Xəbərlər

“Ulufərəh”, “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü” toplantısındakı çıxışlar

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “Ulufərəh”, “Uluyol-Hünər” Ailələrinin
birgə “Ailə Günü” toplantısındakı çıxışlar

Ocaq Günsırası ilə 27 İşıq Ayı, 39-cu ildə (may, 2017) “Ulufərəh”, “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetiriləndən sonra Nurtəkin Atalı Ataya səcdəylə düşüncələrini bölüşdü: Özüm üçün önəmli olan bir olayı bölüşmək istəyirəm. Bu ay mənim Ocağa gəlişimin 21 ili tamam oldu. Hər il ruhsal illərimə görə hesabat yazırdım. Bu il hesabat yazmadım. Ancaq ümumi onu demək istəyirəm, hər il artdığımı, hər ilin mənim üçün nə qədər önəmli olduğunu, nə qədər olaylarla dolu olduğunu, nə qədər zənginləşdiyini görürəm. Hər il öz yerimi daha aydın görürəm. Ocaqçıları daha aydın görürəm. Hər il hesabatımda vurğulayırdım, Soylu mənim ruhsal öyrətmənim olub. Ata mənə bu Yolu, İdeyanı verib, Soylu Atalı mənə bu yolla yeriməyi öyrədib. Bu mənim hər dəfə içdən yaşadığım, sevindiyim bir haldır. Soylu Atalının sayəsində Atanı görə bildim. Ataya qovuşa bildim.
Bu aykı oxumalarım haqda bölüşmək istəyirəm. Bu ay mən “Bilqamıs” dastanını oxudum. “Bilqamıs” dastanı hesab eləyirəm, hər bir türk ailəsində oxunmalı bir dastandır. Yəqin ümumi məğzi haqda bilirsiniz. Kitabda türkün xarakterini, ruhsal halını gördüm. Dastanda belə bir yer var: Bilqamıs Sidr meşələrinə Humbabanı öldürməyə gedir. Bu zaman anasının Şamaşa üz tutaraq dediyi sözlər maraqlıdır:

Niyə bir oğul verdin mənə sən Bilqamıstək,
Niyə onun köksünə qoydun narahat ürək.
Oyatmasın yerindən, o, yoldan qalmayacaq,
Humbabanın dalınca çətin yola gedəcək.
Heç bələd olmadığı bir savaşa girəcək,
Heç bələd olmadığı bir yol ilə gedəcək.
Nə qədər ki, gedəcək, geriyə dönməyəcək,
Necə ki, o çatmayıb Sidr meşələrinə,
O zalım Humbabanı necə ki, məhv etməyib,
Yer üzündən necə ki, şər qüvvəni silməyib,
Vaxtın yetişdiyini agah etdiyin zaman.

Burada bir ananın rahatsız duyğuları var. Doğrudan da, ailədə heç kim övladını böyütmür, sən millət üçün vuruş.
Burda bir türk xarakteri var. Şərlə döyüşə getmək əzmi. Həm də Ocaqçı ömrü ilə bağlılıq gördüm.
Albert Kamyunun “Yad” əsərini oxudum. Əsərin qəhrəmanı üçün həyat da adidir, admalar da. Arzular gərəksizdir. Arzular ona görə gərəksizləşir, arzun varsa, ona doğru can atmalısan, döyüşməlisən. Arzu gərəksizdirsə, yoxdursa, döyüşmək də gərəksizdir.
Əsərin qəhrəmanı üçün yaşamaq, nəyisə arzulamaq – bədənə bağlıdır. Ötəri sevgi, dənizdən ləzzət almaq da bədənin aldığı həzdir. Ruhun gözü bağlanıb, ruh kordur. Ona görə də vətəndən uzaqda yaşayan adamın əsər boyu bir dəfə də vətən həsrəti adında duyğusu görünmür. Anası ona yad adamdır. Analıq, Evladlıq kimi doğma, ruhsal münasibətlərin aliliyi ona yaddır. Ailə olsunmu, olmasınmı – bunun da anlamı yoxdur.
“Yad” əsərində insanın dünyaya gəlməsiylə dünyadan getməsi arasında fərq yoxdur. Dünyaya gəlib yaşamağın anlamı yoxdursa, ölüm də anlamsız olur. “İnsan dünyaya niyə gəlir?” sualını insan öz qarşısına qoyanda axtarışlar onu həqiqətə yönəldir. Əgər sual yoxdursa, axtarış da yoxdur. Əgər həyat dəyərsizdirsə, yaşamağa dəyməz. Əgər insanlar dəyərsizdirsə, onlardan ayrılmaq, ya görüşmək – doğma, həyəcanlı duyğular yaratmaz. Onların varlığı ilə yoxluğu arasında fərq insanı düşündürməz.
Millətsiz, vətənsiz, ruhsuz adamalrın həyatı faciəvidir. Əsərdə bu faciəvilik görünür.
İnsanın özüylə doğmalaşması. İnsan o zaman özüylə doğmalaşır ki, ruhunu yaradır. İnam, İdrak, Mənəviyyat, İradə yetkinləşirsə, qüsurlarla döyüşürsə, özümlüyünü təsdiq edir, onun fərəhi ilə yaşayır.
Birey olaraq özünü təsdiq etməsi insanı millət haqqında düşündürür. İnsanlıqla milli kimlik arasında bağlılığı yaşamaq aqibətin qurulmasıdır. Millətinin keçmişi və gələcəyi ilə yaşamayan insanın ömrü dəyərsizləşir. Çünkü İnsanın istedadı, qabiliyyəti, əməyi, özündənkeçməsi, ümumən insani cəhətləri millətdə toplanıb əbədiləşir.
Əsərin qəhrəmanı dünyada özünü sanki çöldəki qum dənəciyi kimi görür. Harda, kiminlə olması, nəyi hiss edib-etməməsi onu rahatsız etmir. Qum dənəciyi kimi də yox olur. Obrazlı desək, qum dənəcikləri birləşib daş əmələ gətirəndə bütövlük alınır. Necə ki, bireylər birlikdə millət anlamına yetir. Daşlar dağa çevriləndə mahiyyəti də böyüyür. Necə ki, bəşərdə millətlərin birliyi gərəkdir. Bu vəhdəti hər insan ömründə yaşamalı, milli, bəşəri aqibətini qurmalıdır.

Atanın “Özümlük-Özgəlik” kitabını oxuyuram. Bitirməmişəm. Ocaq yönündə də işlər görürəm. Keçən ay tədbir kitablaşdırmışam. Saytla bağlı işlər görürəm. Söhbətlərimi artırmışam. Bəlli uğurlar da var.
Bu ay içindəki fərəhimi sizinlə bölüşdüm. Sözüm bu qədər.

Atamız Var olsun!

Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.):

Mənim üçün Ocaq tədbirinin evimizdə keçirilməsi çox xoşdur.
Ay içində sistemli əməlim olmayıb. Ocaq yönündə söhbətlərim isə olub. Elə bir ortamda yaşayırıq, insanlar zahirən özlərini Ocaq ortamına uzaq göstərməyə çalışırlar. Ancaq onların hər birinin Atanın dediyi sözə ehtiyacı var. Hər kəs istəyir ona qarşı hamı ədalətli olsun, doğma olsun. Özü olmasa belə, özünə qarşı o yanaşmanı istəyir. Ancaq özü bunun üçün addım atmır. İnsan dünyaya bir dəfə gəlir. Bu ömür elə bir ömür olmalıdır, hər kəs bu ömürdən bəhrələnə bilsin. Adi ömrü hər kəs yaşamağı bacarır. Ancaq elə bir ömür yaşamaq gərəkdir, o ömürdən başqaları da işıq götürsün. Bu yöndə ruhsal söhbətlərim olub. Bəzən evdə də gəlib hiddətimi boşalda bilmirəm. Sosial şəbəkələrdə insanların çox adi şeylərə inamlarından istifadə eləyirlər. Dinə özgün nəsə paylaşırlar. Hər kəs bundan möhkəm yapışır. Özü də onun mahiyyətinə yetmədən. Bircə onu hiss eləyirəm, insanlarla söhbət elədikcə, elə-belə adi məişət söhbətində, onunla heç bir doğmalıq, birlik yaranmır. Ancaq bir az insanilikdən, Atadan danışırsan, görürsən onun da içində nəsə tərpəniş var. O da özünü ifadə eləmək istəyir. Ata deyir, xalq bizi gözləməyən görünür, ancaq bizi gözləyir. Buna mən hər addımda rastlaşıram.
Qarşıda səfərimiz, bayramımız var. Özümü ona kökləyirəm. Atamız Var olsun!

Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T.A.): Adamlar o qədər inamsızlaşıb, ruhsuzlaşıb, ömür aktyorcasına yaşanır.
Balacalığa enmələrim, özümü aldatmalarım var. Bununla belə, balaca mühitlərdə özümü ora uyğunlaşdırmağım, davranışımı, sözümü ora görə hesablamağım, demək olar, olmur. Ancaq halım, düşüncələrim yetgin olmadığına görə adamlarla ünsiyyəti azaltmışam.
Amallaşmam hələ iki yöndə olur. Bir amal biliyimi genişləndirmək, bir də hesabat hazırlamaq məqsədilə. Amallaşdıqca içimdəki rahatsızlıqlar aydınlaşır, suallara cavab tapıram. Ancaq məni düşündürən suallara görə ayrıca amallaşmaya üz tutmamışam hələ. Ocaqla başqa ideologiyaların, dinlərin fərqini tutuşdurmalarla öyrənmək üçün amallaşmıram. Hamı kimi əsasən içimlə yox, çölümlə döyüşürəm. Özümü görməyim, ruhuma hakim kəsilən qüsurları qırağa qoymağım olmayıb. Ancaq demək olar, hər gün ciddi şəkildə düşündüyüm bir şey var. Var olmaq üçün çaba göstərmək, özünə nəzarətə daim diqqəti artırmaq. Hamının ölü kimi yaşadığı halda, Ocaqçının diriliyi necə də önəmlidir. Bunu yaratmaq üçün özünə inam gərəkdir. Nurtəkin Atalı deyir, “Mənə qarşı ola-ola məni yox edirlər. Yox olmamaq üçün Amala bağlanmalı, Amalla yaşamalı, Amalı yaşatmalı”.
Ailəmizin ilk adı Uluyol olub. Həyatdakılar bu gün üçün yaşayır, bu günə söz deyir. Ailəmiz illərdir Ocağın sözünü sabaha deyir. Ocağı yaşatmaq üçün göstərilən əməllərə, hünərlərə görə Ocaq Yükümlüsü Ailəyə Uluyol-Hünər adı verdi.
Ocaq işlərində özümə uyğun qatqım olsa da, xalqlaşma əməlində hələ də axsayıram. Bu axsamanı Amala bağlılığımla aradan qaldıracağıma güvənirəm.

Atamız Var olsun!

 

Ayaz bəy: Tədbirdən öncə Atanı oxuyurdum Nəsimiliklə bağlı. Ata Nəsimi haqda Nəsimiyə layiq yazıb. Füzuli haqda Füzuliyə layiq yazıb. Zərin qədrini zərgər bilir. Atanı oxuyanda fikirləşirsən, içdən nə qədər əziyyət çəkir. Ancaq o əziyyət onun sevincidir. Həmin o əziyyətlə, yanmağıyla xoşbəxtdir əslində. Ancaq belə bir mühitin içində üç-beş adam tapsaydı daha gözəl olardı. Mən fikirləşmişəm, hər zaman Asif Atanın ziyarətinə getmək olar. Belə insanı, ümumiyyətlə, Azərbaycan tanımalıdır. Ancaq Azərbaycan gərək olmayan adamları tanıyır. O adamlar da toplumun hissiyilə, mənəviyyatıyla oynayırlar. Asif Atanın harayı İnsanlığın harayıdır. Nəsiminin, Babəkin harayıdır. Ata Nəsimi haqda deyir, ən böyük alimlik aşiqlikdir. İnsan Atanın dediyi o böyüklüyə heç olmasa yaxınlaşanda, sözsüz, o fərəhli olur, insansevər olur. Ata nə yazıbsa, hamısını yaşayıb. Atanın yazdıqlarının içərisində belə bir böyüklük var. Ruhu şairdir onun. O böyük şair ola bilərdi. Ancaq böyük filosof oldu. Böyük bir öndər oldu. Bəşərə yön vermək yükünün altına girdi. Ona görə də Atanı tanımaq gərəkdir. Sağ olun.

Soylu Atalı (Ataya səcdə edib, bayrağı öpür – T. A.): Ocaq toplantılarının çox prinsipial özəllikləri var. Bu özəllikləri ifadə eləmək, yaşamaq hər bir insandan qırım tələb eləyir. Ruhaniyyatın öz qırımı olur, siyasətin öz qırımı. Mən Azərbaycanın çağdaş dövründə nə ruhaniyyatda (ruhaniyyat deyərkən elə Asif Atanın ruhaniyyatını qəsd eləyirəm), nə siyasətdə qırım görmürəm. Ona görə bütün çalışmaların hamısı standartlaşır, qəlibləşir. Ancaq Asif Atanın işi qəlib məsələsi deyil. Qəlibdən qırağa çıxır. Bir az aydınlıq gətirmək istəyirəm dediyimə. Siyasi partiyalar var, onların öndərləri var. Onlar o qədər ehtiyatlı, qorxa-qorxa danışırlar, adam dəhşətə gəlir. Niyə qorxa-qorxa danışırlar? Çünkü onların çalışmaları üçün qəlib hazırlanır: Belə danışmalısan, belə mitinq keçirməlisən. Əgər bu dediklərindən qırağa çıxdınsa, tutuqlanırsan. Onda sənə avantürist damğası vurulur. Onda deyirlər, sən aranı qatırsan. Sən toplumun normal yaşamasına əngəl olursan… Bunu dünyanı oyuncağa çevirənlər bəlirləyir. Nə yazıqlar, bu qəlibdən qırağa çıxmaq istəyən yoxdur. Standart çabalar var. Azərbaycandan qıraqda da əsasən belədir. Hakimiyyətə gəlmək üçün mitinq keçirməlisən. Topluma söz deməlisən. Toplumu çağırıb nəyəsə inandırmalısan. Özünün də xeyli pulun olmalıdır, bu toplantıları keçirə biləsən. Böyük biznesin olmalıdır. Sənin ağlının, qəlbinin ruhani qüdrəti heç kimə gərək deyil. Sən siyasətin standart tələblərini bilməlisən. Belə standartlar var.
Asif Ata hələ sovetlərin çağladığı bir zamanda ayağa durdu, nə siyasətdə, nə ruhaniyyatda, nə heç yerdə insana süni standart yaratmaq olmaz dedi. İnsan şərə qarşı, dünyanın azğın, pozğun gedişinə qarşı hayqırmalıdır. Elə-belə quru etiraz olmamalıdır. Mən etiraz eləyəcəm, sən də mənim cibimə nəşə atacaqsan?!


İnsan şəri vurmaq üçün hayqırmalıdır. Bundan ötrü Asif Ata Ocaq yaratdı. Ocaq yaratdı, bu cür düşünən insanlar yetişdirmək üçün. Qəlibdən qırağa çıxmağı bacaran insanlar yetişdirmək üçün. O insanlar məktəbə çevrilsin, xalqın içindən siyasət meydanına çıxanları bu prinsplə böyütsün. Bundan ötrü nə gərək? Bunları nə üçün eləyirsən? – Millətləşmə gərəkdir. Bunu biz də deyirik, siyasi partiyalar da. Başqa kəsimlər də deyir millətləşmə gərəkdir. Ancaq bunların hər birindən soruşuram, millətləşmə deyəndə nəyi nəzərdə tutursan? Asif Atanın dediyi millətləşmə məsələsi başqalarının dediyindən kəskin fərqlənir. Mən çox ciddiyyətlə izləyirəm, fərqinə varıram belə şeylərin. İnanın, heç kimi aşağılamaq ağlımdan keçmir. Millətləşmə deyəndə o nəzərdə tutulur, millət aktiv olsun, onun qabağına keçənin dalınca gəlsin, onu hakimiyyətə gətirsin. Başqa şeylər deyə bilərsən. Ancaq əməl, yön, tələb budur. Milli dəyəri də soruşanda, ən yaxşı halda, Rəsulzadəni deyirlər. Məhəmməd Əmin Rəsulzadə milli dəyərin balaca bir parçaısıdır. M.Ə. Rəsulzadəni mən sevirəm. Ancaq sən M.Ə. Rəsulzadəylə millətləşə bilməzsən. Millətləşmə siyasi proses deyil. Hələ mən demirəm, onun siyasi əqidəsində hansı qüsurlar var. Asif Ata millətləşmədən öncə İnsanlaşma deyir. Azərbaycanda bir adam göstərin mənə desin, insanlaşma gərəkdir, özü də onun dalınca getsin. Çağırırsan, beş adam gəlir. Necə millətləşə bilərsən? Ona görə Asif Ata deyir, insan özünün bütün içsəl imkanlarını üzə çıxarmaq üçün yaşamalıdır, böyük çabalar göstərməlidir. Əgər o özünün içsəl imkanlarını üzə çıxarmayacaqsa, onun çığırtısı, bağırtısı iş görməyəcək. Boğazdan yuxarı olacaq.
İnsanlara bədii etki göstərməli deyil bu deyilənlər. Bu dəhşətli bir mücadilədir, eyni halda, özüylə döyüşməkdir, yeri-göyü titrətməkdir.
Mən hər gün oxuyuram, hər gün düşünürəm, hər gün yazıram. Hər gün olmasa da, hər həftə görüşlərimi artırmağa çalışıram. Mənim içimdə o tələb oturub. Asif Ata məni o tələbə yönəldib. Millətləşmək üçün gərək insanın nəyə qadir olduğunu bilək. İnsanı sən balaca cırtdana döndəribsən, pişiyə döndəribsən. O, nəyə qadir ola bilər, necə var elə qalacaqsa?!
Ən yaxşı halda, dünyanın başında duranların ortaya gətirdiyi prinspləri mənimsəyirlər. Filan şey doğru deyil? Nə doğrudur bəs onda? Nə qədər durub deyim, bu hakimiyyət filan şeyi düz eləmir? Bəs nəyi düz eləmir, düz eləyən hanı? Yoxdur axı. Düz eləyəni harda yaratdın, harda qurdun? Ayaqlarından tutub silkələyirsən, canından, qanından qüsurlar tökülür. Harda böyüdübsən düz deyən insanı?!


Millətləşmənin canı İnsanlaşmadır. O insanı yarat. İnsana siyasi söz öyrət demirəm, Yarat deyirəm. Təcrübə öyrət demirəm. Təcrübəli, ağıllı insan mənim dediyim insan deyil. O ağıllı, təcrübəli insanın ipinin üstünə odun yığa bilmirəm. Dövlətləşməni, millətləşməni ona etibar eləyə bilmirəm. Çünkü onun içində satılmaq, satmaq imkanı güclüdür. Faciəvi şəkildə xəyanət eləmək gələnəyi güclüdür. Dünyanın gedişi xəyanətkarlar hazırlayır. Obrazlı desək, güclü xəyanətkarlar hazırlayır, qüdrətli qurucular yox. Asif Ata qurucu insan yetirmək istəyir. Bəs harda qurulacaqsan? – Mən hesab eləyirəm, bu Bayrağın altında qurulacaqsan. Söz də belə bir qırımlı ömürdən doğur, qırımlı ömrü ifadə eləyir.
Ruhaniyyatın qırımı nədir? – Həqiqətlə dolmaq, həqiqəti ən uca səslə haraylamaq. Heç nədən çəkinmədən, qorxmadan. Bəs siyasətin qırımı nədir? – Düşünürəm, siyasətin qırımı hakmiyyətə gəlmək üçün standart çalışmaq əməli deyil. Heç əslində hakmiyyətə gələndən sonra da, gələnin qırımı yoxdur. Məgər Azərbaycan hakimiyyətinin qırımı var? Qırımı yoxdur. Zoru var, kobudluğu var. Qırım ayrı şeydir. Qırım mənəviyyatın gücüdür. Ona görə də dövlətləşmə, milləti yaratmaq, öz dəyərlərini ona tanıtmaq, dəyər yaratmaq gələnəyinə yönəltmək, bunları qorumaq üçün siyasi güc formalaşdırmaq, siyasi qoruyuculuq formalaşdırmaq gərəkdir. Dövlətləşmə odur. Xalqı yaratmaq. Əgər xalq yoxdursa, içəridən güclü, təpərli, özünü qanan, dərk eləyən xalq yaranmayıbsa, dövlətləşmə baş tutmayacaq. Dövlət zor aparatı olacaq yalnız. Dövlətləşmə bərabərdir xalqlaşmaya…
Mən bir dostumuzla söhbət eləyirdim. Deyir, filankəs filologiya üzrə fəlsəfə doktorudur. Fizika, kimya üzrə fəlsəfə doktorudur. Deyirəm, bu nədir görəsən? Kimin ağlına gəlib belə bir şey? Fizika üzrə fəlsəfə doktoru nə deməkdir? Sonra fizika doktoru olursan. Bilirsənmi, çağımızda həyatımızın bütün sahələri ancaq effekt xarakteri daşıyır. Hər şey bəzəkdir. Hələ dostumuz israr eləyir, elm bu qədər gəlişib. Psixologiya-filan. Deyirəm, psixologiya boş bir şeydir. Niyə boş şeydir bilirsənmi? Çünkü psixologiya adamın xarakterik quruluşunu öyrənir. İnsanın yox. Psixika sözü ruh sözündən götürülüb. Ancaq bu ruhaniyyat deyil. Bir var ruhu tədqiq eləyəsən, ruh haqda bilik əldə eləyəsən, bir var ruhu yaradasan. Mən sənə ruhu yaratmaqdan bəhs eləyirəm. Olmayan bir şey haqqında bilik əldə eləməkdən danışmıram. Ruh yaratmamısan, onun elmini yaradıbsan. Başa düşmürəm nə deməkdir bu? İndi bütün sahələrdə çoxsaylı alimlər icad eləyirlər. Bunların hamısı insanları cayıtmaq üçündür. İnsanların qüdrətinin qarşısını almaq üçündür. Qəlibdir bu. Fizika üzrə fəlsəfə doktoruyla qürrələnən adam milli qürurla formalaşa bilməz. Heç bilmir fəlsəfə nədir, ancaq kimya üzrə fəlsəfə doktorudur.
Bizə, ola bilər, elə-belə baxırlar. Kimsə gedib hansısa bir auditoriyada psixologiyadan da dərs deyə bilər, jurnalistikadan da dərs deyə bilər. Ancaq onun dərs deməsi, qarşısında oturanlara, ən yaxşı halda, bilgi verər. Onu dəyişməz. Biz xalq yaratmaqla uğraşırıq. Xalqa bilik vermək, informasiya vermək məsələsiylə uğraşmırıq. Biz deyirik xalq yaranmalıdır. Xalq insan əsasında yaranır. İnsan yaratmaqdır hədəf. Biz ixtisasçı deyilik. Bir var ixtisas üzrə mütəxəssis, bir var ruhaniyyat. Yerlə-göy qədər fərqlidir. İxtisas üzrə mütəxəssislik xalq yaratmır, insan yaratmır. Qəlib ünsürü yaradır. Mən sizə əminliklə deyirəm. Nə qədər, ruhaniyyat bərqərar olmayıb, insanın varlığına ruhaniyyat hakim deyil, sosiologiya, psixologiya, nə “logiya” heç biri xalq yaratmayacaq. Toplumun siyasi, ictimai təşkil olunması ayrı şeydir. Sürünün birgə yaşayışını təmin eləmək üçündür bunlar. Bir yerdə mənə göstərsin, yüz illərdir, bundan üstün bir şey var. Yoxdur belə şey. Mənim bütün sözümün, çıxışımın canı ona gəlir, Asif Atanı dərindən öyrənmək gərəkdir. Ocaqdan dışarıdakılara demirəm təkcə, Ocaqçılara deyirəm. O, elə-belə, sənə, mənə bayrağını öpdürmək üçün, özünü elan eləməyib. O dərdin, ağrıların içində bişib. Həmin dərddən, ağrılardan Yeni Bəşər Halı yaradıb. Ona görə burda olan, olmayan Ocaqçılar hesab eləməyin, Asif Atanın dediklərini qıraqda deyən var, elədiklərini qıraqda eləyən var. Yoxdur. Dönə-dönə bunu mən vurğu eləmişəm. Heç kimin əməyini yerə vurmuruq. Heç kimin zəhmətinə gözucu baxmırıq. Zəhmət çəkənlərə, rahatsız olanlara sağ ol deyirik. Ancaq dediyim kimi, xalq yaratma ayrı bir prosesdir. Sən səmimiyyətlə xalqın düşdüyü durumdan ağrıya bilərsən, rahatsız ola bilərsən. Ancaq xalqın bu durumdan çıxması üçün göstərdiyin çabalar üzdəkidir. Yetərsizidir. Yetərli olanı tanımaq gərəkdir. Yetərli olana tapınmaq gərəkdir. Onda qurulmaq, iş görmək, yol getmək mümkündür.
Biz bölünə-bölünə, dağıla-dağıla gedirik. Hara gedirik?! Dövlət səviyyəsində, hakimiyyət səviyyəsində varmı bunu düşünən?! Yoxdur. Ya da müxalifət səviyyəsində varmı düşünən?! Yoxdur. Müxalifətin bütün çıxışlarına qulaq asın. Bütün çıxışlar sosial problemlər üzərində qurulub. Demirəm, bunlar olmasın. Axı bu sosial ədalətsizliklərin kökü var. Kökünə heç kim toxunmur, dərinə getmir. Heç kim də mənə deməsin, onlar hakimiyyətə gələndən sonra gedəcəklər. Getməyəcəklər. Birinci özül tökülər, sonra onun üzərində quruculuq işləri gedər.
Hər dəfə mənim sizə harayladığım düşüncələrin, yaşanılan ağrıların hamısı bir şeyi hədəfləyir – biz əsilliyə getməliyik. Mübarizə əsilliyə yetməlidir. Xalqsevər, şair, yazıçı, jurnalist, tarixçi əsilliyə getməlidir. Asif Atanın harayladığı odur – Əsil ol. Heç kim sənə demir, tarixi araşdırmalarını qırağa qoy, gəl Asif Atanı araşdır. Ancaq tarixi araşdırmalarında səmimi, əsil olmağın üçün Asif Atanı dərk elə, öyrən. Onda sən öz tarixçiliyində, alimliyində, siyasi xadimliyində, Ocaqçılığında əsilləşəcəksən. Hər şeydə. Asif Atanın dediyi budur.
Ocaqçılar çox arı, duru insanlardır. Xalqın içindən gələn bu az sayda insanlar çox arıdırlar. Hamısına axıra qədər etibar eləyə bilərsən, güvənə bilərsən. O səni satmaz, dönük olmaz. Səndən oğurlamaz, sənə əyri baxmaz. Ancaq bu işin bir cəhətidir. Qırım, haray, çağırmaq, işləmək, yönəltmək, bir sözlə, əsilləşmək. Mənim bugünkü Ailə Günü toplantısında dediyim sözün əsas canı, əsilliklə bağlı çağırışdır. Sağ olun, var olun dinlədiyinizə görə. Nə qədər mən Asif Atanın işinə yönəlik tələblə danışsam da, sizi sevirəm, sizə inanıranm, güvənirəm. Xalqımızın içində az sayda sizlərin ləyaqətinin qədrini bilirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

(Bu arada Aydın Əliyev Atanı görməsindən, musiqi ilə bağlı onunla söhbət eləmələrindən danışdı. – T.A.)

 

Nurtəkin Atalı: Bizim Qutsal Oxuma bölümümüz də var. Atanın “Özüllər Özülü” Qutsal Bitiyinin Ruhaniyyat əsərindən “Ruhaniyyat-Azadlıq” bölümü.

… Azadlıq insanın İnam özümlüyüdür. İdrak Özümlüyüdür. Mənəviyat özümlüyüdür. İradə özümlüyüdür…

Soylu Atalı (oxumanın arasında oxunana yorum bildirir): Leninin inqilabı hazırlaması prosesi var. Hamınız bilirsiniz, o çar hökumətindən qaçıb gizlənmişdi. Onun gizləndiyi yerlərdən biri də Razliv gölünün qırağı olub. Razliv gölünün qırağında inqilabın prinsiplərini işləyib. O vaxtlar internet yox idi, qəzet, mətbuat geniş deyildi. Ona görə Leninin düşüncəsi, tezisi, antitezisi çox sürətlə yayılırdı. Niyə? O böyük bir şey demirdi. Sadəcə olaraq, əməkçinin, ümumiyyətlə, insanın sosial faciələrinin, problemlərin əsasını göstərirdi, ondan çıxmaq üçün devrim gərəkdir deyirdi. Devrim eləyib hakimiyyəti dəyişmək, yönətimi dəyişmək, filan. O da gizli şəkildə yayılırdı. O çağda xəfiyyələr geniş deyildi. Sadə insanlar, əsarətin əsirinə, yesirinə çevrilən insanlar, doğrudan da, qoruyurdular işi aparanları, yayanları. Məsələ bu gün olduqca mürəkkəbdir. Niyə mürəkkəbdir? Bayaq mən deyirəm, qəlibdən çıxmaq məsələsi var. (Oxuduğun hissəyə görə deyirəm onları). Bu gün ac-yalavac insanların özünə belə etibar eləmək olmur. Ac-yalavac insanın cibinə 1000 dollar qoyarlar, o, işi aparan adamın yerini də deyər, özünü də ələ verər, hər şey eləyər. Bunu siz bilirsiniz. Bu gün elə bir duruma düşmüşük. Bundan ötrü deyirəm, Atanın əsillik tələblərinə üz tutmaq gərək. O cür insanları yetişdirmək gərəkdir. Bu insanlara bel bağlayasan, etibar eləyə biləsən. Ac-yalavaca da inana bilmirsən indi.
Ancaq Leninin işi yeriyirdi. İndi internet dünyasıdır. İnternetdə sosial problemləri, yaxşını, yamanı o qədər sadalayırlar, çeynəyirlər, hər şey adiləşib. Əməkçinin, yoxsulun, ac-yalavacın qulağı yağır olub belə şeylər eşitməkdən. O artıq belə şey eşitmək istəmir. Hazır bir şey gözləyir, filan şey olsun, mən qurtulum. Ona görə deyirəm, insanlara bağımsızlıq öyrətmək gərəkdir. Bağımsızlıq nədir? İstər dünyanın, istər Azərbaycan hakimiyyətinin insan üçün cızdığı qəlibin içinə girmədən sağlam düşüncə, təfəkkür yiyəsinə çevrilmək gərəkdir. Dünyanın cızdığı yol xəritəsiylə davranmamalısan. Qurtuluşu əsaslı olaraq işləməlisən, yönləndirməlisən, dalınca getməlisən. Dalınca getmək üçün onu yetişdirəcək insanları yetirməlisən. Gör nə qədər vaxt gərəkdir bundan ötrü. Bunlar olmayınca, nə eləyirsən elə, dediklərinin, çalışdıqlarının hamısı havaya gedəcək. Gedir də. Dünyada antiinsani şəbəkələr mövcuddur. Bu şəbəkələrin içində heç nə eləmək mümkün deyil. Ona görə deyirəm, bağımsız insanlar yetişdirmək gərəkdir. Bu gün bağımsız insan yox kimidir. Hamısı qəlibdədir, etkidədir – ortalıqda olan ideoloji nizamsızlığın etkisindədir. Bağımsız düşüncə ortaya qoyulmur. Dünyanı sarsıda biləcək düşüncələr yetişmir. Onlar yetişməlidir. Onlar yetişməsə mümkün deyil nəsə eləmək. Siyasət mühitində bağırırsan, çığırırsan, ədalətsizlikləri, haqsızlıqları sayırsan. Arxanda da heç kəs yoxdur. Dağınıq üç-beş adam var. Milli qüvvə formalaşmayıb. Ona görə də gətirib cibinə bir şey tullayır, deyir sən nəşə satırsan. Yön, etki dediyimiz səpkidə olsa, bağımsız insanlar yetişsə, Milli Qüvvə formalaşsa, onu yıxmaq, doğrudan, mümkünsüz olur. Bu gün hamı bir yerdədir, həm də təkdir. Siyasi mühiti budur – hamı var, ancaq hamı təkdir. Hamı mitinqə yığılır. Orda olan insanlardan üç-beş adam bir-birinə doğmadır ayrı-ayrılıqda. Ancaq hamısı, qlobal olaraq, bir-birinə yaddır. Sadəcə olaraq, “bir an” onları bir araya gətirir. Bu, “bir an”dır axı. Ordan ayrılandan sonra sən onu baltalayırsan, o səni. Ona görə deyirəm, bağımsız insanlar yetişməlidir. Bu insanların yaratdığı Milli Qüvvə formalaşmalıdır. Ayrı cür mümkün deyil.

(Nurtəkin Atalı Qutsal oxumanı davam edir – T. A.)

 

Nurtəkin Atalı: “Azadlıq zamandan üstündür. Zaman mütləq tanımır”.

Soylu Atalı: Bayaqkı sözümə yönəlik bir məqamı qabartmaq istəyirəm. Mən psixologiya- ruh məsələsini vurğu elədim. Ata deyir, İnsanın inamı üzərində ağalıq eləmək əsarət yaradır. İnam elə bir anlayışdır, bunu tədqiq eləmək asan deyil. Hansısa elm dura bunu tədqiq eləyə. Elm bunu necə tədqiq eləyir? İnam sınırsız bir şeydir. Baxın, niyə idealistlər bütün axtarışlarında gedib Allah ideyasına dayanırlar? – Elm gerçəkliyi araşdırır, görür zəncir qurtarmır. Axırda deyirlər Allahın məsələsidir. Metafizikada Aristotel hərəkətin qaynağını axtaranda eyni halla üzləşir.  Hərəkətə səbəb olan enerjidir. Enerji qidadan yaranır, qida torpaqdan əmələ gəlir, filan. Axtara-axtara gedir, hərəkətin qaynağının son qaynağını tapa bilmir. Deyir, məcbur bir nöqtədə dayanmalısan. Dayandığın nöqtə nədir? Allah ideyasına gəlib çıxır. Allah məsələsi təkcə dinin dediyi xurafat deyil. Kainatın qüdrəti, nizamı var. Sonsuzdur o. Kainat özü fiziki olaraq sonsuzdur. Anlamı, ümumiyyətlə, sonsuzdur. Bu sonsuzluğu necə tədqiq eləyə bilərsən? “Logiya”lar bu sonsuzluğu tədqiq eləyə bilmir. İnsan varlığı elə dərindir, onu tədqiq eləmək çətindir. Gözlənilməzliklər var insanda, yerə-görə sığmayan. Bağımsız birey kimi yaranmaq imkanı var insanda. Bağımsız olmaq, özgür olmaq imkanın var, qüdrətli olmaq, dünyanı sarsıtmaq imkanın var. Böyük ləyaqətlər ortaya gətirmək imkanın var. Bunlar bugünkü siyasi qəliblərdə üzə çıxmır, yaranmır. Sınırsız, qəliblərin içinə girməyən, bağımsızlaşan, özgürlüyü tanıyan, dərk eləyən insan Milli Qüvvə formalaşdıracaq, bəhanə gətirməyəcək, “yarım stəkan suyum yoxdur içməyə” deməyəcək. Qurtuluş yoluna düşübsən, özün də mənə deyirsən, mənə bir stəkan su tap ver. Mən suyu sənə tapıb verəndə, səni asılılığıma salıram axı. Özün elə. İnandığın eləsin. On illər gərəkdir bunu yetişdirmək üçün. Hamı papağı günə yandırır. Heç kim on illəri gözləmək istəmir, deyir Asif Atanın dediyi nə vaxt olacaq?..
25 ildir Sovet zəncirindən açılıbsan, neyləyibsən? Sıfırdan başla, tərpət bu məsələni. Başla özündən, içindən, prinsiplərindən, yarat, ağıl işlət. Onu deyir Asif Ata. Elə-belə gəlişiyaxşı sözlər deyil. Bədiiyyat deyil. Sarsıdıcı düşüncələr var Atada. Mən oxuyub düşündükcə ürəyim sarsılır. Deyirəm Atanın tələblərinə cavab verə bilmirəm. Ona görə çalşmalarımı artırmağa çalışıram. İnsan olmaq da çətindir, xalq olmaq da. Hamıya asan gəlir. Toplum sürülükdən çıxmasa, sosial ədalət bərqərar olmayacaq. Haqq yerini almayacaq. Sürülükdən çıxmaq gərəkdir. Deyirsən, mənə bir tikə çörək gərəkdir. Əlindən alır da. Zor onda, güc onda. Sən də müti, beş adamı bir yerə çağırıb gücə çevirə bilmirsən. Pulunu balta kəsməyənlərin şəklini başının üstünə vurursan, gəlib mənə kömək eləsin deyirsən. Bu üsul deyil axı. Dünyanın indiki praktikası budur deyirlər. Bu doğru deyil.

(Nurtəkin Atalı oxumanı davam edir – T. A.)

Nurtəkin Atalı: Azadlıq mühitdən üstündür. Mühit Mütləq tanımır. Azadlıq mahiyyətcə mütləqilikdir. Azadlıq şəraitdən üstündür. Şərait Mütləq tanımır. Azadlıq mahiyyətcə mütləqilikdir. Azadlıq cəmiyyətdən üstündür. Cəmiyyət Mütləq tanımır. Azadlıq mahiyyətcə Mütləqlikdir. Təbəqələşmə əsarətdir. Hamılaşma əsarətdir, özgələşmə əsarətdir…

Soylu Atalı: Özgələşmənin özəllikləri var. Yazılarımda bu məsələni ciddi vurğulamışam. Ata içsəl şəri sayır: xudbinlik, xudpəsəndlik, hakimiyyətsevərlik, şöhrətsevərlik, şəhvətsevərlik, filan. Deyir, bu içsəl şərdir. Niyə şərdir? Bu elə-belə sıradan qüsur deyil. O səni səndən alan duyğulardır, sən özün onlara azadlıq veribsən. Onlara azadlıq veribsən, özün azadlığını itiribsən. Hər bireydə olan özgələşmələr ictimai xarakter daşıyır. Toplumun nizamsızlığına, düzəninə çevrilir. Buna ictimai şər deyilir. Hamı ayağa durur, deyir ictimai şərlə döyüşəcəm. Ancaq heç kim içsəl şərlə döyüşmür. İctimai şərin qaynağı sənin ömründədir. İctimai şər heç vaxt aradan qalxmayacaq. O səngiyə bilər. Ancaq qalxmayacaq. Niyə qalxmayacaq? Çünkü yeni doğulan insanlar var. İnsan anadan kamil doğulmur axı. Özündə genlə, qanla, irsən qüsur daşıyır. Böyüyür, bəlli bir yaş həddinə qədər gəlib çıxır. Böyüyən hardasa başlamalıdır içindəki şəri döyməyə. Başlamır. Özündə, ömründə daşıyır. Ona görə şər nə fərdin ömründə aradan gedir, nə də toplumda. Ancaq hər kəs içsəl şərlə döyüşərsə, ən azı ömründəki şərdən açılar. İctimai şər, bu anlamda, ayrı-ayrı fərdlərdə başa çatarsa, toplumsal nizam bəlli anlamda ədalətləşər, gözəlləşər. Bu bir örnəyə, məktəbə çevrilər. Gələnəyə, ortama çevrilər, doğulan uşaq şər mühitinə atılıb ictimai şərlə boşuna cırmaqlaşmaz. Özünü yaradar.
Doğulana özünü yaratma gələnəyi vermək gərəkdir. Onda ictimai şər məsələsini hardasa, nədəsə həll eləyəcəksən. Hardasa ədaləti bərqərar eləyəcəksən. Yenə misal çəkirəm. Dünyanın harasına gedirsən get. İstər yaxşı, istər pis. Hər yerdə motiv birdir. Tutalım, dünyanın o başında qanunlar işləyir. Ancaq orda sürü var. Sürü qanunu işləyir, insani qanunlar işləmir. Heç kim deyə bilməz Avropada hər şey gözəldir, hüquqidir. Deyə bilməzsən. Əgər belədirsə, nə üçün Bəşəriyyətin sayını azaltmağa çalışır? Niyə bu boyda qırğınlar törədir. Hər şey gözəldirsə, əladırsa, nə istəyirsən bu insandan? 2 milyard civarına salmaq istəyirsən Bəşəriyyəti qırıb. Nəyin ədalətdir? Verdiyin qidaya bax, gör məni nə günə qoyur. Bütün insanları aqressivləşdirir. Heç kim heç kimlə bir araya gəlməsin deyə, dil tapa bilməsin deyə. Xarakteri pozurlar qidayla. Dünyada dərman mafiyası var, dərmanların içiylə sənin bütün mənəviyyatını, milliliyini çökdürür. Ədalətdir bu? Qanun işləməsi nə deməkdir? Ədalətin təsdiqidirmi, bərqərar olmasıdırmı? Deyil. İnsanlığın, mənəviyyatın işlədiyi yerdə hansı hüquqi qanunlar işlədirsən işlət, o ədalət deyil. Ədalətsizlikdir. Yenə deyirəm, insan, xalq yaratma məsələsini ciddi ortaya gətirməlidir, anlamalıdır insan bunu. Örnəyi Asif Atadan götürməliyik. Örnəyi gedib Hollandiyadan götürməli deyilik. İşəməsi mümkünsüz olan hüquq örnəyini Hollandiyadan götürməyin anlamı yoxdur. İnsanlığın örnəyini Atadan götürməliyik. Biz holland deyilik, ayrı xalqıq. Dünyada üzdə yaxşı şeylər də var. Onların əleyhinə deyiləm. Mən prinsiplərdən danışıram. Biryolluq məsələnin həllindən danışıram, ictimai ədalətsizliklər insanı məhv eləyir. Aradan qalxmır. Yüz il, iki yüz il bundan qabaq, bu gün, yüz il bundan sonra nə baş verəcək, nə dəyişəcək?! İnsana münasibət dəyişmir axı. İnsana hüquqi münasibət deyil, insani münasibət gərəkdir. Ondan sonra bütün məsələlər insani münasibətin işığında həllini tapa bilər. Yoxsa mən gözləyim, hakimiyyətə gələnin qanacağı olacaq, yoxsa yox, o, qanunlara yaxşı əməl eləyəcək, yoxsa pis. Gələn insanların öz istəklərindən, xoşlarından asılı olmamalıdır belə şeylər. İnsanlığın qanunundan asılı olmalıdır. O öz ömründə, kimliyində insanlığın qanunlarını daşımalıdır. Bəşəri prinsiplər daşımalıdır.

(Nurtəkin Atalı Qutsal oxumanı başa çatdırır T. A.)

 Soylu Atalı: Sözüm odur, sözün işığına sadəcə toplanmamaq, sözün işığına çevrilmək gərəkdir. Daim, hər an yenilənmək gərəkdir. Çox böyük ehtiyac var buna. Ötən tədbirlərdə dedim. Bir də deyirəm, çoxlu titulları, diplomları olan adam böyük deyil. Böyük – özünü tanıyan, dərk eləyən, bu yöndən də azadlığının tələbiylə hərəkət eləyəndir. Ona görə Ocağın dediyi olmaq – elə böyük olmaq anlamına gəlir. Bütün böyük işləri böyük ürəklər görə bilir. Balaca ürəklərin gücü çatmaz böyük problemləri çözsün. Günü gündən yenilənmək gərəkdir…

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!, “Atamız Var olsun!”  səcdəsilə Ailə Günü başa çatır.

İşıq Ayı, 39-cu il. Saray-Soylu.
(may, 2017).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir