Xəbərlər

“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü

Inam3Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.

Azərbaycanda da yurddaşlarımızın yaşamı, mübarizəsi gündən-günə ağırlaşmaqda, necə deyərlər, mümkünsüz olmaqdadır. Bütövlükdə toplum mənəvi-fiziki yoxolmaya doğru sürüklənir. Fiziki yaşamağın nə qədər çətin olmasını hər kəs (çoxluq etibarilə) öz həyatında görür. Mənəvi yaşamağın çətinliyi isə nisbətən çətin dərk olunur. Artıq insanlar milli-mənəvi varlığımız uğrunda deyil, fiziki yaşamaq, bioloji həyat uğrunda mübarizə edirlər.

Asif Atanın Mütləqə İnam Ocağı isə bütün bəlaların səbəbini bəşəriyyətin mənəvi-ruhani çöküşü ilə bağlayır və mübarizəsini də bu çöküşə qarşı çağrışıyla həyata keçirir. Ayrı-ayrı Ocaqçılar yurdumuzu bölgə-bölgə gəzib, yaxud çoxsaylı insanlarla fərdi görüşlər keçirib İnsanlaşma harayı çəkirlər… İnsanlar arasında inamsızlıq, ümidsizlik gündən-günə artsa da, bu, Ocaq insanlarının mübarizə istəklərinə kölgə salmır. Onlar daşıdıqları Amalın ideyalarında İnsanlığın xilasını görürlər və dərk edirlər.

 Mütləqə İnam Ocağının Evladları bu ideyaları özündə əks etdirən çoxsaylı ədəbiyyatlar hazırlayır və bu ədəbiyyatları təmənnasız olaraq yurdumuzun hər yerində insanlarımıza paylayırlar. Bütün bu işlərin nə qədər çətin olduğunu ancaq yaşayanlar təsəvvür edə bilərlər. Bu böyük fədakarlığın arxasında yalnız millət sevgisi, vətən sevgisi və insan sevgisi dayanır. Belə bir çətin vaxtda, heç bir yerdən əlavə gəliri olmayan Ocaq Evladları üçün ailənin boğazından kəsmək, sizə, istəkli soydaşlarımız, ümid verməli və mübarizə örnəyi olmalıdır…

Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı Atanın ömrünü, ideyalarını, mübarizəsini yığcam şəkildə ifadə edən “Türkdən Başlayan Yeni Bəşər İnamı” adlı kitabı ərsəyə gətirmişdir. Bundan öncə “İnamın Gəlişi” adlı kitab və qəzet biçimli “Özəl Buraxılışlar” da çap edilib yayılmışdır. Bu kitabda İnamın ideya-prinsipləri həm Azərbaycan, həm də Türkiyə türkcəsində hazırlanmışdır. Məqsəd kitabın müəyyən sayda nüsxələrini Türkiyəyə aparmaq və ayrı-ayrı ünvanlarda yaymaqdır. Türkdən başlayan Yeni İnamın Türk Dünyasında öyrənilməsi qaçılmazdır. Öyrənmək və düşünmək vaxtıdır.

Kitab həm də yurdumuzda yayımlanacaq.

İstəkli yurddaşlarımız, biz əlimizdən gələni edirik, siz də əlinizdən gələni qismən eləyin,  – öyrənin və düşünün!

Atamız Var olsun!

 

Qürub Ayı, 36-cı il.

(avqust, 2014.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir