Xəbərlər

Soylu Atalı Varlığa doğma

(Filosof Şamil Salehin ölümünə)

Ölümü son sayırlar. İnsanlar həyatda ən çox dağınıq əhvalda yaşadıqları üçün bu sonu, sonluğu dərk eləmirlər. Bəlkə “son”u qaçılmaz olaraq, yoxluğa çevrilmə sayıb fərqinə varmırlar. Bəlkə buna görə, dünyanı fani sayaraq, gözəl dünya qurmağı ağıllarına gətirmirlər.
Əslində isə ölüm mütləq sonluq deyil. Ölüm gəlir, bir ay, bir il göynədir, sonra qırağa durur. Ölüm bütün etkiləri ilə gəlir, bütün etkiləri ilə də gedir. O, ardıcıl, uzunömürlü olmur. Çünkü ölüm biçimə son verir, Mənaya son vermir. Bu səbəbdən ölümün yaratdığı son mütləq yoxluq yaratmır. Belə olmasaydı kədər də yaranmazdı, hər şey son olardı. Ölümün yaratdığı kədər həyatı dərk etdirir.
Ölüm biçimi pozur. Biçimin mövcudluğunu təmin edən ahəngi, nizamı poza bilmir. Buna görə biz deyirik, insan xəlqi olaydır. Onun cismanilikdən artıq nəyi varsa xalqda qalır.
Ölüm mütləq sonluq deyil. Əgər yaşam varsa, deməli, insan varlığa bu, ya başqa şəkildə öz qatqısını verib. Yaşamaq varsa çalışmalar var, əməl var, yol var, qayğı var. Həyat yollar sistemidir. Ölüm yerişi dayandırır, onu tam ortadan qaldırmır. Çünkü yerişin iz qoyduğu yollar var. O izdə, o yollarda yeni yerişlər də var. Bu  həmişəlikdir.
Bu söylədiklərimiz insana həyatın anlamından soraq verir. Bu, yüksək (ali) həyatdır.  Bu həyatı əsillər yaşayır. Hər kəsin həyatda qoyduğu izi də əsillər dərk edir. İnsanın xəlqi olay olmasını əsillər təsdiq edir. Çünkü insanın xəlqiliyi onun  fərdləşməsindən – Özümləşməsindən başlayır. Fərdləşə bilən ölümü ötür, yüksək həyata yetir. Yüksək Həyat – xalqa göstərilən insan əməlidir, xalqa deyilən İnsan sözüdür, insani dəyər yaratmaq düzeyidir. Hər kəs həyata qatqı verə bilir. Ancaq hər kəs yüksək həyat qura bilmir. Bu səbədən də hər kəsin ölümündən sonra qoyduğu nə varsa, mənalı yaşamağının boyu qədərdir. Fərd həyatdan gedəndə onu tanımaq istəyirlər. Kimdir həyatdan gedən?! Bunun üçün onun yaşadığı həyata, ömür yoluna dönüb baxırlar. Sıradan yaşayanlar xatirələr yaradırlar, onları tanımaq istəyənlər bu xatirələri sunurlar. Üstün yaşayanlar əsilliyə qulluq göstərirlər, onları vaxtında tanıyanlar, ya da sonradan tanımaq istəyənlər onların əsilliyə bağlanan ömürlərini sunurlar.
Bu “giriş”lə biz də, bu günlərdə aramızdan getmiş Şamil Salehi tanıtmaq, sunmaq istədik. Onun enişli-yoxuşlu ömür yollarını bildirməyi gərəkli saydıq. Ulusumuzdan, hər bir fərqli ömürə, onu düşünən kəslərə qarşı da sayğı umuruq.
Əliyev Şamil Saleh oğlu 1937-ci ildə Bərdə rayonunda doğulub. Orta məktəbin ilk illərini Bərdədə oxuyub. Atasının iş yeri ilə bağlı Jdanova – indiki Beyləqan rayonuna köçüblər. Orta məktəbi burada bitirib. 1954-cü ildə Neft-kimya İnstitutunun Avtomatika fakültəsinə girib.
1965-ci ildə namizədlik, 1983-cü ildə isə Moskvada doktorluq işi müdafiə edib. Filosof – kibernetik ixtisasına yiyələnib. Müdafiə qonusu “İdarəetmə probleminin  metodoloji aspektləri” adlanır. İnstitutu bitirəndən sonra Elektrotexnika texnikomunda, sonra Politexnik İnstitutunda işləyib. Müdafiə edəndən sonra Bakı Ali Partiya məktəbində, Xalq təsərrüfatı İnstitutunda fəlsəfə öyrətməni kimi işləyib. Daha sonra Fəlsəfə institutunda, doktorluq müdafiəsindən sonra isə Kibernetika İnstitutunda çalışıb.
Bu bir tərcümeyi haldır. Şamil Salehi tanımaq baxımından isə, onu elmi çalışmaları ilə deyil, mübarizə yönü ilə sunmaq daha doğru olar. Çünkü elmi fəaliyyətdə onun fərqli keyfiyyətlərini görmək nisbətən çətinlik yaradır. Həm də elmdə ən çevik fəaliyyət belə, şəxsin xəlqi, insani mahiyyətini axıra qədər açıb göstərə bilmir. Ən yaxşı halda, elmin gəlişməsindəki qatqısını göstərir. Şamil Salehin də əsas işi mübarizədən oluşub. 60-70-ci illərdə Azərbaycanda 13 dissidentdən biri Şamil Saleh olub.
Bu mübarizədə o, əsasən üç keyfiyyəti ilə simalaşır. Məğrurluq, qorxmazlıq, barışmazlıq. Bu keyfiyyətlərin hər biri şəxsiyyəti yaxın-uzaq çevrədən ayıran, tənhalaşdıran keyfiyyətlərdir. Belə adamlar gələnəksəl olaraq, maksimalist olurlar, başqatmalara aldanmırlar, aza qane olmurlar. Bu da Şamil Salehin ayrı-ayrı əsərlərində öz əksini tapıbdır. Onun əsərləri ən çox məktublar şəklində yazılıb ki, bunlar da əsasən etirazlardan, dirənişlərdən oluşubdur. Ekoloji problemlərin yaranmasında Azərbaycan xalqını qeyrətsiz adlandıraraq suçlayan Həsən Əliyevə açıq məktubu da bu qəbildəndir. Bu məktubda o, xalqın qeyrətsiz adlandırılmasını haqsızlıq, hətta kobudluq kimi qiymətləndirərək, əsas baxışı problemlərin yaradıcısı olan rus imperiyasına, onun yerli nökərlərinə yönəldir. Rus xalqına məktubunda bildirir ki, bu xalq (rus xalqı) öz imperiyasının girovuna çevrilib. O, bu girovluqda Azərbaycan xalqına qarşı soyğunçuluq, dağıdıcılıq əməlləri həyata keçirməklə öz zəlalətini, məhvini hazırlayır. “Qanlı nümayişlərin təşkili”, “Mixail Serqeyeviç Qorbaçova açıq məktub”, “20 Yanvar qırğını”, “Qanlı Qarabağ oyunları” … bu kimi onlarla əsərləri, məktubları onun, Azərbaycanın savunulmasına (müdafiəsinə) ardıcıl, barışmaz mövqeyini göstərir. Uzun illər Bakının səmasında radiasiya dumanının fəlakətlərindən söz açaraq, hamının baxışını Azərbaycan xalqını ölümə məhkum etmiş rus imperiyasının vəhşiliklərinə yönəltməyə çalışmışdır. Xalqın əsarətini dərk eləməklə öz mənliyini bu əsarətə qarşı səngərə çevirir. Bu səngərdə mübarizə aparmaq istəyənlər isə, demək  olar, tapılmır. Çünkü əsaslı imtinanı xalqın indiki səviyyəsindən gözləmək çətin məsələdir. Gərək xalqın içində ardıcıl, uzunömürlü iş getsin. Bu işi aparmağın çətinliyi də ondadır ki, istənilən çağırışla xalqı ayağa qaldırmaq asan olmur. Şamil Salehin mübarizə aparmağının çətinliyi də elə burada üzə çıxır…
“Bu xalq boğazında üçqat köləlik xaltası gəzdirir: Ərəb, fars, rus”. Bu deyim onun mübarizə ruhlu yazılarının hamısında qırmızı xətt kimi keçir. Doğrudur, o bu köləliyi yaradanlardan yalnız birinə – rus imperiyasına qarşı dirəniş göstərirdi. Söz yox, bu köləliyi yaradanların hamısına qarşı həryönlü mübarizə aparmaq, ortalığa fundamental prinsiplər qoymadan, dünyabaxışa qarşı dünyabaxış çıxarmadan olumsuzdur. Hələ bunlara birini də – Avropa əsarətini də əkləsək (əlavə etsək), durum daha da mürəkkəbləşir.
Xalq dirənişə qoşulmur. Çünkü dirəniş göstərilən özgəçilik, həm də, mədəni etkilərlə qorunur. Bu mədəni etkilərin ulusal qarşılığı (əvəzi) yaranmayanda xalq dayanıqlığını itirir. Onun həyatında bu, ya başqa cəhətlərdə boşluqlar yaranır. Bununla da, xalq bir yöndə dirəniş göstərəndə, başqa yöndə başqalarına qapı açmış olur. Necə ki, Rusiyaya dirəniş göstərən kimi, Avropa əsarəti içərimizə doluşdu. (Əslində hələ Rusiyaya əsaslı dirəniş göstərilməyib də). Ona görə də Şamil Saleh kimi mübarizə aparanların əməyi xalqda dəyər yaratmaqla qoruna bilər, qiymətli olar. Əks halda, mübarizə yönündə çəkilən zəhmətlər havadan asılı qala bilər.
Biz Şamil Salehlə eyni mübarizə yolunun adamları deyilik. Ancaq yuxarıda adını çəkdiyimiz ziyalı keyfiyyətləri onu bizə doğmalaşdırıb, bizdə, onun mübarizəsinin ləyaqətinə, yiyəlik duyğusu yaradıb. Yurda, ulusa yönəlik çəkilən hər bir zəhmət bizə doğmadır. Bizim mübarizəmizin bir işi də o yöndədir ki, ayrı-ayrı fərdlərin xəlqi keyfiyyətləri itməsin.
Şamil Salehin yurduna, ulusuna çəkdiyi zəhmət onun öz mənliyinin dəyəridir. Bu dəyər onu yaşadacaq. Üzümüzü onun ailəsinə, doğmalarına tutub deyirik: Şamil Salehin Ulusu var olsun.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

28 Od Ayı, 27-ci il. Atakənd.

İyul, 2005 Bakı.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir