Hakimiyyətçilik Kriminalogiyası
(Stefan Sveyqin «Jozef Fuşe» əsəri üstə)
Stefan Sveyqin «Jozef Fuşe» romanını oxuyanda adamda bir-birini danan suallar ortaya çıxır. Görəsən Sveyq belə bir əqidəsiz, xaraktersiz adamın əməllərini yazmağa vaxt ayırmaqda, onu tarixləşdirməkdə nə dərəcədə haqlıdır?! Başqa bir sual isə odur ki, görəsən bizim çağımızla Fuşe çağı arasında çoxmu ara var, zaman hansı fərqlə dəyişib – irəli gedib, dala qayıdıb, yoxsa yerində sayıb?! Bizim çağımızı araşdıranda həyatın ən çox kriminal gedişlərdən oluşduğunu görürük. Geriyə baxanda da elə kriminal tarixləri oxuya bilirik. Elə bir tarix ki, indiki həyatımızda, olduğu kimi təkrarlanır. Görəsən, bəs onda bəşəriyyət, dövlətin insaniləşməsi açısından, sabaha hansı addımları atıb?!Həyatın arzu olunan gəlişməsi elə bu gördüklərimizdirmi?!İdeala canatma doğrudanmı təxəyyülün uydurmasıdır?! Bəşəriyyətin ölçüsü hanı?! Heyvanilik ölçüsündən başqa ölçünün olmasına inamsızlıq hansı tələbdən gəlir?! Niyə bəşəriyyəti antiinsani gedişlərlə barışmağa zorlayırlar?!İnsanlığın məhvi üzərində haytalanan ağalıq ehtirası, texnologiyanın insanlığa qarşı qəzəbli bir inkişafı ilə, bəşəriyyətə nə vəd edir?! Zaman heç nəyi dəyişməyib. Hər şeyi zamanın dəyişəcəyinə bel bağlayanlar tarixi eybəcərlikləri bayraq kimi başları üzərinə qaldırır, ötəri, keçici ömürlərini zamanın tələblərinə uyğunlaşdırmaqla işlərini bitmiş sayırlar.
Gilyotina vəhşətini bugünkü demokratiya oyunları ilə əvəz etməyi tərəqqi saymaq, bununla da terrorun, sui-qəsdlərin qaçılmaz olduğunu gözə soxmaq – Sabahı dünənə pərçimləmək əməlidir. Tərəqqinin mayasında sui-qəsdin özəl rol oynadığı, bunun qaçılmaz olduğu görsənişi yaradılır. Deməli, antitərəqqisiz tərəqqi alınmır, bunlarsız toplumsalgəlişmə baş tutan deyil. Ona görə baxışları bütünlüklə texnologiyaların gəlişməsinə yönəltmək, yaşamı onun ixtiyarına vermək aşılanır… Nə qədər amansız, qəddar, vəhşi, ümidsiz məntiqdir! Peyğəmbərliyin rolu sıfıra endirilir. İnam ölçüsü ilə yaşamağın, sevgi dünyasını yaratmağın gərəksizliyi necə də vəhşi bir ehtirasla təbliğ olunur! Gerçəkliyin dolaşıqlıqlarından başqa həqiqətin olmadığı amansız bir inadla savunulur, sırınır. Bu, gilyotinalardan daha qorxunc bir silahdır. Bioloji yaşamdan qıraqda məna, məzmun tapmayan, gələcəkli etkisi olmayan insanlar üçün gilyotinaları qoruyub saxlamağın nə anlamı var ki?! Onsuz da Gilyotinanı gəlişmə aradan qaldırmayıb, başqa rəngdə heyvanlaşan həyat əvəz edib. Gilyotinanı hakimiyyətçilik cazibəsi, nəşəsi yaratmışdı. İnsanın öz enerjisini bütünlüklə bioloji yaşamına ayırmasını da hakimiyyətçilik cazibəsi, nəşəsi biçimə salıb.
Hakimiyyət qan mühiti yaradır. İnsan qan mühitinə alışdırılır, o daim qanlı hava udur. Qanlı nitqlərdən enerji alır, hərəkətə başlayır. İnqilabı qanlı çıxışlar yetirir, qanlı istəklərin görsənişi (təzahürü) kimi meydana gəlir, həyatı qan gölündə çimizdirmək səviyyəsinə qədər genişlənir. Qanlılara qarşı qanlılar doğulur. Qanlıları qanlılar devirir, başa qanlılar keçir. Qan havası azalmır, qan mühiti dəyişmir, qanlı əməllər tükənmir. Qanlı ehtirasları doydurmaq mümkün olmur. Çiyin-çiyinə gedənlər bir-birinin qanına susayır. Bir-birini Gilyotinanın vəhşi pəncəsinə itələyir. Qurduqları mühit onları yönəldir, qan tökməyə məcbur edir. Hakimiyyəti bölə bilmirlər, intriqa meydanları yaradırlar. Bir-birini qanlı əməllərdə ittiham edirlər. Hakimiyyətsevərlik ən dəhşətli əqidəsizlik yaradır. Xalq özünü əqidəsizlərə tapşırır. İntriqaçıların arxasında qruplaşır. Bir-birinə zərbə vuranların oyunlarına qulluq edir. Qanlılığa ortaq olur. Qanlılıq aradan qalxmır, toplumun həyatına paylanır, əməllərə qayıdır, qaytarılır.
Hakimiyyətsevərlik – qəddarlıq qatları (mərtəbələri) yaradır. Bu qatlara gözətçilər qoyur. Xalq hər an bu qəddarlıq qatlarından izlənilir, ən dəhşətli qırğınlar seli ilə üz-üzə qalır. Çığırtılar, bağırtılar, fəryadlar inqilabın möhtəşəm qələbəsi kimi özünü göstərir. İnqilabı hakimiyyətsevərlər hazırlayır, xalq həyata keçirir. Qırğınlar, qurbanlar qurtuluş yolu kimi sırınır.
İçsəl siyasət yaramazlığını yürüdənhakimiyyətçilik ehtirasları birinci növbədə xalqı dağınıq duruma gətirir. Xalqın Bir olması hakimiyyət başına keçənin olanaqlarının daralması deməkdir. Çünkü biryönlü xalqı əzmək, soymaq, talamaq alınmaz. Bunun üçün hakimiyyət toplumun bütün təbəqələri içərisindən olanaqlıları seçir, onları öz çevrələrindəki narazılığa, narazılara qarşı qoyur. Görəvlilər görəvini qorumaq üçün, alverçilər alverlərini qorumaq üçün, yaltaqlar şöhrətlənmək üçün narazıların ağzını hər cür vasitələrlə yumurlar. Hakimiyyətdə olan -toplumun arasındanözünün seçdiyiəlaltılarıyla (satılmış şairlərin, yazıçıların, alimlərin əliylə) daim qorunur, ədalət qurucusu kimi təbliğ olunur. Özü isə toplumsal, siyasi «vəkillərini» xalqın başbilənləri kimi qələmə verməklə toplumu arxasız, dayaqsız, yiyəsiz qoyur. Ümidsizlik içinə düşən toplumun arasında dağıdıcı qorxu yaranır. Xalq özgəçi siyasətbazların ümidinə qalır. Xalqın yaradıcı olanaqları aradan qalxır, əməl pozuntuya uğrayır, dəyər yaranmır. Xalq dəyərsizlik, ölçüsüzlük tələsinə düşür. İçəridən sarsılan xalqın arasına hər cür avantürist meyillər girə bilir. Xalq dəyər yaratmaq yerinə, Hakimiyyətçilik oyunlarının alətinə çevrilir. Oyunlardan dartınıb çıxmaq istəyənlər isə Zor ilə qarşılaşırlar. Bəşəri olay olan, özündə Uca Anlam daşıyan Xalqın həyatında Zor yönətiçiliyi bərqərar olur.
Deməli, hər kəsin hakimiyyətə can atmaq istəyi yuxarıda dediyimiz əməllərlə doludur. Hakimiyyəti ələ keçirmək ehtirası xalqa qulluq adıyla meydana gətirilir. Hakimiyyəti ələ keçirəndən sonra bəlli olur ki, buna çalışanlar, elə özlərindən öncəki gedişləri öz xeyirlərinə dəyişməyə gəliblərmiş. Görünən odur ki, hakimiyyətə gələnin üzdə bağırdığı vədlərdən başqa heç bir milli hünəriyox imiş. İndi o da bəlli ideologiyalarla, bəlli doktrinalarla bəlli quruluşa qulluq göstərməli olur.
Hakimiyyət düşkünü olan icraçılar hakimiyyəti kimlərlə ələ keçirdiklərinin fərqinə varmayanda daha böyük fəsadlar törətməli olurlar. Hakimiyyəti ələ keçirmək üçün bəlli qruplar birləşirlər. Genel məqsədəçatdıqdan sonra hər kəsin öz məqsədi, çıxarı gündəliyə çıxır. Bu çıxarlarona gətirib çıxarır ki, hakimiyyət istəyinin tələbində birləşənlər daha çox pay qoparmaq üçün bir-biriylə savaşmağa başlayırlar. Xalqa qulluq vədini anarxiya küləyi aparır, hər kəs öz yerini möhkəm saxlamaq üçün hər şeyi unudur. Talançılığın birləşdirdiyi qrupların əməllərini onların içindən kimsənin ayrılıb ifşa etməsi isə risklidir. Bu risk hünər, qüdrət tələb edir. Bu hünəri isə yabançı ideyalarla həyata keçirmək olumsuzdur. Zamandan yüksəyə qalxmayan, umacaqsız, yadlığa qarşı ulusal dəyərlərlə savaşmayan kəslərin işinə inanmaq olmaz. İndiki baxışlarla savaşanların işindən xalq xeyir deyil, zərər götürə bilər yalnız. Öncəki hakimiyyətin eybəcərliyi yeni biçimdə davam edərək insanlara fəlakət bağışlaya bilər yalnız. Gərək siyasəti elə yürüdəsən ki, şərin qarşısında öhdəlik götürməyəsən, arxanda daim xalqı görəsən!
* * *
Siyasətdə dala-qabağa vurnuxmalar qaçılmazdır. İntriqa zərbəsi – çox vaxt geri çəkilməklə başa gəlir. Ruhaniyyatda isə yalnız irəli yol var. Geriçəkilmə – fürsət əldə eləmək üçündür. Ruhaniyyatda fürsət axtarışı yox, əxlaq yerişi var. Siyasət ruhaniyyatdan bəhrələnməklə yerişini dəyişə bilər – milliliyə qulluq edər!
***
İnqilabın qələbəsi terrorla, sui-qəsdlərlə başa gəlir. Terrorla, sui-qəsdlərlə qurulan qələbə yaşamda terroru, sui-qəsdi aradan qaldırıb əmin-amanlıq yarada bilməz!
***
Hakimiyyətə can atan – ağalıq üçün, qisas üçün, xudbin üstünlük üçün can atır, qulluq üçün can atmır. Hakimiyyətdə qulluq eləmə yoxdur, qulluğunda tutma var. Xalqı sevən onu öz qulluğunda yönətməyə can atmaz, onu böyütməyə, qorumağa can atar. Hakimiyyətə gələndə məsuliyyətin böyüklüyü qarşısında özünü yığışdırmayan, tərsinə,hakimiyyəti özünün üstünlüyü kimi düşünən adam xalqı sevə bilməz. Hakimiyyəti gərək versinlər. İndikilər ölürlər hakimiyyət üçün. Həyatı oyuna çevirirlər – özlərinin çıxarları üçün çalışırlar. Ancaq xalq üçün çalışdıqları görüntüsü yaradırlar. Hamı yalanı, bu ya başqa biçimdə, qoruyur!
***
Bonapartın arvadı Jozefina Boqarne hər il üç yüz şlyapa, yeddi yüz paltar hazırladırdı. Üstəlik, ərinin ona dövlət xəzinəsindən səxavətlə verdiyi «yüzminlər yağış damlaları dənizə tökülüb yoxa çıxan kimi qeybə çəkilirdi».
Bu gün də durum dəyişməyib. Ledi («xanım» da yox, «ledi») adlanmaq, bütün topluma üstdən aşağı baxmaq üçün hansısa müftəxorun arvadı olmağa tələsən bədbəxtlər hər yanda boldur. Bu cür xudbin həyat tərzinə can atan,belə bir yaşam üçünqadınlığın bütün ülvi xislətini qurban vermək diləyiylə döyünən ürəklər var. Həyat belə ürəklərdə öz anlamını itirir.
***
«Jozef Fuşe bir senzor kimi öz şəxsinə bu cür rişxəndi, söz yox, qadağan edə bilərdi, ancaq xoşbəxtlikdən o, buna əl atacaq qədər ağılsız deyildir. O öz xarakterini, daha doğrusu, onun olmamasını əsla gizlətmir, əksinə, öz qeyri-sabitliyini və anlaşılmazlığını nümayiş etdirməkdən zövq alır, çünki bu, onu özünəməxsus şöhrət haləsi ilə əhatə edir. Təki ona tabe olsunlar və qorxsunlar, məsxərəyə qoyulmasının isə eybi yoxdur».(Stefan Sveyq «Jozef FuĢe», səh. 89).
Belə adamları dəlixanaya qoymurlar, dövlətin başına isə qoyurlar. Deməli, dövlət o qədər mənasından ayrılıb ki, onun başı dəlixanadan da betərdir. Tarix sübut edir ki, bütün dövrlərdə dövlətlərin başında,çoxluq baxımından, ən satqın, alçaq, dönük adamlar durmuşlar. Xalqı, xalqları satqınlar, alçaqlar, dönüklər yönətdiyi halda, dünyada humanizm yarana bilməz. Bəşəriyyət xalqların başında duranların qanlı münasibətlərindən özünə gələ bilmir!
***
Ailəlikcə, soyca, tayfalıqca hakimiyyətsevərlik, şöhrətsevərlik, ağalıq necə böyük ehtiraslarla xalqın üstünə gülə, onun ləyaqətini məzhəkəyə çevirə bilir! Elə buna görə də bu xəyanətkar gülüşlərin dalğasında, ilk olaraq, baş səbəb qurban gedir, dalınca bütün tayfası qurbanlığa çevrilir. Tarix hər cür amansızlığa çox geniş meydan verir, sonra yeni bir amansızlıqla onu məhv edir. Tarix – amansızlığı yaradanların, bu amansızlığın qurbanlarının yerini tez-tez dəyişir. Xalqın içərisində bu amansızlığa, qurbanlığa seçilənlər tarixin dolanbaclarında görünüb yox olurlar. Bu səbəbdən də tarix yazanlar, yanlış olaraq, xalqın yerini tarixi irticalarda axtarıblar. Xalq isə tarixdən yüksək olaydır. Xalqı tarixdən dərində öyrənmək gərəkdir. Tarixi ötmədən xalqı nə tanımaq olar, nə qorumaq!
***
İnqilabın doğduğu respublikanı Monarxiya bahalı bir şöhrətsevərliklə udur. Gilyotinaların, sui-qəsdlərin, terrorların udduğu başlar, hakimiyyət oyunlarının qurbanı kimi, inqilab yaradır. Ancaq çox tez bir zamanda inqilabı da, həris məqsədlər, bu qurbanların dalınca gömürlər.
***
«Fransa elə mənəm» deyən nəhəng bir Xudbini – Napoleonu fransız xalqı əllərinin üstünə qaldırır. Sonra onun Zoru qarşısında müticəsinə öz mənliyindən əl çəkir.Azğıncasına şöhrətlənən, özünün gələcəyi haqqında düşünən canavarın iddiası qarşısında geri çəkilir. Buna görə də Fransa uzun illər qan dalğalarında çalxanır.
***
Napoleon imperator olmaq üçün qonşu ölkələrin dincliyinə qəsd edir. İmperiyanı saxlamaq üçün yeni hücumlar düzənləyir. Çünkü imperiya olmasa, imperator da olmaz. İmperatorluq üçün özünü dağa-daşa vuran Napoleon bunu Fransanın səadəti üçün eləsəydi, əmin-amanlığın bərqərar olmasıyla, tarixə özünün «vətən fədaisi» obrazını yazardı, quduz bir imperator simasızlığını yox.
***
Napoleonun imperatorluğu – ondakı güclü ehtirasla güclü zəkanın yerdəyişməsi sonucunda qüvvətlənirdi. Ancaq güclü zəka ilə güclü ehtirasın əvəzlənməsi böyük fəsadlar meydana gətirmiş, Napoleon özü də bu fəsadların qurbanı olmuşdur.
***
«Hökmdar qula sahib olmaq istəyir və müstəqil adamla qarşılaşdığından qeyzə gəlir. Ondan yaxa qurtarmağa can atır, lakin onun düşmən kəsiləcəyindən qorxur. Onu itirməyə heyfsilənir, ancaq eyni zamanda, bu dərəcədə təhlükəli adamdan yaxa qurtarmasına sevinir». (Səh. 129).
Fuşenin azadlığı, azaddüşüncəliliyi heç bir insani məna daşımır. Fırıldaqçılıqla qurulanşəxsi çıxarının xalqın da sülh istəyi ilə üst-üstə düşməsinə baxmayaraq, əxlaqsızlıq yaratdığı dərəcədə antixəlqidir. Azğın bir quldurun – Fuşenin fırıldaqlarını özünə qulluq kimi başa düşən bir xalq onun bütün vəhşətlərini unudur. Xalqın ona sülh təminatçısı kimi inanması – yeni bir vəhşətin (Napoleon vəhşətinin) miqyasından soraq verir. Napoleonluq kimi bir vəhşətə rast olmasına baxmayaraq, Fuşeyə bel bağlayan bir xalq hər bir cəhətdən qüsurlu görünür. Napoleon kimi canavarı başından düşürə bilməyən, Fuşe kimi qatilin Fransanı həqarət meydanına çevirməsinə dözən xalq – öz ləyaqətini düşünə bilməzdi… Xalq zəngin İnsani-bəşəri dəyər yaratdıqda, bütün varlığını bu dəyər əsasında qurduqda ləyaqətli sayıla bilər. Bizim zəngin dəyərlər irsi olan, eləcə də dəyərlər yaratmaq olanağı olan xalqımız da bu mənada xəlqilik səviyyəsindən uzaqlaşıb. Bizim dövlətimizin də başıpozuqluğu bu cür səbəblərdən irəli gəlir. Hamı öz hakimiyyətini qurmağa dartınır, xalq yaratmağı isə unudur. Sonucda öz dövlətiylə xalqın arasında uçurum yaranır.
***
Siyasət – ona qurşanıb aldananın özünü elə faciələrə uğradır ki, insanlığın fəlakətini bu ifadədə aydın görmək olur.
***
Quduzluğun başlaması qədər, qələbəsi qədər yenilməsi də amansız olur.
***
Çətin anlarda Napoleon Fuşedən yardım istəyir. Fuşe isə şəri, məkri, xəyanəti təmsil edir. Napoleonun özü də şərdir, məkrdir, xəyanətdir.
…Xeyir Napoleona yardım eləməz – Napoleonluğu ortadan qaldırar.
***
Əslində isə Napoleonluğun bünövrəsini Fuşelik, Fuşelər töküb. Napoleonluq – Amansızlıq, Qəddarlıq sütunlarının üstünə dırmaşmışdı. Möhkəm bir qasırğa onu yerə sərdi.
***
O qədər oyunlar qururlar, gərginliklər yaradırlar ki, toplum hər dəfə süni gərginlikdən açılmağı sevinclə qarşılayır. Bu gərginlikləri, hakimiyyəti ələ keçirmək üçün, Azğınlar yaradırlar. Toplum hər dəfə hakimiyyətə gələni alqışla qarşılayır, təki gərginlik aradan qalxsın. Hakimiyyət oyunlarının fərd-fərd dəyişən yönətiçiliyi hər dəfə xalqı özəl bir amansızlıqla aldadır, alçaldır. Toplumu kimin hakimiyyətə gəlməsi deyil, yeni hakimiyyət dəyişikliyi ilə ortada olan gərginlikdən yaxa qurtarmaq anları sevindirir. Ancaq bu sevinc heç vaxt uzun sürməyib.
Toplum dəyərsizlikdən, ölçüsüzlükdən hər kəsi özününqurtuluşu kimi sevinclə qarşılayır. Halbuki gərginliyi elə bir-birini əvəz edən «xilaskarlar» yaradırlar.
Sonuc: «Bütün dərdlərin əlacı birdir – İnsanlaşma! İnsanlaşın – İnsanlaşdırın!» (Asif Ata).
Atamız Var olsun!
(arxiv)