Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ruhsal “Evlad Günü” törənindəki çıxışlar
Ocaq Günsırası ilə 7 Od Ayı, 40-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Evlad Günü” törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: 7 Od Ayı 40-cı il Günsıramızda Qutsal “Evlad Günü” törənini həyata keçiririk. Bu törəndə sözümü Atanın adıyla başlayıram. Atanın Bayrağını öpürəm. Ocaqda ölənlərimizi yanımızda bilirik həmişəlik. Sabahlı, Bağban, Amaltay bizimlədir.
Gələcək üçün xatırlatma eləmək istəyirəm. Şölə Ayının 1-i Ruhsal “Evlad Günü” törəninin gününü dəyişib Asif Atanın çağında həyata keçirilən Ruhsal Qurum törəninin tarixinə yazdıq. Bundan sona “Evlad Günü” törəni Şölə Ayının 1-də deyil, Od Ayının 7-də həyata keçiriləcək. Keçən il də belə eləmişdik. Bundan sonra da belə eləyəcəyik. Bu törənin anlamı olduqca düşündürücüdür. “Evlad Günü” törəni, toplumdakı sevgililər günü, kişilər günü, arvadlar günü məsələsinin oxşarı deyil. Bu, əslində Ocaq Evladının yaşam nizamını tanıdan, bildirən bir törəndir. Evlad ilini necə yaşadı, necə döyüşdü, necə özünü təsdiq elədi, necə özündən ayrıldı i. a. Bu sorulara cavab vermək üçün düşünülmüş törəndir. Atanın çağında “Evlad Günü” törənində hər kəs özü haqqında söz deməklə yanaşı, hamı bir Evlad haqqında düşüncələrini dilə gətirirdi.
Böyük bir ərdəmlik göstəririk, hünər göstəririk. Bu gün toplumda uğraşma fərqli yönlərdədir. Hər kəsin uğraşdığı işlər var, bir də Ocaq Evladının uğraşdığı işlər var. İnsanlar getdikcə dirçəlmək, gəlişmək yerinə üzü aşağı gedirlər. Yorulurlar, usanırlar, əskilirlər. Həqiqətlə yaşayan insanın yorulması məni inandırmır. O kəs yorula bilər, həqiqətlə deyil. Ömrünə işıq düşməz, fərəh gəlməz, o adam yorular, tükənər. Ancaq böyük işlərlə, həqiqətlə uğraşan adam, əminəm, yorulmaz. Toplumda insanlar ölçünü itiriblər. Yaşamın, davranışın, insana yanaşmanın ölçüsünü itiriblər. Ona görə də durum getdikcə qorxulu bir ortama çevrilir. İnsanlar dünyanın mənasını düşünə bilmirlər, görə bilmirlər, düşünmək istəmirlər. İndi az-çox ağlı olan adam da böyük işlərdən qırağa durur – nəyimə gərəkdir başımı ağrıdım! Yəni insanlar getdikcə heyvan ömrü yaşamağı gözaltına alırlar. Yetərlənirlər bununla. Nədən irəli gəlir? İnsanlar heç nəyə inanmırlar. Başlıca Allaha inanmırlar. Allah uğrunda döyüşən kimi görünənlər belə, Allaha inanmırlar. Allaha inansaydılar, dünyadan əl götürməzdilər, bezməzdilər, yorulmazdılar. Allaha inansaydılar dünyanı dağıtmazdılar. Allaha inansaydılar üzləri gülərdi. Hamı xəstə durumdadır. Hamı əsəb sarsıntıları, münasibət gərginlikləri yaşayır. Bu, toplumun sonudur. Dinlər az qala xeyirli soraq verirlər – “qiyamət günü” yaxınlaşır. Qadam dinə. Sən niyə varsan, “qiyamət günü” yaxınlaşırsa. Sən ona görə olmalısan, “qiyamət günü” olmasın. İnam gərək insanın ağlını, düşüncəsini, ürəyini böyütsün. İnsani münasibətlər yaratsın, gəlişdirsin, Allaha inamı formalaşdırsın, “qiyamət günü” gəlməsin. Tərsinə, din əlini, qolunu sallayıb mənə soraq verir… Din bu gün də dünyanı qurtarmaq yönündə deyil, bitirmək yönündədir. Ən çox dünyaya, münasibətlərə ziyan verən dindir. Ona görə din qurtuluş deyil. Din uçurur. Belə bir çağda biz Ocaq oluruq. Belə bir çağda biz qoruyuruq insanlığın anlamını, sorağını. Yaşadırıq, yaşatmağa çalışırıq. Dünya məhvə sürüklənir, biz işıqlı gələcəyə baxırıq. İşıqlı gələcək ümidiylə yaşayırıq. Toplum bədbin bir geriliyə üz tutur, biz işıqlı bir gələcəyə üz tuturuq. Bu üstünlüyün özü, əslində bir ölçüdür. Bunu anlamağı bacarmaq gərəkdir. Hər kəs ümidini itirib. Ocaq böyük bir avantajdır toplum üçün. Əgər bunu bu gün anlada bilmiriksə, o demək deyil mənim dediklərim doğru deyil. Biz Mütləqə inanırıq, biz dinin dediyi Allaha inanmırıq. Çünkü ağlımızı Atanın Mütləqə İnamı işıqlandırır. Ona görə inanmırıq. Çünkü Ocaq inamdan, nikbinlikdən, gələcəyi işıqlandırmaq istəyindən yaranıb. Toplumu qurtarmaq meylindən yaranıb. “Yol” kitabının “Ocaq məramı”nda deyildiyi kimi. Ocaq qaranlıqla işığın qarışdığı, sintez olunduğu bir çağda yaransa da, bunların tələbindən yaranmayıb. Bunlara qarşı uca münasibətdən yaranıb. Əgər biz bunu topluma inandıra bilsək, onda toplum, doğrudan da, dindən əl çəkəcək. Toplum dinə ümid bəsləmir. Dövlətlər də əslində toplumu aldadır, qurtarıcı addımlar atmırlar, dağıdıcı addımlar atırlar. Allaha inamı ortadan qaldırırlar. Texnologiya inamı yaradırlar. Qurtuluş texnologiyadadır. Texnologiya adında Allah yaradırlar. Texnologiya adında Allah isə insana heç bir vaxt doğru ümid verə bilməz. Mənim nəyimə gərək, əgər mən bu texnologiyalardan bir manat evimə çörək pulu qazana bilmirəmsə. Texnologiyanın gəlişməsi hamı üçün deyil, onu mənimsəyənlər üçündür. Ancaq Allah hamı üçün olmalıydı. Doğruçu Allah yaradan olmadı. Asif Ata yaradır doğruçu Allahı, Mütləqi. Çünkü Asif Ata bizə dünyanın məhv olmasından, fani olmasından, eybəcər olmasından soraq vermir. Dünyanın gözəlliklərindən soraq verir. Deyir dünya gözəldir. İnsan-dünya bağlılıqları qutsaldır. Bunu yaxşı öyrənin deyir. Dünyada yaşamağa dəyər. Yaşamağa o vaxt dəyər, sən dünyanın mənasını tanıyasan. Dünyanı eybəcərləşdirənlərin əməllərindən baxmayasan dünyanın bugününə, sabahına. İçində dünyanın gözəlliklərini kəşf eləyib ordan baxasan. Ordan işıq sala bilərsən hər kəsin ümidinə. Əgər özün dünyanın gözəlliklərini tanısan. Əgər özün dünyada Mütləq olduğunu anlaya bilsən. Asif Ata onu öyrədir, onu verir. Toplumda süni oxşarlıq, eynilik, bənzərlik yaradanlar belə şeyləri araşdırmır, öyrənmir. Din də, elm də bu məqsədlə yaranıb. Demirlər heç biri. Dünyanın üzünə qara örtük çəkirlər. Dünya o deyil. İnsanın içi o qədər zəngindir, o zənginlikdə o qədər duyğular var. O duyğularla, doğrudan da, kainatın sirlərinə vaqif olmaq olar. İnsanı bundan məhrum eləyirlər. Bədbinlik yaradırlar. Dünyanı ölümə sürüyürlər. Bizim öz əməlimizlə, öz işimizlə, öz çabalarımızla, öz düşüncələrimizlə dünyanı ölümə sürüyənlərə nifrət bəsləyirik. Dünyanın yüksək mənasına isə sevgi bəsləyirik. Əslində “Evlad Günü” törəninin anlamı budur. Bu həqiqətə yetməkdir, anlamaqdır, izhar eləməkdir. Günün anlamı ona görə qutsaldır. Gəlin görək toplumun qocalar günündə, sevgililər günündə nə anlam var?! – Əxlaqa uyğun olmayan adamları səhnələrə toplayırlar. Onun anlamı odur. Ondan başqa anlam tanımır. Ona görə Ocağın günləriylə toplumun günləri arasında yerlə göy qədər ayrılıq var. Biz bu həqiqətə yetdikcə, dərk elədikcə çevrəmizdə olanların tələbinə, etkisinə boy vermirik, verməyəcəyik. Biz onların etkisinə girmirik. Onları öz etkimizə almağa çalışırıq. Onların etkisiylə qaranlığa baş soxmuruq. Niyə mən dünyanın gözəlliklərini tanıyan, dərk eləyən biri, cahil bir toplum yığnağına bunu anlatmayım, anlatmağa çalışmayım, döyüşməyim?! Niyə mən qaranlıq yayan şüurların etkisinə girim? Dünyanın gözəlliyini bilən, anlayan adam onun uğrunda döyüşər, onu qorumağa çalışar. Gözəlliyin ölməsinə göz yummaz, seyr eləməz. Asif Atanın Ocağının törənləri belə bir həqiqəti öyrədən oxuldur. Bu oxulun öyrəncisi, öyrətməni olmaq isə ağgünlülükdür. Ona görə biz Gediş Yazısının başlanğıcında deyirik: Ruhsal Evladlıq yolum – ağgünlülüyümdür. Bu qədər. Günümüz qutlu olsun. Günümüzdən uğur alaq. Uğur başlayaq, uğur çağıraq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.
Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ocaq Evladı olaraq özümü çox xoşbəxt, fərəhli hiss edirəm. Müsəlman olaraq yaşamadığıma görə, nisbi inamlı olmadığıma görə, tam mənasıyla olmasa da, Ocağın nə qədər dərin, zəngin, ali inam olduğunu bildiyimə görə. Müsəlman özünü müsəlman olduğuna görə xoşbəxt görmür. Çox az sayda müsəlmanın özünü xoşbəxt görməsi də nisbi xoşbəxtlikdir. Yalan, qorxu əsasında yaşamda xoşbəxt olmaq anlamsız bir şeydir. Həyatın basqısı, vicdansızlığı, qarışıqlığı dinin yaratdığı cəhalətdir. Bugününə şükür edib, bugünüylə barışıb, özünü bədbəxt hiss eləməyən də xoşbəxt deyil. Toyuq, qoyun həyatı yaşayanın xoşbəxt olmadığı kimi. Xalqın qədimliyi, gələcəyi qəti olaraq düşündürmür yıxıb-dağıdan, tikib-uçuran, istədiyi kimi oynayan, bir sözlə, dinin monarx, əxlaqsız Allahın müsəlmanını.
Yoldaşın biri mənə sual verir, nə vaxt başlayırsan namaz qılmağa, oruc tutmağa. Tamamilə islama bağlı olan biridir düşüncəsiylə, yaşamıyla. İçimdə heyifsilənirəm, o cür saf, mədəniyyətli, mərifətli oğlanın hədər olmasına. Tez-tez söhbətlərimiz olur. Qıraqdan qoşulan olduqda da, daha çox özümü ifadə eləyirəm. Hərçənd bu düşüncələrim, dediklərim məni qane eləməsə də. Dini yaşadan qullar, bəndələrdir. Örnək göstəriləcək, bütöv qul – adamlıq səviyyəsini ötə bilmir. Çünkü onun insaniliyə yetmək haqqı əlindən alınıb. Həmçinin başqa dinlər olsun. O mənada ki, bir-birindən elə də fərqli dünyabaxış deyillər.
Adamlıq səviyyəsində olsam da, İnsanlıq yolundayam. Bu yolun qulu yox, Evladıyam.
Atamız Var olsun!
Soylu Atalı: Biz Beşikbaşı törənlərində uğurlama sözü deyirik. Deyirik, Ailəni quranlara onun hansı sorumluluq daşıdığını xatırlatmaq gərəkdir. Xalqı həm fiziki, həm mənəvi cəhətdən davam eləyir, qoruyur. Bunu deyirik, öyrədirik. Niyə deyirik? Çünkü evdə, ailədə ailə başçıları hansı durumdadırsa, demək olar, onların, 99 faiz, övladları da onların yaratdığı ortamın tərbiyəsiylə formalaşır. Çox az olar, evin tərbiyəsindən qırağa çıxasan. O da sonradan çıxırsan. Toplumla, başqa düşüncəli adamlarla bağlantıların olur. Başlayırsan fərqli düşünməyə. Ancaq çoxluq baxımdan bu fərqlilik özünü doğrultmur. Ona görə ailələrdə formalaşan şüur, unutmaq gərək deyil, orada böyüyən uşaqların həyatına hökm eləyəcək. Çox ciddi məsələdir bunlar. Ona görə çətindir hər şey. Dövlət bu yöndə işləmir, televiziyalar öyrətmir, maarifləndirmir. Məsələn, bilgin adamlar, nə aydın sayılan adamlar belə bir eyitimçiliklə uğraşmır. Ona görə ailələr kor qalır, kor böyüyür. Bizim işimiz ona görə ağırdır, çətindir. Atanın, ananın qucağında böyüyən uşağı sonradan tərbiyələndirmək, ayırmaq çox çətindir. Nə qədər böyük dözüm, döyüş gərək ondan ötrü.
Mən hədsiz duyğuluyam. Siz məni həmşə ötkəm danışan görmüsünüz. Ona görə mənim belə sakit tonda danışmağım sizə də yansımasın. Mən, yaxşı anlamda, çox duyğuluyam. Açıla bilmirəm o duyğulardan. Düşüncələrimi götürüb gedir. Özəllikcə bu gün səhər tezdən çox duyğuluyam.
Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Hər mərasimimizin halı var. “Evlad Günü” mərasimimizin də özünəxas halı var. Əslində mən hesabat verməliydim, hara gəlib çatmışam. Hesabatım yoxdur, təəssüf ki. Ata mənə Evlad olmağımla göstərdi, dünya var, əslində dünya yoxdur. Həyat var, əslində həyat yoxdur. Amal var. Amal ömürdə var. Amalla da mən, Nurtəkin olaraq, var ola bilərəm. O keçiciliyi, sonluluğu yalnız Amalı dərk etməklə, Evladlığımı dərk etməklə görə bilərəm, görürəm də. Ona görə Ata deyirdi, siz bilin, siz üstünsünüz, xüsusilərsiniz. Doğrudan da, belədir. Evlad olmaq seçilməkdir, başqa ömür yaşamaqdır. Başqa bir baxışdır. Bu xoşbəxtliyi yaşadığıma görə də Ataya borcluyam. Eyni halda, Soylu Atalıya borcluyam.
Atamız Var olsun!
Soylu Atalı: Ocağa, toplumda iki yöndən münasibət var. Bir bizi tanıyanların münasibəti. Bizi tanıyanlar Asif Ataya, Onun Ocağına bizim ləyaqətimizdən, döyüşümüzdən baxırlar. Müsbət dəyərləndirirlər. Bir də bizdən qıraqda baxanların açısından baxanlar var. Onlar Ocağı yaxşı qiymətləndirmirlər. Onların çoxu bizi tanımırlar. Bizi də qarşılarına çıxanlar kimi sanırlar, hesab edirlər. Belə bir məsələ var. Bunu mən son çağlar daha sıx izləyirəm, görürəm. Bütün bunların nə olub, necə olmasından asılı olmayaraq, Ocaq haqqında mayada sağlam münasibət var. Bu sağlam münasibətin daim üzə çıxmasına çalışmaq gərəkdir. Öz davranışıyla, xarakteriylə, bənzərsizlikləriylə, üstünlükləriylə i a. Üzə çıxmaq gərəkdir. Ona görə sizə mənim bir önərim. Çalışın arada-bərədə vaxt tapın, uyğun bildiyiniz, nisbətən yönü mərifətli olan toplantılara qatılın. Görsənin, söz deyə bilirsiniz, söz deyin, demirsiz boy göstərin. Ədəbiyyat verin, adamlarla tanış olun. Çünkü bizim işimiz həm də bu yöndən formalaşmalıdır. Həm də dediyim kimi, Ocağa münasibətin də doğru yönə dəyişməsi üçün bu məsələ olduqca gərəkdir. Gedib izləmək gərəkdir. Davamlı olaraq, xalqın içinə çıxmalıyıq. Xalqın nümayəndələri ordadır. Orda etki göstərməliyik. Bizi üzdə olanlar tanımalıdır. Üzdə olanların Asif Ata Ocağına mövqeyi, münasibəti dəyişməlidir. Bir də bir pis cəhət var. Toplumun tərbiyəsi belədir. Sən getmirsən, o da gəlmir. Gəlişi də borc verirlər. Fərqləndirmir axı, sənin toplantın nədir, onun toplantısı nədir. Hərə özününkünə, öz ayranına turş demir. Ona görə də borc verirlər. Adi bir şey. Mən sosial şəbəkələrdə izləyirəm, görürəm. Adicə yazılara bəyən vurmaların özünü borc verirlər. Adamlar niyə tükənir getdikcə? Çünkü çevrədə olan adamların bəyəninə görə düşünüb bir şey yazırlar. Elə şey yazım, “bəyən” vursunlar. Hər kəs də hər kəsin fərqli düşüncəsinə ortaq olmur, olmaq istəmir. Hər kəs də hansısa birinin ortaya qoyduğu dərin milliliklə bağlı məsələyə ortaq olmur. Ya anlamır ortaq olmur, ya istəmir.
Bir də burda başqa bir məqam da var. Məsələn bəzi adamlar bizim toplantılarda görünmək istəmirlər. Siyasi ortamın adamı bizim ortamda görünmək istəmir, deyir bunlara münasibət birmənalı deyil, dinə qarşıdırlar. Dinə qarşı olanların yanında görünməyim. Dindar çevrəm var, filan. Belə-belə şeylər düşünürlər. Toplumun səviyyəsi olduqca aşağıdır. Olduqca mürəkkəbdir.
Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ata bizim çiynimizə Evladlıq yükü qoyubdur. Evladlıq yükü ərdəmlik yüküdür. “Evlad ol” deyəndə Ata həm də deyir, vətən ol, millət ol, insan ol. Bu baxımdan mən, Göylü olaraq, bu yükə nə dərəcədə layiq olduğumu dönə-dönə düşünürəm. Hesab eləyirəm, bu yükün ağırlığını, fərəhini hər mənada dərk eləmişəm. Ancaq bir də var, gerçək olaraq, əməli addımları artırmaq. Bu açıdan irəli getmələrim çox olmayıbdır. Bunun səbəbləri sizə də, özümə də bəllidir. Bacardığım qədər çıxmağa çalışıram. Anlayıram, hər şey dərk etmədən başlayır. Yəni yükünün gözəlliyini, fərəhini dərk elədikcə əngəlləri aşa da bilərsən. Təki, doğrudan da, dərk eləyəsən. Naşılığı da, müdrikliyi də dərk eləyəsən. Münasibəti də ona yönəlik qura biləsən. Hamısı, görürsən, doğrudan da, şərtdir. Yəni dərk eləyəndə münasibət də ona yönəlik olur.
Soylu Atalı: Sənə kömək eləyim. Sənin vaxtilə Ocaqda çılğın bir əməlçiliyin var idi. Bunu səngidən nə oldu? Sənin özünü ağılsız davranmalarla maddi sıxıntılara soxmağın. Bir az da üstünə gəlmələr. Cismani ailə, qohum-filan. Ailəsizlik şüuru həm də birbaşa onunla bağlı idi. Yəni bu cür sıxıntılar sənin əsəblərini tarıma çəkdi, sənin ömründə dağınıqlıq yaratdı. Nizama ziyan verə bildi. Yavaş-yavaş özünü toparlaya bildin, maddi sıxıntılardan, demək olar, 95 faiz açıldın. Hələlik belə deyək, ailə sıxıntılarından da açıldın. Bir az üstünə gələn ailəsizlik acısından, üstünə gələn basqılardan uzaqlaşdın. İndi bağımsızlığına mane olan başqa şeylər ola bilər, bundan sonra da yaşayarsan. Bu qaçılmaz bir şeydir. Yaşamda olası bir şeydir. Hər kəs yaşaya bilər. Sonra sənin özünü toparlamağa, ayaqlanmağa əngəllərin o həddə azalıb, sənin gücünü yenəcək durumda deyil. Yəni düşünürəm, bəhanələr aradan getməlidir. Gedə bilər. Sən illər öncəki çılğın əməlçiliyi bərpa eləməsən də, nizamlı bir əməlçiliyi, özüylədöyüşü, yetkinləşməni bərpa eləyə bilərsən. Başlıcası, düşüncələrini, içini ifadə eləmək, yəni düşüncədə, idrakda yeni aşamaya keçmək üçün, mənə elə gəlir, sənin əngəllərin yox kimidir.
Göylü Atalı: Bəzi şeyləri bəzən zamana buraxmalı olursan. Çünkü elə şeylər var zamanla həllini tapmalıdır. Ancaq zaman dediyimiz də nisbi anlayışdır. Yəni onu yetirən də, doğruldan da sənsən. Bu baxımdan hesab eləyirəm yüküm artıq biriydisə, indi beşdir. Yeni bir aşamadayam. Bunun da özünə görə çətinlikləri var. İllərin sərbəstliyini də bəlli bir nizama salmalıyam. Ailə də ailəyə bənzəsin, Ocaq da öz qutsallığını həmişə qorusun. Atamız Var olsun!
Soylu Atalı: Yenə bir artırma edim. Sənin özün üçün bunu doğru sayıram. Bu çağa qədərki sərbəstliyin vardı sənin. Bu əsasən fiziki sərbəstlik idi. Bəzən fiziki sərbəstlik içsəl sərbəstliyə qaşı olur. Adam fiziki sərbəst olduqca onun içində, tərsinə, dağınıqlıq olur. Yəni işini bir yönə yığa bilmir. Bir yerə otura bilmir. Mənə elə gəlir, bu cür ortamlarda insanın içəridən sərbəstləşməsi daha yaxşı bir şeydir. İçəridən sərbəstləşmək, düşüncədə bağımsızlaşmaq. Dediyim kimi, fiziki bağımsızlıq heç də, tam içsəl bağımsızlıq anlamına gəlmir. Sən dışarıda sərbəstsən, ancaq düşüncələrində, içində bağımsız deyildin. Filan şeyin yoxluğu, filan, hamısı sənin içinin bağımsızlığını zəbt eləmişdi. İndi isə dışarıda onlardan açıldıqca, içəridə sərbəstlik daha da oturuşa, genişlənə bilər.
Göylüyə dediyim məsələ başqalarına da özgündür. Yəni içdə bağımsızlıq məsələsi.
Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ümumiyyətlə, Ocağın hər bir törəni bir növ Ocaqçıdan elə bil, hesabat tələb eləyir. Bu niyə belədir? Biz Atadan, Ocaqdan bəlli hədəflərə yönəlmiş mübarizə adamlarıyıq, olmalıyıq. Onun hesabatıdır əslində. Bu da xalqın düşdüyü durumdan qurtarılması üçün önəmli olan bir sistemdir. Asif Ata hazırlaya bildi bu sistemi. Harayına, çağırışına hay verən Evladlarıyla. Evladlarının çiyninə qoyduğu yüklə. İnsanı əbədiliyə qovuşduran yükdür. Hesabatlarda da, bayaq düşünürəm, misalçün, insan daim özündən, fəth elədiyi zirvələrdən hesabat verməlidir. Bu, Dindəki Allaha xoş sözlər demək, şükür eləmək deyil. Asif Ata bu çəpəri uçurdu.
Soylu Atalı: Eldə məsəl var. Adam bir yerə gedib qayıdanda, deyir gəzdiyin, yeyib-içdiyin sənin. Gördüyündən, bildiyindən danış. Belə bir şey deyirlər. Evladlıq da ruhsal səfərdir. Bu səfərdə gediş var, döyüş var. Bu törənlərdə də özünə dönərkən döyüşündən danışırsan. Adam o vaxt danışa bilmir, gedişi, döyüşü olmur. Varsa, danışacaqsan. Elin məsəliylə bunun fərqi ondadır, elin dediyi məsəldə sən gedib canlı görürsən, canlı eşidirsən. Görünən bir şeylər olur. Burda içdə gedir proses. Burda gözünün gördüyündən danışmırsan. Burda ruhunun, düşüncənin gördüyündən, bildiyindən danışırsan. Ona görə bu açıdan bir az çətindir. Çətindir, eyni halda, gözəldir, heç kimin bacarmadığıdır. Hər kəsin gözüylə gördüyü məsələ deyil bu. Bu seçilənlərin içiylə gördüyüdür. Ona yetmək gərək. Buna yetəndə, adam içində danışan səsi ifadə eləyəndə, deyəndə onda öyrətmənliyi başlayır. Ruhsal öyrətmən odur. Hər kəs gözünün gördüyündən başqa danışa bilmir. Ancaq ruhsal öyrətmən içinin, ruhunun gördüyündən danışmağı bacarır. İçindən öyrədə bilir. Ona görə toplumu, gəlişi, gedişi dəyişə bilirsən. Yoxsa necə var, elə qala bilər. Evladlıq yolu budur əslində. Ata bizə bu yolu öyrədir. Belə olun deyir.
Güntay Atalı: Dediyiniz uğurlara yetmək üçün bayaq sadaladığınız həyat əngəllərindən açılmağı bacarmaq gərəkdir. Onu özümə diləyirəm.
Soylu Atalı: Çətinlikləri yaradan nədir?! Sənin ailən, ya da atanın ailəsi bunların gördüyü, bildiyi – həyatı hamı kimi qurmaq olub. Məsələn, ikiqatlı ev qurmaq, onun normal şərtlərini ödəmək. Ev bunu görüb. Buna uyğun tələblər qoyur qarşına. Məsələn, mən bünövrədən bu evi özüm belə qurmuşam. Bunu təkmilləşdirmələrim də olanağıma baxır. Heç kim də məndən artıq şey tələb eləyə bilməz. Mənim gücüm qədər bunu təkmilləşdirirəm. Normal ortam yaradıram. Yəni o ortamın diktələrini öz zəhmətinlə səngitməyi bacarmaq gərəkdir. Yəni həyat qayğılarından açılmaq məsələsi sırf insanın özündən asılıdır. Başlanğıcdan, dediyim kimi, ailə də səni ona kökləyib. Sən indi ondan açılmağa çalışırsan. Ailə açılmağa çalışmır. Çünkü sənin Ocaq tələbin var deyə açılırsan. Ailənin qarşısında yoxdur. O səni öncəki duruma yönəlik çalışdırmaq, düşündürmək istəyir. Bundan açılmaq bizim əlimizdədir. Zaman-zaman onları alışdırmaq gərəkdir. Əsas odur, yaşamağın üçün zəruri olanlar var. Yəni buna köklənmək gərəkdir. Mübarizə adamı bunları yetirmək zorundadır. Bunları yetirməyəndə onda ömrün dağılır. Dağınıq olur, yığa bilmirsən. Yəni bu hər gün davam eləyir. Ona görə yavaş-yavaş ixtiyarı öz əlinə almağı bacarmaq gərəkdir. Qoy bir az sənin istəyinə, maddi əskikliyinə alışsınlar. Alışdırmaq gərək. Bu bizim əlimizdədir. Bəhanələri biz ortadan qaldırmalıyıq. Yəni özünə hakim olmağı bacarmaq gərək. İnsan özünə hakim olmağı bacararsa, o, əqidə adamına dönüşər. Ondan sonra onun ömrünə fərəh də gələr. Sən öz ömründə dəyişikliyi belə başlaya bilərsən. Ömründə dəyişikliyi başlaya bilmirsənsə, toplumda dəyişiklik getməyəcək. Biz öyrətməliyik hər kəsə. Ocaqçılığın gözəl tələbləri, sirləri var. Onları öyrənmək gərəkdir. Onda görəcəksən, çətinlik-filan yoxdur.
Güntay Atalı: Dedikləriniz fikirlərimi qapsadı. Atamız Var olsun!
Soylu Atalı: Asif Atanın törənləri gözəl oxuldur. Biz qarışqa deyilik. Filan vaxtı, torpağın altına, gücümüzdən qat-qat artıq yüklər daşıyaq. Biz Allahlarla yarışmalı olan, bunu anlayan, anlamaq istəyən, əbədilik istəyən insanlarıq. Əbədiliyi yaratmaq gərəkdir. Əbədilik istəyirik, ötəriliyin dalınca gedirik. Ölməzlik istəyirik, ölərinin dalınca qaçırıq. Necə ölməzlik əldə eləmək olar. Ona görə bunları addım-addım yoluna qoymaq gərəkdir. Bir gündə olmur bunlar. Həyat bizi çeynəyib tullamalı deyil saqqız kimi.
Bu qədər. Ata deyirdi, düşüncədən (fikir deyirdi Ata, mən düşüncə deyirəm. Fikir farscadır) artıq söz olmamalıdır. Biz də düşüncədən artıq söz demirik. Düşüncələrimizi dilə gətiririk. Gərəkən önəmli məsələləri dilə gətiririk. Yaşantılarımızı ifadə eləyirik. Bugünkü törənimiz də az, ya çox anlamda zəngin, ya da az zəngin olmasından asılı olmayaraq, dilə gətirdiklərimiz bizim yaşantılarımızdır, bizim bilmək istədiklərimizdir, deməli olduqlarımızdır. Bunları dilə gətirdik. Bunlarla yaşamağın gərəkli olmasını özümüzə xatırlatdıq. Evlad olmaq ləyaqətini qorumaq gərəkdir. Elə yaşamaq, günbəgün artmağı təmin eləyə bilək. Günbəgün azalmayaq, əskilməyək. Bu düşüncəylə törəni başa vurmağınızı istəyirəm. Hər gün artmaq haqqında düşünəsiniz. Özünüzə fərəhlə deyəsiniz, bu gün bir qədər də artdım. Özünə fərəhlə deyə biləsən, həyata bu gün yenilmədim, topluma bənzəmədim, özümə bənzədim, Atanın dediklərinə bənzədim, ölməzliyə bənzədim. Bunun da fərəhiylə yaşadım. Hər gün bunu özünə deməyi, yetirməyi bacarmaq gərəkdir. Mən sizə içdənliklə deyirəm, hər gün içimdə bir boy artdığımı görürəm. Doğrudan da, fərəh alıram. Artıq o qədər içim zəngindir, o qədər duyğulu, düşüncəliyəm. Ocaqçılığın gözəlliyi də budur. Adama yaşamaq öyrədir. Sən də başqasına yaşamaq öyrətməyə çalışırsan.
Beləcə, Evlad Gününüz qutlu olsun.
İndi Atamızın adından Evladlıq nişanələrini sunaq:
(Ocaq Yükümlüsü Yol sözüylə Evladlıq Nişanələrini sunur –T.A.)
Nurtəkin, Günün qutlu olsun. Evlad adını bütöv, mütləq doğrult.
Ocaqçılarımız – Günev, Ömürtay, Ulusəs də bizim günümüzün sorağını alsınlar. Fərəhlənsinlər. Bunun uğurunun sevincini yaşasınlar. Bunu bilmək gərəkdir. Hansı səbəbdən olur olsun Ocaq törəninə qatıla bilmirsənsə, onu mütləq sonradan izləməlisən.
Göylünün Günü qutlu olsun. Sənin yeni həyatın da qutlu olsun. Evlad adı hər şeydən yüksəkdə durur. Evlad adının işığında qur hər şeyi. Evlad adının ləyaqətinin işığında qoru hər şeyini.
Türkel, Günün qutlu olsun. Art, yüksəl daim qabağa doğru. Ocaqda əsil, qurucu Evladlığa yüksəl.
Güntay, Günün qutlu olsun. Özündən qat-qat yüksəyə qalx. Haqqın var, olanağın var. Yiyəlik duyğun bitkin, yetkin şəkildə Ocağa gərək olsun.
Nurtəkin Atalı: (Soylu Atalıya Nişanəsini sunur – T.A.) Günün qutlu olsun, sənə qanad olmaq istəyirik.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetir.
Od Ayı, 40-cı il. Saray-Soylu.
(iyul, 2018.)