Xəbərlər

Ulusal Oluşum – İnsanlıq Gedişidir

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı özünün ağır, çətin yerişləri ilə ulusal-insanca (milli-insani) işlərini sürdürməkdə, ruhsal quruculuq addımlarını atmaqdadır. Nəyə görə “ağır, çətin” deyirik, – nə yazıqlar ki, toplumumuz hər yöndən gerilikçi  duruma sürüklənməkdə, gələcəkli oluşum olanaqlarından qoparılmaqdadır (özümləşmə imkanlarından məhrum edilməkdədir). İş-yaşam qayğıları başdan aşır, toplumun İnsanlıq kimliyini gözgörəki yeni texnologiyaların durmadan başa çıxması aşılayıb sıradan çıxarır. Bu sürəkli gəlişmələrin arxasınca yüyürüb onunla ayaqlaşmaq istəyən toplumumuz gələcəyini itirdiyinin ayrımında deyil. Gənclik, çoxluq olaraq, bu amansız yarışmalarda hər şeyi, o sıradan ailəçiliyi belə itirməkdədir. Gecə-gündüz ingilis dili öyrənmək, bilgisayar proqramlarını mənimsəmək üçün dəridən-qabıqdan çıxmaq, öz ulusal dəyərlərini isə öyrənməmək böyük faciələrə yol açmaqdadır. Öz ulusal dəyərlərini öyrənməmək bir ayrı, bunu öyrənməyi arxaik adlandırıb gerilik saymaq bu çoxluğun özündənrazılıq sindromuna çevrilib. Folklora, ədəbiyyata, kino sənətinə vecsiz yanaşmaq  gələnək halını alıb genişlənməkdədir. Beləcə, bir yandan din geriliyi (cəhaləti), bir yandan yeni texnologiyaların yaratdığı gerilik ulusumuzu gözümüzün qabağındaca bəlirtisiz bir gələcəyə yönləndirməkdədir.
Biz çağaşırı bireysəl görüşlər keçirib bu doğruları insanlarımıza anlatmaq üçün əlimizdən gələni edirik. Düşünürük, bu durumu anlatmaq üçün üz-üzə, canlı görüşlərə böyük gərəklik var. Nə yazıqlar ki, sosial şəbəkələr bir çox hallarda belə məsələləri bazara çevirir, ağız deyəni qulaq eşitmir (yazılanlar anlaşılmır da deyə bilərik). Faciələrə baxış sərgiləmək “ağıl nümayişi” ilə eyniləşdirilir. Bu üzdən canlı görüşlərə daha çox gərək duyuruq.
Bu günlərdə belə bir canlı görüşmələri Göyçayda, Mingəçevirdə gerçəkləşdirdik. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ayrı-ayrı soydaşlarımızla – doğmalarımızla görüşüb Ocaq bilgiləri vermiş, ulusal baxışlarını bölüşmüşdür. Görüşdüyü insanlarımıza Ocaq ədəbiyyatları da bağışlamışdır.
Atamız Var olsun!

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Qar Ayı, 46-cı il.
(yanvar, 2025).

.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir