Xəbərlər

“Ulufərəh” Ailəsinin aylıq mərasimi keçirildi

Ocaq Günsırası (təqvimi) ilə 2 Od Ayı, 34-cü ildə “Ulufərəh” Ailəsinin IV Aylıq Mərasimi həyata keçirildi. Mərasim kuralları icra olunduqdan sonra Ailənin Yükümlüsü Göylü Atalı Amallaşma-Kamilləşmə-Xalqlaşma hesabatı verdi: ” İçimdə ziddiyyətli duyğular var: həsəd, öfkə (acıq), nəfsimlə mənəviyyatımın qarşı-qarşıya gəlməsi…

Acıq,  sadəlövhlük “olmaz” dediyim şeylərə sürükləyə bilir məni. Düzdür, bir müddət sonra kim olduğumu özümə deyirəm. Məsələ burasındadır ki, buna düşüncəylə, ağılla gəlmirəm, əsasən duyğuların təsiriylə gəlirəm. “Boş ver hər şeyə” deyirəm, ona görə də o duyğular yenidən qayıda bilir. “Boş ver” mənim çox işlətdiyim bir ifadədir. Bu günlərdə Mövlanadan bir fikir oxudum, deyir “Əmək ver, qulaq ver, amma heç bir zaman boş vermə”.  Bu o deməkdir ki, heç bir hadisəni, duyğunu dərk eləmədən boş vermə, onu ağlın süzgəcindən keçir və öt. Cəmiyyətdən yüksəkdə yaşamaq şəri saymamaq anlamına gəlməlidir, xeyiri  saymamaq anlamına yox.

Nə qədər ki, həyata bac vermirdim, elə bilirdim hər şey yolunda. Həyati istəklərimin istədiyim kimi baş tutmaması acığımın qabarması demək olur. Hətta başqalarının həyati  xoşbəxtliyinə acıqlanıram: “hamısı boşdur, yalandır” deyə.

 Boşsa, yalansa nəyin mübarizəsini aparırsan?! Həyatda İnsanlığın nisbi yaşandığını bilmirdinmi? Əslində “hamısı boşdur, yalandır” ifadəsi  içəridəki həsədin səsidir. Mən çatmıramsa, deməli mənasızdır. Bunu demirəm ha, hər hansı bir addım da atmıram. Amma halım o deməkdir. Daxilimdəki təbəddülatlardan belə nəticə çıxarmaq olar.

 Bir müəllif yazısı oxudum Türkiyə qəzetlərinin birindən. Yazıdan çıxan məntiq odur ki, bir qadın sevgidə uğur qazanmırsa, göz yaşları o qadını olğunlaşdırır. Özünə inanmaq, sarılmaq istəyir qadın. Özünə sarılmasa yanlış yollara sapacağını bilir qadın. O üzdən özünə sarılır, güclü, yenilməz olur. Güclü, yenilməz, amma sevgiyə inamsız. Bir zaman çox inandığı saf eşqə inancını itirmiş olur… Müəllif bunu qadının gerçəkliyi görməsi, həqiqəti tapması kimi qiymətləndirir.  Bax, bu müəllifin zəifliyidir, məğlubiyyətidir. Əsil sevgi eşqə inanmaqdır, özünü dərk edərək sevgiyə tapınmaqdır. Məncə eşqi dərk eləmədən bir insana  qovuşmaq istəyində mənəmlik var. Orda adını sevgi qoyduğumuz başqa duyğular hakim olur. Əlbəttə, bu təkcə qadına aid deyil. Təkcə qadınlar aldanmır, yaxud sevgisi uğursuz olmur. İnsan problemidir bu.

Daha çox duyğuların diktəsiylə hərəkət edirəm. Ona görə də həyatım nizamını tapmır. İçimdə və işimdə pərakəndəlik var. Günümün çoxu işdə keçdiyi üçün bunu qabardıram. İşdə qarşı tərəf buna meyil eləsə də, müdir-işçi münasibətinin yaranmasına imkan vermirəm. Çox da deyilik, iki şərik  müdir var, iki də işçi. Amma bu balaca mühitin dünya boyda qeybəti var. Az adamıq, bir-birinin üzünə gülüb arxasınca danışırlar. Yoldaşlıqları da mənfəət əsasındadır. Düzdür, mənim yanımda digərinin qeybətini eləyə bilmirlər. Çünki qulaq asmıram. Qeybət də elə bir şeydir ki, böyümək üçün şərait axtarır. Amma belə bir şey var. Bizim işdə gəlir necə deyərlər, qəpiyinə qədər bölünür. Digər iş yerlərimdən fərqli olaraq burda sərbəstliyim daha çoxdur. Yəni xüsusi nəzarət yoxdur. Başlanğıcda halallıqla hər şeyi qeyd edirdim. Sonra digər işçinin diktəsiylə ki, “Onsuz da bizə şərait yaratmırlar, ikisi də öz mənfəətini güdür, haqqımızı tapdalayır-filan, mən 5 işimdən birini yazmıram” deməsi mənə də sirayət elədi.

Haqsızlığın olduğunu mən də görürəm. Amma mənim verdiyim qarşılıq – “onun məndən çaldığını mən də ondan çalıram” demək olmamalıdır. Ala bilirsən haqqını al, amma yalana, harama bulaşmamalısan.

Hətta o gün bir iş gördüm, sonra onun həyacanı və utancı ilə yaşadım ki, ya bilsələr… Heç bilməsələr də axı mənim vicdanım bilir! Mənim utancımı yaradan o idi ki, illərlə qazandığım etibar heç ola bilər. Halbuki içimlə çölüm bir olmalıdır. Önəmli olan kiminsə gözü deyil, ləyaqətimdir.

Hər insanın bir ruzisi var. Məsələ burasındadır ki, burda təkcə zəhmət, qabiliyyət və bacarıq rol oynamır. Qazanc istəyirsənsə, cəmiyyətin qanunlarına tabe olmalısan: yalançı mehribanlıq, yalançı gülərüzlülük… Bir sözlə, Karnegi prinsiplərini əldə bayraq tutmalısan. Bu da mənlik deyil. Bunları niyə deyirəm? Mənim qazancım pis olmayıb indiyədək, işimi tez-tez dəyişməyim təsirsiz ötüşmür. Bu gün o qazancı əldə eləyə bilmirəm deyə xuruşdanıram. Necə deyərlər, “aşağını bəyənmirəm, yuxarıya da əlim çatmır”. Bəzən deyəsən “İştahım”  çox olur, ayağımı yorğanıma görə uzatmıram. Bu da həyatımı gərginləşdirir. Bir sözlə, nəfsi ötməyin nə qədər çətin olduğunu görürəm. Əlbəttə, nəfs mənim üçün dünya malına vurulmaq deyil, içəridəki qüsurların mənəviyyata ziyan verməsidir. Bəli, çox çətindir, amma bunu özümə deyə bilirəm, etiraf edə bilirəm, bu, özünü əsaslı dəyişməyin bir mərhələsidir.Bunu anlamağın fərəhi də fərqli bir haldır.

Çox müdrik olmalıyam. Müdriklik nədir – Adamlığı tanımaq. Amma Asif Ata bizim qarşımızda Kamillik tələbi qoyub, yəni Adamlığı ötmək tələbi. Atamız var olsun!”

 Üstün Atalı: “Atagün Eli’nə səfərimiz fərəhimə fərəh qatdı. Günev uca halı ilə, ruhani inadı ilə gedişata qarşı öz sözünü deyir.

Bu ay “Mütləqləşmək – Var Olmaq” kitabını oxumağa başladım. İnsanilik yönündə düşüncələrimi yenilədim. “Ideal haradadır və ona necə yetməli?”- belə bir suala cavab vermək istəyirəm.

 Həyatda İdeala çatmaq çətindir, buna baxmayaraq onun varlığına inanırıq, ona can atırıq. İnsan idealı  kənarda, başqalarında axtarmalı  deyil – bu qənaətə gəlirəm. İdeal mənim içimdədir. Mənim ömrümün məqsədi ideala yetməkdir, ona bərabər yaşamaqdır. İdealla mənim aramda sərhəddi kim və niyə yaradıb?! Təbii ki, mən özüm. Əgər gerçəkliyin tələbiylə barışıramsa, idealdan uzaqlaşıram, məni məndən alan mühitə əyilirəmsə, idealdan uzaqlaşıram. Mən idealı  Ocaqda tanıdım, Atada gördüm. İdeala həsrətə Ocaqda çatdım. Ocaqda, doğmalarımda aşkarladım ideala bağlayan ali keyfiyyətləri.

Ali keyfiyyətlərə qadir olmaq, ali həyat tələbi yaradır. Ali həyata tapınmaq-daxilimdəki balacalıqla döyüşmək deməkdir; İçimdəki yalanla, naşılıqla, şübhəylə, əsarətlə, sinfiliklə döyüşmək deməkdir. Qələbəm nə vaxt baş verəcək? – əməlim bu dediklərimə bərabər olanda. Əgər mənim fəaliyyətim  ruhaniliyə uyğun olmayacaqsa, onda  ruhaniyyatdan danışmağım yersiz olar. Mən daxilimdə, mənamda mütləq xeyir daşıdığım üçün şərsiz dünya istəyirəm və hər addımımda mütləq xeyirə layiq olmaq istəyirəm:

Günaha batmamaq vicdanlı yaşamaq!

Yalana uymamaq həqiqətlə bir olmaq!

İnsanlığa qarşı Şübhə toxumlarını məhv etmək, İnam becərmək!

Şəri ağlımdan, ömrümdən silmək, onu həyatdan silməkdir.

Mən insan kiməm? Atanın sözüylə desək, nisbidə təzahur edən mütləqəm;

Ölümlüdə təzahür edən əbədiyəm;

Qeyri-kamildə təzahür edən kamiləm.

Bu səbəbdən də mahiyyətimə bərabər yaşamalıyam.

Ali keyfiyyətim hansılardır:

İnamım, ləyaqətim, fərəhim, saflığım, azadlığım, fədakarlığım, özüylədöyüşüm, sığmazlığım, həqiqətçiliyim, səcdəm, ədalətim, aşiqliyim, təbiliyim. Bütün bu ali keyfiyyətlərim mənim ruhani mövcudluğumu yaradır. Ruhani mövcudluq ölümü öldürən ömür deməkdir… Bu mənim gedişatda qoyulan Ata Sözünə cavabım. Atamız var olsun!”

Türkel: “Bu günlərdə həyatımda yaşadığım bir hadisədə yalanla üz-üzə qaldım. İçəridən sönük vəziyyətdə idim. Dəhşətli hal bürüdü məni. Mən nə qədər aşağı səviyyəli, mənasız yaşamış birisiyəm. Mən harda ilişmişəm, niyə ayılmıram ki, düzələ bilim?! Mən müəyyən müddətdən sonra torpağa qarışan bədən üçün yaşamıram axı. Bəs Ruhani inkişafımı nə vaxt yetirəcəm?! O,həyatın gedişatından  yox məndən asılıdır. Ağıl adi həyata xidmət eləyir, ona görə də ondan asılıdır. Həyata xidmət eləyən ağıl formalaşmır, çünki həyat eybəcərliklərlə doludur. Dostumu, yaxınımı tanıyıb, insanlarla münasibət qurmalıyam. Mühitə uyğunlaşanda ağıl artmır.  Həyatda çoxlu insanları dindirirsən deyir ki, mən çox əziyyət çəkmişəm, çörək tapmamışam, ancaq gör indi hardayam. Elə bilir burada ləyaqət işlədib. Əslində onun gəldiyi səviyyə  ləyaqətin yox, həyatın nəticəsidir. Ləyaqətli adam özünün hara gəlib çıxdığını görür. O biri isə həyatda əzab görür, ancaq ləyaqətə yüksəlmir, məharəti artır, bicləşir, yırtıcılaşır, qeyrətsizləşir, inamsızlaşır. Ümumən adi həyatın hər cür sifətini özündə daşıyır. Fikirləşdim ki, mənim ağlım formalaşmayıb, ona görə də belə şeylər mənə sıxıntı gətirir.

Həyatın şərəfsizliyini görüb şərəfsiz olursan, sənə şərəfli deyirlər. Şərəfsizliyi üstələyə bilmirsən, bacarmırsan  (ləyaqətin olmadığına görə) şərəfli görünürsən. Nə isə, o  yalanla üzləşdiyim məqamda dəhşətli düşüncələrim oldu. Səhvlərimi anlayıram ancaq artmıram. Əslində mənim məqsədim canavar olmaq deyil, ancaq həyatın eybəcərliyinin səni aldatmaması üçün gərək müəyyən idraki səviyyədə olasan, formalaşasan. Ali keyfiyyətləri aşkarlamaq üçün Ocaqla dolmalısan. Hərdən pis vəziyyətlərə düşəndə öz-özümə deyirəm, mən nə böyük şəxsiyyət ola bilərəm, nə də müəyyən səviyyəyə çatmış insan. Doğrudur, kallıqlarım yetərincədir, ancaq həm də yalansız, xurafatsız (islamsız) böyümüşəm. Bu da gəncliyində hər kəsin yetəcəyi səviyyə deyil. Hələ ki, xoşbəxtliyimi də bunda görürəm”.

Soylu Atalı: “ İstənilən dində, siyasətdə şəxs özünü aldadır. Hər kəs başqasının baxışına hesablayır hər şeyi. Özünü özünə tanıtmır, göstərmir. Mən bizdən kənarda bir kimsədə sənin etiraflarını (üzünü Türkelə tutur – Ü.A.),  hesabatını eşitmirəm, Ocağın fərqi odur, –  Şəxsiyyət yaratmaq. Şəxsiyyət özünü yaradır. Özünü yaradan nə özünü, nə heç kimi aldatmaz.

Bir var gözün yaratdığı təsəvvür, bir də var için yaratdığı təsəvvür. İnsanın gözüylə gördüklərindən  təsəvvürü formalaşır. Buna görə də cəmiyyət hər şeyi gözün yaratdığı təsəvvürə hesablayır. Ona görə də heç kim olduğu kimi görünmür, nəticə etibarilə həyat aktyorluqdan ibarət olur, həyat səhnəyə çevrilir. Canlı həyatı biz, insanlar aktyor kimi yaşayırıq, – özünü və başqalarını aldada-aldada. Bu gün bütün bəşəriyyət canlı həyatı aktyor kimi yaşayır. Nadir şəxsiyyətlər ki, o aktyorluqdan qırağa çıxıb, məsələn, Nəsimi, Budda… yalnız bu şəxsiyyətlər özlərini aktyor  olmaqdan ayırıblar.

Özünə deməlisən ki, mən buyam, adiyəm, cılızam, mən bunu deyirəm ki, balacalığı ötüm. Mən şəxsiyyət olmaq istəyirəm. “Ailə Günü”nün tələbi budur. İnsan öz içinə girir, öz içini darmadağın edir ki, içi genişlənsin, böyüsün, azad olsun. İçin özü üfüqə çevrilir. O üfüqlərdə hər şey uça bilər, poeziya yarana bilər, musiqi yarana bilər, – dəyərə çevrilə bilər adamın içi.

 Deyirsən ki, qeybət özünə şərait axtarır böyüsün, bu uğurlu bir deyimdir (üzünü Göylüyə tutur-Ü.A.). Deməli, o şəraitin biri sən ola bilərsən. Başqalarının balacalığı üçün mühit olmamalıyıq. Bizim qəlbimiz qeybət mühiti deyil, yalan mühiti deyil. Bir çiçəklə yaz olmaz prinsipi ilə yanaşmalı deyilik. Çiçək açsa da yaz olur,açmasa da. Amma yaz olursa, mütləq çiçək açacaq. Ənənə yarat, yol yarat, örnək yarat. Biz indiyə qədər ideal axtarırdıq. Rəğbətçimiz Səbuhi bəy deyir ki, həytda ideal yoxdur. Bəs onda idealı harda tapaq?! Asif Ata deyir ki, özündə yarat :

Ədalət axtarırsan – özündə yarat.

Qeyrət axtarırsan – özündə yarat.

Həqiqət axtarırsan-özündə yarat.

İdeal axtarırsan-özündə yarat.

Yaranan hər bir uca dəyərin dalğaları dünyanı bürüyəcək. Qorxma həyatın axırı deyil, bu günə hesablaqmaq olmaz. Ömrü,mübarizəni bu günə hesablamaq olmaz. Əbədi sabaha hesablamaq lazımdır. Bu günün gözü əyri görür hər şeyi. Sən bu günün  gözünə hesablasan balaca qalacaqsan. Bugün istənilən addımını qaralayır, düşüncəni qaralayır, baxışını qaralayır. Sevgini lağa qoyur, hünərini lağa qoyur, qəbul etmir. Onun baxışı balacadır. O baxışlarla dünya məhv olub. Sənin istədiyin nədir? Həyatı dəyişmək istəyirsən, Qlobal dəyişiklik istəyirsən. Necə dəyişəcəksən o baxışdan qorxa-qorxa?!  Ömür verirsən əqidəyə, yola həm də gizlənəsən, heç nə alınmaz, onda gedək işimizlə məşğul olaq, gedək biz də özümüzə maddi üstünlük yaradaq… Bax, şəxsiyyət yaratmaq məsələsi çox mühümdür. Asif Atanın “Ailə Günü” üçün qoyduğu tələblər – Amallaşma, Kamilləşmə, Xalqlaşma – şəxsiyyətin yaranması yoludur. Bununla biz şəxsiyyət yaradırıq “ağac-ağac, fərd-fərd,hal-hal”. Ona görə də, Göylü, sənin hesabatını alqışlayıram.

Mənə sual verirlər,  Asif Atanın yolunda siz özünüzdən başqa kimi görürsünüz? Deyirəm, Günevi, Nurtəkini, Göylünü, Türkeli. Günev necə işlər görür, bir nöqtədə dayanmır,  səsi bölgəni bürüyüb. Ondan çox şey öyrənə bilərik.

Günevə deyirdim, sən İnam Evini tik, gələcəklər. Ailədə az olaq. Lap 10 il az olaq, ancaq gələcəklər. İndi Elxas gəlir, o biri gəlir, necə eşqlə gəlir. Qardaşına zəng edib deyir, gedirsən ora, deyir, ora necə gətməmək olar… Xalqı yaratmaq üçün şəxsiyyət gərəkdir, ruhani inad gərəkdir”.

Nurtəkin: “Ulufərəh” Ailəsinin 34-ildə olan 4-cü “Ailə Günü”nü  təbrik edirəm. Hər kəsin çıxışı mənə yaxşı təsir elədi, özünəməxsus oldu. Hər birindən bəhrələndim. Göylü çıxışında sevgidən danışdı. Ocaqdan əvvəl mən həyatın mənasını kiməsə bağlanmaqda, kimisə sevməkdə görürdüm. Ocağı tapanda gördüm ki, sevmək həyatın mənasının bir çalarıdır. Həyatda yolun olması əsasdır. Ailənin, dostluğun əsəsı bir-birinə güvənməkdir. Bunları qurmaq, yaratmaq asan məsələ deyil. Ocaqda bir ailə kimi Elananın Günevə dayaq durması gözümün qabağına gəlir. Ailə hər gün bir-birinə aşkarlanmalıdır. Eləcə də dostluq. Günev deyir ki, sizin varlığınız mənə fərəh verir. Mən də ona deyirəm ki, sənin də varlığın mənə fərəh verir. Biz insanın başqa bir insan üçün nə qədər dəyərli olduğunu görürük. Başqa bir dünyada olduğunu hiss edirsən…”

Soylu: “ Ocaqçının özü üçün ən böyük müəyyənliyi nə olmalıdır- Fərəhçilk. Bir var deyirsən mən fərəhlənirəm, bir də var doğrudan da fərəhə yetmisən. Şəxs Fərəhə o vaxt yetir ki, nə etdiyinin, hara getdiyinin mahiyyətini dərk edir. Ocaqda olub ki, adamlar böyük təhlilərə gedə bilmir, deyir Ocaqda olduğum üçün fəxr edirəm, fərəhlənirəm və s. doğrrdanmı ona yetmisən? Həyatda hər kəs üçün qeyri-müəyyənlik var. Əksəriyyət bilmir ki, o həyatda kimdir, həyat onun üçün nə deməkdir?! Adamlar ən çox özünü aldadır, vurnuxur. Yalanlar içində vurnuxma -larla həyat sürmək müəyyənsizlik fəlakətidir. Tarixdə olan nadir şəxsiyyətlər var ki, o özü üçün tam bir müəyyənlik əldə edib. O da nadir keyfiyyətdir. Nəhəng pulu olan adamlar var, onlar elə bilirlər ki, hər şey onlara aydındır, əslində isə onlar özünü aldadıb yaşayır. Asif Ata Ocaqçı üçün yön verir,  inam, fəlsəfə verir ki, özünü tam olaraq aydınlaşdırsın. Özünün Həyatda, Sabahda yerini müəyyən etsin. Adamın daxili həqiqətlə dolmursa, adam bədbin yaşayır. Həqiqətə yetmədiyi üçün, həqiqətsizlik girdabına düşdüyü üçün insan həyatda intihar edir.

 Ali keyfiyyətlərə  yetmişəm deyirsiniz, necə yetmisən, o açılmalıdır. Mən vüqarlıyam. Necə yetmişəm vüqara. Təhlillə yeni zirvələr aşırsan. Özüylədöyüşün tələbi budur. Göylü qüsurunun yönünü təhlil elədi. Ruhani bilik məntiq əsasında təhlillərdən əldə olunur. Bilik hal vasitəsiylə yaşamaqdır. Özüylədöyüşün dəqiq, konkret çalarları aşkarlanmalı, bilinməlidir, onda yenilənmə başlayacaq”.

Tədbirdə iştirak edən Zaur Qəriboğlu və Mübariz bəy dəvətə görə minnətdarlıqlarını bildirdilər və  uğurlar dilədilər.

 Müqəddəs oxuma hissəsində “Özümlük-Özgəlik” kitabının davamı oxunub şərh olundu. Sonra Ailənin işi yönündə fikirlər bölüşüldü.

 Ataya “Axşam Ricası” və “Dünyadakı Mütləqlə Axşam Təması” deyildikdən sonra “Ailə Günü” başa çatdı.

Atamız var olsun!

Od Ayı, 34-il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir