Xəbərlər

Soylu Atalı. Dəyərlərimizi havalandıranların “aydınlığı”

(Rasim Qaracaya cavab)

Bu gün toplumsal ortamda olanlar çoxluq olaraq həqiqətlərə ayıq baxmaqdan çəkinirlər, ya da baxa bilmirlər. Asif Ataya münasibəti bu məsələylə bağlı bir örnək olaraq göstərmək istəyirəm. Ona sayğı, sevgi bəslə­məyən­ləri anlamaq olar. Onlar biranlamlı olaraq yeniliyə, milliliyə qapalı olan geri düşüncəli adamlardır. Ancaq sayğı bəsləyənlərin yanaşmasında da qəribə bir çəkingənlik, hürkmək var. Belə adamlar Asif Ataya sayğılarını qırağa qoya bilmirlər. Ancaq ona bütöv də yanaşa bilmirlər. Asif Atanı alim-filosof kimi götürürlər, onun Yeni İnam yaradıcılığını sinirə bilmirlər. Ona görə də Asif Atanı elm müstəvisinə daşıyıb ikinci xətti ya danırlar, ya da üstündən sükutla keçirlər. Bəziləri hətta onun özünə peyğəmbər deməsini normal durumdan çıxması kimi qiymətləndirir. Bunlardan biri tanınmış şair-yazar Rasim Qaracadır. Bu günlərdə Asif Ata Ocağının 40 illiyinə hazırlaşırıq. Amaldaşım Göylü, toplumsal baxımdan meydanda olan, ayrı-ayrı insanlardan Ocaq haqqında düşündüklərini yazmalarını rica etmişdir. Var olsunlar, onlar da yazıb göndərmişdilər. Yazıların dərin-dayaz, geniş-yığcam olmasının önəmi yoxdur. Hər kəsə xoş sözlərinə görə sayğı duyuruq. Tənqidi yanaşmalar da olsaydı sayğ ilə qarşılayardıq. Ancaq Asif Atanı aşağılamağı ləyaqətə uyğun saymırıq. Yanlış bildiyimiz yanaşmalara da cavab haqqımızı dilə gətiririk. Rasim bəy 78-ci ildə Asif Atanın ona yazdığı məktubdan ilhamlandığını, etkiləndiyini yazıb. Asif Atanın sovet rejimi ilə, onun antimilli ideologiyası ilə dönməz bir savaş apardığını dəyərləndirib. Bu savaş ortamında Asif Atanı böyük alim olaraq görür. Sonra da yazır: “Asif Ataya qarşı sovet repressiya maşını işə düşmüşdü, əvvəlcə işsiz qoydular, əsərlərini çap etmədilər, sonra ailəsini dağıtdılar, əsəblərini yerindən oynatdılar, 90-cı illərin kadrlarında gördükləriniz sizi yanıltmasın, bunlar Asif Atanın ruhi sarsıntı keçirdiyi zamanların kadrlarıdır. 15 illik ardıcıl təzyiqlərin nəticəsində sağlamlığını itirmiş, havalanmış, özünü peyğəmbər elan etmişdi. Ziyalı şərəfini hər şeydən uca tutan bu görkəmli insanı bax beləcə sıradan çıxartmışdılar”. Baxın, bu bir Azərbaycan aydını sayılan adamın gəldiyi sonuc. Bu sonuca qarşı bizlərdə iki baxış yaranır: ya bu yazar özünü aşırı dərəcədə, Asif Atanın “anormallığını” görəcək qədər, ağıllı sayır, ya da adamın ağlının imkanları məhduddur. Bu qədər düşünə bilir. Hər iki hal geridir, gerilikdir. Nədən? Bu adam Asif Atanın özünü peyğəmbər saymasını anormallıq kimi qiymətləndirərkən fərqinə varmır ki, Asif Atanın onlarca davamçılarını da anormal saymış olur. Bu özü anormallıqdır. Ola bilərmi ki, bu adamların hamısı ruhi sorunlar yaşamış adamlar olsun. Yaxşı, Asif Ata rejimin basqısından “havalanıb” özünü peyğəmbər adlandırdı. Bəs onun dalınca gedənlərin heç birimi onun “havalandığını” görmədi? Yəni Rasim Qaraca kimi ağıllı adam tapılmadımı, Qaracanın “anladığını” o da anlasın. Başqa bir məsələ, deyirsiniz Asif Ata rejimlə döyüşürdü. Axı niyə demirsiniz, o, rejimə qarşı nə ilə döyüşürdü?! Ədəbiyat tənqidçiliyi ilə o boyda rejimə qarşı döyüşməkmi olardı?! Ədəbiyat tənqidçiliyi ilə ədəbiyatın çatışmazlıqları ilə döyüşə bilərdi, xalqları işğalda saxlayan ideologiya ilə yox ki. Ona görə bilməyiniz gərək, rejimlə döyüş müstəvisində Asif Atanı təkcə ədəbiyat alimi kimi tanıtmaq – onu danmaqdır. Daha geniş götürsək, yalan danışmaqdır. Çünkü bir ədəbiyat alimindən bunca qorxub onu antikomunist, antimarksist, antisosialist, pantürkist, klerikalist, faşist epitetləri ilə damğalamazdılar. Heç düşünə bildinizmi, sizin iddia elədiyiniz kimi olsaydı, yəni Asif Ata “ruhi sarsıntı keçirmiş”, “sıradan çıxarılmış” olsaydı, ona bu damğaları, dünyanın yarısına hökm edən bir rejim niyə vurmalı idi ki?! Əgər sıradan çıxarmışdısa, yenidən onu damğalayan rejimdəmi havalanmışdı?! Qəbul eləsəniz də, eləməsəniz də, Asif Ata alimlik səviyyəsini çoxdan aşıb, bu gerçək bir faktdır. Siz də, ya bu gerçək faktı deyin, ya da danışmayın. Onu dəyişib (təhrif edib) başqa cür göstərməkdə isə sayğının səmimi olmasını düşünmürəm.

Onu da deyim ki, Asif Ataya basqı 15 il deyil, öldüyü günə qədər davam edib. Sovet rejimi çökəndən sonra da başqa biçimdə basqılar həyata keçirilirdi. Baxın, Rasim Qaraca yazısında Asif Atanın tələbələri kimi vaxtilə Ocaqda olmuş, sonra Ocaqdan çıxmış adamların adını çəkir. Bunlar da alim Asif Atanın elmi tələbələri imiş. Hər halda Rasim Qaracanın yazdığından belə çıxır. Onlarla işimiz yox. Onlardan bəzilərinə, Ocaqdan getsələr də, bu gün də sayğım var. Məsələ ondadır, Rasim Qaraca bu gün Asif Atanın Ocağını sönməyə qoymayan, yolunu, amalını yaşadıb davam etdirən adamların varlığını görməzdən gəlir. Asif Atanı elm müstəvisinə daşımaqla onu “havalanmaqdan xilas eləməyə” çalışır. Bu boyda düşüncəsizliyi görəndə isə “aydın” sözü də adamın gözündə ucuzlaşır. Belə düşüncələrin yaranmasının nədəni isə bəllidir, kosmopolit “yenilikçilər”in milli kimliyi dərindən öyrənib dərk eliyə bilməməsi. Sözsüz bunların hamısı aydın adının doğrulmamasının görsənişləridir. Rasim Qaracanın şüurunda “sıradan çıxmaq” sözü fərqli anlam daşıyırmış. Asif Ata tənqidçilikdən qırağa çıxıb İnam dünyabaxışı yaratdısa, bunu rejimə yenildiyindən eləyibmiş. Ancaq cənab Rasim Qaracaya bildirmək istəyirik: Asif Ata yenilmədi, sıradan çıxarılmadı, yüksəldi, kamilləşdi, özünü təsdiq elədi. Sıradan çıxdı, ancaq adilərin, bəsitlərin, karların, korların, satqınların sırasından çıxdı. Daha doğrusu, onlarla bir sırada durmadı. Bunu görmək üçün Asif Atanı oxuyub öyrənmək gərək idi. 40 il bundan öncəki yazılmış məktubu oxumaqla yetərlənmək olmazdı. Asif Ata necə yenildi ki, 40 ildir Ocağı, Amalı yaşayır, yayılır.

Milli dəyərlərimizə, tarixdəki zəngin keçmişimizə biganə olanlar Asif Atanın nə yaratdığını, hara gəlib çıxdığını görə, anlaya bilməzlər. Az da olsa, öz keçmişinə, milli kimliyinə sayğı duyanlar Asif Atanın İnam fəlsəfəsini araşdırıb öyrənməli idilər, öyrənməlidirlər. Bunun yerinə “ay aman, kişi gül kimi alim idi, kaş özünü uydurmayaydı” deyib xəcalət çəkmək, inciməyin, milli kimliyi tanımamaq, anlamamaq görsənişi yaradır. Sizlərin məntiqinə görə Babək də “havalanıb” özünü Şirvinə tay tuturdu, Nəsimi də “havalanıb” Fəzl Həqq” deyirdi. Bu məntiqlə Azərbaycanın bütün dəyərləri “havalanmaqdan” yaranıbmış. Ona görə bu gün cəsarətli, dönməz döyüşkən aydınlar yetişmir. Yetişməyən, yetkin düşünməyən adamlardan da nəsə ummaq özünü doğrultmaz. Bir şeyi də bilməyinizi istəyirəm, biz Asif Atanı bir öyrətmənimiz olaraq savunmuruq. Bunun nə Asif Ataya gərəyi var, nə də bizə. Biz onu gələcəyimizin özül dəyəri olaraq görürük. Milli özünüqoruma sistemimizin quruluşu olaraq dərk edirik. Sizə elm hər şey kimi gəlir, bizə isə təkcə elm az gəlir. Ruhaniyyatsız xalqı elm qorumaq gücündə deyil. Xalqın qurulması da, qorunması da onun yaşamında mənəviyyat ölçüsünün doğru, düzgün olması ilə baş verir. Asif Ata xalqının mənəviyyat-ruhaniyyat prinsiplərini bəlirləyib bu quruculuğa Atalıq edir. Min ildir bizim mənəviyyatımıza ərəb dünyabaxışı atalıq edir. Ruhumuz da göz qabağında. Batıda isə mənəviyyatımıza atalıq edə biləcək nə sistem var, nə də elə bir sistem yaradacaq şəxsiyyət. Belə bir sistem, şəxsiyyət olsa belə, o bizim mənəviyyatımıza atalıq edə bilməz. Ata bizim öz içimizdən çıxmalı idi, çıxdı. Bu gün içimizdə “ağıllıların” davranışları isə bizi atasız qoymağa, yenidən min illər əsarətdə qalmağımıza yönəlir, yönləndirilir. Onu da deyim, Asif Atanın hədəfi başlanğıcdan Mənəviyyat Ocağı qalamaq idi. O özü deyirdi: “tənqid bizim üçün, amalımıza yürüdüyümüz yolda bir aracdır”. Hələ 70-ci illərin ilk çağlarında o, düşünürdü, Ulusal Savaş sonucunda milli dövlət quracaq, özü yandaşları ilə hakimiyyətə gələcək. Milli strategiya, milli konsepsiya bəlirləyəcək. Ancaq təqiblər amansız şəkil alanda çevrəsində, demək olar, heç kim qalmadı. O zaman anladı ki, xalqının indiki durumu ilə, burax dövlət qurmağı da, yol getmək alınmır. Demək, toplumumuz onun diləklərinin gerçəkləşməsinə hazır deyil. İçdən dəyişilməli, böyüməli, qurulmalıdır. Bu isə siyasi mübarizələrlə olmaz. Ona görə dedi: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Siz isə deyirsiniz, Asif Atanın davamçılarının yaratdığı Ocağa üzv olmamışam. İnciməyin, burada da özünü ağıllı, üstün göstərmək cəhdi var. Onu da bilin, Ocağı Asif Atanın davamçıları deyil, onun özü yaratdı. Davamçıları Onun yaratdıqlarını qoruyub yaşadırlar. Bilin, Azərbaycanda İnam Xalqı yaranacaq! Bunu siz də, biz də bütöv görməyəcəyik, ancaq gələcək soylarımız bütöv görəcək. Ona görə bütöv sözü işlədirəm, Azərbaycanda bu gün də “İnam Xalqı” şüurunun daşıyıcıları var. Bu, təkcə Ocağın 3-5 üyəsindən oluşmayıb, Ocaqdan qıraqda da oluşmaqdadır…

Atamız Var olsun!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir