Xəbərlər

Soylu Atalı. Fəlakət Düyünü (I yazı)

(L.N.Tolstoy – «Anna Karenina»)
Tolstoyu oxumaq – həyatı yaşamaq kimi bir şeydir. Tolstoyun həqiqi oxucusu həyatını mütləq duymağa başlayır. Onun «Anna Karenina» əsəri bəşəri həyatın yığcam, məzmunca dolğun obrazının nümunəsidir. Burada həyat hadisələri o qədər zəngin çalarlarla ifadə olunmuşdur ki, oxuduqca adamda həyat eşqi oyanır.
Bizim məqsədimiz Tolstoyun bu əsərinə ədəbi tənqid ölçüsüylə yanaşmaq deyil. Çünki Tolstoy bu ölçüdən yüksəkdə dayanır. Əslində bu əsər ədəbiyyat məsələsindən çox, ruhaniyyat məsələsidir. Tolstoyun axtarışları, kəşfləri də ruhani məzmundadır. Elə buna görə də o, bizim üçün sadəcə ədib, yazıçı deyil, mömin bir ruhaniyyatçıdır. Bu səbəbdən də biz yazıda onun ruhaniyyatçılığını araşdırıb öyrənmək  istəyirik. Əsər  boyu  biz  Tolstoyu insanlığın soraqçısı, hətta müjdəçisi kimi müşahidə edirik. Bu əsər Tolstoyun axtarışlar və tapıntılar yoludur. Eşqli oxucu da Tolstoyla  birlikdə bu yola düşür və özünün həyatında ali səmimiyyətin təsiri ilə təmasda olur. Bu əsərin yönəltdiyi səviyyələrə yetmək üçün adi maraq pilləsində dayanmaq və sıravi oxucu həvəsi ilə yanaşmaq yetərsizdir. Ruhaniyyatı da duymaq üçün aşiq olmaq gərəkdir. Özünü ötmədən varlığın gözəlliyini dərk etmək olmur. Tolstoy oxucu ilə üz-üzə dayanıb varlığın gerçəkliklə əlaqəsinin həqiqi səviyyəsini izah etməyə çalışır. Səsinin hansı dərinliklərdən gəldiyini öz oxucusuna bəyan edir.
İnsanlar gerçək həyatda rastlaşdıqları hadisələrə elə bir ölçüylə yanaşırlar ki, hadisə mənasını itirir. Tolstoy, hadisələrə cəmiyyətin şablon ölçüləri əsasında yanaşmağın əleyhinə çıxır. Ona görə də çox vaxt hamı üçün doğru olan Tolstoy üçün doğru olmur. Habelə, hamı üçün münasib bilinməyən, Tolstoy tərəfindən doğru qəbul olunur. Biz də Tolstoyu sadəcə təhlil eləmək istəmirik, bu dediklərimizin əsasını araşdırıb öyrənməyə çalışırıq. Tolstoyun ən yaxşı təhlili öz əsərinin siqlətidir. Yuxarıda dediyimiz kimi, biz də bu siqlətin ruhani xislətini göstərmək istəyirik. Tolstoy bizə daha çox doğmadır. Onun əsərləri özünüyaratma qüdrətinin təzahürü kimi meydana gəlir. Bir var təfəkkürün yaratdığı fəlsəfə, bir də var ömrün qurulmasından və həyata çevrilməsindən yaranan, başqa sözlə, həyatın içindən gələn fəlsəfə.

Tolstoyçuluq – ali həyatı ifadə edən ruhani baxış və fəlsəfi sistemdir!

Bu əsərdə bütün hadisələr bir-biriylə üzvi şəkildə bağlı təzahür edir. Hər bir hadisə insanın həyatda mürəkkəb durumunu, özünün özünə fəlakətlər bəsləməsini, cəmiyyətin onun taleyində mənfi rol oynamasını, habelə ictimai qaydaların, dini yasaqların insanı qəlibə salmasını, onu əksərən yanlış yönəltməsini pərdə-pərdə açıb izah edir. Hadisələr, – harada cərəyan etməsindən asılı olmayaraq, insanın həyatla əlaqəsinin nə dərəcədə doğru, yaxud yanlış qurulduğunu bütün təfərrüatı ilə dərk etməyə imkan verir.

Əsərin başlanğıcındaca Tolstoy çox böyük ustalıqla axtarışlarının mərkəzində dayanan obrazlarını bir-biriylə qarşılaşdırıb sanki həyat məbədini qurmağa başlayır. Hər bir obrazın varlığında Tolstoy elə xüsusiyyətlər tapır ki, bunların bir-birinə təsirində və əlaqəsində insan aqibətinin bütövlüyü dərk olunur. Həm də biz bu obrazların hansı  yöndə yetkin, hansı xətlərdə qeyri-kamil davranışlarını müşahidə etməklə, sözlərini dinləməklə insanın  iç dünyasıyla tanış oluruq, səhvləri doğuran və müqəddəs münasibətlərə nəfəs verən duyğular haqqında   təsəvvürlərimiz formalaşır. İnsanın gah adamlıq səviyyəsində dayanması, gah insanlıq pilləsinə qalxması   gözlərimiz qarşısında əyaniləşir. İnsanın ziddiyyətli yaşamasının həyata mürəkkəblik gətirdiyi üzə çıxır – onun özündən aşağı yaşayanda fəlakətlərə, özündən yüksək yaşayanda səadətə yol açması ağlımıza yaxşı çatır. Biolojilik və ruhanilik arasında ziddiyyətlərin əsası bizi düşündürür – bunu öz ömrümüzdə ötməyin yolları   haqqında düşünürük. İnsanın gah bəsit, sonlu görünməsi, gah da sonsuz imkanlara, tükənməz eşqə, ehtiraslara malik olması – bizi həyatla əlaqələrimizi öyrənməyə  çağırır. İndi əsərdəki obrazların şəxsi keyfiyyətlərinə diqqət yetirək:

Stepan Arkadiçin hərcayi meylləri ailəni uçurum qarşısına çəkib gətirir. Dollinin inamı elə sarsılır ki, heç nə ilə ona təsəlli vermək mümkün olmur. Stepan Arkadiçin yalvarışları da heç bir sonuc vermir. Çünki  billə-bilə edilmiş xəyanətə mərhəmət göstərmək heç cür mümkün olmur. Anna Kareninanın gəlişi isə vəziyyəti dəyişir. Dolli özünün ümidini Anna Kareninada tapır. Əslində o, bu ümidin nədən ibarət olduğunu dərk eləmir. Sadəcə təsəlli tapır. Balalarından və ərindən ayrı öz həyatının hansı məzmun daşıdığını kəsdirə bilmir. Ona görə də taleyinə boyun əyir. Dollinin balalarına qarşı fədakarlığı və məhəbbəti ər tərəfindən layiqincə qiymətləndirilmir. Bununla da ailənin xoşbəxtliyi zədələnir. Bir ucdan dünyaya balalar gətirən kişi atalıq məsuliyyətini qoruya bilmir. Annanın gəlişiylə ailə dağılmaqdan qurtulsa da, xoşbəxtliyini bərpa edə bilmir. Münasibətlər yalnız zahiri əlaqələr səviyyəsində bərpa olunur,  içəridə isə yadlıq sərhədi yaranır ki, bununla da uşaqların taleyinə həyat nisgili daxil olur. Ata-ana-övlad vəhdətinin natamlığı xoşbəxtliyin yarımçıqlanması demək olur. Dolli daim özünü aldadır, çünki Stepan Arkadiçin xəyanəti aradan qalxmır. Ailə ailəyə bənzəmir, yalnız Dollinin balalarına bağlılığı ilə qorunub saxlanır. Necə acınacaqlı fəlakətdir! Ömrün bütün səadətini qurban vermək – analığın təsdiqidir, qəhrəmani fədakarlıq səviyyəsinin   yaşanmasıdır, lakin ailəçiliyin təsdiqi deyil. İnsanın gərgin yaşaması mürəkkəb psixolojilik yaradır ki, bu da qəribə təsirə malik olur. Şübhələrinə inam rəngi verməklə  bədbəxtliyə qapı açması Dollinin həm fəlakətidir, həm də dəyişkən həyat üzərində qələbəsidir. Stepan Arkadiç özünün nəşəli dünyasının qapısını Dolli iztirablarının üzünə bağlayır. Ona görə də ailənin səadətini öz cismani nəşəsinə qurban verməsi haqqında düşünə bilmir. Yalnız cinsi tələbatın dalınca gedən adam  sevgi ilə yaşaya bilməz. Bu cür  bivecliyin həyata gəlişi – həyatın özündən ayrılmasına səbəb olur.

Stepan Arkadiç qəbahətindən peşman ola bilsəydi, imtinaya yetərdi və bununla da Dollinin əzabına son vermək və ailə səadətini bərpa eləmək mümkün olardı. «O isə yalnız etdiyini arvadından yaxşı gizlədə bilmədiyi üçün peşiman idi». Eybəcərliyi şənləndirmək – əzazil bir gedişatın  sonucudur!

Bütün bu deyilənlərə baxmayaraq, Stepan Arkadiç iblis də deyildi. O, arvadını təhqir eləmək haqqında düşünmür, sadəcə özüylə bacarmır. O, Dollinin əzabını öz nəşələrindən duyduğu könül şadlığı ilə qarşılamır, əksinə, vahimələnir. Burada münasibətlərin gərginliyindən doğan ziddiyyət diqqət çəkəndir. Deməli, Stepan Arkadiç istəyir ki, həm Dolli sakitləşsin, üzülməsin, həm də öz kənar istəkləri qüvvədə qalsın. Onun Levinlə üz-üzə oturub cəmiyyətin inkişafındakı süstlük haqqında mühakimələr yürütməsi də çox maraqlıdır. Bütün bu müşahidələr bizim öz içimizdə adamlığı tanımağa və insanı yaratmağa stimul verir.

Ümumiyyətlə, Tolstoyun hər bir obrazında sevilməli cəhətlər olur. O, mənfi, müsbət obrazlar yaratmaqla məşğul olmur. Bütövlükdə insan xislətinin mürəkkəbliyini aydınlaşdırmağa çalışır. Axıra qədər mənfi və axıra qədər müsbət obrazlar yaradıb onları qarşılaşdırmaqla nə həyatı dərk eləmək olar, nə də insanı tanımaq olar.

Həyatda mütləq şər yoxdur, xeyirin yarımçıqlığı var. İnsan axıra qədər Xeyirin mövqeyində dayana bilmir,   axıra qədər heyvaniliyin qələbəsinə də yol açmır. Deməli, insani yaşamağı qorumaq üçün insanilik uğrunda mübarizə aparmaq  gərəkdir. Bu mübarizə ictimai həyatda başlamır, fərdi ömürdə başlayır və ictimai həyatda davam eləyir.

İnsanın mahiyyətində elə duyğular mövcuddur ki, bu duyğuları dərk etməyincə həyatda gözəlliyi və səadəti nişan vermək müşkülə çevrilir. Bədbəxtlik də insanın mahiyyətini dərk etməməkdən yaranır. İnsan özünü öyrənmədən taleyini qurmağa başlayır. Başqa sözlə, onun taleyinin formalaşmasına cəmiyyət, şərait elə  qarışır ki, taleyin sükanı insanın öz əlindən çıxır. O, özünə yiyəlik eləyə bilmir, həyat uğrunda mübarizəyə başlayır. Belə olan halda isə xeyir haqqında, ədalət haqqında düşünə bilmir. Həyat uğrunda mübarizə ədalət uğrunda, xeyir uğrunda mübarizə deyil. Xeyirin, ədalətin unudulduğu cəmiyyətdə hər şey baş-ayaq olur. Fəlakətləri doğuran səbəbləri mücərrəd zəmanədə və ictimai gedişatın başında duran ayrı-ayrı fərdlərdə axtarırlar, insanın əməllərindəki əyintilərdə axtarmırlar.

Tolstoyun axtarışları insanı fərdi olaraq öyrənməyə yönəlir. İnsanın ictimai əlaqələrinə də cəmiyyətdən və ictimai qaydalardan deyil, onun fərdi keyfiyyətlərindən baxılmalıdır. İctimai gedişat hər şey olanda fərd heç şey olur. Bununla da həyatın insani məzmunu qaralanır. Bəşəri nizamsızlığın insan faciəsi ilə bağlılığı dərk olunmadıqca normal cəmiyyət qurulmur. Fərdin fəlakəti ailənin fəlakətinə, ailənin fəlakəti isə xalqın fəlakətinə və nəhayət bəşərin fəlakətinə təkan verir.

Ailə ikiyə aid olduğu halda, ona daha çox insan müdaxilə edir. Ailəni hərə öz istədiyi kimi qurmağa çalışır. Burada valideynlər daha çox rol oynayırlar. Onlar övladın ağlına inanmadığı üçün öz istəklərini təlqin edirlər. Ailələr ən çox həyat uğrunda mübarizə məntiqiylə qurulur. Həyatdan kam almaq, varidat yoxsulluğuna tuş gəlməmək, ictimai mövqeyi olmaq və s. haqqında düşüncələr insanın kim olduğunu unutmaq qəbahəti yaradır. Tərbiyə oyunlarına görə övlad valideynin istəklərinə təslim olur, özünün sonrakı taleyini düşünə bilmir.

İnsanı dərk eləməməyin, onu nəzərə almamağın ictimai qaydaya çevrilməsi Annanın aqibətində bütün çılpaqlığı ilə üzə çıxır.

Anna yüksək mövqeli dövlət məmuru ilə ailə qurub, həyat şəraiti də yetərincə təmin olunub. Lakin o, Vronskini görən kimi zəngin həyat şəraiti də, sakit ailə səadəti də  içərisindən duman kimi çəkilib gedir. Onun  içərisinə başqa bir işıq düşür. Və o, bu işığın təsirilə  özündə qorxunc bir boşluq görür. Nədir bu boşluq, bu boşluğu nə ilə doldurmaq?! Bir anın içərisində dəhşətli suallar qarşısında qalır. İndi hansı addımı atmalı,  daxilində qalanan atəşə necə dözməli, bu hərarətli vüsalı nə ilə əvəz etməli?!

Anna ilahi sirr dəryasına düşür və boğulmağa başlayır:

«O bütün Moskva xatirələrini xəyalından keçiriridi. Hamısı yaxşı və xoş xatirələrdi. Balonu xatırladı, Vronskini, onun vurğun gözlərini, müti simasını xatırladı, onunla olan münasibətlərinin hamısını xatırladı, xəcalət çəkiləsi heç bir şey görmədi. Lakin bununla bərabər xatirələrinin bu yerində duyduğu xəcalət hissi daha da artdı, elə bil ki, daxilindən gələn bir səs məhz burada, Vronskini xatırladığı zaman ona deyirdi: «İstidir, çox istidir, şiddətli hərarət var». «Axı nə olub ki? – deyə o qətiyyətlə öz-özünə müraciət etdi və qalxıb təzədən kresloda oturdu. – Bütün bunlar nə deməkdir. Məgər mən cəsarətlə bu məsələyə baxmaqdan qorxurammı? Axı nə olub ki? Məgər bu gənc zabitlə – bu uşaqla mənim aramda hər bir tanışla olan münasibətdən qeyri, ayrı bir münasibət varmı və ola bilərmi?» O, həqarətlə gülümsəyərək yenə də kitabı əlinə aldı, lakin bu dəfə nə oxuduğunu əsla başa düşmədi. O, kağız kəsən bıçağı şüşəyə çəkdi, sonra bıçağı yastısına tutub hamar və soyuq tiyəni yanaqlarına basdı və birdən-birə səbəbsiz olaraq qəlbini qaplayan bir sevinc hissindən az qaldı  ki, şaqqıldayıb gülsün. O hiss edirdi ki, əsəbləri tel kimi getdikcə daha artıq dartılıb nəyə isə dolanır, hiss edirdi ki, gözləri getdikcə daha geniş açılır, əllərinin və ayaqlarının barmaqları əsəbi bir halda ürpərir, nə isə bir təzyiq sinəsində nəfəsini daraldır və bu titrək yarım qaranlıqdakı bütün surətlər və səslər qeyri-adi bir kəskinliklə ona təsir edirdi. Aramsız olaraq bir şübhə içində qalmaqla, vaqonun irəliyə hərəkət etdiyini, yoxsa geri getdiyini və yaxud bir yerdə dayanıb durduğunu təyin edə bilmirdi. Yanındakı Annuşka idimi, yoxsa yad bir adamdı – bilmirdi. «Orada, dəstəkdən sallanan nə idi, onun xəz paltosu idi, yoxsa tüklü bir heyvandı? Bəs mən özüm burada nə edirəm? Bu mənəm, yoxsa bir başqasıdır?» Belə bir bihuşluğa qərq olmaq ona dəhşətli gəlirdi. Lakin nə isə onu bu bihuşluq aləminə sürükləyirdi və o istəsə özünü bu bihuşluğa təslim edər, istəsə bu haldan çəkinərdi. O özünə gəlmək üçün ayağa qalxdı… Anna hara isə uçduğunu hiss etdi. Lakin bütün bunlar ona dəhşətli gəlmir, bəlkə də şən görünürdü…

Anna qapını açdı. Çovğun və külək içəri hücum çəkərək qapı ağzında onunla əlbəyaxa oldular. Bu Annaya xoş gəldi. O, qapını açıb çölə çıxdı. Külək sanki onu gözləyirmiş kimi nəşə ilə nərə çəkdi və onu çalıb aparmaq istədi, lakin o əli ilə soyuq dirəkdən tutub paltarını özünə sıxaraq platformaya endi və vaqonun arxasına keçdi. Anna qarlı, şaxtalı havanı nəşə ilə sinə dolusu tənəffüs edir, vaqon yanında dayanaraq platformaya və işıqlanmış stansiyaya göz gəzdirirdi… Anna doyunca nəfəs almaq üçün bir daha təmiz havanı ciyərlərinə çəkdi və dirəkdən tutub vaqona girmək üçün əlini muftadan çıxarmışdı  ki, hərbi paltolu daha bir adam onun yanında dayanaraq fənərin titrək  ziyasının qabağını kəsdi. Anna başını qaldırıb baxdı və dərhal Vronskinin üzünü tanıdı. Vronski əlini furajkasına apararaq Annaya təzim etdi və ona bir şey lazım olub-olmadığını soruşaraq Annaya xidmət etməsi üçün icazə istədi. Anna uzun-uzadıya, heç bir cavab verməyərək Vronskidən gözünü ayırmadı və onun kölgədə dayandığına baxmayaraq üzünü və gözlərini görür və yaxud ona elə gəlirdi ki, görməkdədir. Vronskinin üzündə yenə də dünən Annaya o dərəcə təsir göstərən eyni ehtiramlı bir məftunluq ifadəsi vardı. Bu son günlər və hələ indicə Anna öz-özünə təkrar edib dururdu ki, Vronski onun nəzərində həmişə, hər yerdə təsadüf edilən yüzlərlə gənclərdən biridir və o heç vaxt Vronskini heç fikrinə belə gətirməyəcəkdi; lakin indi ona təsadüf etdiyi ilk dəqiqədə Annanın qəlbi sevincli bir iftixar hissilə doldu. Annaya onun nə üçün burada olduğunu soruşmaq lazım deyildi. Anna onun öz ağzından eşitmiş kimi yəqin olaraq bilirdi ki, Vronski onu görmək, onun yanında olmaq üçün buradadır»…

Əsərin leytmotivi əslində buradan başlayır, – Annanın aqibətinin yeni mərhələsi – səadətli və faciəli mərhələlərinin başlanmasıyla.

Annanın  içərisində neçə insanların taleyinə yeni məzmun verəcək bir gedişatın təməli tökülür. Bundan heç kimin – nə onun əri Aleksey Aleksandroviçin, nə günahsız körpəsi Seryojanın, nə Vronski sevdasıyla yaşayan knyaginyanın (Kitinin anası) xəbəri yoxdur. Bir fərdin  içərisindəki sarsıntılar neçə-neçə fərdlərin faciəsinin başlanması demək olur. Bu faciə zaman-zaman bütöv bir cəmiyyətin halına  yoluxur. Peterburq və Moskva uzun müddət bu faciənin təsirləri ilə nəfəs almalı olur. Annanın faciəsi qapalı olmadığı üçün həyata təsiri baxımından bir növ seçilmiş faciə olur. Zərurətə çevrilmiş belə bir faciə   özünün dərk olunması üçün möhtəşəm zəka və ali hissiyyat birliyi tələb edir. Faciə adi davranışlardan gəlmir. Annanın ömründə  Sevginin yaratdığı sarsıntılar,  duyğunun ağlı üstələməsi, ağlın məhvərindən çıxması – hissiyyat zəlzələsi, ailəyə sığmayan ehtiraslar, ailəyə yağan fəlakət yağışı, – ər qəlbinin fəryadı,  arvad qəlbinin fəryadı, körpə qəlbinin fəryadı, vurulan ürəyin (Vronski) fəryadı. Bütün bunları dərk eləmədən Anna xəyanətinin və haqqının miqyası bilinməz, qarışdırılar. Aleksey Aleksandroviç, Seryoja, Vronski və Anna zərərçəkənlərdir. Üzdə bu faciəni yaradan Anna və Vronski sayılır. Lakin faciə qatları üzdə deyil, dərinə getdikcə əsl səbəblər üzə çıxır. Bu səbəbləri tədricən aydınlaşdırmağa çalışacağıq. Faciənin nəticəsini hamı görə bilər, səbəbləri isə çox vaxt hamı üzdə görür. Bununla da faciə dərk olunmur. Bəli, bu insanlar bir-birinə fəlakət gətirdikləri üçün yad idilər. Amma həm də, fəlakətləri ilə birləşdikləri dərəcədə doğma idilər, – yəni eyni bir fəlakət onları birləşdirirdi. Mürəkkəb qəribəlik, sirli, cazibəli fəlakət. Sakit ürəyin duya bilmədiyi, adi ağlın qana bilmədiyi fəlakət sehri! (davamı var)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir