. Belə bir ümüdlə yaşayırlar. Ancaq Ocaqda biz heç kimə vəd vermirik, bireysəl umud vermirik. Umud Ocağın özüdür. Biz insanlarımıza Ocağı veririk. Ocağı veririk nə deməkdir, gözlənti nədir? – Bizim hər birimiz İnsanlığın nə vaxtsa ölçüyə çevriləcəyinə inanırıq. Bu inamda biz özümüzü aldatmırıq. Ailə Günlərimizdə, Mərasimlərimizdə Ocağın ideyalarının anlamını izhar edirik. Ocağın bütün tədbirlərini öyrədən bir məktəbə çevrilirik. Hər kəsin içində bir dayaq yaradır bu məktəb. Elə bir dayaq ki, buna dayanıb hər kəs insan olduğunun fərqinə varır. Biz bəşəriyyətə elə bir ölçü vermək istəyirik, bəşəriyyətin insan haqqında, dünya haqqında, Allah haqqında baxışları, təsəvvürləri dəyişsin. Belə bir işin qurucularıyıq biz. Bizim özümüzün insan, dünya, Tanrı haqqında düşüncələrimiz dəyişib. İnsan haqqında düşüncələrimizin dəyişməsi başlıca olaraq, özümüzün insani kimliyimizi anlamağımızla sonuclanır. Biz öyrənirik, kimik, nə deməkdir insan?! Asif Ataya qədər insan, dünya, Tanrı haqqında təsəvvürlər bizi qane eləmədi. Nəinki qane eləmədi, bizim ürəyimizi sındırdı, düşüncələrimizi əksiltdi. İnsana elə qiymət verdilər, insan gözümüzdə ucalmadı, daha da dəyəri azaldı. Bəşəriyyətin yanlış gəldiyi sonuclardan biri insan haqqında təsəvvürlərin alt-üst olmasıdır. Ayrı-ayrı formasiyalar, quruluşlar yaratdılar. Bu quruluşların heç birində insanlararası münasibətlər doğrulmadı. Nəinki doğrulmadı, insanlar arasında bir təbəqə yarandı. Yüksək təbəqə, alçaq təbəqə filan. İnsan öz növündən olanla özünün arasında kəskin bir fərq gördü. Fərq eləməz, bu fərqi görən insan yoxsul insandır, ya zəngin insan. Yoxsulda insan təsəvvürü bir ayrı cür oldu, zəngində bir ayrı cür. Ancaq ikisində də insan haqqında təsəvvürlər yanlış oldu. Əksiklik anlamında üst-üstə düşdü. Hərəsi öz açısından, öz pəncərəsindən baxsa da insanı əksiltdilər – əzən insan, əzilən insan kimi tanıdılar. Əzməklə əzilmək tamamilə iç-içə olan məsələdir. Döyənlə döyülən iç-içə məsələdir. Çünkü döyən döyülməyi də gözünün altında tutur. Əgər mən onun yerində olsam, onun durumuna gəlsəm, döyülən o yox, mən olacam. Buna görə də insan haqqında təsəvvürləri dəyişmək gərək idi. Ocaqdan öncə din ruhaniyyatı yarandı. Din ruhaniyyatı insan haqqında təsəvvürləri dəyişmədi. İnsan quruluşlarda təbəqələrə bölünürdü, burda da təbəqələrə bölündü. İnsan quruluşda qul idi, ruhaniyyatda da qul oldu. Bu da ona gətirib çıxartdı ki, “ruhaniyyat” quruluşların elədiyini daha şirin şəkildə, daha aldadıcı şəkildə davam elədi. Ona görə biz insan haqqında təsəvvürlərlə barışmadıq. Barışmadıq, Atanın insan haqqında dediyi hikməti öz varlığımızda doğrulamaq istədik. Ona görə də onun Ocağına üz tutduq. Asif Atanın İnsanı qul deyil. İnsan özündə Mütləq gəzdirir. Özündə Mütləq gəzdirəni qul eləmək olmaz. Daxilində Mütləq gəzdirəni Mütləqə qovuşdurmaq olar. Özündə Mütləq gəzdirəni qul eləmək Mütləqi (Allahı) öldürməkdir. Bəşəriyyət insana yanlış qiymət verməklə Allahı öldürdü. Allahı insan üçün yaratmaq gərək idi, insan üçün yaşatmaq gərək idi. Allahı insana qarşı yaratmaq, insana qarşı yaşatmaq gərək deyildi. Biz bunun tanıqı oluruq, insanla Allah arasında yerə-göyə sığmayan bir uçurum yarandı, insan quyuya düşdü…
Eləcə də dünya haqqında. Bizə qədər hər kəs dünyanın oyuncaq olduğunu dedi. Konkret din ruhaniyyatı dünyanın qiymətini bizim gözümüzdə aşağı saldı. Ona görə də bəşər övladı dünya ilə doğmalaşa bilmədi. Dünya ilə arasında yaranan yadlıq insanı dünyaya qarşı praqmatik (faydaçı) davranmağa yönləndirdi. İnsan dünyaya fayda qaynağı kimi baxdı. Bir halda ki, dünya beş günlükdür, ye-iç, kef elə. Belə bir gərəksiz sonuca varıldı. Niyə dünya ilə insan arasında bağlılıq qırıldı?! – İnsan dünyanı, özünü dərk eləməkdən məhrum edildi. Ona görə insan öz yaşamını doğru-düzgün qura bilmədi. Belə bir məsələ var ortada: ya gərək başını aşağı salıb deyilənləri qəbul edəsən (toplumda deyildiyi kimi, palaza bürünüb elnən sürünəsən), ya da gərək buna qarşı dirənəsən. Buna qarşı dirənmək üçün insan gərək özünü buna hazır bilsin. Gərək insan buna dirənə biləcək gücünə inansın. Bu inamı, bu dirənişi sağlam, doğruçu ruhaniyyat yaradır. Ona görə deyirəm, insan haqqında düşüncəni, gerçəkdən, Asif Ata dəyişir. Asif Ata bizə deyir, dünya oyuncaq deyil, dünya özündə özündən böyük Məna gəzdirir. Dünya özündə özündən böyük Mütləq gəzdirir, dünya əbədidir. Dünyanın əbədiliyi çıxır ortaya. Bizə dünyanı əbədi öyrətmirlər axı. Bizə deyirlər dünya fanidir, oyun-oyuncaqdır. Mən oyun-oyuncaqla iç-içə yaşaya bilmirəm, özümü dərk eləyə bilmirəm. Mən anlayıb bilməliyəm dünya əbədidir, bu əbədilik mənim varlığıma bağlıdır, yəni dünya mənaca əbədidirsə, mən də əbədiyəm. Mən dünyanın məzmununa özgün olan bir varlığam. Mən dünyanın çox önəmli bir parçasıyam. Mənaca onun anlamında olan bir parçasıyam. Asif Ata bizə bunu öyrədir.
Eləcə də Asif Ata insanın özünü dərki, özünü tanıması üçün Allahı doğru dəyərləndirib ortaya çıxardır. Bizə sunulan Allahın Mütləqə bərabər olmadığını kanıtlayır (sübut edir). Bizə deyir, Mütləq dünyaya Yüksək (ali) ruhani gözəlliklər gətirən qüdrətdir. Dünyanın dünyadan artıq bir Mənası dünyada bütün gözəlliklərin üzə çıxmasına nədən olan bir məsələdir. Bu gözəllikləri insan öz varlığında kəşf eləməli, üzə çıxarmalıdır.
Beləcə, biz Asif Atanın ruhaniyyat məktəbində insan-dünya-Allah bağlılığını doğru dəyərləndirib, doğru qiymətləndirib bir sonuca varırıq. Bu bizim üçün artıq yeni bir yaşam səhifəsi yaradır. Biz demirik, “dünya belə gəlib, belə gedəcək”, ya da başqasının ağgünlü, ya qaragünlü yaşaması məni ilgiləndirməz demirik. Çünkü bu dediklərimiz birbaşa bizə bağlı bir məsələdir. Mənim ağgünlü, ya da qaragünlü yaşamağım bütün bəşəriyyətə özgündür. Bir insanın faciəsi bəşəriyyətin əksilməsidir. Bu həqiqətləri öyrənəndən sonra dünyada yaşamağın gözəlliklərini anlayırıq. Bunu anladığımız üçün Ocağı 25 ildir yaşadırıq. Yenə deyirəm, başqa qurumları fayda üçün yaşadırlar, ona maliyyə ayırırlar, onun arxasında dururlar. Bizim arxamızda duran, bizə mailiyyə ayıran heç kim yoxdur. Biz özümüz eləyirik, boğazımızdan kəsib eləyirik. Niyə eləyirik, – Ocaq adlı bir dünya yaranır, bu dünyada biz özgür nəfəs alırıq. Yaşamağın nə demək olduğunu bilirik. Ocaq dünyasından qıraqda biz özgür yaşamaq görmürük…
Ocağa gəlib gedənlər olub. Ocağa gələn bəlli bir umudla gəlir. Atanın dediyinə inanır. Ancaq özü Ocağın dediyi kimi ola bilmir. Olmamaq – getdikcə azalmaqla, qırağa durmaqla sonuclanır. Dünən sən dünyaya inanırdın, dünyanın gözəlləşəcəyinə inanırdın, onun uğrunda mübarizə aparacağına güvənirdin. And içmişdin mübarizə aparmağa. Sən bu gün bu inamdan uzaqlaşırsan (yəni əslində özünə inanmırsan). Sən bu gün bu inamdan uzaqlaşmısansa, sənin üçün artıq heç nəyin dəyəri qalmır. Ona görə ayrılan ən pis səviyyələrə belə yuvarlana bilir. İnsanın iç dünyası boş qalanda, inam sarsılanda, o, hansısa uğurlu addım atmaq, gözəllikləri ömrünə gətirmək, yaşatmaq gücünü itirir. Ocaqdan gedənlərin çoxu toplumun durduğu düzəydən daha da aşağıya, geriyə yuvarlanır. Toplum indiyə qədər necə yaşayıb elə də yaşayır. Ancaq kimsə onun içindən çıxıb bu ünvana gəlirsə, bu ünvana dayanıb, inanıb, güvənib bir yerə qədər addım atırsa, sonra birdən-birə inam verən yerlə üzülüşə  bilirsə, inam olmayan yerdə (toplumda) daha da bataqlığa gedib düşür. Ona görə yükün altına girmək sorumluluq məsələsidir. “Olmaq” məsələsi var. “Olmaq” nədir?! Biz törənlərimizdə hesabat veririk, söz deyirik. Bizim törənlərimizdə söz deməyimizlə, bizdən qıraqda keçirilən iclaslarda, konfranslarda deyilən sözün fərqi nədir?! – Baxın, fərqi təkcə anlayışlarla bağlamaq olmaz. Məsələn, mən “Mütləqə İnam” deyirəm, “Ruhani cəmiyyət” deyirəm, filan şey deyirəm, ancaq konfransdakı bir ayrı şey  deyir. Fərq o deyil. Genel götürəndə, Ocaqda da ola bilər nəzəriyyə deyilsin, konfranslarda, iclaslarda da. Əgər Ocaqda da nəzəriyyədən danışılarsa, onda bunlar arasında böyük bir fərq yoxdur. Çünkü bu danışma nəyəsə başlanğıc vermir, dəyişiklik yaratmır. Sadəcə olaraq, informasiya, bilgi yaradır. Mən nə demək istəyirəm, əgər bir sözü deyən adam özünün bu gününə qədərki yaşantılarını təsvir eləyə bilirsə, aydınlaşdıra bilirsə, onu doğru-düzgün anlada bilirsə, bu o deməkdir, yaşayıb. Özü də şüurlu şəkildə yaşayıb. Yox, əgər insan öz yaşantılarını təsvir eləyə bilmirsə, onu doğru-düzgün çatdıra bilmirsə, onu aşiqanə bir hal ilə izhar eləyə bilmirsə, bu o deməkdir, o, şüursuz yaşayıb. Əslində yaşamayıb. Məsələ burasındadır ki, insan dediyi sözü hardan deyir,  – nəzəriyyədənmi deyir, ömründən, içindən, yaşantılarındanmı?! Fərq məsələsi budur. Eşitdiklərini, oxuduqlarını, qulağın çalanları deyirsən, yoxsa canlı yaşantılarını deyirsən?! Canlı yaşantını ifadə eləmək bir ayrı şeydir. Fərq ordadır. Yoxsa Ocaqla başqa qurum arasında nə fərq olar ki?! – O öz nəzəriyyəsini deyir, bu da öz nəzəriyyəsini. O da dəyişiklik yaratmır, bu da. Ömürdə dəyişiklik yaratmır, münasibətlərdə dəyişiklik yaratmır. Fərqi yaradan yaşantıdır, mübarizənin sağlam özüllərə dayanmasıdır. Ocaq ruhaniyyatı insana yaşamaq öyrədir. Həm də insandan yaşamaq tələb edir. Yaşadıqlarını dilə gətirmək, yəni hesabat vermək tələb edir.
Gəlin belə bir şey deyək, biz tarixdə bizə gəlib çatmış böyük şəxsiyyətlərin adını, həyatını bilirik. Ən çox sevdiyimiz Nəsiminin adını çəkə bilərik. Nəsimi təkcə dediyi sözə görə bu günə gəlib çıxmayıb. Axı Nəsimi kimi o dövrdə, nəzəriyyədən danışan, başqa adamlar da olub. Nəsimi öz ömrünə, yaşantılarına görə bu günə gəlib. Dediyi sözü gerçəkləşdirdiyinə görə, dediyi sözün arxasında durduğuna, ona yiyə olduğuna görə bu günə gəlib çıxıb. Gərək dediyin sözə yiyə olasan, onun arxasında durasan.  Məsələn, bizdən qıraqda nə qədər yaraşıqlı danışan adamlar görürük, tanıyırıq. Ona görə də, istər tarixdə, istər bu gündə olsun, ordan-burdan söz dənləyib, onun-bunun sözünü, ən yüksək səviyyədə belə, bizə deyən adamlar bizi aldada bilmir. Biz o sözün hardan gəldiyinin fərqinə varırıq. O söz yaşanırmı, onun arxasında ömür varmı, yoxmu, bilirik. Bu söz quru nəzəriyyə kimimi deyilir, – biz onu bilirik. Ona görə heç kim bizi ordan-burdan yığdığı sözlərlə aldada bilməz.
Bizim tanıdığımız adamlar arasında da var, yaxşı əzbərçilik yetənəyi (qabiliyyəti) var, danışanda elə bil kitab oxuyur. Ancaq sən bilirsən ki, bu onun qulaq yaddaşıdı, ömründən gəlmir. Heç birinin arxasında durmur, heç birini yaşamır. Sosial şəbəkələr doludur, o qədər bəzəkli sözlər var. Bunu bizim keçmiş amaldaşlarımızın statuslarında da görə bilərsiniz. O qədər bəzəkli şeylərin arxasında balaca bir böcək parıltısı da yoxdur. Ona görə məktəb yaratmaq ayrı şeydir.
Mən indi lap sözümün başına qayıdıram. Biz Asif Atanın ölümündən sonra 26 ildir Ocağı yaşadırıq. O cür parıltılara, bəzəklərə görə Ocağı yaşada bilməzdik. Bu cür içdən bağlı olmasaydıq, Ocaq bizim üçün məktəb olmasaydı, bizim mürşüdümüz, öyrətmənimiz olmasaydı, boş-boşuna deməklə deyil, bizim gücümüz qalmazdı, cəsarətimiz çatmazdı 26 il bir qurumda yol gedək. Qeyrət məsələsi yaranır burda. Bu məktəb qeyrət yaradır. Bu məktəb ləyaqət yaradır. Bu məktəb inam yaradır, insani münasibətlər uyumu yaradır, doğmalıq güvənci yaradır. Kələ-kötür nə varsa, ortadan qaldırır, münasibətlərdən silir. Ona görə nə qədər yol yoxuş olsa da təntimirsən. O yolu sevə-sevə, qura-qura, qurula-qurula gedirsən. Ocaq belə bir məktəbdir, belə bir yoldur. Biz 45-ci ilimizin qarşısında belə bir məktəb yaratmağımızla, daha doğrusu, gəlişdirib davam eləməyimizlə qürur duya bilərik. Əlimizi ürəyimizin üstünə qoyub deyə bilərik, biz yol gəlmişik. Biz özümüzü aldatmamışıq. Hər birinizin Yeni İli qutlu olsun. Hər birinizə yeni yaşam gözəllikləri, kəşf gözəllikləri diləyirəm.
Atamız Var olsun.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən də hamınızı Yeni İl münasibətilə ürəkdən qutlayıram. Hamınıza birinci növbədə can sağlığı, onunla yanaşı Amalımıza – Ocağımıza uğurlar gətirməyinizi arzulayıram. Gətirmisiniz, yaşatmısınız bu çağa qədər. Bundan sonrakı uğurlarınız daha da bol olsun. Yeni ilin əhval-ruhiyyəsini biz qabaqlar yaşamışıq, toplumda olan halla bağlı. Yeni il gələndə gerçək aləmdə bəlli dəyişiklik olurdu (Novruz bayramını deyirəm). Millətimizin adət-ənənəsi olan Yeni il. Ən çox balacalar sevinərdi. Çünkü həmin vaxtı balacaların əyni təzələnərdi. Bayrama 10-15 gün qalmış, 10-15 gün də bayramdan sonra elə bil insanın içində işıq olardı. Elə bil insanın ruhunda işıq olardı. İnsanlar bir-birini qutlayardı, hamısının üzündə təbəssüm olardı. İndi bizim Yeni İlimiz Günəş Ayının 1-idir. Burda gerçək dəyişiklikləri düşünmürük. Bu artıq bizim içimizdə olan dəyişiklikdir, içimizdə olan işıqdır, Günəşdir. Simamızda olan işıqlı təbəssümdür. Mən bir daha bacı-qardaşlarımıza belə qutlu günlər fərəhi diləyirəm.
Mən özüm gerçək həyatımı belə bir bütövlük üstə qura bilməmişəm. Ancaq həmişə həyatda amalla nəfəs almışam. Gedəndə də mənim çöldə dözümüm olmayıb. Çöldə məni cəzb edən, cəlb edib özündə saxlayan elə bir qüvvə olmayıb. Elə bir güc görməmişəm. Ancaq Ocağa səmimiyyətlə, ruhla bağlılığım olub içimdə. Çaşdırıcı məqamlarım çox olub, indi də var. Onların biri odur ki, keçmişdən qopmağım çətin olur. Elə bil itirilmiş ömür kimi. Bu boyda ömür verilir insana, kainat hardan gəlir, hara gedir. Kainat sonsuzdur, mən bu sonsuzluğa bir dəfə gəldim. Bu bir dəfə gəlməyimlə də öz ürəyimdə, Ocaq yönündən, insanlıq baxımından deyirəm, düşündüyümün bəlkə də mində birini yaşamadım. Yaşamamaq məni ağrıdır. Soylu qardaşımla bu yöndə  geniş, gözəl söhbətlərimiz alınıb. Çox sərbəst qonuşuruq. Mərasim vaxtı adam istəyir danışığını, sözlərini qəlibə sala, yön verə. Ona görə izharım tam istədiyim şəkildə alınmır.
Mənim xalqlaşma əməlim də olur. El-obadan bir gənc Amerikaya gedəsi oldu. İmtahandan keçdi, indi ordadır. Onunla geniş söhbətimiz oldu. Türkçülükdən, dəyərlərimizdən, kədərlərimizdən danışdım, ardıcıllıqla. İkimiz də düşüncələrimizi dedik. Soylu qardaşımızın kitabını, başqa Ocaq ədəbiyyatı verdim ki, orda vaxtın olanda oxu. Orda azərbaycanlılar arasında Ocaq adlı bir qurumun, ruhani cəmiyyətin olduğunu de, orda ünsiyyətdə olduğun adamlar da eşitsinlər, anlasınlar.
Burda iş axtarmaq üçün bir şirkətə getdim. Orda məni cəzb edən bir şey oldu, ordakılar cavan adamlardır. Onlarla söhbət eləmək olur. Onlarla həyat baxımdan, ticarət baxımından işlər nizamlanır, ancaq mənim amalımız baxımından da söhbətim oldu. Tək-tək adamlarla da söhbət etmişəm. Birində güclü maraq yaranıb, məndən kitablar istədi. Dedim, səni Ocağın Yükümlüsü ilə görüşdürərəm istəsən. Dedi, kitabları oxuyub bələd olum, sonra görüşək.
Xalqlaşma əməlim, demək olar, bütün Ocaqçılar kimidir. Hara ayağımızı basırıq, sözün, söhbətin yönünü gətirib çıxarırıq amalımıza. Nə dərəcədə qəbul edirlər, etmirlər, bu artıq görüşdüyümüz adamların səviyyəsindən asılıdır. Mən düşünürəm, Mütləqə İnam Dünyabaxışı ən çox kütlənin böyük çoxluğu olan sadə insanlara gərəkdir. Sadə insanların düşüncə tərzini təhlil edirəm, bu insanlar necə düşünürlər. Dövlətin bu qədər televizorla, mətbuatla təbliğatları var. Bu təbliğatlar sadə insanların bu qulağından girib o qulağından çıxır. Çünkü bilirlər yalandır. Üzdə qorxsalar da , etiraz etməsələr də, deməsələr də, heç kəs bu təbliğatlara inanmırlar. Bilirlər, başdan-ayağa yalandır, riyakarlıqdır, ikiüzlülükdür, məkrdir, hiylədir. Bunu hamı başa düşür. Baxırsan dağın başında ayağında qaloş, nimdaş paltar geyib, ancaq siyasətdən danışırlar, təhlil edirlər necə olmalıdır. İnsanların içində üsyan var. Mən özümə gətirib çıxarıram. Mən özüm də o sadə insanlardan biri kimi düşünürəm, o üsyan mənim də içimdə var. Amal baxımından onun həqiqətinə necə yetim mən. Bilirik, bayaq qardaşımız da dedi, bu vaxta qədər olan inamlar, ideyalar yarımçıqdır. İnsanın, toplumun xoşbəxtliyi üçün əsas vermir. Ancaq bizim amalımızın qələbəsi yaranarsa insanlar bir arada xoşbəxt yaşaya bilərlər. Yaranmazsa sürünmək insanların alın yazısı kimi olacaq.
Ən çox özüylədöyüş yolunu bütöv keçmək istəyirəm. Bu il dönüş yaratmağa çalışacam.
Atamız Var olsun.

Soylu Atalı: Qardaşımız düşündürücü bir şey dedi. İnsanın dünyaya gəlişi, Dünya sonsuzdur, Sonsuzluğa ayrı-ayrı insanlar gəlir, sonsuzluğa qovuşub qala bilmir, sonsuzluqda ötəri görünüb yoxa çıxır…  – Elə Ocaq da insana onu deyir, dünyaya gəlirsən, çalış qal, getmə. Əgər gedəcəksənsə söz yox, sənin nə xoşbəxtliyindən, nə də nəyəsə yaramağından söz gedə bilməz. Bir az kobud çıxmasın, Sonsuzluğa hər şey gəlir, qarğa-quzğun da, qarışqa da gəlir.  Milyonlarlar gəlir, yox olur. Kim deyə bilər, 15-ci yüzildə hansı həşərat olub, hansı pişik olub. Ancaq insan barədə deyirsən. Məsələn, 15-ci yüzildə Nəsimi olub, ya filankəs olub. Deməli, o, sonsuzluğa gəlib, sonsuzluğa qarışıb qalıb. Sonsuzluqda qalıb. Sonsuzluqda qaldığına görə sonsuzluğa gedir. Ocağın anlatdığı, öyrətdiyi həqiqətlər budur. Söz yox, bunu təkcə Ocaq anlatmır. Ocaqdan qabaqkı ideyalarda da belə şeylər vurğu olunub. Ocaqdan qabaq da dünya ilə, insanla bağlı tövsiyələr verilib. Harda nə qədər doğru olub, əyri olub bu məsələnin başqa bir yönüdür. Ancaq bütün çabaların hamısı ondan ötrüdür, sonsuzluğu dərk elə, sonsuzluqla iç-içə ol, yaşa. Bütün çabalar var olmaq çabaları deyilmi?! Var olmağın başında da Atanın Amalı gəlir. İnsanı var olmağa çağırır, onun var oluşu ilə uğraşır. Bu böyük, gözəl mübarizədir. Həm də ən gözəl mənzərədir, görsənişdir, ilahi bir mənzərədir. İnsanın var oluşu məsələsi, gəlirsən sonsuzluğa, sonsuzluq qədər böyüyürsən. Sonsuzluq məzmununu açırsan, kəşf eləyirsən, Sonsuzluğa gedirsən. Bu, çox az hallarda olur. Ancaq çox fərəhverici bir məsələdir. Bütün insanlara bu qismət olmur əlbəttə. Biz seçim eləmirik filankəs olacaq deyə. Təsəvvür elə, bir fərd olaraq, sənin bəlli bir başlanğıcın var, ancaq sonsuzluğa gedirsən. Adam onu düşünəndə böyük bir fərəh halı yaranır. Dünya mənaca nə qədər gözəldir. Kainatın nizamı nə qədər gözəldir, nə qədər dolğundur. İnsanı çəkib aparır.
İnsanın qarşısına o qədər suallar çıxır, ancaq bu suallardan çox qaçırlar, yayınırlar. Qorxurlar o suallara cavab verməyə. Çünkü çox adam özünün kim olduğunu boynuna almaq istəmir. Cılızdır, balacadır, onun sonsuzluqla işi yoxdur. Başını salıb aşağı bəsit işlərilə uğraşır. Bu suallar niyə çıxır qarşına, bu suallara cavab vermək gərəkdir. Onlardan qaçıb gizlənmək gərək deyil. Bu sualları doğuran insanlığın sirləridir, sonsuzluğun sirləridir. Bu suallara cavab tap, sonsuzluğu tanı. Çox qeyri-adi bir məsələdir.

Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün Ocağın 45-ci Yeni il törənində hamınızı qutlayıram. 45 ilin 25-ci ilidir, mən Ocaqdayam. Ocaqda varam deyə bilmirəm. Çünkü son illərdə ömrümdə həyat daha çox üstünlük təşkil elədi, nəinki amal. Ocağa, Ocaqçılara sevgimdə, Ocağı dərkimdə, inamımda azalma yoxdur. Yəni həmin potensiyadır, həmin imkandır. Bilirəm ki, gec-tez yenə o külün altından alovlanma yaranacaq. Ona əminəm mən. Bu ildən çox şeylərə yetmək istəyirəm. Bunu arzu kimi demirəm, həqiqətən bir gözləntim var özümdən. Bu həm də məndə bir dönüş ili olmalıdır. Sarsıntılardan çıxmalıyam. Ömrümdəki düyünləri açmalıyam axır ki. Ocağımız Var olsun.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Söhbətimizin davamı kimi hamımızı qutlayıram. Söz yox, yenilənən yaşayır. Yenilənməyən nə varsa, ya ölümə məhkumdur, ya da, ən azından köhnəlir. Qardaşımız dedi, uşaqlıq çağlarında yəni o dönəmlərdə bayramı necə qarşılayardıq. Bayram bir olurdu, Novruz bayramı. İnsanlar da ona köklənirdi. İndi bayram bayrama qarışır, hamısı da süfrə ilə məhdudlaşır. Əgər bayramda bəzəkli süfrə varsa, onu yaxşı bayram sayırlar. Bizə ən adi şeylər qeyri-adi gəlirdi. Təzə paltar almaq, təzə əhval vardı, hərtərəfli keçirdi Novruz bayramı. Bayram, doğrudan da, gözəl şeydir. Ancaq Bayram insanın içini, sifətini, gözlərini işıqlandırmırsa, kiminləsə dostluq, ünsiyyət halı yaratmırsa onun  nəyi bayramdır…
Özümlüyümə doğru addımlarım necə olub – daim özümü nəzarətdə saxlamağımla, daim özümü təhlil eləməyimlə, əməli təsdiq eləməyimlə. Bu halda mən özümü bir Ocaqçı kimi sorumlu sayıram. Mənim ömrüm adi ömür deyil. Qoy təvazökarlıqdan uzaq olsun, ancaq bu həqiqətdir. İllərlə Asif Atanı, eləcə də Soylunu dinləmiş, Ocaq əhvalında, Ocaq dünyasında yaşamış bir insanın, nə qədər qocalsa da, həm həyat eşqi, yaşamaq eşqi, həm də mübarizə əzmi özünü saxlayır adamın ömründə. Mən Ocaqda kimlərlə ünsiyyətdə olduğumu danışanda ürəyim sinəmə sığmır. Əhvalıma əzəmət gəlir, daim əməllərə can atıram. Ömrümü bu əhvalda qoruyuram. Özümlüyümə doğru addımlar sayıram bunu. Çünkü bir an əzmdən dayananda, bir an mübarizədən qalanda elə bilirəm yaşamıram.
Sonra Ruhun tələbi. Dünyadan, həyatdan üstün yaşamaq. Bəşəriyyət tarixində də belələri olub. Başqa millətlərin şəxsiyyətləri üstün yaşayıblar. Biz həmin şəxsiyyətləri sevirik. Nə yaxşı bu insanlar olubdur. İnsanlıq deyilən bir hal ölməyib. Bunun davamı kimi Ata Gəldi dünyaya, Ocaq yarandı, Soylu gəldi dünyaya. Birdən az qalıram Soyluya sual verəm, Asif Ata olmasaydı, sən belə bir Ocaq yarada bilərdinmi? Bəlkə də bilərdin, səndə o potensiya var…
 Atamız Var olsun.

İnamlı Atalı: O sualı dünən mən də soruşmuşam… Qardaşımın sözünə qüvvət, mən də düşünmüşəm. İnsan əsir düşə, məsələn, Babək. Əsir düşəndən sonra təklif oluna ki, gəl sənə sərkərdəlik verirəm. 22 il sən bunlara qan uddurmusan. Bunlar səni bağışlayır, çünkü sənin  qoçaqlığın, zirəkliyin ona gərəkdir. Sən ölümü seçirsən. İndiki partiya öndərlərindən birinə deyəsən, mübarizəni qoy qırağa, gəl səni icra başçısı göndərim, görəsən o necə edər?!  90-cı illərdə belə hal olmuşdu. İki yüz min manata mübarizəni satan olmuşdu. Doğrudan da, Nəsimini, Babəki dərk eləmək üçün gərək o halı yaşayasan. Yoxsa elə-belə Babəki dərk eləmək olmur, niyə tikə-tikə doğranmağı qəbul elədi, bu boyda təklifi qəbul eləmədi…

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ocaqda daha bir ilimiz geridə qaldı. Nə dəyişdi bu bir ildə, nə əldə etdim, nəyi bacarmadım. İl içində dəyişən nə olubsa gündəliyimdən görünür. Son bir ilə nəzər salanda özüm-özümə təəccüb etdiyim də oldu. Çox tez-tez halımı, duyğularımı ifadə etməyə çalışmışam. Çoxunda da etiraflar var. Oxuduqca fərəhləndim, çünkü doğrudan da, ilin başlanğıcından görünən etiraflar sonra aradan qalxıb. Narahat olduğum məqamlar da oldu. Bəlkə də yazanda heç bu dərəcədə fərqinə varmamışam, etiraf olunan, ancaq təkrarlanan məsələlər də var. Yəni elə cəhətlər var, sadəcə etiraf etməklə yetərlənmişəm, aradan qalxmayıb. Bu da iki yöndə özünü göstərir. Birincisi sırf mənim iradəmin zəifliyi ilə bağlıdır. İkincisi isə tam olaraq aydınlaşdıra bilmədiklərimdir. Bəzi şeyləri öz üzərimə günah kimi yıxmışam, ancaq əslində bəzi şeylər yaşandıqca aydınlaşır. Məsələn, ola bilməmək, bacarmamaq həyəcanı var məndə. Elə bilirəm kiminsə soruşduğuna yetərincə cavab verəcək gücüm yoxdur. Özüm düşünürəm, soruşulması ehtimal olunan suallara tam cavabım da var. Ancaq öz-özlüyündə düşünməklə özümə inamım tam bərpa olmur. Gərək bu insanlarla ünsiyyətdə ifadə oluna ki, özümə inanam. Elə şeylər var, deyirəm, məndə artıq aradan qalxıb. Ancaq məqam gələndə görürəm yenə var. Əslində sorunun hardan qaynaqlandığını da bilirəm, hardan yanaşsam eyni nöqtəyə gəlib çıxıram.
Bir də halın sabit qalması məsələsi. Bir dəfə Ailə Günündə demişdim bunu. Yazanda, oxuyanda yaranan düşüncəm, həvəsim bəzən elə yazıb oxuduğum yerdə də qalır. Özünü ifadə eləmək gərək olanda eyni halda, eyni həvəsdə ola bilmirəm. Yəni o halı içimdə daimi hala çevirə bilmirəm.
Söhbətlərimizin birində Soylu bəy belə bir cümlə işlətmişdi: “mən dünyanın dərdləri ilə uğraşmaqdan fərəh duyuram”. O zaman anlamamışdım, eləcə də qeyd etmişdim bu cümləni. Çünkü Soylu bəyin dediyi bir çox şeyi yaşadıqca anlayıram. Düşünürəm ki, bu elə mən dediyim halın sabitliyi məsələsinə bağlıdır. Gərək özünü tam təsdiq edəsən, o sabitliyə yetəsən ki, dərd insan üçün ağırlıq gətirməsin. Mübarizə gücü gərəkdir buna. Dərdlər bəzən çəkilməyəcək qədər ağırlaşır içimdə. Lap böyük sorunları nəzərdə tuturam, müharibələr, dağıntılar, fəlakətlər. O qədər qarışıqdır dünyanın durumu, hiss edirəm ki, bu sorunlar məni içinə alır. Özümdə güc tapa bilməyəndə halım enir aşağı. Doğrudur, zaman içimizdə filan müharibənin, filan fəlakətin ağrı-acısını azaldır. Ancaq İnsanlığın ard-arda gələn faciələri zamana da meydan oxuyur elə bil. Ona görə burda mənim üçün iki yol görünür. Ya dərd insanı içinə alıb yoxa, heçə çevirir, ya da insan dərdi içinə alıb onunla uğraşmaq gücünə yiyələnir. Bu düşüncələrimi qısaca qeyd etmişəm:
Sevinci, kədəri, nisgili, həsrəti ilə gözəldir həyat. Sevincini, kədərini, nisgilini, dərdini müqəddəsləşdirmək, yaşamaq istəyirəm. Ancaq bəzən duyğularım gerçəkliyin olayları qarşısında uçulub dağılır. Bəzən həyatın çətin yanları böyüyüb soruna çevrilir. Nəyisə gəldiyi kimi qarşılamaq gücümü itirirəm. Ancaq hər dəfəsində döyüşüb gücümü geri istəyirəm. Həyatın tərs üzünə məğlub olmaq, ora sürüklənib yoxluğa çevrilmək istəmirəm. Çətinliyi yenmək, ondan dərs almaq, ucalığa bağlanmaq istəyirəm. Mənə elə gəlir, mənim bütün axtardıqlarım bu döyüşdə cəmlənib. Xoşbəxtlik də bu döyüşdə qalib gəlmək gücünü qazananda yaranır.
Atamız Var olsun.

Bilən Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Yeni ilimizi qutlayıram. Bu il bizə uğurlu olsun. Özüm haqqında bir neçə söz demək istəyirəm. Çox vaxt insanların davranışlarından gərginləşirəm. İnsanlara qarşı ürəyimdə, düşüncəmdə nifrətim yaranır. Bunu gizlətmək istəmirəm. Bütün bunlar onların yaşam tərzinə görədir. Sonra halım dəyişir, anlayıram ki, bu düşüncədə olmaq yanlışdır. Mən Asif Atanın ideyalarına bağlı insanam, ancaq mənim düşüncələrim tam Ocağın qurallarına uyğun deyil. İnsanlar niyə belə yaşayır, niyə düzgün yaşamır, niyə əyridir, niyə əyriliyə baş əyir deyə aqressivləşirəm. Ziddiyyətli hala düşürəm. Bu baxımdan həmişə əziyyət çəkirəm. Çıxmağa çalışıram.
Özümə də sual verirəm, bilirəm yanlışdır. Mənə sual da verirlər ki, niyə çox adamla ünsiyyət qurmursan. Mən baxıram, bu qədər söhbətdən sonra insanın düşüncəsi dəyişmir, elə həmin düşüncədədi, müsbət tərəfə dəyişmir. Mənə çətinlik gətirən bu məqamlardır. Vətən düzəlməlidi, qanunlar işləməlidir, dövlət olmalıdır, öz milli dəyərlərinə sahib çıxmalısan. Buna qarşı heç kim dirəniş göstərmir, deyir hər şey yaxşı olacaq. Eybəcərlik həddindən artıq çoxdur. İstəyir səni özünə çəksin. Mən Azərbaycanın düzəlməyinə inanmaq istəyirəm. Əvvəllər deyirdim siyasətlə düzələcək. Sonra anladım ki, mümkün deyil. Ruhaniyyatla düzələcəyinə inanıram, sadəcə ömrümdə oturuşdurmaq istəyirəm. Hamı eybəcərliyi evinə qədər daşıyıb. Çalışıram uzaq olum.
Atamız Var olsun.

Soylu Atalı: Məndə duyğular çox güclüdür. Hər bir duyğu hal yaradır. İstər iş yerimdə, istər başqa yerlədə həmişə izlədiyim yerişlər var. Gedişlər, gəlişlər. Bir adam bir işin dalınca gedir. Hər dəfə gəlib yanımdan gedir. Sanki o gəlişə, gedişə gözlərim öyrəşib. Sanki o gəliş-gediş, təkrarlanan yeriş olmasa dünyadan nəsə əksilər. Sanki hər şey mənim üçün var, məndə duyğu yaratmaq üçün var. Hər şey mənim varlığımla bir harmoniya əmələ gətirir. Elə bil bu adamlardan biri ilə ünsiyyətim korlansa nələrsə başa çatar, qurtarar, dünyadan nələrsə əksilər.
Məndə belə bir hal var. Kim necə olacaqsa, özüylə nəyi qəbrə aparacaqsa özü bilər. Mən onun yaxasından tutub oldura bilmərəm. Mən hər kəsə deyirəm sözümü, çağırışımı da edirəm. Kim eşidəcək gələcək, kim eşitməyəcək gəlməyəcək. Mən özüm necə yaşayıram, dünya mənim özüm üçün nə deməkdir… Öz məsələsi… Ocaq odur. Hər birinizə deyirəm, başqalarından tələb eləməyin, yorularsınız. Özünüzdən tələb edin. Özünüzdən tələb eləsəniz, görəcəksiniz başqaları sizdə aqressiya doğurmur, qıcıq doğurmur. Təəssüf hissi yaradır, qayğılandırır, düşündürür, ancaq acıq, aqressiya yaratmır. Aqressiya ürəyi üzə bilər. Mən kiməm, mən nəyəm, mən necə yaşayıram, yaşayıram, ya yaşamıram, məni nə fərəhləndirir, mən məni fərəhləndirəcək bir şeylərin peşindəyəm. Fərəhləndirəcək bir şeylərlə uğraşıram ki, ömrüm bitsin, zənginləşsin, qalsın, sonsuzluğa qarışsın. Hər yerdə də sözümü deyirəm. Qulağı olan eşidəcək, ürəyi olan duyacaq, qulağı olmayan eşitməyəcək, ürəyi olmayan duymayacaq. Özü bilər. Heç nəyə heç kimi zorlaya bilməzsən. Ən çox adam özündən tələb eləyəndə dünya qurular. Dünya harda qurulur, mənim ömrümdə, içimdə. Dünya məndən başlayır, hər şey məndən başlayır. Bu prinsip dərk olunmasa çətin olar. Ocaqçılıq çətin olar. Ona görə deyirəm, yoxdurmu bizim çevrəmizdə, qohumumuzda, iş yerimizdə, o qədər yaramaz adamlar var ki. Heç birinə mənim içimdə iynənin ucu qədər nifrət yoxdur. İçimdə məni narahat eləyən nə varsa ona nifrətim var. Şərə qarşı nifrətim var. Bu bizim başlıca prinsipimizdir, daxili şərlə döyüşmək məsələsidir.  Özün olmaq məsələsidir. Böyük insanlar, mürşüdlər başqalarına acıqlanmır, başqalarını çağırır. Gəlsələr də çağırır, gəlməsələr də. Bizim işimiz çağırmaqdır. Ata deyir ki, Məhəmmədin ən böyük suçlarından biri (bu ifadə ilə demir mən ideyasının canını deyirəm) insana acıqlanmaq idi. İnsana acıqlanırdı, insanı sevmirdi. İsa Məhəmməddən, bu cəhətdən, yüksəkdə durur. İsa insanı sevirdi, Məhəmməd acıqlanırdı, hədələyirdi. Allahın adından hədələyirdi. Guya Allah hədələyir, səni öldürəcəm, cəhənnəm əzabı verəcəm. Hamısı Məhəmmədin kini idi, acığı idi. İnsanların onu eşitməməsinə qarşı tələskən verdiyi qərarları idi, nifrəti idi. Ona görə Məhəmməd bəşəriyyətin mürşüdü ola bilmədi. Ona görə müsəlman dünyası bu günə qaldı. Asif Ata bəşəriyyətin mürşüdüdür. Bizim körpəcə balamız gözümüzün qabağında evimizin içində nə qədər dəcəlliklər eləyir. Çığırırıq da, bağırırıq da, şillələyirik də. Ancaq nifrət eləmirik. Böyüdürük, sevirik, əlini-ayağını öpürük. İnsana münasibət odur. Hökmdürmü, yalnız öz belindən gələnə, öz qarnından çıxana o cür münasibət bəsləyəsən?! Mən dəfələrlə demişəm, biz təkcə öz belimizdən gələnə ata-analıq eləməli deyilik. Öz belimizdən gələnə ata-analıq eləyə bilərik. Əgər o yoxdursa, onda xalqa ata-analıq elə, dəyərlərə ata-analıq elə, gələcəyə ata-analıq elə, genelbəşər övladına atalıq-analıq elə. Gör nə qədər böyüyürsən, gör nə qədər zəngin olursan, gör nə qədər için dünya boyda olur. Daxili dünya o deməkdir, bu dünyada hər kəsə yer var. Sevgim dünya boydadır, bütün dünyadakılara bəs eləyir. Ruhaniyyatın tələbi, yaratdığı budur. Ruhaniyyat bu deməkdir, insan da bu deməkdir. Yanımızdan yanlış ötənə içimizdə bir anlıq acıq yarana bilər. Doğaldır, sinir sistemimiz var, ola bilər. Ancaq bu bizim dünyaya baxışımızın ölçüsü deyil, olmamalıdır. Biz dünyaya yeni soraq gətirmişik – insanlaşın- insanlaşdırın, qurtuluşunuz bundadır. Biz belə bir soraq gətirmişik, sorağa arxa çevirə bilmərik. Arxa çevirəriksə, biz yoxuq. Biz qaragünlü olarıq, ağgünlü yox. Ona görə ürəyi nəylə böyüdək, o boyda ideyanın özünü ürəyə yazmaqla. Biz Asif Atanın dediyi hər sözü, ortaya gətirdiyi hər ideyanı ürəyimizə, ömrümüzə yazırıq. Qulağımıza, yaddaşımıza yazmırıq, onu kiməsə nəzəriyyə kimi deyək. Burda insanlaşmaq gərəkdir deyək, sonra da ona Məhəmməd kimi acıqlanaq, nifrət eləyək. Onda heç nəyə yetə bilmərik. Ona görə Atanın yolunu, düşüncəsini, ideyasını hər an incələmək gərəkdir.

44 –cü ilin “Yeni il” hesabatı (Nurtəkin Atalı oxuyur – G.A.)

İlimiz özünəxas dərəcədə əməllərlə zəngindir, çünkü Ömürlər var. Çünkü ömürlər yetkinləşir, daha da Ocaqlaşır. Ata sorağının yayılması artır. Asif Ataya maraq da artır. Bu da Ocağın, Ocaqçıların sabit, davamlı addımlarından doğur.
8 Günəş Ayı, Bilən Atalı Yardımlıdan olan tarix müəllimi Şamxal bəylə görüşümüş, Ocaq, türkçülük yöndə söhbət etmişdir.
31 Günəş Ayı, Soylu Atalı Günev, İnamlı Atalılarla birlikdə Atagün Elinə səfər etmiş, İnam Evində Təvəkkül bəyin təşkilatçılığı ilə ayrı-ayrı şəxslərlərlə görüş keçirilmişdir. Qatılanlara Ocaq ədəbiyyatı bağışlanmışdır. Görüşdən sonra Təvəkkül bəyin evində də qohumlarla söhbət davam etmişdir.
10 Çiçək Ayında Nurtəkin Atalı Soylu Atalı ilə qısa videogörüntü çəkərək youtube kanalında yayımlamışdır.
12 Çiçək Ayında Soylu Atalı Asif Atanın kitablarını oxumaq istəyən Araz Mansurovla görüşmüş, söhbətləşmiş, ona Ocaq ədəbiyyatı bağışlamışdır.
26 Çiçək Ayında Soylu Atalı Dünya Türk Ocaqları Genel Mərkəzi ofisində M.S.Ordubadinin 150 illik yubileyi ilə bağlı tədbirə qatılmış, söz söyləmiş, tədbirə qatılanlara Ocaq ədəbiyyatları vermişdir.
28 Çiçək Ayında Soylu Atalı İnamlı Atalı ilə birlikdə Dünya Türk Ocaqları Genel Mərkəzi ofisində olmuş, Ocaq yönlü söhbətlər etmişlər, ordakılara Ocaq ədəbiyyatları bağışlamışlar.
3 İşıq Ayında Soylu Atalının evində Nurtəkin, Günev, İnamlı Atalılar, İlqar Tağı, Fərman Salmanlı müxtəlif qonularda söhbət etmişlər.
9 İşıq Ayında Soylu Atalı evində atasına “anım günü” keçirmiş, Ocaq yönlü söhbətlər etmişdir. İşıq Ayında Soylu Atalı işlə bağlı təlimdə milli-mənəvi qonularda söhbət etmişdir.
İşıq Ayında Soylu Atalının “Düşünməyin İnam Ölçüsü” kitabı çapdan çıxmışdır.
30 İşıq Ayı, Soylu Atalının evində Soylu, Günev, İnamlı Atalılar  şair Əhməd Fərhadın da qatqısıyla görüşmüşlər, söhbət etmişlər.
4 Şölə Ayında Ocaqçılar Ağstafada Ata Sonevini Ziyarət Günü törəni keçirmiş, Törəndən sonra Ağstafalı Aydın bəyin təşkilatçılığı ilə şair, yazıçı olan qələm adamlarilə görüşüb söhbətləşmişlər, Ocaq ədəbiyyatı bağışlamışlar. 
9 Şölə Ayı, Soylu, Günev Atalılar ateistlərlə görüşmüş, söhbətləşmiş, onlara Ocaq ədəbiyyatı bağışlamışdır.
11 Şölə Ayı, Soylu Atalı 5 adamla bir araya gəlib söhbət edib, onlara Ocaq ədəbiyyatı bağışlamışdır.
6 Qürub Ayında Soylu Atalının evində Nurtəkin, Xan Rəsuloğlu, Mətləb bəy görüşmüş, söhbət etmişlər.
7 Qürub Ayında Soylu Atalı qatıldığı qonaqlıqda Borçalıdan olan 3 adamla Ocaqyönlü söhbət etmişdir.
8 Qürub Ayı, Soylu, İnamlı Atalılar Kanal 13-ün müxbiri ilə görüşmüş, söhbət etmişlər. İki müsahibə hazırlanmış, Kanal 13-də, Təbriz Tv-də yayımlanmışdır. Həmin gün görüşdən sonra Soylu bəy İnamlı qardaşın bacısı oğlunun evində olmuş, onun qohumları ilə bir araya gəlib söhbət etmişlər.
10 Qürub Ayında Soylu Atalı Üzeyir bəylə görüşmüş, söhbət etmişdir.
Soylu Atalının “Ölüm Mütləq Yoxluq deyil” yazısı intenet qəzetlərdə yayımlanmışdır.
Qürub Ayında Soylu Atalı Həmid, Əziz adlı bəylərlə görüşmüş, söhbət etmişlər.
Od-Qürub aylarında Hürriyyət qəzetində Soylu Atalının “Ölüm Mütləq Yoxluq” deyil adlı yazısı yayımlanıb.
11 Qürub Ayında Kanal 13 Tv-də Soylu Atalının müsahibəsi yayımlanıb.
16 Qürub Ayında Bilən Atalı söhbət etdiyi şəxslə görüşmüş, Ocaq yönündə söhbətlərini davam etmişdir.
18 Qürub Ayında Soylu Atalı qonşuda yas yerində milli-mənəvi söhbətlər edib.
21 Ata Ayında “Azərbaycan gəncliyi” qəzetində Soylu Atalının “Varlığa Doğma” yazısı çap olunub.
24 Qürub Ayında Soylu Atalı Rafiq bəylə görüşmüş, Ocaq açısından dərin söhbətlər edilmiş, Rafiq bəyin soruları cavablandırılmışdır.
26 Qürub Ayında Günev Atalı 4 şəxslə Ocaq söhbəti edib, 2 adama Ocaq ədəbiyyatı bağışlayıb.
16 Ata Ayında Soylu Atalı MgTV-də Azərbaycan-Ermənistan qonusu üzərində suallara cavab verib.
Qürub Ayında Nurtəkin Atalı Quba, Şabran, Xaçmaz bölgələrinə səfər etmiş, ordakı Kitab Evlərində olmuş, söhbətlər etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır. Həmçinin H.Əliyev Mərkəzinə, tarix-diyarşünaslıq muzeylərinə də getmiş, söhbətlər etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
29 Qürub Ayında Bilən Atalı iş yerində bir gənclə milli-mənəvi dəyərlər qonusunda söhbət edib.
16 Ata Ayında Soylu Atalı Türkiyənin internet kanalı Mg Tv-nin canlı yayımında Azərbaycan-Ermənistan qonusu üzrə çıxış edib, soruları cavablayıb.
Ata Ayında Soylu Atalının 8-ci  – “Sözün Doğrusu” kitabı işıq üzü görüb.
29 Ata Ayında Soylu Atalı Ocaq rəğbətçisi Rafiq bəylə görüşüb söhbətləşmişlər.
3 Xəzan Ayında Soylu Atalının Türkiyə internet Tv-si MgTv-də çıxışı baş tutmuşdur.
8 Xəzan Ayında Soylu, Günev Atalılar Beyləqana səfər etmişlər, İnam Evində olmuşlar, söhbət etmişlər.
13 Xəzan Ayında Rafiq bəy Ocağa qəbul olunmuş, Ömürtay adı almışdır.  
15 Xəzan Ayı, Soylu Atalı iş yerindən tanıdığı Elçin Kərimli ilə görüşmüş, söhbət etmişdir. Həmin gün Tahir Talıblı ilə də görüşmüş, onun iki qonağının da qatqısı ilə geniş söhbətlər olmuşdur.
15 Yağış Ayında Soylu Atalı MgTv-də çıxış etmiş, suallara cavab vermişdir.
10 Sərt Ayında Soylu Atalının gənclərlə söhbəti olmuşdur.
11 Qar Ayında Soylu Atalı işlədiyi müəssisədə iş yoldaşları ilə Ocaq yönlü söhbətlər aparmışdır. Soruları cavablamışdır.
13 Qar Ayında Soylu Atalı Türkiyə internet Tv-si Mg Tv-də ölkədə, dünyada baş verən siyasi olaylarla bağlı sorulara cavab vermişdir.
20 Qar Ayı, Günev Atalının özünün müalicə həkimi ilə Ocaq söhbəti olmuş, Ocaq ədəbiyyatı bağışlamışdır. Sonra Günev Atalı yas yerində geniş söhbət aparmış, suallara cavab verimişdir.
28 Qar Ayında Soylu Atalı işlədiyi müəssisədə bir qrup adamla milli fəlakətlərimizin nədəni, millətin özünəyadlaşma səbəbləri, millətin dilinin, mədəniyyətinin sıradan çıxarılması, bu günün özündə belə xalqın dilinə, mədəniyyətinə yad yaşamasının nədənləri, eləcə də başqa qonular üzərindən geniş söhbət etmişdir.
30 Qar Ayı, İnamlı Atalı 1 öyrənci ilə Ocaqyönlü, dini qonularda söhbət etmişdir.
Soylu Atalı iş yerində Türkiyədən gələn mühəndislərlə, onlarla bərabər çalışan şəxslərlə gün içində bir neçə dəfə geniş söhbətlər aparmışdır. Azərbaycan-Türkiyə bağlılığı, ümumi milli dəyərlərin Azərbaycan-Türkiyə üçün önəmi, milli şüur, milli kimliyimizə ərəb ideologiyasının basqısı nələrdə özünü göstərir, dil, mədəniyyət, ruhaniyyat qonularında geniş söhbətlər etmişdir. Qar Ayında bu şəxslərlə söhbətlər bir neçə dəfə olmuşdur.
5 Köçəri Ayı, Bilən Atalının 3 şəxslə görüşü olmuş, Azərbaycanın, insanın qurtuluşu ilə bağlı Ocaq yönlü söhbəti olmuşdur.
8 Köçəri Ayı, Soylu Atalı Türkiyəli mühəndislər, eləcə də onlarla çalışan azərbaycanlı işçilərlə din haqqında, dinin insanı alçaltmasının acı sonucları haqqında söhbəti olub.
9 Köçəri Ayı, Soylu Atalı uzaq qohumunun evində olub, geniş söhbətlər edib. Vəhhabilik, dini inanclarına görə insanların hara çağırılması, bəşəriyyətin birgəyaşayış nizamında dinlərin rolu, Allah ideyası, dünyanın indiki durumu haqqında geniş söhbət etmişdir.
10 Köçəri Ayında Soylu Atalı Elmlər Akademiyasının Mərkəzləşdirilmiş kitabxanasına, Bakı Dövlət Universitetinin kitabxanasına, Axundov adına kitabxanaya Ocaq ədəbiyyatları, qəzet buraxılışları bağışlayıb, Ata-Ocaq haqqında bilgi verilib.
13 Köçəri Ayında Soylu Atalının gənclərlə milli, ruhani qonuda söhbətləri olub.
Soylu Atalının MgTV-də çıxışı olmuş, Türkiyədə baş verən zəlzələnin Türk Dünyasını necə etkiləyəcəyi qonusunda sorulara cavab vermişdir.
16 Köçəri Ayı, Soylu Atalı satış mərkəzlərinə kitablar verib, Ağşın Ağkəmərli ilə görüşüb söhbətləşmişdir.
17 Köçəri Ayı, Soylu Atalı iş yerində insan-Tanrı əlaqələri, Tanrının varlığı nə deməkdir, insan nəyə yetməlidir, ədəbiyyatın insan həyatında rolu, nə insana əngəl olur – bu qonularda söhbət etmişdir.
20 Köçəri Ayı, Soylu Atalının iş yerində söhbətləri davam edir.
İnamlı Atalının qonağı olmuş bir riyaziyyat müəllimi ilə uğurlu söhbəti olub, ədəbiyyat bağışlayıb.
Bundan başqa burda qeyd olunmayan olaylar da var. Belə ki, Soylu Atalı hara gedirsə, harda olursa Ocaq söhbətləri aparır. Eləcə də Günev, İnamlı Atalılar istər yas yerində, istər qohumlarla, istər getdikləri yerlərdə Ocaq söhbətləri etmişlər.
Bilən Atalı iş yerində çoxsaylı söhbətlər edir, Soylu Atalıya dəfələrlə görüş təşkil edib.
Göytəkin Atalı tədbirləri kitablaşdırıb, Ocaqçıların yazılarını çap üçün hazırlayıb, sayta ardıcıl yazılar qoyub. İmkan olduqca yörəsindəki xanımlarla Ocaq söhbəti edib. Ocaq tarixini arıdıcıl yazır.
Mənim də tədbir kitablaşdırmam olub. Soylu Atalının kitablarının hazırlanmasında əməyim olub. İl içində səfərim olub.
Törənlər, bayramlar kitabı hazırlanıb, Ocaq günsırası hazırlanıb.
Yeni il doğrudan da yeni duyğular gətirir, yeni üfüq açır qarşımızda. Bayaqdan söhbətləri dinlədikcə düşünürəm, neçə ildir Ocaqdayam. İndi daha yaxşı fərqinə varıram, mən hardayam. Mən Atanı tapmışam. Bu özü də təsadüf deyil ki, mən gəlib Atanı tapdım.

Soylu Atalı: Təsadüfdür Nurtəkin. Tədbirlərdə də belə deyirlər, o gün Tahir bəyin tədbirində də danışırlar, bu bir qanunauyğunluqdur, bu bir təsadüf deyil. Yəni heç bir şey təsadüf deyil, yəni hər şey alın yazısıdır. Elə deyil. Təsadüfdür. Mən təsadüfən gəlib tapdım Asif Atanı, təsadüfən mən olan yerdə görüş keçirdi, mən də getdim ora. Mənim onun yanında sonrakı çalışmalarım artıq təsadüf deyil, bu artıq düşünülmüş məsələdir. Ancaq mənim onu tapmağım təsadüfdür. Burda bir qıraq əlin hökmü yoxdur, heç bir yazı-pozu yoxdur mən bunu tapmalıydım deyə. Asif Ata elə Asif Ata olmalıydı. Heç olmaya da bilərdi. Mən Soylu Atalı olmaya da bilərdim. Təsadüfdür, gəldik Ocağa. Yəni elə bil hamı bu təsadüflərin üstündən xətt çəkməyə çalışır.

Nurtəkin Atalı: Mən, söz yox, Asif Atanın dediyi ideyaların böyüklüyünü o vaxt anlaya bilməzdim. İçimdə onunla doğmalıq da olmasaydı, Atanın yoluna da gəlib çata bilməzdim, ona heyrət edə bilməzdim, sevə bilməzdim. Görürsən elə bir yerə düşmüsən ki, bunu həqiqətən də dəyərləndirmək gərəkdir.  Bayaq da Yükümlünün vurğuladığı kimi “Öz” məsələsi var. Özünə köklənmək, özü olmaq, özünü yaratmaq çox böyük bir yoldur.

Soylu Atalı:  Mən bir haşiyə çıxmaq istəyirəm. O cür “təsadüf deyil” deyən insanların sayı son vaxtlar dinin etkisi genişlənəndən sonra artıb. Razıyam, sənin içində gözəl bir axtarışın var, gedib tapırsan. Gedib pis şeydən yapışmayacaqsan ki. Yaxşı şeydən yapışacaqsan, bu doğaldır. Yoxsa mən, Soylu olaraq, Asif Atanı mütləq tapmalıydım, “mənim içimdə filan şey vardı” deyə bir şey yoxdur. Mənim içimdə heç nə aşkarlanmamışdı. Mən gəlib Ocaqda aşkarlandım. Bu da sırf təsadüfdür.

Nurtəkin Atalı: Bir də belə bir şey var. Doğrudur, mən indi fəalsızlaşmışam. Nə zamansa fəallığın fərəhini görmüşəm. İndi hər şey məni çəkir, əngəl olur. Əngəllər əslində yoxdur, əngəlləri mən özüm yaradıram. Nəyə köklənirəmsə odur. Mən daha çox həyatın qayğısına köklənmişəm deyə bəzi şeylər əngəl ola bilir.

 Soylu Atalı: Bu ayrı məsələ. Burada heç bir ayrıcalıq yoxdur.

Mən İnamlıya da söz vermişəm. Ayda bir-iki dəfə bizim həyətdə toplaşmaq, İnamlı ilə mənim aramda olan söhbətləri geniş şəkildə aparmaq gərəkdir. İnamlının bir cəhətindən özəlliklə razıyam. Çoxsaylı suallar verir, bu da yeni qonuların açılmasına səbəb olur. Uğurlu söhbətlər alınır.  Dünən “Ocaqdan çıxan, çıxarılan” məsələsi ilə bağlı söhbət etdik. Belə bir şey deyim qısaca. Sonra daha geniş şəkildə buna qayıdarıq. Ata niyə deyir, “Ocaqdan çıxan, çıxarılan ölür, ölənlərlə ünsiyyət kəsilir”?! Ocaqdan çıxan, çıxarılan üçün Ocaq öz önəmini itirir. İtirdiyi üçün yenidən qayıdıb onunla Ocaq söhbətləri eləmək, ona vaxt itirmək gərəksizdir. Ata ona görə deyir, “ölü”lərlə ünsiyyət kəsilir. Deyir, buna vaxt itirmə. Çünkü Ocağın içinə gəlib bir şey götürmədisə, yenidən sən ona neynəyəcəksən?! Ancaq istisna hallar da var. Adam var, Ocağın yerişi ilə ayaqlaşa bilmir, gücü çatmır. Atada belə bir təklif olub, ancaq gələnəyə çevirməyib. Elələrinə deyib, sən rəğbətçi qal. Gücü çatanda, vaxtı olanda hansısa Ailə Günü toplantılarına, Bayram tədbirlərinə o da gələ bilər. Mərasimlərə yox. Həm də özü öz gücü içərisində harda, nə söhbət apara bilirsə aparar. Yəni bir rəğbətçi kimi. Mən Ocaqdan çıxanlara təklif edərdim, rəğbətçi olun, düşmən olmayın. Ocaqdan çıxanların çoxu düşmən kəsilir. Ocağın yükünü çəkə bilmirsə, deyirəm get öz həyatını yaşa. Sən mənə niyə düşmən kəsilirsən?! Çox az adam var ki, bir iş görməsə də, rəğbətlə ayrılıb. 
Beləcə Yeni İl Mərasimi bizim köhnə ilimizi arxada buraxdı. Yeni ilimiz bizə böyük sorumluluqlar aşıladı. Bu tədbir özü bir sorumluluqdur. Bizi 45-ci ilin sonuna hazırlamaqdır. Belə bir gediş, nə qədər imkan varsa, zənginləşdirilməlidir. Ocaq fərəhi ilə, Ocaq ləyaqəti ilə yaşamaq həm də xəstəliklərdən qurtulmaq kimi bir şeydir. Fərəhli yaşamaq adlı bir taledir. Sizə başarılar, böyük işlər diləyirəm. Böyük işlər görmək gərəkdir…

…Törənə ruhsal bağışlanmalar sunuldu.
Ocaq Yükümküsü Yol Sözü ilə Evladlıq Nişanələrini Ocaqçılara sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatdı.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Çiçək Ayı, 45-ci il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir