Xəbərlər

Soylu Atalı. Borçalıdan düşmən yaratmayın

Biz yazmışdıq: Ərdoğan hakimiyyəti özünün Türkiyədə yaratdığı sosial-ekonomik, etnik-milli sorunların nədəninin dış güclərdə axtarılmasına çalışır. Sanki bunlar Türkiyəni qurmaq istəyirlər, dış güclər isə yıxıbdağıtmaqla uğraşır. Yandaşları elə görüntü yaradır, elə propaqanda aparırlar. Azərbaycanda bu görsənişlərin tarixi bir az da öncələrə gedib çıxır. İllərdir, İran Azərbaycanda iş aparır. Biz bunu 90-cı illərin ortalarından üzü bu yana deyirik, basın orqanlarında yazırıq. Azərbaycan hakimiyyəti isə demək olar, səsini çıxarmayıb. Yalnız hakimiyyətin özünün damarlarına basılanda yandaşları araçılığı ilə qarşıtəbliğat kampaniyası başladılıb. Bu da lokal xarakter daşıyıb, çünkü münasibətlər “yoluna qoyulub”. Son dönəmlərdə, özəllikcə İkinci Qarabağ Savaşından sonra İran Azərbaycanla bağlı daha çox çalışmalara girişdi. Kontrolunda olan azərbaycanlıları hərəkətə gətirib Azərbaycan dövlətinə ciddi mesajlar ötürdü. Bu mesajlar sonucundaAzərbaycan toplumunun qəzəbinə nədən olan “Kərimə dövləti” iddiası sosial şəbəkələrdə uzun çağlar gündəmi qapsadı. Bununla da,Azərbaycanın millətsevər kəsimi ilə hakimiyyətsevər kəsimi bir müstəvidə görünməyə başladı. Həmişə olduğu kimi hakimiyyət bu görsənişlərdən də öz çıxarları üçün yararlandı. Yəni bu rejim Azərbaycanın sosial-eokonomik, milli, siyasi yaşamında yaratdığı acınacaqlı durumu İrandan gələn təhdidlərin ayağına yazmağa çalışdı. İndi İrandan gələn qorxuya qarşı birgə dirəniş propaqandası yürüdür. Söz yox, İrandan, Rusiyadan, başqa dış güclərdən gələn qorxulara qarşı dirənişə bütöv bir toplum olaraq, hazır olmalıyıq. Ancaq İrandan, Rusiyadan, Batıdan gələn qorxuların hansı yollarla oluşduğunu, necə gəldiyini araşdırıb öyrənməyə də borcluyuq. Görünən odur ki, zaman-zaman bu qorxuları içimizə hakimiyyət özü buraxıb. Bu hakimiyyətin başından bəri Rusiyanın əlaltısı olduğu heç kimə sirr deyil. Azərbaycanın var-yatırını hər gələnin süfrəsinə qoymaqla öz ömrünü uzatmaqla uğraşıb.
Uzaq keçmiş deyil, 5-ci kalona qarşı təbliğat quruldu. Toplumun həşirlərindən özlərinə istehkam düzəldib istəmədikləri adamları hakimiyyətdən qırağa qoydular. İndi yerə-göyə sığmayan bir səssizlik yaranıb. Nədir, 5-ci kalonun varlığı, işi başa çatdımı?! – Heç nə başa çatmayıb. Hər şey, hər kəs öz yerindədir. Gərək olanda yenidən 5-ci kalon söhbəti gündəmə gələcək. Toplumun ayrı-ayrı kəsimlərinin “vətənsevərliyi” yenidən köpükləndiriləcək, gündəmi bürüyəcək. Sağlam vətənsevərlər də onlara qoşulacaq. Bir sözlə, hakimiyyətin manipulyativ oyunları davam edəcək.
Biz İranın, Rusiyanın, ya da Batının agentura şəbəkəsinə çevrilənləri qınayırıq, pisləyirik. Qınamaqda, pisləməkdə davam edəcəyik. Bunlar artıq çoxluq təşkil edirlər, təşkilatlanmış gücə çevriliblər. Ancaq onların içində çoxsaylı aldananlar, küyə gedənlər var, acığa düşənlər var. Dövlət öz insanlarına yiyə durmayanda başqaları onlara ağa olurlar. İşsizlik, ailə qura bilməmək, sosial sorunlar insanları yaxaladıqca onlar da qıraqda özlərinə yiyə axtarmalı olurlar. Çünkü səsləri eşidilmir, dövlət qayğısı görmürlər. Ona görə dövlətə qarşı qulllanılırlar. Dövlətin başında duranlar onları yağının caynağına itələyirlər, sonra toplumun gözündə düşmənə, xainə çevirirlər. Onları toplumun müdafiəsindən məhrum edib, qorxulu ünsürlər kimi, dustaq evlərinə doldururlar. Bu böyük milli faciədir. Dövlətin bütün olanaqları vətəndaşları sıradan çıxartmağa yönəldilir. Maarifçilik işi qurub sorunları qabaqlamaq, insanlara qayğı göstərib düz yola çağırmaq yerinə onlardan potensial qorxu yaratmaq – dövlətin çöküşünə yol açmaqdır.
Hakimiyyət toplumun intellektual kəsiminin bəlli bir toplusuna ortam yaradır, qayğı göstərir, onları özünün buyruqçularına çevirir (burada trolları ifadəsini də qullanmaq olar). Onların təbliğatları ilə toplumu bölür, ayırır, əzir. Bu cür adamların içərisində siyasi partiya başçıları da var, jurnalistika ortamında çalışanlar da var, orta, yüksək oxullarda çalışan öyrətmənlər də var, əməkçi kollektivin içində ələ alınanlar da. Xalqın qarşısına da belələrini çıxarıb tanıdırlar. Bütün televiziyalar, basın orqanları, yutub kanalları, çoxluq olaraq, belə adamların əllərindədir. Sağlam aydınlar belə tribunalara yaxın buraxılmırlar. Buyruqçular hər şeyə münasibəti istədikləri kimi formalaşdırmağa çalışırlar. Saxta münasibət formalaşdırılan məsələlərdən biri də ortalama yarım milyondan çox türkün yaşadığı Borçalı bölgəsidir. Bu gün Borçalıda yaşayan türklər tam olaraq baxımsızlıq, yiyəsizlik durumundadırlar. İllərdir bu baxımsızlıq, yiyəsizlik davam edir. Ayrı-ayrı vaxtlarda Borçalı adına“odnarazıvıy təşkilatlar” yaradıb oradakı topluma yalançı umudlar verilir. Sonra o təşkilatlar da dağılıb qırağa dururlar. Borçalıdakı türklərin taleyi ilə bağlı konstruktiv bir plan, proqram ortada yoxdur. Bu, nə Azərbaycan hakimiyyətini ilgiləndirir, nə də Azərbaycandakı Borçalı əsilli aydınları. Borçalı əsilli aydınların içərisində vətənsevər insanlar yox deyil. Ancaq onlar da işlərini, çörəklərini itirəcəklərindən çəkinib səslərini çıxarmırlar. Köklü sorunlar gündəmə gətirilmir, insanların evini-eşiyini atıb dağılmalarının nədəni araşdırılıb ortaya qoyulmur. Tərsinə, Borçalılar suçlanılır, onlardan düşmən obrazı yaratmağa çabalar göstərilir. Bu çabanı göstərənlərdən biri də Azərbaycan Demokrat partiyasının başçısı Sərdar Cəlaloğludur. Adam son illərdə partiyasının adına uyğun çıxışlar eləmir, populizm dalınca qaçır. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirmiş kimi davranır. Baxın nə deyir: “Biz Borçalıda olduq, yarım milyon insanın hamısı İranın etkisi altındadır. Azərbaycan dövlətinə ən böyük qorxu onlardan gələcək”. Bu adam nə danışdığını bilmir. Baxın, Borçalıya bircə yol gedib-gəlməklə yarım milyon insanın bütünlüklə yolunu azdığını deyir. Azərbaycan hakimiyyətinin qarşısında məsələ qaldıra ki, Borçalıda yaşayan insanlara qarşı ayrı-seçkilik qoyulur, insanların yaşamaq olanaqları qısıtlanır, təhsil alanlara iş verilmir, məktəblər bağlanır, toponimlərimiz dəyişdirilir, tariximiz təhrif olunur, qədim alban kilsələrini restavrasiya edib keşişlərə verirlər, onlar da kilsələrin çevrələrində örüş yerlərini daraldırlar, mal-qaranı balta ilə çapır, güllə ilə vururlar, şikayətə baxmırlar; məsələn, Bolnisi (Bolus) rayonunun mərkəzində Borçalı türkləri ev alıb sənədləşdirə bilmirlər, ancaq orada ermənilər yerləşib çoxalırlar, iş başına gəlib ayrı-seçkilik yaradırlar. Bu məsələləri qaldırmaq yerinə Sərdar Cəlaloğlu deyir,Azərbaycan dövlətinə ən böyük qorxu Borçalılardan gələ bilər.
Bu gün Azərbaycanın torpaq sınırları bağlıdır. İnsanlar fantastik rəqəmlərlə pul xərcləyib (Borçalıya, ya da oradan Azərbaycana) ölüsünü ağlamağa, xəstəsinə baş çəkməyə gedib-gəlirlər. Maddi olanağı az olanlar bunu da eləyə bilmirlər. Borçalıda yaşayan türklər Azərbaycanla ilişkidə ayaqda durub varlığını qoruya bilərlər. Azərbaycan hakimiyyəti isə sınırları bağlı saxlamaqla bu ilişkini sıfırlayıbdır. İnsanlarımız Allahın umuduna buraxılıb. Sərdar Cəlaloğlunun məntiqi isə deyir: Azərbaycan hakimiyyəti sınırları açmamalıdır, çünkü Borçalıda ona qarşı qorxulu durum var…
Bəs biz neyləyək, Borçalı əsilli aydınlar, bilim adamları?! Borçalının ən ilkin haqlarınıdamı  dilə gətirməyək?!
Bəlkə düşünək, hər şeyə hazırlıqsız yaxalanmayaq, sonra gec olmazmı?!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

18 Şölə Ayı, 45-ci il. Atakənd.

(iyun, 2023. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir