Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 35-ildə III Aylıq Mərasimi

Tədbirdən görüntüAta-Ocaq ilsırası ilə 25 İşıq Ayı, 35-ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı Ulusəs, “Ataya Günorta Ricası”nı Nurtəkin dedi.

Sonra Nurtəkin Atalı Ataya Səcdə edərək sözünə başladı. İşıq Ayının onun ömründə xüsusi hadisə olduğunu dedi: “Nizamsızlığımdan çıxmağa çalışıram. Ocaq işlərim artıb. Bu ay mənim üçün fərəhli aydır. 17 İşıq Ayı Atadan ad aldığım, Ocaqçı olduğum gündür. Özüm haqqında düşünəndə içim fərəhlə dolur. O anlamda ki, mən davamlı olaraq Ocaq Evladı oldum. Bu yolu gəldim. Qırılmadım, yıxılmadım, fasilə vermədim. Bu, mənim özüm üçün  aqibətimi təsdiq edir.

İçsəs mövzusu ünsiyyət haqqındadır. Ünsiyyət deyəndə ilk ağlıma gələn Soyluyla söhbətlərim olur. Çünki bu söhbətlərlə böyüdüm. Soylunun yönləndirməsi, halımı kökləməsi, yeni əməllərə, hala çağırışı, əməlləri dəyərləndirməsi məni hər zaman düşündürüb, ağlımı böyüdüb. Mənim ona inamımı onun Ocağa bağlılığı, Ata ölçüsü ilə yaşaması yaradıb. Hər zaman qayğılı, hər zaman köklənmiş, hər zaman nikbin. Məni ruhən böyüdən də elə ünsiyyətlərimiz olub. Eləcə də o biri Ocaqçılarla ünsiyyət. Başqa bir hissdir bu – Yol doğmalarınla danışmaq, bölüşmək. Kədər birliyi, fərəh birliyi, aqibət birliyi doğmalaşdırır bizləri. Əməl sorağımızda sevinirik, birimizin uğuru hamımızın uğuru kimi qəbul olunur. Bu, Amala doğmalaşmaq deməkdir. Nə zamansa həyatda olmayacağıq, amma doğmalığımız qalacaq. Doğmalığımızın yaratdığı, yaşatdığı ünsiyyət qalacaq. Çünki ünsiyyətdən başlanır birlik. Ünsiyyətdə yonuluruq, yoğruluruq. Amala sevgimizdə tapırıq bir-birimizi.

Tədbirdən görüntüMən Ocaq işi görəndə Ocağa nə dərəcədə bağlı olduğumu dərk edirəm. Ocaqlı dünyamda özümü çox rahat hiss edirəm. Elə ki,  məişət işini görməli oluram, onu icra edirəm. Ocaqlı dünyam üçün darıxıram. O zaman daha aydın hiss edirəm ki, mənim varlığım Ocağa necə bağlıdır. Müqayisəyə sığmayan, hər şeydən yüksəkdə duran Ocaq dünyam! Mən səndə, sən məndə varsan. Birliyimiz əbədidir.

Bəzi qeydlərimi oxumaq istəyirəm.

          XXX. Müasir ədəbiyyat

  Vaxtilə ədəbiyyat tərbiyə edirdi, indi ədəbiyyatın özünü tərbiyə etmək gərək.

          XXX. Dövlət hipnozu

   Xalqına xidmət edən görünür.

           XXX.  Həyatdan Amala

    Həyat təslimə çağırır – qayğılara təslim, gedişata təslim, axına təslim. Təslimçilikdən çıxmasam, özüm ola bilmərəm. Təslimçilikdə mənlik təsdiq olunmur, mənliksizlik təsdiq olunur. Təslimçilikdən çıxmaq – həyatdan ayrılmaq – Amala ucalmaq.

          XXX.  “Xidmət”

Var olmasına çalışa-çalışa Xeyiri yox etdilər.

Yox olmasına çalışa-çalışa Şəri var etdilər.

Tərsinə çalışırlar.

Tərsinə yaşayırlar.

Var etmək üçün içində yaşatmalısan Xeyiri.

Yox etmək üçün içindən qovmalısan Şəri.

İçində yaratmaqla, yaşatmaqla Xeyir var olur.

           XXX. Özünə qarşı

Özü olmaq çətindir – özgə olmaq asan.

Öz dilində danışmaq gerilikdir, özgə dilində danışmaq inkişaf.

Öz mədəniyyətini sevmək adilikdir, özgə mədəniyyətinə yalmanmaq xüsusilik.

Öz musiqisini dinləmək – özgə musiqisinə oynamaq.

Özümləşmək haqqında düşünmürlər, çünki özgələşmək axınına düşüblər.

Özümlük – ləyaqətdir.

Özgələşmə ləyaqətsizlik, sabahsızlıq”.

Nurətkin Atalı xalqlaşma işlərindən də danışdı. Yeni insanlarla ünsiyyətlərinin yarandığını vurğuladı.

Tədbirdən görüntüYasin Türksoy: “Xüsusi olaraq hazırlığım olmayıb. Sosial şəbəkədə Türkel Araşdırma Qurumunun işi  haqqında bilgini həm Azərbaycanda, həm də Türkiyədə milli düşünən və əməli olan insanlara, medianı təmsil edən qurumlara göndərmişəm. Onlarla ünsiyyət qurmağa cəhd göstərirəm. Əhvalımdan asılı olmayaraq tanıtma, yayıcılıq işim davam edib.

Din mövzusu gələndə adamların ağlı çaşır. Mübahisəyə getmirəm, o saat təhqirə keçirlər. Sosial şəbəkədə bu yöndə fərqli adamlarla fikir bölüşmələrim olub. Bir sözlə canlı fəaliyyətim bu ay qənaətbəxş deyil. Qarşıdakı səfərə – “Ata Sonevini Ziyarət Günü Mərasimi”nə hazırlaşıram.

Soylu Atalı: Bu mərasimdə söz demək üçün Ataya səcdə qılıb Bayrağımızı öpürəm. Ailə Gününü Ocağın Mərasimindən sonra ikinci böyük hadisə saymaq olar. Ailə Günündə hər dəfə mən özümü Mərasimdəki kimi hiss edirəm. Bizim məqsədimiz yaşadığımız dönəmi əhatə eləmir, bizdən sonrakı çağları nəzərə alır. Bilə-bilə ki, bu cür hadisələr öz çağında düzgün başa düşülmür. Adətən böyük hadisələr  (Ocaq böyük hadisədir) öz çağına sığmır. Bütün dövrlərə sığır, öz dövrünə sığmır. Nəsimi də öz dövrünə sığmadı. Sığmazlıq əslində odur. Bütün dövrlərə sığmaqdır. Sığmazlıq bütün dövrlərə təsir göstərməkdir. Sığmazlığın mənası budur. Nəsimi öz çağında qəbul olunmadı. İndi Nəsimini hər kəs böyük kimi, dahi kimi qəbul edir. Xalqın ağlında ciddi etkiyə malikdir. Həm dövrə sığır, həm də dövrdən üstündür, çünki növbəti dövrlərə sığacaq. Ocaq daha üstün hadisədir. Belə bir hadisənin daşıyıcısı olmaq, belə bir hadisəni yaşatmaq sadə bir proses deyil. Bu məsuliyyəti mən hər zaman öz üzərimdə hiss edirəm. Ona görə də özümü Atanın hüzurunda görürəm.

Tədbirdən görüntüBiz Ocağa səcdə eləmək ənənəsi ilə başlamışıq. Başlanğıcdan çoxlarımız bilmirdik ki, səcdə nə deməkdir. Ancaq zaman-zaman səcdə qıldıqca, hadisənin özünü yaşadıqca adam bilir ki, səcdə nə deməkdir. Səcdə hara gətirib çıxarır insanı? Konkret olaraq bizi səcdə hara gətirib çıxarır? Biz Ataya səcdə qılırıq. Ataya səcdə üzərində köklənmişik. Ataya səcdə qılmaq nə verir?!  Yaxud mən niyə Ataya səcdə qılmalıyam?! Çünki  Ataya səcdə qılmaq dünyaya, həyata, insana misilsiz bir inam bəsləməyimi ifadə edir. Ona görə Ataya səcdə qılmaqda davamlıyam. Dünyaya inanıram. Dünyaya inanmasaydım Ataya niyə səcdə qılırdım? Müsəlman dünyaya inanmır, ona görə də o, fövqəlqüvvəyə səcdə qılır. İnsana səcdə qılmır. İnsandan qıraqdakına, göydəkinə səcdə qılır. Dünyaya inanmır, həyata inanmır, heç insana da inanmır. Dünyanı fani sayır, həyatı keçid sayır. İnsanı fani dünyada yaşayan fani bəndə sayır. Həm bəndə sayasan, həm də necə səcdə qılasan?! Burada inana bilməzsən. Mən Ataya səcdədə dünyanı tanıdım, özümü tanıdım. Həm də dünyaya inandım. Çox böyük hadisə, çox böyük məsuliyyətdir. Ata mənə dünyanı göstərdi, dünyaya inandırdı. Ata məni öz qanadlarında dünyanın mənasıına çatdırdı. Mənim səcdəmin mənası odur. Heç bir dində dünyaya inanmırlar. Ona görə də insana səcdəli münasibət yoxdur. Bizim Ataya səcdəli münasibətimizə ağız büzürlər, deyirlər ki, siz bütləşdirirsiniz. Onlar həmin o insanların,  dünyaya inanmayanların cərgəsində olanlardır. Bu, bizim aramızda fərq yaradır. Toplumla bir qom Ocaqçının arasında fərq yaradır. Bu fərq bir gələcək deməkdir, göy-yer məsafəsi deməkdir. Bu fərq insana inam, hünər, cəsarət verdiyi dərəcədə onu məsuliyyətli edir. İnsana inanmayanlar bizim səcdəli münasibətimizi anlamazlar. Dünyaya inanmayanlar, Dünyanı fani sayanlar bizim səcdəli münasibətimizi anlamazlar. Ona görə bizim ruhani məsuliyyətimizin özülü-özəyi var.

Həyatı siyasət idarə edir. Dünyanı siyasət tarazlayır. Siyasətdə şəxsiyyət ona pərəstiş edəni aldadır. Ruhaniyyatda aldatmır. Siyasətdə vəd verirlər ki, məni hakimiyyətə gətirin, bütün nemətləri sizə verəcəm. Sadə insan ona hansı ümidlə baxır, yəni düşünür ki, hakimiyyətə gələndən sonra dəyişiklik edər, mənə firavan həyat gətirər. Mənə ədalət gətirər, problemlərdən çıxaram, özümü insan kimi hiss edərəm. Hakimiyyətə gələndən sonra yerə-göyə sığmayan hərislik baş qaldırır və insanların arzularını qəsb edir, zəbt edir. İnsanların arzularına xəyanət edir, xətt çəkir hər şeyin üstündən. Tükənməyən hərislik. Yazıq insan. Tükənməyən ümid və tükənməyən xəyanət. Əli səlahiyyətə çatan kəs(lər) bütöv bir dövləti özünün qəniməti sayır. Xalqa gələcək, mədəniyyət qurmalı olan, xalqı təmsil etməli olan dövləti özünün qəniməti sayır. Bütün dəyərlərin hamısı məhv edilir, bütün dəyərlər oyuna çevrilir. Bizim mübarizəmiz nədir, – dünya xilas olsun. Biz dünyaya xilas mesajı veririk. Asif Atanın yaratdığı Baxışın əsasında, peyğəmbərliyi timsalında. Bu münasibətimizin özü müqəddəsdir. Mənim Asif Ataya səcdəm niyə müqəddəsdir? Bu dediklərim olduğu üçün. Dünyaya inam və dünyanı xilas məsələsi var. Ona görə müqəddəsdir. Mən ona səcdə qılıram və bütün dəyərlərin mənasını anlayıram. O səcdə müqəddəslik yaradır, bu o deməkdir ki, mən dəyərlərə qəsd edə bilmərəm, xəyanət edə bilmərəm. Mən dəyərlərin qədrini bilirəm.

Bizdə münasibəti yaradan ürəkdir. Bizim insana münasibətimizin əsasında ağıllı münasibət durmur, ürəkli münasibət durur. Ağıllı münasibət tükənən münasibətdir. Ürək sənin haqqında nə vaxt danışır? Məhəbbətli olanda, sevdalı olanda. Sevdalı ürək çox həssas, kövrək, incə olur, amma çox möhkəm olur. Dünyanın xilası kövrək ürəklərdədir, incə ürəklərdədir, möhtəşəm ağıllarda deyil. Dünyanın məhvi var möhtəşəm ağıllarda. Amma dünyanın xilası həssas, kövrək ürəklərdədir. Ocaq o sevdalı ürəkləri yaradır, onu bəsləyir. Dörd divarın içində o proses gedir. Ondan qırağa çıxır.

Biz, millət olaraq, yad bir dünyabaxışın təsirində yaşayırıq. Həyatımızın nizamı ondan asılı duruma düşüb. Dövlətimizin xalqa münasibəti ondan asılı vəziyyətə düşüb. Üzdə bu görünmür. Çünki insanı idarə eləyən insanın içində oturuşmuş köləlikdən yapışır. Dövlət öz vətəndaşını onun içindəki köləliklə idarə edir. Bizim bütün obrazlarımız uçub-dağılıb. Dində bütün obrazlar ərəb millətinin fərdi xüsusiyyətlərini daşıyır. Allah  sözü də, Allahın daşıdığı keyfiyyətlər də ərəb millətinin keyfiyyətlərinə stimul verir. Yaxud dində başqa obrazlar. İnsanla Allah arasında əlaqə quran mələklər həmin obrazlardır. Hamısı ərəb kimliyini ifadə edir, ərəb xüsusiyyətlərini daşıyır. Türkün obrazı hanı?.. İnamda həssas, sevdalı ürəklər yaşayır, inkişaf edir və həmin milliliyi təsdiq edir. Dünyabaxış insanı yarada-yarada milliliyə çıxır. Milləti yaratmaq üçün insanı yaradır. İnsanı yaratmasa millət yoxdur. İnsanın obrazında millətin xüsusiyyətləri müəyyən olunur. Dünyabaxış onu verir. Asif Atanın bütün obrazları elə səviyyədə qurulur ki, Milliliyi var edir, başqa sözlə, milliliyi bəşəriliyə yüksəldir. Ərəb bəşəriliyi endirir, milli xüsusiyyətlərdə məhdudlaşdırır. Asif Ata türkün milli xüsusiyyətlərini öz obrazları vasitəsilə bəşərləşdirir. İnsanın kamilliyi haqqında dediyi bütün hikmətlər onu sübut edir. Özüylədöyüşün həqiqəti onu sübut edir. Mənim Ataya səcdəli münasibətim o həqiqətə dayanır.

Nurtəkin haqqında bir neçə kəlmə demək istəyirəm. 17 il az bir vaxt deyil, əqidə daşımaq. Əqidəli olmaq nə deməkdir? Vurulmaq deməkdir, Əqidənin özülündə dayanan həqiqətə. Bu ömür yolunda Nurtəkini necə müşahidə elədim? Ocağa gəlişinin birinci ilində Atanı itirdi. İlk günlərində, əsksəriyyətdə olduğu kimi, Nurtəkində də sadə görünən, üzdə görünməyən proseslər gedirdi. Məsum bir qız uşağı, hər şeyə heyrətlə baxırdı – Ataya, Ocağa, Ocaqçılara. Bu heyrətli münasibət o demək idi ki, Nurtəkinin içində məsum bir “avamlıq” vardı. Saflığın əlamətləri idi onlar. Saf adamın sadəlövhlüyü onu avam göstərir. Amma Atanın ölümü ilə onun sarsıntısı başladı. Ata sağ qalsaydı, bilmirəm ki, Nurtəkin bu dərəcədə dəyişərdimi? O sarsıntı onun ömrünə təməl oldu, dirək oldu sonrakı ömrünə. O vaxtdan bu vaxta qədər. Ocaqda ayrı-ayrı hallar oldu, münasibətlər gərginləşdi. İnam onun əlindən tutub bu günə çıxardı. Hər bir tələb Nurtəkin üçün yenilik idi. Ağlında, sevgisində, Ocağı anlamasında yenilik idi. Bu yeniliklərlə dola-dola görüşlər keçirdi. Görüşlər təşkil elədi, Azərbaycanın rayonlarını gəzdi. Bakıda, Sumqayıtda və s. Tükənməyən bir eşq, tükənməyən bir enerji. Atanın İnamının, Baxışının harayını çəkdi, üzləşdiyi çətinliklər ona məktəb oldu. Üzünə bağlanan qapılar da ona başqa yönlər açdı. Sığmadı. Dayanmadı, üzünə bağlanan qapılar inamını qırmadı. Ataya inamı, Atanın dediklərinə inamı, Baxışa inamı o qədər oturuşdu ki, onu idraki cəhətdən böyütdü, yetkinləşdirdi. Nurtəkin mənə möhtəşəm qanad idi. Ocaqda ən çox Nurtəkinə güvəndim, ona söykəndim. Bu hal, bu ömür, bu münasibət Ocaq taixində gözəl bir örnəyə çevrilir. 17 il quran, qurulan illər oldu, gözəl, ruhani illər oldu. Bu gün də Nurtəkinin işləri davam edir. Bu xətt qurulub. Nurtəkinə ruhani mənada ölüm yoxdur, bitib və təsdiq olunub. Təbrik edirəm”.

Tədbirdən görüntüAğşın Ağkəmərli: “Həmişə vurğuladığım bir şey var ki, o, ideologiyadır. Bəşəriyyət, təbiət havasız yaşaya bilməz, heç bir millət ideolojisiz yaşaya bilməz. İdeolojisiz yaşamaq tarixdə məqsədsiz hərəkət eləməkdir. Özünü aldatmaqdır. Heç bir uğur əldə etməmək deməkdir. Məni sizinlə bir araya gətirən, məndə o boşluğu dolduran bir məqam var. Xalqımız böyük bir ideoloji boşluğun içərisindədir. Harda olmasından asılı olmayaraq, elə bil taleyi eyni yazılıbdı. Borçalıda olsun, Təbrizdə olsun, Rusiyada olsun, taleyi eynidir. Bizim üçün elə oyun oynanılıbdı ki, guya bizim üçün özgə olmaq özümüz olmaqdan qat-qat asan bir məsələdir. Həmişə özgəliyə, yadlığa can atmışıq. O da tarixi bir boşluğun nəticəsidir. Tarixi boşluq ideoloji boşluqdur. İdeoloji ilə ölkələri fəth eləmək də olar, itirmək də olar. Tarixi şəxsiyyətlərə baxanda Nəsimi, Şah İsmayıl böyük hadisələrdir. Ərəb ideologiyasına söykənməsəydilər qat-qat müqəddəs ola bilərdilər bizim üçün. İnanılmaz dərəcədə dəyərli ola bilərdilər. Asif Atanın ideologiyasına ona görə sevinirəm ki, bizim xalqımız məhv olmayacaq. Çünki bunun arxasında böyük fikir, gələcəyə yol göstərən düşüncə var, Asif Atanın fəlsəfəsi, ideyası, dünyabaxışı, Uluyurd hərəkatı var. Bu, mənim üçün sevindiricidir. Tarixi boşluğu doldurur. Biz itirmişik, ideologiyanın olmaması üçün, qarşı tərəfin də bunu hiss edib o ideoloji boşluğu öz xeyrinə həll etməsi nəticəsində. Ancaq bizdə necə olubdu İrançılıq, islamçılıq, rusçuluq, beynəlmiləlçilik? O yad ideologiyaların 1-ci məqsədləri özümüzü özümüzdən uzaqlaşdırmaqdır. Birinci şərt budur ki, sən özün olmayasan. Özün olmayandan sonra mənə dov gələ bilməzsən. Bu, əsas təməl olub. İndi bu məsələ artıq Azərbaycan tarixində, taleyində həll olunub. Asif Ata ideyası öz zamanını ötüb. Soylu Atalı demişkən, bunun vacibliyini bəziləri qəbul edə və ya həzm edə biliməsələr də, özlərində düşünə bilmirlərsə də, zaman sübut edəcəkdir ki, bu nə qədər bizə vacibdir. Bu əsas məsələdir. İdeologiyasız getsək, parçalana-parçalana, itirə-itirə gedəcəyik. Hər şey insanın öz içərisindən başlanır. Öz beynindən, öz düşüncəsindən. Həm bütövlük, həm parçalanma.

Soylu bir məsələyə toxundu ki, biz ağlımızla yox, qəlbimizlə sevirik. Bu, insanlıq mahiyyətindən irəli gələn bir sevgidir. Bizlər pərakəndə şəkildə nəyəsə çata bilərdik təsadüfən. Ancaq təsadüflər məsələni həll eləmir. Məsələnin həlli əsas bir sistemə bağlı olmalıdır ki, bugününü gələcəyə bağlaya biləsən. Bu fikirlərlə yanaşı, xalqımızın qarşısında, nəslimizin qarşısında məsuliyyət daşıyırıq. Ocağımızın yeritdiyi xətt budur ki, laqeydlikdən çıxmaq, məsuliyyətsizlikdən çıxmaq. Mən sevinirəm ki, özümdə laqeydlik yoxdur. Amma bu pərakəndə bir şəkildə olub. Bu gün  bir pəncərə açılıb sənin keçmişinə. O pəncərənin çərçivəsindən tarixini görürsən. Babəki, Nəsimini, Xətaini, keçmişdəki ənənələri görürsən. O pəncərə Asif Atanın düşüncəsidir.

İdeologiya önəmlidir. İdeologiyasız sahibsiz, yetim bir uşağa bənzəyirik. Biz də tarixin küçələrində səpələnmiş bir xalqıq. Biz niyə uğur əldə edə bilmədik? Niyə qazana bilmədik, niyə əldə etdiklərimizi saxlaya bilmədik? Bizim qədər uğur qazanan millət tarixdə olmayıb. Milyonların arzu elədiyini biz çox rahatlıqla ələ gətirdik. Niyə onu əldə saxlaya bilmədik? Özgə havasıyla oynadıq, özgə sözü ilə oturub-durduq. Bu, həmişə məni sıxan, sarsıdan bir məqam olub.

Ocaq düşüncələrinin vacibliyini hər söhbətdə vurğulamışıq. İnanıram ki, bu, bizim qurtuluş yolumuzdur, səpələnmiş milləti bir Ocağın başına gətirən, millətə çevirən bir məqamdır. Bu, məni düşündürür və sevindirir.

Bu gün dünyada sürətlə dəyişiklik baş verir. Məqamların ortaya gəlməyi və biz belə bir düşüncəyə sahib olmasaydıq hadisələri təhlil edə bilməzdik. Mühüm məsələ budur ki, bizə təhlil imkanı verdi Ocaq. Bu günləri Ocaqçı mövqeyindən, içindən, gücündən asılı olmayaraq, hər şeyə 80-90% diaqnoz qoya bilir.

Bu qapını bu gün sevgi ilə açıb gəlirəm, çünki umduğumu burda tapıram, aldığımı burdan alıram. İstədiyimi burdan öyrənirəm. Bu da bizi həm fikir cəhətdən yaxınlaşdırır, həm də ürək, sevgi cəhətdən bir-birimizi yaşada bilirik. Elə bir yaşam ki, onun koridorundan, çərçivəsindən öz nəslimiz, gələcəyimiz, xalqımız keçsin.

Nurtəkini Ocağa gəldiyi gününə görə təbrik edirəm. Müəyyən fasilədən sonra biz bir-birimizi tapa bildik. O bağlılığın nəticəsi idi ki, biz yenidən bağlandıq. Mən çoxları ilə görüşmüşdüm. Ötüb keçirik bu gün bəzilərini küçədə görsək də. Burada isə əksinə, ötüb keçmək yoxdu. Əvvəllərdə tanımadığım Nurtəkin ailəmin üzvü olub. Uşağımın, yoldaşımın halında öz imzasını qoyub. Nurtəkin bacıdan, qardaşdan, qohumdan yaxın olub mənə və ailəmə. Biz bir-birimizi görəndə deməsək də, ürəkdən gələn hisslərimiz çox şeyləri deyir. Demədən paylaşırıq. Mənim üşün Ocaqda Nurtəkin var olub. Mənim üçün dəyərli olub. Bizi bir araya gətirən səndə olan məhəbbət, səmimiyyət olub. Həm öz genində, həm də Ocaqda aldığın tərbiyədən irəli gələn məqamdır. Bütün işlərində uğurlar diləyirəm”.

Sonra Müqəddəs oxuma: “İnam Fəlsəfəsi” Qutsal Bitik oxunub şərh edildi.

Çay süfrəsində bundan sonrakı işlər təhlil edilib dəyərləndirildi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsi ilə Ailə mərasimi başa çatdı.

İşıq Ayı, 35-il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir