Xəbərlər

Soylu Atalı. Sevgili Türkiyə, ölümünə oy vermə

Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani olay sayırıq. (Bu ciddi bir qonudur. Burada dövlətin fəlsəfi, ruhani mahiyyətini geniş açmağa gərək duymuruq).
Dövlətin görəvi insanlararası ilişkiləri mənəvi qanunlarla sağlamaqdır. Yəni insanları aldadaraq, yalanlarla yönətmək deyil, onların düşüncələrini böyüdüb doğrularla yönətməkdir dövlətin görəvi. Bunun baş tutması üçün dövlətin başına mənəviyyatca kamil insanlar gəlməlidir. Onlar bireysəl çıxarlarını xalqın çıxarlarından ayrı tutmadan işlərini yerinə yetirməlidirlər. Ayrı-seçkilik qoymadan, toplumun genel varlığına qulluq göstərməlidirlər. Bu gün bunları oluşdurmaq yeri yerindən tərpətmək qədər çətindir, bunları bilirik. Ona görə hər kəs asan olana qaçır. Toplumu aldadır, özünü, öz soyunu düşünüb toplumu düşünən kimi danışır. Sonucda toplum öz yönətiminin başına onun haqqını mənimsəyən, özünü hər anlamda xalqdan yüksəkdə tutan birini seçir. Bunun da adına demokratiya deyirlər. Dövlətin başına gətirilən adam ən qısa sürədə toplumu yaşadığına peşman edir. Toplum yenidən seçmək zorunda qalır. Dəyişiklik istəyir. Ancaq necə dəyişsin, kimi seçsin, növbədə duranlar öncəkindən üstündürmü, bunu necə bəlirləsin?! Axı hər gələn vədlər verir, verdiyi vədlərin daha emosianal görüntüsünü yaratmaqla inandırmağa çalışır. Əgər toplum bir az yetkin olarsa, ona vəd verənin bu çağacan sürdürdüyü çalışmalara baxar. Uğurlu yol keçibsə ona üstünlük verər.  Toplum başlıca olaraq cahil, geri qalmış olarsa fantastik vədlərə daha çox uyar, reallığı, obyektivliyi dərk eləmədən tələsik qərar verər. Bununla da varlığı getdikcə daha çox çətinliklər içərisinə girər. Avtoritar rejimlər hər zaman toplumun mənəviyyatca, şüurca gəlişməsini əngəlləyir. Çünkü geri qalmış toplumu yönətmək qabaqcıl toplumu yönətməkdən asandır. Avtoritar rejimlər toplumun gözünü açan, onun düşüncəsini böyüdüb gələcəyə çağıran aydınlardan daha çox qorxduğuna görə bu aydınlara qarşı hər cür oyunlar qurar, onları sıradan çıxarmaq üçün əlindən gələni gerçəkləşdirməyə çalışar. Bu oyunların biçimləri çoxdur: ölkədən uzaqlaşdırmaq, işsiz qoyub ailəsini aclıqla sınağa çəkmək, böhtanlar yağdırmaq, vətən xaini elan etmək, başqa güclərlə iş birliyində olduğunu uydurmaq, daha nələr. Bu rejim onun yerinə gəlmək olanağı olan başqa siyasi komandaya qarşı da eyni davranışları gerçəkləşdirər. Bütün bu davranışları ilə toplumu içəridən parçalayıb üz-üzə qoyar.  Bununla da haqqı oğurlanmış, ac qalmış toplum bir yandan aclığı ilə uğraşar, başqa yandan öz soydaşları içərisindən düşmən axtarmaqla acığını, nifrətini onlara qarşı yönəldər. Onu əzən rejimin isə ömrünü uzatmış olar…
 Bu gün biz Türkiyədəki durumu belə görürük. Türkiyənin dövlət kimi varlığı qorxu altına düşübdür. Bunun nədənini anlamaq üçün dünyada iki düzənin olduğu dönəmdən (kapitalizm, sosializm) üzü bu yana ayrı-ayrı oluşumlara, dəyişikliklərə göz gəzdirmək gərəkir. Sovetlərin dağılması ilə ortaya yeni bir siyasi gücün çıxması gözlənilirdi. Bu siyasi güc “Türk Birliyi” adında bir qurum olacaqdı. Normal, xalqsevər insanlar türk dövlətlərinin yönətiminə gəlsəydilər, inamla demək olar, 21-ci yüzil türk ədalətinin, humanizminin yüzili ola bilərdi. Bunlar olmadı. Bunların olmaması üçün türk dövlətlərinin başına insanlığa yad, antimilli avtoritar rejimlər gətirildi. Azərbaycan üçün erməni sorunu, Türkiyə üçün kürd sorunu adında uluslararası sorunlar (beynəlxalq problemlər) yaratdılar. Əslində kürd sorunu sovetlər dönəmindən üzü bu yana yaradılmış bir sorundur. Batının Orta Doğu Projesi dünyanı öz ağalığı altına almaq istəyindən qaynaqlanır.  O bu istəklərini gerçəkləşdirmək üçün bu işə yükümlü, sorumlu bildiyi adamları hakimiyyət başına gətirməli idi. Bu işin uğurla başa çatması üçün Türkiyə açar dövlət rolunu oynayırdı. Türk dünyasının birliyini əngəlləmək üçün Türkiyənin çalışmalarını bu birliyin yaranmasından qıraqda tutmaq gərəkirdi. Bunun üçün İraq, Suriya kimi dövlətlərin içini qarışdırmaq qaçılmaz idi. Həm də adı çəkilən ərəb dövlətlərinin əraziləri hədəf idi. Belə götürəndə onusuz da Türkiyə Nato üyəsi idi. Bati ideoliji açıdan Türkiyədə özünə yer eləmişdi. Əgər Türk Birliyi yarana bilsəydi, Batının əli Türkiyədən çıxacaqdı. Batı İraqın, Suriyanın içini qarışdırıb onlara (Türkiyədən Ərdoğanın timsalında) müsəlmanlığı bayraq edən hami, yiyə düzəltdi. Batı üçün bölgəni göz altında tutmağın ən optimal yolu bu idi. Türkiyə “Türk Birliyi”ni qurmağa deyil, yalançı “müsəlman birliyi” yaratmağa yönləndirildi. Türklərlə ərəblərin birliyi heç vaxt olmayıb. Bunu Batı yaxşı bilir. Türk Birliyinin yaranmasının qarşısını almaq üçün, eləcə də, Orta Doğu Projesinin yeyinlənməsini gerçəkləşdirmək üçün müsəlmanlığın Türkiyənin dövlət düzeyinə qaldırılması öndə gələn koşullardan (şərtlərdən) birincisi idi. Osmanlının son dönəmlərində olduğu yaşam sistemini Türkiyə Cümhuriyyətinin içinə daşımaqla Batı üçün böyük bir yol açılmış oldu. (Burada “Cümhuriyyət” sözünü imperiyadan ayrı bir quruluş kimi özəl olaraq vurğulayıram). Türkiyənin başına gətirilmiş Ərdoğanın “dini bir qardaşımız” demədən Suriyalı ərəbləri Türkiyəyə doldurması olumsuz görünürdü. Millətçilik, başqa sözlə, Türk Birliyi çatısı altında bu addımı atmaq alına bilməzdi. Yəhudilərin yönətəcəyi yalançı bir kürd dövlətinin (əslində böyümüş İsrail dövlətinin) qurulması Türk Birliyi qarşısında yeriyə bilməzdi. Suriyalıların vətənini əllərindən almaq, Türkiyəni suriyalılara vətən yapmaq Ərdoğanın Orta Doğu Projesinə yönəlik ən böyük xidmətlərindən biridir. Ona görə də İsrail dövlətinin dövlətçilik tarixi boyu “Üstün Hizmət medalyonu”  verdiyi on adamdan biri Ərdoğandır. Ərdoğan hakimiyyətdə möhkəmləndiyi dönəmlərdə qürurla dediyi “biz Orta Doğu projesinin eş başqanıyıq”, eləcə də, “biz türk milliyyətçiliyini ayaqlar altına alan iqtidarız” deməsi yuxarıda dediklərimizə ən böyük örnəkdir. Türkiyənin Orta Doğu Projesinin gerçəkləşməsinə ortam olması üçün gərəkən koşullardan biri də Kamalizm sistemini devirib Ərdoğanizm sistemini oluşdurmaq idi. Ona görə Ərdoğan Türkiyənin ordu dövləti prinsiplərini ortadan qaldırdı. Bunun üçün “darbe” oyunları quraşdırdılar. Ərdoğanın çiyindaşı, yol yoldaşı, ideoloji atası Fətullah Güləndən yararlandılar. Balyoz, Ərgənəkon operasiyaları düzənləyib ordunun millətçi, kamalist komutanlarını tutukladılar, çoxlarını məhv elədilər. Saqqallı imamxatiblərin əli ilə mehmetciyin başını kəsib ləyaqətini ayaqladılar. İnsanların gözünün odunu aldılar. “Darbe” olayları ilə Ərdoğan özünü Türkiyəlilərə məzlum, zərərgörmüş, həm də xilaskar kimi sırıya bildi. Türkiyənin içini millətçilikdən təmizləmək üçün kosmopolitizmi, beynəlmiləlçiliyi öz avtoritarizminin libasına çevirdi. Suriyalıların vətənini alıb Türkiyəni onlara vermək xəyanətini görənlər fəryad edirlər. Adi gözlə görünən oyunları anlamayacaq qədər cahil olanlar isə onlara qarayaxmalarla uğraşırlar. Ərdoğan Türkiyənin milli, iqtisadi resurslarını satıb. Bu işə ən çox dış sərmayəçiləri çəkib. Beləliklə, Türkiyə kimi oturuşmuş bir dövləti dış güclərdən kəskin şəkildə asılı duruma salıb. Ölkənin milli kadrlarını uzaqlaşdırmaqla yabançı sərmayələrin Türkiyə insanlarının məişətinə belə, hakim olmasına ortam yaradıb. Son bir neçə ilin içində Türkiyə həm mənəvi ruhani baxımdan, həm iqtisadi baxımdan, həm də siyasi baxımdan tam işğala uğrayıb. Ərdoğan Orta Doğu Projesinin eş başqanlığını Türkiyədə uğurla gerçəkləşdirməkdədir. Baxın, Türkiyənin siyasi taleyini HDP-dən, Hüdapardan asılı duruma salıb, onları Türkiyənin siyasi həyatına soxub. Dövlət qeydiyyatından keçirməklə Böyük Millət Məclisinə daşıyıb. Bu gün ölkə vətəndaşları olan kürdlərin səsini qazanmaq istəyənləri isə şərləyib böhtanlamaqla, onları terrorist adlandırmaqla Türkiyə insanlarını alçaldıb bir-birinin gözündən salır. Ölkəni vətəndaş qarşıdurması həddinə gətirib, xalqı üç yerə parçalayıb, üz-üzə qoyub. Hər kəsi hədə-qorxu altında saxlamaq, şantaj yolu ilə ölkənin içində düşmənlər yaratmaq bu adamın ən böyük əməl göstəricisidir. Həm zehni baxımdan, həm də etnik baxımdan Türkiyəni ərəbləşdirməsinə qarşı çıxanlara nifrət, kin püskürür. Onları toplumun gözündən salmaq üçün çeşidli təbliğatlar qurdurur.
PKK terror təşkilatını Sovet Rusiyası yaratmışdı. Rusiya özünün tarixi boyu türklüyü sıradan çıxarmaqla uğraşıbdır. Bu gün də eyni siyasəti yürüdür. Rusiyanın bundan başqa yolu da yoxdur. Çünkü Rusiya dövləti türk torpaqlarında yaranıb. Türklüyün güclənməsi, birləşməsi Rusiya dövlətinin yox olması demək olardı. Türklərin öz torpaqlarına yiyə çıxmasının qarşısını almaq üçün qlobal siyasi gedişlər edilib. Ermənilərə dövlət yaratmaq da bu siyasətə qulluq edib. Bu gün Ərdoğanın Rusiyaya nəfəs verməsi hansı anlama gəlir?! Bəlkə bu da Orta Doğu Projesinin bir tələbidir. Yəni Rusiya zəifləsin, ancaq parçalanmasın. Yerində qüvvətli türk gücü, Türk Birliyi yaranmasın.
Azərbaycanın ikinci Qarabağ savaşında verdiyi üç min şəhid arxa plana keçib. Elə təbliğat qururlar, sanki bu savaşı Ərdoğan qazanıb. Qarabağın sınırlarının hara qədər azad olmasına baxmırlar; Rusiyanın ordu birləşməsinin Qarabağda oturmasının fərqinə varmırlar; Rusiyanın Ermənistan rəhbərliyini cəzalandırmaq oyununa Azərbaycanı alət etmələrinə baxmırlar; Ərdoğanın şəxsi şirkətlərinin  Qarabağın təbii sərvətlərinin üzərinə qonmasına baxmırlar; Ermənistanın kapitulyasiya sənədini qollamasından bu yana Azərbaycanın onlarla şəhid verməsinə baxmırlar; Ağdamda monitorinq mərkəzində oturan Türkiyə hərbiçilərinin bu çağa kimi səslərinin çıxmamasına, varlıqları ilə yoxluqlarının bilinməməsinə baxmırlar… Yalançı bəyanatlar, pafoslu bayatı söyləmələr, şirin yuxu gətirən siyasi laylalar tiryək alveri çapındadır. Bunları görməzdən gəlmək ölümün ağzına doğru sürünmək qədər avamlıqdır. Ərdoğan bu avamlığı daha da alışdırır. Sabir demiş, “Yat qal dala laylay”.
Biz duyğusal davranmırıq, düşünmürük ki, hakimiyyət dəyişən kimi hər şey birdən-birə düzələcək. Bu asan deyil. Türkiyənin bundan sonra düzəlməsi uzun çağlar tələb edir. Türkiyə içindən elə çökdürülüb, bir aşamada toparlanması inandırıcı görünmür. Ancaq ölümünü seyr etməli deyil. Bir an öncə onun taleyini çökdürənləri başından düşürməlidir.
Sevgili Türkiyə, ağır sınaqlar qarşısına gətirildin. Düşün, toparlan, ölümünə oy vermə! Qara buludlar başının üstündən ötüb keçməlidir. Keçəcək!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

20 İşıq Ayı, 45-ci il.

(may, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir