Xəbərlər

Soylu Atalı. “Tənqidçi”nin Boyalı (Rəngli) baxışı

Bu günlərdə İradə Musayeva adlı ədəbiyatçının, diplom üzrə rütbəsini də gözə alsaq, ədəbiyat üzrə fəlsəfə doktorunun feysbukda (facebook-da) bir statusunu oxudum: “Bizdə həmişə fəlsəfədən dərs deyən müəllimlə filosofu eyniləşdiriblər. Ədəbiyyatda da belə hallar olub. Məsələn, filosoflardan çox sitat gətirən adama axırda filosof-yazar, filosof-tənqidçi deyiblər. Məsələn, Asif Əfəndiyev…”

Ortalığa atılan anlamsız bir cümləylə özünün “papaq altında” bir kimliyinin olmasını qabartmaq, bunu göstəriyə çevirmək şöhrətsevərliyi, bizə görə yazıqlıq örnəyidir. Öncə bu xanımın bilgili, tutumlu olduğunu düşünərək canlı, üz-üzə polemikaya çağırdım. Adam sözü sağa-sola fırladandan sonra hansısa “yarpaq-xəzəl” bir saytda “Asif Əfəndiyev tənqidinə bir baxış” başlıqlı yazı yayımladı. Bu yazını oxuyandan sonra bir daha əmin oldum, bu xanımın diplomdan başqa ortaya qoyacağı bir şeyi yoxmuş. Onun yazısının altında qısaca düşüncəmi yazdım: “…Bəri başdan deyim,  siz Asif Atanı nə oxumusunuz, nə də öyrənmisiniz. Bilmədiyiniz məsələ haqqında isə buraxın yazmağı, danışmağı belə məsləhət görmürəm. SÖZÜ tanımaq diplom almaq qədər asan deyil. Bir çox insanlar SÖZƏ bağlı yolda yürüdüklərini sanırlar. Ancaq nəzəriyəçiliyin sıfır nöqtəsinin çevrəsində dolaşdıqlarının fərqinə varmazlar. Ona görə onların “sözü” İnsan varlığına bağlı əbədiyətin qapısını döyə bilməz. Başqa sözlə, Sözə sataşmaqla özünə diqqət ayırmaqdan uzağa gedə bilməz…”.

Bu yazdıqlarımı bir az anlatmağa çalışım. Asif Əfəndiyev Moskvada eyitim alarkən kitab evlərindən axşam saat 10-da çıxardı. Heç yerdə millətinin, vətəninin adına rast gəlməyəndə sarsıntılı düşüncələr içərisində axtarışlara baş vurub. Öyrənib, bilib, Azərbaycanın zəngin milli dəyərləri, dərin bəşəri kökləri var… Ancaq bunu necə isbatlamalı?! Sovet imperiyasının xalqları tam işğal eləməsindən, milli düşünərləri soyqırıma uğratmasından çox da böyük zaman keçməmişdi. Bakıya qayıdandan sonra, iki yol, istəklərini rüşeym halında dilinə gətirən kimi, Dövlət Təhlükəsizlik Komitəsinin basqıları altına düşüb. Hələ öyrəncilik illərini yenicə başa vuran, gənc bir insan üçün imperiyanın azman hədələri ilə üz-üzə gəlmək sadə bir proses deyildi. Ölümü gözə almaq idi. Üstəlik ata-ananın, görəvdə olan qohumların basqısı… O çağlarda nəinki istəklərini dilə gətirmək, Bakıda qalıb işləmək belə olumsuz idi. Çıxış yolu isə bir idi: ədəbi tənqidlə uğraşdığı görüntüsü yaratmaq, Şəri aldatmaq. Gizlində isə öz ideyalarını işləyib hazırlamaq. (Asif Ata üçün tənqid böyük ideyalarını ortaya gətirmək yolunda bəhanə idi. O deyirdi: “tənqid bizim ayağımızdır, başımız deyil”. İndi bu xanım Asif Atanın ayağı ilə yox, ayağının tozu ilə, yəni axtarışları üçün lokal güzəştləri ilə bağlı ortaya baxış sərgiləməyə çalışmışdır. Soruşuram, bu ortamda İradə Musayeva sağlam bir millətçi olub diplom ala bilərdimi?! Ya da belə soruşum: doğrudanmı İradə Musayeva Azərbaycanın Milli Elmlər Akademiyasından milli-bəşəri düşüncələrinə, ya da ədəbiyat tənqidçiliyinin insan-vətən-dünya konsepsiyasına bağlı dərin fəlsəfi düşüncələrinə görə diplom almışdır?! Öz üzərində işləməyən, uğraşmaq istədiyi (ya da toxunmaq istədiyi) obyekti, predmeti dərindən öyrənməyən bir adam necə sağlam mühakimələr yürüdə bilər?! Heç düşündünüzmü, nədən sosrealizmdən lokal fraqmentlər yazan bir adam az sonra antimarksist, antikommunist, antisosialist, pantürkist, klerikalist, faşist epitetləriylə damğalanıb təqib olunmuşdur?! İşdən çıxarılmış, ailəsi dağıdılmış, üst-üstə 21 il çapına yasaq qoyulmuş bir adamda nə görmüşdülər axı?! Ədəbi tənqidi “bacarmayan”, “filosof olmayan” bir adamdan bunca qorxmağın anlamı nə idi görəsən?!

Baxın, İradə Musayeva nə yazır: “…Zaman, reallıq və həqiqət tənqidçi Asif Əfəndiyevin hökmünün üstündən çalın-çarpaz xətt çəkdi. Deməli, Asif Əfəndiyevə peyğəmbər uzaqgörənliyini şamil etmək doğru deyil. Bəs Asif Əfəndiyev filosofdurmu? İstənilən bir bədii mətni, oradakı obrazları təhlil edərkən filosofların adını çəkmək, onlardan sitatlar gətirmək və məlum fəlsəfi qanunlarla yazıçı və şairin ideya-estetik görüşlərini mühakimə etmək, bəzən doğru, bəzən yanlış hökmlər çıxarmaq filosofluqdurmu? Ədəbiyyatşünas-tənqidçi olmaq məsuliyyətini üzərinə götürən hər kəs bəşər fəlsəfi görüşlərindən xəbərdar olmalı, ordakı anlayış və konsepsiyaların məğzini bilməlidir”.

Soruşuram, hansı zaman, hansı reallıq, hansı həqiqət sizin gözünüzü açmış da, aydınlıq gətirin. İnsan varlığını oyuna çevirən, kapitalistləşən, dinçiləşən, ateistləşən zamanmı sizə dərin “həqqiətlər” öyrətdi?! İnsanın taleyini, xalqların ləyaqətini girova çevirən zaman, reallıq sosializmlə kapitalizmin kombinasiyasından oluşub. Siz də bu “Zaman”ın yavrularından biri kimi düşünürsünüz, yaşayırsınız. Hanı sizin amansız gedişlərə qarşı dirəniş göstərən ədəbiyatşünaslığınızın, tənqidçiliyinizin yaratdığı fəlsəfi iradə, əzm, döyüşkənlik?! Baxın, nəzəriyyə əzbərçiliyindən irəli gələn uzun-uzadı iki cümləniz bir-birini necə asanlıqla inkar edir. Bir cümlənizdə deyirsiniz: “…Bədii mətni, ordakı obrazları təhlil edərkən filosofların adını çəkmək, onlardan sitat gətirmək  filosofluqdurmu?” O biri cümlənizdə yazırsınız: “ədəbiyatşünas-tənqidçi olmaq məsuliyyətini üzərinə götürən hər kəs bəşər fəlsəfi görüşlərindən xəbərdar olmalıdır”. Sayın ədəbiyatşünas, heç olmasa öz yazdığınızı təkrar oxuyun, düşünün. Həm tənqidçilik edəndə başqa filosofların baxışına söykənməməli deyirsiniz, həm də tənqidçi olanda onların baxışını bilmək gərəkdir deyirsiniz. (Bilməyiniz gərək, bəşər fəlsəfi görüşlərini yaradan ayrı-ayrı filosoflardır).

Söhbət Asif Atadan gedərkən isə, araşdırın onun fəlsəfəsini, görün orada hansısa filosofdan (düşüncəsini gücləndirmək istəyiylə) hansısa alıntıya rast gələcəksinizmi? Bununla belə, Asif Ata bəşər fəlsəfəsini araşdırmış, onlardan bəhrələnmişdir də. Bunu etməmək olumsuzdur. Bunu dartışmağa gərək yox.

Bilirsinizmi Asif Ata niyə təqib olunurdu? 70-80-ci illərdə onun “Mütləqə İnam Beşliyi” əldən-ələ gəzir, üzü artırılıb yayılırdı. Azərbaycanda bağımsız, qüdrəyli düşüncə formalaşırdı. Bu düşüncələrin nədən oluşduğunu bilmək istəyirsinizsə, bununla bağlı həm bu, həm də başqa ədəbiyatları əldə eləməyə sizə kömək edə bilərik. Yetər, siz içdənlik göstərib öyrənmək istəyəsiniz. Sizə Asif Atanın fəlsəfi düşüncələrini (Fəlsəfəsini) araşdıran yazılar da suna bilərik. Ancaq “alabaşnəzərlilik” konsepsiyasına meyil etməyi heç kimə məsləhət görmürük.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

4 Köçəri Ayı, 40-cı il. Atakənd.

(fevral, 2019. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir