Xəbərlər

Soylu Atalı. Qarabağ Düyünü açılmayıb

Ürəyinizdə Ata Günəşi olsun!
Bu gün Azərbaycanın siyasi taleyində nələr baş verir?! – Bu məsələ ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda eyforiya səviyyəsində bilgilər verilir. Hər kəs qələbə əhvalındadır. Hər kəs Qarabağ sorununun başa çatmasından danışır, çəkişmələrin bitməsindən danışır: Daha hər şey arxada qaldı, heç nə olası deyil, hər şey başa çatdı. Söz yox, bir vətən övladı olaraq, bir azərbaycanlı olaraq, mən də buna sevinərdim. Nəinki sevinərdim, biz elə bunu istəyirik. Ancaq gerçəkdən bu belədirmi, biz axıra qədər sevinə bilirikmi, bilərikmi?! – Bunu demək olduqca çətindir. Özünü aldatmaq çox pis şeydir. Bizim toplumumuz da hal-hazırda özünü aldatmaqla yola verir. Bəlkə də bu özünü aldatmaq qaçılmazdır, bəlkə də insanlar Qarabağ, Qarabağ çevrəsində gedən sorunlardan usanıb, yorulub tükəniblər, bəlkə də bu məsələni dartışmaq, çək-çevir eləmək istəmirlər. Mümkündür. Ancaq kimin nə istəyib nə istəməməyindən asılı olmayaraq, bizi çevrələyən gerçəkliklər var, dünyada baş verən olaylar var, Azərbaycanın çevrəsində, taleyində gedən proseslər var. Bunlara ayıq baxmaq gərəkdir. Təbliğat qururlar, təbliğatı kimə, nəyə hesablayırlar özləri bilər. Bu da yanlış bir məsələdir. Bizimkilər gerçəkdən elə bilirlər ki, erməni ilə döyüşürlər. Bu erməni adlı çürük bir toplum bizim millətin gözünün odunu alıb sanki. Onların bütün davranışları, elədikləri nə varsa hamısını elə onun özünün ayağına yazır, ermənilikdən də qırağa çıxmır. Halbuki çox aydın bir gerçəklikdir, görünəndir ki, erməninin siyasi yiyələri var. Heç biri ermənini düzdə buraxmaz, yiyəsiz qoymaz. Erməni onlara gərəkdir. Onlar erməniliyi bu bölgəyə, yəni Güney Qafqaza ona görə gətiriblər. Onlara gərək olduğu üçün gətiriblər, ona dövlət qurublar. Tərsinə olarsa, erməni onların işinə yaramazsa, onda erməninin Güney Qafqazda nə işi var. Bax, bu məsələlərlə bağlı həqiqətləri düşünmək gərəkdir. Özü üçün də, toplum üçün də bir bəlirti əldə eləmək gərəkdir.
 Mən ardıcıllıq alınsın deyə, olayların mahiyyəti bilinsin deyə, indiyə qədər görünən, bilinən bəzi faktları da burada dilə gətirmək istəyirəm. Biz bölünmüş, parçalanmış xalqıq. Bizi başlıca olaraq, Rusiya parçalayıb bölmüşdü. Sovetlər də bu bölünmüşlüyü qoruyurdu. Sonradan sovetləri yıxdılar. Biz yıxmadıq. Nə də bizim üçün yıxmadılar. Özləri üçün yıxdılar. Biz bu yıxıntının altında qaldıq. Bizim  azadlığımızın açarı sovetlərin əlində idi. Ancaq o yıxılanda biz azadlığımıza qovuşmadıq. Çünkü ixtiyarımız öz əlimizə keçmədi. Sonra ixtiyarımızı öz əlimizə keçirməmək üçün,yəni içimizdə millətləşmə prosesi həyata keçirməmək üçün başımıza belə bir fəlakətli rejim gətirdilər. 30 ildir içimizdə, yəni ölkəmizdə, paytaxtımızda, əyalətimizdə qırılırıq, tükənirik, talanırıq. Bizi əzirlər, fəlakətdən göz açmağa macal vermirlər. İş elə gətirdi ki, bizi bu duruma salanlar – böyük güclər bir-birilə çəkişmələrini, döyüşlərini yaşadığımız bölgəyə gətirib çıxardılar. Başqa sözlə,öncə böyük güclərin maraqları, çıxarıları orta Doğuda toqquşurdu,  onu Güney Qafqaza daşıdılar. Çünkü Güney Qafqazda da onların çıxarıları toqquşur. Bu çağa kimi Güney Qafqazda bu toqquşmanı ortaya çıxarıb gerçəkləşdirmirdilər. Elə ki burda çıxarlar toqquşmağa başladı, hər biri öz varlığını Güney Qafqazda oluşdurmağa, oturtmağa çalışdı. Ermənilər təkcə rusların oyuncağı deyil, təkcə ruslara gərək deyil. Ermənilər Amerikaya da gərəkdir, Avropaya da gərəkdir, Anqrosaks birliklərinə gərəkdir. Buna görə, Güney Qafqazda bu adını çəkdiklərimin çıxarıları toqquşmağa başlayanda, hamısı erməni araçılığı ilə bu bölgədə özünü möhkəmlətməyə çalışır.Hər biri guya humanistlik göstərir, hər biri guya bölgədə azsaylıların, zəiflərin, gücsüzlərin yanında görünür. Belə bir addımlar atırlar. Burada əsas məsələ nə idi, – Sovetləri dağıdan Batı indi də Rusiyanı tamamilə ələbaxan bir duruma gətirmək planları işləyir. Bu planları da, dediyim kimi, Orta Doğuda da gerçəkləşdirdilər, Slavyanlarda da gerçəkləşdirirlər, Güney Qafqazda da gerçəkləşdirirlər. Bunu gerçəkləşdirməyin başlıca yolu Ermənistanda özlərinə gərək olan rejim qurmaqdan, özlərinəyarar kadr hazırlamaqdan keçirdi. O kadr da Paşinyandır. Paşinyan Rusiyanın yox, Batının çıxarlarına yön tutub. Həm də Paşinyan düşünür ki, bu yolla Ermənistanı bağımsızlığa çıxara bilər, iqtisadi inkişafa qoşa bilər, bir az da özünün hakimiyyətinin ömrü uzanar. Yəni belə bir plan üzərində işləyirlər. Bu da söz yox, Rusiyanın planlarına heç cür uyğun gəlmir. Ona görə Rusiya, 2016-cı ildən başlayaraq, Paşinyanı cəzalandırmaq planları üzərində işləyir, onları, ayrı-ayrı addımlarla, Azərbaycanın əli ilə gerçəkləşdirir. 2016-cı ildə xəbərdarlıq elədi ki, bax,Azərbaycana icazə versəm (Azərbaycan ordusu) bir gündə sizi təmizləyib qutaracaq. Konkret 2016-cı il, aprel döyüşlərində belə bir göstəri sərgilədi Paşinyanın qarşısına. Ancaq həm də dayandırdı ki, görürsən istənilən vaxt Ermənistanı darmadağın elətdirməyə gücüm var. Bununla Paşinyan “ağıllanmadı”, Rusiya 2020-ci ildə İkinci Qarabağ Savaşını başlatdı. Savaşı bizim ordumuz həyata keçirdi, çox da böyük ərdəmlik göstərdi, hünər göstərdi. Böyük itkilərimiz oldu. Ancaq plan yarımçıq saxlanıldı. Bu boyda itkilərlə biz, Qarabağı tam qurtara bilərdik. İtkilərimiz çox oldu, ancaq yarımçıq saxlanıldı. Nəyə görə yarımçıq saxlanıldı, çünkü danışıqlar o cür idi. Rusiya Azərbaycana girməli idi, hərbi kontingenti Azərbaycanda oturmalı idi. Oturdu da. Bu danışıqlar həm Azərbaycan hakimiyyətinin ömrünü uzadır, (Azərbaycanın içinə hesablanmış əməllər gerçəkləşdirilir), həm də RusiyaGüney Qafqazda qalmağa çalışır, konkret Azərbaycanın əliylə. Çünkü Rusiya görür ki, getdikcə Paşinyan ipə-sapa yatmır, Ermənistan əlindən çıxa bilər. Ona görə o, gərək Güney Qafqazda öz varlığını qorusun. Varlığını necə qoruya bilir, dediyim kimi, Azərbaycanda hərbi kontingent yerləşdirməklə. Bütün bu hadisələrin gedişində toplumumuz bayramlar elədi. Bəlkə dəonları anlamaq olar. 30 ildir dondurulmuş bir sorunun çözülməsi başladı, Qarabağ məsələsinin həlli başladı. Bu açıdan anlamaq olar. Ancaq yenə mən vurğu edirəm, bu planı biz işləmirik, biz planı yerinə yetiririk, biz icraçıyıq. Özü də kim icra edir, bizim başımızda duran rejim. Bizim başımızda duran rejim kimdir,  – bu xalqın qənimi, düşməni. Bu xalqı 30 ildir qıran, talayan bir rejim necə ola bilər, bizim üçün uğurlar yaratsın, qalibiyyət yaratsın, nə deməkdir bu?! – Bu, ağlasığmayan bir məsələdir.
Düşünürəm ki, bizim üçün bu planı cızanın başqa planları da var. Bu gün ona gərəkdir: Paşinyanı cəzalandırsın; erməniləri Ermənistana qovsun; Ermənistanda anarxiya yaradıb hakimiyyəti dəyişsin, özünəyarar qüvvələri hakimiyyətə gətirsin. Ancaq üzdə bizim çıxarılarımıza gərək olan bir proses gedir.Sanki bizim çıxarlarımız ödənir, bizim istəklərimizə qulluq göstərilir. Nə yazıqlar ki, bu məsələdə Rusiyanın çıxarları ilə bizim çıxarlarımız bir arada görünür. Nə yazıqlar ki. Burada bizim çıxarlarımızın doğruluğuna baxmayaraq, bunun arxasında daha böyük fəlakətlər gözlənilir.
Axı Rusiya nəyə görə hər şeyi bizim üçün eləsin. Axı Rusiya nəyə görə Azərbaycanın bağımsızlığını yaratsın, qorusun, böyütsün. Guya Rusiya seçim eləmək zorunda qalıb,  – Ermənistanmı,Azərbaycan-Türkiyə birliyimi?! –  Bilirsinizmi, burada yenə mən vurğu eləmək istəyirəm, deyək ki, Rusiya Azərbaycan-Türkiyə varlığını seçir, bəs Rusiya Türkiyənin, Azərbaycanın birliyinin qurulması, oturuşması üçünmü eləyir bunu. Bu gün deyək ki, Türkiyə ilə iqtisadi bağlantıları var, Türkiyə araçılığı ilə o, iqtisadi nəfəs ala bilir. Axı tarix var, tarixdəki faktlar var.Bilirik ki, Rusiya türklüyə daim düşmən olub, düşmən kimi qalır, qalacaq. Çünkü Rusiya yoxdur. Rusiyanın içi bütünlüklə türkdür, türklükdür.Rusiya özünün varlığına son vermək planlarımı işləyir, öz dövlətini başa çatdırmaq planımı hazırlayır?! Nə deməkdir bunlar!? – Bu oyunlarda Azərbaycanla Türkiyənin qazancı birdir, Rusiyanınkə beş. Rusiya bizə, Türkiyəyə nələrdəsə güzəşt eləyirsə, bunu özünü qorumaq üçün edir. Bunu Batının qarşısında duruş gətirməsi üçün eləyir, bunu Güney Qafqazdan çıxmaması üçün eləyir. Kimsə deyə bilər ki, başqa cür də mümkün deyil. İndi hadisələr elə inkişaf edib ki, kimlərləsə dil tapmalısan, getməlisən, filan eləməlisən. – Bunu mən danmıram, başqa cür mümkün deyil, dil tapmaq gərəkdir. Ancaq niyə sənin dilin gödək olur ki, indi dil tapmağa çalışırsan?! Niyə öz içində, Türklüyün qarşısında dilin gödək olmalıdır ki, daha çox başqasının çıxarını doğrultmalısan?! Niyə bunlar baş verir?! – Ona görə baş verir ki, sən ölkədə elə bir rejim yaratmısan, ölkənin içinə güvənmirsən, inanmırsan. Sovetlər dağılandan sonra yaranmalı Türk Birliyini ortadan qaldırmısan (həm Azərbaycandakı rejim, həm Türkiyədəki rejim).Ona görə, daha çox başqalarının xeyrinə çalışmaq zorundasan. Bu boyda üstümüzə şəhidlər gəlir, ölənlər gəlir. Bu ölənlərin ailələrinə bircə yol diqqət, qayğı ayırmısanmı?! Ola bilər arada qayğı göstərirsən, elə adamlar üçün ki, o ailələr özləri üçün geniş şəbəkə qururlar, biznes yaradırlar, onu-bunu tələb edirlər. Sən də göstərməyə çalışırsan ki, baxın biz, bütün şəhid ailələrinə bu cür diqqət, qayğı göstərməli olsaq, onda hamısı bizdən belə tələblər edəcək. Bunların heç öhdəsindən gəlmək mümkün deyil, bunları heç təmin eləmək mümkün deyil. Yəni belə siyasi görüntülər də gözləniləndir. Qazilər özlərini öldürürlər. Son bilgilərə görə50-yə yaxın qazi özünü öldürüb. Onlar əllərini, qollarını, qıçlarını itiriblər, ailələrini dolandıra bilmirlər, bir tikə çörək qazana bilmirlər. Bu böyük faciədir. Hər yerdən yollarını bağlamısan… Axı bu olaylar içimizdə ola-ola, necə deyə bilərsən, sən gərəkəndə başqa güclərin çıxarlarını öz ölkəmizin çıxarlarından qabağa verməyəcəksən . Bunu necə düşünmək olar? Necə ola bilər, sabah qıraq güclər sənin qarşında şərtlər qoyanda onlara boyun əyməyəcəksən. Boyun əyməsən səni içindəki qəzəbli toplumun əli ilə devirərlər. Devirmələri üçün əllərinə yetərincə tutalqalar vermisən. Ölkənin içində bu boyda anarxiya var, qanunsuzluqlar var, korrupsiya, rüşvətxorluq var, dağıdıcılıq, talançılıq var. İnsana qayğı yoxdur, sayğı yoxdur. Bütün bunların hamısı bir şeyi sübut edir, sən ölkənin çıxarlarını uğurla qoruya bilməzsən.
Bu gün dediyim kimi, hamı eyforiyaya qapılıb. Qarabağda hər şey başa çatdı-filan. Mən düşünmürəm başa çatıb, yaxın gələcəkdə də başa çatacaq. İndi Amerika tələblər qoyur, biz Qarabağa gəlməliyik, biz Ermənistanla danışmışıq. Biz orda müşahidəçi missiyasını yerinə yetirəcəyik. Deməli, Qarabağdan ermənini bütöv çıxartsan da, sənin zərərinə işləyir. Bunun adını etnik təmizləməqoyacaqlar. Paşinyan da ona çalışır, desin ki, rusun gözünün qabağında Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirdi. Hərbi davranışlar gerçəkləşdirdi. Ermənini,hansı sayda olmağından asılı olmayaraq, Qarabağda saxlamaq yenə prosesi başa çatdırmır. Erməninin Qarabağda olması ilə (bilmirəm Rusiya axıra qədər orda qalacaq, Batı gəlib qalacaq, BMT gəlib qalacaq, ya Rusiya BMT-nin tərkibində qalacaq) yenə Azərbaycan beynəlxalq güclərin poliqonuna çevrilir, işğal durumundan qurtara bilmir.Biz erməni adlı kölgəni qovuruq, onun arxasında duran güclərin basqısından, işğalından qurtarmırıq. Başlıca məsələ budur. Qurtara da bilməyəcəyik bu rejimlə. Bu rejim xalqının yağısıdır, düşmənidir. Xalqının yağısı, düşməni olan bir rejimi həmin qüvvələr qoruyub saxlayacaq, həm də daim hədələməklə, təhdid eləməklə qoruyub saxlayacaq. Əgər onların çıxarılarına uyğun davranmasan onda devriləcəksən. Devirmək üçün də, dediyim kimi,insan haqları oyunları, siyasi məhbuslar, qanunsuzluqlar-filan, Azərbaycanla bağlı, nə qədər desən, onların əlində kompromatlar, səbəblər var. Yəni Azərbaycanı dağıdan, qıran, talayan, məhv edən bir rejimlə hansısa siyasi uğurlar əldə eləməyin mümkünlüyünü ağlımızdan çıxarmalıyıq. Azərbaycanın qənimi olan bir rejimlə Azərbaycanın bağımsızlığını, suverenliyini,azadlığını tam bərpa edib təsdiq eləməyi ağlımızdan çıxarmalıyıq. Ədalətsizliyin ortadan qalxmasını ağlımızdan çıxarmalıyıq. Ona görə bu olaylar çox davam eləyəcək. Dünən də, bu gün də biz yenəşəhidlər qəbul edirik. Bizim xalqımız qırılır, qırırlar. Ancaq biz sovetlər dağılandan millətləşmə prosesi keçsəydik, toparlana bilsəydik bütün hadisələrə, gedişlərə hazırlıqsız yaxalanmazdıq. Dövlətin, xalqın güclənməsi ilə uğraşa bilərdik. Güney Azərbaycan məsələsi yönündə iş apara bilərdik, bütövlüyümüzü, gücümüzü bərpa eləmək yönündə, dünyaya öz sözünü demək yönündə iş apara bilərdik. Bunların heç biri indiyə qədər olmayıb, olmur, görünmür də. Ona görə nə yazıqlar ki, Qarabağda gedən gedişlər, proseslər məni axıra qədər sevindirmir. Erməninin çıxarılması, erməninin hardasa tutulması-filan taktik gedişlərdir. Hələ biz bilmirik ki, Rusiya özünün erməni kadrlarını(yəni Dağlıq Qarabağ Qondarma Respulikasının başında duran kadrlar Rusiyanın kadrları idi) niyə Azərbaycana verir?! Bir azdan bəlkə də onlara amnistiya elan edəcəklər, bəlkə də qaytarıb Rusiyaya verəcəklər. Bəlkə də Rusiya o kadrlarını Azərbaycana ona görə tutdurur ki, o kadrlarla bağlı döyülmüş, əzilmiş, söyülmüş, fədakar erməni obrazları yaratsınlar, onları Ermənistana göndərsinlər, onları müxalifətə çevirsinlər, hakimiyyətlədöyüşə çıxarsınlar. Onları toplumun gözündə böyütsünlər, toplum da onları dəstəkləsin. Yenə Rusiyanın qüvvələri hakimiyyətə gəlsin. Belə bir planlar yox deyil. Rusiya hər şeyə gedir, hər kəsi qurban verə bilir. Bunlar hamısı Rusiyanın qurduğu oyunlardır. Rusiyanın qurduğu oyunların içində biz qələbəmiz var deyib necə sevinə bilərik?! Yenə mən deyirəm, Rusiya bizim qurtuluşumuz üçün qurmur bu oyunu. Özünün bölgədə varlığı üçün, dövlətini qorumaq  üçün, dünya gücləri ilə üz-üzə dayanmağı bacarmaq üçün qurur. Rusiya indi Qarabağdan ermənilərin köçməsinə göz yumur. Ermənilərin köçməsi Rusiyanın xeyrinədir. Ermənistanı iqtisadi problemlər içinə soxur. Paşinyan başını itirməli, devrilməlidir. Ancaq sabah Azərbaycanı da etnik təmizləmə siyasəti yürütdüyünə görə ittiham edib cəzalandıra bilərlər, şərtlər qoya bilərlər. Yenidən həmin ermənilərin bəlli bir sayını qaytarıb Qarabağda qoruya bilərlər. Yəni böyük oyunlar gedir. Ona görə Qarabağ məsələsi başa çatmayıb. Aldatmaq gərək deyil özünü. Biz burada vasitəçiyik, güc deyilik. Ay Türkiyə beləgəldi, elə getdi… Türkiyənin özünün ölüsünü qoy, dirisini ağla. Türkiyə başını itirib. Türkiyənin özünün evini yıxıb Ərdoğan. İndiki statistikaya görə Türkiyədə 17 milyon köçkün var, Afrika ölkələrindən köçüb gəlirlər, Əfqanıstandan, Suriyadan, Pakistandan. Türkiyənin içi çürüyür. Dronu belə getdi, yeni silahları var, bunların hamısı eyforiyadır.
Arzuolunmayan məsələlərdir, ancaq gerçəklik budur, həqiqət budur. Mən  də düşündüyüm həqiqətləri sizinlə bölüşdüm. Bu Azərbaycanın sonu deməkdirmi, deyil. Mübarizə gərəkdir, xalq toparlanmalı, böyüməli, dəyişilməlidir, güclənməlidir, başındakı rejimi dəyişməlidir. On illərlə bu proses gedəcək, çaba göstərməlidir ki, özünü ayaqda tutsun, öz varlığını qorusun. Mən də Azərbaycanımıza gözəl gələcək diləyirəm. Ocağımıza da uğurlar diləyirəm. Daha çox düşünməliyik, daha çox işləməliyik, Ocağımızın olanaqlarını genişləndirməliyik.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Xəzan Ayı, 45-ci il.
(oktyabr, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir