Xəbərlər

Soylu Atalı Dil ulusal varlığın tamğasıdır

Dilin özəlliyi, gözəlliyi təbliğatla dəyişə bilməz. Son günlər sosial şəbəkələrdə ayrı-ayrı yorumlara rast gəlinir. Dilin qutsallığına ayqırı yanaşmalar sərgilənilir. Bir də dilin statusu ilə bağlı baxışlar bildirilir. İkinci məsələ tanınmış şair Rüstəm Behrudinin dil haqqında yazdığı, təbliğ elədiyi bir şerindən sonra görsənməyə başlayıb. Ana dili anlayışındansa ata dili anlayışına üstünlük vermək uyğun sayılır. Şeirdə Türk şahlarının, sultanlarının yad millətlərin qızları ilə evlənməsi daha çox səbəb göstərilir.
Rüstəm Behrudi qələm adamları arasında türkçülük düşüncəsi ilə yazan tək-tək millətsevər, vətənsevər adamlardan biridir. Məncə, buna heç kimin kuşkusu yoxdur. Dil məsələsi ilə bağlı isə yüngülcə bir polemika etməyi gərəkli sayırıq. Ailədə böyüyən körpənin atasının öyrətməsi ilə deyil, yad millətdən olan anasının öyrətməsi ilə dil açması, söz yox, o evdə milli kimliyin, milli şüurun zədələnməsi deməkdir. Ancaq bu zədələnmədə nə uşağın suçu var, nə də ananın. Sorun atanın yadlığa, özgələşməyə meyil eləməsi ilə başlayır. Bəs nə üçün dil, milli kimliyə zərər verən atanın adına bağlanmalıdır?! Öncə onu deyək, dil – ulusal dəyərdir, o, ata ilə ananın arasında bölünmür. Adlanmasına gəlincə, körpə laylanı, bayatını, nəğməni, sevgini anadan eşidir. Layla, bayatı, nəğmə, sevgi ananın dilidir…
Qədim türklərdən çağımıza kimi belə bir deyim gəlib çatıbdır: Hər kəs ən azı yeddi arxadönənini tanımalıdır. Bu deyim insanın sadəcə öz ulu babalarını tanımasına görə deyilməyib. Hər kəs yeddi arxadönənini tanımalıdır ki, bu çevrədən qız alıb evlənməsin. Bu yanaşma, yüksək mədəniyyət olmaqla yanaşı, bilim məsələsidir. Sonradan bioloji bilim yönləri də sübut etmişlər ki, yaxın qohumlarla evlilik ilişkisi dünyaya gələn övladlarda fiziki qüsurlar, eləcə də əqli, ruhi qüsurlar ortaya çıxara bilir.
Başqa toplumların insanları ilə evlilik ilişkisi də milli, mənəvi qırağaçıxmalar yaradır. Ancaq başqa toplumların qızları ilə evlilikdə bulunan ayrı-ayrı adamlara, eləcə də şahlara görə dilin statusunu dəyişmək anlaşılan deyil. Dil – onun ləyaqətinə arxa çevirənin dili sayılmaz. Toplumda ayrı-ayrı yad millətdən evlənənlər bütöv bir dəyişikliyə, başqa sözlə, dilin statusunun dəyişməsinə nədən ola bilməz. İstisnalar həlledici sayılarsa, millətin varlığında sabit bir dəyər tapmaq olumsuz olar. Millətin dili də, dəyərləri də saraylarda deyil, sadə toplumun içində yaradılır, yaşadılıb qorunur. Dediyimiz kimi, bizim beşiyimizi analar yırğalayır. İlk sözü analardan öyrənirik. Milli kimliyimizi analıq dünyamızdan götürürük. Dünya ilə ilk ünsiyyətimiz, heyrətimiz ana qucağından başlayır. Ataların fədakarlığını danmadan deməliyik, dünyaya gələn körpələrin şüuruna dili də, dəyərləri də analar əmniyyətə verirlər, özləri bunu bilsələr də, bilməsələr də. Əgər hansısa evlərdə yadlıq hakim olursa, suç analarda deyil, başqa toplumun qızları ilə evlənən atalardadır. Biz bu qırağaçıxmaları ən çox Osmanlı sultanlarının saraylarında izləmişik. (Söz yox, Azərbaycan şahlarından da bu sorunlar yan keçməyib, saraylara çox hallarda fars kökənli qadınlar hakim olub). Sorun təkcə sultanların yunan qızları ilə, eləcə də, Avropa kökənli qızlarla evlənmələrində deyildi, toplumu islam cəhalətinin qaranlığında saxlamaqla ərəb-fars dilini, mədəniyyətini elitar, hakim dilə, mədəniyyətə çevirmələrində idi. Əgər Osmanlı saraylarında uşaq böyüdən anaların başqa millətdən olmalarını əsas götürüb dilə ataların kimliyindən yanaşılmalı olsa, onda gərək Osmanlıda ərəb-fars dilini ata dili adlandırmaq gərəkəydi. Saraydakı atalar üçün hakim dil türk dili deyildi. Hələ biz demirik, saraylarda uşaqları anaları deyil, dayələr böyüdürdü. (Hər halda, dilin durumunu bu cür qırağaçıxmalarla qiymətləndirib, bütöv bir etnosun dilini dayə dili adlandırası deyilik ki). Bu ortamı da sultan atalar yaratmışdılar. Onların saraylarındakı yad millətlərdən olan qadınlara görə türk dilinin genel qoruyucularının – türk anaların haqqı danılmaz. Biz dilin, başqa dəyərlərin statusunu dəyişməklə onları qorumuş olmuruq ki. Bütövlükdə xalqın varlığını sarayların özbaşınalığından, şıltaqlıqlarından qorumaq gərəkdir. Dilin, dəyərlərin başına saraylarda oyun açılır. Bu üzdən dilə münasibət ölçüsü deyil, saraylara münasibət ölçüsü dəyişməlidir. Bizim bu dediklərimizi götür-qoy eləmək üçün ünlü türkçülərdən Yusif bəy Akçuranın “Türkçülüyün tarixi” kitabını oxuyub incələmək gərəkdir. Bu kitabı oxumaqla dilin başına açılan oyunları daha yaxşı aydınlaşdırmaq olar. Bu qonuda bizim “Türkçülük dəyərdir, siyasi proses deyil” yazımız var. Basın yayınlarında yayımlamışıq. Ona görə qonunu bu yazıda təkrar vurğulamağa gərək bilmədik.
Söz yox, Dil bütövdür, bölünmür. Ata da o dildə danışır, ana da. Ata da mədəniyyətini, milli kimliyini, milli dəyərlərini o dildə ifadə edir, ana da. Ancaq övladın ilk öyrətməni, mürşüdü, dünyası anadır. Övladın anadan daha ötə ruhani doğması yoxdur. Bu açıdan dilimizə qutsal ana dili deməyimiz onun (dilimizin) ata dili olmasını ortadan qaldırmır…
Dil xalqın ulusal bəlirtisi olmaqla yanaşı həm də genetik kodudur. Onu yadlıqlardan arındırıb qorumaq gərəkdiyi halda, çıxdanc eləmək düşüncələrinə də rast gəlirik. Son günlər ünlü naşir Şahbaz Xuduoğlunun dilimizlə bağlı sərgilədiyi baxışlar da toplumda geniş əks-səda doğurub. Olduqca düşündürücü məsələdir. Şahbaz bəyin maarifçi əməyinə sayğılarımız var. Ancaq dilimizin önəmsiz olduğunu demək, bu üzdən də Türkiyə türkcəsini dövlət dilinə çevirmək gərəkdiyini vurğulamaq olduqca qorxulu bir görsənişdir. Şahbaz bəyin baxışına qarşı ayrı-ayrı ulusal düşüncə adamlarının  haqlı etirazları baş qaldırdı. Biz də əsaslandırılmış hər bir etirazı doğru sayırıq. Dilin özəllikləri ilə bağlı dəyişikliklərə heç bir arqument səbəb ola bilməz. Əgər biz Yardımlı rayonunun insanlarına desək ki, sizin danışıq şivəniz gərəksizdir, gərək siz Tovuz şivəsində danışasınız, o insanlar bizə necə qarşılıq verərdilər?! Genel olaraq belə bir önəri özünü doğrulda bilərdimi?! Ya da tərsinə, Tovuzlulara şivələrini dəyişib Yardımlı şivəsində danışmağı önərsəydik necə?! Ola bilər bu anologiya kimlərəsə yersiz görünsün. Ancaq dil məsələsinin önəmini qabartmaq üçün bu bənzətməni xatırlamağımız gərəklidir. Bizim hər birimiz bölgələrdən Bakıya gələndə, anlaşıqlı olsun deyə, genel bir danışıq şivəsində qonuşuruq. Daha doğrusu, elə bölgəsəl sözlər var, başqa bölgələrdə işlədilmir. Ona görə o sözlərin yerinə hamının anlaya biləcəyi sözləri işlədirik. Ancaq bu cür ortaq qonuşmalar heç bir bölgənin öz şivəsindən əl çəkməsi anlamına gəlmir. Bu prinsip bütün dünya türkləri üçün də keçərlidir. Bütün türklər üçün ortaq bir türkcə formalaşa bilər. Uzun illərdir ortaq türkcənin yaranmalı olduğunu vurğulayanlar arasında biz də varıq. Bizə görə dünya türklərinin bir-birini yaxşı anlamamalarının başlıca nədəni hər boyun dilinin alınma sözlərlə daha çox yüklənməsidir. Azərbaycan Milli Ensiklopediyasının hazırladığı “Türk ləhcələri sözlüyü” adlı bir kitab var. Bu kitabda, yanılmıramsa, doqquz türk soyunun dillərində işlənən sözlər yer almışdır. O sözlükdə elə türk sözü var Özbək türkcəsində uğurludur, eləsi var Azərbaycan, Türkiyə türkcələrində i. a. O kitabın, eləcə də, başqa sözlüklərin əsasında olduqca gözəl türkcə hazırlana bilər. Bu türkcəni genel ünsiyyət aracı olaraq, türk toplumları içərisində yazarlar, jurnalistlər, bilim adamları (işlətməklə) işlək duruma gətirə bilərlər. Bizim hamımız bütövlükdə türk toplumları olsaq da, hər bir toplumun özəllikləri var. Bu özəllikləri ortadan qaldırmağa gərək yoxdur. Eyniləşmə inkişafa yol açmaz. Birlik yaratmaq isə eyniləşmək anlamına gəlməz. Bəzən “Tükiyə ilə Azərbaycan birləşib bir dövlət olmalıdır” kimi yanlış düşüncələr də sərgiləyənlər olur. Tük Birliyi sürüləşmə əsasında deyil, fərdiləşmə əsasında oluşmalıdır. Azərbaycanın da, başqa türk toplumlarının da bireysəl kimliyini, dilini, özəl dəyərlərini, özünəxaslıqlarını ümuminin içində əritməklə Türk Birliyi yaranmaz. Birlik müxtəlifliklərin, özəlliklərin doğmalaşmasından, anlaşmasından yaranan mənəvi keyfiyyətdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

27 Köçəri Ayı, 44-cü il. Atakənd.
(fevral, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir