Xəbərlər

Soylu Atalı. Yazılan Qanunlar, Yazılmamış Qanunlar

Ürəyinizdə Ata Günəşi olsun!
Bəzən bir adam humanist bir işi görəndə “yazılmayan qanunlar da var” deyər. Buna istəyirəm aydınlıq gətirəm. Hardan qaynaqlanır bu söz, nə deməkdir?! – Qanunları kimlərin yazdığına baxsaq, “Yazılmayan Qanunlar”ın nə demək olduğunu daha yaxşı aydınlaşdıra bilərik. Toplumun birgəyaşayışında başlıca olaraq, siyasi, ruhani qanunlar rol oynayır. Siyasi qanunları dövlət yönətimi formalaşdırır, ruhani qanunları isə din-inanc sistemi. Din-inanc sistemində qanunları ruhaniyyat yaradıcıları oluşdurur. Onlar bu qanunları Tanrının göstərişi ilə yazdıqlarını deyirlər.  Onlar, yəni Buddizm, Xristiyanlıq, İslam i.a. Bunların hər biri insanın birgəyaşayışını necə düşünüblərsə, o cür də ona yön verməyə çalışıblar.
Bu qanunların yazılması da, işlədilməsi də olduqca sorumluluq tələb eləyən bir məsələdir. İnsanlar doğru bildiklərinə, inandıqlarına əməl edirlər, etməlidirlər. Ancaq çox hallarda insanların inandıqları, tapındıqları da onların birgəyaşayışını ideala uyğun ölçüdə tənzimləyə bilməyib. Ona görə bu qanunlara əməl eləyərək yaşamını sürdürmək, bir sıra hallarda, insan həyatına ağırlıqlar, çətinliklər gətirib. Bu qanunlara nəzarət eləyənlər də çox hallarda yanlışlara yol veriblər. Elə o yanlışlardan doğub inkivizisiya yarqıları (məhkəmələri), o yanlışlardan doğub odda yandırmalar, dərisini soymalar, başqa türlü edamlar.
Dedik ki, dövlətin qanunları da birgəyaşayışı nizamlamaq üçün ortaya gətirilir. Biz bu qanunların işlənməsini həm istəyirik, həm də bu qanunların axıra qədər doğru olduğuna inanmırıq. Niyə işlənməsini istəyirik?! – İnsanlar bu qanunlara əməl eləməsələr anarxiya yaranar. Eyni halda, insanlar axıra qədər bu qanunlara əməl eləsələr insanlıq zədə götürər. Niyə? – Çünkü Dövlətin qanunları, çoxluq olaraq, Quruluşun tələbini ödəmək üçündür. İndiki çağımızı götürsək, Quruluş Kapitalizm Quruluşudur. Qanunlar daha çox Kapitalizm Quruluşunun tələblərindən doğur, onun prinsiplərini qorumağa yönəlir. Belə olanda birgəyaşayış insanlığın zədə götürməsi hesabına tənzimlənir. Ədalətsizlik, haqsızlıq baş alıb gedir. Ona görə də bəzən “Yazılmayan Qanunlar” məsələsi gündəmə gəlir. “Yazılmayan Qanunlar” heç kəsin toplantılarda qəbul eləmədiyi, yazılı ölçüyə gətirmədiyi İnsanlığın qanunlarıdır. Bu qanunlar insanın sevgisində, varlığında, olanaqlarında, ayrı-ayrı hallarda, məqamlarda üzə çıxır, özünü göstərir. Deyək ki, bir canini dövlət tutuqlayıb cəzalandırır. Biz dövlətin canini, qatili tutuqlamasına qarşı deyilik. Ancaq ona gözümüzün qabağında işgəncələr versələr, ac-susuz saxlasalar içimizdə acıma, təpki baş qaldırar. Bəlkə o, kimə qarşı qatillik, canilik eləyibsə, onun yiyəsinin gözü ilə baxanda bunların hamısı normal görünür. Yəni “od düşdüyü yeri yandırar” məsəli. Bir sözlə, nə qədər ki, işgəncəni, zülmü gözümüzlə görmürük, işgəncəyə, zülmə haqq veririk, gözümüzlə görəndə isə münasibət hardasa dəyişə bilir. Yəni yazılmamış insani qanunlar baş qaldırır içimizdə.
Burada ilginc bir məsələ də var. İnsani qanunlar yalnız ayrı-ayrı hallarda baş qaldırırsa, demək, biz o qanunlarla daim iç-içə deyilik, bireysəl ölçümüz deyil. Ona görə də bizə yazılmış qanunlar verirlər, yazılmış qanunlarla yönətilirik. Asif Ata deyir: İnsanlaşın, İnsanlaşdırın, Bəşərin qurtuluşu İnsanlaşmaqdadır. İnsanlaşmaq – Yazılmayan Qanunlarla yaşamaqdır, onu içinin ölçüsü kimi qorumaqdır. İnsan öz mahiyyətinə bərabər yaşayanda qıraqdan verilən, qıraqdan yazılıb ortaya gətirilən qanunlarla yaşamağa, davranmağa zorlanmaz. İnsanın öz mahiyyətinə uyğun yaşaması üçün qıraqdan zorlananda toplumsal yaşamda ədalət, özgürlük təsdiq olunmur. İnsan özü içində buna yetməlidir. Deyə bilərlər, hər kəs öz mahiyyətinə bərabər yaşaya bilməz, ona görə qanunların qıraqdan verilməsi, yazılması qaçılmazdır. Olsun! Ancaq yazılan qanunlar insanın öz mahiyyətinə can atmasına əngəl də olmamalıdır. Öz mahiyyətinə bərabər yaşayan insanlar üçün qıraqdan ona qanunlarla zor göstərməyə gərək olmur. İnsanın içi qanun olur…
…Bir insan qatildir, canidir, hər nədir, onu tutub içəri salmısan. Yəni azadlıqdan məhrum eləmisən. Ancaq onu ac saxlamaq, döymək, əzab vermək, işgəncə etmək doğrumu?! Düşünürəm, doğru deyil. Bax, yazılmamış qanun budur: “Doğru deyil!”.  İşgəncə çıxış yolu deyil, tərbiyə deyil. Qatili çölündə, yəni fiziki cəzalandırırsan, qatilin içərisindəki qatillik isə daha da aktivləşir, daha da qəddarlaşır, daha da sərtləşir. Qatilin içindəki qatillik ölmür. Qatilin içindəki qatilliyi öldürmək gərəkdir, onun özünü döyüb öldürməyə gərək yoxdur. Obrazlı deyək, Tanrı  heç kimə yeməyi, nəfəs almağı yasaq etmir, insan da yasaq etməməlidir. Yəni İnsanlıq insana mövcudluğunu sürdürməyi yasaq etmir. Əgər insan yasaq edirsə, deməli, İnsanlıqdan (obrazlı desək, Tanrıdan) qıraqda davranır. Tanrı deyir, insan ac qalmamalıdır, yeməlidir. Əgər o, canlıdırsa, ayaqdadırsa yeməlidir. Heyvan vəhşidir, ancaq yaşayır, yaşamalıdır, yeməlidir. Bu, Yazılmamış Qanundur.
İndi “azadlıqdan məhrumetmə” məsələsinə göz ataq. Azadlıqdan məhrum etmək – insanı toplumdan ayırıb dörd divar arasına atmaqdırmı?! Bəyəm Toplumun (Cəmiyyətin) içində yaşamaq azadlıqdırmı?! Əgər toplum normal bir durumda olsaydı, ədalətli bir quruluş olsaydı, hər şey insanlığa uyğun nizam tapsaydı, insani qanunlarla ölçü yaranıb birgəyaşayışda işlənsəydi, o zaman belə bir ortamdan insanı ayırmaq azadlıqdan ayırmaq adlana bilərdi. Toplum pozulub, azğın durumdadır. Belə bir toplumda yaşamaqla dörd divar arasında yaşamağın özəl fərqi yoxdur…
Əslində insanı azadlıqdan məhrum etməyə deyil, azadlığa qovuşmağa hazırlamaq gərəkdir. Yəni fiziki azadlıqdan ayırmaq içsəl azadlığa qovuşmaqla başa çatmalıdır. Fiziki azadlıqdan məhrumetmə – insanı özüylə, vicdanıyla üz-üzə qoymaq düzəyində olmalıdır. İnsanı tərbiyə etmək gərədir. İşgəncə tərbiyə deyil. İnsanı mənəvi əzabla diriltmək, qatillikdən qurtarmaq olar. Bax, bəşəriyyət bunu doğru bəlirləyib əməl eləmir. Bu üzdən “yazılan qanunlar”, “yazılmayan qanunlar” məsələsi çox düşündürücü bir məsələdir.
Asif Ata ona qədər yazılmış bütün qanunları nisbi sayır. Özünün yazdığı, gətirdiyi qanunları mütləq sayır, bütöv sayır. Çünkü özünün vurğuladığı qanunlar insanlığın qanunlarıdır. Yəni əslində “yazılmamış qanunlar”ı yazır, “yazılmamış qanunları” deyir. Yazılmış qanunları Adamlıq yazır, Yazılmamış Qanunlar Mənadan gəlir…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Günəş Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir