Xəbərlər

Qutsal “Yeni İl” Törənində deyilmiş düşüncələr

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Qutsal “Yeni İl” Törənində deyilmiş düşüncələr

Ocaq Günsırası ilə 1 Günəş Ayı, 39-cu ildə (mart, 2017)  qutsal “Yeni İl” Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağının 39-cu ili qutlu olsun! Bu qutlu gündə söz deməzdən öncə Ataya səcdə qılıram.
Törənimizə qutsal dəyərləndirmələrlə başlayırıq. Ocağımızın 38-ci ilində zəngin, dərin hallar oldu, həm də qüsurlar oldu. Buna baxmayaraq, Ocağımızın bir ili də uğurla başa çatır. Bu ilin uğurlarını yetirən, becərən ömürlər var. Bu ömürlərin hər birinin Ocaq həyatında, Ocaq nizamında öz xətti, etkisi var. Mən bunları Atamızın adından təqdir edirəm.

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!

 Ruhsal Bəlgə

Asif Ata Evladı Nurtəkinin müqəddəsat yaradıcılığı, ruhsal təşkilatçılıq hünəri təqdir olunur. Özündənkeçmə ərdəmliyi dönməz Ocaqçılıq yaşamını təsdiq elədi. Ata qarşısında sorumluluğu artsın, hünəri azalmasın.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

1 Günəş Ayı, 39-cu il.

Nurtəkin Atalı: Ata Ruhu ürəyimdədir! (Bəlgəni alır, Bayrağı öpür – Ö.A.)

 Soylu Atalı:

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!

Ruhsal Bəlgə

Asif Ata Evladı Güntayın ruhsal təşkilatçılıq hünəri təqdir olunur. Ötən ilimizdə Ocağın maddi cəhətdən yerişi ən çox Güntayın özündənkeçmə ərdəmliyinə bağlı oldu. Bu da Ocağımıza özünəxas uğurlar gətirdi. Ata qarşısında sorumluluğu artsın, hünəri azalmasın.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

1 Günəş Ayı, 39-cu il.

Güntay Atalı: Ata Ruhu ürəyimdədir. (Bəlgəni alır, Bayrağı öpür – Ö.A.)

 Soylu Atalı: Eləcə də son ayımızda Göylünün, Türkelin, Ötgünün Ocaq ədəbiyyatı hazırlığı təqdir olunur, Ocağa sunulur. Hünəriniz artsın, böyüsün. Əməli işlərinizi daha da artırın.

Göylü, Ötgün Ataya səcdə qılır, Bayrağı öpürlər – Ö.A.

 

Soylu Atalı: Ötgünün Ocaqgüzarlığı, daha doğrusu, yazı hazırlamağı birinci dəfə idi. O, bu işə ərdəmli, sorumlu çalışdı.
İlimizlə bağlı bir neçə kəlmə söz demək, eyni zamanda bir sıra məsələləri də Ocaqçılara xatırlatmaq istəyirəm. İlimiz Ocağın yaranmasını Atanın elan elədiyi gündən başlayır. Milad ilsırası ilə 1979-cu il, mart ayının 1-i. Ocaq Günsırası ilə 1 Günəş Ayı, 1-ci il. Yeni Ruhaniyyat dönəmi başlayıb. Yeni İnsan sivilizasiyası, İnsanlaşma sivilizasiyası başlayıb. Əslində Yeni Era başlayıb. Bunu deməkdən çəkinməyin. Burda heç bir artırma, uydurma yoxdur. Dünyabaxışın yaranması ilə Günsıranın (təqvimin) dəyişməsi yeni eranın başlaması deməkdir. Bu, Göyel sayılan dinlərdə də belə olub, hərəsinin özünün günsırası ortaya gəlib. Bizə deyirlər, Yeni ili Günəş Ayına salmaq yaxşıdır, ancaq gərək 21-22-nə salınsın. Onlara bildirmək istəyirəm, Asif Ata bunu Novruz bayramını dirçəltmək üçün etməyib. Biz Novruz bayramını özümüzün milli bayramımız sayırıq, ancaq bizim hədəfimiz Novruz bayramını dirçəltmək deyil. Novruz bayramı qədimdən gəlsə də, getdikcə öz anlamıından uzaqlaşıb. Biz Novruz bayramının mahiyyətinə qarşı deyilik, ancaq gələcəkdə millət Novruz bayramının cövhərini Ocağın “İnsanlıq” Bayramında (15 Günəş Ayı) həyata keçirəcək. 21-22-nə gələcəkdə, bəlkə də, ehtiyac qalma­yacaq. Çünkü Ocaq başlayıbsa, bütün əski, qədimdə olan olayların hamısının ləyaqəti, mahiyyəti Onun içində var. Ayrıca onun peşində olmaq bizim işimiz deyil. Novruz bayramı milli gələnəyimiz olsa da, Ocaqdan aşağıdır. Ocaq böyük olaydır.
Günəş Ayının 1-i – Asif Ata Ocağını elan etdiyi gün bayramdır, Yeni İl bayramıdır. Bu İnsanlıq dünyabaxışının içində yaranıb, ona dayanır, ona görə də Yeni İl bütün bəşəriyyətə elan olunur. Bu, İnsanlaşma harayının çağırışıdır. Asif Atanın anadan olduğu gün deyil, Xristianlıqda İsanın anadan olduğu gün kimi. Bu Dünyabaxışın elan olunduğu gündür. “İnsanlaşın – İnsanlaşdırın” harayının başladığı gündür. Bunu biz hər yerdə deyirik, deməliyik. Qoy qulaqlar dolsun. Qoy qəbul etməsinlər başlanğıcda, qoy öz ağılları ilə yarışma (rəqabət) görsünlər burda. Ocaqla yarışma aparmaq avantüradır. Zaman onu göstərəcək. Ocaqla bağlı ağzını əyənlərin hamısına avantüristlər damğası vurulacaq, avantüristlər deyiləcək. Tarixdə avantüristlər adı ilə qalacaqlar. Bunu mən sizə deyirəm. Balaca başlar, balaca ağıllar durub Tanrıçılığı Ocağa qarşı qoyurlar. Utanmırlar. Tanrıçılıq yoxdur, qurtardı. Türkün panteizm dönəmi vardı, qurtardı, tarixdə qaldı. İndi onun yeni erası başlayıb, yeni sivilizasiyası başlayıb. Əgər millətini kimsə sevirsə, vətənini sevirsə, insanlığa sayğısı varsa, anlasın bunu. Başa düşməyə çalışsın, heç olmasa. Ona görə də Ocaqdan qıraqdakıların heç birinin ağlı ilə qovğa etmək gərək deyil. Daha doğrusu, ağılsızlığı ilə qovğa etmək gərək deyil. Öz həqiqətini de, öz həqiqətini yaşa, yaşat. Bu qəbul olunacaq. Türk bundan sonra Tanrıçılığa gələn deyil, Tanrıçılıq qurtardı. Tanrıçılıq uduzdu Allahçılığa, 7-ci yüzildə. Onu sürüyüb gətirə bilməyəcəksən. Bu boyda Dünyabaxış yaranıb ortaya gəlib, durub Tanrıçılığı Ataya qarşı qoyurlar. Guya Ata bilmirdi Tanrıçılıq nə deməkdir. Tanrıçılıqda yaxşı nə varsa, Atanın cövhərində var. Onların nə yaşamında yoxdur, nə inamında. Hamısı boğazdan yuxarıdır. Bir adam Tanrıçılıq deyə bir qural üstə, yasa üstə yaşamır. Sadəcə olaraq, Tanrıçılıq həşirinə düşüblər. Özünü göstərmək üçün, kimlərləsə yarışmaq üçün, mən də varam demək üçün. Min illərin o tayında qalmış, gəlişmədən geri qalmış, çağdaş həyatımıza heç bir etkisi olmayan, bundan sonra da olmayacaq bir baxışı sürüməyə çalışırlar. Bunlar özləri başa düşmürlərmi bu nə deməkdir, nəyə gərəkdir? Ocaq iş görür, Ocaq yaşayır. Yaşamdır bu, həyatdır bu. Boş məsələlər deyil, boş söhbətlər deyil. Harda görmüsünüz, beşcə adam Tanrıçılıq stolunun başına yığıla?! Harda görmüsünüz milli, bəşəri dəyər kimi onun bütün qurallarını dərk eləsinlər, onu yaşatsınlar? Günsıramızdan başlamış davranışımıza qədər, yaşamımızın bütün çalarlarına qədər hamısı Ocaqçılıqdır. Yaşayırıq biz, yaşamağa çağırırıq. Ona görə heç kimin anlamsız laflarına önəm vermək gərək deyil. Sən öz sözünü deyirsən, öz ləyaqətini yaşayırsan. Budur. Ay dəyişikliklə bağlıdır, filan. Bu söhbətlər elmin işidir, doğanın nizamını bilmək üçündür, toplumsal nizamı yaratmaq üçün deyil. Nizamı ruhaniyyat yaradır, elm yaratmır. Ruhaniyyatın dediyini eşitmək gərəkdir. Bəşəriyyət elmin dediyini eşitdi, ruhaniyyatını yaratmadı. Bir yandan dinin cəhaləti, bir yandan da elmin özünə özgün olmayan məsələlərə soxulması bəşəriyyəti yıxdı, üzü üstə qoydu. Özünə gələ bilmir. İndi ruhaniyyatı eşitmək gərəkdir. Asif Ata ona görə ruhaniyyat yaratdı, bəşəriyyəti düşdüyü bəladan qurtarsın. Dünyada, daha doğrusu, yurdumuzda çox ayrıntılı (fərqli), çeşidli baxışlar sərgilənir, yenə deyirəm, hamısı həşirə dayanır. Mən deyərdim, İslam dünyabaxışının yerdə qalanların hamısından çox etkisi var. Niyə? İdeyasının gücünə görə yox. İslamçılar İslamın dediyini yanlış da olsa yaşayırlar, islamın dediyi qurallarla yaşayırlar. Müti də olsa, cahil də olsa, nə olsa da, o qurallarla yaşayırlar. Bəs yerdə qalanlar nə edir? Yerdə qalanlar boş laf edir, söz güləşdirir. Yaşamır, ömründə yoxdur. Heç bir quralına əməl etmir. Nə Tanrıçılar, nə Deistlər, nə ateistlər, heç biri. Nəyə əməl edirlər? Tanrıçılarla ateistlərin bir ayrıntısı var. Tanrıçılıqla ateizmi demirəm, Tanrıçılarla ateistlərin bir ayrıntısı var. Tanrıçılar guya millilik deyir, ateistlər kosmopolit ruhludurlar. Kosmopolitizmin yaranmasına Ateizmin özül etkisi var. Niyə? Baxın, biz bir evin içində atamızın, anamızın yaratdığı qəlibə etiraz edirik. Deyirik, atamız, anamız bizi basqı altında saxlayır, bizi idarə edir, bizə olanaq (imkan) vermir, sərbəstlik vermirlər. Etiraz edirik, evin içindən bəzən baş götürürük, ancaq başqa qüvvələrin bizə hazırladığı işğalı, əsarəti nuşcanlıqla qəbul edirik. Necə olur evdə atanın, ananın etkisini qəbul etməyən qıraqda başqa qüvvələrin əsarətini qəbul edir? Nə deməkdir bu?! – Kosmopolitizm ona gətirib çıxarır. Bir ateist göstərin, işğala, əsarətə “yox” desin. Demir, hətta onlardan çoxu həmin işğalçıların yanında durub bizlərlə döyüşürlər. İşğalçılar, işğalçılıq yaradan kimdir? İdeoloji, siyasi cəhətdən Avropa, eləcə də Rusiya. O, işğal yaradıb, əsarət yaradıb. Hərcailik gətirib içinə. Mən demirəm atanın, ananın yaratdığı basqı mütləqdir. Mütləq deyil, bəlli bir nizam olmalıdır ailənin içində, ancaq onun basqısı, əsarəti mütləq deyil. Ancaq qıraqdakı işğala boyun əyirsən. Budur kosmopolitizm. Kosmopolitizm vətənsizlik, millətsizlik fəlakətidir. Daha çox vətənsizlik fəlakətidir. Beynəlmiləlçilik bərabərdir kosmopolitzm. Bunlar aşağı-yuxarı bir şeydir. Beynəlmiləlçilik antimillidir, kosmopolitizm antivətən. Elə millət də vətəndədir, vətən  də millətdədir. Ona görə də yanaşanda düşüncəli, idraklı yanaşmaq gərəkdir. Haya-həşirə düşmək olmaz. Ocaqdan qıraqda böyük bir həşir var, bu həşirə düşmə var. Bir az da elmi motivləri özlərinə köməkçi çağırırlar, ona söykənib başlayırlar işğala haqq verməyə, əsarətə haqq verməyə. Bu yaxşı şey imiş guya. Yaxşı şey deyil, uçurumdur.

Bəs Tanrıçılar nə edir? Tanrıçılar da tarixin orasından-burasından, harda əllərinə nə keçir eşələyib çıxarırlar, başlayırlar onu təbliğ etməyə. Guya millət gedib tarixdən özünə mənzil düzəldəsidir, başının üstünə dam düzəldəsidir. Tarix tarixdir, tarixdə uca olayların varsa, o sənə təkan verməlidir, gəlişməlisən, ucalmalısan. Yeni dəyərlər yaratmalısan, yeni addımlar atmalısan. Dünyaya söz deməlisən, yaşatmalısan Vətənin varlığını. Bu yoxdur. Dönə-dönə demişəm, bir də deyirəm, tamam qarışıbdır toplumun içi, tamam nizamsızdır. Millətçiliyi millətçiliyə bənzəmir. Millətçiliyi də dağıdıcılıqdır, millətsizliyi də. Dağıdıcıdır, dağıntıdır. Aydınlıq görmürəm, hər şey bir-birinə qarışıb. Bəşəriyyət yeni addımlar haqqında düşünür, bizimkilər də boz qurda qayıdır. Neçə min illər bundan öncə totemizm dönəmi olub. Totemizm çağı deyil axı, qurtardı totemizm.
Ocaqdan qıraqda nizam görmürəm. Mən bunu nə sizə, nə də bizi oxuyacaq adamlara yeritmirəm (təlqin etmirəm). Sizə mən öz içimin doğrusunu söyləyirəm. İnsanın insana ehtiyacını görmürəm qıraqda. Adam var sosial şəbəkələrdə qruplar yaradırlar, yazı paylaşırlar. Sonra deyir, “mənim vaxtım yoxdur adamlarla ünsiyyətə, görüşməyə, məni buna görə heç kim qınamasın”. Başa düşmürəm, onda sənin dediyinə niyə ehtiyacım olmalıdır? Sənin mənə ehtyacın yoxsa, mənim sənin söylədiyinə nə ehtiyacım var? Əgər insanın insana ehtiyacı yoxsa, sənin söylədiyin kimə gərəkdir? Sən balaca bir ünsiyyətə vaxt ayırmırsan, içində buna meyil yoxdur, durub kiməsə söz demək istəyirsən. Görürsünüz nə qədər bayağılaşır?! Hamı da özündən razıdır. Böyük işlər görürlər guya. Mən çağırmışam dəfələrlə, bir araya gəlmək gərəkdir, oturub söhbət etmək gərəkdr. Zamanı yola verməklə deyil axı. Ona görə mən sizi çağırıram – özü ilə uğraşmaq gərək, özüylədöyüş gərək, özünü yaratmaq gərək, insanlarla ünsiyyətə can atmaq gərək, həqiqəti demək gərək. Sevgi ilə demək, doğmacasına demək, insanlara ehtiyacı öyrətmək gərək, insanın insana ehtiyacını anlatmaq gərək. Necə anlatmaq, necə öyrətmək? Öz doğmalı­ğınla, hünərinlə, sevginlə, inamınla, ləyaqətinlə, insanlığınla. Heç kimə biz yetmə­diyimizdən dərs deyə bilmərik. Öz içimizdə nə varsa, nə yaradırıqsa, ondan danışmalıyıq, ondan deməliyik. Onda inandırarıq. Dünya çox bəsit hava çalır. Ocaq dünyanın çaldığı havalara oynamayıb bu çağa qədər, bundan sonra da heç oynamayacaq. Yeni 39-cu ilimiz bu cəhətdən Ocaqçıların ağlında, düşüncəsində, mənəviyyatında tam aydınlaşma yaratmalıdır. Tam aydınlaşdırın hər şeyi özünüzə, anlamağa çalışın. Bir-birinizlə ünsiyyətlərdə ciddi olun, dərinliklərə enin, böyük məsələlərdən söhbət edin, böyük sorğuları ortaya gətirin, cavab tapın. Onda Ocaqda böyük şəxsiyyətlilik təsdiq olunacaq. Durmadan bunu etmək gərəkdir, bənzəmək gərək deyil toplumdakılara. Biz özümüzü onlardan süni şəkildə ucada tutmuruq, biz ucalmaq istəyirik, ucalırıq, daha doğrusu. Biz heç kimə qarşı eqoizm sərgiləmirik, bizim buna haqqımız yoxdur, ləyaqətimiz də yol vermir. Ancaq biz bənzəməli deyilik. Dünya nə çalır çalsın, sən öz ləyaqətini eşit, mənəviyyatını eşit. Ocaq kimi dərin, əsaslı bir məktəbdən doğru bəhrələnməyə çalışmaq gərəkdir. Vaxtı öldürmək yox, yaşatmaq gərəkdir. Qoy vaxt bizim ömrümüzün işığı ilə qiymət­lənsin, münasibətlərimizin işığı ilə qiymətlənsin. Gərək hər kəs öz üzərində işləsin. Mən bu cəhətdən ünsiyyətləri artırmağı önərirəm. Nurtəkinin, Güntayın ünsiyyətləri daha çoxdur, daha uğurludur. Ötgün də ünsiyyətə meyilli adamdır. Güntay Göylü ilə ünsiyyətlərə çox meyillidir. Ancaq dediyim kimi, ünsiyyət həmişə böyük məsələlər, ciddi ideyalar əsasında dərinliklərə getsin. Onda bir-biriniz üçün adiləşməzsiniz, onda doğmalıq bənzərsiz bir zirvəyə qalxar. Bu doğmalıq özü iş görər, işıq salar ağıllara.

Mən yeni ilimizdə bütün Ocaqçılarımıza yeni düşüncə, yeni hünər, yeni ərdəmlik diləyirəm. Hər dəfə mən sizə nişanə verirəm, deyirəm filan şeyi ötün, filan şeydən çıxın. Bəziləriniz bu sözü də, özünüzün dediyiniz sözü də elə tədbirdə qoyub gedirsiniz həyatın içinə. Onunla gələcəkli olmaq olmaz. Tədbirdən-tədbirə özünüzü aldatmayın. Ocağımız böyük dəyərdir, böyük də iş getməlidir, ancaq ayrı-ayrı bireylər özünü aldatmasın. Ocaq ömrü sıradan bir şey deyil, hamıya bənzəyə-bənzəyə Ocaqçı ola bilməyəcəksən. Bugün özünü aldada bilərsən, ancaq tarixi aldada bilməzsən, gələcəyi aldada bilməzsən. Gələcək ayrı şeyi deyir. İudalar nə qədər gizlənsələr də, tarixin gözündən qaça bilmədilər. Pavellər də tarixin gözündə öz böyüklükləri ilə ifadə olundular. Bunu da mən yeni ilimizdə sizə deməyi özümə borc bilirəm. Mən sizin hər birinizin uca işiniz olanda qiymətləndirirəm, görürəm. Ancaq eyni zamanda sizi arxayınlaş­dırmaq düşüncəm də yoxdur. Heç kimi süni şəkildə sürümərəm Ocaq ol deyə. Kim olacaqsa olacaq. Olanın ayağının altına çiyin verərəm, olmaq istəməyən özü bilər.
Yeni İlimiz qutlu olsun, uğurlu olsun. Atanın qarşısında həmişə üzümüz ağ olsun. Çox uğurlu bir nizam yaradıb Ata, Yol yaradıb. Bunun qədrini bilmək gərəkdir. Yeni ilə yeni ləyaqətlə başlamalıyıq, yenilənən ləyaqətlə, yenilənən inamla başlamalıyıq. Əgər tədbirdən-tədbirə ilişib qalacaqsınızsa, onda məndən inciməyin. Önərirəm, yeni ildə düşünəsiniz. Bəlkə Ocaqçılığı bacarmayan getməsin bu yolu, özünü aldatmasın. Ocağa tədbirdən-tədbirə vaxt ayırmaqla Ocaqlaşmırsan, niyə aldadırsan özünü? Bunu ilimizin başlanğıcında sizə deyirəm, bir az sorumluluğu, ciddiyyəti artırasınız. Bu cəhətdən mənim umduğum nədir? Göylü hünərini bərpa eləsin. Ocağın bugünə gəlişində onun böyük rolu oldu, o, öz sorumluluğunu dərk eləsin. Göylünün bənzərsiz hünəri olub, onun qədrini bilməlidir. Üstün tərpənsin, məişətdən bir az çölə çıxsın. Ulusəs də, nə qədər çətinlikləri olsa da, bu səbəb deyil, əsas deyil. Ocaqla bağlı ən azından düşüncələri ilə, özünü ifadəsi ilə 39-cu ildə bir yön götürsün. Elana da onun kimi. Demirəm Elana gəlsin Nurtəkinin işini görsün, ancaq tərpənsin. Onun kimi Türkel, Ulunur. Ömürtay da yenidir, onun işini tənzimləməyə bir az dözək. Ocağın bugün əsas qayğısı, yükü Nurtəkinlə Güntayın üzərindədir.
Həm yük altına çiyin vermək haqqında düşünmək gərəkdir, həm də özü ilə ciddi uğraşmaq. Ocaq aşiqlik ünvanıdır, bir gün hünərli olub on gün sərbəst olmaq olmaz. Bu, mənim sizə, bir Soylu olaraq, Ocağın Yükümlüsü olaraq, xatırlatmamdır. Yeni ilimizdə mən bunu qanqaraçılıq üçün demirəm, sorumluluq üçün deyirəm. Mənim heç bir vaxt qanqaraldan sözüm olmayıb, olmayacaq. Əgər mən həqiqəti deyirəmsə, siz onu düzgün qiymətləndirməyə çalışın. Biz oyun oynamırıq. Bəşəriyyətin bu çağa qədər görmədiyi bir yol başlamışıq, zarafat deyil. Əgər bura minlərlə adam axmırsa, bu sizi çaşdırmasın. Bir günün əhvalına dolmaq, sonra əhvaldan boşalmaq olmaz. Hünər çağıdır, böyük Yol hünər istəyir.
Ancaq Nurtəkinlə Güntay da arxayınlaşmasın. Bununla mən sözümü bitirirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Atamızın Yeni İli bizə düşərli, dəyərli olsun. Bayrağımızı öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.):

Öncə xoş gəlmisiniz! Ocaq bayrağının evimizə gətirilməsi böyük bir fərəhdir, sorumluluqdur. Mən həmişə mərasimə gedərəm İçərişəhərə, ancaq öz evimdə bunu başqa bir həyəcanla qarşılayıram, bu həyəcan da ömrümdə yeni duyğular yaradır.
38-ci ilin əməl hesabatını vermək istəyirəm:
Günəş Ayında “Ata Yolu” özəl buraxılışı çap olunub. Bu buraxılış Atanın, Ocaqçıların yazıları ilə hazırlanıb. Görüşlərimizdə sunulub, Ocaq sorağının yayılması üçün iş görüb, görməkdədir.
19 Günəş Ayında Ocaq dostu Əyyub bəyin oğlu Kənanla onun nişanlısı Güllərə Beşikbaşı törəni keşirdik. Törəndə Ocaq Yükümlüsü evlənənlərə Ruhsal Bəlgə sunub, qutlama sözü deyib, Ata Bitiqləri bağışlayıb. Beşiyin alınması üçün maddi xərci Soylu Atalı, Güntay, Üstün çəkib. Bu tədbirdə təşkilatçılığı Üstün Atalı elədi. Tədbir kitablaşdı, saytlarda yayımlandı.
Günəş Ayında Ocaq dostu Yasin Türksoy Yevlax bölgəsinə səfər edib. Bölgənin Kitab Evinə, Tarix-Diyarşünaslıq muzeyinə Ocaq ədəbiyyatları sunub.
Çiçək Ayında Göylü Atalı Hacıqabul bölgəsinə səfər edib. 30-a yaxın oxul öyrəncilərilə görüşüb. Onlara Mütləqə İnam Dünyabaxışından soraq verib, görüşün sonunda Ocaq ədəbiy­yatları paylayıb.
Çiçək Ayında mənim (Nurtəkin Atalının) təşkilatçılığımla Bakıda (liseydə) Soylu Atalının 60-a qədər öyrənci, öyrətmənlərlə görüşü keçirildi. Görüşün sonunda gəncləri düşündürən çoxsaylı suallara cavab verildi, onlara, eləcə də öyrətmənlərə ayrı-ayrı Ocaq ədəbiyyatları bağışlandı.
İşıq Ayında mənimlə Soylu Atalının Sumqayıta səfərimiz olub. Oxullarda görüşə icazə verilmədikdə, Soylu Atalının təşəbbüsü ilə, mənim, öyrənci çağımda oxuduğum, işlədiyim Sumqayıt institutuna getdik. Orda keçmiş öyrətmənlərimlə, qrup yoldaşlarımla görüşmüş, Ocaq haqqında bilikləri yeniləmiş, qarşıma çıxan öyrəncilərə Ocaq buraxılışı, kitabları bağışlamış, Ocaq sorağı vermişdim.
İşıq Ayında Bakıdakı liseydə Dövlətçilik bayramı ilə bağlı Soylu Atalının çıxışı olub. Yenə də orda olan öyrəncilərə, öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlanmışdır.
İşıq Ayında Günev Atalı Elana Atalı ilə Füzuli rayonunun Mahmudlu, Əhmədbəyli, Horadiz köylərinə iki günlük səfər edib. Onlar bu səfərdə ayrı-ayrı ünvanlara gedib, soydaşlarımızla söhbət aparıblar. Ocağın ideyalarını, istəklərini izhar edərək, onlara Ocaq ədəbiyyatı bağışlayıblar. Günev Atalı yaşadığı bölgədə hüzür yerlərində, adamlarla bireysəl söhbətini daim Ocaq üstə qurur, Ata Amalından soraq verir.
İşıq Ayında Soylu Atalı beş günlük Borçalıda olmuş, ayrı-ayrı soydaşlarımızla ünsiyyət qurub, söhbətlər aparmışdır. Eləcə də orta oxullarda olub, vətənsevərlik yönündə fikirlərini bölüşmüş, öyrətmənlərə ədəbiyyatlar bağışlamışdır.
İşıq Ayında Ağstafada Ata sonevinin təmir-bərpa işləri görülmüşdür. Qısa zaman içində Soylu Atalı, Günev, Güntay bu işləri yerinə yetirmişlər. Əməlin böyüklüyü təkcə maddi xərcdə, fiziki, gərgin əməkdə deyil, ruhsal haldan, doğmalıqdan, birlikdən yaranır. Bu səfər “Ata Sonevini Ziyarət Günü” mərasimindən sonra Atagün Elində “Ailə Günü” tədbiri ilə sonlandı. Hünərli, qeyrətli, ruhlu bir yolçuluq səfəri oldu.
Şölə Ayında Göylü Atalı Qobustan bölgəsinə səfər etmiş, oxullarda olmuş, 50-yə yaxın öyrətmənlərlə, öyrəncilərlə görüş keçirmiş, onlara Ocaq ədəbiyyatları vermişdir.
Od Ayında Üstün Qusar rayonuna səfər etmiş, Qusar aydınlarıyla görüşmüş, onlara Ocaq sorağı vermişdir. Qusar rayon Mərkəzi kitab evində, Tarix-Diyarşünaslıq muzeyində Asif Ata Amalından, Onun yaşam nizamından danışmış, Ocağın özəl buraxılışlarından hədiyyə etmişdir.
Qürub Ayında Üstün öyrətmənlərlə Soylu Atalının görüşünü təşkil etmişdir. İnam Evində baş tutan bu görüşdə Ata Amalından danışılmış, Ocaq ədəbiyyatları bağışlan­mışdır.
Ata Ayında bacısının ölümü ilə bağlı hüzür yerində Günev Atalı Ocaq yönündən düşüncələrini bölüşmüş, insanlara Ata düşüncələrini çatdırmışdır.
Xəzan Ayında Soylu Atalı amaldaşı Göylü Atalının təşkilatçılığıyla Bakıda oxulda 100-ə yaxın öyrənci, öyrətmənlərlə söhbətlər aparıb. Görüşün sonunda gənclərə, öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlanıb.
Köçəri Ayında Soylu Atalının Borçalıya səfərində xalqlaşma əməli olub. Hüzür yerində Ata ideyaları üstə söhbət olub, suallara cavab verib.
Köçəri Ayında Günev Atalı Rusiyada olarkən ayrı-ayrı adamlarla Ocaq söhbətləri edib.

Atagün Elində İnam məbədinin tikintisinin davamı da Ocaq hünəri, uğurudur. Bölgədə ardıcıl soraqların yayılması göstərir, ömrün qurulması yolun yaşarılığını təsdiq edir. Bu da yörədəkilərə etki göstərir.
Köçəri, Qar Aylarında Ocağa Evlad gəlişi – Ötgün, Ömürtay Atalıların gəlişi olub. Ocağa Evlad gəlişi özəl bir olaydır. Tək-tək olacaq gəliş, ancaq olacaq. Çünkü Ata Yolu qurtuluş yolu kimi artıq ağıllara çatmaqdadır.
37-ci ilin “Ailə Günü” kitabını Göylü Atalı,  Mərasimlər”, “Bayramlar” kitablarını Nurtəkin Atalı hazırlamış, çap etmiş, kitablar üzlənərək ruhsal hədiyyə kimi Ocaqçılara sunulmuşdur.
Göylü Atalı “Ata Sonevini Ziyarət Günü” tədbirlərinin şəkillərindən oluşan görüntü filmi hazırlamışdır.
Göylü, Üstün Atalılar ayrı-ayrılıqda Nurtəkin Atalıya şəkillərdən oluşan albomu ruhsal hədiyyə kimi sunmuşlar. (Bu, Ocaq tarixinə gərəkli bir məsələdir).
Asif Atanın 4-cü Bitiqi basılmaq üçün hazırlanmışdır. Bu işi Soylu Atalı ilə Nurtəkin etmişlər. Təbii, ağırlıq Soylu Atalının üzərinə düşür.
Mənim (Nurtəkin Atalı) “Ocağa Evlad Götürülmə” kitablarının hazırlanması, çap olunması əməlim olub. Ordakı tədbirləri Türkel, Nurtəkin Atalılar kitablaşdırmış, redaktə işi isə Soylu Atalıya xasdır.
Göylü, Nurtəkin, Türkel, Üstün, Ulunur Atalılar ayrı-ayrı Ocaq tədbirlərinin kitablaşmasını həyata keçirmişlər. Son “Ailə Günü” tədbirini Ötgün Atalı dəqiqliklə, sürətlə yerinə yetirmişdir. Eyni zamanda Ötgün söhbətlər aparır, bireylərlə Soylu Atalının görüşünü təşkil eləməyə başlayıb.
Güntay Atalı Ocaq Bayrağını atlas parçadan hazırlatmış, ruhsal hədiyyə olaraq Ocaq Yükümlüsünə sunmuşdur.
Güntay Atalı kitab çapı üçün kağızların alınması, katriclərin doldurulması, kitabların üzlənməsi əməllərini yerinə yetirib. “Ocağa Evlad Götürülmə Törəni” kitabının üzlənməsi, Ocağa bu il Evlad olan Ötgünlə Ömürtaya Qutsal Bitiqlərin çapı, üzlənməsi üçün maddi xərc çəkilməsi də ona xasdır. Nurtəkin Atalı Bitiqləri çap edib.
Soylu Atalının ayrı-ayrı adamlarla İnam Evində bireysəl görüşləri olub. Bundan başqa, çağaşırı Mübariz bəylə müsahibələri olub. Bu müsahibələr yayımlanıb, Ocaq yönündən düşüncələrimizi çatdırıb, bir çox məsələlərə aydınlıq gətirilib.
Xəzan Ayında Soylu Atalı kulis.az saytına birbaşa görüntülü müsahibə verib. Ata ilə bağlı verilən sorulara cavab verib.
Yağış Ayında Soylu Atalı kulis.az-a Ata işi ilə bağlı geniş müsahibə verib.
Mənim (Nurtəkin Atalı) görüntülərin arxivləşdirilməsi, disk şəklində hazırlanması əməlim olub, davam edir.
Görüntülərin kəsilməsi, yayılması əməlim olub.
39-cu ilin Günsırasının  hazırlanmasına maddi xərci Güntayla Soylu Atalı çəkib.
İl içində bütün mərasimlər, bayramlar keçirilib. İnsanilik, Xəlqilik bayramları Güntayla Soylu Atalının evlərində keçirilib. Hər iki bayram hazırlıq, təşkilatçılıq yönündən yetkin olub. Ev adamlarının da əməyini vurğulamaq yerinə düşür.
Ailə Günləri ardıcıl keçirilib. Bu il çox vaxt Ailələr Ailə Günlərini birlikdə keçiriblər. Ümumilikdə 12 dəfə Ailə Günü keçirilib. Buna 4 Bayramı, 8 mərasimi əlavə etsək, üst-üstə 24 tədbir keçirilib. Od Ayında Ailə Günü təbiət qoynunda keçirilib.
Ocaqdostu İlahə xanımın saytımız üçün maddi köməyini də vurğulamaq gərəkdir. Eyni zamanda Ocaqdostu Yasin Türksoyun da Ocağa Amal borcu verməsi ləyaqətdir.
Köçəri Ayında Soylu Atalı iş yerində iş yoldaşları ilə (Xocalı soyqıımı ilə bağlı) tədbir keçirib. Bu əməl onun Ocaq yönündən ağılları böyütməsi biçimində olub.

Soylu Atalı:  Çox gözəl. Burada başqa bir məsələ də var. O da onunla bağlıdır, Ocağın hər bir tədbiri ciddi axtarışlarla sonuclanıb. Tədbirlərə adamların çağırılması, hamısı birər-birər qayğıdır, diqqətdir, vaxtdır. Yəni həm də insanların Ata işinə diqqətini cəlb etmək əsaslı bir qayğıdır. Biz ayrı-ayrı çağlarda Türkel Araşdırma Qurumu adına da ideoloji çabalar göstərmişik. İnsanları o bayraq altına gətirərək Ata ölçüsünə dayanan söhbətlər aparılıb və yayımlanıbdır. Bunların  hamısı sıradan məsələ deyil, hamısı böyük bir tarixdir. Bütün bu saydıqların əməllərin hər biri yüksək hünər deməkdir. Bu cür əməllər bir ilə sığan əməllər deyil. Orda hamısına vaxt, diqqət, zəhmət, xərc, filan sərf olunub. Onları birər-birər diqqətdən keçirsən görərsən, bunlar bir ilə sığan işlər deyil. Bununla belə, mən bayaq söhbətimdə sizdən hərəkət, fəallıq umdum. Nə deməkdir bu? Bu boyda əməl, həm də qınaq. Hər bir Ocaqçı hər ay özü ilə uğraşmağa, mütaliə etməyə, Ocağın hər hansı bir işini görməyə, eləcə də xalqa, xalqın nümayəndələrinə söz deməyə borcludur. Hər ay bu dediklərim ən azı bir dəfə olmalıdır. Bu olacaqsa, ömür bitəcək, olmayacaqsa, yox. Bu sadalanan işlərin hər birində hər Ocaqçının qatqısı görünür. Birinin az, birinin çox, fərq etməz, ancaq hər birinin qatqısı görünür. Ancaq mənim istədiyim odur, Ocaqçı icraçı deyil, Ocaqçı qurucudur. İşi icra etmək olmaz, işi yaşamaq gərəkdir, ömürə çevirmək gərəkdir. Onda görəcəksən durum dəyişir. İcra edəndə ömür ətalətdə olur. Əl-qol işləyir, düşüncə işləyir, ancaq mənəviyyat, hünər daha yeni aşamaya keçməlidir.  Buyur.

Nurtəkin Atalı: Gediş yazısında qoyulan qonu var, 38-ci ildə ruhsal fərəhlərim, yetdiklərim. Buna istəyərdim daha geniş hazırlaşım, ancaq bir az vaxt imkansızlığı oldu, onu hazırlaya bilmədim. Bəlli bir yerə çatmışam. Mən özümə o fərəhi, o çətinliyi ötdüyüm zamandakı hünərimi götürmüşəm. Bu bir neçə gündə, yeni il qarşısında ilin sonunu yaşadım. O fərəhi yaşadım, o həyəcanı yaşadım, çünkü bu elə-belə sıradan bir il deyildi. Ocaqçının günü də sıradan bir gün deyil. Ocaq üstə bir düşüncə, Ocaq üstə bir əməl həmin günü dəyərləndirir, qiymətləndirir. Təkcə öz ömrünü qurmur, tarixi qurur. Bax o tarixin qurulmasını duyuram, yaşayıram onu.
Ötgün son Ailə Günü tədbirini kitablaşdırdı, özü də dedi, ona çətindir. Mən deyirəm, sən fərəh alacaqsan. O dedi, mən elə fərəh almıram, ancaq çox sürətlə, dəqiqliklə o işi yerinə yetirdi. Onun o sözü yadıma saldı: Ata öləndən sonra biz çoxlu iş görürdük, elə ilk çağlarda heç ciddi fərqinə varmırdım. Yalnız Soylu mənə deyirdi, onu edirdim. Fərqinə varmasam da bilirdim, eləmək gərəkdir. Ancaq indi onun fərəhini bütün duyğularımla, düşüncələrimlə yaşayıram, mən nə iş görmüşəm. Bu o deməkdir, yolu anlayıram. Mən Atanı anlayıram, Ocağı anlayıram, Soylunu anlayıram, onun ağrılarını anlayıram, düşüncələrini anlayıram, ömrünün gərginliyini anlayıram. Mən də o gərginliyə, o dərinliyə yetmək istəyirəm.
Bütün Ocaqçılar hər biri mənim üçün çox doğmadır, hər birinin varlığı böyük bir fərəhdir.  Hamınızı sevirəm, düşünürəm 39-cu ilimiz daha uğurlu olacaq. Buna inanıram.

Atamız Var olsun!

Soylu Atalı: Əgər gördüyün işi dərk eləməsən, iş sənin axırına çıxar. Məsələn, bir var həyətdə yer belləyəsən, bağ bəsləyəsən, bu ayrı şeydir. Bir də var bu cür iş görəsən. Oturasan, doğrudan da, zəhmətlə dinləyəsən, görüm Soylu nə deyir, Güntay nə deyir, Göylü nə deyir. Dinləyəsən, bunu birər-birər yazıya gətirəsən. Məsələ təkcə bununla bitmir, iş təkcə bu deyil. Bu, görülən işlərin bir cəhətidir. Bu sayılan işlərdən daha geniş əməllər var. Ancaq mən sizə bir həqiqəti deyim. Hər hansı bir tədbiri səsdən sözə çevirmək bütün o biri işlərdən bəlkə də qabaqda durur. Niyə? Çünkü bizim yaşadığımız, yaşatdığımız bir dünyabaxış var. Bu dünyabaxış min il yol gedəcək ən azından, İnsanlaşma ideyası bəşəriyyətin yönünə çevriləcək. Bu ideyanı bəşəriyyətin yönünə çevirmək üçün sən söz deyirsən, iş görürsən. O söz özü dərsdir, oxuldur. O tarixdir, necə yaranıb bu, necə araya gəlib, nə deyilib? Hansı örnəkləri verirsən, sözünlə, ömrünlə, işinlə, onların hamısı yazıya gəlir, arxivləşir, tarixə çevrilir. Bütün gördüklərin işin sonucu budur – Sözü yazıya çevirib sabaha çatdırmaq. Sabahkı görür, bu dünyabaxış təsadüfdən yaranmayıb, yoxdan yaranmayıb, boş yerdən çıxmayıb. Bunun arxasında gərgin ömürlər, ciddi zəhmətlər var, fədakarlıqlar var.
Buyurun.

Güntay Atalı (Ataya səcdə qılıb bayrağı öpür – Ö.A.): Mən Ocaqçılarımızı 39-cu ilin gəlişi ilə bağlı qutluyuram. Ocağımıza, xalqımıza düşərli olsun bu il. Mən 38-ci ildə həqiqətən Ocağa, Ocaqçılara daha çox bağlanmışam. Bunu bəlkə indi sözlə ifadə edə bilməyəcəm, ancaq bunu özümün halımda artıq yaşayıram. Burda heç bir sünilik yoxdur. Burda sırf anlamaq var. Düşdüyümüz ulusal faciələri, bəlaları anlamaq, Ocağın qiymətini bilmək var. Niyə mən Ocaqla daha çox bağlanmışam, daha çox yükləndim? Aydın məsələdir bu bir sınır deyil, daha da çox bağlanmalıyam. Tam səmimi deyirəm, Soylu bəyin bütün keçirdiyi rahatsızlıqları anlayıram, qəbul edirəm. Çiynimə özüm öz sorumluluq yükümü götürürəm. Böyük bir iş başlayıb Asif Ata.  Ata deyir, “Kitabları ilk öncə Azərbaycanlılar üçün yazdım”. Ata xalqımıza inanırdı. Ata demir, konkret olaraq, filankəslər üçün, ya qohum-əqrəbam üçün yazdım. Ata Azərbaycanın övladlarına inanırdı. Azərbaycanın övladları, bax, bu otaqdadır, bu otaqda olmayanlar da var. Ona görə xoşbəxtəm, gəldim özümü Ocaqda tapdım. Ocağı tapdım, özümü Ocaqda tapdım. Bir daha qutlu olsun ilimiz. Qarşıda hələ çox işlərimiz var, ilimiz də Kamillik ilidir, Kamilləşməliyik, Kamilləşdirməliyik. Harayımızı daha uzaqlara çatdırmalıyıq, çünkü ən azından yaşadığımız coğrafiyanın buna ciddi ehtiyacı var. Asif Ata bu millətin aqibətinə düşüb. Ona görə bunun keşiyində elə durmaq, elə addımlamaq gərəkdir, bu nizam gözardı olunmasın, qıraqda qalmasın. Tarixin indiyə qədər deyilmiş, yiyə çıxılmamış hansısa ideyaları kimi arxivlərə gömülməsin. Gömülməyəcəkdir, aydın məsələdir, çünkü Ata onlardan fərqli bir xətt tutub, Ocağı yaratmaqla. Soylu bəy ona görə deyir, Ocaq böyük, bənzərsiz olaydır. 39 ildir var, bundan sonra da var olacaq. Biz də iş görürük, arxayınlaşmırıq. Mən də hamınızı sevirəm. Atamız Var olsun!

Soylu Atalı: “Öncə kitablarımı Azərbaycan xalqı üçün yazdım”, çünkü yazdığım kitab bədii kitab deyil, də gələnəksəl fəlsəfi kitab deyil, yazdığım kitab həyat kitabıdır. Ata həyat kitabı yazıb, ona görə deyir, öncə Azərbaycanlılar üçün yazdım, onlar yaşamağı öyrənsinlər. Yeni yolun başlanğıcından sonuna qədər nizamlanan, nizamlayan bir sistemdir Atanın yazdığı.

Ulusəs Atalı (Ataya səcdə qılıb bayrağı öpür – Ö.A.): Hamını Yeni İl münasibəti ilə təbrik edirəm. Həmişə deyirik, mənə elə gəlir, dediyimizin üstündə durarıq, yəni 39-cu ildə daha sorumlu, daha tədbirli, ciddi, eşqli olarıq. Əsas da mən.
Yenə ümidlə yaşayıram, özümü yeniləşdirə bilərəm. Düzdür, mənim son çağlar fiziki yüküm çox ağır oldu, ancaq baxmayaraq ağır oldu, mənə elə gəlir, bir az özümü yüngüllüyə çıxarmışam. Daha çox düşüncəyə çağım qalacaq. Düşünürəm, bəlkə istədiyimdən də çoxuna yetdim bu il. Hamını bir daha qutluyuram.

Soylu Atalı: Var ol. Bir sözlə, yaşayarıq, görərik.

Ulusəs Atalı: Yaşayarıq görərik, ölməyə haqqım yoxdur. Ocaqçılıq eləməməyə də haqqım yoxdur. Tam məişətdə olmağa da haqqım yoxdur. Mənə elə gəlir, bu il mən onları tarazlaş­dıraram. Atamız Var olsun!

Soylu Atalı: İlin qarşısında sorumluluq yükü. Bu həm qaçılmazdır, həm də yetirilməli, inanılmalı bir məsələdir.

Göylü Atalı (Ataya səcdə qılıb bayrağı öpür – Ö.A.): Məsələ burasındadır, mən heç vaxt geniş söz demirəm, daha çox əməlimlə söz deyirəm. Bu gün o əməl də olmadığına görə, haqlı olaraq, amaldaşlar rahatsız olurlar. Mən özüm də rahatsızam, ən azından ona görə, yönümü tanıyıram, fitrətimə bələdəm. Səbəb nə olursa olsun, yəni nədən baş verdi, niyə baş verdi, yenə bunlara qayıtmaq istəmirəm, Göylülükdən enmək olmazdı. Ancaq yenə deyirəm, bu quyunun suyu tükənən deyil. Yaxşı olacaq hər şey. Atamız Var olsun!

Soylu Atalı: Sən iki məsələdə yenilənməlisən. Təkcə özünü bərpa yox, həm də bu çağa qədər çox ruhsal xəsislik etdiyin bir məsələdə. Deyirsən mən daha çox iş görmüşəm, az söz demişəm. İndi həm daha çox iş görmək, həm də daha çox söz demək gərəkdir. Sözü həm işinə yönəlik deməlisən, həm düşüncənə yönəlik deməlisən. Bax, bu olacaq yeni bir aşama, yeni bir təsdiq. Öncəki təsdiqlər öncəki hünərin ifadəsidir. Bundan sonrakı təsdiqlər bundan sonrakı hünərin ifadəsi kimi ortaya gəlməlidir.

Üstün Atalı (Ataya səcdə qılıb bayrağı öpür – Ö.A.): Nurtəkin hesabatı oxuyur, oxuduqca düşünürəm, hesabatda yetdiklərim əslində 38-ci ildə yetdiklərimdir, yetəcəklərim daha çoxdur. Ata deyir, imkansızlıqdan imkan yaratmaq gərək. O hal ağlıma gəldi, düşündüm, daha çoxuna yetə bilərdim. Bu yöndə özümü kökləyirəm. Hər birinizin yeni ili qutlu olsun. Atamız Var olsun!

Ötgün Atalı (Ataya səcdə qılıb bayrağı öpür – Ö.A.):  Mərasim qonularımızda “38-ci ildə ruhsal fərəhlərim, yetdiklərim” qonusu da var. Əslində bu qonuda iki mövqedə fikir bildirə bilərəm. Birincisi, 38-ci ildə tam olmadığım üçün söz demək haqqım azdır. Ancaq 38-ci ilin sonlarında da olsa, Ocağa Evlad qəbul olundum, bu əlamətdar olay haqqında söz deməmək olmaz. Mən Soylu bəyə, Güntaya, Nurtəkinə demişəm, siz Ocağın düşünən beyinləri olun, məni bir əsgər kimi görün. Mən dedim tədbiri yazıram, bunu borc kimi hesab edirəm, ancaq fərəh duymuram. Niyə fərəh duymuram? Əslində bu yükün, Ocaq yükünün, Ata dünyabaxışının  böyüklüyünü, ağırlığını duyuram. Əgər buna fərəh demək olarsa, bunu fərəh kimi götürək. Bəlkə də yeni olduğumdandır, Ocağın yükü mənə ağır görünür, hətta özümü Ocağa layiq bilmirəm. Hətta Nurtəkinə dedim bəlkə mən Ocaqdan çıxım?! Atanın kitablarını oxuduqca, yükün ağırlığını dərk edirəm, duyuram, mənə ağır görünür. Ancaq düşünürəm, sizin də dəstəyinizlə Ocağa layiq olmağa çalışaram. Fərəhsizliyim bəlkə də məişətdə, şəxsi həyatımda baş verən sorunlarla bağlıdır. Ümid edirəm, onları da ötərəm, tam gücümlə davam edərəm. Atamız Var olsun!

Soylu Atalı: Əslində Ocağa layiq olmaq üçün Ocaqdan qırağa durmaq haqqında düşünmək yox, Ocaq tələblərinin içinə girmək gərəkdir. Ocağın yükünün çətinliyi bir yerə qədərdir. O çətinliyi adam anladıqca, birtəhər çıxmasın, onunla öcəşir. Ocaq insanı özündə elə xarakter yaratmalıdır. Məsələn, açığı desəm, mən Ocağın bu yerə gəlib çatmasında həmin öcəşmənin rolunu yüksək qiymətləndirirəm, o öcəşmə özünü Nurtəkinlə Göylüdə göstərdi. Onlar işlə, zəhmətlə, çətinliklə öcəşirdilər, həqiqətən. Bunun da rolu az deyil, Ocaq 20 ildir gəlir. Bu il, Atadan sonra, 20 ildir biz Ocağı yaşadırıq. Bu az göstərici deyil. Buna görə də, adam çətinliyi gördükcə onun mənasını dərk etməyə çalışmalıdır. Çətinliyin mənası onun özündən daha gözəl, daha rəvan, daha dərindir. Adama qanad verir, doğrudan da. Ruhsal anlamda çətinliklə öcəşmək adama qanad verir.

Ötgün Atalı: Bəlkə də illərlə ateizmin mənə yaşatdığı sərbəstlik, siz ona hərcayilik deyirsiniz, çox doğru vurğulayırsınız, bəlkə də bu yük o sərbəstliyi aradan götürdüyü üçündür rahatsızlığım.

Soylu Atalı: Razılaşıram, etkisi var. Onunla da razılaşıram, evin, ortamın da etkisi var, yox deyil. Ancaq bütün bunların hamısı ola-ola, elə buna görə də Ocaq yükünü anlamağa, onunla doğmalaşmağa çalışmaq gərəkdir, fərəhsizlik bizi öldürməsin. Həyat adama fərəh vermir axı. Həyatda yaşadığımız çətinliklər işgəncədir. Evdə, məişətdə, işdə, ümumiyyətlə, yaşadıqlarımız işgəncədir. Orda heç bir sevinc yoxdur. Ocağın içində isə biz fərəhsizliyi tamamilə aradan qaldıra bilirik. Ömrü yeniləməklə ömrü fərəhə bağlaya bilirik, bununla biz yaşamımızda yeni bir aşama başlaya bilərik. Daha doğrusu, bizdən sonrakılar başlaya bilər, biz başlamışıq artıq. Ona görə qəbul edirəm, onların da rolu var. Ondan öncəki baxışlarının da rolu var. Ancaq o baxışlar artıq sənin baxışın deyil. O artıq geridə qalıb. Əgər o sənin baxışın olsaydı, mən bir az ehtiyatla vurğulayardım, sənin duyğularına zərər verməmək üçün. Ancaq o sənin baxışın deyil. Ona görə mən daha çılpaq, daha həqiqi vurğu edirəm onunla bağlı. Biz bunun nə demək olduğunu bilirik, daha da dərindən bilməliyik. Yaşamın gözəlliyini dərk etmək üçün Ocaqdan qıraqdakı yaşam kömək eləmir adama. Yaşamın gözəlliyi var axı, insanlığın gözəlliyi var axı, münasibətin gözəlliyi var axı. Ona adam içində yetir, yetməlidir. Qıraqda yoxdur.
Sözünüzü dediniz, daha doğrusu qutladınız. Siz qutlama sözü dediniz,  bu da qəbul olunandır. Əslində Yeni İl törənimizdə daha böyük dərinliklərə baş vurmaq olardı. Məsələn, mərasimlərimizdə istəyərəm Atadan öyrəndiklərinizin mahiyyətini açasınız. Əldə gələm-dəftər, yazılı.
İndi isə bir neçə sonlandırıcı söz deyim. Bununla da sonlandırım bayramımızı, ilimizi, tədbirimizi, ötən ilin sonuncu, bu ilin birinci tədbirini.
Mən həmişə vurğu eləmişəm, bir daha xatırladıram, biz Mütləqə İnam xalqı yaradırıq. Biz xalqımızı din xalqı olmaqdan qurtarmaq istəyirik. Biz xalqımızı demokratiya xalqı olmaqdan qurtarmaq istəyirik. Biz xalqımızı çeşid-çeşid “izm”lərin etkisindən çıxarmaq istəyirik. Bütün çalışmalarımızın, çabalarımızın əsas kütləsi bunun üzərindədir. Eyni halda, biz özümüz bənzəri yaşamaq istəmirik. Biz insan olduğumuzu anlayıb, insan kimi yaşamaq istəyirik. Çabalarımız budur. Bunu ona görə vurğu edirəm, bizim xalqımızın üzərində minnətimiz yoxdur. Biz səndən filan şey düzəltmək istəyirik, xalq, sən mənə borclusan. Belə bir çağırışımız yoxdur. Biz öz ömrümüzü yaşayırıq, öz ləyaqətimizi yaşayırıq bununla. Baxın, bizdən qıraqda insanların anlamadığı bu məsələdir. Qədimdə sofistika deyilən bir cərəyan olub. Onlar başqa oxulun nümayəndələri ilə söz güləşdirərdilər, hardansa məntiqlər çıxarıb ağa qara, qaraya ağ deyirdilər. Bunu süni olaraq sübut da edirdilər. İndiki insanlar, Atanın fəlsəfəsində umacaqsızlıq anlayışını görəndə, deyirlər, elə sizin çalışmalarınız da umacaqlıdır. Nədir umacağı? Deyirlər demirsiz ki, biz özümüz filan şey olmaq istəyirik, bu elə umacaqdır da. Umacaq mənafeyə bağlıdır, bu mənafe deyil axı. Umacaq işin maddi çalarlarına bağlıdır. Mənəvi umacaq olmur axı. Mənəviyyatda umacaq qurtarır. Çünkü umacaq qarşılıq istəməkdir. Yəni maddi, gerçək qarşılıq istəməkdir. Mənəvi qarşılıq istəmək umacaqçılıq deyil. Ona görə insanlar nəyəsə yetmək yerinə, nəyi isə anlamaq yerinə, buna qarşı anlayışlar uydururlar, axtarırlar. Belə yaşaya bilməzsən.

Belə adamlara çox diqqət ayırmayın. Anladı-anlamadı özü bilər, onunla söz güləşdirmək ağılsızlıq olar. Bizim o qədər vaxtımız varmı, hər boşboğaza vaxt itirək, çənə döyək?! Bir adam özünü axmaq yerinə qoyub, niyə onunla söz güləşdirim. Biz avamlara, cahillərə vaxt ayıra bilərik, bir şərtlə, o durub bizim qarşımızda cahilliyi savunmasın. Doğrudan da, nəsə öyrənmək istəsin, rahatsız olsun. Ya da doğrudan da, öz tapındığında səmimi olsun. Mən səni sabaha sürüyəsi deyiləm. Bugün mənim qarşılaşdığım insanların hamısı Mütləqə İnamı dərk eləyəsi deyil. Soylar gərək olacaq buna. Hamı eyni vaxtda Asif Atanı anlasaydı, onda zəhmət çəkərdim, gedib hamının dizinin yanında oturub özümü yorardım da. Bu mümkün deyil. Ona görə o kəslərin hədəfi söz güləşdirməkdir, o kəslər həqiqətlə doğmalığa meyil etmir, o kəslər özünün bəsit düşüncəsini, istəyini həqiqət sayır, ondan sallaşır –  onu buraxın getsin. Ona vaxt itirmək gərək deyil.
Biz Mütləqə İnam xalq yaradırıq. Biz din xalqı olmaqdan qurtarmağa çalışırıq xalqımızı, demokratiya xalqı olmaqdan qurtarmağa çalışırıq. Dinin də, demokratiyanın da, İnamın da nə demək olduğunu bilirik. Bilməsək, ordan geri, burdan irəli çağırmarıq. Biz bilirik, insanın daşıdığı Məna var, Mütləq var. Biz bilirik, insan hər şeyi qıraqdan qazanmır, öz içindən aşkarlayır. Qıraqdan da qazandığı duyğuları, nəsnələri var, ancaq içindən aşkar edir özünü. Biz bunu bilməsəydik, insana bu qədər vaxt ayırıb çalışmazdıq. Onda elə deyərdik, materializm bəsdir. Ya da elə idealizm bəsdir. Ata bunların heç birini qəbul etmədi, nəinki az saydı bunları, insana zərərli saydı. Demokratiya, düzdür, İnamla tutuşdurulası ideya deyil, ancaq bu gün insanın həyatında etkisi olan bir ideologiyadır. Demokratiya nəinki insanlığa balaca kömək edir, insanlığın çökməsinə gətirib çıxarır. Çünkü önündə, arxasında işğalçı siyasət dayanır. O siyasət mənafelər toqquşmasını yaşadan bir ideologiya kimi çıxarıb ortaya demokratiyanı.
Din insanı başqa cür əyir, insanı göydəkinə tapşırır, insandan qıraqda olana. Demokratiya insanı yerdəkinə, yenə özündən qıraqda olana tapşırır. Bunlar mahiyyətcə ikisi də insanı öldürür. Ancaq Mütləqə İnam insanın içindəkini üzə çıxardır, insanı özünə tapşırır. İnsana öz böyüklüyünü anladır, öz ləyaqətini tanıdır, insanı öz daşıdığı mahiyyətə tən yaşamağa çağırır. Mütləqə İnam budur. Özü də ayrı-ayrı insanları yox, seçilmişləri yox, bütövlükdə bəşəriyyəti. Ancaq Asif Ata öz xalqından başlayır, öz xalqının içində Mütləqə İnamı oldurarsa, onda o başqa xalqların həyatına yol tapar. Çünkü düşüncə heç yerdə sınırlanmır, sonsuzluğa doğru gedir. Ona görə də Ocaq bunu daim özünə deməlidir, anlamalıdır. Nə etdiyinin fərqinə varmalıdır. Bilməlidir o, həyatını, yaşamını yola vermir. Bunu çağaşırı oturub düşünərsənsə, bununla işləyərsənsə, bununla yaşayarsansa, görərsən, tamamilə həyatın yönü dəyişir. Az dəyişmək yox, bütöv dəyişmək gərəkdir. Az dəyişmək az insanlaşdırır adamı. Az dəyişmək az qandırır həqiqəti. Az dəyişmək az sevindirir insanı. Bütöv dəyişmək – insanı hər şeyin əsilliyi ilə üz-üzə qoyur. Bütövləşdirir, tamamlayır ömrü, aqibəti.
Yeni ildə hər bir Ocaqçıya, amaldaşıma bütövlük aqibəti diləyirəm, bütövlük ləyaqəti diləyirəm. Ataya layiq olmamağa heç kimin haqqı yoxdur! Heç kim özünə əngəl olmasın. Sənin özündən böyük əlindən tutub qaldıranın olmayacaq. Mənəviyyatın yiyəsi özün olmalısan. Ocağın dediyi budur. Bununla da, mərasimimiz, yeni ilimiz başa çatır. Qutsal bir gündür, qutsal bir haldır, qutsal bir yöndür. Qoy bu, bizim ömrümüzə yazılsın, ləyaqətmizə çevrilsin.

Ruhsal Hədiyyələr – Ocağın günsıra vizitləri Ocaqçılara sunuldu.
Güntay Atalının Ocaq üçün aldığı qovluqlar  Ocağa sunuldu.

 Evladlıq Nişanələrini Yol sözü ilə Ocaq Yükümlüsü Ocaqçılara sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

 

Günəş Ayı, 38-ci il. Atakənd.
(mart, 2017. Bakı.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir