Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günündəki çıxışları

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günündəki çıxışları

Ocaq Günsırası ilə 27 Qürub Ayı, 39-cu ildə “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günü keçirildi. Ailə Günü quralları yerinə yetirildikdən sonra Uluyol-Hünər Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: On gün olar gündəlik tutmuşam. Önəmli olayları, düşüncələrimi yazıram. Ricaları deməyimlə də bağlı yazıram. Ricaları desəm də, gecikmə ilə deyirəm. Ancaq yazdıqca özümə qıraqdan baxmaq olanağım olur. Sadə bir şeylərin nizamla olmasını sağlayır gündəlik tutmağım. Özümü görməyimə kömək olur.
Ay içində Ocaq ədəbiyyatlarından başqa ədəbiyyat da oxumuşam. Atanın 7-ci Bitiyindən oxumuşam.
Başa çatan ayıma qiymət versəm, öz üzərində işləməyim davam edir.

Asif Atanın “İnsanilik” kitabından: “Adam Mənaya qarşı dəyişir. İnsan Mənaya doğru dəyişir”.
Məna – Mütləqdir, Mütləq İnsanilikdir. Əzəli, Əbədi, Sonsuz, Kamildir. Adam Mənaya qarşı dəyişir, uzaqlaşır İnsanilikdən. Gündəlik izlədiyimiz dünyanın, yurdumuzun mənəzərəsidir Adamın Mənaya qarşı dəyişməsi. Qan-qada, talançılıq, öldürmə olayları… Adamlıq çalarları zənginləşir. Qorxursan artıq xəbərləri oxumaqdan. Nəylə qarşılaşacağını bilmirsən. Hər gün bu dəyişiklikləri gördükcə sabaha inam azalır. Sabah necə olacaq? Sabah anlamı mücərrədləşməməlidir. Xalqın taleyinə, gələcəyinə sorumluluq yaranmalıdır.
Adam Mənaya qarşı dəyişəndə zaman da, ortam da, tarix də Mənaya qarşı dəyişir.
İnsan zamanın, ortamın, tarixin dəyişilməsinin önündə durur. İnsanın Mənaya doğru dəyişməsi dönüş nöqtəsidir. İnsan insaniləşdikcə həyat da insaniləşir, dünya da.

xxx

Asif Atanı tanıyan da, tanımayan da onun haqqında elə danışır, Atanın ziyanına olur. Atanı tanımaq, sunmaq ciddi sorumluluq tələb edir. Ata Azərbaycanın, bəşərin gələcəyi ilə bağlı elə bir olaydır, Ona üzdən yanaşmaq olmur. Bu, dünyabaxışdır, fəlsəfədir, yoldur. Elə bir yol ki, özünü, ruhunu yaratdığın qədər Atanı anlayırsan. Ruhu yaratmadıqca Ata haqqında üzdən deyiləcək, Ata dərk olunmayacaq. Asif Ata xalqsız yoxdur, xalq da Asif Atasız özümülüyünü, gələcəyini təsdiq edə bilməyəcək.

xxx

Gündə təkrar-təkrar etdiyim şeylər var. Təkrarlıqda günlər də adiləşir, təkrarlanır. Bəzən bu təkrarçılıq faciəyə, yadlığa çevrilir. Münasibətlər də təkrarçılıq üstə nizamlanır. Bundan qurtulmaq üçün ömürdə ideal olmalıdır. Gün aya, ilə görə təkrarlanır. Gün həm də ömrün məqsədinə görə mənalanır. Düşüncəyə, duyğuya yenilik gəlmirsə, ömrə də yenilik gəlmir. Düşüncə, duyğu dəyişmirsə, ömür də dəyişmr.
Gün gerçəklik üstə dəyişir.
Gün Məna, İdeal üstə yenilənməlidir.

xxx

Bugünün dünəndən asılılığı, bağlılığı.
Amallı, yollu insanların gördükləri əməllər, yaşadıqları olaylar onları addım-addım məqsədlərinə yaxınlaşdırır. Günlərin bir-birinə bağlılığı yaranır. Bugünün dünənlə, sabahın bu günlə həm ayrıntısı, həm bağlılığı yaranır. Bu bağlılıq aqibəti bəlirləyir. Yolsuz adamlarda isə günlər bir-birindən asılıdır ömür bitənə qədər. Ömür bitəndən sonra günlər də itir.

xxx

İnsanın İnsandan asılılığı, bağlılığı.  Adamlaşdıqca yadlaşır, İnsanlaşdıqca doğmalaşır.

xxx

Adamların hakimiyyət qarşısında şairanə, savadlı, musiqili, ziyalıcasına, elmli yalmanmalarını görmək ağrılıdır. Yalmanmaqda da yarışa girirlər. Yalmanma üstə söz axtarışı, söz yaradıcılığı baş alıb gedir. Nə üçün? Qırımlı, vüqarlı, satılmayan, əzilməyən, əzməyən, əyilməyən, əyməyən insanlar görmək istəyir gözlər. Buxovlanmış, zəncirlənmiş “savadlı”lar ümidsizlik, mütilik yayırlar. Bununla necə yox olduqlarını görmürlər. Deyilən hər bir söz getdiyin yolda addımdır. Addımlarla aşağı yuvarlanmaq da olar, zirvəyə yüksəlmək də.
İndi sözü də satın alırlar, xarakteri də satın alırlar, ömrü də satın alırlar.
Ruhlular satın alına bilməz.

xxx

Qırılmayan ümid ruha bağlıdır. Əyilməyən vüqar ruha bağlıdır. Dəyişməyən ləyaqət ruha bağlıdır. Döyüşkən xarakter ruha bağlıdır.
Həqiqət ömrü zənginləşdirir. Nəyə baxırsansa, onun mahiyyətini anlayırsan, rəngini görürsən.
Həqiqətsizlik ömrü yoxsullaşdırır. Hər şeydə anlamsızlıq görmək həyatı boz rəngə çevirir.

xxx

Bir körpə ağlayır hardasa. Bir ana fəryad çəkir, bir ata çarəsizcəsinə əzab çəkir. Yurdlar dağılır. Bunlara baxdıqca boğazım quruyur, gözlərimdən yaş axır. İçimdən haray gəlir. Alçalmağa, əzilməyə, aşağılanmağa, ümidlərin qırılmasına, arzuların yarıda qalmasına kim son qoyacaq? Kim eşidəcək səsimi? Kim eşitməlidir səsimi? – Haqqı almırlar, haqqı qazanırlar. Dirənişlə, savaşla, inamla, iradəylə. Ədalət öz yerini tutmayacaq. Çünkü ədalətin yeri insan ömründə, idrakında, vicdanında, iradəsindədir. Gələcək qurmaq istəyirsənsə, təslim olma, savaş. Özünlə savaş. Özünü yarat. Öz ömründən bax dünyaya. Öz ömründən işıq yay dünyaya. Ədaləti öz ömründə yarat, sonra tələb et. Həqiqət, ədalət üçün ömründən keçənlər bilirdilər ki, onların ömrü bitəcək, ancaq Ədalət, Həqiqət itib-batan deyil. Yaşayacaq. Yaşadıqca, onun uğrunda ölənlərin, özündən keçənlərim timsalında daim özünü doğruldacaq. İnsanlarda örnək yaradacaq, inam yaradacaq. Savaşın gərəkliliyini, sabahlılığını ağılllara, ürəklərə yenidən yazacaq.

xxx

Hər kəs özünü varidatının, görəvinin fonunda göstərir, sunur. Adam özünü əşyalaşdırır, ömrünü əşyalaşdırır. Keçiciləşən ömürlə qürur duymazlar. Keçiciləşən ömürdə fərəh yaşanmaz.

xxx

Fərq:
Ölümü öldürüb ölməzliyə yetənlər.
Ömrü öldürənlər.

xxx

İnsanda axtarış duyğusu həmişə var. Mahiyyətindən gəlir. O duyğu insanı bir yerdə dayanmağa qoymur. İdeala can atmaq, azla barışmamaq axtarışın rahatsızlığından yaranır. Özünü tapmaq, dünyanı tapmaq, həyatı anlamaq, ədalətə, həqiqətə inanmaq axtarışa yönəldir insanı.

xxx

Kamilləşmə haqqında: – Özümə qıraqdan baxmağa başlamışam. Ciddi nizam, dönüş yaratmaq istəyirəm.
Xalqlaşma: – İnternet üzərindən söhbətlərim olub.
Ailə Günü qonusu – “Xalq, Amal ölçüsü ilə yaşaması üçün nədən başlamalıdır?”. Geniş bir qonudur. Öncə Atanı bilməli, görməli, tanımalı, dərk eləməli. Özüylə döyüşməli. Özüylə döyüşüb özünü yaratmayınca, nə özünün xalq mahiyyətini bilmək olur, nə də İnsanilik mahiyyətini. Öz mahiyyətinin xalqla birliyini də görmək olmur. Özündən başlamaq, özünü yaratmaq, ədaləti, həqiqəti öz ömründən yaratmaq gərəkdir ki, biləsən tələb edəndə də nəyi tələb edirsən, nəyin uğrunda vuruşursan.
Hər zamankı gördüyüm işlər var Ocaqla bağlı, bunlar davam edir. Saytla bağlı, tədbir kitablaşdırılması.
Atamız Var olsun!

Türkel Atalı (Ataya səcdə ilə sözünə başlayır – N.A.): Ayın başında keçən Ailə Gününü səsdən sözə çevirdim. Yaza-yaza duydum, gücüm bir az daha artır. İçimdən düşünmək, gündəlik yazmaq kimi şeylər keçir. Buna görə də yazıb qurtarandan sonra, yenidən qayıdıb bir neçə yol oxudum. Amaldaşlarım çıxışlarında iki ayın düşüncələrini, işlərini dedilər. Mən keçən Ailə Günündə ola bilməmişdim. Bu səbəbdən keçən 3 ay haqda düşünəndə görürəm, bu ayı çıxmaqla o biri iki ayı necə yaşadığımı, nəyə yetdiyimi özüm üçün bəlli eləyə bilmirəm. Yaşadığını dərk eləmək üçün, hansısa yaşantıyla yenidən qarşılaşanda hansı addım atmalı olduğunu bilmək çox önəmlidir. Ümumi şəkildə desəm, özüm barədə düşünmək, özümü görmək yox, hər dəfə eyni pillədə dayanıb izləmələrim daha çoxdur. Gündəlik isə içinə doğru yol getmək gərəkdir. Buna görə də yanlışlığımla, doğruluğumla dəyişməyim yeniliyin yaranmasına gətirib çıxarar. Bu cür dəyişmək, yenilənmək özü də dəyişməzliyə aparıb çıxarar.
Nurtəkin Atalının Ailə Günündəki düşüncəsi: “Gündəlik nələrləsə qarşılaşanda insanların bədbinliyini, zəlalətini görürəm, kədərlənirəm. Çıxış yolunun Ocaqda olmasını insanlara çatdırmaq sorumluluğu var içimdə”. Çıxış yolunu göstərmək sorumluluğuyla yaşamaq üçün zamandan, mühitdən yüksəkdə dayanmalısan. Çıxış yolunun Ocaqda olduğuna inam nikbinliyi onun halını cəmiyyət kimi gileyliliyə, bədbinliyə bağlamır, insanın kədərini yaradır.
Güntay Atalının çıxışındakı düşüncəsi: “İdeyanın işartılarını gücüm çatan qədər vermişəm. Bundan güc alıb daha da böyümək gərəkdir”. Burda Ocaqçı yaşamının başqa-başqa biçimdə bir xətlə olduğu bir daha təsdiqini tapır. Məqsəd çıxış yolunun Ocaqda olmasına, özünün inandığın kimi, qarşındakını da inandırmaqdır. “Bundan güc alıb daha da böyümək gərəkdir” düşüncəsinin təsdiqi üçün isə Nurtəkinin keçirdiyi sorumluluğu sənin də keçirməyindədir. Güc alıb böyüməliyəm həm özümün yetməyim üçün, həm də ideyanı gələn dəfə daha çox yüksək şəkildə verə bilmək üçün.
22 Qürub Ayında işdə olarkən yoldaşın biriylə söhbətimiz din qonusuna gəlib çıxdı. Xeyli düşüncələrimizi bölüşdük. Evə gələndə özüm üçün qeydlər apardım. Sonra bu qeydlərə baxıb düşünəndə belə qənaətə gəldim ki, mən onunla söhbətdə yalnız Ocaq yönlü fikirlər ifadə eləmişəm. Bu nə dərəcədə onun ağlını etkiləyə bilər? Axı mən özümü ifadə haqda demək olar düşünmürəm. Yaşamımla yaşamı elə də fərqlənməyən biriylə, hansısa məqamda düşüncə dəyişikliyinin yaranması, ikimiz üçün də yalnız vaxt öldürmək üçün edilən söhbətdirmi?
Nurtəkin Atalı Ailə Günlərinin birində deyir: “Evladın sözünün gücü ondadır ki, o zamanın dediyini demir”. Zamanın, mühitin dediyini təkcə deməmək yox, həm də yaşamayaraq deməmək gərəkdir.
Ay içində amaldaşlarımın düşüncələri içimi görməyimə xeyli kömək oldu. Bu baxımdan ayımı bir addım uğurlu hesab eləyirəm.
Atamız Var olsun!

Nurtəkin Atalı: Çox maraqlıdır. Hər birimizin çıxışında düşüncələri araşdırmaq, ümumi sonuc çıxarmaq – səndən öyrəniləsi bir cəhətdir. Təbrik edirəm. Keçən dəfə Soylu Atalı dedi, Ailə Günü kitablarını oxuyun. Atagün Ailə Günündə onun bir düşüncəsi vardı – “Yaşamı – yaşamın özündə, içindən qurulımaqla tanımaq olur”. Dinləyəndə üzdən keçərdim, ancaq düşünəndə anlamına daha dərin varmaq olur.

 

Ömürtay Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Son çağlarda işlə bağlı ezamiyyətdə olmuşam, uşaqları şəhərdən rayona apar-gətir, belə həyat işlərinə başım qarışıb. Ancaq vaxt tapıb Soylu bəyin kitabını oxumuşam. Yeri düşdükcə söhbətlər aparmışam. Söhbətləri Ocaq yönünə gətirməyə çalışıram. Din söhbətlərinin sonucu Ocaq söhbətləri olur. Deyə bilmərəm hansı dərəcədə etki göstərə bilmişəm. Ən azından düşünməyə, onlar üçün, yol açmışam. Çalışıram, inanıram qısa vaxtda hər şey yaxşı olacaq. Yenidən qayıdacam.

 Soylu Atalı: Eybi yoxdur, bu da bir aşamadır. Sənin yaşadıqların hər kəsin yaşadığı çətinliklərdir. Çıxacaqsan. Ancaq bununla belə hər kəs yaxasını həyatın əlindən almağı da bacarmalıdır. Həyatı yola verə-verə, həyatın problemlərini çözə-çözə yaxasını həyata verməmək. Bu çox böyük güc tələb edir.
İndi isə Ailə Günü ilə bağlı bir neçə söz deyim. (Ataya səcdə edib bayrağı öpür – T.A.): Mən sizin diqqətinizə bir neçə məsələləri çatdıracam. Bu olduqca önəmli məsələlərdir. Bəşəriyyətin axtarışları, keçdiyi yollar, bu çağımızın insanlarının düşüncələri, çağımızın insanalarının şüur səviyyələri. Mən izlədiklərimə, oxuduqlarıma, araşıdrmalarıma görə bir düşüncənin üzərinə gəlirəm. Bu düşüncənin üzərində möhkəmlənirəm ki, bəşəriyyət ruhsal anlamda ciddi yol keçməyib. Son çağlar mən Avropa, Batı bilginlərini oxuyuram. Onların düşüncələri üzərində işləyirəm. Yazı da yazmaq istəyirəm. Onlar mənim düşüncələrimə stimul verirlər. Onalrın bir sıra düşüncələrinə sayğı duyuram. Ancaq həm də, özümdə güc tapıb onların düşüncələri ilə döyüşmək istəyirəm. Niyə? Onlar bəşəriyyətin yaşamında olan keçmiş, çağdaş sorunları bir çox çalarlardan yaxşı açırlar, yaxşı deyirlər. Ancaq insanın əlindən tutub başqa yanlışlara çəkib aparırlar. Ona görə mən o düşüncəyə gəlirəm, dirəniş gərəkdir. Hara aparırlar, niyə aparırlar…
Nurtəkin çıxış edir. Öncə deyim, mən sizin Ocaqçılıq ləyaqətinizi çox sevirəm, sizin Ocaqçılıq ləyaqətiniz bənzərsizdir. Ancaq yenə vurğu edirəm, öz üzərində həryönlü işləmək gərəkdir. Quru olmaz, sovet diktorluğu olmaz çıxışlarda. Sanballı, ürəkdən duya-duya demək gərəkdir. Çox isti, enerjili, eşqli demək gərəkdir.
Nurtəkin vurğu edir ki, Azərbaycanın savadlı insanları doğru olmayan əhvallar yaradır. Həm savadı var, həm də yaltaqlığı var. Nə deməkdir bu? Bilik dərinləşir, mənəviyyat dərinləşmir. Biliklə uğraşırlar, ancaq mənəviyyatla uğraşmırlar. Mənəviyyatla uğraşmadıqlarına görə bilik insanlarda hiyləgərlik yaradır, tülkülük yaradır. Bilir, daha yaxşı tülkülük edir. Bilməyən adam elə də tülkülük eləmir. Düzdür. Yönünü, yöntəmini bilmir də. Onda da ən çox qorxu formalaşır. Bilikli adamda tülkülük formalaşır, bilməyən adamda da qorxu formalaşır. Cəmiyyətin yönü belədir. Ona görə biliklə uğraşan adam mütləq mənəviyyatla uğraşmalıdır.

Deyirlər, Azərbycandan qıraq ölkələrə öyrəncilər göndərirlər, gedib orda təhsil alsınlar. Birinci, adama deyərlər, niyə sənin ölkəndə dərin təhsil sistemi yoxdur?! Söz yox, yüksək təhsil biçimi, şəkli, yüksək təhsilin tətbiqi ölkələrarası münasibətlərdə qurula bilər. Ölkələrarası münasibətlərdə kadrlar cəlb edilə bilər bura. Onun bilmədiyini, sənin yeniliyini ona öyrədər, ona deyərsən, sənin öyrətmənlərin gedib orda öyrənə bilər. Mübadilə eləmək olar. Elmi mübadilə, təhsil mübadiləsi deyirlər buna. Uşağını, ölkənin vətəndaşını göndərirsən qıraq ölkəyə, qıraq ölkədə o gedib bilik əldə edir, ayrı şey əldə eləmir axı. Vətən mənəviyyatı əldə eləmir. Millət sevgisi əldə eləmir. Ayrı şüur əldə edir. Kosmopolit şüur əldə edir. Gəlib bura çıxan bilikli adam ayrı şey olur. Mənim nəyimə gərək sənin biliyin. Texnologiya gəlişir, cəhənnəmə gəlişsin. Texnologiya gəlişib nə verir insana?! Acından qırılır millət. Çünkü mənəviyyatla uğraşılmır. Bütün məsələlər fırlanır, gəlib çıxır bir nöqtəyə. Asif Atanın dediyi möhkəmlənir mənim şüurumda. Asif Atanın çağırışı möhkəmlənir. Ata deyirdi, sənayenin gəlişməsi səngiməlidir, sənaye çox sınırsız gedir. Nə deməkdir sınırsız gedir. O deməkdir, sənaye heç yerdə insanı, insanlığı nəzərə almır. Sənaye gəlişib, ancaq insan köhnə şüurdan çıxmayıb. Min il bundan öncəki insanlarda bir-birinə münasibət indikindən yaxşı olub. Sənaye gəlişdikcə mülkiyyət şüuru formalşıb, mülkiyyətdən yapışmaq, mülkiyyətə meyil eləmək artdıqca insanların bir-birinə münasibəti zədə götürüb. Həyat uğrunda mübarizə başlayıb. Çünkü sənaye gəlişir, insan mənəviyyatla uğraşmır. Asif Atanın dediyi buna gəlir.
Mən sizə ötən toplantıların birində sual gündəliyimdən sual oxumuşdum, Mütləqə İnam əxlaqı nədir? – Bu gün bəşəriyyət ən çox din əxlaqı ilə şəkillənib. Məsələn, insanlar qədimdən üzü bu yana fərqli-fərqli davranışlar ortaya qoyublar. Davranışlar, münasibətlər bir toplum üçün bir şəklə düşüb. Hamı filan şeyi eyni cür edir. Məsələn, metroda yaşlı adam görərsənsə, ayağa durmalısan. Bunu hamı bilir. Bu şüur hamıda oturub. Bu davranış formalaşıb yəni. Ümumi toplumun prinsipinə çevrilib. Hamı bilir, filan şeyi belə eləmək gərəkdir. Birdən günlərin bir günü bir adam filan şeyi belə eləmir. Hamı ona təəccüblə baxır, hamı ondan qorunmağa çalışır. Deyəsən bu bir az anormaldır. Nədən irəli gəlir onun davranışı. Ya gözəl ideyadan gəlir, gözəlləşdirir, yenilik gətirir, yeni əxlaq gətirir, ya da pozur. Biz görürük, ən çox pozur. İndi bu özündən gəlir, qıraqdan gəlir. Hardan görür, götürür, məsələ deyil. Faktik olaraq bir qız qısa şalvar geyinir, hər yerini damğalayır (nakolkalayır). Hamı pis baxır başlanğıcda. Sonra görür bunda da var, o birində də, yavaş-yavaş şüur, göz alışır buna. Gələnəyə çevirirlər. Bir az orta nəsil, bir az milli şüurla düşünən adamlar pis baxır. Yerdə qalanlar normal baxır. Bütün zamanlarda davranışlarda bu cür qırağaçıxmalar, bu cür formalaşmalar olub. Bunlar ən çox ziyana işləyəndə, pozuculuğa işləyəndə dinlər deyib, yox, belə olmalı deyil. Bir ölçü verir, belə olmalıdır. Bu ölçü bütöv bir yanaşmadırmı, yoxsa o dövr üçün bir keçiddirmi? Bunu da zaman-zaman araşdırırsan, öyrənirsən, görürsən bu o dövr üçün bir məsələ idi. Bəzi məsələlər var ki, elə uzaq gələcək üçün də işləyir, qüvvədə olur. Ancaq bir sıra hallarda görürsən, o, dövr üçündür.  Tutalım, qədimdə boşanma halı hansı şərtlər içində olurdu?! Əgər olarsa, ərin arvad qarşısında öhdəliyi nədir, arvadın ər qarşısında öhdəliyi nədir? Sovet qanunvericiliyində özünəxas boşanma qanunları vardı. Yəni bu hər bir dövr üçün düşünülür, nizam tapılır. Ancaq bir dövr üçün nizam olur.
Niyə mənim düşüncəm Asif Atada möhkəmlənib? Asif Ata deyir, bütün bunların hamısı dövrün tələblərinə, şüuruna uyğunlaşdırılır. Ancaq insanlığın tələblərini öyrən, İnsanlığın anlamını öyrən, onda görəcəksən insanlığın tələblərinə uyğun olanı əsas götürəcəksən. Onda sən görəcəksən o biri çağlarda da o işləyir. Ona görə Ata deyir: “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlamaqdadır”. Mən vurğu edirəm. Bəşəriyyət bu gün əski animizm dövründən çıxmayıb çox şeylərdə. Məsələn, qədimdə totemçilik olub. Donuz yəhudilər üçün qutsal heyvan sayılıb. Mən bunu araşdırdım. Mənim ağlım, məntiqim onu dedi ki, Məhəmməd donuzun yeyilməsini ona görə yasaq edib ki, Varaqa ona belə öyrədib. Varaqa yəhudi idi.
Hindlilər inəyi kəsmir. İnək onlar üçün qutsal heyvandır bu gün də. Qədim dövrdə elmin gəlişmədiyi bir çağlarda totemçilik dönəmi olub. Kultçuluq. Heyvana pərəstiş olub. Heyvan tanrılaşdırılıb. Tanrıları heyvan görsənişləri ilə ifadə ediblər. Yunanlarda Zevsin arvadı, həm də bacısı Heraya dana gözlü, inək gözlü Hera deyirdilər. Bunlar heyvana səcdənin, pərəstişin qalığıdır. Bu gün bizim türkçülər Bozqurda səcdə qılırlar. Bu, min illər öncə olmuş bir şeydir. Bəşəriyyətin ayrı-ayrı xalqları üçün ayrı-ayrı heyvanlar qutsal sayılıb. Bu o dövrün şüurudur. Doğada filan şeyləri qutsallaşdırıblar, heyvanı qutsallaşdırıblar, əcdad kultları yaradıblar. Ölənlərinə səcdə qılıblar. Öləndən qorxublar. Ölüdən imdad diləyiblər. Ölüdən imdad diləmək bu gün də var. Müsəlman deyir, ya Həzrət Abbas, mənə kömək elə. Həzrət Abbasın sümüyü də çürüyüb, o sənə nə kömək edəcək?!
Min illər bundan öncə qədim xalqlar öz əcdadlarından kömək diləyirdilər. Qəbirə səcdə qılırdılar, ölüdən qorxurdular. Bu günkü həmin şüurun qalığıdır. Bəs elm nəyi aradan qaldırıb. Bu gün, bir çox üzdə olan insanlar, düşünürlər, indi elmin dövrüdür, elm gəlişir, indi texnologiyalar dövrüdür, Asif Atanın dediyi nəyə gərəkdir?! – Sən insanın, insanlığın yönünü, düşüncəsini, şüurunu bəlli etməlisən. Elm bunu bəlli etmir. Elmin işi ayrıdır. Texnologiya onu bəlli etmir. Texnologiyanın işi ayrıdır. Yaxşı, elm gəlişib, 21-ci yüzildə gəlib göyləri fəth eləmisən. Ancaq hələ də heyvana səcdə qılır axı bu insan. Danaya, buzova səcdə qılır bu insan. Bəs nəyi aradan qaldırmısan?! Bilmək gərəkdir, ruhaniyyat məsələsini elm əvəz edə bilməz. Ruhaniyyat həyatı quran, ölçü verən, qoruyan sistemdir, nizamdır. Onu doğru olaraq qurmaq, yaratmaq, yaşatmaq gərəkdir. Din şüurundan çıxmaq istəyirsənsə, Asif Atanı eşit. O insana elə bir ölçü verir ki, bəşəriyyətin qədim animizm dövründən üzü bu yana gələn o bəsit şüuru tamamilə rədd edilir. İnsanlığın ölçüsünü verir. Mütləqə İnam əxlaqı odur. Mütləqə İnam əxlaqı İnsanlığın qanunlarının tələbləri ilə davranmağı öyrədir sənə. Onda sən milli kimlyini qoruyacaqsan, quracaqsan. Yoxsa sənayenin əlindən şüurunu ala bilmirsən. Üzdə millətçilik deyə haray çəkirlər. Hamı yazır, hamı millətçilikdən danışır. Ancaq heç kim özünün bir çöpünü sənə güzəşt eləməz. Milli birlik necə yaranacaq? Nəsə ortaya gələndə, deyək, hakimiyyət, varidat, onu mütləq dartışdıracaqlar. Qamarlayacaq, verməyəcək sənə. Çünkü milli şüur hələ istəyə uyğun formalaşmayıb. Ona görə insanlar din şüurundan çıxa bilmir. Ocaqçılar, mən sizə deyirəm. Özünüzü öyrənin, araşdırın. Görün din şüurundan çıxmısınızmı? Görün özünüz Mütləqə İnam ölçüsüylə davrananda qonum-qonşudan çəkinirsinizmi, utanırsınızmı? Deyəcəklər bu fərqli düşünür, fərqli davranır?! Necə gəldi geyinən, davranan, lüt gəzən heç nəyi vecinə almır. Ancaq sən topluma İnsanlığın ölçüsünü gətirirsən, çəkinirsən. Gör çəkinirsənmi? Gör şüurun möhkəmdirmi? Bax, bu şüurda özün möhkəmlənərsənsə, Asif Atanın ideyası yeriyəcək xalqın içinə. İdeya güclü olanda yeriyir. İdeyanı yaşadan da güclü olanda ideya yeriyir.

Əxlaq məsələsi ilə bağlı dedim. Araşdırıcılar, yeni əxlaq nəzəriyyəçiləri bir çox məsələlərin çözümünü qədimlikdə olduğu kimi yaşatmaqda görürlər. Demir belə olsun. Ancaq israrla vurğulamalarında istək odur. Deyir qədimdə insanların münasibəti filan cür idi. Məsələn, bir kişi ilə bir qadın, ailə qurmamışdan öncə, başqalarıyla yaşayırdılar. Əgər onlar başqası ilə yaşamamışdılarsa, onda onların ailə qurması alınmırdı. Bakirəlik qalırdısa, ona cahil kimi baxırdılar. Bunu bu bilginlər yeridir. Deyirlər, burda pis şey yoxdur. Ailəyə qədər hər şey olar. Bu qədimdə belə olub. Belə çıxır ki, indi də belə olsun. Zatən Avropada indi də belə gedir. Belə qaydalar vardı – öz qızını, həyat yoldaşını qonağına hədiyyə edirdi. Bu çox yüksək mədəniyyət sayılırdı. Bu təklifdən imtina edilirdisə, təhqir eləmiş sayılırdı. Bu yaxınlarda eşitmişəm almanlarda belə qaydalar olub. Yeni əxlaq nəzəriyyəçiləri bu dediklərini tarixi faktlara bağlayaraq, çox ciddi əsaslandırırlar. Bu şüuru cəmiyyətin içinə buraxırlar, cəmiyyət onu yaşadır. Burada münasibətlərin nizamlanması, özəllikcə qadın-kişi münasibətlərinin nizamlanması önə çəkilir. Önə çəkilərkən bu cür qırağaçıxmalar önə sürülür. Bu zaman ümumbəşəri fəlakətin yarana biləcəyini qətiyyən ağıllarına gətirmirlər. Başqa xalqların milli özünəxaslığını gözardı edirlər. Milli özünəxaslıq var. Milli şüur var. Onun gen yaddaşından gələn var. Onları necə gəldi ayaqlamaq olmaz. Hər şeyin adına dindən gələn şüur deyib dağıtmaq olmaz. Onda bəşəriyyəti inqubatora çevirirsən, eyniyyətə çevirirsən. Eyniyyət ölümdür. Qoy insani prinsiplər bütün bəşər xalqlarının həyatına hakim olsun, milli özəlliklər qorunsun. Milli özəllikləri qorumaq gərəkdir. Bunlar millətçiliyi davamlı şəkildə damğalayırlar, vururlar. Ancaq mən millətçiyəm. Əgər mənim millətçiliyim dediyim səpkidə qurulmazsa, milli özəllikləri nəzərə alınaraq qurulmazsa, insani tələblər, prinsiplər əsasında formalaşmazsa, onda mənim millətçiliyim ingilisçiliyə bənzəyəcək. Necə ki, çoxlarında ona bənzəyir. Sosial şəbəkələrdə görürsünüz. Necə haytalı davranırlar. Millətçidir, türkçüdür, az qala başqa millətlərin başını kəsməyə hazırlaşır. Bu millətçilik deyil, canavarlıqdır. Canavarlıqla millətçilik ayrı şeydir. Millətçilik dəyərdir. Milləti qorumağın yolu onun dəyərlərini tanıyıb yaşatmaqdan keçir, sevməkdən keçir. Millətin özünəxaslığını, özəlliklərini qoruyaraq, bəşəriyyətə sunmaqdan keçir. Bəşəriyyətlə özünəxaslığın əsasında doğmalaşa bilərsən. Başqa xalqların tutuquşusuna çevrilməklə, bir-birini yamsılamaqla, meymunluq eləməklə birlik yaranmaz, doğmalıq yaranmaz. Nə də hədələməklə yaranmaz. Türkiyədən bəzi tanışlar mənə deyirlər, Soylu bəy, siz çox loyal yanaşırsınız. Bəs necə yanaşım?! Mən deyrəm, millətin dəyərini tanımaq gərək, sevmək gərək. Millətin dəyərlərini gəlişdirmək gərək. Onu bəşər ailəsinə çevirmək gərək. Onu bəşər nizamında qoruyub saxlamaq gərək. Deyim ki, başqa xalqları qırmaq gərək? Guya bu gün millətçilik məsələsi həyata keçir, guya bu gün millətçilik var, əslində yoxdur. Heç nə əsillik mərtəbəsində deyil. Hamısı xaos içindədir. Ən yaxşı ideyalar belə pis yönə işləyir. Xaosa gətirilir. Ona görə dolanıb gəlirəm Asif Atanın “İnsanlaşın – İnsanlaşdırın” çağırışının üzərinə. Mən görürəm ki, Atanın yaratdığı, verdiyi ideya, yaratdığı yön, dəyər çox böyük qeyrətdir, insanlığın açarıdır. Bunu dərk elədikcə, anladıqca insan özünü özüylədöyüş ideyası əsasında qurar. Bu prinsipləri öyrənmək, onu ömrünə çevirmək deməkdir özüylədöyüş. Özüylədöyüşün ayrı anlamı olmur. Ona görə Ocağın ideya prinsiplərini davamlı olaraq ömrə çevirmək, ondan çox ciddi əsaslı bəhs etmək gərəkdir. Onu açıb demək gərəkdir. Onun öyrətməninə çevrilmək gərəkdir. Böyük ideyaları yenidən yaşadan elm adamları olmur, gözəl ürək yiyələri, millətsevərlər olur. Sadə insanlar olur. Ruhaniyyatı onlar qurub yaşadır. Ruhaniyyatı alim yaşatmır, qurmur. İnsanlığın yönünü alim bəlli eləmir.
Mən Atanın ideyalarında çox ciddi bərkiyirəm. Tutuşdurmalar apardıqca mənə bəlli olur, doğrudan da, Atanın ortaya qoyduğu ideyalar bəşəriyyətin, qədim dövrdən üzü bu yana, bütün bəsit şüurlarının hamısını qırağa qoyur, yaxşı anlamda. Bu yeni sivilizasiya dəyişikliyi deməkdir. Bəşəriyyət bu ideyaya tapınmaqla yeni sivilizasiya başlaya bilər. Böyük dəyişiklikdir bu. Bu dəyişiklik nə vaxt qlobal xarakter alacaq, genişlənəcək, onu deyə bilmərəm. Ancaq bu yeni sivilizasiyadır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Cavid bəy: Mənim suallarım var. Sizin yazılı nəsə nizamnaməniz varmı? Düşüncələrinizi bildim. Burda qlobal dünyadan danışdınız. Bir çox tarixi şeylərdən danışdınız. Millətçilik dediniz. Avropada sənayeləşməyə qarşı Asif Atanın bəzi fikirlərini dediniz. Sual yaranır məndə. Bu gün dünyanın gəlişməsi sırf sənayenin üzərində qurulub. Azərbaycanda sənaye sıfıra enib. Ölkədə durum acınacaqlıdır. Ancaq bugünkü sənaye ölkələrinə baxanda, Almaniya, Fransa, İtaliya, görürsən, onlar məhz sənayeləşmə hesabına qüdrətli dövlətə çevriliblər. Ümumiyyətlə, Birləşmiş Ştatların özü sənaye hesabına qüdrətli dövlətə çevrilib. Əgər biz sənayeləşməsək, ölkə olaraq, bizim taleyimiz necə olacaq? Bugünkü hökumətin də marağında deyil sənayeləşmə.
Sonra deyirsiniz, Azərbaycandan gənclər gedir Avropada təhsil alır. Assimilyasiya gedir onlarda, yəni milli kimliyini itirirlər. Mən sizinlə razıyam. Ancaq Batı təhsili yüksəkdir. Mənim tanışlarım var, xaricdə təhsil almış gənclərdir. Onların düşüncəsini mən daha başqa cür görürəm. Bəziləri var ki, itiriblər. Assimilyasiya gedib onlarda. Onlar elə fikirləşirlər, biz dünyanın vətəndaşıyıq. Millətçiliyə toxundunuz burda. Sizin millətçilik, bildiyimə görə, demokratik bir millətçilikdir. Milləti sevmək, millətçi olmağı yaxşı bir şey kimi qəbul eləyirəm. Götürək qonşu İranı, onların bir lideri var idi – Xomeyni. Onun düşüncəsinə görə millətçilik rəzil bir şeydir. Mən rədd eləyirəm bu fikri. Mən özüm millətçiyəm. Özümü də demokrat millətçi hesab eləyirəm. Yəni sizinlə razılaşıram bu mənada.
Sonra əxlaq qonusuna toxundunuz. Avropada bakirəlik məsələsinə toxunduz. Yəni belə bir şeyin bizim cəmiyyətdə olması normaldır, yoxsa mən səhv başa düşdüm?

Soylu Atalı: Xomeyni məsələsindən başlayaq. Xomeyni Avropada, konkret Fransada hazırlanmış bir ajan idi. Onların kadrı idi. Necə kadrı idi? Məsələn, bu gün nə Avropa, nə Amerika İslam dininin Azərbaycanda çökməsini istəmir. Özlərinin İslam dinini yaradıblar. Çünkü İslam diniylə kütləni cahil saxlamaq, idarə eləmək mümkündür. Parçalanmış Azərbaycanın bütövləşməsinin qarşısını almaq gərək idi. Məsələn, qədim Azərbaycan imperiyaları olub. Dünyanı o vaxtlar, 600 il hökm sürən Osmanlı imperiyası, Azərbaycan imperiyası yönəldib. Siyasətin yönünü bunlar bəlli eləyib. Uzun proses gedib, ciddi layihələr işlənibdir ki, Azərbaycan imperiyaları sarsıdılmalıdır. O cümlədən, Osmanlı. Ona görə təsadüfi deyil, Çaldıranda böyük bir fəlakət oldu. Deməli, planlı şəkildə Azərbaycan çökdürülməli idi. O həddə gətirildi, parçalandı. Rusiyanın ordusu Türkmənçaya qədər yeridi. Ancaq sınırların hamısını Arazdan çəkdilər. Çünkü İngiltərənin, o birilərin öz çıxarları var idi. Tarixi sadalamaq istmirəm, əsas mahiyyəti demək istəyirəm. Konkret olaraq, hədəf, Rusiyanın da proqramında olan bir şey idi, Güney Qafqazda Azərbaycan-Türk dövlətçiliyinə son qoyulsun. Ona görə parçalaya-parçalaya bu günə gəldi. 130 min kv.km. ərazidən Dərbəndi elə parçalayıb götürdülər, Borçalını sosialist inqilabından sonra tamamilə gürcüləşdirdilər. Ondan sonra Batı Azərbaycan torpaqlarının hesabına Ermənistan yaratdılar, sonra Qarabağı qopartdılar. Yəni konkret olaraq, hədəfləri var ki, 150 illik plan əsasında Güney Qafqazda Azərbaycan dövlətçiliyinə son verilsin.  Bilirsiniz, erməni dövlətinin sınırları, qədim Azərbaycan torpaqları olan, Qarsdan başlayaraq Türkiyənin doğu kəsimində Ermənistan dövləti yaratmaq hədəfi vardı. Ancaq bu plan pozuldu. Sonra keçdilər indiki Quzey Azərbaycanda erməni idarəetməsi yaratsınlar. Ona görə Şaumyanın rəhbərliyi altında soyqırım həyata keçirdilər. Üzdə olan insanları qırdılar. 30 mindən çox insanlarımızı qırdılar. Hələ bu üzdə olan rəsmi informasiyadır. Daha çox qırğınlar törəndi. Bunlar Quzey Azərbaycanda erməni dövləti yaratmaq istəyirdilər. Bu da alınmadı. C variantını işə saldılar. Azərbaycanın batı torpaqları hesabına, yəni İrəvan, Zəngəzur, Zəngibasar, Qaraqoyunlu mahallarından bir erməni dövləti yaratdılar i. a.  Bunlar bilirlər ki, Azərbaycan şüur baxımından çox güclü xalqdır. Azərbaycanı genetik, antropoloji, psixoloji olaraq öyrəniblər. Azərbaycan gec-tez yenidən birləşə bilər. Bu da baş ağrısına çevrilər onlar üçün. Dünyanı idarə edən güclərə sərf eləmir belə bir şey. Ona görə Xomeynini Fransada hazırladılar, gətirdilər İrana. Birinci Rza şah Pəhləvini gətirdilər. Onu da orda hazırlamışdılar. 25-ci ildə İran dövləti elan olundu. İran dövləti yox idi. Hamısı türk dövləti idi. Sonuncu Qacarlar dövləti idi. Onun hakimiyyətinə son qoydular – ingilislərin, fransızların köməyiylə. Ancaq Rza Şah Pəhləvinin yürütdüyü siyasət fərqli idi. Bu onlara gərək idi bir yerə qədər. Elə ki, bunlar gördülər, Rza Şah Pəhləvi gələndən sonra Pişəvəri hərəkatı başladı. Pişəvəri hərəkatı bunlara sübut elədi ki, Azərbaycan yenidən birləşə bilər. Öz haqqını istəyir. Buna görə 79-cu ildə İran İslam İnqilabı həyata keçirdilər. Artıq burda Şahlıq dönəmi sərf eləmir. Çünkü İslam ümmətçilik şüurudur. Ümmətçilik şüuru Güney Azərbaycanı içinə alır. Bu şüurla birləşmənin qarşısını ala bilirlər. Xomeyninin gəlişi məsələsi Azərbaycanın birləşməsinin qarşısını almaq üçün idi.

Cavid bəy: Bu millətçilik deyil. Xomeyni millətçiliyi rədd edir. Yəni mənim fikrimcə, bu absurd bir şeydir. Mən onlara sual verirəm. Siz öz qızınızı verərsiniz başqa millətə? Razılaşmırlar. Ancaq ağa dedikləri adamın ideyasını yayırlar. Bunların millətçiliyini rədd eləyirəm.

Soylu Atalı: Asif Atanın baxısına görə millətçilik əbədi prosesdir. Çox böyük humanist prosesdir. İngilis də, fransız da millətçi olsun. Ancaq şovinist olmasın. Millətçilik odur ki, öz milli kimliyini dərk eləyirsən, milli dəyərlərini tanıyırsan, qoruyursan, dilini, mənliyini qoruyursan, deyirsən Bəşər ailəsində mən də varam. Məsələn, mən Soylu olaraq, öz kimliyimi qoruyuram, kimlərisə yamsılamıram. Mən özümxaslığımı qoruyuram. Bu mənim bireysəl keyfiyyətlərimdir, özünü təsdiqdir. Millətçilik də odur. Niyə səni yamsılamalıyam, niyə mənim dilim sıradan çıxsın, niyə başqası kölgəsi kimi olum? Ancaq ingilis millətçilik eləmir. O şovinistdir. Mən imperialist türkçülüyü, şovinist türkçülüyü də qəbul eləmirəm. Rusun şovinist millətçiliyiylə mənim millətçiliyim arasında fərq olmayacaqsa, neyləyirəm. Dünya yenidən xaos içinə girirsə, bunda mənim millətim də zədə götürür axı. Çünkü mən onu basıb əzirəmsə, o da məni basıb əzəcək də. Yəni burda humanist bağlantılardan söhbət gedə bilmir. Ancaq millətçilik çox böyük ideyadır. Ona damğa vurmaqla deyil. Sözün mənasını ayırsınlar, millətçilik ayrı şeydir, şovinizm ayrı şey. Hitler millətçi deyildi, imperialist idi. Sən alman xalqından, ya da türk xalqından ibarət Bəşəriyyət yaradacaqsan? Monoetnik bəşəriyət yaradacaqsansa, o necə bəşəriyyət olur?! Bəşəriyyət odur ki, müxtəlif xalqlar var.
İkinci, bakirəlik məsələsi, dedim, Avropada olan bilginlər yazırlar: qədim dövrdə bakirəliyə insanlar həqarətlə baxırdılar. İndi aşağı-yuxarı çağırış oradır. Biz onu qəbul eləmirik. Dədə Qorqud deyir: Göz açıban gördüyüm, Könül verib sevdiyim, Birinə bağlandığım.
Məhəmmədin dövründəki kimi arvadlar bolluğu yaratmırdı. Ailə – bir ata, bir ana deməkdir. Bir ailədə beş ana ola bilər?! O ailə deyil, sürüdür. Toyuq sistemidir. İnsana aid olmayan bir şeydir. Ona görə o şüuru qətiyyətlə rədd edir Asif Ata.
Bir var milləti dəyərləri ilə qorumaq, gələcəyə aparmaq. Bir də var dövlət siyasəti. Güclü dövlətin siyasəti başqa xalqların içərisində özgələşdirici, assimliyaedici, ideoloji bazalar yaradır, onların dövlətinin başında duranları öz məqsədinə yönəldir. Xalqı ideoloji olaraq idarə edir. Onun şüurunu assimilyasiya edir. Bu dövlət siyasətini millətçilik kimi qələmə vermək olmaz. O dövlət ağalığıdır. Bəşər sistemini qamarlamaq, mənimsəmək gedişidir. Bu millətçilik deyil. Millətçilik çox sağlam düşüncələr üzərində qurulan ideyadır.
Sənayeləşmə ilə bağlı. Azərbaycanda sənayeləşmə sıfır deyil. Bəs qədər var. Ancaq iqtisadi talançılıq var. Vətəndaş talanır, ancaq sənaye var. Azərbaycanda texnologiyalar bəs qədərdir. Gətiriblər hər şeyi. Ancaq bu insana qulluq eləmir. Xaos yaranır. Sənaye nə üçün yaranır? İnsanın yaşam sistemini qurmaq üçün. Sosial həyatı nizamlamaq üçün. Avropada sənayeçilik doğrudanmı insanın bütün xətlərdə yaşamına uyum, nizam gətirir. Əxlaq, mənəviyyat prinsipləri burada nəzərə alınırmı? Ailə prinsipləri nəzərə alınırmı? Millət kimi formalaşmır, “Güc Dövləti” kimi formalşır. Bəşəri humanizmə uyğundurmu bunun yaşamı? İnsani əxlaqa uyğundurmu? Eyni halda, başqa xalqlara münasibət sağlamdırmı? Sağlam deyil. Avropada oturuşmuş sənaye, hesab eləməyin ki, Avropa dövlətlərini içəridən qura bilir. Qura bilmir. Kapitalist quruluşunda hər yerdə korrupsiya, rüşvətxorluq var. Bu korrupsiya, rüşvətxorluq necə nizamlanır? Niyə Avropa dövlətləri gəlib mənim içimdə dağıdıcılıqla uğraşır, niyə bölücülüklə (separatçılıqla) uğraşır, etnikləri mənə qarşı qaldırır?! Ona görə eləyir, mənim sərvətlərimi sərbəst talayıb apara bilsin. Bir də öz ölkəsində istehsal elədiyi var. Öz ölkəsində istehsal elədiyiylə millətin ağzını yumur. Sosial həyatını bəlli anlamda balanslaşdırır. Məndən apardığını mənimsəyir. Mənim dövlətimdə isə həm qıraq qüvvələrə paylanır sərvətim, həm də öz başımda duranlar talayır. Ona görə nizam yoxdur. Rüşvətxorluq, korrupsiya hər yerdə var. Çünkü bu qurluşun adı kapitalizmdir, konkret pulçuluq. Amerikanın, 60-cı illərin axırında, ideoloji şüurunda oturuşmuş bir ideya var idi – Mammonizm. Mammonizm pulçuluq allahıdır. Ona görə sənaye sürətlə gəlişir. Ancaq bu sənayenin gəlişməsi insana, insanlığa gərək olmur. Əgər insan talanırsa, sənayenin gəlişməsi zərərə gedir. İnsan işsiz qalırsa, zərərə gedir. İnsan mənəviyyatını, ailəçilik prinsplərini, əxlaqını itirirsə, zərərə gedir. Sənayeylə uğraşır, xalqçılıqla uğraşmır. Diplomatik səviyyədə uğraşırlar. Sosial varlıq kimi. Mənəvi, ruhsal varlıq kimi olmur. Dünyanın heç yerində. Əgər olsaydı, bu cür anarxiya olmazdı. Məsələn, konkret götürək Amerika dövlətini. Amerika dövlətinin toplumu doğrudanmı sivil, humanist toplumdur. Necə humansit toplumdur ki, onun içində ABD-nin dağıntılarına dur deyən yoxdur?! Azərbaycanla tutuşduranda, ABD-nin toplumunun aktiv kəsimi görün nə qədərdir. Azərbaycanda toplumun sayını 10 milyon götürürlər, 10 milyonun içində deyək ki, bir neçə min adam şüur baxımdan aktiv ola bilər. Amerikada beş, on Azərbaycan toplumunun sayı qədər aktiv şüurlu adam var. Onlar doğrudanmı sivil, humansit toplumdur?! Necə sivil, humanistdir ki, Amerika dünyanı dağıdır, içində səsini çıxardan yoxdur, sən dünyanı Amerikaya qarşı niyə qaldırırsan? Sən siyasi, diplomatik yöndən yanaşarsan, deyərsən, düz eləyir. Haqq verərsən. Gediş bunu tələb eləyir deyərsən, əşi, insanlıq boş söhbətdir… Boş söhbətdir deyildiyi üçün bu günə qalmışıq da. Dolu söhbətə çevirmək gərəkdir, dünya nizam tapsın.
Biz istəsək də, istəməsək də, elmin gəlişməsinin qabağını ala bilmərik. Sənayenin də gəlişməsinin qabağını ala bilmərik. Ancaq insanlaşma olarsa, dövlətin başında humanist qanunlar işləyərsə, onda doğrudan da, insanın həyatını məhv edən sənaye səngiməlidir. Bu boyda ekologiyanı öldürürsən, təbiəti öldürürsən. Radiasiyayla bürümüsən hər yeri. Bunu səngitmək gərəkdir. İnsana sağlam ömür vermək gərəkdir. Sağlam gələcək, sağlam nəsil vermək gərəkdir. Mən neyləyirəm, sağlamlığım bahasına göyləri fəth elədin. Sağlam adam tapmırsan. Hələ üstəlik dərmanlar, sağaltmır, xəstələndirir. Dünya səhiyyəsi uçub. Dünyada dərman biznesi var – insanın həyatıyla oynayan. Bu yandan xəstəlik yayır, bu biri yandan dərmanlar istehsal eləyir. Pul qazanır. Yəni bu şüurla dünyanın gəlişməsinə qadam. Müharibənin altından insan çıxa bilmir. Vəhşət, dəhşət bürüyüb dünyanı. Bu heyvanat nizamıdır, qanunlarıdır.

Cavid bəy: Yəni qarşısını almaq yox.

Soylu Atalı: Elmin gəlişməsinin qarşısını necə ala bilərsən? Sadəcə mən deyirəm, mənim qidamı zəhərləmə. Onun yerinə kənd təsərrüfatını gəlişdir. İnsanın sağlamlığını düşün.

Güntay Atalı: Biz dünya səviyyəsindən geridə qalmışıq. Bizim ölkədə nə qədər böyük marketlər açılıb. Hər marketdə bəlkə tonlarla duru yağ var. Bu kapitalizmin tələbidir. Ancaq bu gün dünyada 13 milyarda yetəcək məhsul istehsal olunur. Eyni zamanda 7 milyardın 2 milyardı ac qalır dünyada. Belə sənaye səngiməlidir.

Soylu Atalı: Səngiməlidir, yəni sənayenin zərərli tendensiyaları aradan qalxmalıdır. Bayaq vurğu elədiyimin üzərinə qayıtmaq istəyirəm. Əgər dünya bizim düşündüyümüz kimi sivil dünya olsaydı, sağlam dünya olsaydı, onda insanların harasa gedib təhsil almaq sorunu olmazdı. Uzağa getməyək. Qafqaz universiteti var, adını dəyişdilər. Qafqaz universitetini kim açmışdı? Fətullah Gülən-Ərdoğan birliyi. Yüksək təhsil verir. Ancaq həm də, orada çox qorxulu şüur var – Nurçuluq təriqətinin hazırladığı şüur. Onun da kökündə kürdizm durur Amerikanın dəstəklədiyi, Orta Doğu projesinin başlıca xəttə – Türkiyənin parçalanma planı.
Bizim öyrəncilərimiz gedirlər qıraqda təhsil alırlar. Qırağın təhsil proqramında ideoloji prinsplər var. Məsələn, öyrədir ki, millətçilik, vətənçilik köhnə düşüncədir. İndi dünya qloballaşmağa gedir, sınırlar aradan qalxır. Bu şüurla geri qayıdan gənclər mənə deyir, siz köhnə düşüncəlisiniz. Bu şüuru sənə yeridir, sən gəlib millətini gələcəyə aparmayasan. İdarə olunasan. Sən onun kadrı kimi formalaşırsan artıq. Bundan ötrü təhsildə çox ciddi dövlət strategiyası olmalıdır. Birincisi, ölkəndə təhsili elə qur ki, qoy yeni texnologiyaların sirləri burda öyrədilsin. Yox, həyata keçirmək mümkün deyilsə, onda sənin təhsil strategiyan olmalıdır. Sənin ac gəncin gedib orda psixoloji basqılara uğrayıb başqasının kadrı kimi sənin dövlətinin başına gəlməsin sabah. Bu gün Azərbaycanın özünün başında duranlar kimin kadrlarıdır? Azərbaycan türkünün kadrıdır? Deyil axı. İranın, Amerikanın, rusun kadrı var, Azərbaycan türkünün kadrı yoxdur.
Dinlə bağlı. Biz bütün dinləri rədd edirik.

Cavid bəy: Demokratik cəmiyyəti qəbul eləyirsinizmi?

Soylu Atalı: Mən ona demokratik cəmiyyət deməzdim. Mən ona bəşəri, humansit cəmiyyət deyərdim. Adın böyük rolu var. Demokratiyanı hakimiyyətə gətirən Perikl olub. Demokratik prinsipi hakimiyyətə gətirən, ideologiyaya çevirən Perikl olub. Ancaq Periklin demokratik qanunları quldarlıq quruluşunu nizamlayıb. Qulun hüququ yox idi. Bəs qul xalq deyil? Yəni o quldarlığın demokratiyası idi. Yəni quldarlığın “demos kratiya”sı idi. Xalq hakimiyyəti boş bir anlayışdır. Xalqın hakimiyyəti olmur. Xalqın üzərində hakimiyyət olur. Ya da xalqın hakimiyyətə gətirdiyi olur. Yəni belə götürək, xalqa qulluq eləyən hakimiyyət. “Demos kratos” xalqın özünün hakimiyyətini nəzərdə tutur. Elə bir şey olmayıb, olmayacaq. Hakimiyyət konkret fərdlərdən ibarətdir. Bütövlükdə xalq idarədə iştirak eləmir. Bu, quldarlıq demokratiyası kimi başladı. Sonra quruluş dəyişib oldu feodalizm. Feodalizm quruluşunda oldu feodalizm demokratiyası. Feodalizm getdi, kapitalizm gəldi. İndi də kapitalistin haqqı, hüququ var, kapitalist olmayanın haqqı, hüququ yoxdur. İndi Avropada elə deyil?! Bir az bizdən üstündür. Bir quruluş ki kapitalizm olsun, pulçuluq olsun, orda ədalət axtarma. Pulçuluqda mütləq təbəqələr yaranır, bərabərlik yoxdur. Düşünürlər, istənilən adam Amerikada hakimiyyətə gələ bilər. Üzr istəyirəm, qələt eləyər. Trampın pulu olmasa, hakimiyyətə gələ bilərdi? Mümkün deyil. Boş söhbətdir.
Sosializmin də demokratiyası var idi. Nə idi? Bizim də olduğumuz Sovet qurluşunda hünərin var idi bir dənə milli söz deyərdin, başını kəsərdi, götürüb zindana salardı. İki min ildə demokratiya özünü doğrultmayıb. İndi bu gün, faktik olaraq, bu anlayışı bizə veriblər. Çörçil deyir ki, bu demokratiya yaxşı bir şey deyil, ancaq bundan yaxşı bir şey də tapmayıb bəşəriyyət. Niyə tapmırsan? İdrakın yoxdur? Bəşəri humanzmi ifadə eləyən bir şey tapa bilmirsən?..

Cavid bəy: Bu gün Trampın seçilməsi bunu göstərir. Çünkü yaxşı təşviqat qurmaq olur. Onu qurmaq üçün də yaxşı pul gərəkdir. Məsələn, götürək Hitlerin hakimiyyətə gəlməsi. Hitler vəhşinin biriydi. Ancaq yaxşı nitqiylə hakimiyyətə gəldi. Demokratiyanın verdiyi üstünlüklərdən yararlanıb hakimiyyətə gəlirlər. Demokratiyada bəzən qüsurlar ola bilər.

Soylu Atalı: Bəzən yox, çox qüsurlar var. Yəni demokratiya deyilən bir şeyin bəzi çalarlarını qəbul eləyirəm, ondan da yararlanıram. Məsələn, söz azadlığı. Yəni bu bir haqdır. Əslində isə demokratiya bir ideologiya kimi də, anlayış kimi də özünü doğrultmur. Bax, söhbət ondan gedir. Yoxsa yaxşı bir şeyə qarşı mən niyə çıxış eləməliyəm? Bunun üstünlükləri olsa da, azdır, bütöv bir ölçü olaraq zərərlidir. Özü də burda çox böyük boşluqlar var. Deyək, “azlıqların öz müqəddaratını təyin etmə” hüququ var. Bir də sınırların qorunması ilə bağlı. Azlıq ermənidir. Yəni erməni öz müqəddaratını təyin etmə hüququna malikdir. Mənim ölkəmdə öz müqəddəratını necə təyin etmə hüququna malikdir? Yaşayırsan adam kimi yaşa. Gərək torpağımı parçalayasan? Mənə də deyir, sənin sınırlarını qorumaq hüququn var. Bu oyundur.

Cavid bəy: Müharibə etmək hüququ da verir sənə.

Soylu Atalı: Müharibə etmək hüququmu əlimdən alır.

Cavid bəy: Bir diplomat çıxıb deyə bilməz, mən təklif eləyirəm, bu məsələni müharibə yolu ilə həll eləyəsiniz. Bu diplomatiyaya ziddir.

Soylu Atalı: Əzizim, haqqımızı elə diplomatiya oyuna salıb da. Bir var bu kağızın üstünə bir şey yazam, bir də var ağlımda bir şey gəzdirəm. Qanmazı qandırmaq gərəkdir. Mən humanist, ruhaniyyatçı adamam. Ancaq çağdaş dönəmi gözardı eləmirəm. Bu gəlib mənim evimə soxulur. Mənim körpəmin başını kəsir. Mən də buna qarşı humanizm nümayiş elətdirəsi deyiləm. Yəni diplomat bunu dedi, demədi, öz sınırlarımı qorumaq hüququm var. Mən onu deyirəm, sənəddə yazılan ayrı şeydir, gerçək həyatda tətbiq olunan ayrı şeydir. Bunlar oyunlardır. Mənə gərək deyil vətənim parçalansın, sən də diplomatik oyunlar qurasan. Diplomatiya yol vermir açıq deməyə, açıq addım atmağa. Yaxşı, bəs onda neyləyim? Yolumu da kəsirsən. Ermənini çıxardarsansa, sanksiyalar tətbiq eləyərəm, səni məhv eləyərəm deyirsən. Bunu sözlə deməsə də, həmin diplomatik dillə deyir. Rusiya orda oturub deyir, hünərin var bir addım o yana keç.

Cavid bəy: 2008-ci ildə xatırlayıram. Gürcüstana girmişdilər. O açıq dedi ki, başqa qonşu dövlətlər hamıya ibrət dərsi olsun. Yəni bizdən icazəsiz heç nə olmaz.

Soylu Atalı: Bunu hələ burda belə deyir. Tək olanda da barmağını silkələyir.

 Cavid bəy: Regionda Azərbaycan üçün ən təhlükəli kimi hesab eləyirsiz?

 Soylu Atalı: Bizim söhbətin sonu daha çox analitik yönə çevrildi, eybi yox, sizin sorularınıza cavab verəcəm. Mən başlıca Rusiyanı qorxulu hesab eləyirəm. İrandan da çox. Niyə görə? Çünkü İranı, Azərbaycanın öz yarısı ilə birləşməməsi üçün, qoruyan da Rusiyadır. Əgər Rusiya o planlarını həyata keçirməsə, Azərbaycan, 35 milyon Güney Azərbaycan ilə İran hakimiyyətinə dirəniş göstərib birləşə bilər. Quzey Azərbaycanı Sovet şüuru bir az aldı. Orda millətçilik alovlansa ( düzdür, orda da millətçilik ciddi təfəkkürə, ciddi ideyaya dayanmır. Ancaq orda köks var, ürək var. Onu düzgün təyin etmək, yönəltmək, düzgün ayağa qaldırmaq gərəkdir) farsçılıq rejimi nə deməkdir?! Fars rejiminin elə möhkəm tutarı yoxdur türkün qabağında dayansın.

Ömürtay Atalı: Soylu bəy, bizdə aktiv millətçilərin, xüsusən də gənc millətçilərin birinci stolüstü kitabı Hitlerin kitabıdır. İkinci, Ziya Göyalpın kitabıdır. Bəzilərində də, böyründə Quran. Bu, məncə, təhlükəli bir şeydir. Biz öz baxışımızdan baxsaq, qarşısını necə almaq olar? Deyək ki, Asif Atanın fikirləri ilə tanış olsalar, onun qarşısını almaq olar. Millətçilik xalqın özünü dərkidir. Ancaq belə radikallaşma getdikcə də artır bəzi millətçilər arasında.

 Soylu Atalı: Bizdən asılı olmayan şeylər var. Biz Asif Atanın Ocağı olaraq, heç də o demək deyil ki, yüksək ideyalar daşıyırıqsa, bu gün hər şeyin qarşısını almağa qadirik. O gənclərlə demək olmaz ki, bir stol çevrəsində otursaq, hamısı o saat biz deyəni anlayacaq. O saat deyəcək, siz yaxşı deyirsiniz. Elə deyil. İçində sağlam düşüncəli insanlar düşünər, götür-qoy eliyər. Ancaq şüuru dəyişilmiş adamlardan bunu asanlıqla gözləmə.
O ki qaldı kimin stolunun üstündə kimin kitabının olması məsələsi. Bunun, uzun çağlar, qarşısını almaq çətin olacaq. Yadınızdadırsa, mən ayrı-ayrı toplantılarda demişəm. Ayrı-ayrı güclü dövlətlərin bizim içimizdə, hakim olan ideoloji gücüylə, lap elə iqtisadi gücüylə, özlərinin islamları var. Məsələn, İranın şiə adlı İslamı var, bizim birliyimizi çökdürür. Amerikanın nurçuluq islamı var. İngilisin vəhabilik islamı var. Onlarla bizim şüurumuzu məhv eləyirlər. Bölücülük eləyirlər. Toplumu içəridən parçalayırlar, dağıdırlar. Bir-birinə qarşı qaldırırlar. İkinci, hər bir gücün özünün konkret türkçülük ideyası da var. Bizim görmədiyimiz gizli əllər iş görür gəncliyin içində. Məsələn, onlar başlayırlar ki, türkün türkdən başqa dostu yoxdur. Turan imperiyası quracağıq. Bunlar hamısı türkü çökdürən, məhv eləyən çağırışlardır.
Bunların heç biri türkün quruculuğuna qulluq edən çağırışlar deyil. Türkü içəridən dağıdan çağırışlardır. Niyə? Gözə almaq gərəkdir, dünyada olan bütün xalqların yaşamaq haqqı var, heç birini Yer üzündən silə bilməzsən. Sən onlarla bəşəri humanizm əsasında bağlantılar qura bilərsən, əməkdaşlıq edərsən, dostluq edərsən filan. Bir-birinin yaşamını qorumaq, gözə almaq səviyyəsində. “Türkün türkdən başqa dostu yoxdur. Turan imperiyası qurulacaq”. Nə edəcəksən Turan imperiyası qurmaqla?!

Ömürtay Atalı: Əldə Quran, hədəf Turan. Heç söz bir-birinə uyğun gəlmir.

Soylu Atalı: Bunlar hamısı türkü içəridən parçalamağı, dağıtmağı güdən çağırışlardır. Bu, şüurlu, humanist, bəşəri türkçülük deyil. Bu, qəzəbli, dağıdıcı türkçülükdür. Bu vəhşi türkçülükdür. Bunu əldə əsas götürürlər, gizli əllər içərimizə yeriyir. Gənclik də küyə gedir. Mən təəssüf edirəm ki, hələ bu proses bəlli dövrə qədər qarşısıalınmaz şəkildə gedəcək. Hansısa çağda, sağlam gənclik, sağlam qüvvə formalaşana qədər, yəqin çox şeylərin qarşısını almaq olmayacaq. Çünkü bizim dövlətimizin milli strategiyası yoxdur. Dövlətin milli strategiyası olsa, belə şeylərin qarşısını asan almaq olar. Sən, mən təbliğat aparmaqla asan deyil bir günə, beş günə qarşısını alasan. Ancaq biz öz işimizi görəcəyik, öz sözümüzü deyəcəyik. Bizim yarağımız budur. Biz əlimizə qılınc götürüb kiməsə hədə-qorxu gələsi deyilik. O bizim yolumuz, xəttimiz deyil.
Biz Quranı araşdırmışıq. Quran 7-ci yüzilin sosial həyatını nizamlamaq üçün (quldarlığın son aşaması, erkən feodalizm) qanunlar toplusudur. Quranda da (yazmışam) 3 hissə var. Birinci hissədə quldarlıq, feodalizm cəmiyyətlərinin sosial həyatlarını tənzimləyən ayələr var; Məhəmmədin şəxsi həyatını tənzimləyən ayələr var; 3-cü, Allah-insan bağlantılarını tənzimləyən ayələr var. Hər üçü yanlışdır. Hər üçü zərərlidir. Orda ərəb toplumuna gərək olan müsbət çalarlar var, onu da biz demişik. Ancaq bu gün çağımızda Quran ancaq toplumsal gəlişməni ləngidən, nəinki ləngidən, ləğv edən bir şeydir. Ona görə də biz dönə-dönə demişik, qəbul etmirik. Qəbul elədiyimizin də adını, anlamını ortaya qoyuruq. Buyursunlar tutusdursunlar, buyursunlar polemikaya gedək. Buyursunlar bəs qədər diskussiyalar aparaq. Bizim yanlış olduğumuzu sübut eləsinlər. Biz onların yanlış olduğunu onlara sübut edirik.
Bütün dinlər münasibətlərin tənzimlənməsi, nizamlanması fonunda yaradılıb. Deyə bilmərik, dinlər pis məqsədlə yaradılıb. Dinlər pis məqsədlə yaranmayıb. Dövrün halı, dövrün düşüncəsi, nizamı hakim olub. Bunu da uyğunlaşdırıblar. Ancaq gələcək dönəmləri idrak edəsən, düşünəsən, bu olmayıb. Öz dövrünü nizamlamağa çalışıb, orda öz çıxarlarını da güdüb, bu ayrı. Bəşəriyyət qabağa gedir, yerində saymalı deyil. Şüurda dəyişiklik gedir, dövlət quruluşunda dəyişiklik gedir. İdarəetmədə dəyişiklik gedir, dövlətlərarası münasibətlərdə dəyişiklik gedir. Bu dəyişiklikləri İnsani yönə bağlamaq gərəkdir… Atanın dediyi kimi: İnsanlaşın – İnsanlaşdırın, Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.

Çay süfrəsi yörəsində doğmalaşma söhbətləri davam elədi.

Qürub Ayı, 39-cu il. Atakənd.
(avqust, 2017. Bakı.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir