Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yazıçı, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib!
Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Çaldıran fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakının qüdrətinə, istəyinin işığına hələlik 40–50 nəfər tapınıb-övladlaşıbdır. Asif Ata Ocağını sevənlər isə bugün-sabah hamımız olacağıq. Mütləqə İnamdan çatdığı bu Ocağın alovu şübhə yox ki, daim artacaq. Bu Ocaq Ruhani İntibah şöləsi saçır Azərbaycanın hər tərəfinə. Bu Ocağın alov dilləri Mütləqə İnam, Yalansız Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, İnsanlaşıb – İnsanlaşdırmaq nuru, əqidə, mənəviyyatçı ziyası nəqşləyir beyinlərə. Onun qaladığı Ocaq Ruhani türkçülük toxumu cücərdir ürəklərdə.
Bu gün «Körpü» qəzetinin qonağıdır Asif Ata.
Türklərin türklərlə Ruhani görüşü – Birliyi baş tutsaydı, Dünyamız başqa Dünya olardı. Zərdüşt İşığı qaranlıqları yarardı. Babək yenilməzliyi mütiliyi yenərdi, Dədə Qorqud Ağsaqqallığı Hərcayiliyə qənim kəsilərdi, Hürufi İnsaniliyi Antiinsani Cəhaləti qovardı, Füzuli Eşqi Şəhvəti sındırardı, Muğam ehtizazı həqarəti susdurardı, Saz Cuşu Mənəvi buzları əridərdi – Dünya Dəllala, Siyasətbaza, Riyakara, Fitnəkara qalmazdı – Qərb özü durulardı.
Dönüklüyün, minsifətliyin, əqidəsizliyin, ləyaqətsizliyin tüğyan etdiyi Bugündə Türk mərdliyi, birsifətliyi, inamı, etiqadı, bütövlüyü Dünyaya gərəkdir: Türk özünü itirməsə, dünya ondan çox şey öyrənər.
Müasir Türkiyənin iqtisadi möcüzəsindən danışırlar. Mən türk mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə inanıram: müasir dünyanın itirdiyi mənəvi ləyaqətə güvənirəm. Türk ruhu çatışmır Dünyaya: namərdlik – satqınlıq-çeviklik adıyla haylanır; əxlaq lağa qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır Dünya; Türkün çiyninə ağır Yük düşür. Türkün bu yükdən xəbəri yox, – Türk dünyanın arxasınca Uçuruma tələsir.
Türk türklə vaxtında görüşə bilsəydi, birləşə bilsəydi, Cəlaləddin Rumilər, Nəimilər, Nəsimilər, Füzulilər Birliyi yaranacaqdı – Müqəddəs İnam səviyyəsində – Dünyaya gərək olan.
Türk Türklə birləşsəydi, Türk Dünyası yaranacaqdı – Halal, Mətin, Vüqarlı…
Türkçülük carçıları Avropa İşığında qaranlıqdan çıxmağa çağırdılar; ancaq Avropalaşma özü Qaranlıq oldu, indi Türklər ondan çıxa bilmirlər və son vaxtlar ona ehtirasla qovuşurlar…
Türk Kapitalizminə inanmıram, türk Morqanına, Forduna, Rotşildinə inanmıram, – Türk Həmzəsinə inanmadığım kimi. Mənə elə gəlir ki, Həmzə ermənidir…
Türk Türklə birləşsəydi – Türk dünyada bu dərəcədə, bu səviyyədə Təklənməzdi; Türk Türkə əl qaldırmazdı; «şiə-sünnü» türkləri yaranmazdı, vüqarlı Türk qoltuğa alışmazdı. Türk türklə özgə dilində danışmazdı, miskin yağılar azğınlaşmazdı.
Qoy «Körpü» Türk Birliyinə çağırsın, bu bizə və dünyaya çox lazımdır.
Türk Dünyası Mütləqə İnam əsasında birləşməlidir.
Türk özünün İnam yaratmaq, peyğəmbər yetirmək haqqına çatmalıdır.
Mütləqə İnam – Dünyanın dünyadan artıq Mütləq Mənasına İnam deməkdir.
Mütləqə İnamda – Dünya öz Mənasından yaranır, həmin məna Əzəlidir, Əbədidir, Sonsuzdur, Mütləqdir.
Dünyada nə varsa, həmin Mənanın Təzahürüdür. Təzahür Mənaya bərabər deyil. O nisbidir – yəni Natamdır, Keçicidir, Sonludur, Qeyri-kamildir.
İnam – keçici, natam, sonlu, qeyri-kamil Təzahürün arxasındakı Mütləqi – yəni Əzəli, Əbədi, Sonsuz, Kamil mənanı görür.
O, həm də İnsanları nisbiylə barışmamağa çağırır…
Həmin barışmadan İnsan Yoxluq əldə edib: Nisbi Ədalət – əslində Ədalətin Yoxluğudur; Nisbi Həqiqət – əslində Həqiqətin Yoxluğudur, Nisbi Xeyir – əslində Xeyirin Yoxluğudur; Nisbi Dostluq – Dostluğun Yoxluğudur; Nisbi Sevgi – Sevginin Yoxluğudur…
MƏQSƏD – MÜTLƏQƏ ÇATMAQDIR: Mütləq Ədalətə, Mütləq Həqiqətə, Mütləq Xeyirə, Mütləq Dostluğa, Sevgiyə və s.
İnsan Mütləqləşməli, daxilindəki naqisliklərlə döyüşməli, saflaşmalı, kamilləşməlidir: bu onun öz qarşısında borcudur; o, Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə yetməlidir.
Mütləqə İnam – İnsanlaşma Etiqadı – türk Elində yaranmış İnamdır, Türkləri birləşdirən İnamdır, Türkün Dünyaya Müqəddəs Sözüdür – Türkün Dünyaya yararlığıdır.
Türk Dünyası İnsani Birlik əsasında birləşməlidir: həm sosializmi, həm də kapitalizmi rədd eləyən birlik İdealı əsasında: – Zəhmətkeş mülkiyyəti – mülkiyyətin Dövlətdən və Kapitalistdən, Sahibkardan alınıb zəhmətkeşə verilməsi; Fərdi Özünüidarə – İnam, İdrak, Mənəviyyat, İradə azadlığı, Ağalığın Atalıqla əvəz olunması; İmtiyazsız başçılıq əsasında.
Nəhayət, türklər Özümlü Şərq ideyası əsasında birləşməlidir.
Şərqin Özünə qayıtması, təqlidçilikdən qurtarması, öz əzəli ruhani mahiyyətini bərpa etməsi öyrənmək səyindən – öyrətmək nüfuzuna yüksəlməsi, Hərcayi Dünyanı müqəddəslik suyunda təmizləmək iqtidarına yiyələnməsi əsasında.
ATANIN AZADLIQ CARI
Atanın Azadlıq carı Mitinqlərdən eşidilmir, Sovetlər sessiyasından eşidilmir, ancaq Ocaqda eşidilir, çap olunan və olunmayan Yazılarda eşidilir, Fikir Evində eşidilir, Görüşlərdə, Ruhani Kitablarda eşidilir.
Atanın elə bir Əməli yoxdur ki, orada Azadlıq carı səslənməsin.
Filosofluğum, tənqidçiliyim, müəllimliyim də, 60-cı illərdən başlayan Totalitarizm, Marksizm, Kommunizm Zülmünə qarşı döyüşüm də, Təqibli Günlərim, Müqəddəsatım, Evladlarım – nəyim varsa, hamısı mahiyyətcə Azadlıq carıdır.
Mitinqin Mitinq səviyyəsi var, Məbədin Məbəd səviyyəsi – Atanın Azadlıq carı Müqəddəs Məbəd səviyyəsindədir: ondan hamıya İşıq düşür.
Yerin Mənası Göydədir – əslində Xilası da elə Göydədir.
XALQ FƏLAKƏTDƏ KİÇİLMƏSİN
Bu gün biz Sosializmdən Kapitalizmə qayıdırıq.
Bir uçurumdan çıxıb – başqa uçuruma düşürük.
Adamlarda pulçuluq, Ağalıq – əslində Yırtıcılıq Duyğularını alışdırırlar. Dövlət istismarı təzədən Sahibkar istismarıyla əvəz olunur.
Bazar İqtisadiyyatı adıyla xalqı təzə milyonçuların əsarətinə salırlar.
Dəllallıq az qala mənəvi ölçüyə çevrilir: insana münasibətlərin təzə təməlini – mənfəətçilik özülünü yaradırlar.
Siyasətbazlıq – müdrikliyi əvəz eləyir; idealsızlıq – yetkinlik sayılır.
SSRİ ləğv olunur – əvəzinə Rusiya imperiyası möhkəmlənir – Yeltsinşina Dəyənəyi yaranır – Xalqların başına dəyəcək.
Vicdan azadlığı pərdəsi altında Cəfəngiyyat, Xurafat, Avamlıq zəncirinə bağlayırlar adamları.
Qıvrılıb yatmış görünən ilanlar baş qaldırıb camaatı çalır.
Riyakarlıq baş alıb gedir: kommunistlər «fanatikcəsinə» antikommunistləşirlər, ateistlər «fanatikcəsinə» dindarlaşırlar…
Dünya erməni havası çalır.
Demokratiya zəngin Köpük yaradıb, Köpük aləmi tutub, «böyüklər» əlindən tərpənmək olmur.
Partiya rəhbəri partiyanı yetkincəsinə satır və bundan iyrənən yoxdur, siyasi çevikliyə heyran qalanlar var…
Maddi böhran o qədər dəhşətlidir ki, ruhani iflas görünmür.
Xalqı ağır günlər gözləyir.
Ata əlindən gələni eləyir ki, xalq fəlakətdə kiçilməsin, böyüsün.
DÖYÜŞ HƏLƏ BAŞLANMAYIB –BAŞLANMALIDIR
Ermənilər üçün «Böyük Ermənistan» ideyası indiki vəziyyətdə Məqsəd deyil – vasitədir… – Qəsd vasitəsi; kimdənsə nəsə qopartmaq istəyi. Qarabağın azğıncasına, həyasızcasına zəbtini Tarixi Missiya biçimində həyata keçirirlər; quldurluğu «ülviləşdirirlər».
Həmçinin erməni diasporası Qəsd işi üçün pullarını əsirgəmir və bunu yenə də Müqəddəs Məqsədə xidmət kimi qələmə verir.
Həmçinin «Yazıq erməni» ideyası da humanizm pərdəsi altında Qəsdə bəraət qazandırır.
Bir sözlə, murdar əxlaqsızlıq tüğyan edir və bu baxımdan erməniylə döyüş – həm də əxlaq, insani ləyaqət uğrunda döyüşdür.
Erməni həm də köhnə müsəlman «geriliyi»nə, «zəifliyi»nə bel bağlayırdı: öz «Aliliyi»ni və azərbaycanlının «Adiliyi»ni xəyalında cəfəngcəsinə uydurmuşdu: deyəsən hələ də buna inanır.
Qarabağ uğrunda döyüş hələ başlanmayıb – başlanmalıdır.
MÜNAQİŞƏLƏR, MƏNBƏLƏR, NİCAT YOLU
Parlamentçilik – özü elə münaqişədir. Parlamentçilik vasitəsiylə milli birliyimiz yaranmayacaq.
Prezident seçkiləri özü elə münaqişədir.
Sosializmdən kapitalizmə keçid dövründə daxili münaqişələrin aradan qaldırılmasına inanmıram.
Kapitalizm aradan qalxmayınca daxili münaqişələr azalmayacaq – artacaq.
Bazar İqtisadiyyatı – amansız rəqabət deməkdir: – münaqişə mənbəyidir.
Mütləqə İnam bərqərar olanda, İnsani birlik ideyası təsdiq olunanda, İnsanlaşma öz bəhrəsini verəndə, Yurdumuz əsl Müstəqilliyə çatanda, Şərq özümləşəndə – daxili münaqişələr zərərsizləşəcək.
TÜRKDƏN QORXU TÜRKƏ BÖHTAN YARATDI
Azərbaycan xalqı – Görünəndən artıqdır.
Onun Şərqiliyi də ölməyib, Türklüyü də.
Sönməyən közü Alışdırmaq gərək.
Vətən bizim ölməzliyimizdir. Onu qorumasaq, ölərik.
Rusiya İmperiyasının qorxduğu bir qüvvə vardı – Türklər.
SSRİ İmperiyasının qorxduğu bir qüvvə vardı – Türklər.
Qərbin qorxduğu bir qüvvə var – Türklər.
Qorxu Böhtan yaratdı – «Türk vəhşiliyi» böhtanı.
Türkün mədəniliyini dandılar, mərdliyini avamlıq kimi, sərtliyini qəddarlıq kimi qələmə verdilər, yaradıcı dühasını inkar etdilər.
İndi də türkdən qorxurlar, bu səbəbdən də onu təkləyirlər.
Dünya Ağaları Türkü sevmir; – Türkün Ağaları taxtdan salmasından qorxur.
MÜSTƏQİLLİK NƏDİR?
Azərbaycanın siyasi müstəqilliyi:
1) SSRİ-dən tam azad olmaq deməkdir.
2) Qərb təzyiqindən azad olmaq deməkdir.
3) Kapitalizmdən azad olmaq deməkdir.
4) Rusiya təzyiqindən azad olmaq deməkdir.
5) Xurafatdan azad olmaq deməkdir.
6) Cənubi Azərbaycanla birləşmək deməkdir.
Biz hələlik Müstəqillik Yoluna düşmüşük, Yolu hələ getməmişik.
İNSANİLİK QƏLƏBƏSİ
Mən İnsanın daxilində yaşayan, Zamandan, Şəraitdən, Mühitdən asılı olmayan mənaya inanıram; Dövran Türkçülüyümüzü əlimizdən ala bilmədi; bu, İnsanilik Qələbəsidir: Zaman bizə Zülm elədi, ancaq bizi özümüzdən eləyə bilmədi.
AMALIN SONU YOXDUR…
Mənim üçün Son yoxdur – Sonsuz var; Sonluq yoxdur – Sonsuzluq var; Nisbi yoxdur – Mütləq var; Keçici yoxdur – Əbədi var…
Mənim üçün Var olan – qurtarmır, Bitmir, Tükənmir…
Mənim üçün Şər Var olmur, çünki Şərin özü yoxdur – Şər Xeyirin Yoxluğudur. Ona görə də Sözümüz qurtarmır.
Amalın sonu yoxdur…
Qoy «Körpü» Türkçülük ləyaqətini Təmsil eləsin – Fədakarcasına, Müdrik, Vüqarlı.
Önsözün müəllifi və Atanın söhbətdaşı: Qəşəm İLQAR
2 Yağış ayı, 12-ci il.
(Noyabr, 1991).