Xəbərlər

Soylu Atalı. Dövləti xalqsızlaşdırma siyasəti

Bütün dünyada qəbul olunmuş bir fakt var – dövlətə xalqının adından danışmaq haqqı tanınıb. Ancaq dövlətin başına keçənlər bu haqqı heç vaxt axıra kimi doğrulda bilmirlər. Bu, özünü iç siyasətdə də göstərir, dış siyasətdə də. Dövlət güclü olanda haqqını dış sıyasətdə daha çox doğruldur (iç siyasətdə demirik, çünkü iç siyasət gücə deyil, birbaşa milli strategiyanın düzgün bəlirlənməsinə bağlıdır). Dövlət zəif olanda isə, demək olar, haqqını itirir; dış siyasətdə əlaltıya çevrilir, iç siyasətdə isə xalqını əzir. Bu məsələ iç-içə olan məsələdir. Yəni əlaltıya çevrilən dövlət xalqını əzir, ya da tərsinə, xalqını əzən dövlət əlaltıya çevrilir. Bu gün bizim dövlətimiz bu durumdadır. Dövlətimizin başında duranlar onu haqsız duruma soxublar. Xalqı əzə-əzə, talaya-talaya dövlətsizləşmə qorxusu yaradıblar. Dövlətimiz neçə yerdən buyruq alır, basqı yeyir. Tanrı qarşısında da, İnsanlıq qarşısında da dövləti xalqın gözündən salmaqdan böyük günah, dönüklük ola bilməz. Dövlət ona görə düşünülüb, xalqı qurub qorusun. Dövləti hansısa bir tayfa işğal edirsə, xalqın qurulmasından, qorunmasından söz gedə bilməz. Xalqın varoluşunu sağlayan bütün yönlər – təhsil, mədəniyyət, sağlıq qurumları, iqtisadiyyat sıradan çıxarılıb dağıdılırsa, dövlət yaşamaq haqqını itirir. Dövlətimizin bu bəlalardan qurtuluşu hər bir vətəndaşın bireysəl çıxarından daha önəmlidir, daha öndədir. Dövlətimizin sıradan çıxarılması, xalq olaraq, tarix səhnəsindən çıxarılmağımıza yol açır. Bu qorxunu önləməyi düşünmək hər kəsin qutsal borcudur. Bunu anlamayanlar anlamalıdır. Bunu anlamayanlara anlatmaq – anlayanların başlıca görəvidir. Dövləti yanlış yönətənlərə heç kim öz adından danışmaq haqqı tanımamalıdır.

Hakimiyət iç üzünü gizlədə bilməyəndə xalqın içində olan tanınmışlardan buyruğuna adamlar götürür. Onlara titullar, ödüllər verməklə xalqı aldatmaq yolu tutur, öz ömrünü uzatmağa çalışır. “Xalq şairi”, “xalq artisti”, xalq rəssamı, “xalq atılıb-düşəni”, “xalq meymunu” adları da bunun üçün formalaşır. Xalqı sevən, düşünən yetənəkli adamlar belə adları şəxsiyətinə ləkə kimi görməlidir. Bu gün “xalq” damğası daşıyan istənilən adamı antixalq saymaq özünü doğruldar. Xalqı əzənlərdən bu adı almağın başqa anlamı yoxdur. Xalqı düşünənlərin hamısı “xalq düşməni” adı ilə damğalandı… Xalqın sevgisində olmayanlara “xalq” adı vermək – dövləti gözdən salmaqdır. Eyni halda, hakimiyətin “xalqı” olmaq – dövləti gözdən salmaqdır. Bu gediş – Milli strategiyası olmayan hakimiyətin xalqı əzmək üçün iç siyasətini oluşdurur. “Xalq” sözünü xalqdan alıb rəsmiləşdirmək, başqa sözlə, titula çevirmək bütövlükdə İnsanlığın sorunudur. Bu sorunu yaradanlarla döyüşmək Qeyrət  əməlidir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir