Xəbərlər

Soylu Atalı. İnsanlığın Yaşam Sevdası (II hissə)

  1. Soylu AtalıŞər aldada bilir, ancaq varlığa yetmir

İstər Jan Valjan, istər Fantina həyatda onlar üçün hazır­lanmış fəlakətlərə özləri addım götürmüşlər, ancaq balaca Ko­zet­ta fəlakətə yönəlik addımı özü atmamış, bir növ istəmədən fəlakətə itələnmişdir. Ona görə cəmiyyətin mənəvi durumunu onun taleyi daha aydın göstərə bilir.
Kozettanın anası – Fantina gəncliyin naşı romantikasına uymaqla səfalətə yem olmuşdur. Əslində o, sevmək-sevilmək ehtiyacından bu aqibətə uğramışdır. Sevgi və ağıl – insan üçün gərəkən şərtlərdir, ancaq bunlar çox vaxt bir-biri ilə yol getmir. Budur, Fantina ilk sevgisinin tələbi ilə Tolomes adlı birini ər sayaraq təslim olmuş, ondan boyuna uşaq düşmüşdü. Ancaq inanılıb yaxa verilən Tolomes Fantinanı atıb yoxa çıxmışdır. Üzdən baxanda elə görünür ki, bütün fəlakətlərin nədəni sevgi duyğusu olmuşdur. Əslində isə toplumsal nizamsızlıq elə du­rum yaradıb ki, müqəddəs duyğularla yaşayanlar münasi­bət­lərdə yanılır. Yəni toplumsal gediş müqəddəs duyğuları suçla­yan və mühakimə edən əhvallar doğurur. Ancaq bu cür halları top­lum­sal (ictimai) qanunauyğunluğa çevirən quruluşu heç kim, heç nə mühakimə eləmir. Qanun da bu quruluşun şərtlə­rindən doğmuş yalançı nizam yaradır. Yalançı nizamda mə­sum, arı bir qəlbin sevgiyə bürünməsindən sonra ilginc qüsur­lar ortaya çıxır – sevən adam yanlışlar edir. Bu yanlışın sonucu Kozettanın taleyinə toxunur… Onu böyütmək, yaşatmaq gərək­dir. Fantianın isə buna maddi imkanı yoxdur. O, körpəni Te­nard­yelər ailəsinə tapşırıb iş axtarmağa başlayır. Həyatının yeni dramatizmi də bundan sonra başlayır.
“Bəzi adamlar var ki, xərçəng kimi daim qaranlığa doğru çəkilir; ömürlərində irəliyə getmək əvəzinə geriyə gedirlər. Öz mənəvi eybəcərliklərini artırmaq üçün həyat təcrübələrini alət edirlər və pozularaq işıqdan qaranlığa doğru sürünürlər. Te­nard­yelərin də xasiyyəti belə idi… Bu cür adamların keçmiş­ləri həyəcanlı, gələcəkləri isə dəhşətli olur. Burada hər şey gizlidir, onların nə etmiş olduqlarından və nə edəcək­lərindən heç bir kəsin xəbəri olmur”.

(“Səfillər”, səh.103)

 “Kozettanın hər bir hərəkəti başına bir çox kobud və haqsız cəzaların yağdırılmasına səbəb olurdu. Zavallı və aciz qızcığaz! Onun nə yer üzündə nələr olduğundan, nə də Allahdan xəbəri vardı; daim cəza alır, daim döyülür, söyülür və qarşısında ana məhəbbətinin səhər şəfəqləri altında yaşayan, özü kimi iki balaca məxluq görürdü”.

(“Səfillər”, səh.105)

 “Məhəllədə ona “Torağay” deyirdilər. Xalq ad qoymağı çox sevir; kiçik bir quşdan çox yer tutmayan, daim titrəyən, qorxan, evin və kəndin içində hələ hamının yatdığı bir zamanda, dan yeri ağarmamış hər kəsdən əvvəl küçələrdə və çöldə görünən bu uşağı torağaya bənzətmiş və ona bu adı qoymuşdular.
Ancaq bu zavallı torağay heç ötməzdi”.

(“Səfillər”, səh.106)

– Burada biz səfalət içində yaşayan, bir-birinə zidd iki aqibəti görürük. Biri Tenardyelər ailəsi, biri də Kozettadır. Tenar­dye­lər zamanın tələbi ilə səfilləşmiş olsalar da, mənəvi yoxsulluq onların varlığında əsas amil kimi özünü göstərir. Yəni bir var könlündə səfalət doğanlar, bir də var səfalətin içinə atılanlar. Tenardyeləri könlündə səfalət doğanlar tipinə özgün etmək olar. Kozetta isə səfalətin içinə atılmış faciə yav­rusudur. Aldanmış zavallı bir ananın yanlış davranışından başlayan bir fəlakəti – mənəviyyat üzünə həsrət qalmış Tenardyelər ən yüksək səviyyəyə çatdıraraq, müdhiş bir faciə səhnəsinə çevirmişdilər. Bu faciənin özəlliyi ondadır ki, balaca bir varlıq illərlə adi ağlın kəsdirə bilməyəcəyi bir ağırlığın altında yaşaya bilmişdir. Bəlkə də bu ağırlığın Tanrı işığının ürəkləri tərk etməsindən doğduğunu dərk etsəydi, başqa bir ağırlıqdan – insan dünyasına nifrət duyğusunun ağırlığından bu körpəcə varlıq parça-parça olub dağılardı. Axı o, hələ Tanrının varlığını eşidəcək, anlayacaq bir yaşa çatmamış Tanrısız, dünyasız bir ailəyə təslim edilmişdir. İndi onun həyat üçün formalaşmamış ağlına, heç kimsəyə verə bilməyəcəyi məchul suallar gələ bilərdi: – Nə üçün onun yuxusu dan yeri ilə birgə sökülməli, çəkdiyi zəhmətlərin ağrısı qaranlıq olub onun varlı­ğına tökülməlidir?! Niyə ona heyvanca münasibət bəslənməli, ancaq onunla yaşıd olan başqa körpələrə qarşı şəfqət duyğusu bağışlanmalıdır?! Onun anası kimdir – Fantinadırmı, yoxsa sığındığı ailənin ona hazırladığı faciədirmi?! Təhqirlərlə, sö­yüş­lərlə, döyülmələrlə bəslənilən faciənin döşündən süd əmən Kozetta necə dərk edə bilər ki, sevinc adlı bir duyğu onun qəlbinə yaxın gəlmir, ya da gəlməyə qoymurlar. Bu suallar Kozettanın varlığında gizlənib, nə vaxtsa üzə çıxacaqmı – bəlli deyil. Belə bir durumu lənətləyə biləcək nə din var, nə də Tanrı. Tanrı da ayrı-ayrı könüllərə çəkilibdir sanki. Uzun-uzadı ağırlıqlardan, çətinliklərdən sonra hansısa könüldə nə vaxtsa dolanıb Kozettaya rast gələcəkdir. Bu körpə yavrunun könlünə işıq salıb hansısa duyğuları bərpa edəcəkdir.
Məsələnin bu durumunu söyləməzdən öncə Tenardye xa­rak­terinin üzərinə qayıdaq. Hüqo bu obrazı əsərin başlanğı­cından sonuna kimi mütləq şər kimi qələmə vermişdir. İlk baxışdan oxucu işin bu cəhəti ilə barışmaya bilər. Yəni insan mütləq şər daşıyıcısı ola bilməz. Ən pis adamın belə ayrı-ayrı əməllərində xeyir tərkibi də özünü göstərməlidir. Elə bədii əsərin bir cəhəti də odur ki, şərin həyatda mütləq etkiyə xas olmadığını sübut eləsin. Ancaq bir az dərindən yanaşanda Hüqoya haqq verməli oluruq. Çünkü Tenardye xislətindəki eybəcərlik bütöv biçim almasaydı, Kozetta faciəsinin miqyasını da bilmək çətinləşərdi. Eyni halda, Jan Valjanın bənzərsiz qayğıkeşli­yin­də xeyirin qələbəsinin hikməti də oxucu duyğu­suna böyük etki göstərməzdi. Bununla biz “şər hökmən olma­lıdır” qərarı vermirik. Onsuz da bilirik ki, toplumsal həyat öz bətnində şər xisləti daşıyır. Başqa sözlə, toplumsal həyat xeyirə mütləq qovuşa bilmir. Bu yarımçıqlıqda isə şər özünə yer tapa bilir. O da var ki, şərin mütləqləşməsindən söz gedə bilməz, bütünləşmək üçün şərə yer yoxdur. Şərin varlığı yarımçıqlıqda, fəlsəfi dillə desək, nisbidə, ötəridə bəlli olur. Asif Atanın fəlsəfəsində vurğulanır ki, Xeyirin mütləq varlığı fərdi ömür­lər­də başa varır, toplumsal həyatda isə xeyir həmişə nisbi­ləşir. Ancaq xeyirə canatma tələbi heç vaxt azalmır. Fərdi kamillik də bu tələbdən əmələ gəlir.
Yuxarıda bildirdik ki, şər mövcudluğunu sürdürmək üçün həmişə özünə Tenardye xisləti axtarır. O, Tenardye xislətində həm mövcud olur, həm də gizlənə bilir: soyğunçuluq elədiyi halda, xilaskar kimi tanınır; hər şeyi, hər kəsi öz çıxarına qurban verdiyi halda, yiyə kimi görünür. Bir yerdə biz Tenard­yenin Ponmersini soyduğunu görürük. Ancaq Ponmersi onu özünün xilaskarı olaraq düşünür.
“…O yenə əyildi, yığını dağıdıb mane olanları bir kənara atdı, ölünün qolundan yapışdı, başını azad etdi, bədənini yuxarı qaldırdı və bir neçə dəqiqə sonra, ölü olmasa da bihuş olan bu adamı yolun qaranlığında sürüdü. Bu kirasir idi, zabit idi, hətta görünür, lap yüksək bir rütbə sahibi idi, kirasanın altından qalın qızıl epoleti görünürdü, başında kaskası yox idi. Qana bulaşmış üzündən qılınc zərbəsindən əmələ gələn dərin bir yara keçirdi. Bununla belə, burada söylənilməsi münasib görülə bilərsə, xoşbəxt bir təsadüf sayəsində, meyitlər onun üzərində qübbə kimi bir tay təşkil etdiyindən o əzilməmişdi, qolu, qıçı sağ qalmışdı. Gözləri qapalı idi.
Kirasasında gümüş Fəxri legion xaçı görünürdü.
Sərsəri xaçı qopardıb şinelinin dərin və gizli ciblərindən birinə dürtdü.
Saat olan ciblərini yoxladı, saatı tapıb gizlətdi. Sonra jilet ciblərini axtardı, pul kisəsini tapdı, onu da mənimsədi. Can verməkdə olan bu insana yardım etmək üçün göstərdiyi səylər bu dərəcəyə çatdıqda, zabit birdən-birə gözlərini açdı. Zərif bir səslə: – sağ ol! – deyə mızıldandı”.

(“Səfillər”, səh.236)

– Biz Tenardyenin şəxsində insanlığın qaralan üzünə baxırıq. Əslində bu əməllərin yiyələrini hər yerdə görürük. Lap elə beş addımlığımızda. Onlar sərbəstdirlər. Biz onlara heç nə demirik, deyə bilmirik. Çünkü biz bütün bunları sadəcə bilirik, əlimizdə isə heç bir dəlil yoxdur, onlar çox qürurlu davranırlar. Ancaq elə ki, əlimizə balaca bir dəlil keçdi, onlar pişiyə dönür­lər. Onlar qorxduqları üçün gizlənməyə başlayırlar. Onla­rın bu duruma düşməsi qələbədirmi, – nəyin, kimin qələbəsidir – demək çətindir. Ömürlər insanlığın qarşısında sarsılıb daşıdığı şərdən imtina eləmir, (şərlə birlikdə) geri çəkilməklə şəri gizlə­yirlər. Əslində isə şərin fəsadını başqaları biləndən sonra yox, insan­lığın ömrə gəlişindən sonra qalibiyyət-məğlubiyyət məsə­ləsi çözü­mü­nü tapır. Şər məğlub olub bir ömürdə öz yerini xeyirə verən­dən sonra…
Tenardye soyur, aldadır, insan ləyaqətini alverə çevirir. Bu, açıq görünür, ancaq heç bir toplumsal qınaq olmadığı üçün o sərbəstdir. Onun sərbəstliyini şərtləndirən ikinci bir cəhət də vardır – Tenardye vicdan əsasında düşünüb addım atmağı heç bir vaxt ağlına gətirməyib. Ona görə 6-8 yaşlı bir uşağı qoşqu heyvanı yerində görmək onu rahatsız eləmir. Meşşan üçün insan taleyi onun çıxarından üstün deyil ki. Kozetta onun üçün göydəndüşmə pay idi. Öncə Fantinanın analıq duyğularını buxov­­lamaq əməli, sonradan isə Jan Valjandan daim nələrsə qoparmaq meyli onun “gəlir sevincini” ödəyirdi. Tenardyenin sevinci qorxulu sevincdir. Onun sevinci ancaq fəlakət törədir. Burada biz mənfi sevinc ideyasına gəlib çıxırıq. Çox ilginc bir məsələdir. “Sevinc” heyvani bir duyğudurmu, insani duyğu­durmu?! – Görünən odur ki, bu duyğunun hansı cəhətə özgün edilməsi onun qaynaqlandığı məsələ ilə bağlıdır. Sevinc şərdən də başlanğıc götürür, xeyirdən də. Doğrudur, sevinc şərdən başlanğıc götürsə də, əməlin sonucu mütləq şər deyil. Yəni əməl tam olaraq şəri təsdiq eləmir. Məsələn, Tenardye niyə sevinir?! Deyək ki, Kozettanı sığınacağına götürməklə Fantina işləyib ona pul göndərəcəkdi. Bu pulu isə o, balalarını böyütməyə, ailəsinin mövcudluğunu qorumağa yönəldəcəkdir. Ya da kisəsini Kozet­ta üçün açan Jan Valjandan daha çox pul qoparacaqdı. Yenə də ailənin mövcudluğu qorunacaqdı. Bu sonucdur. Ancaq əməlin gedişi şəryönlü addım­lardır. Ona görə biz Tenar­dyenin sevincini mənfi sevinc adlandırırıq. Çünkü, yuxarıda dediyimiz kimi, sonuc bir ailənin acından qurtarması olsa da, davranışlar şəri ifadə edir. Bu ziddiyyətli durumda xeyir nisbidir. Sevinərkən Tenardye də “balalarımı qoruya biləcəm” deyə düşünmür, “aldada bildim, ya da məcbur edə bildim” deyə düşünür. Bizim də qarşımıza çıxan məsələ onun balala­rının dolanıb-dolana bilməyəcəyi məsələ deyil, insanlığın məzhəkəyə çevrilməsi məsələsidir. Birisinin balası başqa biri­sinin balasının fəlakətindən xoşbəxtlik əldə etməlidirmi?! İn­san­lığa arxa çevirib istər öz balasına, istərsə də başqa birisinə xoşbəxtlik qazandırmaq, istənilən halda, ikrah duyğusu oyadır. İnsanlığa doğma olan hər bir düşüncə yiyəsi belə bir şeyi ancaq nifrətlə damğalaya bilər…
Bütün bunlara baxmayaraq, əsəri sonacan izlədikdə görürük ki, həqiqət Tenardye əməllərinin kölgəsində qalmır, üzə çıxıb əsil münasibətlərin doğulmasını sağlayır…
Cəmiyyət fərdlərin zəif keçmişindən güclü faciə yaradır. Biz bunu Fantinanın taleyində izlədik. Gəncliyin naşı inamı, pozulmuş cəmiyyətdə ömrü puç edir.
Kozetta – Fantinanın faciəli taleyindən doğulsa da, cəmiy­yətin durumunu Fantina taleyi qədər qabarıq şəkildə göstərə bilir. Fantina cəmiyyətin qadına yanaşmasının bütün çağları qapsayan bir görsənişidir. Fantina sevib-sevilmək istəyirdi, ancaq cəmiyyətin pozğun tərbiyəsi ilə harınlamış birisi, onu bir gül kimi qoxulayıb ayaqlar altına atdı.
Cəmiyyət heç bir durumu anlamı üzrə qiymətləndirə bilmir. Ona görə Fantinanı sadəcə fahişə adlandırır. Fantinada ananı görməyib fahişəni görənlər, bütövlükdə qadın ləyaqətini sual altına atırlar. Öncələrdə də belə olub, çağdaş cəmiyyətdə də belədir.
Qadında hiylə görürlər, ancaq bu hiyləni doğuran səbəbi görmürlər. Hiylə kimə qarşı yönəlir?! – Qadın üzərində öz gücünü sınağa çəkən kişiyə qarşı. Kişi gücü mənəvi hikmətə də çevrilə bilər, zora da. Zora çevrilən kişi gücü qadında özünə qarşı hiylə doğurdu. Hiyləyə haqq vermirik, sadəcə hiyləni qına­­yarkən onu doğuran səbəbi görməyin gərəkliyini vurğu­layırıq. Xəyanətlərin, qəbahətlərin, pozğunluqların səbəbini yalnız qadına yükləyən cəmiyyət ədaləti bərqərar eləyə bilməz.
Qadın aşırı duyğusaldır. Onda bütün duyğular aşırı dərəcə­dədir. Ona görə qadının qarşısında kişi təvazökar davra­narsa, kobudluq etməzsə, ondakı bütün qutsal duyğuların oyanışına təkan verər. Qadının könlü müqəddəslik yatağıdır. Bu müqəd­dəsliyə yiyə çıxanda qadın allaha çevrilir, bu müqəddəsliyi ayaqlayanda isə qadın fahişəyə çevrilir. Bu fikir – “qadının taleyi öz əlində deyil” anlamına gəlmir, “qadının özgürlüyünə toxunmaq yolverilməzdir” anlamına gəlir. Asılılıq məsələsinə gəlincə, qadın kişidən nə qədər asılıdırsa, kişi də qadından bir o qədər asılıdır – həm fiziki, həm də mənəvi. Qalır hər kəsin öz yerini bilməsi, dərk eləməsi.
Bir sözlə, qadına yanaşma – İnsana yanaşma səviyyəsində dərk olunanda doğru olur. Ona zəif cinsin bireyi kimi yanaş­maq həqiqi ölçü sayıla bilməz. Qadının zəif sayılması yalnız fiziksəl əmək ortamında gözə alına bilər.
Beləliklə, Fantinaya yanaşmanın eybəcərliyini cəmiyyətin yaşamındakı qırağaçıxmalara bağlamaqla aydınlaşdırsaq da, Kozettaya yanaşmanı hansısa qırağaçıxmalara bağlamağa çə­tin­lik çəkirik. Cəmiyyət Fantinanı fahişə adlandırıb onun əzab­larını gözardı edə bilər, bəs Kozettanın əzablarına nə ilə haqq verir?! – Axı o heç fahişəliyə yuvarlanacaq yaşda da deyil. Deməli, məsələ kiminsə fahişə olub-olmamasında deyil. Cə­miy­yət özü Tenardye xislətinin daşıyıcısıdır. İnsanlığa inam aradan gedəndə cəmiyyət Tenardye doğur. İnanmaq qədər gərəkli nemət ola bilməz. İnam Tərəqqinin açarıdır. Cəmiyyət buna arxa çevirir.
Tenardye inamsızlığının, insansızlığının yaratdığı ortamda hər şeyin qəhr olunduğu görünür. Kimin ağlına gələr ki, Kozet­ta adlı faciə yavrusu əslində Tərəqqinin solmaz çiçəyidir. Tenardye xislətli cəmiyyət də onun soldurulmasına göz yumur. Ancaq əsərin sonrakı bölümlərində biz Kozettanı elə tərəqqinin solmaz çiçəyi kimi də görürük. Əslində bunca ağırlıqların, sarsıntıların altında Kozetta pozulmalı, mənən məhv olmalı idi. Ancaq fitrətdəki, mayadakı Tanrı hikməti üzə çıxırsa, ən pis ortamın belə, insandakı xeyir tərkibini məhv eləməsi baş tutmur. Bura­da biz yazının başlanğıcında vurğulanan epiqrafı yenidən xatırlatmaq istəyirik: “İnsan ən pis mühitdə belə yaxşı olaraq qala bilər”. Bu fikrin burada yerinə düşmədiyi, yəni Kozettaya özgün olmadığı görünə bilər. Əslində isə birbaşa bağlıdır. İnsanı mühit yaradır deyirlər. Bu fikir həqiqət olsaydı, Jan Valjan ən qəddar, qorxulu bir varlıq kimi formalaşmalı idi. Lap elə Kozetta, dediyimiz kimi, bunca təhqirlərin, mənəvi işgəncələrin sonucunda idbar bir varlığa çevrilməli idi. Ancaq görünən odur ki, inam insanı mühitdən yüksəyə qaldıra bilir. Kozetta Tenardye eybəcərliyindən yüksəkdə duran Jan Valjan atalığına inanır və güvənirdi. Tərəqqi də mühitdən yüksəkdə yaşayan insanların ləyaqətinə bənzəyir.
Jan Valjanın gəlişinə qədər Tenardye dünyasızlığında Ko­zet­­ta­nın taleyi təsəvvürlərdə faciəvi bir sonuca varırdı. Fanti­nanın acınacaqlı taleyindən də ancaq bu durum yarana bilərdi. Əsərin Jan Valjanın gəlişinə kimi olan parçalarında Kozettanı harda görürüksə, onu ancaq fəlakət izləyir.
“Qızcığaz aciz bir halda ətrafına boylandı. Nə etsin? Haraya getsin? Qabaqda Tenardye qarının kabusu, arxada isə – qaranlığın və meşələrin bütün cinləri dururdu. Lakin Tenardye qarı daha qorxunc idi, Kozetta onun qabağında geri çəkildi. Qızcığaz yenə bulağa doğru yüyürməyə başladı. Qaça-qaça kənddən çıxdı, qaça-qaça meşəyə girdi, o artıq heç bir şeyə baxmır, artıq heç bir şeyə qulaq asmırdı. Yalnız nəfəsinin daraldığını hiss etdiyi zaman bir az ayaq saxladı, lakin yenə də dayanmadı. O, ümidsizlik içərisində yoluna davam edirdi. O, ağlamağını saxlayaraq, yüyürürdü. Meşənin gecə səsləri onu hər tərəfdən bürüdü. O artıq heç bir şey düşünmür, heç bir şey görmürdü. Bu balaca məxluq gecənin nəhayətsizliyi ilə üz-üzə gəlmişdi. Bir tərəfdə dünyanı bürümüş zülmət, o biri tərəfdə isə – bir heç, bir zərrə”.

(“Səfillər”, səh.256)

– Biz kimin haqqında dinləyirik – gənclik çağına ayaq qoymuş bir qızınmı, yetkin yaşda olan bir qadınınmı, yoxsa özünü hər bir qorxudan qoruya biləcək güclü bir kişininmi?! – Bunların heç biri deyil, heç kimi, heç nəyi olmayan zavallı bir təbiət yavrusu haqqında danışılır. İndi hər şey ona yaddır, təbiət də doğma deyil. Təbiətin məchul qaranlıqları içindən nələr gözləməmək olar. Qorxa-qorxa ucsuz-bucaqsız qaran­lıqların içinə yerimək – bir anda varlığının sonuna çatmaz­dımı?! İstənilən balaca, böyük bir vəhşi, hələ dünyanı anlamaq üçün ağlı, şüuru böyüməyə macal tapmayan bu körpəciyəzi haqlamazdımı?! Onun kövrək və titrək ürəyi bu sualların altında çırpınmağa tələsiyir. Bütün bunlar, Tenardyelərin qarşısında, onun varlığını təhqir edəcək sualları eşitməmək üçün idi. Həyat bu körpəciyə necə tez bir zamanda dərs verdi. Bu qədər amansızlıqmı olar?!
Adamlar Tanrı ilə doğmalaşmaq üçün Məbədlərə topla­nırlar, ancaq Kozettanın məsum varlığındakı Tanrını heç kəs görmür. Əslində məbədlər də adamlara Tanrının körpə sevin­cin­də, ana fəryadında, insan əzabında yaşadığını öyrədə bilmə­dilər. Cəmiyyət – Tanrının yaşaya bilməyəcəyi, başqa sözlə, Tanrısallığın qoruna bilməyəcəyi bir ortamdır. Ona görə birey (fərd) cəmiyyətdə işgəncəli ömür sürür. Kozettanın taleyi cəmiyyətin durumunu göstərir. Bu əsərdə cəmiyyətin bütün faciəsi bir obrazda toplanıb sanki. Doğrudur, faciə obrazlar arasında paylanmır. Hər bir obrazın taleyində faciə bütün dolğunluğu ilə özünü göstərə bilib. Sadəcə Kozettanın azyaşlı olması yaşadığı acıları daha etkili eləyir.
Biz, əslində insan qəlbinin mühitlə bir yerdə məhv olma­yacağını aydınlaşdırmaq üçün bu fikirləri sərgilədik. Yəni “insan ən pis mühitdə belə təmiz olaraq qala bilər”. Bunu sonrakı bölümdə vurğulamağa çalışacağıq.

  1. Xeyirözündən keçənlərin İşığıdır

Yuxarıda dedik ki, Jan Valjan bəs qədər maddi qazanc əldə eləyə bilmişdir. Üstəlik o, şəhər meri təyin edilərək hüquqi imtiyazlar qazanmışdır. Ancaq o, vicdan əsiri olduğu üçün başqa birisinin Jan Valjan adı ilə mühakimə olunmasına dözmür, özünü tanıdır. Onun yerinə qurban gedən birisini qurtardıqdan sonra isə özünü ələ vermək fikrindən daşınır. Yenə də qaçıb gizlənməli olur. Onu buna zorlayan tutuqlanmaq qorxusu deyildi, bala həsrətiylə acılar içində həyata gözünü yuman Fantinaya vermək istədiyi xoşbəxtliyi başa çatdırmaq düşüncəsi idi. Fantinanın yarımçıq ömrünün faciəsi Kozettanın taleyində davam etməməli idi. Jan Valjanın özünün bireysəl həyatı puç olmuşdu, zəhmətlə qazandığı puldan başqa heç nəyi, heç kimi yox idi. Nə ailəsi vardı, nə qohumu, nə dostu. Sevgili olmadı, ər olmadı, ata olmadı. Zaman hər şeyi onun əlindən aldı. Ancaq heç nə onun içindəki mərhəməti və xeyirxahlığı öldürə bilmədi. O, Kozettanı bulmalı, atalıq duyğusunun da, insan sevgisinin də boşluğunu varlığında doldurmalı idi. Varlı­ğında boşluq daşımaq çox ağırdır. Boşluq – mənəvi sarsıntılar yaradır. Bu sarsıntıların ağrısı ömrə ağırlıqlar gətirir.
Jan Valjan Kozettanı tapır, həris, meşşan Tenardyelər ailəsinə gözləniləndən artıq para verib Kozettanı özü ilə aparır. Ancaq Kozettaya azadlıq verməsi özünə baha başa gəlir. Kozettanın azad böyüməsi, rahat nəfəs alması üçün ən qorxulu çətinlikləri yaşamalı olur. Çünkü katorqa həyatından sonra nə üçün, kimin üçün yaşadığının önəmi yox idi. O, fiziksəl sonuna kimi sadəcə yaşamalı idi. Ancaq Kozetta onun həyatına gələndən sonra yaşamının anlamı dəyişdi. İndi o, Kozettanın xoş­bəxtliyi üçün yaşayır. Bu, onun içindəki tanrısal hikmətin – mərhəmətin, xeyirxahlığın tələbi idi. Varlığında buraxdığı bü­tün boşluqları Kozettaya xoşbəxtlik verməsi ilə doldurmağa çalışırdı.
Ancaq yaşamın da öz quralları var – Kozetta böyüyür, böyüdükcə Jan Valjanın nisgilləri də böyüyürdü. O, Kozetta üçün ata, ana, qardaş, bacı, dost – hər şey oldu, ancaq sevgili ola bilmədi. Biməzdi də. Əgər olsaydı, yaş uyğunsuzluğu ilə Kozettaya xoşbəxtlik deyil, bədbəxtlik gətirərdi. Yəni yaşlı olduğu üçün tez öləcək, gənc Kozetta isə yenə tək qalacaqdı. Mənəvi kriteriyaları da gözardı eləmiş olacaqdı.
Kozetta gəncdir, onun sevib-sevilmək ehtiyacı var. Bu, həm də onun təbii haqqıdır. Ona qarşı ata, ana boşluğunu doldurmaq vüsalı bir ayrı şeydir, sevgili olmaq məsələsində isə vüsala yetmək tamam fərqli anlam daşıyır. Budur, Kozetta Mariusu görür, içində, özünün indiyə kimi yaşamadığı, anlamadığı ilginc duyğular baş qaldırır. Jan Valjan Kozettada qarşısı­alın­maz duyğuların baş qaldırmasını görüncə öz içində də yeni sarsıntıların baş qaldırdığını duyur. O, Kozettadan ayrı yaşaya biləcəyini düşünə bilmir…
Marius əsərdəki aydın obrazlardan biridir. O, gəncliyin qəlbində vicdanı, sadəliyi, halallığı yetkin səviyyədə yaşadan sevgi yavrusu kimi çıxır qarşımıza. Ancaq, dediyimiz kimi, Jan Valjan üçün arzuolunmayan bir varlıqdır. Çünkü Marius Ko­zet­tanı onun varlığından uzaqlaşdıra biləcək bir qüvvədir. Jan Valjan özü sevgili həsrəti ilə yaşamayıb, ancaq Mariusun ortaya çıxması ilə, Kozetta və Marius arasında yaranan sevgi duyğusunun ona nələr yaşadacağını bütün varlığı ilə duymağa başlayır.
Kozettanın Jan Valjanın içində gizlənən mənəvi izti­rab­lardan xəbəri yoxdur, ancaq bu məsələdə onun suçu da yoxdur. O, sadəcə sevilir və sevməyə can atır. Budur, onun xoşbəxt­liyinin sınırları özü üçün indi aydınlaşmağa başlayır. Çünkü həyatın anlamı, bütün çalarları ilə, insanın varlığında özünü göstərəndə xoşbəxtlik bütövləşir. Belə olmasa, əzablarla böyü­müş bir insanda, bəlkə də yaşa­maq üçün həvəs də qalmaz­dı. Məsələn, Kozetta üçün həyat Mariusu görəndən sonra məna­lanmağa başlayır. Yoxsa onun üçün həyat bu çağa kimi elə bir ciddi söz sərgiləməyib. Jan Valjanın ona qarşı qayğıları da sevgili olmaq tələbinin qarşısında azdır. Doğrudur, Tenardyelər ailəsindən qurtulduq­dan sonra Kozettanın duyğularında çox dəyişik­liklər yarandı. Ancaq dəyişikliklərlə zənginləşən bu duyğular belə, onu hələ sevginin, ayrılığın, uzaqlığın, yenidən qovuşmaq ehtiyacının əzablı nəşəsi ilə sınağa çəkməyib. Ona heç nə – istər monastr sakitliyi, tərki-dünyalığı, bakirəliyi olsun, istər Jan Valjanın yaratdığı dinclik, sakitlik ortamı, ya da Kozetta ilə birgə keçirdiyi əyləncəli gəzintilər olsun, Mariusun xəyalı qədər çəkici (cazibəli) gəlmir. Qadın özünü birinə etibar edəndən sonra Tanrının anlamını gerçəkləşdirən əməllər quru­cusuna çevrilir. O, sevgili olur, ana olur, ailə olur, soy (nəsil) olur, xalqın, daha geniş anlamda bəşəriyyətin bir parçasına çevrilir. Kozetta üçün artıq belə bir aşama yetişib. Doğrudur, heç bir insan vurulanda belə şeyləri düşünmür. Başqa sözlə, bunların olması üçün vurulmur. Vurğunluq – ilahi bir işıqdır, bir anda adamın könlünə düşür, onun bütün duyğuları sehrlənib bir nöqtədə birləşir. Vurğunluq sirdir, heç kim bu sirri açmaq haqqında düşünməz, onun yanğısıyla yaşamalı olar. Bu yanğı­dan qıraqda insana hər şey sönük və qiymətsiz görünür. Kozetta da bu hala düşür, Marius da. Hətta Marius Kozettanın izini itirdikdən sonra ölməyin yollarını axtarmağa başlayır.
Jan Valjan Kozettanı Tenardyelər qaranlığından işığa çıxartsa da, bu sevgi yavrularına əngəl olsaydı, Kozetta üçün qiymətini itirərdi. Həm də ikinci dəfə, Jan Valjanın əngəli adlı, qaranlığa qayıtmaq Kozettanın varlığını elə sarsıdardı ki, onun üçün yaşamağın bir anlamı qalmazdı. Çox qəribədir, bir-birinə doğma olan insanların istəkləri hansısa nöqtədə bir-birinə yad kimidir. Ancaq buna baxmayaraq, bütün bu çabalarla Jan Valjanın istəyi Kozettanı xoşbəxtliyə çatdırmaq idi. Sonra bəlli olur ki, bundan qıraqda onun özünün xoşbəxtliyi yox imiş. Yoxsa böyük bir ziddiyyət boşluğunda hər şey qabaq-qarşı gələrdi. Nədən ki, Jan Valjanın bu qədər diqqətinin, zəhməti­nin, qayğısının qarşılığında, ömründə birinci yol gördüyü birisinin – Mariusun ondan yüksək tutulması heç cür anlaşıl­mazdı. Kozettalar üçün Tanrıdan könlünə gələn bir sirrin izahını ilk dəfə gördüyü bir başqasında tapması heyrət­doğu­rucudur. Bu elə sirdir ki, buna əngəl ola bilmək hər kəsin gücü dışındadır. Sevgi elə bir gücdür ki, heç kimə, heç nəyə təslim olmur, tərsinə, ürəkləri öz əsirinə çevirir. Budur, iki gəncin uğradığı bu halı əsərdən izləyirik:
“1832-ci ilin may ayı davam etdikcə gündən-günə daha artıq ətir saçan, daha artıq qalınlaşan sıx ağaclar kölgəsində, başlı-başına buraxılan bu kiçicik bağda hər axşam iki adam görünərdi: onlar bütün ismət və bəkarət dəfinəsini özlərində cəmləşdirən, qəlbləri səmavi bir xoşbəxtliklə dolu olan, insan­dan daha çox mələyə bənzəyən, duyduqları sevinclə məstləşən, təmiz, pak, nəcib, zülmətdə bir-biri üçün işıq saçan iki gəncdi. Kozettaya elə gəlirdi ki, Mariusun başı üstündə şəfəq vardır, Marius da Kozettanın ətrafında halə görürdü. Onlar bir-birinə təmas edirdi, bir-birinə baxırdı, bir-birinin əlindən tuturdu, bir-birinə sıxılırdı, lakin onların aşmadığı bir hüdud vardı. Onlar bu hüdudu ona görə aşmırdılar ki, bunu nalayiq hərəkət hesab edirdilər, onlar belə bir hüdudun olduğunu bilmirdilər. Marius bir hüdud hiss edirdi – bu hüdud Kozettanın məsumluğu idi, Kozetta da bir hüdud hiss edirdi – bu hüdud Mariusun vicdanı idi. Onların ilk öpüşü həm də sonuncu öpüş oldu. Bu öpüşdən sonra Marius ancaq dodaqlarını Kozettanın əlinə, ləçəyinə, ya da hörüyünə toxundurardı. Kozetta onun üçün qadın deyildi, ətirdi…
Gecə onlar bağda olanda bağ sanki canlanır, müqəddəs bir yer olurdu. Bütün güllər onların ətrafında açılır, onlara ətir saçırdı, onlar da ürəyini açır, öz ruhlarını çiçəklərə saçırdılar. Şirəyə dolmuş, məst olmuş, nəşəli, gur bitkilər bu iki gəncin ətrafında tir-tir əsirdi, onlar sevgi sözünü söyləyirdi, ağaclar bundan tutrəyirdilər”.

(“Səfillər”, səh.666)

– Bu nədir, sadəcə romantik xəyaldırmı? – Çağımızın bir çox insanlarından sorarsan, deyər ki, bu bir təxəyyül uydur­masıdır. Gerçək yaşamda belə bir ilahi sevgi coşqusunun olmasına çoxları inanmaz. Hər kəs gerçəkliyə, zamana baxarsa, ondan uzağa baxmazsa, bunu görməz, görməsi mümkün olmaz. Zaman ilahi xilqətə çevrilənləri yaxına buraxmır. Zamanın tələbi ilə yaşayanlar da bunu anlamır. Öz içi ilə zamanın arasında uyğunluq görən adam bədii obrazlarda göstərilən sağlam yönlərlə doğmalaş­maq istəməz. Çağımızda bədii kitab­ların oxunmamasının bir nədəni də budur. Sevgiyə, sevdalı yaşama meyil aradan getdikcə insan olmağın dəyəri gözdən düşür.
Ancaq bütün bunlara baxmayaraq, yazıçı insanları zaman­dan üstün olan həqiqəti görməyə çağırır. Biz kitabdan götür­dü­yümüz örnəyi oxuduqca sevdalı ürəklərin varlığını dərk edirik. Könüllər dünyasının gözəllikləri işıq seli kimi axıb duyğu­la­rımıza dolur, varlığımızı müqəddəs diləklər aydınlığına qovuş­durur. Oxuduqlarımızı yazan kimdir, hansı dildə yazılıb?! Təbi­ətin bakirə gözəlliyinə müqəddəs nəğmələr söyləyən gənc könüllərin milləti kim, dili nə? – Onlar türkdürlərmi, hələ lap qədimdən bəşəriyyətə ruhaniyyat gələnəyi öyrədən hind xalqı­nın yavrularıdırmı, Məcnunluq aşiqliyinin odunda qovrulan ərəb yeniyetmələridirlərmi? – Nə fərq edər ki?! İnsanlığın ruhundan mayalanmış sevda mələkləri elə bizik, bizimkilərdir, doğma­larımız, sevdiklərimizdir.
Yazıçının böyüklüyü bir xalqın tarixi kimliyini nə qədər işıqlandırırsa, bəşəri qiyməti bundan daha yüksəkdir. Hüqo bu gün pozulmuş Fransız cəmiyyətinin mənəvi özülündə insani, bəşəri işığın olduğunu sübut etməyə çalışır. O işıqdan ayrıl­mağın özünəyadlaşma olduğunu anladır. Bütün bunlar özüm­lüyü qorumağın bərpası üçün göstərilən çabalardır.
Bu gün bəşəriyyətin özünəxaslığını inkar edən Avropa Birliyinin aparıcı dövlətlərindən biri Fransadır. Terrorçuluqla, soyqırımçılıqla uğraşan erməni azğınlığının arxasında duran Fransa hara, bəşər dünyasına Hüqo yaradıcılığı kimi bir dəyəri verən Fransa hara. Birincini biz nifrətlə damğalayır, ikinciyə isə, Hüqo varlığına bağlı olduğu dərəcədə, sayğı sunuruq.

  1. Xeyirə qovuşduran Kədər işığı

 Biz dedik ki, əsərdə ideal səhnələr verilmişdir. Faciə ilə fədakarlığın birləşdiyi anlar o qədər çəkicidir ki, həyatın özü kimi varlığımıza yeriyir. Budur, Jan Valjan içini ağır sarsın­tıların didib-dağıdacağı addımları atmağa başlayır. O, Mariusu ölümün əlindən alıb Kozettaya qovuşdurur. Bu, onun üçün olduqca ağır bir sonluqdur. Ömrünün ahıl çağında Kozettadan uzaqda yaşamaq, varlığını yenidən tənhalığın girovuna çevir­mək – sözə sığmayan bir əzab aşamasının başlanğıcıdır. O, katorqa kimi fiziki əzabın öhdəsindən gəlmişdi, ancaq mənəvi əzaba dözmək fərqli bir iradə tələb edir. Burada onun ömür nizamı sökülür. O nizam ki, Jan Valjanın varlığındakı bütün boşluqları, demək olar ki, doldurmuşdur. Bu nizam – Kozetta ilə onun həm fiziki, həm də mənəvi birliyidir. İndi bu birliyin fiziki bağlarına son verən Mariusu Jan Valjan öz əliylə mey­dana qaytarır.
Yuxarıda vurğulamışdıq ki, Kozettanın izini itirdikdən sonra Marius ölməyin yollarını axtarırdı. O bu yolu dövlətin köhnə quruluşuna qarşı qiyam qaldıranlara qoşulmaqla tapmış­dı. Həm ideoloji niyyətini gerçəkləşdirir, həm də bu vuruşda ölməyi göz altına almışdı. Ancaq bu döyüş meyda­nında ölüm­cül yaralanmış Mariusu Jan Valjan qurtarmaq qərarı verir.
Bununla belə, bu qərarı gerçəkləşdirmək Jan Valjan üçün fiziki anlamda da ölümlə öcəşmək idi. Hər yan nəzarətdə, hər küçə, hər yol bağlı. Jan Valjan keçilməsi mümkünsüz olan yeraltı yolu – tullantılar axıdılan yolu seçir. Əslində bundan başqa o, özünə yol tapa bilməyəcəkdi. Bu, ölüm yolu idi. Jan Valjan bu yol ilə öz içində Kozettaya vəd elədiyi xoşbəxtliyi tamamlamaq istəyinə doğru gedirdi.
“Jan Valjan qabağa gedir, can verən, ya bəlkə də – kim bilir! – ölmüş bir adamı çiynində aparırdı. Su onun qoltuğuna çıxmışdı. O, hiss edirdi ki, batır: ayaqlarını bu dərin bataqlıqda güclə tərpədirdi. Qalın palçıq təbəqəsi onun üçün həm dayana­caq nöqtəsi idi, həm onun yeriməsinə mane olurdu. O yenə də Mariusu yuxarı qaldırır, var qüvvəsini toplayaraq irəliləyirdi; irəlilədikcə daha artıq suya batırdı. Sudan bayırda onun ancaq başı, bir də Mariusu tutduğu əlləri qalmışdı…
Jan Valjan daha artıq dərinə getdi, başını geri atdı ki, su ağzına dolmasın; onun üzünü bu qaranlıqda görən olsaydı, onu zülmət içində üzən bir maska zənn edərdi. Jan Valjan Mariusun əyilən başını, göyərmiş üzünü güclə seçə bilirdi. O, bir daha var qüvvəsini toplayaraq axırıncı dəfə bir addım da atdı: qəfildən ayağı bərk bir şeyə toxundu, o, özünə istinad nöqtəsi tapa bildi. Bu, bir an da gec olsaydı, onun işi bitərdi…
Çuxurda o, həyatdan məhrum olmasa da, sanki bütün qüv­vəsindən məhrum olmuşdu. Son dəqiqələrin gərginliyi onu lap əldən salmışdı. O, elə yorulmuşdu ki, hər üç addımdan bir daya­nıb dincəlir, divara söykənirdi. Mariusu daha yaxşı dalına almaq üçün bir də divarın çıxıntısında oturanda elə hiss etdi ki, daha yerindən qalxmayacaq, elə orada qalacaqdır. Lakin onun qüvvəsi tükənsə də, iradəsi qırılmamışdı. O, ayağa qalxdı”.

(“Səfillər”, səh.856-857)

 – Biz bu səhnədə daha çox əzabı görürük. Ancaq ruhumuz, bu əzabın arxasında ucalan mənəviyyat abidəsinə üz tutaraq, insan varlığından saçılan müqəddəslik işığına səcdə qılır. Fəda­karlığın hər şeyi – qorxunu, ölümü, yoxluğu yendiyi qısa bir zaman kəsiyində əbədiyyətin ruhumuza görünməsindən bəxti­yarlıq duyğuları yaşayırıq. Nə böyük hal, nə böyük örnək! Tanrı anlamının insan varlığında bütün dolğunluğuyla özünü göstərməsi – sevgiyə, mərhəmətə, ədalətə, vicdana inam yarat­ması sözə sığmayan bir sirr kimi üzə çıxır. Ümumiyyətlə, bir sıra bədii əsərlərdə insan Allah kimi obrazlaşır. Onun (insanın) ünvanına Allah sözü deyilməsə də, xarakterik olaraq Allahlıq keyfiyyətlərinin daşıyıcısı kimi tanıdılır. Bu yanaş­manı biz ən çox Tolstoyun əsərlərindən izləmişik. Zamanın balaca saydığı, cəmiyyətin yenik saydığı, qanunun günahkar saydığı insan – özünün Tanrısal əməlləri ilə əbədiyyət carçısı olduğunu sübuta yetirir…
Marius artıq qurtarılmışdır. Ancaq buna baxmayaraq, Jan Valjanın qəlbi rahatlıq tapmır. Bunun bir nədənini yuxarıda vurğuladıq ki, Kozettaya bağlı varlığı yalqızlığın sıxıntıları içinə girməkdədir. İkinci nədəni isə onun, cəmiyyət üçün, qaranlıq keçmişi olan birisi kimi qalmasıdır. O bu çağa kimi hər kəsdən gizli yaşamışdır. Adını, kimliyini dəyişib gizlənərək yaşamaq insan üçün ən ağır, izahı çətin olan bir durumdur. Ancaq o, bunu eləməyə də bilmirdi. Yuxarıda da dedik ki, Jan Valjana nə qanun dinclik verir, nə də cəmiyyətin yanaşması ona yer saxlayır. Bu çağa kimi o, gizli yaşaya bildi. Ancaq indi, Kozetta ilə Marius ailə qurandan sonra, onun gizli yaşaması özünə mümkünsüz görünür. Onun içində elə bir ilahi dəyişik­liklər baş verib ki, hər kəsi aldatmaq mümkün görünə bilər, ancaq özünü, vicdanını aldadıb yaşamaq heç cür mümkün ola bilməz. Onun içində yaşanan gərginlikləri əsər daha yaxşı ifadə eləyibdir. O bu sirri açmaq üçün bütün varlığını vicdanına təslim edərək Mariusun qarşısında dayanıb hesabat verir. Bu hesabat əslində onun İnsanlıq qarşısında qutsalcasına boynuna almalarıdır (etiraflarıdır). Hər kəsin, hətta Kozettanın gözündən düşəcə­yin­dən qorxmur, ancaq vicdanın qarşısında gözükölgəli yaşa­maqdan dəhşətli sarsıntılar burulğanına düşür. Əsərdən götürdüyümüz örnəkdən bütün bunları aydınlığı ilə görmək olur:
“Buna görə də sizin yanınıza gəldim ki, hər şeyi açıb sizə deyim. Hər şeyi, ya bəlkə də, hər şeyi! O şey ki, ancaq mənə aiddir, o barədə heç danışmaq lazım deyil; bunu mən öz ürə­yimdə saxlayıram. Əsas şeyləri siz indi bilirsiniz. Bu qayda ilə mən öz sirrimi götürüb sizə gətirdim. Mən onu sizin gözü­nüzün qabağında açdım. Belə bir qərara gəlmək asan deyildi. Mən bütün gecəni öz-özümlə mübarizə etmişəm. Ah, mən öz-özümü inandırmağa çalışırdım ki, burada vəziyyət bir başqadır. Şanmatye məsələsində olduğu kimi deyil, indi mən öz adımı gizlətməklə heç kəsə yamanlıq etmərəm, Foşlevan adı mənə, etdiyim xidmətə görə bir minnətdarlıq kimi, cənab Foşlevanın özü tərəfindən verilmişdir, mən bu adı yenə saxlaya bilərəm, sizin təklif etdiyiniz otaqda xoşbəxt həyat keçirə bilərəm, heç kəsi zəhmətə salmaram, öz guşəmdə yaşaram, Kozetta sizin olsa da, onunla bir evdə yaşamaq, hər halda, mənim üçün bir təsəlli olar – siz elə bilirsiniz mən bunları düşünmürdüm? Bizim hər birimiz xoşbəxt olardı. Mənə əvvəlki kimi cənab Foşlevan deyərdilər, hər şey öz qaydası ilə gedərdi: Hər şey, ancaq mənim qəlbim narahat olardı. Hər tərəfdən üstümə sevinc yağardı, lakin mənim qəlbimdə qaranlıq gecə hökm­ranlıq edərdi. Xoşbəxt olmaq kifayət deyil, adam gərək öz-özü ilə sülh içində yaşasın. İndi belə bir şey təsəvvür edin: mən cənab Foşlevan olub qalaydım, deməli ki, əsil simamı gizlə­dəydim, deməli ki, sizin çiçəklənən xoşbəxtliyiniz qarşı­sında sirrimin üstünü örtəydim, qəlbimdəki zülmətlə bu işıqlı dün­yada gəzəydim, deməli ki, sizə xəbərdarlıq etmədən katorqanı sizin evə gətirəydim, süfrənizin başında oturaydım, fikrimdə də bu olaydı ki, siz mənim kim olduğumu bilsəniz, məni buradan qovarsınız; sizin adamlara mən qulluq etməyə imkan verəydim, “belə də dəhşət olar!” Birdən elə olaydı ki, dirsəyim sizə toxunaydı, – əslində, bu gərək sizi iyrəndirəydi; sizin əlinizi sıxmaq mənim üçün bir oğurluq olardı!
Sizinlə bir yerdə keçirdiyim bu həyatda mənim yeganə qayğım bu olacaqdı ki, bu dəhşətli quyunun qapağını yerindən tərpətməyə yol verməyim. Bu qayda ilə mən ölü olduğum halda, sizin kimi dirilərə bağlanmış olardım. Kozettanı həmi­şəlik özümə buxovlardım. Siz, o və mən katorqa dustağının yaşıl qalpağı altında üç başdan ibarət bir şey olardıq. Bu, sizi sarsıtmırmı? İndi mən ən bədbəxt insanam, amma onda ən rəzil bir adam olardım. Bu cinayəti mən hər gün edərdim! Bu qara maskada öz sifətimi hər gün gizlədərdim! Mən sizi hər gün öz rüsvayçılığıma şərik edərdim! Hər gün! Sizi, mənim əzizlərimi, sizi, mənim balalarımı, mənim məsum mələklərimi! Susmaq asandırmı? Qəlbindəkini gizlətmək asan şeydirmi? Yox, asan deyil! Susmaq var ki, yalan deyir. Mən öz yalanımı, rüsvay­çılığımı, alçaqlığımı, qorxaqlığımı, xəyanətimi, cinayətkar­lı­ğımı damla-damla içərdim, sonra onları qusardım… Kozettanın üzünə baxardım, onun mələk təbəssümünə iblis təbəssümü ilə cavab verərdim, – bununla da ən rəzil bir adam olardım! Niyə axı? Xoşbəxt olmaq üçün. Mən xoşbəxt olum? Mənim xoşbəxt olmağa haqqım var? Məni həyatdan kənara atıblar cənab!”…

(“Səfillər”, səh.918-919)

– Burada bir neçə məqama diqqət yetirmək gərəkir: Jan Valjan bütün əzabların ağırlığı altına girərək Kozettaya təkcə xoşbəxtlik vermir, həm də onun bakirə ləyaqətini öz qaranlıq keçmişinə bulaşdırmaqdan qoruyur.
Üzləşdiyimiz bu durum əslində cəmiyyətin faciəsidir. İnsa­na yanaşmanın bunca əskikliyi heyvanat aləminin qalib görkə­mi ilə ölçülə bilər.
Jan Valjan özünə cəmiyyətin gözüylə baxıb suçlu görür. Halbuki quruluşun onun ömründə əkdiyi balaca bir suçu o, çoxdan öldürüb gömmüşdür. İndi onun qəlbində haqqın göyel sirləri yaşamaqdadır. O, bütün yanlış­ların, suçların üzərində mənəviyyat zirvəsinə yüksəlmişdir.
Burada üzdən baxanda günahı boynunaalma (etiraf) var. Qulağımıza çatan odur. Əslində isə qarşımızda günahsızlıq boynunaalması yaşanır. Bununla da arılıq, duruluq harayı enir qəlbimizin dərinliklərinə – bu dərinliklərdən inam və sevgi qazanır özünə qarşı.
Bu haraylarda hər şey – yalan da, günah da, qorxaqlıq da, xəyanət də vicdanın ehtiraslı alovlarında yandırılır, ürək günah­sızlıq dəryasına çevrilib durulur.
O, Mariusun qabağında suçlu bildiyi yaşantılarını dilə gətirir. Ancaq bunları deyərkən o, təsəlli istəmir, nə də bağış­lanacağını düşünüb ümid gözləmir. Ömrünü bütün şəffaflığı ilə göz önünə qoyduqdan sonra ruhu sakit bir hala dolur. O, özünü bədbəxt adlandırsa da, bəxtiyarlıq pilləsinə ayaq basmışdır. Bu pillə onun fiziksəl varlığından çox illər sonra da səcdəyə layiq xatırlanacaqdır…
Jan Valjan bunları niyə edirdi, nəyi çatmırdı? Əslində o, boynuna alır, vicdanını ləkələnməkdən qoruyur. Cəmiyyət isə onun qüsurunu keçmişdən gələcəyə daşımağa çalışır. Günah­sızlığa çıxmış bir insanın ömründə günahı qorumağa çalışan cəmiyyət günahkar cəmiyyətdir.
Jan Valjan bütün bunları elədikdən sonra ruhu bu cəhətdən sakitliyə çatır. Ancaq başqa bir cəhətdən ruhunu daha amansız sarsıntılar içinə atır. O, Kozettadan ayrılmaqla özünü yalqız­lığın pəncəsində ölümə məhkum edir. Əgər o, indiyə kimi Kozetta üçün yaşamışdısa, bundan sonra nə üçün yaşayacağını kəsdirə bilmir. Marius bir çağlar Kozettadan sevgili kimi ayrıl­dığı üçün sarsılıb ölümə yuvarlanırdı. Jan Valjan isə Kozet­tadan ayrılmağı – insan varlığının anlamından ayrılmaq kimi dərk edərək həyatdan üzülür. Hər iki səhnədə insana verilən qiymət çox yüksəkdir.
Əsərin dramatik bir səhnəsi də Marius və Kozettanın Jan Valjanın əsil kimliyini tanıdıqları andır. Tenardye qazanc əldə eləmək istəyiylə şər xislətini ifadə eləsə də, Marius Jan Valjanın müqəddəs varlıq olmasının sirlərinə yetir. Tenardye pul qarşılığında Foşlevanın Madlen olmasını, onun yeraltı yollarda, guya, meyit soymasını söyləyir. Bununla da Marius, Kozettaya bağışlanan pulların Jan Valjanın halal əməyi ilə başa gəldiyini, üstəlik onun özünü ölümdən qurtardığını bilir. İndi onun qəlbinə Jan Valjan ilahi bir insan kimi qayıdır. Onunla birlikdə yaşamaq xoşbəxtliyinə tələsir. Ancaq artıq gecdir. Böyük sarsıntılar öz işini görmüşdür. Marius və Kozetta Jan Valjanın ölüm anlarını izləməyə çata bilirlər:
“Jan Valjan gülümsəyirdi.
Cənab Ponmersi (Mariusun soyadıdır – S.A.), siz məni öz yanınıza aparsanız da, mən yenə əvvəlki adam olub qalma­yacağammı?
… Biz düşünən kimi Allah da düşünmüşdür, o öz qərarını dəyişmir; mən gərək gedəm. Bizə nə lazım olduğunu Allah bizdən yaxşı bilir. Qoy cənab Ponmersi Kozetta ilə xoşbəxt olsun, qoy gənclik aydın səhərlə birləşsin, qoy yasəmənlə bülbüllər, mənim balalarım, sizə fərəh versin, qoy sizin həya­tınız, çiçək açmış çəmən kimi, günəşlə dolu olsun, mən daha heç bir şeyə gərək deyiləm, mən ölməliyəm; belə lazımdır, bu yaxşıdır. Başa düşün, yaxşı fikirləşin, daha heç bir şey eləmək olmaz, mən hiss edirəm ki, hər şey bitmişdir…
Sənin nə xoş təbiətli ərin var, Kozetta! Onunla bir yerdə olmaq, mənimlə bir yerdə olmaqdan sənin daha artıq xoşuna gəlir.
Qapının dalından səs gəldi. Həkim içəri girdi. Jan Valjan dedi:
– Xoş gördük, doktor. Bunlar mənim zavallı balalarım!
Marius həkimə yaxınlaşdı. Ona ancaq bircə kəlmə söz dedi: “Cənab…” Lakin bu sözün deyilişində ifadə olunmamış bir sual vardı. Həkim bu suala ancaq mənalı baxışla cavab verdi.
Jan Valjan:
– Bir şey bizim ürəyimizcə deyilsə, bu heç də Allahdan narazılıq eləməyə bizə haqq vermir, – dedi.
Hamı susdu. Hamının qəlbində bir iztirab vardı.
Jan Valjan Kozettaya sarı döndü. Ona elə diqqətlə baxdı ki, sanki Kozettanın surətini əbədiyyətə aparmaq istəyirdi. Jan Valjan enməyə başladığı zülmətin elə bir dərinliyində idi ki, hələ Kozettanı görərkən ona valeh ola bilirdi. Sanki, Kozetta­nın işıq saçan zərif üzünün əksi onun solğun çöhrəsinə düşmüşdü. Qəbirin də öz sevinci var…”

(“Səfillər”, səh.960-961)

– Bu faciədirmi, yoxsa təbii qanunauyğunluqdurmu? Necə də məsum bir durum canlanır gözümüzün  qarşısında. Faciənin də məsumu, amansızı olurmuş. Səhnə kədərli olduğu dərəcədə çəkicidir. Bu kədərdə həsrət o qədər gözəlləşir ki, ölümün aman­sızlığı, qorxusu, yoxluğu aradan qalxır. Ölüm həyatın inkarı kimi deyil, davamı kimi dərk olunur. Faciə –  müna­si­bət­ləri aydınlaşdırır, könülləri daha da yaxınlaşdırır. Ona görə də burada bizə təbii qanunauyğunluq kimi görünən hallar insani qanunauyğunluğun təsdiqi olur. Nədən ki, bir insan ömrünün bütün uğurlu, uğursuz tərəflərini öyrənir və həyatın gerçəkliyi amansız olsa da, onun mahiy­yətinə doğmalaşırıq. Bu bir mək­təb­dir. Mənəvi, fiziki ömrü­müzü tərbiyə eləmək baxımından belə ömürlər uğurlu örnək­lərdir.
Bu örnəkləri bəzən kimlərsə həyat təcrübəsi sayır, biz saymırıq. Həyat öyrətmir, döyür. Bizi də həyatın döydüyü, ancaq əyə bilmədiyi ömürlər öyrədir. Əyilməzlik, dönməzlik, ədalət, vicdan bir arada olanda mənəviyyatın gücünə çevrilir və bu güc yeni örnəklər yaradır.
Hüqo da bu örnəkləri tanıdan qüdrətli sənətkarlardandır. Ona bu əsəri üstə sayğımız da sonsuzdur. Əsər insan mənəviy­yatını aşağılayan gedişlərə qarşı həyəcanlı bir etirazdır. Zama­na ağalıq eləyənlərə də etkili xəbərdarlıqdır. Bu cəhətdən Hüqo əsərini ədəbi tənqid üçün sanki bağlamışdır. Hər şeyi o qədər dolğun, aydınlığı ilə yazmışdır ki, əlavə söz deməyə ehtiyac qoymamışdır. Biz də Hüqonun anlatdıqlarını yenidən anlatmaq istəyindən uzağıq. Sadəcə, Hüqonun çağı ilə öz çağımız ara­sında bağlılıqları göstərməyə, insanı qapsayan sorunların bütün yüzillərin (əsrlərin) bətnində daşındığına diqqət çəkməyə çalı­şırıq.
Ümumən, Hüqonun xəyal dünyası ilə bizim insanlıq uğrunda savaşımız arasında bir yaxınlıq vardır. Xəyal da ruhun axtarışlarından yaranır, ürəyin zənginliyinə çevrilir. Bu zəngin­lik ümid işığı kimi insanın varlığına yayılır. Ürək daim xəyallar bəsləyir. Böyük amallarda addım atarkən xəyallar işin başlan­ğıcı olur. Əgər ürəkdə yeni xəyallar qurulmasa, ümidsizlik başlayır. Ümidsizliklər ürəyi gəmirsə ruhun ölümü yeyinləşər. Həyatımızda bədii ədəbiy­yatın rolu da belə məsələlərə təkan verməsindədir. Düzdür, yüksək idealları gerçəkləşdirmək bədii ədəbiyyatın işi deyil, ancaq yüksək ideallar haqqında düşün­mək hər kəsin haqqıdır və bu önəmlidir. Yüksək ideallar haq­qında düşünən hər kəs öz ölkəsini ədalətin bərpa olunacağı ünvan, öz xalqını isə ədaləti gerçəkləşdirib təsdiq edəcək qüd­rət hesab edir. Məsələn, Hüqo öz obrazının diliylə Fransanı əda­lət uğrunda mübarizə yetirən bir ölkə, onun insanlarını isə bəşəriyyətə cəsarət örnəyi göstərə biləcək uğur daşıyıcıları hesab edir. Başqa xalqların təfəkkür daşıyıcılarında da bənzər düşüncələrə rast gəlmək mümkündür. Bu istək, bu niyyət baş tutacaq-tutmayacaq, bu, məsələnin ayrı bir yönüdür. Böyük düşüncə yiyələri öz düşüncə sistemlərinin ədaləti bərpa edə biləcək gücdə olub-olmamasını düşünməz. Onlar bir istək ortaya qoyurlar, başqa düşüncə və cəsarət yiyələri isə bunu başa çatdırmaq görəvini öz üzərlərinə götürürlər. Bu proses harda başa çatacaq, necə sonuclanacaq – bu da artıq gələcəyin ixtiyarında olan məsələdir. Ancaq heç kəs yaxasını qırağa çəkməməlidir, hər kəsin tərəqqiyə qatqısı olmalıdır…
Biz də deyirik ki, türk bəşərin qurtarıcısıdır. Bu deyilişdə – qurtarıcı ideya daşıdığımıza və bu işi özümüzün başladığımıza görə qərar veririk. Ancaq bu qərar ədəbi örnəklərin verdiyi qərarın başlanğıc götürdüyü məsələlərdən çox fərqlidir və üstündür. Bizim qərar dediyimiz məsələ Asif Atanın ortaya qoyduğu Dünyabaxış sistemi ilə bağlıdır. Köhnə inancların, köhnə ölçülərin bütünlüklə yenisi ilə əvəz olunması, verdiyimiz qərarın, başqa sözlə, Asif Ata gəlişinin özül faktıdır. Asif Atanın qərarı – İnsanlığı ölçüyə çevirən böyük bir gəlişmədir. Bu ölçü bütün bəşəri düşüncələri, bədii örnəkləri öz içinə alır. Bu ölçü Yeni bir Sivilizasiyanın açarıdır. Bu açarın qapı açdığı dünyada Hüqoların antitərəqqiyə qarşı etirazlarına, insan sevgilərinə, ədalət istəklərinə də yiyəlik qüdrəti yaşayır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

16 Köçəri Ayı, 37-ci il 22 Günəş Ayı, 38-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir