Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin“Ailə Günü” Törəni

Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 31 Od Ayı, 44-cü ildə “Uluyol-Hünər” Ailəsi növbəti “Ailə Günü”nü gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük. Yenidən “Ailə Günü”ndə hamınızı bir arada görmək fərəhvericidir.
Yaşantılarımla bağlı düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Bu ay Atadan az oxumuşam. Qıraq ədəbiyyatlardan Stendalın bir romanını oxumuşam. O roman haqqında danışmayacam, genel halımı deyəcəm. Düşüncələrimi yazmışam. Yazdıqlarımda özünü qınama məqamları var. Bu ondan irəli gəlir, uzun zamandır fəaliyyətsizəm, ardıcıl, sistemli oxumuram. Durumumu dəyişmək istəyirəm. Bilirəm mənə nə fərəh verir. Ancaq o fərəhin arxasınca getmək idrak gücü, iradə gücü tələb edir. İnsan hardasa rahatlığa alışıb, özünün rahat durumundan çıxmaq istəmir. Mən öz içimdə öz yorğunluğuma,  vaxtımın azlığına bəraət qazandıra-qazandıra görürəm, bu, halımı yaxşı etkiləmir.
Bu ay bir tədbir kitablaşdırdım. Tədbiri işləmək çox uzun çəkdi. Texniki səbəbləri də var idi. Ancaq məsələ təkcə onda deyil. Məsələ bir işi başlamaqdadır. Bəzən olur, böyük fasilə verəndən sonra başlamaq çətinliyi yaranır. Bunu özümdə gördüm. İçimdə qorxu yaranır, bitirə bilməmək, tamamlaya bilməmək qorxusu, yarımçıq qalan işlər istər-istəməz içimdə cəsarətsizliyi daha da çoxaldır. Ancaq özümü dəyişməyə söz vermişəm. Söz yox, hər bir şey içdən, düşüncədən başlayır dəyişməyə. Çünkü mənim Ocaqdan başqa həyatım yoxdu, Ocaqdan başqa fərəhim yoxdur, özümü yaratmaqdan başqa fərəhim yoxdur. Mən bunu eləməyəndə danışmağa sözüm olmur, halım olmur. Danışmağa, bölüşməyə düşüncəm də olmur. Get-gedə beyin də, bədən də bu hala alışır. Buna görə özümü dəyişmək niyyətindəyəm.
Yazdıqlarım var, özümə dediklərim, özümü inandırmaq istədiklərim var. Onları sizə oxuyacam. Bunun içində bu günkü qonumuz haqqında düşüncələrim də var.
Uzun zamandır ciddi düşünmürəm. Ciddi düşünmədiyim üçün əməlim də azalır. Sorulub gedirəm həyatın axarında. İçimdəki səs “Nurtəkin sən bu deyilsən, özün ol” desə də, bəraətlərim ondan öncə cavab verir. Bəraət nədir?! – Əgər bəraət səni fərəhləndirə bilirsə özünə bəraət ver. Səni artırırsa, ucaldırsa, özünə bəraət ver. Ancaq bunları vermir. Vermirsə fərəhə necə çatmağın yollarını axtarmaq gərək. Ya özünə bəraət verəcəksən, ya da fərəh. Özündən vaz keçmə. Bir ana kimi yaşayırsan, həyat yoldaşı kimi yaşayırsan, iş həyatın var. Ancaq ən öndə olan Ocaqçılığın, bir şəxsiyyət olaraq özünü yaratmağındır. Başqasının xətrinə dəyməkdən qorxursan, ancaq özünün xətrinə dəymə. Başqasının istəklərinə əməl etmək istəyirsən. Ancaq ən üstünü öz istəklərindir. Söhbət təbii ki, doğru, insani istəklərdən gedir. Nə duyursan, nə düşünürsən, nə istəyirsən, niyə istəyirsən, niyə düşünürsən, sonuc nə ola bilər?! Niyə düşündüyünün də sonucunu bilməlisən. Çünkü düşüncələrini yönəltməlisən. Nəyə vaxt ayırırsan, nə maraqlı gəlir, nə diqqətini alır?! Özümü, duyğularımı, düşüncələrimi, gözümün baxdığını özüm bilməliyəm.
İnsanlar iki cür olur: idarə edən və idarə edilən. İdarə edilən yəni ömrünü, düşüncəsini həyata Allaha topluma, gedişə, dünyaya həvalə edən, axışa uyan. Bunların hər birini qaçılmaz, vaz keçilməz, qarşısı alınmaz sayan. Bir sözlə, Allahdan, toplumdan, dünyadan, gedişdən özünə sınır yaradan. Bu sınırı aşmaq günahdır. Bu sınırı aşanlar asidir, fərqlidir. Nə edirsən et, bu sınırlar içərisində edə bilərsən. Bu sınırlar qutsaldır, aşılmazdır adamlar üçün. İdarə edilən insanları idarə edənlər də bu sınıra tabe olanlardır, bu sınırı qoruyanlardır.
Bir də var ömrünü, düşüncəsini, fəaliyyətini idarə edən insanlar. Allahın, toplumun, dünyanın idarəçiliyini qəbul etmir. Çünkü Allaha inamda insan yoxdur, insanlıq yoxdur. İnsan gücünü Mütləqdən alır, Mütləqə yetir, Mütləqiləşir. Adam Allaha günahlarının bağışlanması üçün yalvarır, xeyir işlər edir. Cəhənnəmdən qorxub pis işlər görmür. İnsan Mütləqə yetir, dəyişir, yetkinləşir, Mütləqi yaşadır. Adam Allaha yetmir, Allahlaşmır, bəndəçiliyi yaşadır.
İnsanın özünü necə hiss etməsi mühiti aşır. Evində oturub dünyanı görürsən. Ətrafın qaranlıq, sənin isə içində işıq var. O işığa tutunub işıqlanırsan.
Sirr bilinməzlik deyil. Sonsuzluğun özü sirdir. Əzəliliyin özü sirdir. Açdıqca açılır, bitmir, həmişə səni öz cəzbində saxlayır. İnsan idrakının imkanları sonsuzdur. Sirləri açır, yenə də davam edir. Yol bitmir, sirr də bitmir.
Adam özünə “məndən başlayır hər şey” deyə bilərsə, zamanı, həyatı, ortamı da ötə bilər. Ancaq adam özündən başqa hər şeyi gözündə böyüdür. O qədər böyüdür ki, özü görünməz olur. O qədər böyüdür ki, özünə inanmır. Özündən başqa hər şeyə inanır. Ona görə də həyatın da, dünyanın da düzəni pozulur. Çünkü həyat da, dünya da insandan başlayır. Həyatı da dünyanı da təsdiq edən, dəyişdirən insandır. Hər gün yeni bir fürsət, hər gün yeni bir olanaqdır. Hər sabah gözümü açdığımda səhərin yeni rəngləri – Günəşin rəngi, göyün rəngi, yarpağın rəngi, çiçəyin rəngi, torpağın rəngi, ətri, günəşin işığı, göyün işığı, yarpağın işığı, çiçəyin işığı, torpağın işığı, ümidin işığı, diləyin işığı, üzünün işığı, gözünün işığı, əllərinin işığı, sözlərinin işığı. Bu işıqlar birləşib böyüyür, ürəyə dolur. Böyüyür ürək, böyüyür duyğular. İşıqlanır ürək. Bu işıqlanmış ürəkdən dünya da, həyat da, doğa da tamam başqa cür görünür. Aldığını artıqlaması ilə qaytarırsan dünyaya. Dünya ilə vəhdətdəsən, ancaq dünyadan böyüksən. Böyük olduğun üçün daha artıq çalışmaq zorundasan. Sən dünyaya onu dəyişdirmək üçün borclusan. Çünkü aldığını artıraraq qaytarmalısan, yaşadığını yaşatmalısan.

              ***

Başlaya bilməmək qorxusu
Başlamaq üçün özümü xoşbəxt edən, fərəhli edən duyğumu eşitməliyəm. Güvənsizlik, şübhələr mənə bəraət verir, məni inandırır. Qorxunu böyüdür. Bəraətin birini əsaslandıranda zəncir kimi ardı gəlir. Quyuya birləşdirir. Gün keçdikcə daha da ağırlaşır, çətinləşir ordan çıxmaq. Ürəyin yerlə birləşir, qanadların qırılır. Ancaq dönüşü yaratmaq istəsəm addım atmağım yetərlidir, göyə baxmağım yetərlidir, özümə inanmağım yetərlidir. Onda görəcəm ki, mən yerə yox, Göyə özgünəm. Qanadlarım da həmişə vardır. Ancaq mən onları unutmuşam, görmürəm. Günəş gizlənməyib, sadəcə mən qorxularımla gözümü bağlamışam. Qorxularım diləklərimi həbs edib. İnamımla açaçam onları. Onlar mənə qanad olacaqlar. Mənim addımlarım olacaqlar, mənim Sabahım olacaqlar.
                                                       ***
Adam özündən uzaqlaşanda hər şeyə haqq qazandırır, hər şey əsas olur. Adam özünə üz tutanda özü əsas olur, qalan hər şey isə ondan asılı.
Düşündüklərim bu qədər.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Uluyol-Hünər Ailəsinin bu günkü tədbirinə elə ciddi hazırlığım yoxdur. Ancaq bir amalçı kimi, Ocaqçı kimi həmişə Amallaşma, İnsanlaşma, Xalqlaşma işi ilə uğraşıram. Bu uğraşmalar hələ ürəyimcə deyil. Çünkü ardıcıl, davamlı olmur, rast düşəndə olur. Amallaşma ilə bağlı, əlimin altında həmişə kitablar olur, kitablar oxuyuram. Eyni zamanda oxuduqca ürəyimdə yeni duyğular yaranır, yeni düşüncələr yaranır. Çox vaxt düşüncələrimi yazmıram. Sonra görürəm çoxu yadımdan çıxıb. Soylu qardaşımla söhbətimizdə məsləhət görür ki, nə düşündün, nə duydun yazıya al, sonradan sistemləşdir. Hələ bunu tam ardıcıllıqla edə bilmirəm. Tənbəllik də deməzdim, ancaq nədisə edə bilmirəm.
İnsanlaşma ilə bağlı, həmişə özümlə məşğul oluram. Həmişə düşünürəm, yaşadığımız adi, sadə həyatı necə yaşamaq gərəkdir ki, biləsən vicdanın sakitdir, ürəyin sakitdir. Ürəyincə olan bir yaşam tərzi yaşayırsan. Həmişə məni bu hal rahatsız edir. Bizim amal işimiz dünya səviyyəsində görülməsi gərəkli işdir. Çünkü bu gün toplumun yaşam tərzi bioloji səviyyədədir. Mütləqə İnam toplum arasında insana gərək olan ən gözəl, ən həqiqi bir nizam olardı.
 Bayaq dediyim kimi, xalqlaşma işlərim də, ardıcıl, qrup şəklində olmasa da, olub.
Qonu ilə bağlı düşüncələrimi deyim. Sözsüz ki, insanın bütün fəaliyyəti onun tələbatlarından doğur. Tələbatlar, insan ikili varlıq olduğu üçün, iki istiqamətdən doğur. Bioloji tələbatlar, ruhani-mənəvi tələbatlar. Allah ideyası da ruhani-mənəvi tələbatdan doğan ideyadır. İnsan əslində həyatda ideal axtarışındadır. İdeal böyüklük, ideal təmizlik, ideal saflıq, ideal həqiqət axtarışındadır. Bu onun mənəvi tələbatıdır. Yemək-içmək kimi, yaşam tərzi kimi bu da bir tələbatdır. Ruhani mənəvi tələbat başlıca olaraq insanı təsdiq edən tələbatdır. İnsan əslində mütləq böyüklüyü, mütləq saflığı, mütləq həqiqəti, mütləq ülviliyi, mütləq xeyirxahlığı axtarır həyatda. Ancaq ikili varlıq olduğu üçün bunun həqiqətinə gedib çata bilmir. Mütləqə də ikili yanaşır. Buna toplumun halından yalanlar əlavə edir. Mütləq dönüb olur Allah səviyyəsində. Artıq insanın Mütləq səviyyədə düşüncəsində olduğu kimi yox, toplum açısından, adamlıq halı açısından ortalığa qoyulan bir anlama çevrilə bilir. Toplum qanunları Allaha da şamil olunur. Bu yöndə söhbətlərimiz çox olur, təkrar demək istəmirəm. Dediyim odur, Allah ideyası insanın mənəvi ruhani tələbatından, Mütləq axtarışından doğmalı idi. Mütləq şəkildə həqiqət olmalı idi, ona yalançı donlar geydirilməməli idi. Yalançı don geydiriləndə Mütləq dönüb olur Allah. Allah da adam kimi ikili xassəyə malik olur. Bu da toplum üçün yenə nisbi bir səviyyə yaradır. Nisbi də olanda toplum eybəcərliklərlə üz-üzə qalır…
Mənim hesabatım bu qədər.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ötən günlərdə səhhətimlə bağlı bəlli çətinliklər yaşamışam. Ona görə Amallaşmam olmayıb. Kitabdan bir qədər uzağam hələlik.
 Kamilliyimlə bağlı onu deyim, Kamillik insanilik səviyyəsidir. O unudulan deyil ki, nə iləsə bağlı ikinci plana keçsin. Buna görə kamilliyimdə, halımda sabitəm.
Xalqlaşmam olub. Keçən günlərdə İnam Evində oldum. Orda işlədim, suvardım. Ordakı işlərim 3-4 gün çəkdi. Həmin çağlarda xalqlaşma işlərim oldu. Kənd camaatı ilə, qohum-əqrəba ilə görüşdüm. Ağcabədinin bir kəndində yas mərasimində oldum. Əslində halım yaxşı deyildi, danışa bilmirdim. Ancaq bir məsələyə münasibət bildirdim. Bu bir şəxsin diqqətini çəkdi. Gəlib mənim yanımda oturdu. Yaxşı söhbət etdik. Asif Ata Ocağı ilə bağlı ona çox şey dedim. O da çox maraqlandı. Sonra özü istədi ki, söhbətimiz sonra da davam etsin. Orada bir rəğbətçi qazandım. Gedib orda bir neçə nəfərlə görüşüb söhbəti davam etmək olar.
“Qonu”da qoyulan məsələyə münasibətimi bildirmək istəyirəm. Əslində bu qismətçiliyə bağlı bir məsələdir. Toplumun düşüncəsində inamsızlıq var. Nəinki özündən əlini üzüb, heç əlini özünə uzatmır da. Hətta uğurlarının səbəbini belə özündən qıraq qüvvələrdə, deyək ki, Allahda, dövlətdə, toplumun bir başqa sahəsində görür. İnsan özünə inanmır. Bu açıdan insanın əli özündən üzülüb, umacaqlı bir durum yaranıb idealına qarşı, Allahına qarşı. Düşüncəsi qıraq qüvvələrin idarəsindədir. Ona görə əli həmişə Allaha uzanıqlı qalır, umacaqlı bir münasibət saxlayır. Dinin bütün rituallarında ideala qarşı, Allaha qarşı umacaqlı münasibət var. Düşüncəsini bütünlüklə cəmləyir qıraq qüvvədən umsun, mənim filan işimi yoluna qoy, filan işdə mənə kömək ol. Axı bununla iş aşmır. İnsanın özü özünə əl uzatmalı, özü bu durumdan çıxmalıdır. Bu mənim özümə də aid məsələdir. İndiki halım uzun zaman məni təqib edib. Artıq dördüncü dəfədir, məni belə ciddi narahat edir. İndiyə qədər bu cür durumdan çıxmaqda yaxınlarımın rolu olsa da, başlıca olaraq amalla bağlıdır.
Şəhərdə yaşadığım yerlərdə də xalqlaşma işim olub, ədəbiyyatlar vermişəm. Dediyim kimi, toplum elə bir durumdadır ki, həqiqət üçün insanı topa tuturlar. Min yalan deyirsən az qala alqışlanır, həqiqətin bir çalarını göstərirsən qarşı çıxanlar, xoşagəlməz münasibətlər başlayır. Yeri gələndə susmağı da bacarırıq, söz deməyi də bacarırıq. Özümə də, sizə də bu Yolda böyük uğurlar diləyirəm.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Keçən Ailə Günündən üzü bu yana amallaşma yönündə Ocaq ədəbiyyatlarından oxumuşam, dəyişikliklər var. Öncə onu paylaşmaq istəyirəm. Bilən Ocaqla tanış olub evə Ocaq ədəbiyyatları gətirənə qədər, uzun zaman idi kitab oxumurdum. Həmin vaxtdan davamlı oxumağa başladım. Soylu bəyin məsləhət bildiyi kimi, həmişə qələm dəftər yanımda olur. Öncələr kitabdan hər hansı bir hissə haqqında düşüncələrimi qeyd etmək istəyəndə həmin an içimdə bir gərginlik yaranırdı. İki üç cümlədən artıq nəsə qeyd edə bilmirdim. Hər dəfə içimdə həmin gərginliyə yenilirdim, dayanırdım. Ona görə qeyd dəftərlərimə kitabdan alıntılar köçürürdüm ki, sonra bir də baxaram. Son günlər həmin dəftərlərimə yenidən qayıtdım. Bir daha oxudum, düşündüm. Baxıram ki, həmin gərginlik bir xeyli azalıb. Bir qədər ətraflı düşünə də bilirəm, qeydlər də yaza biliirəm. Bu məsələdə bir aşama irəliləmişəm.
Ancaq burda cəsarət də gərəkdir. Cəsarət həm topluma şifahi söz deyəndə, həm də hər hansı bir düşüncəni yazılı şəkildə ortaya qoyanda da gərəkdir. Nəyisə yazılı demək daha böyük sorumluluqdur. Ona görə yazdığım bir cümlə də olsa, təkrar-təkrar qayıdıb baxıram. Məncə bu təkcə sorumluluq daşımaq məsələsi deyil, elə bil bir qədər özümə inamsızlıq var. Ona görə indi də bu aşamada gərginliyim davam edir. Ümid edirəm, irəlilədikcə bu da aradan qalxacaq.
Amallaşma yönündə qeydlərim var, onları sizə də oxumaq istəyirəm:
Yaşamın çətinliyi insanları bədbinlik uçurumu ilə üzbəüz qoyub. İnsanların çoxu hər şeyin maddiyyatdan asılı olduğunu düşünür. Ancaq bəziləri, maddi durumu normal olduğu halda, sorunlarla yaşayır. Hər kəs suçlamaq yolu tutub: çevrəsini, rejimi, Allahı. İnsan heç bir məsələdə özünə üz tutub təhlil edə bilmir. İnsan başqalarının hərcailiyi üzərində qurulan ortama qurban getdiyini düşünür. Ancaq düşünmür, onun çevrəsi onun yaratdığı kiçik ortamda nələrə qurban gedir, niyə qurban gedir. Hansı hərəkət, hansı addım, hansı duyğudan yaranan sorunlar onun çevrəsini çətinliklər qarşısında qoyur. Tək insan axına qarşı üzməyi istəmədiyi, bacarmadığı halda, bunu qıraqdan — cəmiyyətdən gözləyir. Sonuc görməyəndə suçlamağa başlayır.

                                                    ***
Adam asanlıqla suçlayır, ittiham edir, başqasının həyatını çətinliyə salacaq qərarları çox asanlıqla verir. Adamın elmi, biliyi cahilliyi aradan qaldırmağa deyil, qorumağa qulluq edir. Adam toplumun günahını görmək, ifşa etməklə öz günahlarına bəraət qazandırır. Adam üçün suçlunu görmək, ifşa etmək asandır, ancaq özünün İnsanlıq qarşısında suçlu olduğunu görmək, bilmək çətindir.

                                                  ***
Atanın deyimi var, “Qanun oğurluğu lənətlədi, həyat oğurluğu bəslədi”.
Üzdən baxanda adama elə gəlir ki, yazılan qayda-qanunlar hər bir ədalətsizliyi aradan qaldırmağa qadirdir. Ancaq əksi baş verir. Pozuntular, ədalətsizliklər baş alıb gedir. Çünkü qanun qıraqdan edilən təsirdir. Qanunun təməli ədalətsizlikdir. Çapanlar, talayanlar çapmaq, talamamaq, oğurluq etməmək haqqında qanunları tətbiq etməyə çalışırlar. İnsan üçün ədalətli hesab edib tətbiq etdikləri əslində əyriliyin, pozuntunun yaşadılmasına səbəb olur.
Çapmaq, talamaq, oğurlamaq şərdir. Bir yandan insan üçün həyatı dözülməz edir, şəraiti pisləşdirir, onu insanı poza biləcək dərəcədə çətinləşdirirlər. Sonra çıxış yolunu həyat şəraitinin yaxşılaşdırılmasında axtarmaq əvəzinə qanunlar tətbiq edirlər. İnsanları həbsxanalarda tərbiyələndirməyə, insan etməyə çalışırlar. Bütün pozuntuların səbəbi olan insanlıq sorunları kimsə tərəfindən görülmür, ya da görülmək istəmir.

                                              ***
Ən pis zamanda belə insan yaxşı olmalıdır ki, zamanı dəyişsin. Hünər — insanın pis zamanda da yaxşı olmasıdır. (Asif Ata).
Deyirlər zəmanə dəyişib, hər şey pisə doğru gedir. Ailənin içindən başlayan mənfi gedişlər, get-gedə artan çətinliklər, insanların bir-birinə yadlaşması, bütün bunlar çox pis görüntü yaradır. Gediş necə olur olsun, insan yaşamını sürdürməlidir. İnsan yaşamaq uğrunda mübarizə aparan görünür. Ancaq insanın mübarizəsi yaşamaq, özünü təmin etmək üçün əmək verməkdən çox, bir topa canlının bir-biri ilə uğraşmasına bənzəyir. Hər kəs ya əyintilərdən canını qurtarmaq üçün çabalayır, ya da həmin aləmə sürüklənir. Mənəviyyatlı yaşamaq hünər, imtinalar istəyir insandan. Məsələ zamanın pisləşməsi deyil, toplumda Adamlıq hallarının hakim mövqe tutmasındadır. İnsanın döyüşüb aradan qaldırmalı olduqları öndə gedir. Bunlar istər kiçik, istər böyük olsun, insanalararası münasibətlərin pozulması ilə sonuclanır. Ona görə bu gün yaşamaq adamın adamla döyüşünə bənzəyir. Belə durumda zamanla, şəraitlə ayaqlaşmamaq, hətta dəyişdirə biləcək addımlar atmaq, imtinalar etmək üçün hünər gərəkdir.

                                          ****
Son dönəmlər, Soylu bəyin önərisi ilə Safruh Atalının “Başlanğıc”, “Ata Səcdəsində” kitablarını oxumuşam. “Başlanğıc” kitabında Atanın təqib olunduğu illərlə bağlı məlumatlar olduğuna görə daha çox ilgimi çəkdi. Onunla bağlı düşüncələrimi qeyd etmişəm.
Safruh Atalının “Başlanğıc” kitabında Atanın təqib olunduğu illərdə baş verən olaylardan bəhs olunur. Gerçəkdən Atanın o olaylar qarşısında bir an belə sarsılmadan, ümidsizləşmədən, inamsızlaşmadan irəliləməsi möcüzə kimi görünür. Adam oxuduqca özünü sorğulayır, yoxlayır, o cür qadağalar içərisində yaşayırmış kimi xəyal edir özünü. Xəyal etmək belə çətin görünür. Bu cür müqayisələr adamın balacalığını da, qorxusunu da, dözümsüzlüyünü  üzə çıxarır. Bütün bunları qırağa qoymağı bacarmaq, Mütləqiliyə yetmək məsələsinin nə qədər dərin olduğu aydınlaşır.
Mütləq nədir, nə dərəcədə ona yaxın, nə dərəcədə uzağam?! Nədə ona qovuşmuşam, nədə uzaqlaşmışam, nədə ona qovuşmağa can atıram?! Bu kimi suallar adamdan cavab istəyir. Hər şeyə rəğmən güclüyəmmi, sarsılmazammı, inamlıyammı, Amal mənim ömrümdə hər şeydən öndə gəlirmi?! Bu sualları düşünəndə həyat bütün gerçəkliyi ilə gözümün önündə dayanır. Ötə bilmədiyim çox şeylər üzə çıxır. Deyə bilmərəm ki, Amal mənim ömrümdə hər şeydən yüksəyə qalxıb.  Məncə Kamillik sadəcə görüb-görmədiyim bir-iki qüsuru düzəltmək deyil. Kamillik o zaman tam olur ki, Amalı içində hər şeydən yüksəyə qoymağı, hər şeydən önə keçirməyi bacarasan.
Kamillik hesabatımla bağlı bir məsələni də demək istəyirəm. Son zamanlar bir neçə dəfə müşahidə etmişəm, çox əsəbi olanda ani qərarlar qəbul edirəm. Hardasa içimdə bir ikiləşmə yaranır. Hiss edirəm ki, çıxardığım qərar yanlışdır, ancaq həm də bir yandan çıxardığım qərarı qoruyuram. Həm də inadla qoruyuram. Bəzən gərginlik keçmədən aldığım qərar üzrə addım da atıram, bu məni yanlış yola çıxarır.
Ötən tədbirlərdən birində demişdim, gördüyüm qüsurları aradan qaldırıram. Ancaq bir çox qüsurlar olur ki, onları görə bilmirəm. Bunun haqqında da düşündüm. Məncə bunun səbəbi özüylədöyüşdə çox ciddi olmamağımdı. Hər anıma tətbiq etmirəm özüylədöyüşü. Hətta bəzi yerlərdə özümə güzəştlər də edirəm, bu dəfə eybi yox, daha olmaz deyib keçirəm.
Xalqlaşmam ardıcıl, davamlı deyil. Rəğbətçilər var, onlarla söhbətlərim olur. Bir neçə dəfə söhbətlərdə eyni şeyi görürəm. İnsanlarla bu cür söhbətlər etmək onları çox yaxşı etkiləyir. Ancaq hardasa içlərində bir tərəddüdün olduğu da sezilir. Bu da, bizim dinə mövqeyimizi biləndən sonra başlayır. Ancaq nə qədər tərəddüd yaransa da, bu, onları söhbəti davam etməkdən saxlaya bilmir. Düşünürəm ki, insanın üzərində istər din, istər gediş hakim olsun, yenə də mənəvi yaxınlıq etmək, bu cür bağlantılar qurmaq, həqiqəti eşitmək ehtiyacı dayanmır. Baxırsan ki, bir qədər söhbətdən sonra onun tərəddüdü də yoxa çıxır. Bir anlıq dinin onun üzərində etkisini də unudur. İnsanın içində qarşısıalınmaz bir ehtiyac var. Bunu görmək mənə fərəh verir.
Ailə Gününün qonusu ilə bağlı düşüncələrimi qeyd etmişəm.
 İnsan Allaha üz tutur, ancaq burada sorumluluq dərk olunmur. İnsanın daşıdığı sorumluluq, onun borcu, vəzifəsi özünün Allahla münasibətini sorğulayanda aydınlaşır. İnsandan asılı olan nədir, özünün edə biləcəyi nədir, Allahın öhdəsinə buraxdığı nədir?!
Mənfi gedişlərin qarşısında insan, əlindən heç nə gəlmədiyi üçün, acizləşir. Bu onun Allahla münasibətinə də yansıyır. Hər dəfə hər şeyi Allahın öhdəsinə buraxmaqla acizliyini bir daha təsdiq edir. Bu isə sorumluluğu üzərindən atmaq, özünü təsdiq etməkdən əl çəkmək deməkdir.
İnsan bu dünyanın fani olduğunu deyir, ancaq bu dünyadakı ehtiyaclarını da yüksək səviyyədə təmin etməyə çalışır. Deməli, nə nəfsini, nə umacağını, nə də şöhrətini qırağa qoymağı bacarmır.
Mütləqlə görüş – sorumluluğunu bilmək, vəzifəsini dərk etmək, rolunu anlamaq deməkdir, imtinalara yetməkdir. Onun özünü təsdiq etməsinə mane olan hər şeydən imtina etmək. Bu imtinalar onun həyatını cəhənnəmə də çevirə bilər. Əsas odur, insanın içi cənnətə çevrilir.
Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə bir neçə söz demək istəyirəm. Ailə Gününün qonuları bəllidir, hədəfi bəllidir. Ailə Günü 0caq fərdlərini Ocaq üstə kökləmək, böyütmək istəyindədir. Ona görə də qonular Amallaşma, Kamilləşmə, Xalqlaşma adlanır. Bu qonuların hər üçü birbaşa Ocaq fərdinin özünü yaratması ilə bağlıdır. Həm də topluma söz demək, topluma boy göstərmək hünəri ilə bağlıdır. Heç kimin ağlına gəlməyən, heç kimin düşünmədiyi səviyyədə bizim gözləntilərimiz olur. Bu gözləntilər nədir?! – Biz deyirik, amallaşma gərəkdir, yəni qarşımızda olan ideyanın, amalın tələblərini ömrümüzdə öyrənək, özümləşdirək ki, həm yaşayaq, həm də topluma nələrisə deyə bilək, öyrədə bilək. Amalllaşma budur. Amallaşmanı başlıca olaraq, Atanın kitabları ilə qururuq. Biz deyirik, başqa ədəbiyyatlar da oxumaq, öyrənmək gərəkdir. Ancaq başqa ədəbiyyatları “filankəsin filan əsərini də oxudum, bilirəm” deyə öyrənmirik. Biz başqa ədəbiyyatlardan da Asif Atanın dünyaya ismarladığı ideyaları öyrənməyə, tutuşdurmağa, bilməyə çalışırıq. Hər nəsnədən insanlığın yolunu, oturuşmasını, gedişini, nizamını bəlirləməyə çalışırıq. Buna görə dünyanı oxuyub öyrənirik. Yoxsa dünyanı yarış üçün oxumuruq ki, biz də filan şeyi, filan bədii ədəbiyyatı oxumuşuq deyək. Yenə də vurğu edirəm, bunları içəridən qurulmaq üçün, düşüncələrimizi gəlişdirmək üçün oxuyuruq. Qıraqdan bizi izləyən adam düşünər ki, axı sizdən başqa da ədəbiyyatlar oxuyanlar var. Mən onu da amalllaşma sayıram. Oxumaq böyük mədəniyyətdir, böyük tərbiyədir. Adam var ki, oxuduğu kitabları sayır, görsün nə qədər kitab oxuyub. Onun heç bir önəmi yoxdur. Ona görə deyirəm, bizim gözləntilərimiz olur. Bu gözləntilər bizim söz deməyə hazırlıqlarımız, görüşlər, səfərlər keçirməyə hazırlıqlarımızla bağlıdır. Beləcə fərdin öz ömründə iş gedir. Günlərin birində onun ömründə gedən iş başqasına yansıyır. Görürsən ki, başqası da iş aparır. Bəzən bir ordunun, bir partiyanın görə bilmədiyi işi bir fərd apara bilir.
 İndi Xalqlaşma açısından söz demək istəyirəm.
Mənim Soylu olaraq, xalqlaşmamın, ayrı-ayrı ünsiyyətlərimin, fərdi görüşlərimin, söhbətlərimin sonuclarından biri Bilənlə Göytəkindir. O görüşlər davamlı söhbətlər bu gəncləri ortaya çıxardı. İndi Bilən öz iş yerində adamlarla nə qədər ünsiyyət qurur, söhbətlər aparır. Bu aparılan söhbətlər, görülən işlər boşuna deyil. Zaman-zaman xalqın ağlında, düşüncəsində ayrı-ayrı fərdlərdə düşüncələr yeriyir, ideyalar tanınır, bilinir. Bizim də əsas məqsədimiz odur, xalqın içində iş getsin. Xalqın içində gedən iş onun  düşüncəsinin yönünü dəyişmək üçündür. Düşüncənin yönü dəyişməlidir ki, biz istədiyimiz uğurlara yetə bilək.
Bu gün bəşəriyyətin böyük bir kəsimi xristanlığa inanır. Xristianlıq azğınlıqla mübarizə aparırmı, aparmır. Niyə aparmır, çünkü xristianlıq fərd hazırlamır, xristianlıq qüvvə hazırlamır. Ya da deyək ki, toplumun böyük bir kəsimi islama inanır. İslam azğınlara qarşı mübarizə aparırmı, aparmır. Ancaq aparan görünür. Niyə apara bilmir, çünkü insanların düşüncəsinin yönü yanlışdır. Düşüncənin yönü yanlış olanda həqiqətin yeri də bəlli olmur. Nəyin uğrunda savaşır, nəyin azğınlıq, nəyin azğınlıq olmadığını da bəlirləyə bilmir. Məsələn, müsəlman üçün mənim varlığım azğınlıq sayılır. Yəni bu adam dinə qarşı söz deyirsə, azğındır, bununla döyüşmək gərəkdir. Bu artıq həqiqət deyil. Ona görə düşüncənin yönü dəyişməlidir. O bilməlidir azğınlıq nədir, azğınlıq olmayan nə. Başqa inancların, başqa xalqların ruhaniyyat sistemlərində olsun, düşüncənin yönü dəyişməlidir. Biz də Asif Atanın Mütləqə İnamını veririk. Mütləqə İnam azğınlıqla döyüşürmü?! – Azğınlıqla döyüşmək yolu öyrədir. Bizim düşüncəmizin yönünü dəyişməyə çalışır, doğruları bizə öyrədir. Ailə Günlərinin hədəfi odur. Yaxşını yamandan seçə bilək, yalanı doğrudan ayıra bilək. Öyrənək bunları.
Balaca məişət səviyyəli yalanla doğrunu hər kəs ayırd edə bilər. Ancaq böyük məsələlərdə yalanla doğrunun sınırlarını hər kəs  bilmir. Ən yetkin adamlar belə bilmir. Yekə qalın kitab yazan adamlar belə, bilmir axıra qədər sınırları. Fərdin yaranması, qurulması bu açıdan çox önəmli bir məsələdir. İstənilən bir ruhaniyyat sistemi topluma nə öyrədir, bunlar özünü doğrultmadı. Asif Atanın Ocağı nə öyrədir, Amallaşma Kamilləşmə Xalqlaşma. Yol öyrədir. İslam məscidlərdə nə öyrədir, Əli böyük kişi idi, İslama qarşı çıxan Yezidi lənətləmək gərəkdir, filankəs bir barmağı ilə dəmiri yerdən qaldırırdı, filankəs əsa ilə göyləri yarırdı, belə cəfəng şeylər. Burda insan yaranmır axı. Asif Atanın Mütləqə İnam Ocağının Ailə Günü insana özü olmaq yolunu öyrədir ki, sən doğru ilə yalanın sınırlarını biləsən. İdealla idealsızlığın sınırlarını biləsən. Heyvanla insanın sınırını biləsən.
Hamı deyir, maddi durumumuz pisdi. Əgər maddi durumumuz yaxşı olsa idi, biz də insanlıq məsələsini, ruhaniyyat məsələsini düşünərdik, mübarizə aparardıq. Mübarizə aparmağa vaxtımız yoxdur, çünkü maddi durumumuz pisdir…

 Düz deyirsən, maddi durumun pisdir. Maddi üstünlük əldə eləmək haqqın var, bunu bilirəm. Ancaq kim verəcək sənə maddi üstünlüyü?! Hardan alıb verəcək?! Lap verdi, nə əldə edəcəksən?! Sən qanmırsan, anlamırsan ədaləti, həqiqəti. Kim verəcək sənə ədaləti, həqiqəti?! Harda, hansı bazarda satılır?! Buna görə bu bəhanələr olmamalıdır. Əgər insan olsaydın, özünə bənzəsəydin, haqqı, ədaləti tanısaydın, qeyrəti, ləyaqəti tanısaydın ondan qopmazdın, ayrılmazdın. O sənin bütövlüyünü, birliyini yaradardı, azğınlığa qarşı qoyardı. Azğınlıq sarsılardı, sınardı. Maddiyyatı sənin əlindən kim alıb, heyvan alıb. Ona görə mübarizə yaranmır. Tək-tək adamlar papağı günə yandırır. Mübarizə ciddi məsələdir, ədalətin harda olduğunu bilməlisən. Ədalət İnsan varlığındadır. Özündə, başqasında yaratmısanmı?! Həqiqət, vicdan insanın varlığındadır. Onu kim yaradıb, nə vaxt bununla uğraşıb?! Elə deyirsən olsun. Ol deməklə olmur. Lap götürək Azərbaycan hakimiyyətini. Deyirik vicdanlı, ədalətli olsun. Olmur axı. Mübarizə aparmaq odur ki, ədaləti, vicdanı içinə gətirəsən. Onda sən gücə çevrilirsən, qüvvəyə çevrilirsən. Onda mübarizə alınır. Yoxsa qabağına bir parça sümük atan kimi gedib onu qapacaqsan, hər şey də yaddan çıxacaq. Birliyi də qıracaqsan.
Biz ruhaniyyatla uğraşırıq. Bizə deyirlər, din cənnət vəd edir, bəs siz nə vəd edirsiniz?! Ay balam mən nə vəd etməliyəm axı?! – Sən atasan, anasan, dostsan, bacısan, qardaşsan, qonşusan, qohumsan. Bunları yerinə yetir. Atalığını, analığını, qardaşlığını, dostluğunu yerinə yetir. Mən sənə nə vəd verməliyəm, nə ummalısan buna görə. Sən ata olanda onun fərəhini yaşayırsan, ömrün zənginləşir, gözəlləşir, insana bənzəyirsən. Bundan böyük cənnət yoxdur axı. Sonra da deyirsən, mənə qıraqda bir cənnət ver. Mən sənə deyirəm ata ol, qardaş ol, dost ol, xalq ol, xalqının doğması, oğlu ol, vicdanın olsun. Bunlar olandan sonra görəcəksən elə cənnətdəsən. Yoxsa gərək ayrıca bir kef yeri uyduram, verəm sənə. Bu uşaq nağılıdır, bu eybəcər şeylərlə niyə sənin başını qatmalıyam, niyə sənə vəd verməliyəm?! Niyə ata, ana, dost olmaq istəməyəsən ki?! Bunların olması üçün mütləq sənə cənnət vəd verməliyəm?! İnsan ol, özümləş, özün ol.
Bir də düşüncə məsələsi var. Düşüncə hər bir normal insanın mənliyinə özgün olan bir şeydir. Mən ona görə düşünmürəm ki, əqidə adamıyam. Əqidə adamı olmasam düşünməməliyəm?! Düşüncə insana xasdır. İnsansansa düşünməlisən. Demirəm kütləvi şəkildə əqidənin qapısından içəri gir. Düşünməlisən. Ancaq cəfəng şeyləri yox. Sən özünçün düşünürsən, hardasa gedib bir sex açım özümə. Bunun mənə nə dəxli var. Bu düşüncə deyil. Mən deyirəm düşün ki, sən bir insansan. Sənin varlığında xalq olmaq tələbi yatır. Bəşər olmaq tələbi yatır. Buna yetməlisən, bunu yetirməlisən. Torpağın altına dən qoyursan, toxum qoyursan, bəsləyirsən ki, bar versin. Bundan ötrü qoyursan torpağın altına. Mənadan gəlmiş bir toxumsan, qoyulmusan, indi bar ver. Bütün məsələ budur. Ocağın tələbi, istəyi çox açıqdır, aydındır. Heç kimin ağzını dağa-daşa dirəmir. Sadə insanlığın, ləyaqətin yolunu öyrədir. Onun arxasında durur, onu ölçüyə çevirir. Onu dünyalaşdır deyir. İnsan insandır. Sənin çalışmaların Almaniyada bir insanı etkiləyər. Göyçayda bir Bilən oluşduran kimi, Almaniyada başqa Bilən yaradarsan. Görərsən Almaniyada necə işlər aparır, bizim dediyimiz məsələləri orda ifadə edir, yerinə yetirir. Ailə Günlərinin hədəfi odur. Düşünək, öyrənək, şəxsiyyətə çevrilək, özümləşək, bu işdə davamlı olaraq. Bu bitən, tükənən məsələ deyil.
Ailə Gününün tələbləri Amallaşma, Kamilləşmə, Xalqlaşmadır. Üçünü də eləmək gərəkdir. Xalqın içində iş aparmaq gərəkdir. Az-çox fərqi yoxdur. Bir nəfərlə söhbət etmək də az deyil. Elə bir nəfərlə söhbət edərsən, gələr yüz adamın işini görər. Davamlı şəkildə bu iş getməlidir. Çox yaxşı olar ki, Ailə Günləri canlı olsun. Bir mühitdə üz-üzə oturmaq, söhbətləri, düşüncələri bölüşmək ayrı şeydir. Qaçılmaz olaraq onlayn edirik. Ancaq buna çox üstünlük verməmək doğru olar. Onlaynın sayını azaltsaq yaxşı olar.  Bunun özəlliyi ayrıdır, ehtiyac var. Bu ehtiyaclar ödənəndə mübarizə həvəsi də artır, özümləşmə həvəsi də, iş görmə gücü də…
Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.

Üzü yazıldı: Ata Ayı, 44-cü il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir