Xəbərlər

Soylu Atalı. Uğursuzluğun doğurduğu zorakılıq

Mütləqə İnam Ocağının Yükümlüsü
Mütləqə İnam Ocağının Yükümlüsü

Azərbaycanda sovetlərdən qalma bir ənənə çox sürəkli şəkildə qorunur və həyata keçirilir: insanları dövlət səviyyəsində gözdən salmaq və təhdid altında saxlamaq. Mən bu üsulu insanlığa qarşı cinayət hesab edirəm. Bu günlər Azərbaycan televiziyalarının növbəti bir oyununu seyr etdikcə içimdə kəskin ikrah hissi baş qaldırdı. Axı toplumu bu qədər də dolamaq olmaz. Söhbət xaricdə mühacir həyatı yaşayan hərbçi İsa Sadıqovun əleyhinə aparılan kompaniyadan gedir. Bəri başdan deyim ki, İsa bəyi şəxsən tanımıram, yəni onunla heç vaxt üz-üzə gəlməmişik, oturub söhbət etməmişik. Ancaq onu, Azərbaycanda olarkən mətbuatda haqqında gedən söhbətlərdən, müsahibələrindən, ictimai davranışlarından vətənsevər bir hərbçi kimi tanımışam.

Qarabağda gedən qızğın müharibədən iyrimi il keçib. Amma nədənsə İsa Sadıqovun “cinayətləri” indi yada düşür. Həyatımızın bütün sahələrində olduğu kimi hərbi xidmətdə də idarəedicilərin yanlışları ola bilər. Ancaq hakimiyyət maraqlarını əsas götürüb yanlışlara cinayət tərkibi qatmaq və dövlətin verdiyi imkanlardan sui-istifadə etmək anlaşılan deyil.

Əslində müharibədə ölkəni dolayısıyla uduzduranlar, Rusiyanın buyruqları ilə hərəkət edənlər indi Azərbaycanda “cinayətkarlar” ordusu yaratmaqla məşğuldurlar.

Bu gün Azərbaycan seçki hazırlığını yaşayır. Seçkidə indiki iqtidarı qalib görmək istəməyənlər də təhdid olunur. Hər kəsin ayları, günləri eşələnib içindən “xəyanətlər” çıxarılır. İnsanların həyatını təftiş eləmək əslində dövlətçiliyə qarşı etibarı azaldır. İsa Sadıqov cinayətkar idisə, nə üçün ölkədən getməsinə zamanında göz yumuldu?! Nə üçün ona qarşı təbliğat məhz bu gün başlayır?! Yoxsa hərbi prokurorluq 20 ildən bir işləyir?!

Biz Azərbaycana – onun dəyərlərinə, etnik mənliyinə, milli haqqına vurulan zərbələri, edilən cinayətləri hər gün seyr edirik. Bu zərbələr rüşvət, özbaşınalıq, qanunsuzluq, zorakılıq biçimində hər gün özünü göstərir. Deməli, “kəndlinin zəmisini yandırmaq olar, koxaya isə toxunmaq olmaz!”…

04.05.35 (04.07.2013).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir