Xəbərlər

Soylu Atalı. İnsana doğru (VI yazı)

DİN – DÖVLƏT
Tarixdən bizə dinlə dövlət arasında ziddiyyətlərin olduğu məlumdur. Bu gün də dini dövlətdən uzaq saxlayırlar. Doğrudur, hakimiyyətə gəlmək üçün dindən sui-istifadə halları tarixdə kifayət qədər baş veribdir. Dinin başında duranlar hakimiyyəti ələ keçirmək üçün kütlənin avamlığından istifadə ediblər. Hakimiyyəti Allahın səltənəti kimi təbliğ edərək onu ələ keçirməkdə kütləni həşirə salmaq böyük rol oynayıbdır. Dini dövlət qurublar və insan üzərində olmazın özbaşınalıqlar həyata keçiriblər. Ayrı-ayrı vaxtlarda zülmə, istibdada dözməyənlərin etirazlarını Allaha qarşı çıxmaq kimi qiymətlən¬dirərək edamlar təşkil olunub, ədalətsizlik bəraətləndirilmişdir. Bu azmış kimi, insanları dinsizlikdə, allahsızlıqda suçlayaraq onların şərəfini ləkələmiş və nəsillikcə cəmiyyət içərisində gözükölgəli etmişlər. Sonradan başqa qüvvələr dini dövlət quruluşuna qarşı dünyəvi dövlət ideyasını qoymuşlar. Etiraf etmək olar ki, dünyəvi dövlət dini dövlətə nisbətən daha sivil formadır. Fəqət məlumdur ki, hər iki halda dövlət insana qarşı amansızlığı, özbaşınalığı azaltsa da, tamamilə aradan qaldırmamış, təbəqəçilik, ağalıq-nökərlik münasibətləri qüvvədə saxlanılmışdır. Çünki dövlət quruluşca dəyişmişdir, məzmunca isə insana qarşı olaraq qalmışdır. Dinin dövlət başına gəlmək istəyi bu gün davam edir. Lakin dövləti dindən qoruyan qanunlar qəbul eləməklə onu kənarlaşdıra bilirlər. Həm də dinin başında duranların pullulaşması ilə dinin avamlara təsir gücü xeyli azalmış olur, başqa sözlə, dindar pulçuluğun qanunları ilə varlanır. Bu isə açıq şəkildə görünür. İndi din siyasətin əlində avamlara təsir eləmək üçün yardımçı bir vasitədir. Cəmiyyət dini həyatın bütün atributları ilə uçub-dağıldığını görür və onu qura biləcək ideyanın və qüvvənin olmadığını anlayır. Əlbəttə, din hakimiyyətə gəlir, dövlət ruhaniləşmir. Ona görə də din bu gün siyasətin oyuncağı kimi çıxış edir. Hakimiyyəti dinə vermək istəməmək isə cəmiyyəti cəhalətdən, xurafatdan qorumaq əlaməti kimi dəyərləndirilə bilməz. Çünki dünyəvi dövlətin məqsədi heç də insan deyil, insanilik deyil. Pulçu başına çalma, əyninə çuxa geymək, üzəvarı özünü nəyə isə vadar eləmək – xaç çəkmək, yaxud salavat çevirmək yoruculuğuna təhkim olunmaq istəmir.
Əslində dövlət qoruyucu funksiya daşımalıdır. Dünyəvi dövlət də zahirən özünü qoruyucu kimi göstərir. Lakin aydınlaşmır ki, dövlət nəyi və kimi qoruyur, nədən və kimdən qoruyur?! Dövlət xalq yaratmır ki, onu da qorusun. Dövlət xalqı kütlə səviyyəsində saxlayır və xalqın zəhmətini, imkanlarını bir təbəqənin firavanlığına həsr edir. Dərindən yanaşanda məlum olur ki, dövlət həmin təbəqənin rahatlığını qoruyur. Xarici təzyiqlərdən də həmin təbəqənin varidatı, hakimiyyəti qorunur. Yumşaq desək, bu təbəqəyə tabe olan və xidmət göstərən xalq həmin təbəqənin əmlakının, varidatının qorunması üçün qorunur, – mülkiyyəti kimi qorunur. Üzdə isə vətənpərvərlik, xalqsevərlik təbliğ olunur. Beləliklə, məlum olur ki, çağdaş dövlət quruluşu antixəlqi mahiyyətlidir.
Biz hansı mövzuya müraciət eləsək də, Asif Atanın ruhani dövlət ideyasının zəruriliyinə gəlib çıxırıq. Dövlət xalq yaratmalıdır, yəni dövlət ruhaniləşməlidir (dinləşməli deyil, dinlə ruhaniyyat ayrı məzmun daşıyır). Torpaq o vaxt vətəndir ki, orada yaşayan insan ulusal dəyərlər yaradır və xalqın həyatı bu dəyərlər əsasında aliləşir. Bir misal göstərək: bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş və keçməmiş mindən çox dini, missioner təşkilatlar fəaliyyət göstərir. Hər biri ədalətin adından danışır, humanizmdən danışır. Adamları özlərinə cəlb eləmək üçün onların yoxsulluğundan istifadə edərək pul verirlər və bundan da yaxşı maddi təminat vəd edirlər. Sonra məlum olur ki, bu təşkilatlar əhalini daxildən kiçik qruplara bölürlər. İstənilən vaxt daxildə qarşıdurma yaratmaq üçün zəmin hazırlayırlar. Öncə ruhaniyyat adından danışırlar, dini rituallar öyrədirlər, sonra isə hansı dövləti təmsil edirlərsə, o dövlətin xilaskarlığını təlqin edirlər: “Bizim arxamızda filan dövlət durur, yardım edir və s.”. Bir ölkənin içində qruplara bölünmüş xalq ayrı-ayrı dövlətlərin mənafeyi uğrunda bir-biriylə mübarizə aparır. Çünki öz mənafeyi yoxdur, mövqeyi bəlli deyil. Çünki öz yurdunda qorumalı olduğu dəyər yoxdur, nəyin ətrafında birləşmək, xalq olmaq, vətən olmaq meyarı yoxdur. Özümlük uğrunda mübarizə aparmaq amacı özgəçiliyə meyil vasitəsiylə sarsıdılır. Yoxsulluq girdabına salınan əhali kənar qüvvələri öz məişətinin Allahı kimi qəbul edir. Beləcə kosmopolitizm ruhsuzluğu xalqın içinə müqavimətsiz olaraq yeriyir və vətənsizlik yaradır. Eləcə də beynəlmiləlçilik oyunları millətçiliyi arxaik bir hadisə kimi gözdən salır. Vətən uğrunda döyüşmək əslində Ulusal dəyərlər uğrunda döyüşməkdir. Nə qədər ki, Ulusal dəyərlərin yiyələri yaranmır, Vətən uğrunda döyüş baş tutmayacaq. Ayrı-ayrı vaxtlarda döyüşə məcbur etmələr vətən qura bilməz. Biz fikirlərimizi Azərbaycan üzərində izah etsək də, bu prinsiplər əslində hər bir zəif, yaxud zəifləşdirilmiş xalq üçün doğrudur. Deməli, dövlətin ruhaniləşməsi əslində xalqın qurulması və Vətənin qorunması anlamı daşıyır. Xalqın qurulması isə insan azadlığı, müstəqil¬liyi ilə bağlı olan hadisədir. Bir daha vurğulayaq ki, İnsan Azadlığı “demokratik azadlıq” anlayışı ilə eyni deyil. Demokratiya insanın daxildən böyüyərək Fərdləşməsinə, İnsanlaş¬masına əsaslanmır, – insanı özbaşınalığa yönəltməklə onu sürüləşdirir.
Dövlətin ruhaniləşməsi – onu pulçudan, dinçidən alıb, insana tapşırmaqdır (oxu: Asif Ata – “İdeal” əsəri). Nə qədər ki, dövlət ruhani-insani qanunlarla deyil, siyasi-dini qanunlarla idarə olunacaq, insanla dövlət arasında doğmalıq olmayacaq, ziddiyyət aradan qalxmayacaq. Ruhsuzluğa xidmət edən dövlət ictimai inkişafı ləngitməkdə davam edəcək.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir