Xəbərlər

Soylu Atalı. Aktiv ruh, passiv ruh

“Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.
İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var:  görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də bunlarsız yanaşaq. Öncə onu deyim, həzz, iztirab, vecsizlik (biganəlik də deyə bilərik) bir tərəfli yanaşılası məsələ deyil. Bunun fiziki tərəfi də var, mənəvi tərəfi də. Mənəvi əzab, ya da, fiziki əzab; mənəvi həzz, ya da, fiziki həzz; biganəlik də belə, – fiziki baxımdan biganəlik, mənəvi baxımdan biganəlik. Fiziki əzab, fiziki həzz həmin bu beş lamisə duyğularının vasitəsiylə olur. İnsan nə vaxt həzz alır? – Dadlı nəsə yeyəndə, gözəl, ətirli nəsə qoxulayanda, yaxşı bir şey hiss edəndə. Ya da tutaq ki, hansısa bədəniyin bir əzasına bərk zərbə dəyir, ağrıyır, incidir, əzab duyursan. Ya da hər hansısa bir nəsnə, ya da qida sənin üçün heç bir önəm daşımayanda biganə yanaşırsan. Bu sırf lamisə duyğularının üzə çıxardığı, fiziki məzmun daşıyan məsələlərdir. Biri də var, bunun mənəvi tərəfi. Mənəvi tərəfi nədir, – ruhun ayrı-ayrı cəhətləri var. Deyək ki, ruhun fədakarlığı var, xeyirxahlığı var, vicdanı var, doğruçuluğu var… Əgər bir insanın haqqını ayaqlayarsansa, onun xətrinə dəyərsənsə, onu incidərsənsə, sonra qayıdıb düşünərsənsə ruhun əzab çəkər. Ya da, deyək, fədakarlıq edərsən, xeyirxahlıq edərsən, vicdanlı addımlar atarsan, adil olarsan,bunlardan mənəvi həzz alarsan. Eyniylə biganəlik məsələsi, deyək ki, qarşındakı kiminsə sənin üçün bir önəmi yoxdur, ona heç bir ilgi göstərmirsən.
İztirabla həzz işin iki tərəfidir. Biri ruhun özüylə, yanlışla barışmamağıdır, biri gözəlliyi ortaya gətirməsidir. Hər iki halda bunlar ruhun aktivliyidir. Ruh aktiv olanda ya yanlışa yol verər, bundan da əzab çəkər, ya da, gözəlliyə qulluq edər, bundan həzz alar./
Biri də ruhun passiv durumu var. Ruhun passiv durumu biganəlik məsələsini ortaya çıxarır. Fəlsəfələrdə, dünyagörüşlərdə ruhun ölümü deyə bir şey deyirlər. Atanın məntiqi ilə, fəlsəfəsi ilə yanaşanda deyirik, ruh ölmür. Bəs ruhun ölməzliyi nə deməkdir, ya da ruhun ölümü nə deməkdir?! – Mənə elə gəlir ki, biz burda kimləri isə qınamaqla, yamanlamaqla özümüzü sübut eləməyə çalışmalı deyilik. Biz həqiqəti anlamağa çalışmalıyıq. Atanın dediyinə də, başqalarının dediklərinə də üzdən yanaşmamalıyıq. Əsaslı bir tutalqa tapsan, hər hansı baxışı qınaya da bilərsən, buna sözüm yoxdur. Mənə elə gəlir, passiv ruh yaşamır. Yaşamırsa ölür. (Passiv ruh, aktiv ruh, bu anlayışlar indi ağlıma gəldi, düşüncələrimizi aydınlaşdırmaq üçün işlətmək olar). Bunu izah etmək üçün biz Atanın “Mütləqilik ölçüsü”nə dayanıb deyə bilərikmi ki, ruh ya var, ya yoxdur (Ata deyir: ya hər şey, ya heç nə. Nisbini yoxluq sayır. Bu açıdan deyirəm). Varsa o nədir, harda var, kimdə var?! – Onda buradan məntiq belə çıxa bilər ki, ruh varsa onu daşıyan kamildir, yoxdursa qeyri-kamildir (yəni yaşayan insanda ruhun varlığı, yoxluğu insanın kamilliyi, ya da qeyri-kamilliyi ilə bağlıdır). Genel götürəndə isə mənə elə gəlir (Atanın da fəlsəfəsi onu deyir), ruh insanla bir yerdə doğulur. Buna aydınlıq gətirməyə çalışaq, – insanda İnsanlıq adlı Məna var deyirik. İnsanda İnsanlıq adlı Məna insana doğulandan sonramı gəlir?! – Sonradan gəlmir, qıraqdan gələ bilməz. Onun özündə var, sadəcə olaraq, böyüdükcə ondakı İnsanlıq imkanları da aşkarlanır, ağlın imkanları aşkarlanır, başqa keyfiyyətlərin imkanları aşkarlanır, onun özüylə birlikdə böyüyür. Deməli, ruh insanda insanla birgə var, dölün özündə olan imkandır, qıraqdan ona ötürülmür. İnsan böyüyür, ya özündəki imkanı aşkarlayır, ya qismən aşkarlayır, ya da, heç aşkarlamır. Ruh da,insan doğulandan onunla birlikdə olan, Mənanı ifadə etmək üçündür. Ruh Mənanın ifadəsidir, Mənanın ifadəsi onunla birlikdə olur (Şərti anlamda insanla birgə doğulur). İnsanda ruh başından bəri var. Əgər başından bəri varsa, o nə vaxtsa aşkarlana bilər. Ya da aşkarlana bilməzsə deməli, ruhun aktivliyi-passivliyi məsələsi ortaya çıxır. Passivlikdə ruh yoxdur. Yoxdursa, ölür deməkdir – İnsanlıq adlı Mənanı gərəyincə ifadə etmir. Ata deyir, görməyən göz sənin deyil. Bu nə deməkdir, – sən bədənsənmi, ruhsanmı?! Sən ruhsansa, deməli, ruh bədəni özünə tabe edib. Yəni bədən ruhla birgədir. Ruha doğma deyilsənsə, bədənsənsə, deməli, görməyən göz sənin deyil. Bəs kimindir, – bədənindir. Bədən Ruha tabe olanda göz – faktı ruha təqdim edir. Ruh – faktı tanıyır, dəyərləndirir, qiymətləndirir, mənalandırır, əlaqələndirir. Faktı Məna ilə əlaqələndirir. Çünkü ruh Mənanın ifadəsidir, göz isə faktı təqdim edir. Ruh bunu artıq tanıyır, mənalandırır (Hər bir faktın özündə Məna var). Əgər ruh aktivdirsə (yəni bədən ruha tabedirsə), onda göz – faktı ona təqdim edə bilir, çünkü gözün görümünün, qabiliyyətinin arxasında ruh durur. Ruh passivdirsə (bədən ruha tabe deyilsə, belə də deyə bilərik), göz ona faktı təqdim edə bilmir, göz bədənə yarayır, bədən üçün tanıyır. Bədənə nə gərəkdirsə onu tanıdır. (Burada göz bilim rolunu yerinə yetirir, ruhun bir cəhəti olan idrak da ruhaniyyatın. Gerçəklik – Məna məsələsi. Fakt – Mənanın özü deyil, nişanəsidir. Göz nişanəni İdraka təqdim eləməklə idrakın Mənanı görməsinə yardımçı olur).
Ata sözü: “Yeriməyən ayaq sənin deyil”… Ruh aktiv olanda ayaq ruh üçün yeriyir, ruhun tələblərinin dalınca gedir. Hərəkət ona görə var ki, – yeridiyini qəbrə aparmırsan, – Mənanı görümünü qəbirə aparmırsan…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir