Xəbərlər

Soylu Atalı. Türklüyə bulaşmış fəlakət

Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün bir-anlamlı deyil. Toplum təbəqələrə bölünübdür. Hər təbəqə məsələyə öz açısından, sosial durumundan yanaşır. Bu təbəqələrdən biri hakimiyyətyanlıdır, o biri müxalifətyanlı. Hakimiyyətyanlılar sosial-ekonomik baxımdan üstün durumda olanlardır, müxalifətyanlılar isə aşağı durumda olanlar. Siyasi hakimiyyət ədalətli yönətim sürdürməyəndə, ayrı-seçkilik qoyanda toplumda təbəqələşmə yaranır. Siyasi hakimiyyətdə korrupsiya, rüşvətxorluq, tayfaçılıq dövlət siyasəti düzeyinə qalxanda toplumda təbəqələşmə yaranır. Bu gedişlə toplumun böyük bir kəsiminin haqqı ayaqlanır. Toplum yalnız öz dolanışığını düşünmək zorunda buraxılır. Ona görə siyasi müxalifət seçki zamanı ən çox sosial-ekonomik vədlər verir. Bütövlükdə yanaşsaq, seçkiyə qatılan siyasətçilər isə heç vaxt dış siyasəti necə quracağının, yəni strategiyasının hesabatını vermir. Elə toplumu da seçki dönəmində dış siyasət ilgiləndirmir. Yəni durum o qədər çelişkili düzeyə gətirilib ki, bu yanaşma sürəci normal görünür. Real durumu gözə alanda bu gedişlə razılaşmaq da olar. Yəni dış siyasət başlıca olara iç siyasətin üstündə qurulmalı olduğuna görə vədlərin iç siyasətin üzərində verildiyini anlayışla qarşılamaq olar. Ancaq hər şeyi siyasiləşdirmək, seçki davasını öz çıxarlarına yönəlik qurmaq, nəyin bahasına olursa olsun, hakimiyyəti əlində saxlamaq üçün, ya da hakimiyyəti ələ keçirmək üçün eybəcər addımlar atmaq mübarizə apardığı qüvvəyə qarşı şantaj, təhqir üsullarına əl atmaq, toplumun heysiyyatı ilə oynamaq yolverilməzdir. Bu günkü seçki gedişində biz Ərdoğan hakimiyyətinin davranışlarında bu pisliklərin hamısını görürük.
Atatürk Türkiyəni sivil, dünyəvi bir dövlət kimi qurubdur. Anayasasında heç bir vətəndaşına ögey baxış sərgiləməmək, ayrı-seçkilik qoymamaq quralları oluşdurmuşdur. Dini dövlətdən ayırmış, insanları inancına görə basqı altında tutmağı yasaqlamışdır. Ərdoğan hakimiyyətə gəldikdən sonra Anayasanın tələblərini çeynəmiş, dini dövlət yönətiminə daşımış, insanların inanclarına görə ayrı-seçkilik təbliğatı qurdurmuşdur. Bu gün Türkiyə ən pis şəkildə bir ərəb dövlətinə çevrilməkdədir (çevrilmişdir demək daha doğru olar). Türklüyün etkisi ortadan qaldırılmış, hərcayilik ölkəni bürümüşdür. Bu sayaq faktlar sadalamaqla bitməz. Bu günkü seçkidə Kılıçdaroğluna qarşı ələvi faktorunu qullanmaq da yuxarıda dediyimiz sürəcin bir parçasıdır. Bu çağa kimi, Türkiyə Respublikasının tarixində, bu cür yanaşma, yəni inanc məsələsi ilə toplumu bölüb ayrı-seçkilik yaratmaq görünməmişdir. Biz, Asif Atanın Mütləqə İnam Ocağı olaraq, bütün türk boylarının ayrı-ayrı dinlərin daşıyıcıları olduqlarını Türk Birliyinin yaranması yolunda əngəl sayırıq. Üstəlik çoxsaylı məzhəb ayrılıqlarının olmasını, bu məzhəblərlə türk toplumlarının zaman-zaman dünya güclərinin oyunlarına gəlməsini fəlakət sayırıq. Gec-tez bu sürəc ortadan qalxmalı, türk bir millət olduğu kimi bir inanc daşıyıcısına çevrilməlidir. Tanrısı bir, milli xarakteri bir, dəyərləri ortaq olmasa eyni millət sayıla bilməz, Dış güclərə dirəniş göstərib öz varlığını, birliyini qoruya bilməz. Bu məsələni biz dönə-dönə basın yayınlarında yazmışıq. Ona görə burada davam eləmirik.
İndi qayıdaq Kılıçdaroğlunun ələvi olmasından yana gözdən salınması ilə bağlı aparılan təbliğatlara. Öncə ələviliyin mahiyyəti ilə bağlı bir neçə söz deyək. Adından göründüyü kimi, bu təriqət İslam peyğəmbərin əmisi oğlu, eyni halda kürəkəni, peyğəmbərin xəlifələri sayılan dörd xəlifədən biri Əli Əbu Talib oğlunun adı ilə bağlıdır. İslam ruhaniyyatı sistemində Əlinin özəl baxışları olubdur. Bu baxış min illər tarixi olan “Varlığın Birliyi” (Vəhdəti-Vücud) fəlsəfəsinə yaxın olan bir ideya kimi bilinir. Əlinin bu mövqeyi İslam peyğəmbərinin sağlığında bilinirdi. Eyni halda, Əlinin bu baxışını bölüşənlər vardı. Bəzi qaynaqların bildirdiyinə görə, Əlinin ruhaniyyat baxışları İslam dininə ayqırı deyildi. Tərsinə, İslamın anlamına çəki-düzən verirdi. İslam peyğəmbəri Əlinin baxışını bölüşənlərə “şiətül Əli” deyib. Yəni Əlini izləyənlər (Əlinin yandaşları). Peyğəmbərin ölümündən sonra hakimiyyət qovğası başlamış, hakimiyyət hüququnu bərpa eləmək yolunda şiəlik təriqəti formalaşmışdır. Şiəlik – Əlinin baxışları ilə hakimiyyətçilik hüququnu birləşdirən bir hərəkat olmuşdur. Ancaq Ələvilik sırf Əlinin ruhani baxışlarına dayanıq bir hərəkat yönüdür. Türkiyədə (orta çağlarda) İslamın türklüyə uyğunlaşdırılması yönündə çaba göstərən Hacı Vəli Bektaşi Ələvilik baxışına dayanaraq bu addımları atmışdır. Eləcə də, Qızılbaşlıq ideyası bu təriqətin ideya-prinsiplərindən ilhamlanaraq şəkillənmişdir. Bizə görə “Varlığın Birliyi” (Vəhdəti-Vücud) ideyası türk panteizminə yaxın olduğu üçün bu çabalar göstərilmişdir. Bu da dərin, geniş bir qonudur (bu yazıda istəyimiz bu qonunun üzərində vurğu eləmək deyil). Türkiyə həyatında hər nədirsə odur.
Bizi ilgiləndirən odur ki, bu Ələvilik məsələsi nədən Türkiyədə siyasi hakimiyyəti əldən verməmək üçün qullanılan bir qonuya çevrilmişdir. Belə götürəndə Azərbaycan türkləri çoxluq baxımından Şiə təriqətinə özgün sayılırlar. O zaman Ərdoğan Azərbaycanla ilişkiləri qırsın, öz istədiyi islamçıları hakimiyyətə gətirsin. Ancaq məsələ düşünüldüyü kimi deyil. Azərbaycan Ərdoğan üçün, başlıca olaraq, şəxsi qazanc-gəlir qaynağıdır. Türkiyə hakimiyyətində qalmaq isə onun yaşamaq qarantıdır. Yoxsa nə Ələvilik, nə də başqa təriqətlər onun vecinə deyil. Başından bəri o, Amerika islamının daşıyıcısı olub. İslamın bunca siyasiləşdirilməsi onun üçün hakimiyyətə gəlmək yolunda pillələr rolunu oynayıbdır. Bizə görə isə Türklük Ərdoğandan da, onun hakimiyyətini qoruyan, siyasiləşən İslamdan da qurtulmalıdır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

20 Çiçək Ayı, 45-ci il. Atakənd.

(aprel, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir