Xəbərlər

Soylu Atalı. İnamın bilinmə mərhələləri (IV yazı)

IV. Xalq Yeni İnamla Ruhani dirçəlişə qərq ola bilər

Yurdumuza Ata gəlişi nə ilə başladı? – Biz bu mərhələ­ləri belə bir suala biçimcə qısa, məzmunca dolğun cavab verməliyik. İlk vaxtlar Asif Atanın ağlında, düşüncələrində başlayan axtarışlar onu labüd şəkildə İnam yaradıcılığına gətirib çıxartdı. Əlbəttə, bu məsələdə ulusumuzun zəngin tarixi dəyərlərə malik olması onun yaradıcılığına təkan verdi. Bununla belə, İnsan taleyinin acınacaqlı durumu, həlli təkcə tarixi dəyərlərin əsasında başa gəlməyən çoxsaylı suallar qarşısına çəkib gətirdi Asif Atanı.
Axı xalqın dəyərləri o qədər nizamsız, araşdırılmamış, sistemləşdirilməmiş bir görkəmdədir ki, Asif Ata bu dəyərlərin özünü xilas eləmək və xalqın mədəni, mənəvi həyatına qaytarmaq haqqında düşünməli oldu. Çünki bu dəyərlər nəinki xalqın həyat tərzində, heç ədəbiyyatlarda da sistemləşdirilmiş şəkildə mövcud deyil, həqiqi məzmundan ayrılmış, təhrif edilmiş haldadır. Və Asif Ata öz idraki imkanları və fəhmi ilə ulusumuzun dəyərlərini ciddi öyrənmiş, onları milli fikir, düşüncə hadisəsi kimi bir sistem halına gətirmişdir. Bu sistemə “Azərbaycanımız – Azərbaycanlığımız” adı vermiş, onu xalqın içində yaymağa, öyrətməyə girişmişdir. O, bütövlükdə hər bir xalqın dəyərlərinə bu cür sevgi ilə və həqiqi münasibətlə yanaşır.
Əlbəttə, yalnız “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemi ilə Asif Ata xalqa öz keçmişini öyrədə bilərdi. Bu isə hələ gələcək üçün bütöv bir zəmin deyil. Bunun üçün “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sisteminin cöv­hə­­ri ola Mütləqə İnam baxışını labüd şəkildə xalqa verməli idi. Bunu biz əvvəldə İnamın yaranma zərurəti kimi vurğulamışıq.
Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemində Zərdüştçülüyün Türk İnamı olduğunu ardıcıl vurğulayır, yüksək idraki imkanlar əsasında sübuta yetirir. Dədə Qorqudluq hadisəsinin İnsan böyüklüyünün, ağsaqqal­lığının həyat meyarı olduğunu vurğulayır. Babəkçilikdə döyüşkənliyin, yenilməzliyin dünyabaxışa bərabər olduğunu izhar edir. İnsanlığın zirvəsini fəth edən hürufiləri dünyada əvəzsiz bir hadisə kimi vəsf edir. Füzuli aşiqliyində bənzərsiz möcüzələr kəşf edir və bunu din hadisəsi kimi elan edir. Muğamın insan həyatındakı ecazkar rolunu əbədiyyət carı kimi dəyərləndirir. Sazın İnsanı Tanrıya qovuşdurmaq qüdrətindən, gərəkliyindən bəhs edir.

Belə bir daxili zənginliyə malik olan xalq hansısa dönəmdə öz keyfiyyətlərini aşkarlamaqdan əl çəkə bilməz, tarixi aqibətini inkar edib öz imkansızlığına inanmaz. Bu səbəbdən də yurdumuza Ata gəlişi təsadüfi deyil. Mahiyyətcə Ruhaniy­yat xalqı ələbaxan yaşaya bilməz, o,Yurduna kənardan böyük çağırmaz. Yadlığı bayram edən xalq yetim xalqdır. Mütləqə İnam – xalqımız üçün bəşər olmaq imkanıdır. Xalq yetim­likdən çıxmayanda bəşər olmur. Mütləqə İnam başqa xalqlar üçün də bəşər olmaq imkanıdır. Yəni İnam hər bir xalqı özünə tapşırmaqla ulusal gələnəklərin ləğv olunmasının qarşısını alır, bir xalqın mənliyinin başqa xalq tərəfindən idarə olunması aradan qalxır. Beləliklə, Yurdumuza Ata gəlişi ilə İnam təkcə milli zəmində deyil, ümumbəşər anlamında tapınağa çevrilir.
İnsan Din-İnam təzadını dərk edir, – Xurafatın təlqinindən Həqiqətin aydınlığına üz tutur. İnam sübut edir ki, İnsanın üzü və qəlbi ağarmayınca, dünyanın içi işıqlanmaz. Xurafat – dini siyasət üçün qoruyan qaranlıqdır. Bu qaranlıqda dinlərin siyasət üçün döyüşləri mövcuddur. İnsanlıq birdir, Allah birdir, amma din bir deyil. Ümumbəşər anlamında inamlar ola bilməz, İnam ola bilər. Dinlər isə fərqli İnamlar sərhədi yaradır. Bu isə əslində siyasi münasibətlərin ayrıldığı sərhədin özünə aiddir. Bu səbəbdən də din İnamla əvəz olunur. İnam idrakı cəhalətdən ayırır və qoruyur. Bu halda siyasi ideologiyaların  həqiqət­çilikdən aşağı olduğu bilinir. Daha doğrusu, siyasətin həqiqətə zidd olduğu dərk olunur.
Demokratiya – liberalizm – Qloballaşma antiinsanilik hadi­sə­si kimi dərk olunur və rədd olunur. İnam Şərqi keyfiyyətlərin özülünə çevrilir, xalq bunu dünyalaşdırmaq amacı ilə yaşayır.
İnam ümumtürk birliyi yaradır, bu Birliyi dünyaya qarşı qoymur, dünyanın xilasına yönəldir. İnamın tələbi ilə imperiyaçılıq, cahangirlik axtarışlarına son qoyulur.
Xalq qəti imtinaya çağrılır, çatır.
Ey çağdaş yurddaşlarım!

Sizin içinizdən bir ər çıxıb, Yurdunuzda müqəddəslik Ocağı qalayıb. Boynunuzu bükük, azadlığınızı kölgəli eləyən şər felinə qarşı ruhani döyüş cəbhəsi yaradıb. Məhrumiyyətlərə alışıb, təqibləri ötüb, təhqirlərə dözüb. Sizin mənliyinizin qorunmasını, aqibətinizin qurulmasını, Sabahı­nızın yaşanmasını Amal bayrağına çevirib başının üzərinə qaldırıb. İndi bu bayraq bizim, – sizlərdən biri olan yurddaşla­rınızın başının, ömrünün üzərində dalğalanır.
Sabahınıza ayıq baxın, onu bugünümüzə gətirmək üçün ayağa durun. Ayaqlar altından çıxmaq vaxtıdır.
Öz içinizə qiblə deməkdən qorxmayın.
Öz Yurdunuza “Kəbə” deməkdən qorxmayın.
Asif Atanın Peyğəmbərliyini qəbul eləməkdən qorxmayın.
Mütləqə İnama “dinim” deməkdən qorxmayın. “Qorxunuzu qorxudun. Qorxunuzdan daşının!” (Asif Ata).
Azərbaycana televiziya ekranlarından eşq elan eləyənlər! Miskin, zavallı duruma salınmış yurdunuza istehza etməyin.  Onu qurun. Qurulan möhtəşəm olur. Möhtəşəmi sevin. Zaval­lını öyməkdə həqiqət, sevməkdə İnam yoxdur. Aldatmayın xalqınızı: – gözü yaşlılarınızı, ürəyi sınıqlarınızı, ümidi dağıl­mış­la­rınızı, çörəyə möhtac qalanlarınızı…
Milyonlarınızın (varidatınızın) altına şüarlar yazmayın. Şüarlarla milyonlarınıza dayaq qurmayın. Pulunuzun dayaqlarını Yurdunuzun dayaqları kimi qələmə verməyin. Vicdanı söyməyin. İnsanların qəlbində Allahı öldürməyin. Ərəbistandan Yurdumuza Allah daşımayın. Yurdunuzda Allah yaradın. Yurddaşlarınızın ümidini ölümə dikməyin, həyat eşqinə yönəldin, Yurd sevgisinə calayın.
Peyğəmbərimiz Asif Ata Mütləqə İnamı yaradıcılıq üçün yaradıb – Yaşamaq, İnsanlaşmaq, Xalq olmaq üçün…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 

 

 

 

  

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir