Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər

20151029_160216Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 29 Xəzan Ayı, 37-ci ildə (oktyabr, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin  VIII “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Keçən ay Atanın 80 illiyi ilə bağlı “Ailə Günü” toplantısı keçirmədik. Bu aylarda bir sıra Ocaq əməllərim olub. Ata Bitiqlərini bilgisayardan (printerlə) çap eləmişəm, tədbir kitablaşdırmışam, görüntüləri disklərdə arxivləşdirmişəm. Tədbir yazılarının düzəlişlərini etmişəm. Bu Ocaq əməlləri özlüyndə hər biri mənim üçün fərəhlidir və sorumluluqdur.

Bununla belə, çalışmalarımdan o qədər də razı deyiləm. Atanın dediyi yazarlıq, təşkilatçılıq, natiqlik keyfiyyətlərimi gərəkən səviyyədə yarada bilməmişəm. Amallaşıram, ancaq xalqlaşma işim yox kimidir. Seçkilərdən sonra yaşadığım bölgədə oxullara getmək istəyirəm. Keçən ildən bəzi oxullar görüş keçirmək üçün söz vermişdilər.

Amallaşmam: – Atanı oxumaq düşüncəmi arıldır, duyğulandırır, düşündürür, yazıram, bu özü fərəhlidir. Ancaq özümü tam bir Ocaqçı kimi görmək istəyirəm. Ata işi necə gerçəkləşir xalqda? Xalqlaşanda bu işdə varlığımı duyuram. Düzdür, iş gedir, Ocaqçıların əməlləri var, Ocaq Yükümlüsü görüşlər keçirir, ancaq mənim varlığım şəxsi söhbətlərimdə, xalqlaşmamda olmalıdır ki, fərəhli halımı itirməyim.

Bəzi yazılarımı oxumaq istəyirəm.

20151029_161229

xxx

Azərbaycanı yadlaşdırırlar – təhsil, səhiyyə sıradan çıxarılır, qanunlar insanı qorumur, üz tutmağa rəsmi qurum yoxdur. Yadlaşan vətəndən çıxıb getmək asanlaşır, bəraətlənir.

Asif Ata isə yadlaşdırılan bu vətənin insanlarını vətənsizliyə alışmağa deyil, vətənləşməyə çağırır. Həyat ağırlaşır, ancaq vətənsiz yaşamaq daha ağırdır. Vətənə münasibət hansısa şərtlərdən deyil, ruhsal ölçüdən yaranır. Vətən – keçmiş, bugün və gələcəkdir.

 

xxx

Gözümüzün gördüyü çətindir, dözülməzdir, ağrılıdır. Ruhumuzun gördüyü – çətinliyi dəyişdirə bilməyə əminlikdir. Gözümüzün gördüyü ilə yaşasaq, gerçəkliyə uyğunlaşacağıq. Ruhumuz bizi gerçəkliyi  ötməyə çağırır, gələcəyə inandırır.

 

xxx

Əbədiliyi İnsanlıq qazanır. Nə şöhrətə can atmaq, nə var-dövlət, nə də vəzifə. İnsanlığa yetmək üçün ömür xərclənir. Ancaq ömür itmir, yarandıqca yaşayır, yaşamı bitəndə də yaşayır. Şöhrətə, var-dövlətə, vəzifəyə də ömür xərclənir. Əslində yaşamır. Çünkü məqsədi ötəriliyə bağlı olan ömür anlamsızdır. Anlamsız ömür sabaha çatmır.

 

xxx

Din özünün geriliyiylə hər gün irəliləyir. Geriliyin irəliləməsi millətin sabahı üçün qorxudur.

xxx

Cəsarətli böyüyür – cəsarətli böyük olur. Qorxaq böyüyür – yaşlaşmış qorxaq olur.

 

xxx

Həqiqəti dərk edən həqiqətsiz yaşaya bilməz. Amalı dərk edən həyatla yaşaya bilməz, – Amalsız yaşaya bilməz.

Yaşamaq yaşatmağa tən olmalıdır. Düşünmək – düşündürməyə, duyğulanmaq – duyğulandırmağa tən olmalıdır.

20151029_160239

xxx

Cəmiyyət halı

Səs – zorlunun, söz – zorlunun, yer – zorlunun.

 

xxx

Hər kəsin öz həqiqəti olmadığı kimi, hər kəsin də idealı əsil ideal deyil. İdeal – Əbədilik ölçüsüdür.

 

xxx

Zor öz gücünə qorxudaraq inandırır, İnsanlıq öz gücünə sevgiylə inandırır.

 

xxx

İki yol var Adamın qarşısında. Ya həyata uyğunlaşmaq, ya da həyatdan üstün olmaq. Həyata uyğunlaşmaq xüsusilik tələb etmir. Həyatdan üstün olmaq xüsusilərin yetdiyidir.

 

xxx

Özünü İnamla yaratmaq – İnamın yiyəsi olmaqdır, İnamın yiyəliyində olmaqdır.

Özünü İdrakla yaratmaq – İdrakın yiyəsi olmaqdır, İdrakın yiyəliyində olmaqdır.

Özünü Mənəviyyatla yaratmaq – Mənəviyyatın yiyəsi olmaqdır, Mənəviyyatın yiyəliyində olmaqdır.

Özünü İradəylə yaratmaq – İradənin yiyəsi olmaqdır, İradənin yiyəliyində olmaqdır.

 

xxx

Hər çətinlik bir qapıdır. Ya qapı arxasında qalırsan, ya da çətinliyi ötüb, yəni qapını açıb yoluna davam edirsən. Həyat – qapı arxasında qalanlarla doludur.

 

xxx

Maddi zənginlik – həyat olanaqlarını adamın üzünə açır, insanlıq yolunun qapısını bağlayır.

 

xxx

Adamın vaxt qıtlığı var – anlamsız həyat əməllərində. Vaxtını dəyərləndirmək istəyən həyatçılıqdan imtina etməlidir.

xxx

Dünya böyük bir alver meydanına çevrilib. Savaşlar, işğallar, köçlər, kreditlər, iqtisadi şərtlər yönətici güclər tərəfindən yönətilir. Millətlərin bu alver araçılığından çıxması üçün ruhsal özümləmə gərəkdir. Dünyanın mənzərəsi Dünyalıq anlamına tən olmalıdır.

xxx

Həyatın ağırlığını dərk etmək və Olmalını – İdealı sevmək! İdeala inanmaq – nikbinliyin təməlidir.

 

xxx

Bu ayda bir zəifliyimi də boynuma alım. Bir yön olaraq Atanı oxumaq məni həyat qayğılarından arındırır. Qayğılar hər zaman olacaq. Bəzən olur ki, o qayğıları həll etmək mümkünsüzlüyü düşüncəmi qapsayır və başqa şey düşünməyə qoymur. Atanı oxuyanda isə ayağımı buxovlardan açır sanki. Təbii ki, o qayğılar da nə zamansa həll olunacaq. Ancaq bugünə qapılıb qalmaq əhvalsızlıq yaradır. Sabahın gözüylə baxanda və nikbinliyə yetəndə o qayğılar düşüncəmi qapsamaqdan yan keçir.

Mən ən çox evdə oluram, bu da məni ruhsal əməllərdən, söhbətlərdən ayırır. Xalqlaşmada özümü görürəm, çatışmazlıqlarımı, qüsurlarımı görürəm. Bunu hər Ailə Günündə deyirəm, çünkü bunun əksikliyini yaşayıram.

Ailə Günü qonumuz haqqında: Ata deyirdi ki, Azərbaycan Ailələşməlidir – Ruhsal Ailə anlamında. Biz ayda bir dəfə Ailə Günü keçiririk, hesabat veririk. Doğrudur, mən öz hesabatımdan nə qədər razı qalmasam da, ruhsal Ailə mənim ömrümdə bir sistem yaradır. Təəssüf ki, Ailənin Evladları arasında birgə əməl yoxdur. Birgə əməl doğmalıq və birlik yaradır. Ailə birgə yol gedənlərin birliyidir. Ailə Evladlar arasında münasibətin ifadəsidir. Doğmalıq ideya, yol birliyindən doğur. Ailə Günündə Evlad özünü açır, ifadə edir, daha da yaxşı tanıyıram, doğmalaşıram ona. Bu münasibətlər hamısı toplanır doğmalıqda və ömrümə yeriyir. Eləcə də başqa Ocaqçıların. Eyni yol getmənin fərəhini, sorumluluğunu yaşamaq var. Ruhsal Ailənin içindəki hal, doğmalıq, birlik yansımalıdır bütün münasibətlərə – həm cismani ailələrə, həm də insanlararası münasibətlərə.

Hər bir Ailə Gününün keçirilməsi mənim üçün olduqca gərəklidir. Bunun etkisini hər dəfə görürəm, çatışmayan cəhətimi də görürəm, dediyim fikri hansı halla dediyimin sorumluluğunu yaşayıram. Hər bir Evlad üçün Ailənin olması və özünü Ailəyə verməsi olduqca gərəklidir. Təbii ki, yükümlü kimi üzərimə daha böyük sorumluluqlar düşür. Mən çalışıram ki, o sorumluluqları həyata keçirəm.

 Atamız Var olsun!

20151029_161940

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə ondan başlayım: Ocaq elə bir mühitdir ki, adamda həyəcan doğurur. Ən çox da Ailə Günündə həyəcanlı oluram. Bu, sorumluluq duyğusundan yaranır. Mən nə orta oxulda, nə yüksək oxulda yaxşı oxuyan öyrənci olmamışam. Heç vaxt dərsimə hazırlaşanda belə həyəcan keçirməmişəm. Onun sorumluluğunu bu dərəcədə daşımamışam. Hər Ocaq törəninə gələndə, hər Ailə Gününə gələndə isə mən, dediyim kimi, həyəcan keçirirəm. Ocaq boynuma elə bir sorumluluq qoyur ki, o sorumluluğu anladıqca boyum artır. Bu sorumluluq içsəl tələbata çevrilir. Görünür sorumluluq olmasaydı, mən özümü Ocaqçı saymazdım.

Biz keçən ay Atanın 80 illik törəni ilə bağlı Ailə Günü keçirmədik. İçimdə, bu ay hesabatım olmayacaq deyə, arxayınçılıq keçdi. O gücü Atanın  80 illik törəninə sərf elədik, orda da sorumluluq vardı. Mən Ataya ürəyimdə ikinci kərə səcdə qıldım ki, doğrudan Atanın uzaqgörənliyi burda yerini bildirir. Ata mərasimlərdə Ocaqçı olmayanların qatqısını yasaqlayır. Həmişə fikirləşirdim ki, burada nə ola bilər, qonaq gəlib otursa?! Tədbirlərin birində bu özünü bir daha isbat elədi ki, Ata doğru deyib.

Adam fikirləşər ki, hər ay Ocaqçının hesabat verməsi nəyə gərəkdir ki?!  Bu ay Ailə Günü keçirmədik və gördük ki, Ocaqçıya hər ay hesabat verməsi gərəkdir. Ona görə ki, mən bu ay sorumluluqdan bir az yayındım. Bəlkə də Ata həftədə bir dəfə Ocaqçının hesabat verməsini istəsəydi belə, yenə də haqlıydı. Ocaqçı nə qədər Ailə hesabatı verirsə, o qədər sorumluluq hiss edir və Atanın kitablarını da dönə-dönə oxuyur. Mən hələ 3 ildir Ocaqdayam, o haqqa yetib deyə bilmirəm ki, mən xalqyaratma işini görürəm. Düzdür, Ocağın mahiyyəti xalqyaratma işidir. Xalqın dəyərləri yaranır, gələnək və görənəkləri yaranır. Dəyərləri qorunur, saxlanılır, gələcək nəsillərə çatdırılır. Bunun üçün öncə özümü yaratmalıyam, özümü yarada-yarada xalqyaratma işində olmalıyam. Bu baxımdan mən haqq etmirəm. Ocq işi elə bir böyük işdir, elə bir sorumluluqdur, insandan elə bir ruhsal güc tələb edir ki, gərək imtinaya yüksələsən. Özündə haqq tapıb deyə biləsən ki, mən Atanın yolundayam və Ocaq işi görürəm.

Ailə Günündə Amallaşma, Xalqlaşma, Kamilləşmə hesabatı verilir. Amallaşma ilə bağlı deyim ki, elə ay olmur ki, Atanı, ya saytımızı oxuyub ordan nəsə bəhrələnməyim.

Kamilləşmə ilə bağlı deyim ki, hər gün öz yaxamdan yapışan birisiyəm. Çünkü 3 il Ocaqçı olan kəs kamilləşmə yolunu tutmalıydı. Ata demişdi ki, Ocaqçı ən qısa zamanda, bir ilə, iki ilə kamilləşməlidir. Baxmayaraq ki, mən 3 ildir Ocaqdayam, ancaq Ata dediyi səviyyədə Kamilləşməm baş tutmayıb. Həyat amansızlaşdıqca mənim kamilləşməyimə də pis etki göstərir. Düzdür, hər gün özümə qarşı sorumluyam, atdığım hərəkətə görə, istər ondan öncə, istər ondan sonra, özümə hesabat verirəm ki, düzmü etdim, yanlışmı? Mən qeyzləndim, mənə bu yaraşmazdı. Hər bir addımımı çalışıram ölçüm-biçim. Başını buraxmayım o duyğularımın. Özümü idarə etməyi bacarım ki, qıraqdan məni idarə etmək mümkün olmasın. Çünkü sıradan biri deyiləm. Ən azından bu Yolda görünürəm. Ona görə də özümə qarşı daha çox tənqidi yanaşıram. Təklikdə daha çox özümü danlamaqla keçinirəm, çünkü mənim gündəlik daha çox qəbahətim var. Qəbahətim olduğuna görə daha çox özümə danlaqla yanaşıram. Özümü yenidən yaratmağa cəhd edirəm.

20151029_161352

Xalqlaşmada – son 4-5 aydır geriləmişəm. Özümü də pis etkiləndirir. Nurtəkin bacımız Atanın 3 tələbinin adını çəkdi: Ocaqçıda yazarlıq, natiqlik, təşkilatçılıq olmalıdır. Amallaşma, Kamilləşmə, Xaqlaşma tələbatı də elə odur. Bunun biri olmayanda o birilər baş tutmur. Xalqlaşma olmayanda kamilləşməyə pis etki göstərir, kamilləşmə olmayanda xalqlaşmaya pis etki göstərir və s. Bir-birinə zəncirvari bağlıdır. Bu üzdən Atanın qarşısında üzü ağ deyiləm. Daha çox imtinaya yetə bilərdim. Vaxt edib xalqlaşma işini yerinə yetirə bilərdim. İşimin çoxluğu mənə imkan vermir. Düşünürəm ki, belə getməyəcək. İtirdiyim vaxtların yerini doldurmaq gücündəyəm.

Bu iki ay içində insan-dünya münasibətlərini müşahidə elədim. Bununla bağlı bizim I Qutsal Bitiyimiz olan “Mütləqə İnam” bitiyini vərəqlədim. Baxmayaraq ki, mən onu iki kərə oxumuşam. Yenə də o bitiqi mən içimə tam çevirməmişəm. Çünkü ktab özündə o qədər dərin anlam, hikmət daşıyır ki, 100 kərə oxusan da, insan hər dəfə nəsə öyrənir. Mən üçüncü kərədir o bitiyə qayıdıram, hər dəfə də mənə elə gəlir ki, ilk dəfədir vərəqləyirəm. “İdrak” bölümünü oxudum. Mən onu öyrənci kimi danışmaq istəyirəm. Ata deyir ki, insanın dünyaya ağıllı münasibəti var. Yəni insan dünyaya ağlın gözüylə baxır. Dünyanı tanıyır, daha çox dünyadan faydalanır. Dünyanı özüylə paralel götürür. Ancaq dünyanı tam dərk eləmir. Dünyanı ağılla dərk elədiyindən dünyaya üzdən yanaşır. Dünyayla özü arasında heç bir birlik yaratmır. Dünyayla birlik üzdə olur. İnsan dünyanı gözəlləşdirməkdənsə, ondan daha çox faydalanmağı düşünür, çünkü ağlın gözüylə baxır. Əslində isə insanı ağıl yox, ruh yönətir. İnsan ağlının gücü nəyə yetirsə, onunla yetərlənir. Bu yetərlənmə də onun özündən və dünyadan ayrı düşməsinə gətirib çıxarır. Əslində insan özünü öyrənsəydi, dünyanı özündə tapardı. Dünya ilə insan arasında elə bir bağlılıq var ki, insan dünyadan ayrı yaşaya bilməz. Ancaq demək olar ki, çağımıza qədər insan dünyanın anlamını heç vaxt dərindən bilməyib, ona üzdən baxıb. Gözün gördüyüylə yetərlənib. Ona görə də doğmalıq itib.

 İdrakın ikinci pilləsi var – Zəka. Ata deyir ki, zəkayla dünyaya baxanda insan dünyanı öyrənir. Ağıl yararlanır, zəka isə öyrənir. Üçüncü pillədə ruhsal idrak gəlir. Ağıl dünyanı tanıdı, zəka insanı dünyaya yetirdi, ruhsal idrak isə dünyadan qırağa çıxdı, dünyanın özündən böyük mənasını dərk elədi. Ruhsal idrak bu pillələrdən yüksəkdə durur. Dünyaya ruhun gözüylə baxsaq, insanın insandan artıq olan mənasını, dünyanın dünyadan artıq olan mənasını, həyatın həyatdan artıq olan mənasını dərk eləmək olur. İnsan onda kamilliyə yetər. İnsan ruhsal idrakla ölümsüzlüyə qovuşur. Bu, adi məntiqə sığmır, elə bir hadisədir ki, sözlə ifadə eləmək də çətindir. Bu baxımdan mən düşünürəm ki, insanın dünyaya baxışı ruhsal idrakla olsa, insan dünyanı, doğrudan da, dərk eləyər, bəşəriyyət bu qədər dağılmaz. Bu qədər fəlakətlər baş verməz, həyat insanın gözündən düşməz, sevgi itməz, qutsallıq qayıdar, gözəllik qayıdar, hər şey qayıdar. Bunların varlığı ruhsal idrakın olmasından irəli gəlir. Atamız Var olsun!

(Çıxış qısaldılmaqla verilmişdir)

 İlham Mustafa: Bir ay olar heç bir tədbirə qatılmadım öz yanlışlarımın ucundan. Ancaq, doğrudan da, boşluq hiss elədim özümdə. Mən elə bilirdim ki, gəlmədiyim, ünsiyyətdə olmadığım günlər başqa bir dünyaya köçdü. Mən Ocaqçı olmağa çox çalışıram. Ancaq nəsə məni saxlayır. O nəsəni aşa bilmirəm. Onu aşmaq üçün bildiyim və bilmədiyim şeylər var. Neçə günlərdir Ocaqla ünsiyyətdən qıraqda qaldığım üçün istər-istəməz başqa bir yer axtarıram. Düşürəm boşluğa, çıxmaq istəyirəm ordan. Gördüyüm adamlarla söhbətlərdə görürəm ki, Ocaq xalqın məşğul olduğu işlərdən qat-qat yüksəkdir. Ocaq elə bir yerdir ki, burda sözün həqiqi anlamında insanlıq tapır adam. İslamın mərasimləri ilə çöküb bu ölkə. Uzlaşdırıb fərqini araşdıranda görürəm ki, həyatın anlamı Ocaqdadr. İnsanlığın anlamı həqiqətən də Ocaqdadır. O qədər düzgün yön yeridir ki, bu yer, burad ahəm elm görə bilirsən, həm dünyagörüşün artır, həm də həyatın anlamını dərk edə bilirsən. Yanlışım olduğuna görə danışa bilmirəm. Atamız Var olsun! (Bayrağı öpüb səcdə edir – N.A.)

Ağşın Ağkəmərli: Mən özümü həmişə Bayrağın qarşısında, Ocağın qarşısında hiss edirəm.

Bir az tənqidi yanaşmaq istəyirəm. Məncə, bu yetərli deyil. Misal üçün üzümü tuturam dəyər verdiyim, sayğı göstərdiyim İnamlıya. Ocaqçı bundan daha çox irəli getməlidir. Biz tək-tək fərdlərimizdə liderlik gücü, aparıcılıq qüvvəsini görmək istəyirik. Sözün özəyini vermək istəyirik. Mən bir dinləyici kimi yoruldum. Çünkü dönə-dönə eyni nöqtəyə gəlir. Bu söhbətləri yığsaq bir səhifə edər. Bu bir az ciddiyyət tələb edir. Mənim cəsarətimi bağışlayın. Üzr istəyirəm, ümidim var xətrinizə dəyməsin. Biz bir ailəyik. Siz məni bu ailənin üzvü kimi qəbul eləməsəniz də, mən özümü bu ailənin üzvü bilirəm. Eləcə də o biri ailələrin də üzvü kimi özümü bilirəm. Ərkim çatır ki, 10 ildən artıq müddət içində ünsiyyətin səmimiyyəti, mehribançılığı sonucunda öyrəndiklərimin əsasında cəsarət tapım.

Bundan daha irəli getmək gərəkdir. Bunların bir çoxu ev içidir, özün üçündür, eşik üçündür, bura üçün deyil. Burda bu gün təslim olmağı yox, güc, qüvvə, qüdrət olmağı tələb edir. Asif Atanın fikrinin, düşüncəsinin mayasında və onun fikrinin əsasında arılaşdırma işini təriqətlərdə də (buna bənzər 10%, 20%, 30%) tapmaq olar, ümumiyyətlə. Ocaq fikrini, Asif Atanın ruhunu, düşüncəsini ayrılarından fərqləndirən böyük bir məqam vardır. Biz vurğuladığımız o məqam ancaq Azərbaycandan keçir. Bizi də bağlayan, bir araya gətirən bu Azərbaycandan olan bir məqamdır. Yoxsa ruhu təmizləmək, ruhu qidalandırmaq çoxlu təriqətlərdə var. Ancaq Azərbaycan məsələsi gəlir, vətən məsələsi gəlir, vətənin parçalanmışlığı. Başımıza gələn fəlakətlər gəlir. Biz bununla qidalanırıq, bir-birimizdən ruhlanırıq ki, səfərbər olaq, bu dərdlərimizi çözmək üçün. Rəhbər olmaq üçün, lider olmaq üçün, komutan olmaq üçün, əsgər yox. Məqsəd Allah olmaqdır. Bu söhbətlər isə yetərli deyil. İlham bəy Məhəmməd peyğımbərin işinə toxundu. Məhəmməd böyük adamdır. Bu gün mən gedən yolu Məhəmməd peyğəmbər 1400 il qabaq gedibdir. Orda dövlət yaradıbdır. Bu gün öz millətinə elə bir qulluq edibdir ki, bizim 80 faizimiz ona namaz qılır.

 Dünən liftdə bir qız gördüm, deyirəm nə yaxşı qızsan, adın nədir? Anası deyir, Mədinə. Dedim, niyə Mədinə? Dedi, a, bizim müqəddəslərimizdir. Elə “müqəddəslərimiz” dedi ki, mən ikinci söz tapıb ona deyə bilmədim. Məhəmməd öz millətinə görə böyük adamdır ki, hələ bu gün də mən onun köləliyində, ruhsal müstəmləkəliyində gedirəm. Ona görə bizə ruhən qidalanmaq yetərli deyil. Saf olmaq, təslim olmaq, o bizə yetərli deyil. Bizə ağıl ruhdan üstün gəlir. Mən ruhumla Borçalını, Dərbəndi, Təbrizi, Qarabağı azad edə bilməyəcəm. Birinci aşama ola bilər ki, mənim üçün yaxşı olsun. İkinci aşama döyüş tələb edir, ağıl tələb edir. Mən fikirləşirəm ki, biz çox gecikdik. O qədər gecikdik ki, karvan gəlib keçib, qatar da keçib. Biz hələ düşünürük ki, yola düşək. İnanın ki, xəbərləri izləyəndə 13 milyon qaçqın, Suriyada, İraqda, Türkiyənin özündə çox oyunlar bizim başımızın üstündə gedir. Türklüyümüzə görə bu oyunlar gəlir. Sabah Güneydə –  Xoyda, Urmiyədə, Təbrizdə həmin hadisələrin təkrarı olacaq. Bunlar da o hadisələrdən uzaq bir məqam deyil. Bu şübhələr, bu sorular, bu fikirlər məndə bir şey yaradır ki, daha da tələbkar olsun. Daha da istəyə bilsin. İlham by deyir ki, gəldim, qidalandım, toxdadım, getdim. Söhbət bu deyil. Biz böyük bir faciələrin içindəyik. İnciməyin. (Ayaz bəy) şair – 4 şeir yazmaqla hara gedəcəksən? Bu günümüz onu tələb eləmir. Şeiri Ayaz bəy də yazır, başqaları da. Şairlik yetərli deyil. Şairlik bizim dərdimizə dərman eləmir.

Xəbərlərdə izlədim, Kuba kimi ölkədə müsəlmanların böyük bir məscidi açılıbdı. Kuba ki, Fidel Kastro ölməyibdir, qatı komunist idi. İslam da bəhanədir ki, öz məqsədini yeritsin. Məhəmməd peyğəmbər İslamı bir məqsəd kimi yaradıbdir ki, səni ona tabe eləsin. O torpağa, o düşüncəyə, o dilə tabe eləsin. Vəhabi adıyla gedir, nurçu adıyla gedir, ya şiə adıyla gedir, hər nə adıyla gedir getsin, bu gələn nə olursa olsun, sudur, su deyil, seldir, məni aparır. Mən fikirlərimi belə ifadə elədim, kim də bu fikirlərə görə nə deyərsə, canla-başla dinləməyə hazıram.

(Çıxışda təkrarlar olduğundan qısaldılıbdır)

 20151029_165609

Ayaz Şıxalıoğlu: Bizim varlığımız vətəndir, bunun üçündür söhbətlər. Mənim şeir yazmağımla çox şeyi dəyişmək olmaz. Bizim elə dərdlərmiz var ki, bu dərdlərin qabağında şeir bir məqamda onu ruhlandıra bilər. Deyərsən, o söz onu qaldırar. Ancaq burda böyük bir iş görmək gərəkdir. Necə ki, sufilər piyada düşmüşdülər, təbliğ edirdilər, ərəb ölkələrindən tutmuş bütün Zaqafqaziyanı gəzirdilər. Ölümdən keçmişdilər onlar. Biz bu gün o dərəcədə çıxmalıyıq, xalqın içinə getməliyik yəni. Tutaq ki, Ayaz bir oxulda görüş təşkil etsin. Birini İlham təşkil eləsin, birini o biri. Buna deyərəm iş. Əsgər görəvindən getmir söhbət, həmin komutanlıq burdadır. Bircə dəfə onu təşkil eləsən, orda mən çıxş eləsəm, mənim özümün də gücüm mənə bəlli olacaq. Bizdə bir məsəl var, canavar öz gücünü bilsə, dünyanı dağıdar. O gücü göstərmək gərəkdir. Ona görə Ağşın bəyin sözü çox doğru sözdür, qeyrətli sözdür. Belə də gərəkdir.

20151029_165853

Elçin Həsənov: Əslində biz etmədiyimiz əməllərin cəzasını bu gün və sabah çəkməkdəyik. Ölkəmizdə baş verən hadisələr, ətrafımızda baş verən hadisələr. Asif Ata o vaxtlar deyirdi, görüşlərində deyirdi, mən baxırdım, bəzi səbəblərdən orda iştirak etməmişəm. O vaxt biz onun dediyi sözləri etmədiyimizə görə, bir millət olaraq bunun cəzalarını çəkirik. Bu gün ölkədə baş verən hadisələrə baxın. Azərbaycanın dayaq nöqtəsi olan MTN nə oyunlardan çıxır, nələr iş görür. Bu gün bizim güvəndiyimiz təhlükəsizlik baxanlıqları (nazirlikləri) kimisə şərləyəndə, kimisə döyəndə, tutduranda, pis-pis işlərlə məşğul olanda biz bilməliydik. Asif Atanın başına nələr oyun gətirməyiblər. Özü deyirdi ki, mənə adamyeyəndən başqa hər şey dedilər. Onları kim eləyirdi? Keçmişə gedib dirənən təhlükəsizlik idarələri. Xalq yaddan çıxıb. Milli təhlükəsizliyin sayəsində İranın at oynatdığı… Mən Binə sovxozda qalıram. Minlərlə insanlar Aşura günündə qaraköynəkdə, qollarına qara lent bağlayıblar, 17-18 yaşlarında. Onların beyinləri ağ kağız kimidir. Bu gün belə bir dəstə yaradıblar. İran gətirir verir qara köynəyi, deyir ki, bu köynəyi verirəm, bu köynək sənin qanına bulanmalıdır. Hakimiyətin özünə də meydan oxudular, dedilər ki, sizin özünüzü qanınıza bulayacağıq. Bunlar hamısı bizim, savadlı bildiyimiz aydınların, Asif Atanın dediklərini eləmədiyimizin günahıdır çəkirik. Mənim sözümün canı odur ki, durum həddindən artıq gərgindir. Biz etmədiyimizin günahını xalq olaraq çəkməkdəyik. Şəxsən mən əlimdən gələni edirəm. Ancaq azdır, çox işlər görülməlidir. Biz Asif Atanı dünyaya tanıtdırsaydıq, Amerikanın, İngiltərənin alimlərindən nəyi ilə əksik idi?

Bu pisləşməyin  səbəbini insanlarda görürəm ki, qulaq asmadılar. Böyüklərimizə fikir vermədik, ağıllı olduqlarını bilə-bilə. Fikir vermədiyimizə görə, uyduq vara-dövlətə, vəzifəyə, indi də xalqı elə bil uçurumun düz ortasında saxlamışıq. Burdan da o tərəfə işi düzəltmək, səhvləri düzəltmək olar. Ancaq indi elə aydınlarımız ortada yoxdur. Həmin o aydınlara yol verəcək rejim də yoxdur. Baxıram ki, biz məhvə doğru gedirik. Soylu bəy də danışacaq, bəlkə mənə ürək-dirək verəcək, mən də işin içindəyəm. Ancaq görürəm ki, durum pisləşməyə doğru gedir.

 20151029_170447

Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Xəzan Ayının 24-ü Atagün Elinə Ocaq səfərimiz oldu. “Atagün” və “Ulufərəh” Ailəsinin birlikdə “Ailə Günü” törənini keçirdik. Atagünə səfər həm də ziyarət anlamı daşıyır. Amal bağımız, Məbədimiz, eləcə də Ailə özü çox böyük bir ab-hava yaradır, həm də çox nikbin baxış formalaşdırır – bölgəmizdə o cür qəti işlərin olması.

Söhbətimi öncə Amaldaşlarımızın, dostlarımızın vurğuladığı məsələlərlə bağlı qurmaq istəyirəm. Çünkü mən bu Ailədə hesabat vermirəm, Atagün Ailəsində hesabat verirəm. Hər Ailə Günündə hesabat vermək gərək də deyil. Mən Ocaq Yükümlüsü olaraq burda söz deyirəm, uğurlama sözü də deyə bilərəm, yönətici söz də deyə bilərəm.

Qardaşımız Ağşın bəyin iradını anlaşıqlı qarşılamaq doğrudur, hiss olundu ki, İnamlı qardaşımıza toxundu. Məsələ nədədir, mən sizə bir şey deyim ki, istər İnamlı olsun, istər başqa Amaldaşımız olsun, burada və ya başqa törəndə onların səsi zəif çıxır. Mən də doğru sayıram ki, zəif çıxmamalıdır səs. Ancaq onlarınsəsi zəif olsa da, işi ortaya çox bərk çıxır. Bunu da mən işin içində olduğum üçün, bağlı olduğum üçün deyirəm. İnamlıda oturuşmuş bir özündənkeçmə var. Ocağın bir sıra işləri ondan keçdi. Onun yeriş fədakarlığı da var, işə yaramaq fədakarlığı da var. Bu, Ocağın qurucu əməllərindən olduğu üçün qısaca vurğu eləmək istəyirəm. Mən son, bu günümüzə bağlı çağları vurğulamaq istəyirəm. İstər Asif Atanın 80 illik Törəni olsun, istərsə də İnam Evi dərgisinin çapa hazırlanması. Bu işlərin hamısı özbaşına əmələ gəlmir, ciddi xərclə əmələ gəlir. Asif Atanın 80 illiyinin əmələ gəlməsi filan qədər paraya başa gəldi. Bunu bir daha sizə deyirəm ki, görün bu paranı kimlər ortaya qoyub?! – İnamlı kimi yetim, Göylü, Güntay kimi yetim. Atanın 80 illiyinə 3 kitab basıldı. Musiqi, Harayların kanonda ifası və s. bunlar hamısı əsaslı işlərdir ki, Ocaq əməlləri onun üzərində yeriyir və qurulur.

Ağşın bəyin də fikri ilə razıyam ki, söz və səs ucadan gəlməlidir. Fikir yetkinləşməlidir, qətiləşməlidir. Çıxışlar sərbəst olmalıdır, özünü təkrarlar olmamalıdır. Bunlar doğrudur. Ancaq qayıdıb diqqətinizi Atanın özüylədöyüş ideyasına yönəltmək istəyirəm. Mən bu çağa kimi çox qorxa-qorxa Ocaqçılara irad bildirmişəm. Mən həm də bunu haqq edib demişəm, niyə, çünkü Ocağın Yükümlüsü olduğum üçün. Onlar yaxalarını verirlər mənə ki, yaxasından tutum, bacardığım qədər ayaqda saxlayım. Ocaqçıların özlərinə də deyirəm ki, bir-birinizi tənqid etməyin. Nə qədər tənqidin təyinatı doğru olsa da, yönü uğurlu olsa da, o, mütləq dəyir. Hazır deyil insanlarımız, həm də, ümumiyyətlə, duyğuya dəyir. Bu baxımdan Asif Ata deyir, özüylə döyüşmək gərək. Özüylədöyüş o deməkdir ki, mən bütün varlığımla örnək oluram, həm özümə, həm Amaldaşıma, həm də başqasına. Burada soru çıxa bilər, tutalım ki, adam özüylə döyüşmür. Onda da Asif Ata deyir ki, bu məsələnin ixtiyarını mənə verin.

Söz deyəndə də ehtiyatlı olun. Düşünün ki, o nə dərəcədə sənin sözünü qarşılamağa hazırdır. Buna görə hər zaman vurğu elədiyimi yenə də vurğu edirəm: doğmacasına xatırladıram ki, Ata doğru deyir. Atanı eşidək. Ola bilər ki, Ağşın bəy bir az da qabağa gedərdi, o da İnamlıya ciddi toxunardı. Diqqətli olmağımız gərəkdir. Tənqid Asif Atanın Ocağında özünü doğrultmur. Bunu sizə ərk edib deyirəm. Baxmayaraq ki, Aşğın bəyin Ocaqda ayrı-ayrı addımları var, bilirsiniz. Sözə söykəyi var və s. Ancaq İnamlı qayıdıb deyə bilərdi ki, Ağşın bəy özü görükmür. Bu cavab verərdi, o deyərdi, bu deyərdi, Ailə Günündə fikir, məqsəd qırağa çıxacaqdı. Bir sözlə, sözü deyəndə fərqinə varmaq gərəkdir.

20151029_173950

Bizim işimiz Azərbaycan uğrunda mübarizədir. Bugünkü tədbir ondan ötrüdür ki, Azərbaycan uğrunda mübarizəmiz doğrulsun. Bura ona görə gəlirik. Azərbaycan bizim özümlüyümüzdür. Azərbaycan uğrunda döyüş, mübaruzə özümlük uğrunda döyüş, mübarizədir. Bundan ötrü gərək içini yaradasan, gücünü yaradasan, mənəviyyatını yaradasan. Mənəviyyatı olmayan adam döyüş aparmır. Mənəviyyatı olmayan adam başqa şey uğrunda döyüşür, Azərbaycan uğrunda döyüşmür. Hakimiyət uğrunda döyüşənlər ordusu var. Hakimiyət uğrunda döyüşənlər ordusu elə bir fon yaradıb ki, Azərbaycan toplumu üçün də sanki onların döyüşü hər şeydir. Hər şey ordan keçir sanki. Siyasi anlam daşıyır. Deyir ki, onlar dövlətin başına gələr, yeni bir quruluş yaradar, yeni rejim yaradar, ayrı bir yaşayış aşaması başlaya bilər. Ona görə hər şey sayırlar. Ancaq nə yazıqlar ki, hakimiyət uğrunda döyüşənlər, dediyim kimi, özləri ilə döyüşmür. Öz millətinin tarixini bilmir, dəyərini bilmir. Ona görə də sizin hər biriniz hansısa bir idarənin qapısını döyürsünüz, haqqınızı istəyirsiniz, haqqınızı ödəməyəndə deyir, get hara istəyirsən şikayət elə. Özüylədöyüşən adam, özünü quran adam bu ifadəni işlədərmi? Necə yəni hara istəyirsən şikayət elə. Mən sənin üstünə gəlmişəm. Dövlət sənə bu görəvi verib ki, mən sənin üstünə şikayətə gəlim. Sən məni hara göndərirsən? Mənim dərdimi sən həll eləməlisən axı. Bunların hamısı ona görədir ki, özümlüyü tapmayıblar. Ona görə də onların ağlına girmir Azərbaycan nə deməkdir.

Bu gün iki cəbhə var, istər iqtidar, istər müxalifət cəbhəsi. Eyni şeyi görürük. Biz burdan iqtidarı suçlayırıq ki, niyə sən sənə alternativ olan qüvvəni içəridən dağıdırsan, məhv edirsən, çökdürürsən, tutuqlayırsan, qınayırıq. İttiham edirik, üstünə gedirik. Ancaq niyə mənim içimə iqtidarın əli çatmalıdır, birliyimi qıra bilməlidir. Əgər bir qurumun başında duran adamlar, idarə heyəti əgər sağlam qüvvələrdən oluşarsa, vətənini, millətini sevən və anlayan, dərk eləyən, onun tarixini bilən, heç bir anlamda satılmayan, satmayan bir qüvvə formalaşarsa, necə ola bilər onun içini iqtidar və ya başqası dağıda bilsin. Mümkün deyil. İçin yoxdur dağılır da. İçin yoxdur, ona görə iqtidarın əli asanlıqla girir sənin içinə. İçin olmalıdır. Yalandan ağlamaqla deyil. Onunla kim məşğul olacaq?

Baxın, bu Ailə Günü, 10 nəfərin qatıldığı bir  Ailə Günü. Üzdən baxarsan, fikirləşərsən, bununla nə iş düzələcək ki?! Hansı yaralar sağalacaq ki?! Mən onu doğru saymamışam, bu gün də doğru saymıram. Bugünkü toplantı böyük gedişlərin qurulmasıdır. Burada səs zəif çıxa bilər. Çıxmamalıdır ha, ancaq bu böyük gedişlərin sintezidir. Ciddi əməllərin sintezidir.  İndi neyləyim, o əməlləri Ocaqçı ifadə edə bilmir. Gördüyü işləri ifadə edə bilmir. Onun anlamını aça bilmir. İfadə eləmək o demək deyil ki, “mən”, “mən” deyə sadalasın. O anlamda demirəm. O işlərin anlamı ortaya gəlməlidir. Nə baş verdi? Bu ciddi bir sorudur. Bunun cavabı ortaya gəlməlidir.

İnamlı deyir ki, mən özümü xalqyaratma əməlində görmürəm. Xalqyaratma əməli yalnız gedib görüş keçirməkdi?! Bu, işin çox az bir cəhətidir. Xalqyaratma əməli Asif Atanın qoyduğu – Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı ilə böyümək, ciddi işlərə girişmək – budur xalqyaratma əməli. Mən deyirəm ki, heç bir təşkilat, qurum xalqının dəyərlərini öyrənmir, tarixini bilmir, özüylə də uğraşmır. Amallaşarsan, Atadan öyrənərsən, tarixdən öyrənərsən, Azərbaycanın qədimliyindən öyrənərsən, özündən öyrənərsən, dühalardan öyrənərsən. Nəyi öyrənərsən? Millət olmağın yönünü, vətəni sevməyin yönünü, insan olmağın anlamını öyrənərsən. Kamilləşmə nədir – özünü yaratma. İçindəki balaca səslərin hamısını boğmaq gərək. Bu da olur başqa bir bağ.

Sonra da xalqlaşma. Bildiyin böyük halları xalqın diqqətinə sunmaq. Qulağına doldurmaq, ürəyinə doldurmaq. O bilmir, özü də məşğul olmur. Sən deyirsən, öyrətmənlik edirsən. Ona görə xalqyaratma budur elə. Ailə də odur. Öyrənirəm, düşünürəm, dərk edirəm, yazıram, yetkinləşirəm, içəridən dəyişirəm, kamilləşirəm. Xalqın içində haraylayıram. Xalqyaratma budur. Ona görə siyasətdə xalqyaratma baş tutmur. Nəinki xalqyaratma, hakimiyəti yaratma da baş tutmur. Hakimiyət xalqa qulluq deməkdir, insana qulluq deməkdir.

Bizim bu dediklərimiz, elə sizlərin də tək-təkinizin dediyiniz və vurğu elədiyiniz kimi, İnamın Evində baş tutur. Zəif olur, güclü olur, fərq etməz, ancaq İnamın Evində baş tutur. Allahın evində bu, baş tutmur. Allahın evi məsciddir, kilsədir. Allahın evində Elçin bəyin dediyi qaraköynəkləri qırmızı qana boyayırlar. Tək bu gün yox, ilin bütün aylarında. Orada insana kiçikliyini öyrədirlər. Burada isə insana böyüklük öyrədirlər. Yerlə göy qədər fərq var. Allahın evi ilə İnamın evi – anlamda da, biçimdə də, qüdrətdə də yerlə göy fərqidir. Sayda isə tərsinə, Allahın evi çoxdur, İnamın evi azdır. Az olduğuna görə deyil, anlamına görə qüdrətlidir. Allahın evində Allah insanları hədələməklə məşğuldur. Asif Ata insanlara sevgi öyrədir, yeriş öyrədir, ucalma öyrədir yarpaq-yarpaq. Görün nə qədər böyük qətiyyət gərəkdir.

Mən hər kəsi anlayıram, ancaq qəbul eləmirəm. Nəyi anlayıram?! – Dolanışıq çətindir, gediş çətindir, o çətindir, bu çətindir, anlayıram, ancaq qəbul eləmirəm, haqq vermirəm ona, ətalət yaransın. Asan nə var ki? Hansı çağda asan olub ki? Biz təkcə ruhsal asılılığın 1500 illiyini yaşamırıq. Biz Zərdüştdən sonrakı bütün çağların ruhsal asılılığını yaşayırıq. Görürsünüzmü, nə qədər çətindir? Gəlin anladın görüm necə anladacaqsınız. 5 kişiyə deyirsən, səndə ağıl görürəm, gəl Asif Atanı eşit. Deyir, mən Tanrıçılığı eşidirəm. Tanrıçılıq nə deməkdir? Tanrı var? Tanrı yoxdur. Sistemi yoxdur, etkisi yoxdur, anlamı yoxdur, anlayışı yoxdur. Bilirsən, de görüm. Bilmirlər. Biri də deyir mən yalana inanmıram, xurafata inanmıram, mən ateistəm. Biri də deyir şiəyəm. Biri deyir ələviyəm. Mən də deyirəm Asifçiyəm, hər biriniz də ortaya ideya qoyun. Ağlınız olsun, tutuşdurun, analiz eləyin. Bu çətinliyin içində yol, işıq nədir, necədir, nəyə bağlıdır? Mən topluma əgər bəyan edirəm, deyirəmsə sənin özgürlüyünə yol mənim ürəyimdən keçir, gərək o ürəyi qutsallaşdırım. Mənim ürəyimdən, beynimdən keçir sənin yolun. Araşdırın, görün yoldurmu, uçurumdurmu? Beyin nəylə yüklüdür? Ürək nəylə yüklüdür? Cəfəngiyyatlamı yüklüdür, arı-duru ideya iləmi yüklüdür? Nə salqılıyırsan, nə qoyursan ortaya? Özüylədöyüş dediyimiz, kamillşmə dediyimiz əməl budur. Ürəyindən keçən yola çağırırsan insanları. Asif Ata bizi ora çağırır. Asif Ata deyir, sizin yolunuz mənim ürəyimdən keçir, o ürək ki, o ürəkdə Mütləqə İnam adlı ideya yaranıb, doğulub. O ürək ki, o ürəkdə özüylədöyüş əsasında yetirilən kamil insan doğulub. O ürək ki, orda özgür, bağımsız vətən böyüklüyü doğulub. O ürək ki, o ürəkdə xalqın yönü (qibləsi) formalaşıb. O ürək ki, o, bəşər səviyyəsini haraylayır. Ordan keçir. Mən olduqca nikbinəm. Ancaq Elçin bəyin fikrini çox yaxşı anlayıram. Niyə anlayıram və niyə nikbinəm? Nikbinəm ona görə ki, əsaslı mübarizənin peşindəyəm. Bu mübarizə ilə özümü aldatmıram ki, sabah, o biri gün hər şey həll olacaq. Bilirəm ki, mənim mübarizəm 10 illər sürəcək. Elçin bəyi də ona görə anlayıram ki, biz həm də bu gün bir dövlətik, bir xalqıq. Bugünümüzdə faciələr, fəlakətlər yaşayırıq. Onu anlayıram. Bizim Azərbaycan olaraq çox dərin, əsaslı potensiyamız var. Bunu mən öyrənmişəm. Min ildir bizi tarix səhnəsindən çıxarmağa çalışırlar. Alınmır. 200 ildir bir xalqın içində, Güney Azərbaycanda, ən dəhşətli, faciəli bir şəkildə assimilyasiya prosesi gedir. Ancaq onun ruhu hələ ölməyib, dili hələ ölməyib, onun vətən nisgili, sevgisi hələ ölməyib. Ona görə mübarizə aparmaq gərəkdir. Deməli, bu cür ki, möhtəşəm, nəhəng potensiya var, bu potensyanı üzə çıxarmaq, qurmaq gərəkdir kərpic-kərpic. Asan deyil. Latını və latın kimi, başqalarını da tarix səhnədən çıxarıb. Bizə bəlli olan odur. Ancaq mən bilmirəm ki, latının üzərində konkret hansı proseslər gedib. Bilsəydim nə yaxşı. Ancaq çağımdadır, gözümlə görürəm, bizim üzərimizdə gedən assimilyasiya bəşər həyatının üzərində gedən assimilyasiyaların ən dəhşətlisidir. Ona görə mən xalqımızı bəzən qınayıam, həm də düşünürəm. Qınayıram ona görə ki, passionar xalq olsa da, bir az aktivliyini itirib. Ancaq düşünürəm ki, bunun mənliyi, ruhsal varlığı dilim-dilim doğranıb. Amaldaşlarım da bəzən, konkret dil məsələsilə bağlı,  deyirlər ki, sənin dilin qabaqlar daha yaxşı idi. Hansı ki, mən türkcələşdimişəm dilimi. Qabaqlar daha çox ərəb-fars sözləri ilə qarışmış dildə deyirdim, ona görə yaxşı idi? Bu mənim amaldaşımdır. Təsəvvür edin durumumuzu.

Hansı həddə, səviyyədə qınanılasıdır, hansı həddə qınanılası deyil. Ərəb-fars sözləri dilimizə dolub. Düşüncəmizin yönünü o müəyyənləşdirir. Söz. Söz bizim içimizin şəklini çəkir. Çox pis çəkir ancaq. Hər şeyi də o cür qorxulu şəkildə üzə çıxardır.

Bizim, Ocaq olaraq, çalışmalarımız, zəhmətlərimiz olduqca dərin və genişdir. Ancaq yenidən qayıdıram ki, Ocaqçı harayının yaranması, düşüncəsinin yaranması mənim arzuladığım səviyyədə deyil, hesab edirəm ki, çox yüksəlməlidir.

20151029_165638

Ayaz Şıxalıoğlu: Mənim ən axırıncı sığındığım söz olub. O söz ki, o bizim milli varlığımızı, insanlığımızı müəyyən eləyib. Mənim yazdığım şeir də dərdimizi həll eləmir. Mən özüm də istəyirəm ki, əlimi, qolumu bağlayan nədir, bilim, bir görüş təşkil edə bilmərəmmi? Qoy mən yazdığım şeiri orda deyim. Onda onun təsir səviyyəsi daha böyük olar. Babəklə bağlı şeir yazmışam, burda deyirəm. Burdakılar məni tanıyır. Burda demək azdır mənə. Bunu mən niyə təşkil edə bilmirəm. Soylunu da çağırım deyim ki, bunu da mən hazırlamışam. Siz danışın, mən də o şeiri orda deyim, bu, rezonansı artırsın. Hesab elə, 10 adam bu gün məscidə gedirdisə, heç olmasa biri tərəddüd eləyib dayansın, mən ora niyə gedirəm ki. Mən ora getməmliyəm. Bu yönə getməliyəm.

Soylu Atalı: Yenə qayıdıram özüylədöyüş məsələsinə. Mən bu qədər vaxtda ikimizin arasında ummuşam da, söz də demişəm, ərkimi də demişəm, ancaq özəl olaraq bir dəfə mən sənin yaxandan tutub silkələməmişəm. Sən özün silkələ demişəm özünü. Mən silkələməklə alınmır.

Hüsaməddin bəy:  Mən nurçuların içində işləyirəm. Onların da imam evləri var. Orda tədbirləri olur. Çox qatılmışam. İbadət eləyirlər, ondan sonra “Quran”ı oxumağa başlayırlar. Orada heç kəsin Qurana nə fikir bildirməyə ixtiyarı var, nə də müzakirə edə bilərsən, nə sorğu verə bilərsən. Allahın kəlamı oxunur, yorucu şəkildə sən də dinləyirsən. Ancaq ilk dəfədir Ocaqçıların “Ailə Günü” tədbirinə  qatılıram. Fərq çox böyükdür, çünkü burada fəlsəfi, tarixi yanaşma var, fikir bildirmə var. Asif Atanın fikirlərinə az-çox bələdəm. Hesab edirəm, nəinki Türk Dünyasında, bəşəriyyətin dünyagörüşündə inqilab edə biləcək bir ideyası var. Ağşın bəyin fikrinə də qatılıram ki, yeməyi nə qədər gözəl bişirsən də, təqdimat gözəl olmayanda o yemək adama ləzzət vermir. Bəzən hesab edirəm ki, böyük orduların görə bilmədiyi işi xüsusi təyinatlı bir dəstə həyata keçirə bilir. Bilirəm ki, həqiqətən də Ocaqçıların yükü böyükdür. Tək Azərbaycan üçün yox, bəşəriyyət üçün bu ideyaları göstərmək, öyrədə-öyrədə öyrənmək və çatdırmaq asan iş deyil. O da ola, onun maliyyə dəstəyi olmasın.

Mən bunu sosial şəbəkələrdə də görürəm. Çünkü bəzən insana bir fikir çatdıranda dini dünyagörüşdən uzaqlaşdırır. Güney Azərbaycanda assimilyasiya gedir 200 ildir, bunun sırf səbəbi dindir. İslamın etkisiylə nəinki Güney Azərbaycan, bütün Şərq inildəyir. Geriliyimizin tək səbəbidir. Ən əsas mübarizəmiz də siyasi dünyagörüşlə yox, dini dünyagörüşlə olmalıdır. Bunu da hər birimiz fərd şəklində eləməliyik. Çünkü aydın dediyimiz, intellekti olan bir kəs idrakının, məntiqinin sözünə qulaq asıb onu eləməlidir.

Fikirləriniz böyük fikirlərdir. Ancaq Asif Atanın bəzi sözləri var ki, mənə tam çatmr. Quranda bizim sorğulamağa imkanımız yoxdur. Mənim kimi adamlar soru verir, söhbət yoxdur. (Mən heç bir dini tanımıram, çox kəskin mövqeyim var dinə qarşı)… Asif Ata deyir ki, Adamlıqdan İnsanlığa, kamilləşməyə gedən bir yol. Mənə bir şey çatmır ki, adam və insan sözləri ərəb sözləridir, bunların anlamını Asif Ata açıbdırmı? Adam deyəndə daha aşağı bir səviyyəni nəzərdə tutur, İnsan deyəndə kamilləşmiş bir səviyyəni nəzərdə tutur. O sözlərin mahiyyəti açılıbmı, Ocaqçılar yəqin ki, bilirlər. Belə görüşlərdə, ya da başqa görüşlərdə mənim kimi adamlar üçün bəzi fikirlərin mahiyyəti açılmalıdır.

Başqa bir soru, Mütləqə İnam nədir, mən hələ dərk edə bilmirəm. Bilirik ki, Ocaqçıların fikirləri nə ateist fikirdir, nə də dindarların fikirləri deyil. Ancaq ruhani bir dünyagörüşdür. Mütləqə İnam nədir? Bəlkə də İlham qardaşımızın, ya mənim Ocaqçı olmamağımızın səbəbi o mahiyyəti dərk edə bilməməyimizdir. Dəqiq bilmirik. Nə demək istəyir Asif Ata? O, Allaha İnam kimidirmi?

 20151029_174003

Soylu Atalı: Çox sağ olun sorğunuza görə. Mütləqə İnam ciddi sistemdir. Asif Atanın kitablarının içinə girib onu anlamaq çətin ola bilər, başa düşürəm. Ancaq bəri başdan ərk edib sizə deyirəm ki, Asif Atanın kitabını anlamamaq səbəb ola bilməz Asif Atanın Ocağına gəlməməyə. Onu doğru saymıram. Çünkü inam məsələsi başlıca şərtdir. Birinci inamdan başlayır hər şey. İnsanın eşitdiyi, gördüyü nəsnələr var. O nəsnələr onda umud yaradır. Məsələn, mən elə bir inamla gəlib Asif Atanı tapmışam, heç bilmirdim ki, o nə istəyir. Mən Asif Atanın Ocağının içində öyrəndim İnam nə deməkdir. Çox adam deyir ki, mən özümü Ocağa hazır bilmirəm, kamil deyiləm, filan. Qıraqda heç kim kamilləşib Ocağa gəlmir ki. Ocağa gəlib kamilləşir. Yəni Ocağa qədər də hər hansı bir təriqətin qalxınması, gəlişməsi elə olub. İnsan gəlir və müəyyən bir sorumluluq daşıyır, o sorumluluğun etkisi altında fikri dəyişir, yanaşması dəyişir, içi dəyişir, mənəviyyatı qurulur və i.a. Yoxsa qıraqda öz evimizin içində məişətimizlə uğraşarıqsa, ayda bir dəfə Asif Atanın Ocağı kimi, ya da Asif Atanın Ocağından öncəki çağların olayları yadımıza düşüb ayda, üç ayda bir dəfə gəlib onun tədbirinə qatılarıqsa, əlbəttə, bu, bizim içimizdə doğru bir yön formalaşdıra bilməz. Bu əngəli doğru saymıram, ona görə deyirəm. O ki qaldı İnamın özünün yönü. Tutuşdurma aparmaq gərəkdir. Mən müyyən tezislər deyəcəm, sizə öz kitabımı da bağışlayacam. Onu oxuyarkən adam düşünmək olanağı tapır. Əslində Mütləqə İnam Asif Atanın elə birdən-birə ağlına gəlib ki, belə bir şey yaratsın, belə bir şey olmayıb. Asif Ata çox ciddi çalışıb ki, dövlətçilik məsələsində doğru yol tapsın, necə eləmək olar ki, insanların ağlına gələn qanunlar onların öz içinə işləsin. Bunu necə eləmək olar? Axı bu dövlət yaxşı qanunlar qəbul edir bəzən. Ancaq bu qanunlar işləmir. Bu və buna bənzər axtarışlar olub içində. Düşünüb ki, hakimiyətə gəlib yeni bir sistem, yeni br dövlət quruluşu yaradaq. Ancaq sonradan bu sorun qarşısında qalıb ki, milli dövləti kiminlə yaradım. 70-ci illərdə onun başına toplaşan ayrı-ayrı adamlar bir dəfə DTK-nın işçiləri ayağını yerə döyən kimi hamısı dağılışıb qaçdı. Hamısı özünü güvənsizlikdə gördü. Hamısı özünü təhlükənin ağzında gördü və heç kim o təhlükənin ağzının içində millət üçün çalışmaq istəmədi. Gələcək üçün çalışmaq istəmədi, özgür olmaq istəmədi. Asif Ata ona görə dedi: düşündük, daşındıq, Ocaqlaşmaq yolu tutduq. İndi gərək insan dəyişsin, insan yetişsin, yetişən insanla dövlət qurmaq olar, millət yaratmaq olar, gələcəyə addım götürmək olar. Yoxsa sürüylə, kütləylə belə bir addım atmaq mümkün deyil. Adam özü deyib özü eşidəcək. Bu baxımdan o belə düşüncələr içində gəlib ora çıxdı ki, yeni dünyagörüşü yaratmaq gərəkdir. Ancaq bu dünyagörüşü də yaratmaq asan deyil. Rüşeym şəklində ayrı-ayrı tezislər var idi. Öz üzərində işlədi, dünyanın üzərində işlədi, tarixin üzərində işlədi, mifologiyanın üzərində işlədi illərlə. 52-ci ildən 79-cu ilə qədər işlədi. 27 ilin sonucu kimi Mütləqə İnam dünyagörüşü ortaya çıxıb.

Qayıdıram Mütləqə İnam ideyasının özünün açımına. Bunu bir az da aydın olsun deyə tutuşdurmalarla deyəcəm. Əslində hər bir dini dünyabaxış, ya da filosoflar tarixdə çox çeşidli axtarışlar ediblər. Bir-birinə doğma olasalar da, hardasa, bir-birindən fərqlənən ölçülər qoydular. Konkret bəşər həyatının keçdiyi yolda dediklərimiz özünü göstəribdir. Öncələr bilirsiniz ki, ibtidai inanclar olub. Göyel (Səmavi) dinlərə qədər olan müxtəlif inanclar olubdur. Bu inancların hamısında da fərqli nəsnələr olub. Bir-birindən bəzi nəsnələri ilə ayrı, həm də bir-birinə bənzər. Bunun, bilirsiniz ki, ən qədim forması animizmdir. Animizmdə başlayıblar hər şeydə ruh axtarmağa, hər şeydə ilahi qüvvə axtarmağa, özünün bacarmadığı, anlamadığı, şüuruna yetmədiyi bir şeylər axtarıb insan. Ona da cavablar tapa bilməyib, həm də bir az kor qalıb. Göyel dinlərə gəlib çıxana qədər, baxmayaraq ki, göyel dinlərə qədər Zərdüştçülük olub, Buddizm olub, bunlar daha ciddi ideyalarla ortaya çıxıblar. Bəşər həyatında bu gün üç semit dininin çox etkisi olduğuna görə bunların üzərində daha çox vurğu eləmək zorunda qalırıq. Bu dinlərin də axtarışı dünya nədir, niyədir sorğularına cavab olub. Bu sorğulara doğru cavab tapmayıblar. Deyiblər ki, Allahın işinə qarışmaq olmaz. O insan ağlının gücü dışındadır. İnsan ağlının gücü ora girmir. Əslində buna gətirdi. Dinlər deyir Allahın işinə qarışma, sən onun sirrinə vaqif ola bilməzsən. Asif Ata deyir ki, Allahın işinə qarış. Çünkü sən Allahın işinə qarışmadıqca, dünya əyrisindən düzəlməyəcək. Allah deyə o məfhumun sirri nədir – qutsallıq, gözəllik, nizam, ahəng, uyum, bunlardır. Bunu da sən anlamasan, yaratmasan, bilməsən onda dünya necə var, ona da bərabər qalacaq. Sadəcə toplumsal (ictimai) quruluşlar bir-bir dəyişəcək, ancaq böyük anlamda insanla bağlı, insanın dünyaya münasibəti ilə bağlı hansısa bir dəyişiklik baş verməyəcək. Ona görə Asif Ata deyir, Allahın işinə qarış. Allahın işini biz dinlərin dediyi xurafat anlamında götürmürük. Dində Allah adamabənzər bir qüvvədir, onun qurduğu var, yaratdığı var, hökm elədiyi var, göstərişi var, ağız-burun əyməyi var. Bunu da ən yaxşı halda, bəsirət gözüylə də görmək insana xas deyil. İnsan ona qadir deyil.

Allah anlamı – varlığa münasibət məsələsidir. Antologiya deyirlər. Allahı necə verəcəksənsə, necə sunacaqsansa, insanın baxışı o cür də əyilə-əyilə, ya da qurula-qurula gedəcək. Ya Allahı ümumbəşər anlamında doğru bəyan eləməlisən, sunmalısan insana, insanlığa. Ya da zor göstərməli deyilsən. Məhəmməd bizə göstərdiyi zor kimi. Niyə zor göstərməli deyilsən. Bu Allah deyilən bir anlamın insanda yaratdığı hal var. Mən bu Allah anlamına üz tutub ona ibadət edirəm, ona dua edirəm. Bu duanı mən necə edirəm? Mənə Allahın obrazı necə qayıdır? O obrazın xarakterinə uyğun ibadət gedir insanda. İnsana verilən Allah obrazı necədirsə, onun xarakteri də, duaları da ona uyğundur. Baxın, İslamda bu adamabənzər qüvvəyə mən ibadət eləyəndə, dua eləyəndə Allah obrazı necə canlanır?! Cəhənnəmli, cənnətli, hürülü-pərili, hökm edən, qəsd edən, qorxudan-filan edən bir Allah obrazı. Mən ibadət edəndə o obraza edirəm, o canlanır mənim şüurumda. O mənim şüurumda oturub taleyimi bəlli eləyir, yönəldir məni. Mən də o ibadətdə milli kimliymi tapmıram. Mən ərəb kinindən qaynaqlanan bir obraza üz tuturam, ona dua edirəm. Ərəbin mənim ağlımda yaratdığı, “emanasiya yoluyla”, fəlsəfi dillə desək, mənim özümə qayıdır. Özümə ərəb xarakteri ilə qayıdır. O gəlib məni mütiləşdirir. Türk kimliyi ilə qayıtmır. Mən o Allaha türk kimliyinin xarakterini verməmişəm axı. Mənim türk millətimin insanının xarakteri o Allahda öz işığını tapa bilmir.

Axı insan içində Allah gəzdirir, hürufilərin təbirincə desək. İnsanın içində Allah var. İnsanlıq Allahın bir cəhətidir. Onu mən içimdə daşıyıram. İçimdə daşıdığımdan da mən o ümumiləşmiş obraza keyfiyyət verməliydim axı. Ki mən ona ibadət edəndə, dua edəndə həmin keyfiyyətlər mənim özümə qayıdıb içimi bərkitməliydi, tərbiyə eləməliydi, milli kimliyimə bağlamalıydı məni. Bağlamır. Çünkü türk ona heç nə verməyib. Türkün tanrısı vardı. Tanrıçılıqda təcəlla tapmışdı türkün özünəxas keyfiyyətləti, xarakterləri. O, tanrıya dua edəndə tanrıdan ona az və ya çox mənada gərəkən bir anlam, belə deyək, qayıdıb onun ruhuna qida verə bilirdi. Onun sevincini, fərəhini cilalayırdı. Allahçılıq gəlib Tanrıçılığı içimizdən çıxartdı, ləğv elədi. Onun yerinə özünü sırıdı. O Allah ki, o Allahda biz Allah tapa bilmirk. O Allahda da qatil görürük, cəllad görürük, cənnət-cəhənnəm görürük, şəhvət görürük, – “Ya peyğəmbər, səninlə hicrət etmiş filankəsləri sənə halal buyururuq”. Bunu görürəm mən. Belə Allah obrazı olmaz axı. Ona dua edəndə nə gəlir içimə? Bu və ya o birilər. Fərq eləməz.

Bunlar hamısı feodalizm qanunlarının ortaya gətirdiyi düşüncələrdir, ayələrdir. Asif Ata deyir ki, Allah obrazını elə canlandırmalısan ki, elə təqdim eləməlisən ki, hər bir bəşər övladı onda özünü görə bilsin. Allahı görə bilsin. Mən niyə Ağşın bəyi sevirəm, İnamlını sevirəm, məsələn. Çünkü onda özümü görürəm. Özüməxas ayrı, gözəl, yüksək keyfiyyətləri onda görürəm, doğmalaşıram ona. Yoxsa, özümə əks nəsnələr görürəmsə, necə doğmalaşaram ona. İndi mən Allahda özümü görməliyəm. Nə görməliyəm? Yenilməz bir qüdrət, özünə sığmayan, kükrəyən, yeri-göyü titrədən hikmət yiyəsi, mənəviyyat yiyəsi, iradə yiyəsi. Onu görəndə nə baş verir? – Dünyaya münasibətim dəyişir; Həyata münasibətim dəyişir; Vətənə münasibətim dəyişir; Millətə, insana münasibətim dəyişir; Körpəyə, zəlilə, səfilə münasibətim dəyişir. Hamısı əsilləşir. Mən Allaha duadan içimdə əsillik tapmalıyam. Ancaq dua eləyən deyir, mən cənnətə gedib hürü-pərilərlə kef edəcəm. Ona görə namaz qılır, ona görə ibadət edir. Buna görə Allah məfhumu öz keyfiyyətini itirir.

Allah anlamını Asif Ata aradan qaldırmadı. Ateistlərə dedi ki, siz Allah anlamını aradan qaldıra bilməzsiniz. Çünkü Allah anlamı mücərrəd deyil, cəfəngiyyat deyil, insanın içində, dünyanın mayasındadır. Ona yanaşmanı doğru qurmaq gərəkdir. Onu tanımaq gərək, onu sevmək gərək, o qüdrəti və onu özündə görmək gərək. Mütləq – insanda, dünyada, həyatda yüksək bir qüdrətdir, uyumdur, bir nizamdır. Bizim İnsanlıq deyə daşıdığımız məna Allah anlamına, əslində Mütləqə aiddir. Mütləq – insanlıqdır. İnsan cılız ola bilir, kiçilə bilir, insanlıq, mahiyyət heç vaxt dəyişilmir, kiçilmir, ölmür, itmir. İnsanlıq Əzəlidir, Əbədidir. İnsan dünyaya ona görə gəlib ki, öz mahiyyətinə qovuşsun. Onunla bir olsun, dünyaya nizam gətirsin.

Düzdür, bu fəlsəfi açımı vermirdilər, ancaq Hürufilər ona görə deyirdilər ki, insan Allahdır. Nəiminin aşamaları o idi. Peyğəmbərlik aşaması, imamlıq aşaması, Allahlıq aşaması. Allahlıq aşaması insandan başlayır. O da mənəm. Həqq mənəm, həqq məndədir, ona görə deyirdi. Bunu da təkcə Fəzlullah Nəimiyə aid eləmirdilər. Bütövlükdə insanlığa aid idi. Seçilmişlərə, seçkinlərə yox, insana.

Çatmaq üçün də Asif Ata deyir özünlə döyüş, içindəki cılızlığı, keçiciliyi, əksikliyi öldür, onda ömrün mənaya bərabər olacaq. Onda başlayır hər şey. İşıqlı üfüqlər onda açılır. Onda sən qanad çalırsan. Onda yaradıcılıq başlayır, onda vətən başalayır, hamısı o nöqtədən başlayır.

Mütləq – həyatlıq deməkdir. Həyat ötəridir, keçicidir əlamətləriylə, filanla. Ancaq Həyatlıq – ondan artıq olan mənadır. Məsələn, Ata deyir – bir var ana, bir də var analıq. Ana gördüyümüz hər bir qadındır. Analıq isə onun özündə daşıdığı ilahi keyfiyyətdir ki, balaya onu həsr edir. Yas törənlərində dönə-dönə vurğu edirəm (özü heç dərk eləmir, mahiyyətindən gəlir), ana bizə layla çalır, bizim içimizə, alt yapımıza millilik yeridir. Dilin gözəlliyini, doğmalığını saxlayır. Ona görə deyirik ki, o bizim ana dilimizdir, qutsaldır. Ərəb mənim layla dilimi öldürdü. Ərəb Allahla öldürdü layla dilimi. Allah öldürməli deyildi, Allah diriltməliydi. Ona görə də mən deyirəm: Asif Ata bəşəri peyğəmbərdir, Məhəmməd bəşəri peyğəmbər deyil. Məhəmməd milləti öldürür, çünkü insanı öldürür. Kölə, müti, bəndə insandan kamil, yetkin millət yarana bilməz. Milləti öldürürsən, necə sən mənim peyğəmbərimsən. Məni necə inkişaf elətdirə bilərsən, necə mən tərəqqiyə qədəm qoya bilərəm. Sən mənim milli kimliyimi öldürürsən. Sən məni ümmət adlı bir sürüyə çevirirsən. Üzü bəlli olmayan, düşüncəsi bəlli olmayan heyvanat aləminin sakininə çevirirsən. Necə sən bəşərisən?! – Bəşəri deyilsən.

Asif Ata isə deyir ki, bəşər millətdən başlayır. Hər bir millət özü qutsaldır, hər bir millət özü dəyərdir. Öz içindəki keyfiyyətlərlə aşkarlanmalı, qurulmalı, özünə uyğarlıq (mədəniyyət) yaratmalıdır. Millət özünə bənzədikcə, öz içindəki yüksək, gözəl xüsusiyyətləri aşkarladıqca, ortaya çıxartdıqca bəşər səviyyəsinə qalxır. Xalqların hər biri bu səviyyəyə ucalarsa, içindəki kimliyin əsilliyi ilə, böyüklüyü ilə Birlik əmələ gətirir, olur bəşər. Burdakı insanlar heç biri bir-birinə bərabər deyil, hərəsinin içində bir gözəllik var. Burdakı doğmalığı o gözəlliklərin birliyi yaradır. Bəşəri olan odur. Bəşərilik – bu birliklərin yüksək formasıdır…

Mütləq – dünyada Dünyalıq adlanır. Biz Dünyalıq deyəndə təkcə planetimizi götürmürük, əlbəttə. Dünyanı böyük anlamda götürürük, kainatı içinə alır. Kainatın içsəl qüdrətidir, insanlıq ahəngidir. O qüdrət təcəlla tapır, oluşur. O qüdrət bənna deyil, usta deyil, əliylə götürüb kərpic-kərpic tikmir, yaratmır 6 gündə öncə bu planeti, sonra o biri planeti. Belə bir nağıl yoxdur. Belə bir cəfəngiyyata inanmaq olmaz.

Ən əsası Asif Atanın fəlsəfəsinin əsasında bu durur: Dünya mənaca Əzəlidir. Bütün dinlər deyir ki, Allah onu bir baxışla yaratdı. Bir kəs soruşmur ki, yoxluqdan varlıq necə yarandı bəs? Yoxdan da var yaranarmı? Onu soruşan yoxdur. Asif Ata deyir dünyanın olmayan vaxtı olmayıb. Dünyada dəyişikliklər gedir, kainatda dəyişikliklər gedir. Planetin biri dağıla bilər içindən. Bu, kainatın dağılması anlamına gəlmir. Qravitasiya sabiti deyilən bir şey var. Bərpa edəcək özünü. Başqa bir ulduz yaranacaq, ya da bizim planetimizi götürün. Bizim planetimizdə bu qədər katastroflar əmələ gəlir. İnsan ölür, ağac quruyur, çay soğulur, daşqın əmələ gəlir, yeni çay əmələ gəlir, biri dağılır, o biri əmələ gəlir. Bu dəyişir, bu dağ burda var idi, indi yoxdur. Ancaq bütövlükdə varlıq yoxa çıxmır. Yoxa çıxmayacaq. Çünkü varlığın yox olma anlamı yoxdur. Mütləq yoxluq anlayışı yoxdur, nisbi yoxluq anlayışı var. Atanın bitiqlərindən birinə önsöz yazanda vurğu elmişəm: bəzən deyirlər mütləq qaranlıq. Mütləq qaranlıq yoxdur. Hər bir qaranlığın içində işıq var. Əgər Yer planetini bir anlıq götürərsən və deyərsən ki, planetin ortası mütləq qaranlıqdır. Mən deyirəm mütləq qaranlıq deyil. Aç bax, görəcəksən ki, işıq var. Təsəvvüründə mütləq qaranlığı formalaşdıra bilərsən. Gerçək olaraq mütləq qaranlıq yoxdur. Mütləq yoxluq yoxdur. Bədən ölür, insan ölür, mütləq yox olmur. Nəsil var, torpaqdan, təbiətdən oyanıb yenidən qayıdır əlamətləriylə, nişanələriylə. Mifologiyalar onun əsasında yarandı: Tanrı göydən sel qopartdı, palçıqlar əmələ gəlib mağaralara doldu. Günəş doğdu, qızdırdı, onun içindən canlılar əmələ gəldi. Mifologiyalar hamısı onun üzərində qurulub. Ona görə də mütləq yoxluq yoxdur.

Mütləq – kainatın içsəl qüdrətidir ki, Asif Atada o, bir cəhətiylə insanlıq adlanır, bir cəhətiylə həyatlıq adlanır, ümumiləşmiş olaraq Dünyalıq adlanır. Təzahür, təcəlla məsələsi. İnsanda kədərdən göz yaşı doğması məsələsi. Göz yaşını doğuran səbəb var. Biz bilirik kədər var. O maddi deyil, ona toxuna bilmirik. Onun təzahürünü biz görürük göz yaşı biçimində, yaxud üzün ifadəsində, cizgilərdəki dəyişiklikdə. Bu, kədərin göz yaşı biçimində təzahür etməsi məsələsidir. Dünyalıq dünyada o biçimdə təzahür edir. Deyək ki, insan biçimində təzahür edir, təbiət biçimində. Daha bunu götürüb əliylə yaratmır. Kədər göz yaşını quraşdırb yaratmır, bağlamır onu vint kimi. Təcəlla tapır da onunla.

Ataya qədərkilər dünya yaradılıb deyəndə onlar qəsd edirlər ki, öncə Allah olub, ondan qıraqda mütləq yoxluq olub. Allah istədi, yoxluqdan var yaratdı. Mənim ağlıma girmir axı bu. Elə elə ki, elmin ağlına batsın bu. Əgər istənilən bir məntiqin bu və ya başqa biçimdə gerçək əsası yoxdursa, nağıldır, daha doğrusu cəfəngiyyatdır o. Nağıl yaxşı şeydir. Yenə öz yazdığımdan çıxış eləmək istəyirəm: bizim nağıllarımızda qəhrəman olur, gedir qaranlıq yeraltı dünyaya, döyüşür, əslində yeraltı qaranlıq dünya insanın iç dünyasıdır. Yerin altında dünya, bəlldir ki, yoxdur. O gedir ora, qarşısına 40 otaqlı qəsr çıxır. Birinci otaq bağ-bostan, ikinci otaq gül-çiçək, 39-cu otaq qızıl, ləl-cəvahirdir. Qəhrəman bunun heç birində dayanmır. Qəhrəman olmayan ora gedib çıxa bilmir. Hamısı yarı yolda qalır. Quyunun içinə salan kimi deyir, vay, yandım, çıxart məni. Ancaq qəhrəman deyir çıxartma, gedir axıra kimi. O aşamaların hamısından keçir, nəfs onu saxlaya bilmir. 1-ci otağın qarşısında dayanmır, 39-cu otağın qarşısında dayanmır. Demir ki, bu elə mənə bəsdir. Bağ-bağça, gül-bülbül, çay. Dayandırmır bunu. 40-cıya girəndə görür ki, qaranlıq bir otaqdır, bir gözəl qız saçından asılıb orda. Qızı saçından açıb yerə qoyur, olur xilaskar. Çıxanda da divlə döyüşür, qızı çıxardıb qurtarır, ailə qurur və həyat davam edir. Xilaskarlıq ideyası və həyatın davam eləməsi ideyası. Bunu uşaqlarımızın beyninə Asif Ata fəlsəfəsi ilə yeritmək olmaz, belə nağıllarımızla yeritmək olar. Təbii, o demək deyil ki, uşaq nağıla qulaq asıb artıq mən dediklərimi tutur. Onun alt yapısında bu məsələlər oturur, böyüdükcə də Asif Atanın dediyini anlayacaq. Ona bir aşamadır, hazırlıqdır. İnsanın formalaşması üçün.

Qayıdıram qardaşımızın o sorusuna ki, adam və insan anlayışı nədir. Bir var fərdiyyət, bir var şəxsiyyət. Fərdiyyətçilik bir fərdin içsəl keyfiyətiylə bağlı, davranışları ilə bağlı bir nizamdır. Nizamı ifadə eləyən sözdür. Ancaq şəxsiyyət bir az genişdir. Yəni fərdin topluma bağlı xarakerinin, keyfiyyətlərinin aşkarlanması, ifadə olunması ilə bağlı bir anlayışdır. Bunu kim verir? İnsan özü verir bu sözə belə bir anlam. Özü o sözə işlənmə dəyəri verir. Adam sözü bizim dilimizə ərəbdən keçsə də, Ata onu ümumi insana xas olan bir şey kimi götürür. “İnsan” – bir az fərdiləşib hardasa. Asif Ata onlara öz anlamını verir. Yəni adam deyəndə nə başa düşürəm, insan deyəndə nə başa düşürəm. Ata Adama bu keyfiyyəti verir, insana bu keyfiyyəti verir. Ümumiləşdirib deyir: Bəşər övladı dünyaya məxluq kimi göz açır, adam kimi böyüyür, insan kimi özünü yenidən yaradır.

Dilimizə ərəb sözləri elə girib ki, tam çıxara bilmirik. Biz də hələlik Asif Atanın qoyduğu özül anlayışlara toxunmağa gərək bilmirik. Çünkü o anlayışlara toxunmaq ciddi bir sorumluluqdur. Bu gün elə toxunarsan, sabah bir başqa cür. Axırda, deyək ki, 100 il sonra deyəcəklər bu Soylunun düzəlişidir, Asif Ata belə deməyib.

Məxluq kimi doğulur, adam kimi böyüyür, insan kimi yenidən doğulur. Bu sözlər araç (vasitə) rolunu oynayır. Məxluq kimdir – qarnının qulu. Qısa deyirəm, sıralamaq istəmirəm. Onun üçün nə vətən var, nə həqiqət var, heç nə yoxdur. Adam kimdir – Yarı məxluq, yarı insan. Həm qarnının quludur, həm də bir az vətənini sevir. Vətəni sevir, ancaq vətəni uğrunda savaşmır. Həqiqət uğrunda savaşmır, ölmür vətən uğrunda. Onun da ipinin üstünə odun yığmaq olmaz. Çünkü bu adam vətən sevgisindən danışar, danışar, sən ona bel bağlayarsan, güvənərsən, gedərsən vətəni qorumağa, arxadan sənə güllə çaxar. Bizim çağdaş azərbaycanlılarımız kimi, müsəlmanlarımız kimi. Asif Ata deyir ki, insan öz içindəki müsbət keyfiyyətləri tapmış fərddir, şəxsiyyətdir. Ona hər mənada güvənə bilərsən. Heç bir vaxt o, xəyanət eləməz. Onun içində xəyanət eləyəcək bir şey qalmayıb.

Hüsaməddin bəy: Belə çıxır ki, o sözlər şərti seçilib.

Soylu Atalı: Axı adam, insan sözləri təsadüfən yaranmayıb. Nəyəsə əsaslanıb yaranıb. Adam, insan sözləri də nəyəsə əsaslanıb o biçimi alıb. Biz bunun içinə girmədən Asif Atanın ona verdiyi keyfiyyətlərə üz tuturuq. Ümumiləşdirir, insana özünü tanıtmaq üçün o cür keyfiyyətlərlə sunur.

Hüsaməddin bəy: Birinci dəfədir belə bir izahatla qarşılaşdım, tam mənası ilə dərk eləyə bildim.

Bir dəfə dindarların məclsində cəsarət elədim, sistemi pozmaq istədim, dedim ki, nə üçün Quran deyir ki, insan iradəsi azaddır, həm də allahın adından deyir ki, mənim icazəm olmadan heç bir şey baş verə bilməz. Bu ziddiyyət, təzad nədir? Cavab o oldu ki, biz o işə qarışa bilmərik. O, böyük alimlərin işidir. Sən nahaq o sorunu verirsən. Bir də belə şey eləmə. Ancaq insan ilişdiyi bir şeyə izahat istəyir axı. Ona görə deyirəm ki, birinci dəfədir məsələlərə bu cür gözəl izah eşitdim. Kitabdan oxusam da, bu cür dərk eləməmişdim. Ocaqçılar belə açıqlamalar verilməlidirlər ki, mənim kimi insanlara aydınlaşsın.

Soylu Atalı: Baxın, deyir ki, insan iradəsi azaddır, bir də deyir ki, mənim icazəm olamdan nələrsə yapmaq olmaz. Bunu dinin adına bağlamaq olmaz. Çünkü din onu demir. Lap götürək, Asif Atanın fəlsəfəsinin içinə girsək, orda da İnsan iradəsinin  azad olduğu vurğulanır. Söhbət nədən gedir. Asif Ata arılmış, durulmuş şəxsiyyətə deyir insan. Onun iradəsi azaddır. Əgər o, insan olmayıbsa, əgər o, kamilləşməyibsə, onun iradəsi azad deyil, onun iradəsi yanlışlar edə bilər, ziyan verə bilər. Beləsinə nəyisə yasaq da eləmək olar. Əslində dövlət bunun üçün yarandı. (Ancaq o başqa məsələ ki, dövlət öz mənasını tam ifadə eləmədi). Yalnız yetkin, kamilləşmiş, mənasına bərabər yaşayan insan öz iradəsini ifadə eləyə bilər. Ancaq Adamlıq səviyyəsini ötə bilməyənin iradəsi isə zor yetirir, qəbahət gətirir, başqasını əzir, başqasını sıxışdırır. Ona nəzarət gərəkdir. Ona nəzarət üçün dövləti fikirləşiblər.

20151029_165617

Ayaz Şıxalıoğlu: Məndə hikkə yaradır, deyirsiz Quranda belə yazılıb filan. Orda heç bir iradə azadlığı yazılmayıb. Əgər orda elə bir şey yazılsaydı, bəli, insan iradəsi azaddır, mən o kitabı öpərdim, heç bura gəlməzdim.

Mirzə Cəlil İslamı bilirdi, ona görə “Danabaş kəndinin əhvalatları”nı yazdı. O ağrılar indi də qalır. Bu gün də davam edir. Asif Atanı da Asif Ata eləyən həmin ağrılardır. Bəşərin ağrısıdır.

Orda yazır ki, biz istəməyincə… allahın adından deyir, o deyir Cəbrayıla, Cəbrayıl da Məhəmmədə deyir. Biz, yəni Allah. Biz istəməyincə, heç bir insanın beyni işıqlana bilməz, mən yazdığımı başa düşə bilməz. Biz icazə versək, o başa düşəcək. Ona görə də möminlərə xitabən deyir ki, görürsən bir adam başa düşmürsə, siz ona baş qoşmayın. Çünkü Allah özü istəmir o başa düşsün. Onu Allah özü istəmir, ona görə də şər yolda da saxlayıb. Sən onu doğru yola çəkmək istəyirsənsə, deməli, Allaha qarşı çıxırsan. Məntiq belədir. Allah özü istəyir ki, o elə şər yola qayıtsın. Tutaq ki, sabah bu adam qayıtdı haqq yoluna. Deyir ki, Allah istəməyincə o, haqq yoluna gələ bilməz. Bu adam qayıtsa belə, ondan da yenə bunun sözü göyərir ki, Allah istədi deyə o qayıtdı. Bunun hər iki başında bu peyğəmbər düzdür. Qayıtsa, deməli Allah istədi qayıtdı. Qayıtmasa, deməli, Allah istəmədi.

Mirzə Cəlildə eşşəyin itməkliyi var. Həsən əmi getdi Naxçıvana Danabaş kəndinə. Getdi eşşəyi axtarmağa. Karvansarada Kərbalayi Cəfərdən soruşur ki, eşşəyimi görmədin ki. Deyir, sənin eşşəyin içəridədir. Deyir, ver aparım. Deyir ki, ə, sən mənə eşşək vermisən? Lap sənin eşşəyin olsa da, mən sənə verə bilmərəm. Yeri get. Sonra Cəfər əmi buna baxır, görür yazıq adamdır. Deyir ki, bilirsən nə var, sənin eşşəyin burda idi, ancaq götürüb apardı. Kim apardı? Deyir sənin kəndçin idi. Bilmirəm. Hara apardı, bilmirəm. Yenə soruşanda deyir ki, belə cəhənnəmin ortasına apardı, mən nə bilim. Çıx get burdan. Bu kişi də gəlib oturub söykəndi divara. Öz-özünə danışıb deyir: ay Allah, sən bilirsən ki, mən neçə ildir Kərbəlaya getmək istəyirəm. O müqəddəs torpağı ziyarət eləmək istəyirəm. Sənə qurban olum, sən görürsən bu köpəkoğlu gəlib mənim eşşəyimi aparır, sən buna necə rəvac verirsən? Sonra birdən deyir ki, ayə, mən nə asi-asi danışıram. Bu, Allaha kəc gələr, ağır gedər, deməli, bu qurban olduğum özü istəmir də mən o müqəddəs torpağa gedim. Ona görə də mənim eşşəyimi Xudayar bəy aparıb. Oğru gəlib apardı, demək, Allah istəmir ki, mən Kərbəlaya gedim. Onda belə çıxır ki, mən də eşşəyimi tələb eləməyim də. Halal xoşu olsun. Bu, Quranın qoyduğu məntiqdir…

İlham bəy Allah sözü haqqında soru verir.

 

Soylu Atalı: Bir var Allah sözü, bir var Allah anlamı. Allah sözünü 7-ci yüzildə Məhəmməd yaratdı. Qureyşilərin baş bütünün adından götürdü. Bir də bir variantdır hər halda. Qədim Şumerlərdə Ellax sözü olub. Ellax yaradan deməkdir. Ancaq mən daha çox üstünlük verirəm Əlillahın adından götürülənə. Məhəmmədin Allahında qureyşilərin bütünün keyfiyyətləri özünü çox tapıb. Bir çox keyfiyyətlərini axtar Quran ayələrində görəcəksən onu. Allah anlamı nə vaxt yaranıb? Allah anlamı yaranıb Tanrıçılıqla. 7 min il öncəyə gedib çıxır. Tarixən axtarışlar ondan da öncədir…

“Ailə Günü” Törəni “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə sona yetdi.

 

Yağış Ayı, 37-ci il Atakənd.

(noyabr, 2015. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir