Xəbərlər

Soylu Atalı. Psixologiya insanı yanlış qiymətləndirir

Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb.
Din insanı günah daşıyıcısı kimi tanıyıb, onun yaşamını sanki yasaqları ilə gözaltına alıb. Yəni din bəşər övladına günah aqibəti uydurub – bəlli Adəm-Həvva olayı.

Bilim də insanı bioloji varlıq kimi tanıyaraq, onu dövlətin siyasətinə tapşırıb. Bir sözlə, insanlığın sirri böyük anlamda açılmayıb, tərsinə, bağlanıb. İstər biologiya, istər antropologiya insanı bütünlüklə cismani olanaqları (imkanları) ilə öyrənib. Vurğuladığımız kimi, insanın bu yöndən öyrənilməsi onun mənəvi varlıq kimi tanınmasını (əslində dərk olunmasını) sınırlaşdırıb (məhdudlaşdırıb). Ən yaxşı halda insanın mənəvi durumunu psixologiya adlı bilim sahəsi  yaradıb, onun yardımı ilə öyrənirlər. Əslində öyrənmirlər, insanı psixologiyaya tən bir olay kimi qəbul edib sunurlar.

 Psixologiya, bizə görə, insan xarakteri üzərində qurulmuş bilim növüdür. Bu bilim növü insanın mahiyyətinə girmir. Hətta girə bilmir desək, daha doğru olar. İnsanın xarakteri də 4 temperament üzrə qiymətləndirilib sunulur. Bu temperamentlər – xolerik, sanqvinik, melanxolik, fleqmatik – diqqətlə araşdırılsa, bəlli olar ki, Adamlığın pis-yaxşı cəhətlərini özündə daşıyır. O yaxşı cəhətlər də əslində insanlığın dərin qatlarını deyil, tərbiyəvi xassələrini nişan verir. Açıq demək olar ki, psixologiya adlanan bilim növü insanın öz mahiyyətinə doğru gəlişməsinə yardımçı olmur, tərsinə, insanın necə var, elə qalmasını saxlayır. Psixologiya insana öyrədir ki, sən Adamlıqdan oluşursan. Əslində bu da başqa bir biçimdə “Qismətçilik”dir (fatalizm). Qismətçiliyin də insanı alətə, oyuncağa çevirməsindən dönə-dönə bəhs etmişik.

Burada biz yenə də Asif Atanın dünyagörüşünə üz tutmalı oluruq. Asif Ata insana inam üzərində İnsanlaşma harayı çəkir. İnsana öyrədir ki, sən necə varsan, azsan, göründüyünə tən deyilsən, içində Mütləq gəzdirirsən. İçindəkinə tən yaşamaq üçün Dünyaya gəlmisən. Asif Atanın dünyagörüşünə görə insanı hallar oluşdurur. İnsan öz yaşamında nəyə üz tutursa, onun halını üz tutduğu sahə yaradır. Məsələn, əgər insan üzünü gerçəkliyə tutursa, gerçəkliyin tələbi ilə, məntiqi ilə yaşayırsa, onun halını gerçəklik yaradır. Deyək ki, sosial, məişət, toplumsal (ictimai) qayğılarla yaşayanda, başqa sözlə, fikir, düşüncə bütünlüklə bu yöndə qurulanda insan bioloji varlıq səviyyəsində təsdiq olunur. Bu halda onun öyrənilməsi, qiymətləndirilməsi psixologiya adlanan bilimin ixtiyarına verilir. Ancaq insan üzünü Mənaya, deyək ki, Tanrı anlamına tutarsa, onda onun halını Məna yaradır. Bu halda insanın fikri, düşüncəsi mənəvi yasalarla dolub zənginləşir. Belə olanda insanın öyrənilməsi, dəyərləndirilməsi ruhaniyyatın ixtiyarına keçir. İnsan ruhaniyyat üstə yaşayanda onun varlığını fəlsəfi dərinliklərdən tanıyıb üzə çıxarmaqla psixologiya adlanan bilimin insanda yanıldığını sübuta yetirmək mümkündür. Buna görə biz deyirik: insanın yiyəsi Asif Atadır, insanın dəyəri, qiyməti, Asif Atanın dünyabaxışındadır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

22 Od Ayı, 37-ci il. Qırmızı körpü.

(iyul, 2015.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir