Xəbərlər

Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır

Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır…
70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış kimi insanlarımızı doğmaca baş kəndimizdə evlərinin içində, qarşısında gülləbaran eləyib.
Bu yazıda istək, əlbəttə, hər kəsə bəlli olan qanlı olayları sadalamaq deyil, diqqəti yurdumuzla bağlı bir məqama yönəltməkdir. Az qala iki yüz ildir bizim taleyimizi Rusiya yazır. Daha doğrusu, taleyimizi Rusiya qaralamaqla uğraşır.
Rusiya bizim xəritəmizi istədiyi vaxt dəyişir, dəyişə-dəyişə gedir. Biz də bununla hər dəfə barışırıq. “Rusiya güclüdür, qarşısına çıxmağa gücümüz çatmır” deyərək, onun bundan sonra bizimlə bağlı hansı addımı atacağını gözləyirik. İstədiyi vaxt bizimlə yalançı dost kimi davranır, arxayınlaşırıq. İstədiyi vaxt milli mənliyimizi də, vətənimizi də ayaqlayır, qısılırıq. Dərs götürmürük, addım atmırıq, bu heyvərənin basqısı altından qurtarmaq haqqında düşünmürük. Pişik siçanla oynayan kimi bizimlə oynayır.
Azərbaycanı iki yerə böldü – bunu “çar yönətim quralı”nın (üsul-idarəsinin) hədəfi saydıq, bütövlükdə Rusiyanın gələcəksəl planı (strategiyası) saymadıq. Toparlanıb sonrakı qorxuları qabaqlamaq yerinə, ixtiyarımızı Rusiyanın olmayan mərhəmətinə buraxdıq. Dəmirqapını (Dərbəndi) halal malı kimi mənimsədi, Borçalını Gürcüstanın parçası kimi təsdiq elədi, ayılmadıq. Bizi erməni adlanan bolşevik nökərlərinin əliylə soyqırıma uğratdı, bunu daşnakların əməli kimi qiymətləndirib, Rusiyanın adını tutmadıq. Yurdumuzun bir parçasında (ingilis, fransız həmkarları ilə birlikdə), ermənilərlə bizi “qardaşlaşdırandan” sonra Ermənistan dövləti yaratdı, yenə səsimiz çıxmadı. İmperiyasının içində, dəfələrlə Borçalıdan, Ermənistan adlanan tarixi yurdumuzdan türklərin köçürülməsi (deportasiyası) həyata keçirildi, bizim Rusiya ilə heç bir sorunumuzun olmadığını dilə gətirdik. Qarabağı boşaltdı, erməniyə verdi, Bakını qanına qəltan elədi, bunu Qorbaçovun, Yazovun və Azərbaycanın o çağkı hakimiyətinin ayağına yazdıq. Yenə də Rusiya toplumumuzun gözünə arı-duru göstərildi. Hələ Qarabağdan sonra da sınırmızı dəyişmək istəyəcək. Yenə də “o güclüdür, biz gücsüz” deyib qısılacıq.
Rusiya istədiklərini elədikcə biz addım-addım geri çəkilirik. Geridə isə bizi yoxluq gözləyir. Rusiya bizim varlığımızı sona çatdırmaq istəyindədir. Pyotrun sonərkindən (vəsiyyətindən) irəli gələn bir proses dönməz xarakter alıb, qabağa gedir. Bu gün də Rusiyanın Azərbaycanı hədələyən jestləri həmin plana bağlıdır.
Son günlərdə Azərbaycanda “Avrasiya İttifaqı” adında bir örgüt ortaya çıxdı. Deyirlər bu örgüt keçmiş DTK-nın yavrularından oluşdurulur. Yəni Rusiyanın kölələrindən. İstək də odur ki, Azərbaycan iqtidarına etki göstərib (ya da bütövlükdə onu öz nökərləri ilə dəyişib) Batının Güney Qafqazı ələ keçirməsinin qarşısını alsın. Biz isə deyirik: günsəl (taktiki) addımlar nə olursa-olsun, həmin böyük planın tərkib parçasıdır. Kimlərsə deyə bilər ki, Rusiyanın bu qorxulu planına qarşı elə Batının Güney Qafqazda oturuşması bəlkə daha çox önəm daşıya bilər. Biz yenə belə düşünənlərin yanıldıqlarını vurğulamaq istəyirik. 90-cı illərdə Rusiyanın zorakılığından qaçıb Batının ideoloji etkisinə sığınanlar Azərbaycan üçün hansı uğurları əldə edə bildilər ki?! Azərbaycanın Rusiya tərəfindən dəyişdirilmiş xəritəsini, Batı içimizə girməklə, yerinə qaytarmadı ki. Tərsinə, daha da yardımçı olur. Başqa bir yandan, hələ də sübut eləmək gərəkdirmi ki, Batının “Orta Doğu Projesi”nin əsas hədəflərindən biri Türkiyəni parçalamaqdır?! Batı və Rusiya bir-biri ilə çəkişsələr də, biri Türkiyəni parçalamaq hazırlığı aparır, o biri Azərbaycanın varlığını sona çatdırmaq hazırlığı. 90-cı illərdə Batıya boylanan umudların bu gün puç olduğu bütünlüklə üzə çıxmadımı? Təəssüf ki, bütün eyforiyaların köpük olduğu göründü, ancaq bizdə “ağıllanma prosesi” hələ də başlamayıb.
Yuxarıda vurğuladıq, bizim yurdumuzla bağlı, istədikləri xəritələri yaradır, arxasına da güc qoyur. Bir xəritəmiz Rusiyanın diləkləri ilə cızılır, başqa bir xəritəmiz Batının (Güney Azərabycanın böyük bir coğrafiyası, Batı tərəfindən, nəzəri Kürdüstan xəritəsinə qatılıb).
Biz də, ayrı-ayrı ürəyi yanan aydınlar, deyirik, o xəritələri qəbul etmirik. Ümumən Azərbaycanın indiki sınırlarını qəbul etmirik. Həmin güclər öncə sınırlarımızı pozur, yurdumuzu parçalayırlar (ya birbaşa, ya dolayısı ilə), sonra yaratdıqları BMT adlanan uluslararası (beynəlxalq) örgütün (təşkilatın) dili ilə deyirlər: filan ildən başlayaraq sınırlar toxunulmazdır. Parçalana-parçalana bir ovuc qalmışıq. İndi BMT adlanan allahın “fatalizm tamğası”nı dəyişməz qəbul edib yurdumuzun parçalarından əl çəkməliyikmi?! Əlbəttə, əl çəkməli deyilik. Ancaq nə etməli, axı bu gün bizim istəklərimizin arxasında güc-qüvvə yoxdur…
Ölkənin durumu olduqca ciddidir. Ancaq bizim çalışqan (fəal ) insanlarımız basın yayınlarında (mətbuat şəbəkəsində) görüntülər yaradırlar. Özləri də, çoxluq olaraq, yazılarda məmur özbaşınalıqlarını sadalamaqla savaşlarını bitmiş sayırlar.
Siyasal partiyaların çabalarından isə danışmağın heç bir anlamı yoxdur. Satılanlar satılıb, satılmayanlar da gücsüzləşib dağılırlar.
Hakimiyətə gəlincə, elə köklənib ki, ya bu cür davam eləməlidir, ya da çöküb sıradan çıxmalıdır. Onun varlığında hansısa bir reforma önəmli etkiyə çevrilə bilməz. O, özünü belə yaşamağa məhkum edib. Talançılığından əl götürə bilmir, zorakılığından geri dura bilmir.
Çoxlarına qəribə görünsə də, hesab edirik ki, bütün partiyalar özlərini buraxmalı və ümumxalq hərəkatına başlamalıdırlar. Öz partiyadaşlarının, öz toplumlarının qarşısında ciddi sorumluluq daşımalı, balaca iddialardan əl çəkməlidirlər. Xalqa və bir-birlərinə yanaşmalarında əsaslı dəyişikliklər etməli, ölkə içrə böyük reformalara nail olmalıdırlar. Bundan sonra Milli Qüvvə yarana  və dışarıdan gələn qorxulara (təhlükələrə) qarşı dirəniş göstərilə bilər.
Türkiyənin gəlişməsi, gücü Azərbaycandan öndə olsa da, düşünürük ki, bu prinsiplər onun üçün də keçərlidir.
Ümumxalq hərəkatı Ümumtürk hərəkatı anlamı daşımalıdır. Türklüyün qorunması üçün bundan başqa yol qalmır. Ancaq bu hərəkat içimizdə yaşayan başqa etnik yurddaşlarımızdan qıraqda yox, onların qatqısı ilə yeriməlidir. Çünkü türklüyün qurtarılması onların da qurtarılması anlamı daşıyır. Onlar bizim ayrılmaz parçamızdır. Bunu unutmaq olmaz.
Vurğu edirik: Hamı üçün gözlənilən qorxulara qarşı Ümumtürk Hərəkatı başlamalıdır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir