Xəbərlər

Soylu Atalı. Xalq Ruhunun incilərindən

Dədə Qorqudlu dünyamızı xatirata çevirdik. Tarixləşdi müdrikliyimiz. İndi Yalıncıqlar dünyasıdır. Hər yerdə satqınlıq, hər yerdə dönüklük. Milli dəyərlərimiz satılır, xalq ruhuna dönüklük olunur. Mədəniyyət, ailə, qeyrət, ədalət, vicdan pulçuluğun, zorun boyunduruğundadır. Gözünü açıb həyata baxanda hər şey qara boyada görünür. Ümid sarsılır sanki. Başını qaldırıb göylərə baxanda allahsızlıq şığıyır adamın baxışlarına. Adam könlünü köksünə sıxıb uzaqlara getmək istəyir. Ancaq hardadır o uzaqlıq? Axı adamı ümid harda gözləyir?! Hardadır haqq üzü, Tanrı sözü?!

Biz Ocağıq – öz dünyamız var. Daim öz dünyamıza dönürük, öz dünyamızı yaşadırıq. Ancaq dərviş deyilik. Gerçəklikdən qaçmırıq. Gerçək həyat var, xalq var, dünya var. Gerçəkliyi qaranlığın ixtiyarınamı buraxmaq?! Yox! Gerçəklikdə ümid işığı yandırmaq! Harda da arı, duru nə varsa tapmaq, tanımaq, tanıtmaq.

Budur, Eloğlum Həmid Ormanlının bir məktubunu oxuyuram: “Qardaş, sənə bir aşıq disqi göndərirəm, xahiş edirəm, vaxt tapıb onu mütləq dinlə!” Dinlədim. İncə Dərəsindən Nazim Əsədoğlu adlı aşıq. Doğrusu, birinci dəfədir belə bir aşıq dinləyirəm. Ancaq səs məni xalq ruhuna çağırdı. Səsdəki kövrək lirika poeziya çələngi hörürdü ruhuma elə bil. Ötən ay İncə Dərəsində keçirilmiş saz-söz şölənindən çəkilmiş fotolar səsin uyumu ilə gözlərimin önündən ötüb keçirdi. “Dədə”sizləşən dünyamızda ozan-saz ruhu yaşayır, yaşadılırdı. Qədim Oğuz Yurdu İncə Dərəsinin təbiət mənzərələrini izlədikcə Tanrının səsini dinləyirdim. Aşıq Nazim Əsədoğlunun sinəsinə sıxdığı sazın qutsal harayları ürəyimə Tanrı səsi kimi çatırdı. Bu yanda da fotoların dalğa-dalğa yenilənməsində Təbiət qonaqlarının Akif Səmədin sonevi (qəbri) başında toparlanması. Sonevlikdə (məzarlıqda) Akif bəyin büstünə baxa-baxa, elə bil, onun şeir dolu səsini dinləyirdim…

Akif bəyi sağlığında bircə yol görmüşdüm. Səsi də kədərli idi, üzü də, baxışı da. Bu kədər ona sanbal verirdi. Sayğı bəsləyirdim ona, sözün doğru anlamında aydın idi. Türkün Tanrı deyən oğullarından biri idi Akif Səməd. İndi onu dinlədikcə Tanrının doğma­sını xatırlayırdım.

Dünyanın min bir oyunlarından bir gün də olsa ayrılıb dağlara dost olmaq, Tanrı səsi olan sazı dinləmək – xalq ruhuna qovuşmaqdır. Gedişə boyun əyməmək üçün Təbiətin arılığına üz tutmaq, xalq ruhu ilə sevinmək nə qədər önəmlidir…
Akif Səmədin şeirləri Dübeytiyə çevrilmişdi – Nazim Əsədoğlunun sinəsində çağlayan sazın harayına qarışmışdı. “Tanrı Türkün Babasıdır” deyir Asif Ata. “Baba”sını çağırırdı şeiriyyətlə, saz diliylə – Akif Səmədlə Nazim Əsədoğlu…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

11 Şölə Ayı, 35-il.
(iyun, 2013).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir