Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni

Ocaq Günsırası ilə 22 İşıq Ayı, 43-cü ildə (may, 2021) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:   Bu gün 22 İşıq Ayıdır, hamınızı Ailə Günündə xoş gördük. Ocaq tədbirlərinin önəmi böyükdür, hər zaman bizi kökdə saxlayır.
Öncə bu aydakı yaşantılarım haqqında danışmaq istəyirəm. Bu ay, keçən aya baxanda, Amallaşmaya vaxt ayırmışam. Baxmayaraq, yetərincə olmayıb, yenə də mənə yaxşı etki göstərib. Doğrudan da, oxumayanda, düşünməyəndə beynim başqa qayğılarla daha çox uğraşır.

İndi isə yazdığım bəzi qeydləri oxumaq istəyirəm. “İnsanda duyğular hədsiz zəngindir. Bəzən adam düşünə bilər, duyuramsa, deməli, doğrudur. Bəzən insanlarla söhbət edəndə onlar deyirlər, ya da elə düşünürlər, duyduğumu yaşayıram. Duyduğunu yaşadığını doğru saymaqla özünü aldadar. Həqiqət, ədalət ölçüsü ilə baxılmalıdır duyğulara. Duyduğunu yaşayarsan, həqiqətdən uzaq düşərsən. İdraksız, həqiqətsiz, ədalətsiz, xeyirsiz duyğu insanı azdırar, alçaldar.

Bəzən adamlar sevməkdən daha çox sevilmək istər. Diqqət göstərməzlər – diqqət istəyərlər, qayğı göstərməzlər – qayğı istəyərlər. Xoşbəxt yaşamaq istəyərlər, ancaq xoşbəxtliyin yolunu axtarmaq istəməzlər. Bədbinliyi, kədəri, ağrını, acını heç kim istəmir… Səadət verilmir, qazanılır. Qurucu, yaradıcı, xeyirə, həqiqətə, ədalətə yarayan səadət ömrü fərəhə qərq edər. Ömrün qutsal məqsədi olmalıdır. Ömrü qurtsal məqsəd qurmalı, yoluna qoymalı, ömrü yoldan çıxmağa, azmağa imkan verməməlidir. Məqsəd ömürdən böyükdür, ömürdə yaşasa da. Məqsəd ömrün sabahıdır, ömür bitsə də.

Göytəkin bacımızın qoyduğu qonularla bağlı düşüncələrimi də bölüşüm: Dinin “Kamil insan” baxışı ilə Mütləqə İnamın “Kamil İnsan” baxışı arasında hansı prinsipial fərqlər var? Bunu açıqlamaq üçün dinin də, Mütləqə İnamın da prinsiplərini açıqlamaq gərəkdir. Dinin Kamil İnsanı Allaha inanan, taleyinə inanan, qismətinə inanan, onunla barışan, o dünyaya – cənnətə, cəhənnəmə inanan, bu  dünyaya inanmayan, dinin gələnəklərinə uyan, özünü günahkar sayan bəndədir. İnsan o biri dünyaya layiq olmaq üçün yaşayır. Bu dünya keçiddir. Dinin Kamil İnsanı, qısa desək, özünə inanmayan, Allaha inanan, özünü saymayan, özünü qurmayan, özünü görməyən bir mövcudluqdur. Mütləqə İnam baxışına görə Kamil İnsan – özünü Mütləqilik tələbində quran, özünü Mütləq ədalət, Mütləq xeyir, Mütləq həqiqət ölçüsündə quran, özüylə barışmayan, özümlüyünə can atan, ömrünü xalqına, vətəninə həsr edən ruhani varlıqdır.

Ömrün məqsədi qutsaldır, çünkü yalnız insanın özüylə bağlı bir şey deyil, o həm də millətlə, bəşərlə bağlıdır, dünyanın mənası ilə bağlıdır, həyatın mənası ilə bağlıdır. Yəni ömür, doğrudan da, qutsal məqsədlə yaşayırsa, bəlli zaman kəsiyindən çıxır, əbədiliyə, əzəliliyə, sonsuzluğa bağlanır ömür. Söz yox, bunun özü ömrü fərəhə qərq edir. Bu, Atanın bizə öyrətdiyi Kamil İnsan olmaq yoludur. Kamil İnsan yalnız özünü kamilləşdirmir, həm də İnsanlığın sabahını bəlirləyir. Başqa qonu ilə bağlı deyim: Atanın bir yazısı var, deyir: “Vətən sənsən”. Sadəcə bu deyimin özü insanın üzərinə çox böyük sorumluluq qoyur. İnsan özünün sabahını  öz vətənində qurur. Həm də vətənin sabahını qurur. Atanın dediyi kimi, “Vətən – Torpağın yurd müqəddəsliyidir”. Yurd müqəddəsliyini insan kamilləşməklə, qutsal məqsədə yetməklə qurur, qoruyur.  Dində isə “vətən”, “millət” anlayışları öz mənasından ayrılır. Millət anlayışı dində yoxdur, ümmət var.

Qonularla bağlı düşündüklərim bunlardır. Xalqlaşma işlərim də olub. Ocaq yönündən söhbət etmişəm, ədəbiyyat vermişəm.

Ay içində saytla bağlı, tədbirləri oxumaqla bağlı işlərim davam edir. Onlar artıq sabit əməllərimdir. Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edir): Ciddi bir hesabatım yoxdur. Amallaşmam olub. Xalqlaşma işim də olub. Kamilləşmə yönündə özümlə uğraşıram.

Qoyulan qonular haqqında qısa düşüncələrimi deyim. Mənə elə gəlir, dində Kamil İnsan faktı yoxdur. Dində bəndəçilik var, dində insanın özünü günahkar bilməsi var. Din kamillik məsələsini o biri dünyaya saxlayıb. Dində ümmətçilik var. Burda Vətən, millət məsələsi də yoxdur. Sözdə deyilir, ancaq əməldə, gerçək həyatda özünü göstərmir. Atamız Var olsun!

 

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür): Ötən ayda Amallaşma yönündə “Görmək İnsaniliyi” Bitiyi ilə uğraşmışam. Vaxtaşırı axşamlar oxuyuram. Onları ayrı-ayrılıqda zaman-zaman öyrənmişik. Ancaq yenidən qayıdıram.

Özüylədöyüş yönündən onu deyim, halım sabitdir. Hansı yükün peşində olduğumun, hansı yolda olduğumun, kimlərlə, nəyin uğrunda mübarizə apardığımın fərqindəyəm. Özümü də həmişə buna borclu bilirəm.

Xalqlaşma əməli olaraq, fərdi görüşlərim olur, tək-tək insanlarla çağaşırı söhbətlərim olur. Bunlardan başqa, bu yaxınlarda bir kənddə yas yerində oldum, Ocaq sorağı verdim. Ocağın ölümə, cəmiyyətə münasibəti, dünyada baş verən hadisələrə münasibəti, bütün sorunların törəmə səbəbi, əlacı qonusunda söhbət etmişəm. Bir nəfər də var, başqa kənddəndir, Ocaq rəğbətçisinə çevrilib.

İkinci işim İnam Evi ilə bağlıdır. Vaxtaşırı gedib işləyirəm, səhhətim bir az əngəl olur, ancaq davam edirəm.

O biri qonularla  bağlı, qardaşım bunu doğru açıqladı. Dində kamil insan yoxdur. Özünü dərk etməyəndən kamil insan ola bilməz. Bütün məhdudiyyətləri qəbul etmiş, kodlaşmış taleyə inanan, bütün hərəkətlərinin arxasında təmənna gözləyən insandan, əlbəttə, kamillik ummaq olmaz. İnsan əslində kamil yox, bir növ sürü psixologiyasına, sürü aqibətinə uyğunlaşmış bir manqurt kimi, özünü  dərk etməyən duruma gətirilib. Onun üçün nə millət var, nə vətən, nə özünü yaratma var, nə özünü dərk etmə var. Bu dünyaya insan kimi gəlib, ancaq insanlığın özünün nə olduğundan, ona necə yetəcəyindən xəbəri yoxdur. O özünü qıraq qüvvənin yönətimində görür. Göydən bir yarpaq düşürsə, onun iradəsi ilə düşür, buna necə inanmaq olar, burda idrak deyilən bir şey yoxdur. Buna şərtsiz inanmaq istəyirlər. İnanmayanda da qorxudurlar. Sırınanlara inanmamaq qorxmaqdır, özünü günahkar saymaqdır. İnsan özünü həmişə günahkar sayır, çünkü onun babası cənnətdə bitən buğda ağacından dadıb. Tam mənasızlığa inanan insandan kamillik gözləmək, əlbəttə, yersizdir.

Bəs Mütləqə İnamda Kamil İnsan necə olur? Birinci növbədə dünyanı, həyatı, insanı dərk edən, özünü dərk edən, özünü tanıyandır. Mən insan olaraq gəlmişəm dünyaya, insanlıq nədir onu təyin edir, ona yetmək yolunu müəyyənləşdirir, özüylə döyüş məsələsini gerçəkləşdirir. Özündəki şəri döyməyə başlayır. Özündəki şəri döyməyənin cəmiyyətdəki şəri döyməyə heç haqqı da yoxdur. Heç eşidilməz də.

Təbii ki, adamlar şəri, günahları özündən qıraqdakılarda axtarır. Ən böyük zəkalılarda belə axtarırlar. Bəli, zəkalılar özləri də günahkardır, Eynşteyn günahkardır, çünkü duyğuları zəkaları ilə bir olmayıb. Heç olmasa düşünməyiblər, mənim elədiyim bu kəşf milyon sinəyə bir gündə dağ çəkirsə, bəs mənim kəşfimin önəmi nədir?! Axı mən bir insanam, insanlara bu qədər məşəqqət vermək özü düzgündürmü?! Buna görə kamil insan yolunu tam müəyyənləşdirir, ona yetmək üçün can atır. Kamil İnsan – insanın, dünyanın, həyatın mənasına inanır, buna aşiqanə halla yetməyə çalışır. O tələbin özündə yerə-görə sığmayan fərəh var. O fərəhi tanımayan yolu gedə bilməz,  çətin olar. Ona görə insan özünü tanımalı, bayaq dediyim kimi, dünyanı, həyatı, insanı dərk etməlidir. Dünya nə haldadır, həyat nə haldadır, insan kimdir, onun yeri, mövqeyi nədən oluşur?!

Millətçilik, vətənçilik məsələsinə gəlincə, qardaşımın da dediyi kimi, dində millətçilik olmur, Ümmətçilik olur. İnsana bu dərəcədə yönsüzlük verilir, bu bəşəri uçuruma aparmaqdır. Babək Vətən uğrunda döyüşürdü, bu döyüş torpaq uğrunda döyüş deyildi. Torpaqda yaranan dəyərləri qoruyurdu Babək. Vətən uğrunda mübarizə budur.

Bu gün bir Türkiyə serialına baxıram, adı “Diriliş Ərtoğrul”dur. Osmanlı imperiyasının olduğu dövrlərdən bəhs edir. Çox güman, indiki dövrdə çəkildiyinə görə dini etkiləri daha çoxdur. Hətta öz Tanrıçılıq düşüncəsinə qarşı sayğısız münasibət var. Halbuki türkün inancı Tanrıçılıq – onun təbiətlə birliyi idi, gözəlliyi idi. Bu açıdan vətən məsələsi ilə bağlı dediyim bəşəri dəyərlərin qorunmasıdır. Bunu Asif Ata öz baxışında əsaslandırıb.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edir): Bu gün yenə sizlərlə Ailə Günündə görüşürəm. Həmişə vurğu etdiyim kimi, bütün tədbirlərimiz bizim üçün önəmlidir, ancaq Ailə Günü tədbiri özəl önəm daşıyır. Ay içində yaşadıqlarımızı, halımızı, fərəhimizi bölüşürük, adamın içində bir yenilənmə gedir.

Amallaşma-kamilləşmə hesabatı ilə bağlı deyim, o biri aylarda olduğu kimi, bu ay da oxu işlərimlə uğraşmışam. Çalışıram, nə qədər çətin olsa da, “oxu”ya ayırdığım vaxt azalmasın. Ay içində Atanın kitabını oxuyub düşünmüşəm. Eyni zamanda qıraq ədəbiyyatlar da oxumuşam. Müxtəlif məsələlər üzərindən düşünmüşəm. Öncələr rastlaşdığım olayların, ya da insanlararası münasibətlərdə sorunların dərinliyinə vara bilmirdim. Ocağa gələndən sonra mənim günümün mənalı olması oxumalarla bağlı olur. Soylu bəy söhbətimizdə həmişə deyirdi, mən düşünməkdən qıraq qala bilmirəm. Onda qəribə gəlirdi, insanın nə qədər sualları olmalıdır, düşüncələri nə qədər zəngin olmalıdır, düşünmədən dayana bilməyəsən. Öncə sıradan bir şey kimi yanaşdığım məsələlər olurdu, onlarla bağlı düşünmək heç ağlıma gəlməzdi. İndi düşündükcə, dərinliyinə vardıqca adama elə gəlir, bağlı qapılar açıla-açıla gedir. İnsanla, inamla bağlı elə şeylər aydınlaşır, adam özü də heyrət edir.

Ay içində iki adamla söhbət etmişəm. Onlar məni din yolunda olduğum vaxtdan bəri tanıyırlar. Onlara artıq bu yolda olmadığımı demişəm, Atanın yolunu anlatmağa çalışmışam. Onlardan biri aşağı-yuxarı mənimlə eyni yaşdadır, dinlə uğraşır, hicablıdır. Onunla söhbətlərimiz olur, o da öz inandığını sübut etməyə çalışır. Bu gün bir din videosu göndərmişdi, söhbət etdik. O cür videolara son zamanlar daha çox statuslarda da rast gəlirəm, çox paylaşılır. Cəfəng şeyləri böyüdüb möcüzəvi bir şey kimi göstərirlər. Videoların hamısında, hətta danışıqla, səs tonu ilə belə qorxu təlqin olunur. Qohumlarım, yaxınlarım arasında olanda da fikir verirəm, biz öz aramızda bu cür məsələlərə rahat münasibət bildiririk, danışırıq, onlarla bir arada olanda dinlə bağlı nəsə deyəndə, ya da qarşı çıxanda elə bil insanların içindəki o qorxu o dəqiqə onların üzlərində özünü göstərir. Elə bir hal yaranır üzlərində, elə bil məni dinlədikləri üçün, ya da təsadüfən mən deyəni eşitdikləri üçün Allahdan qorxurlar. İnsanların içini qorxu elə bürüyüb ki, nə eşitmək istəyirlər, nə görmək.

Qonularla bağlı deyim, bayaq İnamlı əmi də bunu yaxşı dedi, dində doğrudan da, kamil insan yoxdur. Hansı yöndən yanaşırsansa, ölçünün nə olduğunu bəlirləmək olmur. Hansı yöndən düşünsən, bir-birinin əksi olan şeylər adamı çaşdırır. Nəyə dayanacağını, nəyə inanacağını bəlli etmək olmur.

Dinin Allaha verdiyi yanlış xüsusiyyətləri, Allahı yanlış anlatmasını hər dəfə vurğulayırıq, yenidən ayrı-ayrılıqda demək istəmirəm. Yəni bir yandan Allahı sevməyə, Allahla bir olmağa çağırır. Ancaq Allahı pak olan kimi göstərir, insanı əbədi günahkar hesab edir. İnsanın iradəsini Allaha tapşırır, bir halda ki insanın günahlardan təmizlənməsi, doğru yola yönəlməsi öz əlində deyil, bu baş vermirsə, o necə Allahla bir ola bilər. Öz dediyini özü də yalanlayır. Ona görə dində dayanacaq bir ölçü tapmaq olmur. Hansı yandan baxsan, ziddiyyətlər baş alıb gedir. Dinin yaratdığı kamil insan da yoxdur ki, onu ölçü kimi götürəsən, onun kimi olmağa çalışasan. Dinin dediyi kamil insan qorxu altında Allaha ibadət edən biridir. Nə qədər ki, şüurlar köləliyə köklənib, düşünmək qabiliyyəti də yoxdur insanların. Dində elə ziddiyyətlər var ki, onları anlamaq üçün heç böyük savad, bilik də gərək deyil. İnsan bir azca düşünsə, anlayar. Ancaq qorxu insanları düşünməkdən də qıraq qoyur. Nə qədər ki, bu şəkildə şüurlar köləliyə köklənib, atılan addımlar Allah qorxusu altında baş verir, onda insan nə insanı tanıyır, nə dünyanı dərk edir, nə də onda vətən sevgisi olur. Bu gün görürük ki, toplumun böyük çoxluğu islamın saysız təriqətlərinin ardınca qaçırlar. Hərə birini tutur, buna elə inanırlar ki, özləri də böyük bir həqiqəti tapmış kimi davranırlar. Din haqqında düşünüb az-çox həqiqətləri ortaya gətirənlərə acıyırlar. Ancaq əminliklə demək olar, onlarda nə vətən, nə millət sevgisi yoxdur, axtarsan Allaha sevgi də yoxdur, daha çox qorxu var. Atanın qoyduğu kamil insan ölçüdür, yəni kamil insanın özünü ölçü kimi götürür. Bu ölçüyə dayanaraq, irəlilədiyimiz yolda insanın nəyə yetməli olduğunu, nələrdən imtina edəcəyini, özünü dərk etməsini incəliyinə qədər açır. Bu yolda insanda həm vətən, millət sevgisi formalaşır, həm insanın insana, dünyaya, həyata baxışı dəyişilir. Din məndə vətən sevgisi yarada bilməz. Birincisi, dində fani dünya ideyası var, orda vətən anlayışı yoxa çıxır, ikincisi də din özgəçilikdir, mənim öz dəyərlərimi mənə tanıtmır. Atanın yolunda biz həm öz dəyərlərimizi, keçmişimizi öyrənirik, həm insan olaraq yetişirik, kamilliyə dayanaraq özümüzü yaradırıq. İnsanın içində dayanacağı ölçü doğru ölçü olarsa, insanın yaşayışı, atacağı addımlar, davranışları o doğru ölçüyə dayanaraq gerçəkləşərsə, o həyatda fəlakətlər törətməz. Bu gün hər şey inkişaf edir – elm, texnologiyalar. İnsanlar müxtəlif elm sahələrində kəşflər edirlər, uğurlar qazanırlar. Ancaq onların kəşfləri, uğurları insanlığa yaramır, çoxu sonunda fəlakət törədir. Nə qədər ki, onların yaşamı doğru ölçüyə dayanmır, onlarda Adamlıq halı davam edir, insanlığın, kamilliyin nə olduğunu dərk etmirlər, təbii ki, əldə etdikləri də insanlığa yaramayacaq. Ona görə Atanın dediyi Kamil İnsanın ölçüyə çevrilməsi – insanı qurtuluşa aparan yoldur. Qonularla bağlı düşündüklərim bu qədər.

Bir də öz halımla bağlı bir şeyi bölüşəcəm, ola bilsin sizin də yaşantılarınızda belə hal olub. Yaxınlarımla, qohumlarla bir arada oluram, sanki onlar mənimçün yadlaşıblar. Mən çox vaxt onlarla birlikdə öz mühitimi yarada bilmirəm, nə də onların mühitinə uyğunlaşa bilmirəm. Ona görə çox vaxt gərgin oluram, onların arasından təkliyə qaçmaq istəyirəm. Bu halım barədə düşündüm, Atanın yolu bizə insanlardan qaçmağı, təkliyə çəkilməyi demir. Bilmirəm nədən mən belə hallar yaşayıram?! Demək istədiklərim bu qədər.
Atamız Var olsun!

 

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür): 22 İşıq Ayı, 43-cü il Günsıramızda Uluyol-Hünər Ailəsinin aylıq toplantısında söz deməzdən öncə bayrağımızı öpürəm, Ataya səcdə qılıram. Ocağımızın Ailə Günü qutsal bir gündür. Ona görə qutsaldır, biz dünyanın qarma-qarışıq bir dönəmində yaşayırıq. Bütövlükdə insanlıq, yəni bəşər, yəni toplumlar anarxiya içərisindədir. Qarışıq-dolaşıq gedişlər çevrəsindədir. Biz belə bir qarışıq-dolaşıq gedişlərdən ayrılırıq, öz dünyamızı izhar eləməyə, ötən günlərimizi necə yaşadığımızı bir-birimizə aydınlaşdırmağa, açıqlamalar verməyə çalışırıq. Ona görə belə bir tədbir, belə bir gün söz yox, qutsal gündür, arı-duru gündür. Heç nəyə özəl önəm vermirik, heç nəyi özümüzə dərd eləmədən, yük eləmədən bu günün gözəlliklərini yaşamağa, bu günün gözəlliklərini sözə çevirməyə çalışırıq. Bunun üçün də bir araya gəlirik. Ona görə də günümüz uca, qutsal gündür. Bizi biz eləyən nədənlər var. Bizi başqa durumlardan, başqa düşüncələrdən, başqa yaşantılardan həm ayıran, həm də fərqləndirən nədənlər var. Bu nədənlər bizim üz tutduğumuz dünyagörüşün tələbləridir. Bizim üz tutduğumuz fərqliliklərdir, bizim həm də öyrəndiklərimizdir. Öyrəndiklərimizlə özümüzü özümüzə daha yüksək bir formada aydınlaşdırmaq istəyirik. Bizi fərqləndirən, ayıran nədənlərdən biri də bu gün vaxtımızı ayırdığımız bu tədbirimizdir. Bu tədbirimiz bizim həm fərqliliyimizin ifadəsidir, həm də bizi biz edən düşüncələri sərgiləmək üçün ayrılan bir gündür. Hər birimiz ayaqda qalmaq istəyirik, hər birimiz Ocaq üçün yaşamaq istəyirik, eyni halda iş görmək istəyirik. Ona görə də hər ay bir araya gəlib hesabatlar veririk. Yaşantılarımızı dilə gətiririk. Nə elədim, necə elədim məsələsi əslində necə yaşadım anlamından qaynaqlanır. Bəlli ki, biz necə yaşamalıyıq deyə qarşımızda sual var. Biz fərqli yaşamaq istəyirik, özümüzə xas yaşamaq istəyirik, ona görə də bunu izah eləmək istəyirik, gerçəkdən biz doğrumu yaşadıq, doğruya uyğun olmayan səviyyədəmi yaşadıq; Harda biz ideallarımıza doğma olduq, hardasa biz öz ideallarımıza yadmı olduq; Yad olduqsa harda yad olduq, niyə yad olduq?! Görürsünüzmü, heç bir umacağımız olmadan belə bir tələblərlə düşünürük, belə bir tələblər qarşısında özümüzü aydınlaşdırmağa çalışırıq.

Mən Atanı öyrənməkdə davamlıyam, baxmayaraq, Atanın kitablarını çap eləmək üçün oxuyuram, yəni Atanın kitabını ön söz yazmaq üçün oxuyuram. Ancaq bunu ön söz xatirinə oxumaq da adlandırmaq olmaz. Çünkü mən Atanı oxuduqca onun dediklərinin dərinliklərinə, incəliklərinə gedirəm. Onun dərinliklərinin, incəliklərinin içərisindən insana gərək olan həqiqətləri üzə çıxarmağa çalışıram, bunu insanlara çatdırmaq istəyirəm. Ona görə də Atanın kitablarını oxuyarkən daha çox ön söz məsələsinə görə düşünə bilmirəm. Mən ön söz yazmayıb Atanın kitabını oxusam yenə də eyni halı keçirəcəm, eyni halı yaşayacam. Atanın kitablarının hamısı çap olunduqdan sonra qayıdıb ona bir də baxacam. Bir də baxmaq bizə varlığımızı, düşüncəmizi, yaşamımızı, ağlımızı yenidən tutuşdurmaq üçün gərəkdir. Biz özümüzü Atanın dedikləri ilə tutuşdururuq. Sizə demişəm, bu günlərdə bir gənclə görüşdüm. Mən ona bir sual verdim, dedim, sən Asif Ataya baxış sərgiləyirsən, açıqlama verirsən. Bu zaman sən nəyə dayanırsan, hansı ölçüyə dayanırsan, hansı deyilənlərə dayanıb Asif Ataya dəyər verirsən. Asif Ataya nəyə dayanıb dəyər vermək olduqca önəmli bir məsələdir.

Sosial şəbəkələrdən bildiyiniz bir şair deyir, Şeyx Şamilə münasibət bildirmək üçün o dövrü yaşamaq gərəkdir, ora gedib ordan baxmaq gərəkdir. Yəni onun müstəvisində dayanıb dəyər vermək gərəkdir. Ocaqçılar da deyə bilər ki, Asif Ataya qiymət verəndə Asif Atanın öz ölçüsü ilə yanaşın, öz ölçüsü ilə qiymət verin. Belə deyərsiniz yəqin ki. Baxın, görürsünüzmü ortaya nə çıxır?! Həm biz deyirik, Asif Ataya dəyər vermək üçün Asif Atanın öz ölçüsündən yanaşın, həm də o şairin dediyinə – hər kəsə öz ölçüsündən dəyər vermək gərəkdir – biz ona qarşı çıxırıq. Axı niyə çıxırıq, çox qəribə, maraqlı məsələdir. Bizimlə söhbət edən adamlar bunu bizə irad da bildirə bilər. Mən fəlsəfəçi oğlana deyirəm, Asif Atanı dəyərləndirəndə harda dayanıb baxırsan, hansı ölçüyə dayanırsan. Asif Ataya qiymət vermək üçün onu sorğuya çəkirəm. Bu birinin dediyini də yenə sorğuya çəkirəm, deyirəm ki, sən düz demirsən, sən deyirsən ki, hər kəsin ölçüsündə, öz müstəvisində dayanıb ona dəyər vermək gərəkdir. Biz nəyi aydınlaşdırmağa çalışırıq?! Biz aydınlaşdırırıq ki, Asif Ata hər şey, ya da hər kəs deyil. Asif Ata hər şey olmaqdan, hər kəs olmaqdan qırağa çıxıb artıq. Asif Ata bizə elə tapınaq yaradıb, bu tapınaqda biz özümüzü, onun ölçüsü ilə, özümüz kimi görə bilirik. Ancaq mən gənc fəlsəfəçiyə deyirəm (çağdaş araşdırmaçıların, düşüncə adamlarının adını çəkir, onlara dayanıb qiymət verir), sən çağdaş düşüncə adamlarına dayanıb qiymət verirsən. Doğrudanmı sən onların güzgüsündə Asif Atanı olduğu kimi görə bilərsən, ya da doğrudanmı sən onların güzgüsündə özünü özün kimi görə bilərsən. Görə bilmirsən. Sən özünü də güzgündə özün kimi görə bilmirsən. Şairin dediyi kimi, hər kəsi öz müstəvisindən baxıb dəyərləndirmək gərəkdir demək olar, axı hər kəsi hər kəsin güzgüsündən də baxıb doğru görmək olmur. Çünkü onun güzgüsü də doğru deyil, onun güzgüsü əyridir (təhrif olunub). İkincisi, varmı onun güzgüsü, mən o güzgüdə onun özünü də olduğu kimi görüm, özümü  də olduğum kimi görüm?! Ölçü deyilən bir şeydən bəhs edirik, ölçü budur. Hansı ölçü ilə insana yaxınlaşırıq, ya da Asif Ataya yaxınlaşırıq. Biz Asif Atanın yaratdığı ölçü ilə genel insana baxırıq. Hər kəsi genel insanla tutuşdururuq. Biri var, konkret insan, mən, sən, o biri, biri də var genel insan. Genel insan bizim üçün kimdir, nədir onu bəlirləyirik. Deyirik, genel insan kamil inam, kamil mənəviyyat, kamil iradə yiyəsidir. Kamil inam, kamil mənəviyyat, kamil iradə yiyəsi bizim üçün artıq başqalarını tutuşdurmalı olan güzgüdür. Həmən genəl insanı biz bəlirləyirik, insan necə olmalıdır, insan nədir, kimdir deyə öyrənirik, tutuşdururuq. Kamil inam nədir, kamil inam – dünyanın özünü mənaca kamil saymaqdır. Biri var, dünyanı kamil saymaq, ona görə kamil sayasan ki, həm də dünyanın kamil olduğunu qəbul edəsən. Siz dinlərin yanaşmalarına baxış sərgilədiniz, deyirsiniz, dinlərdə kamillik anlayışı yoxdur. Çünkü Dinlər dünyanı kamil saymır, fani sayır. Dünyanı fani saymaq yalandır, qüsurdur, yanlışdır, suçdur. İkincisi, dediyim kimi, dünya heçdirsə, onda mən niyə yaşayıram, axı bu sual mənim qarşıma çıxır. Bəs mən kiməm?! Onda başlayır mənə ayrı bir dünya icad edir, o dünya var. Gedəcəksən o dünyaya o dünya kamildir. Bu, ikinci yalan, ikinci suçdur. İkinci yalan – ikinci suç doğurur. Məni başqa bir dünyaya ismarlayırsan, mənə bələdçilik edirsən, doğru bələdçilik eləmirsən, aldadırsan məni, cinayət eləyirsən. Hesab elə ki, gecənin qaranlığında azmış biri gəlib səndən soruşur ki, filan kəndə hara gedim? Sən ona yolu göstərməkdənsə, onu dağa-daşa qurd-quşun ağzına yönəldirsən. Bu cinayətdir. Din mənə yaşadığım dünyanın özünün gözəlliklərinə bələdçilik eləmir, yaşadığım dünyanın kamil mənasına bələdçilik eləmir, mənə tamamilə cəfəng bir şey uydurur, bu dünyanı gözümdən salır. Mənə fəlakətə getməyə bələdçilik edir. Bu cinayətdir, heç kim bu cinayəti sorğulamır. Bu, doğrudan da, manqurtçuluqdur, səni fəlakətin içinə göndərir, sən bunu sorğulamırsan. Dini heç kim sorğulamır, nədir insanla qərəzin?! Bacarmırsan bələdçilik eləmə, niyə yanlış bələdçilik edirsən?!

Baxın, başqa fəlsəfi baxışlar, başqa doktrinlər var, yeni fəlsəfi baxışlar ortaya çıxır, onlar nə deyir, hara bələdçilik edir?! Hamısı eyni sonuca gəlib çıxır – dünyada heç nə doğru deyil, dünyada heç nə kamil deyil, hər şey nisbidir. Hər şey nisbidirsə, bəs mən insanla necə yol gedim, onda mən niyə yaşayıram axı. Hər şey nisbidirsə, hər şey yoxdursa, onda mən niyə yaşayıram – bunu sorğulayan yoxdur. Böyük sayılan düşüncə adamları bunu yayır, hər şey nisbidir, qeyri-səlisdir. İnsanın, toplumun davamlı şəkildə beyninə yeridirlər dünyanın heç olduğunu, eləcə də dünyada olan hər şeyin heç olduğunu. Yeridirlər, heç kim də qayıdıb bunu sorğulamır. Sanki adamın ölüsünü, dirisini söyələr, qayıdıb heç olmasa onun ağzına bir şillə də vurmayasan. Sorğulamaq gərəkdir. Sən məni heçə çevirirsən. Dində belə bir söz var, bəzən görürsən dindarların beyninə girir, fərqinə varmırlar. Dinçilər deyirlər, “sən bir qarışqa yarada bilərsənmi? Ancaq Allah yaradır”. Doğrudan da bu ciddi bir qonudur. İnsanı öldükdən sonra torpağa qoyurlar, bir neçə aydan sonra onun tam olaraq sümükdən başqa hər şeyi çürüyür, qalmır. Skeleti qalır. O skeleti elmin əlinə versən, elm o skeletdən robot düzəldəcək, onun içinə aparat qoyacaq, onun içinə enerji yığan qoyacaq. Onu hərəkət elətdirəcək, ancaq onu düşündürə bilməyəcək. Elm bunu edə bilməyəcək. Bəs bunu nə edir?! Təbiətin yaratdığını, deyək, Allahın yaratdığını elm edə bilmir. Din deyir, bunu Allah edir, bəs necə edir?! Deyir, Allah əmr edir ol, o da olur. Allah əmr edir, sümüyün üstünə ət gəlir. Bununla da cəfəngiyyatı davam eləmiş oldun. Bu özü böyük bir inkardır. Bu özü yaranışı da inkardır, varlığı da inkardır, insanlığı da inkardır, hər şeyi inkardır. Allah qıraqda durur, əmr edir, sümüyün üstündə ət əmələ gəlir, sonra da başlayır düşünməyə. İnsan kimi yüksək varlıq, düşüncəli varlıq əmrlə oluşurmuş. Heç kim demir ki, mən Allahın təzahürüyəm, təcəllasıyam. Asif Ata deyir, Mütləqin görsənişisən. Özündə Mütləq daşıyırsan. Sənin hər şeyin dəyişməz Mənaya bağlıdır. Sən deyirsən hər şey nisbidir, nisbidirsə ət, sümük, bu düşüncə, bu inam necə yaranır axı?! Ona görə Atanın dediyi, öyrətdiyi insana kamil yön verə bilir. Kamil ölçü verə bilir, tamamilə sənin baxışın dəyişir, sənin yönün dəyişir, sevgin dəyişir.

Biri var kamilliyin Məcnunluq səviyyəsi, biri də var dərvişlik səviyyəsi. Yəni toplumdan ayrılıb kahalarda, başqa yerlərdə yaşayanlar. Biri də var Asif Atanın Kamillik səviyyəsi. Məcnunluq özü də kamillik deməkdir. Məcnunluq ən yüksək kamil eşq deməkdir. Kamil eşq insanın içini o qədər təmizləyir, o qədər arılaşdırır, hər şeydən yüksəkdə durur, hər şeydən üstün olur. Biz dərvişliyi qəbul eləmirik, ancaq biz onları yox saya, qırağa ata bilmərik. Axı onlar pis insanlar deyil, onlar toplumun eybəcərliyinə bulaşmırlar, bulaşmaq istəmirlər. Toplumun eybəcərliyi ilə təmasda, ünsiyyətdə olmaq istəmirlər, qulaqlarını iyrəndirmək istəmirlər, könüllərini bulandırmaq istəmirlər, çəkilirlər eybəcər toplumdan, eybəcər ortamdan, eybəcər mühitdən, eybəcər gedişdən qıraqda öz dünyalarını yaradırlar. Bu pis şey deyil. Biri də var Asif Atanın kamillik səviyyəsi, bəs bu nədir?! Deyir, sən ömrünü dəyişirsən, kamil aşiq olursan. Toplumun eybəcərliyindən ayrılırsan, qırağa çıxırsan. Ancaq toplumun eybəcərliyindən öz içində çıxırsan, arılanırsan. Toplumun içindən getmirsən qırağa, eybəcərliyi içindən çıxarırsan. İçindəki eybəcərliyi təmizlə ki, toplumun dəyişilməsinə yardımçı olasan. Asif Atanın kamilliyi yeni aşama olur. Mübarizə aparmalısan deyir, özünü kamilləşdirmək azdır, başqalarının kamilləşməsinə, dəyişilməsinə yardımçı olmalısan, həyatın gözəlləşməsinə yardımçı olmalısan. Çünkü sən onun sirrinə vaqif olursan. Həyatın gözəlliklərinin sirrinə yetirsən. Həyatı dəyişməyin sirlərinə yetirsən. Həyatı gözəlliklərə bənzətməyin sirlərinə yetirsən. Atada kamillik yeni ölçü olur, yeni aşama olur, yeni tələb olur bizim qarşımızda. Biz də gedib qırağa çəkilmirik, içimizin gözəlliklərini hamı ilə birgə yaşayırıq, başqalarından qorunmuruq. Biz elə toplumun içərisində yaşayıb bunu həyata keçiririk. Ən çətin olan Atanın dediyi kamillikdir. Cəsarətlə deyə bilirik, ən doğru olan da budur. Ona görə Asif Ata insanlara çağırış edəndə təkcə demədi kamilləşin, dedi, həm də kamilləşdirin. İnsanlaşın, insanlaşdırın. Toplumun içindən qırağa çıxsam, necə insanlaşdıra bilərəm, toplumdan çıxaram, gedərəm kahalarda yaşayaram, insanlaşaram. Doğrudan da içimi təmizləyərəm. Mənəviyyatımı təmizləyərəm, mənəviyyatıma çirkab bulamaram, daim onun təmizliyi ilə də qıraqda yaşayaram. Yenə deyirəm, Ata deyir, insanlaşın, insanlaşdırın. Toplumun dəyişilməsinə yardımçı olun. Hər yerdə içinizdə yaratdığınız gözəlliklərin sirrini başqalarına öyrədin.

Həyatın gözəlliklərini öyrənin, anlayın, dərk edin. Dünyanın mənaca gözəl olduğunu anlayın, dərk edin. İnsanlığın ölçü olduğunu, gözəl olduğunu anlayın, dərk edin. Sonra gedin başqalarına da öyrədin, başqalarının da yaşamasına yardımçı olun. Ata bizim qarşımızda daha yüksək tələblərlə çıxış edir, insanları – öyrəndiyin, dərk elədiyin həqiqətlərlə tanış elə. İnsanlara bu həqiqətlərin olduğunu soraq ver. Günev, Nurtəkin, İnamlı qardaşımın yadındadırsa, bir vaxtlar Ocaqda belə bir söhbət var idi. Ocaqçılar Atanın peyğəmbərləridir. Obrazlı mənada belə söhbətlər gedirdi. Onu kim, harda, necə anlayırdı bilmirəm. Yəni biz Asif Atadan topluma soraq verənlərik. Yəni əgər belə götürsək ki, peyğəmbərlər Allahdan soraq  verirlər, biz də Asif Atanın dediklərindən soraq veririk. Xalqlaşma işimizin yönü belədir. Gerçəkdən də elə xalqlaşma işini həyata keçirmək, dünyanın mənaca kamil olmasını, həyatın daha gözəl, mənalı olduğunu, insanlığın gözəlliklərlə zəngin olduğunu insanlara çatdırmaq üçün peyğəmbər səviyyəsi gərək olur. Həm gərək buna içindən inanasan, həm bunu içində axıra qədər biləsən, həm də bunun arxasında dura biləsən. Dura biləcək iradən, qətiyyətin olsun. Ocaqçılıq o dərəcədə daha dərin, daha zəngin, daha kamil bir səviyyədir. İndiki çağda, yəni Asif Atanın davamında bizim Ocaqçılığımız özümüzü də qane etməyə bilər, başqalarının da diqqətində az görünə bilər. Ancaq mənaca o daha böyük hərəkatdır. Biz çətin bir işin peşindəyik, çətin addımlar atırıq. Hər kəsin dediklərini yalanlayırıq, deyirik doğru demir. Nə din doğru deyir, nə də indikilər, yəni elmlə uğraşan indikilər doğru demir. Din deyir, hər şey fanidir. İndikilər deyir, hər şey nisbidir. Heç kim Mütləq olandan soraq vermir. Heç kim Mütləqin olduğunu dilə gətirmir. Nə də Mütləqin olması ilə barışmır, razılaşmır. Hamı deyir yoxdur. Asif Ata deyir var. Biz Asif Atanın davamında deyirik var. Bizim var dediyimiz Mütləq insanın qurtuluş yoludur. Çünkü əgər Mütləq olmasa, insanın içini təmizləmək mümkün deyil, gözəlləşdirmək mümkün deyil. Ona kamil mənəviyyatın olmasını necə deyə bilərsən?! Yaxşı, əgər hər şey nisbi, fanidirsə, onda belə çıxır, heç vaxt bütöv həqiqət olmayacaq, heç vaxt bütöv ədalət olmayacaq, heç vaxt bütöv xeyir olmayacaq. Belə çıxır, həyat daim bu eybəcərliklərlə dolu olacaq, insan da ümidsiz yaşayacaq. Heyvana bərabər yaşayacaq. Bizi bura çağırırlar. Görürsünüzmü, bizi necə böyük ümidsizliyə, böyük inamsızlığa çağırırlar. O gənc fəlsəfəçi məndən soruşur ki, İnam Mütləq ola bilərmi?! İnam Mütləq ola bilməzsə, bəs niyə yaşayırsan, necə yaşayırsan. İnanmayıb necə yaşayırsan?! Bizdən qabaqdakı tarixdə inanmayanların çoxu kəndiri boğazına keçirib özünü asdı. Sən niyə intihar etmirsən, get intihar elə, özünü öldür. Əgər kamillik yoxdursa, gözəllik yoxdursa, Mütləq yoxdursa, Mütləq doğruluq, həqiqət yoxdursa nəyə yaşayırsan?! Bunu da özlərindən soruşan yoxdur. Onlara elə demək gərəkdir, əgər Ocaqçılara kimsə desə ki, Mütləq mümkün deyil. Bayaq misal çəkdim, din bizə bu dünyanı yalanlayır, başqa bir dünya uydurur. Aldadır ki, başqa dünya var. Onda get öl, nəyə yaşayırsan. Mən ona görə yaşayıram ki, Mütləq var, Mütləq olan var. Bir dünya var, siz orda ömrünüzü davam edəcəksiniz. Bu cür məsələlər özü elə bir ölçüsüzlük yaradır ki, indi axtarışda olanlar, bir az ağlı işləyənlər də başlayıb buna istehza edirlər. Bunun doğru olmadığını çox adamlar bilir. Ancaq nəyin doğru olduğunu da bilmirlər. Ona görə Ocaqdan çox şeylər asılıdır. Ocağın əlində çox böyük bir yaraq var, Ocaqda çox böyük bir nikbinlik var. Sən dünyanı mənaca Mütləq sayırsan, kamil sayırsan, əbədi sayırsan. Dünyanı əbədi saydığın üçün yaşamağın gərəyini dərk edirsən, yaşamağı da gözəl sayırsan. Həm də gözəlliklər uğrunda yaşayırsan, gözəlliklər uğrunda axtarışlar edirsən. Bundan gözəl nikbinlik ola bilməz. Sən düşünmürsən ki, ömrün hardasa puç olub başa çatacaq. Atanın fəlsəfəsi olduqca dərindir.

Mən “Mütləqləşmək – Var olmaq” bitiyini oxuyub qeydlər etmişəm, “ön söz” yazacam. Çox ciddi arqumentlər çıxır qarşıma, çox dərin məna çıxır qarşıma. Gerçəkdən sevincimin sınırı olmur. Buna dayanıb adam necə gözəl yaşaya bilər, həm də necə gözəl mübarizə apara bilər. Mən “ön söz”ü yazanda bəlkə düşüncələrimə ayrıca açıqlama verdim.

İndi Xalqlaşma yönündən bəzi şeylər demək istəyirəm sizə. Mən hər gün söhbətlər edirəm. Bir vaxtlar kütləvi görüşlər, söhbətlər olardı. Onlardan əlim çıxsa da, fərdi söhbətlərim, görüşlərim olur. Hər beş gündən bir yazılarımı elektron mətbuata çıxarıram. Burda da ayrı-ayrı adamlarla polemika aparıram, söhbət edirəm. Bu adamların çoxlarının ağıllarında dəyişikliklər edirəm. Çoxlarına düşünmək üçün səbəblər verirəm. Hər kəsin düşüncəsində anarxiya var. Vahid ölçü olmadığına görə, Mütləq bir nizam olmadığına görə hər kəs ordan-burdan eşitdiyi o qədər mənasız bilgiləri, informasiyalar yığıb yiyələnirlər. Bu bilgilər onlara bir şey deyir: Hər şey mənasızdır. Bunların bu anarxist düşüncələrini mən söhbətlərdə darmadağın edirəm. Dünyada bu saat təkcə bir ölçü var, təkcə bir nikbinlik qaynağı var, təkcə bir gözəllik var, bu da Atanın dedikləri, Atanın ideallarıdır. O idealları heç kim bizim əlimizdən ala bilməz, o idealları heç kim bizim gözümüzdə endirə bilməz, heç kim bizi aldada bilməz.

Bu gün bütün dünyada anarxiya olmayan bir nizam, ölçü olan qurum elə bizik. Bu gün bütün dünyada düşüncələr anarxiya içərisindədir. Hətta ən gözəl, ən yaxşı düşüncələr  belə dayanıqlı bir ölçüyə dayanmır, ya da dayanıqlı bir ölçü yarada bilmirlər. Möhtəşəm araşdırmaçılar var, möhtəşəm axtarışlar var, istedadlı araşdırmaçılar var, istedadlı düşünərlər, istedadlı yazarlar var bütün dünyada. Ancaq heç birinin düşüncəsi, ölçüsü sabit deyil. Elə adamlar ola bilər, bizdən qat-qat dərin, bilikli, elmli ola bilər, dərin axtarışları, düşüncələri ola bilər. Ancaq heç biri bizim qədər dayanıqlı, sabit mövqeyə, sabit düşüncəyə, sabit nikbinliyə malik deyil. Bu çox böyük üstünlükdür. Buna dayanıb çox qabağa getmək olar, çox yüksəkliklərə qalxmaq olar. Az sayda insanlar, ancaq bütün dünyanın nizamını dəyişə biləcək ölçü daşıyıcıları, bütün dünyanın içində gedən anarxiyaları heç edə biləcək, darmadağın edə biləcək bir inama, bir potensial qüdrətə malik insanlar. Ona görə Yaşasın Ata! Atanın hər bir günü qutsaldır, hər bir sözü qutsal olduğu kimi, hər bir axtarışı qutsal olduğu kimi, hər bir öyrətdiyi qutsal olduğu kimi, Atanın Ocağına bağlı keçən hər bir gün, ömrü mənalandırdığı üçün,  qutsaldır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Bayrağımızı öpürəm. Atamız Var olsun!

Bilən Atalı (Ataya səcdə edib Bayrağı öpür): Baxışınıza çatdırım, mənim iş yerimdə demək olar, hər gün söhbətlərim olur. Asif Ata haqqında öyrəndiklərimi, bildiklərimi çatdırıram. Xalqlaşma işi ilə bağlı Soylu bəylə görüşlər təşkil edəcəm, insanların işinə uyğun bir vaxtda keçirərik. Bu ay Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını oxuyuram. Bir şey demək istəyirəm, mən belə düşünürəm, ərəblər islamla dünyanı pis günə qoydular, baxışları uydurmadır. Bununla da insanları kölə halında saxlayırlar. Çünkü din siyasətə yarayır. Batıda da demokratiya adı altında insanlar məhv edilir. Bu da  həmin şeydir. Dinlə siyasət bir-birinə kömək edir, insanları inamsızlaşdırır, özündən ayırır. Asif Atanın yaratdığı Mütləqə İnam dünyabaxışında isə hər şey insanın içindən başlayır. İnsan içdən dəyişməlidir. İnsan özü kamilləşməlidir. Qıraqdan heç kim ona kamillik verə bilməz. Atamız Var olsun!

Soylu Atalı: Bilənin qənaətlərinə bir az artırma edim, bəlkə bu elə onun dediklərini də cilalamış olar. Biri var ideologiya, biri də var ruhaniyyat. Ruhaniyyatın ideologiyaya çevrilməsi, ya da ruhaniyyat əsasında ideologiya yaratmaq, bu da var. Söz yox, dinlər yarananda siyasət kimi yaranmadılar. Onlar ruhaniyyat kimi yarandılar. Ruhaniyyat kimi yaransalar da, ruh yarada bilmədilər. Onlar yanlış bilgilər yarada bildilər. Onlar insanı doğru olmayan bilgilərlə yüklədilərmi deyim, köklədilərmi deyim, yanlışlara gətirib çıxardılar. Bu da gətirib ona çıxardı ki, sonrakılar dini siyasət kimi qullandılar. Yəni ruhaniyyatı yanlış yaratdıqları üçün dinlər sonradan siyasətin əlavəsinə, ya da alətinə çevrilə bildi. Ancaq başlanğıcdan hədəf ruhaniyyat idi. Dinin baxışları, ideyaları ideologiya kimi yaranıb sonradan zaman-zaman siyasətin alətinə çevrildiyi üçün ideologiyaya çevrildi, özü də pis ideologiyaya çevrildi. Bütünlüklə özlərinin yaxşı nəyi vardısa, onların da üstündən xətt çəkildi. Yaxşı şeylər də insana gəlib çatmadı. Biri də var ki, ruhaniyyat əsasında ideologiyanın yaranması, gərək gerçəkdən uğurlu ruhaniyyat yaradasan, insana dayanan, insanı ayaqda tuta bilən, insanı mahiyyətinə bərabər şəkilləndirə bilən bir ruhaniyyat olmalıdır ki, onun əsasında da milli ideologiya yarada biləsən. Əsasən milli ideologiya ifadəsi doğrudur, dövlət ideologiyası hakim təbəqələrə qulluq edir. Milli ideologiya millətin formalaşması, qurulması üçün ortaya gətirilən çabalardır. Biz də hesab edirik ki, Asif Atanın baxışına dayanıb ideologiya yaratmaq olar. Milli ideologiya da yaratmaq olar, dövlət ideologiyası da. Çox vaxt adamlar Asif Atanın ideologiyası sözü işlədirlər, bu doğru ifadə deyil. Asif Atanın İnamı ideologiya deyil, Ruhaniyyatdır. İdeologiya siyasi nizam üçün, siyasi idarəetmə üçün gərək olan bir faktordur. Bilənin oxuduğu “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı həmin ideologiya üçün ciddi əsaslar verir, hətta o kitabda onun yönü, motivi var. Ona dayanıb ideologiya yaratmaq mümkündür.

Ancaq Atanın bütövlükdə bitiqlərinin hamısı, “Mütləqə İnam” bitiyi başda olmaqla, hər biri ruhaniyyat sistemidir. Mən vurğu elədim, biri var ruh yaratmaq, biri var bilgi yaratmaq. Dinlər də ruh yarada bilmədi, ya da ruh adına yanlış bir şeylər yaratdılar. Elm də ruh yaratmır, elm bilik yaradır. Asif Ata ruh yaradır. Onu bəsləyir. İnsan ruhla özünə bənzəyə bilər, biliklə yox. Ən bilikli adamlar belə təbiəti məhv edirlər, həyatın altını üstünə çevirirlər. Asif Atanın yaratdığı sistem ruhaniyyat adlanır. Onu da deyim biləsiniz, düşüncə adamları deyə bilər… çaşmamağınız üçün deyim. Bəzən deyirlər ki, Asif Ata milli din yaradır, ya da milli inam yaradır. Əslində elə deyil, Asif Ata milli din yaratmır, milli ruhaniyyat yaradır. Milli ruhaniyyatı nəyin əsasında yaradır, Asif Atanın İnamı təkcə milli deyil, bəşəridir. Ruhaniyyatı millidir. Bu fərqi istəyirəm özünüz də düşünəsiniz. Növbəti Ailə günlərində müzakirə də edə bilərik. Asif Atanın İnamı bəşəridir, ruhaniyyatı millidir. Ruhaniyyat nədir, inam nədir? Bunlar iç-içədir, milli bəşəri yöndən dediyim üçün bir az fərqləndirim.

Asif Atanın milli İnamı həm də bəşəridir. Niyə bəşəridir, deyirik ki, inamın  adı “Mütləqə İnam”dır. Mütləq nədir, əzəli əbədi, kamil, sonsuz olan Məna, dünyanın dünyadan artıq olan Mənası, həyatın həyatdan artıq olan Mənasıdır, insanın insandan artıq olan Mənasıdır. Adını çəkdiyimiz təkcə türk milləti üçündürmü, başqa xalqlar deyə bilməzmi, ya da bu dediyimiz başqa xalqlar üçün özünü doğrultmurmu?! Doğruldur. Bu, bütün insanlıq üçün birdir, vahiddir. Yəni belə deyək, Allah bütün bəşəriyyət üçün birdir. Ancaq hər bir xalq Mütləqə İnam baxışı əsasında özünün milli ruhaniyyatını yarada bilər. Heç bir xalq türk ruhaniyyatı əsasında yaşamalı deyil ki. Onun özəllikləri var, millətin özünəməxsusluqları var. O türk ruhaniyyatını yamsılamalı deyil ki. İslam dininin faciəsi nədir, nə bəşəri inam yarada bilmədi, nə də milli inam yarada bilmədi. Milli ruhaniyyat yaratdı hardasa, əyri, ya düz, ancaq bizə özünün milli ruhaniyyatını qəbul elətdirdi, milli ruhaniyyatını sırıdı bizə. Mən sənin milli ruhaniyyatını niyə qəbul eləməliyəm, sənin xarakterin, özəlliklərin, özünəxaslıqların var. Sən ərəb millətisən, mən türkəm. Mən sənin milli keyfiyyətlərin əsasında özümü qura bilmərəm ki. Öz milli dəyərlərim əsasında özümü qura bilərəm. Ona görə deyirəm, biz türk olaraq, Asif Atanın Ocağı olaraq, heç bir başqa xalqları, başqa millətləri türk ruhaniyyatı əsasında yaşamağa, türk ruhaniyyatını özünün milli ruhaniyyatına çevirməyə zorlamırıq, doğru da saymırıq. Biz deyirik, Mütləqə İnam vahid, bütöv, bəşəri inamdır. İngilis üçün də, türk üçün də, alman üçün də Mütləq Mütləqdir, dünyanın Mənası dünyadan artıqdır. Bu təkcə türkün deyil, bütün insanlıq üçündür. Bütün insanlıq deyir, insanın Mənası insandan artıqdır.

Bütün bəşəriyyətin hər bir insanı özündə özündən artıq insanlıq Mənasını daşıyır. Təkcə türk daşımır ki. Ancaq hər bir insan özündə daşıdığı insanlığı özünün etnik kimliyinə görə yaradır, formalaşdırır. Özünün mental xüsusiyyətlərinə görə yaradır, ortaya çıxarır. Yəni milli ruhaniyyat o mental xüsusiyyətlərə görə formalaşan bir nizam, yaşam sistemidir. Mütləqə İnam əsasında hər bir xalq özünün milli ruhaniyyat sistemini qura bilər.

Bu zaman Mütləqə İnam əsasında milli ruhaniyyat yaradan xalqlar bir-birinə yad olmayacaq, bir-birinə doğma olacaq, dost olacaq, bir-birinə bənzəri olacaq. Çünkü hamısı insanlığa əsaslanacaq, həm də milli keyfiyyətlər orda öz etkisini göstərəcək. Ona görə bu ruhaniyyat həmin millətdən başladığı üçün həm də bəşəridir. Çünkü başqa xalqlara doğmadır, yad deyil. Bunu da ona görə dedim, biz öz düşüncələrimizi başqaları ilə münasibətdə fərqləndirə bilək. Heç kimi aldatmırıq, heç kimi də yanlış yönəltmirik.
Başqa sözünüz yoxdursa, qardaşlarımız günümüzü dəyərləndirsinlər, günümüzə qiymət versinlər. Sonra sonlandıraq.

İnamlı Atalı: Mən bu günkü gündən çox bəhrələndim, mənə çox gözəl etki göstərdi.

Günev Atalı: Mən də bəhrələndim.

Bilən Atalı: Mən elə düşünürəm ki, Ocaqçılıqdan çıxmaq millətə, dövlətə sahib çıxmamaq deməkdir. Mənim ərəblərə, farslara qarşı münasibətim yaxşı deyil, indi də dəyişməyib. Türkü oxuduqca, öyrəndikcə onu daha yaxşı dərk edirəm.

Soylu Atalı: Özünün etnik kimliyinə bağlılıq gözəl şeydir. Arzum odur, özünün etnik kimliyinə dayanıb başqa xalqların etnik kimliyinə nifrət üstündə köklənməyəsən. Çünkü  əgər elə olarsa, onda biz Ocaqçılıq gücümüzü itirə bilərik. Başqa xalqların mental xüsusiyyətlərinin dəyişilməsini istəyirik, onların da ümumbəşər səviyyəsində insanlaşmasını istəyirik. Ona da çalışırıq. Bizim insan olaraq hər bir xalqda yaşayan insana, genel insana sevgimiz, ümidimiz var.

Bilən Atalı: Hamı deyir, ermənilər bizə ziyan vurub. Əslində bizi daha çox ərəblər məhv edib.

Soylu Atalı: Ata deyir, ərəblər bizə hesab verməlidirlər Babəkə görə. Farslar bizə hesab verməlidir Güney Azərbaycana görə. Ata deyir, hesab verməlidir, bu ayrı bir şeydir. Ancaq bütövlükdə onlara qarşı düşmən münasibət yaratmaq bizə olmaz, Ocağa olmaz. Ocaq düşmən münasibət yaratmır. Ocaq həqiqətləri görür, dəyərləndirir, qiymətləndirir, hər bir xalqın içində, eləcə də öz xalqının içində amansızlıqları, gerilikləri çatışmazlıqları dəyərləndirir, öz xalqını özünün olduğu üçün daha çox sevir. Başqa xalqlara da sayğı duyur, bəşər övladı, bəşər insanı olduğuna görə. Xalqın içində da bu cür düşünmək, danışmaq doğrudur. Bizim hər bir yanlışımız Ocağı təmsil edir. Onda Ocaq haqqında yaxşı, doğru münasibətlər yaranmaz. Ocaq haqqında düzgün fikirlər yaranmaz, deyərlər, Ocaq şovinistdir. Belə şeylərdən Ocağı qorumalıyıq.

Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun! Bununla da toplantımız başa çatır.

Üzü köçürüldü: İşıq Ayı, 43-cü il. Göyçay.
(may, 2021).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir