Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” toplantısındakı çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
birgə “Ailə Günü” toplantısındakı çıxışlar

Ocaq Günsırası ilə 26 Yağış Ayı, 39-cu ildə (noyabr, 2017) “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Uluyol-Hünər Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən sözümü deyim. Bu ay Qandinin “Bütün insanlar qardaşdır” kitabını bir daha oxuyuram. Bir dəfə oxumuşdum. Ancaq dəftərsiz, yazısız oxumuşdum. İndi daha çox diqqətlə oxuyuram, bir az araşdırmalarım da olur. Bu mənə yaxşı etki göstərir.

Bəzi düşünclərimi bölüşəcəm.

Ümumiyyətlə, millət üçün çalışan insanların ömrü bir-birinə çox doğmadır, birdir. Onların həyəcanları, aldıqları basqılar çox doğmadır. Millət üçün çalışan insanların ömürlərini tarixdən oxuyanda sanki onların yaşadıqlarını mən də yaşayıram. Bu dərəcədə ruhsal bir doğmalıq görünür.

Qandinin düşüncələrini oxuyacam, düşünürəm, hər birimizə doğma görünəcək. “Baş­qala­rının mənim həyatımı kökündən yanlış anlayıb anlatmaları alışdığım olaydır. Buna əsla üzülmürəm. Toplumsal qulluğa girişən hər kəsin taleyində bu var. Gerçəkdən də toplumsal qulluğa girişən hər kəs bir az gönüqalın olmalı, hər söyləntiyə vərdiş etməməlidir. Hər dedi-qoduya adam vərdiş etsə, ömür boşuna xərclənib gedər. Mən özüm üçün belə bir qayda gəlişdirmişəm ki, mənim haqqımda heç bir söyləntilərə, dedi-qodulara cavab verməyəcəm. Bu şəkildə davranışım əsəblərimi yaxşı kontrol etməyimə səbəb olmuşdur”.

Tarixdə olan millətçilərin ömürlərində olanlar, bizim ömrümüzdə qarşılaşdığımız doğma məqamlardır.

Başqa bir düşüncəsi: “Mən öz yanlışlıqlarımı boynuma almaqla özümü güclü hiss edirəm”.  Bu da bizim dünyagörüşümüzə doğmadır.

“Mənim həyatım açıq kitab kimidir. Heç bir gizlin yanım yoxdur”.

Onun bu deyimi üstə balaca bir şey yazdım: Millət üçün çarpışanların, yaşayanların ömrü gizlin deyil. Düşüncələri ömürlərindən gəlir. Əməlləri düşüncələrini yansıdır. Sadəcə, oxumaq, araşdırmaq gərəkdir. Bu əməyə qatlaşmayanlar hər zaman millətçi dahilər haqqında doğru, düzgün danışmayacaqlar.

Atatürkü ehkamcasına qəbul edən adam onun dediklərini yönətmirsə, lap elə Asif Atanı əzbərləyən biri onu öz ömrünə çevirmirsə, başqalarına sunmaq Atanın ziyanınadır. Bu onu göstərir, araşdırmadan, öyrənmədən, öz ömrünə çevirmədən ideyanı demək heç bir etki göstərməyəcək. Qandinin söz var, deyir, öz vətənimdə çalışaraq, dünyaya qulluq edə bilərəm. “Himalay dağlarında bir mağarada dünyadan ayrılmaq (tərki-dünyalıq) yolu ilə Tanrını tapacaq olsaydım, bunu kəsinliklə edərdim, ancaq Tanrını tanımanın yolunu özünəməxsus şəkildə Hindistanın qurtuluş savaşına qatılmaqda gördüm”. “Bəşər növlərini aşağılayan heç bir qutsal kitab qəbul edilə bilməz. Çünkü böylə bir tutum Tanrı doğruluğunu danmaqdır”. “Tanrı sonsuz biçimlərdə cilvələnər. Ancaq mən Tanrını yalnızca həqiqət olaraq qəbul edirəm. Mən onu hələ tapmasam da, sürəkli arayıram”. “Sabahın mənə nələr gətirəcəyini bilmədiyimdən dolayı, özümü azad quş kimi hiss edirəm”.

Bu düşüncələr də bizim Mütləqə çatmaq axtarışlarımıza bənzəyir.

Mənim idealım insançılıqdır. İdealım insançılıq olduğuna görə də adamlara içlərində insanlıq olanağı gəzdirən ruhsal varlıq kimi baxıram. Onların qüsurlarını, yanlışlıqlarını görürəm, olanaqları bildiyimdən ümidim qırılımır, inamım sarsılmır. Xalqın bugününə, sabahına da inamım qırılmır –olanağa inandığıma görə həmişə nikbinəm.

xxx

Həyatda olmaq, ancaq həyatınkı olmamaq, Amalın olmaq.

Zamanda olmaq zamanınkı olmamaq, Amalın olmaq.

Ortamda olmaq ancaq ortamınkı olmamaq Amalın olmaq, Hünər budur.

xxx

Həqiqətə yetdikcə, həqiqətə yiyələnirsən, həm də həqiqət sənə yiyəlik edir.

 

xxx

Adam öz ömründə hər şeyi toplumsal ölçüyə, marağa hesablayır, bununla yaşayır. Toy, yas, yaşayış, geyim, davranış – “nə deyərlər” düşüncəsinə köklənib, soydan-soya ötürülür. Özün olaraq yaşamaq gərəkdir. Güncəl, toplumsal maraqlara deyil, ruhsal, gələcəkli ideyalara köklənmək gərəkdir.

xxx

Hər millətin özünəxaslığı var. Bu özünəxaslıq bireylər arasında doğmalıq, birlik yaradır. Nə qədər milli yöndən özümləşirsənsə, o qədər həm bireylərə, həm millətinə doğmalaşırsan.

xxx

Gündəmdə belə deyimlər dolaşır, məmurlar xalqa üstdən aşağı baxır. Bu, adamları etkiləyir. Ancaq bundan öncə adamlar özlərinə də baxmalıdırlar. Çünkü təbəqəçilik yalnız onlar arasında deyil.

İş yerimdə bir qadın qarşılaşdığı bir olayı danışırdı. Deyir, yaşlı bir qadın onunla avtobusda gedən birinə danışır: Nəvəm həyətdə tay-tuşuyla oynayırdı. Başqa bir uşaq nəvəmi döyüb deyir, neyləyəcəksən, süpürgəçilik edən nənən gəlib məni süpürgəsiylə döyəcəkmi?!

Yəni sıradan bir adam küçə təmizləyən adama üstdən aşağı baxırsa, o məmurun da insanlara üstdən aşağı baxması təbii görünməlidir. Təbəqəçilik adamların ağlına elə yeriyib, hər kəsin kiməsə özündən aşağı baxması normal bir şey kimi görsənir, bir az dövlət məmurları artıq-əskik danışanda o daha çox qabarır. Ancaq bu təbəqəçilik xalqın içində var.

Deyilir, kamillik aşamasına yetmək istəyən bir sufi bütün aşamalardan keçir, onun bir istəyi olur, deyir, məni başçının yanına aparın. Onu şəhərin toplumsal ayaqyolunu təmizləyənlərin başçısının yanına gətirirlər.  Sufi başçını süzəndə, o da ona qayıdıb deyir, sən hələ kamil­ləşməyibsən. Çünkü sən məndə insan deyil, ayaqyolu təmizləyən gördün.

Xalqın içində belə baxışlar ailədən başlamalıdır. Təbəqəçilik beyinlərdən silinməlidir. İnsana onun tutduğu görəvə görə baxmaq deyil, insan kimi baxmaq, insan kimi görməyə çalışmaq gərəkdir.

Xalqlaşma işi: Üz-üzə söhbətlərim olmayıb. Ancaq internet üzərindən söhbətlər eləyirəm. Bir neçə adamı Soylu Atalıyla görüşdürmək istəyirəm. Ocaq əməllərim törənlərimizi işləmək baxımından, ya sayt işlərimiz üzərindən davam edir.

Gediş Yazısında qonu var: Tükənməyi necə aradan qaldıra bilərəm?! – Sualın cavabı budur, yalnız özü üzərində işləmək. Həyata bac verəndə görürəm, dayanıram. Tam geri getməsəm də, dayanıram.

Ocaq tədbirləri oxuldur. Bəzən olur, tədbirə hazırlıqsız gəlmişəm. Ancaq hər bir Ocaq tədbirində köklənmişəm. Hər bir Ocaq tədbiri mənə yaşamda daha da ruhsal hava olanağı yaradıb. Daha da irəli getməyə inam yaradıb. Tədbirdə düşüncələr paylaşıram, Ocaqçıların üzləri, Amalın gələcəyi ilə bağlı rahatsızlıqlarımız – bunlar hər biri ömrümü mənalandıran düşüncələrdir. Ocaq tədbirlərinin qarşılığı yoxdur. Həyatımda onun yerinə keçə biləcək heç bir olay yoxdur. Bura mənim meydanımdır həm də görüşüb, paylaşdığım, daha da doğmalaşdığım qutsal bir yerdir. Düşüncələrim bu qədər.

Atamız Var olsun! Bayrağımızı öpürəm.

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Hələ ki, Ocaq tədbirləri məndə öyrənmək məqsədilə keçir. Çox təəssüflər olsun, vaxtım olmur. Hələ, Ocaq tədbirlərində öyrəndiklərimlə yetərlənirəm. Ocaq tədbirlərində nə qədər daha çox olsam bu mənə daha yaxşı etki göstərir. Daha çox köklənə bilirəm. Həyat gərginliklərindən azad oluram. Bu qədər. Atamız Var olsun!

Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Mən bu ay Taqoru oxuyub bitirdim. Bir də Soylu Atalıdan bir kitab götürmüşdüm. Hələ, onu oxuyuram. Açığı, bu gün tədbirə hazırlıqlı gəlməmişəm. Özümü də təkrar eləmək istəmirəm. Yəni duyğularda nə ciddi bir irəliləyiş olub, nə ciddi bir geriləməm. Halım sadəcə təkcə qınama yönündə də deyil, həm də ötmək, çalışmaq yönündədir. Əslində bu gün bura gələndə bir az da ciddi bir təpkiylə qarşı-qarşıya gəldim. Yəni həm işdə müdiriyyətin gəlişi, həm bacılarımla bir yerdə işləməyim. Bir az üz-üzə gəldik. Deməyim odur, həm hazırlıqsızlıq, həm o təpkiylə üz-üzə gəlməyim. Bir anlıq içimdə elə bir gərgin əhval var idi. Sonra öz-özümə dedim, uça-uça getməlisən. Kim nə dedi, niyə dedi, bunları aldırmadan yolunu getməlisən. Hazırlıqsız olsam da, fərəhliyəm, ümidliyəm. Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür– T. A.): 26 Yağış Ayı, 39-cu il günsıramızda “Uluyol- Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günündə bir neçə söz demək üçün Atamızın Bayrağını öpürəm.

Biz nə düşünürük?! Millət sıradan çıxıb. Vətən olduqca ruhsuz, dağınıq bir durumdadır. Onun uğrunda kim döyüşür?! Hamı özünü döyüşən kimi göstərir. Biz Mütləqçiyik. Mən deyirəm, döyüş yoxdur. Bir başqası deyə bilər, sizin döyüşünüzə bənzəmirsə, o demək deyil yoxdur. Mən deyirəm, bizim döyüşümüz də əsil döyüş səviyyəsində deyil. Ancaq Atanın Yolu əsil döyüş yoludur. Məsələn, hər kəs öz xəttində döyüşür (mübarizə aparır). Mən düşünürəm, hər kəsin xəttində o hər kəsin düşməni kimdir görəsən?! Siyasətçi də döyüşür, siyasətçi olmayan da, ruhaniyyatçı da döyüşür, ruhaniyyatçı olmayan da. Bunların döyüşləri, hər biri, özünəxas görünür. Hər birinin özünün xətti kimi görünür. Ancaq yenə deyirəm, siyasətçinin düşməni kimdir?! – Siyasətçinin düşməni dünyanı azğınlaşdıran, vətənini azğınların oyununa qurban verən bir gediş deyil. Siyasətçinin düşməni kimdən görəv qoparmağı, hakim olmağı qoparmaq istəyirsə, düşməni odur. Hər yerdə. İstər dünyanın o başında olsun, istər bu başında. Bəs dindarın düşməni kimdir?! – Dindarın düşməni mənəm. Mən qəbul eləmirəm dindarın tapındığı tapınağı. O mənə acıqla yanaşır. Niyə mənim mühitimdə olmaq istəmir, niyə mənim kimi boyun əymək istəmir deyə düşmən gözüylə baxır. Dindarın düşməni bireylərdir. Ateist bireylərdir, ya da Asif Ataçı bireylərdir. Hərçəndi ateistlə Asifçini heç nə bağlamır, onlar bir yönlü deyillər. Bir sözlə, dindarın baxışını qəbul etməyən bireylər. Özü də necə? Dindarın ümumi prinsipi yoxdur. Onlar da qruplara bölünüb. Həm də onun düşməni özünün dindaşıdır. Onun xəttində olmayan, qrupunda olmayan dindaşı.

Başqalarının düşməni kimdir?! – Onlar deyir, bizim düşmənimiz yoxdur. Hər kəsin baxışına, inancına, çalışmasına sayğı duyuruq. Bircə yol məndən eşitmisinizmi, mən başqasının inancına sayğı duyuram dediyimi?! Mən onların baxışları ilə döyüşürəm, necə sayğı duya bilərəm axı. Mən İslamı yalan sayıram. Yalana necə sayğı duyum?! İnternetdə bir yoldaş yazır, mən hər kəsin inancına sayğı duyuram. Mən də ona yazdım, inancınamı, insanlığınamı?! Bu inancı qəbul eləmirsənsə, necə sayğı duyursan?!

Biz də deyirik döyüşürük. Bəs bizim düşmənimiz kimdir?! – Asif Ata deyib, mənim düşmənim Şərdir. Mənim üçün insanı sarsıdan, insanın sarsılmasıyla da dünyanın nizamını pozan Şər var, bu Şərə hansı baxışlar qatılırsa, onlar İnsanlığın düşmənidir. Böyük insanların, böyük ideyaların düşməni odur. Nə ilə döyüşürük – dediyim kimi, insanı sarsıdan, insan sarsıntısından dünyanı əyən şərin hər növüylə. Sizə həm də bunu xəbərdarlıq kimi deyirəm ayılmağınız üçün. Bir çağlar toplumda qələbəlik var idi, qaynama var idi. Sanki döyüş gedirdi. Ocaqda da bir qələbəlik var idi. Əhval-filan, ora get, onu elə, bunu elə. Mən Ocaqçıların o qaynar qalibiyyətlərini alqışlayanda nə deyirdim?! – Deyirdim bu hünərdir. Ancaq Ocaqçı təkcə hünərli deyil, həm də qüdrətli olmalıdır. Əgər Ocaqçı qüdrətli olmayacaqsa, onun hünəri dayana bilər. Zaman-zaman bunu törənlərimizdə demişəm. Bu gün də deyirəm. Toplumda süstlük yaranıb, qələbəsizlik, ətalət, durğunluq, ümidsizlik, inamsızlıq yaranıb. Nədən? – Çünkü döyüşən kimi görsənənlər tükəndilər. Bəlli oldu, onlar döyüşməyiblər. İndi toplum heç döyüşmür. Gözləyir, kimsə onun üçün döyüşsün. Ümidini, inamını itirib, süstlük yaranıb. Yalnız məişətlə uğraşır, yaşamaq uğrunda çalışır. Bu, Ocağa da yansıyıb. Dediyim kimi, hünərlə uğraşıldı, Qüdrətli olmaq üçün ciddi uğraşılmadı. Bu, işin bir yanı. İkinci yanı, ən çətin, gərgin anlarda belə, Ocağın sözünü, harda gəldi, deməklə qorxunu, cəsarətsizliyi görmək gərəkdir. Tərsinə olarsa, onda Ocağın varlığı bilinməz. Deməli, dediyim kimi, zaman-zaman hər bir Ocaqçının özünün ortamı olmalıdır. Ocaq baxımından özünün öyrəncisi olmalıdır, Ocaqsevəri olmalıdır. Mənim, sənin araçılığınla Ocağın sevəri. Hər kəsin olmalıdır. Bir növ özünün yerinə Ocaqçı hazırlamalıdır. Bir növ bu düşüncəni daşıyan hazırlamalıdır. Həyatın çətinliklərini bilirik. Bizə qədər də həyatın çətinliklərini ağlaya-ağlaya, ümidsizcəsinə yaşayanlar var. Dəyişmək nə vaxt baş verəcək? Hər birimiz deyirik, əşi, mən neyləyə bilərəm?! Mən deyirəm, Asif Ata gəlibsə, bunu demək artıq doğru deyil. Asif Ata gəlibsə, bu nöqtədən çıxmaq gərəkdir, hər kəs Ocağı deməyi bacarmalıdır. Onda görəcəksən, sənin varlığın necə ciddi döyüş əməli deməkdir. Çünkü insan özünə inana bilər. Əgər sən özünə inanmırsansa, mən sənə necə inanım, toplum sənə necə inansın?! Atacağın addıma inanmırsansa, sabaha inanmırsansa, bütün bu 3-5 adamın sabaha verdiyi ismarıc nədir bəs, sabah nə dəyişəcək axı?! İnamsız düşüncələrlə, ümidsizliklə ömrü puç eləmək olar. Özəllikcə köhnə Ocaqçılar, illərlə yol gələsən, sonra hansısa bir nöqtədə yavaş-yavaş geri sürüşəsən. Bu, Ölüm kimi, faciə kimi görünməlidir. Bunu ciddi düşünmək gərək, ciddiyə almaq gərək. Bunu sizə ümidsizlik halı kimi sunmuram. Sadəcə öz ümidimlə, inamımla xəbərdar eləyirəm. Hər zaman vurğu elədiyim kimi, Ocaqçılar bu toplumda ən arı adamlardır. Bunu səmimiyyətlə deyirəm. Bunların arılığında bənzəri yoxdur. Ancaq hərəkətsiz arılıq, yarım cəsarətli arılıq, yarım hünərli arılıq, nisbi qüdrətli arılıq azdır. Bir yerdə qurtara bilər. Bunu gəlişdirmək, böyütmək gərəkdir. Bunu düşünmək üçün nə gərəkdir?! – Bax, deyirsiniz kitab oxuyursunuz. Qıraqdan bir adam qulaq asar, deyər, bu Ocaqçıların biri Qandini oxuyur, biri bir başqasını oxuyub bunlardan hesabat verir. Qəribə gələr kimlərəsə. Mənə qəribə gəlmir. Çünkü “oxu”dan (mütaliədən) ciddi bir şey yoxdur. Çünkü oxuyursan, sənin idrakın ayaqda durur. Görməyə, düşünməyə, tutuşdurmağa başlayırsan. Sənin içində parlaq duyğular əmələ gəlməyə başlayır. O parlaq duyğuların etkisiylə addım atmaq istəyirsən, söz yazmaq istəyirsən, hərəkət eləmək istəyirsən. Bunun çox böyük etkisi var. Biz oxuduqlarımızdan tərbiyə almırıq. Biz oxuduqlarımızdan bu, ya başqa şəkildə etkilənirik, tarixdəkilərlə, böyük işlərdə doğmalaşırıq. Tərbiyəni Asif Atadan alırıq. Onlardan bəhrələnirik, ancaq onların dediyi kimi eləmirik. Bizə gərək olan şeyləri götürürük, qida kimi həzm eləyirik…

Hərəkətliliyin, çalışqanlığın başlıca nədəni üç şeydir. Oxumaq, düşünmək, yazmaq. Bunlar bireydən sağlam, hərəkətverici bir varlıq oluşdurur. Onda o varlıq, davamlı olaraq, işində, əməlində, baxışında, sözündə, cəsarətində yenilənir. Yenilənərsənsə, özünə inamın artar. Yenilənməzsənsə, onda ümidini itirərsən. 5-10 Ocaqçı gəlir bir araya. Bilirəm, çətindir, mən sizi qınaq hədəfi kimi götürmürəm, araşdırma kimi deyirəm. Gəlir tədbirə, deyəndə söz de, həyəcan içində deyir sözüm yoxdur. Mən sizi anlayıram, başa düşürəm. Sözü olmayandan sonra zorla söz deyə bilməzsən. Ancaq bu, ilkoxul (ibtidai sinif) halıdır. Orda qalmaq olmaz. Ocağın içində ilkoxul halı. Çünkü oxumayıbsan, düşünməyibsən, kimisə silkələməyibsən, kiminsə qapısını döyməyibsən. Onda sən inanmayacaqsan toplumu dəyişməyə. Düşünürsən, bir bizimlə dünya düzələsi deyil ki. Axı toplum getdikcə bataqlığa düşür. Gedim mən nə söz deyim, filan. Sən öncə özün özünə gör söz deyə bilirsənmi?! Özün özünə söz deyə bilsən, 3 gündən, 5 gündən sonra görəcəksən hamıya söz deyirsən. Hamıya etki göstərə bilirsən. Etki göstərə bildiyin dərəcədə içində nikbinliyin yaranır. İçində qırılmaz tellərlə bağlı birlik yaranır. Bu birlik yeni bir dünya deməkdir. Az sayda adamlardan oluşan bir dünya. Bu dünya sənin birliyinə söykənir, bir-birinə dayanır. Bizdən qıraqda bütün dünya əyilir, bizim dünya əyilmir. Bütün dünya ayrı hava çalır, bunlar yox. Bunlar öz dediklərinə inamla, güvənlə yanaşır. Birlik böyük söhbətdir. Birlik haçağ yaranır, – hər kəs öz üzərində işləyəndə. Heç kim öz üzərində işləmir, ancaq biz toplumda hansısa dəyişiklik gözləyirik. O qədər asan deyil. Öz üzərində hər gün işləmək gərək. Məktəb dərsinə hazırlaşan kimi yox. Oxumaq, düşünmək, qabağa baxmaq. İdrakı gəlişdirmək. Güclü idrak böyük döyüşü yetirir.

İndi mən qısaca özümdən deyim sizə. Mən Ocağın qapısını döyən gündən bu günə qədər bir əlimdə beş qarpız tutmuşam. Bu gün də eləyəm. Əslində həm düz eləyirəm, həm düz eləmirəm. Niyə düz eləyirəm, niyə düz eləmirəm?! Açıq deyim, hər birinizi çox sevirəm. Ancaq böyük anlamda mənim köməyim yoxdur. Mənim xoşbəxtliyim onda olub, Ata öləndə 32 yaşım var idi. Dəli-dolu, iddialı idim. Bununla çox coşdum, çox gəlişdim, dayanmadım. Bu gün də içim tükənmir. Bu işi görüm, o işi sonra görərəm demirəm. İş-güc heç vaxt olanaq verməyəcək, onu edim. Ona görə işi, gücü yenmək gərəkdir. İşə, gücə ayırdığın əməkdən daha çox özünə ayır. Heç kəs deməsin, məndən çox işi olub. Gözünüzün qabağında olub, mən Asif Atanı diriltmişəm, atamı, anamı, oğlumu diriltmişəm. Mənim oğlum ölürdü. Mən ölünü diriltmişəm. Həm məişətimi yaratmışam, həm kitab yazmışam, həm səfərlər eləmişəm, görüşlər keçirmişəm. Bir ömürə sığmayan məsələdir bu. Ona görə sözü boşuna demirəm. İndi bu dediyimi cəsarətlə bir az Nurtəkin haqda, Göylü haqda, Günev haqda deyə bilərəm. Onlar da bu gərginliyi, çətinliyi, ləyaqəti yaşayıblar. Bir ayrıntı (fərq) var. Mən içimdə anbaan qurulmuşam. İndi də yaydan bəri təsərrüfatla ciddi uğraşıram. Az vaxt deyil. Böyük uğur hesab eləyirəm. Gələcəyə bir zəmin, özül hesab eləyirəm. Bu aylarda buna görə Ocaq işlərim axsadı. Ancaq bu gün də mən o yaradıcılığımın, oxumun, sözümün peşindəyəm. Mən hər gün danışıram. Ən azı üz-üzə otura bilməyəndə telefonla danışıram. Bacımın yasına getdim. Orda Asif Atanın sözünü qoydum ortaya. Xalqın dərdindən danışıram. Yasinin toyuna getmədim. Çünkü orda mənim üçün söz deməyə ortam yox idi. Hər gün işləyirəm, söhbətlər aparıram. Bu təsərrüfat mənim xeyli vaxtımı alır, ancaq içimi kökdən salmır. Təsərrüfat gələcək üçün qolumuzdan tutacaq zəmindir. Ancaq, bununla belə, mən öz işimin arxasındayam. Öz cəsarətimin, hünərimin arxasındayam. Siz təsəvvür eləyin, bacımın ərinin meyidini ortadan qaldırdılar, mən məclisi Asif Atanın ixtiyarına aldım. Harda mənə balaca olanaq olsa, bunu eləyərəm. Olanaq yaratmırlarsa, getmirəm. Mən orda onlara dedim, kimin milli sözü varsa toyun, vayın yiyəsi də odur. İndi qayıdıram söhbətimin başlanğıcına. Hər kəs döyüşür, hər kəs öz xəttində. Mən də soruşuram, hər kəsin xətti nədir?! –  Sən cırmaqlaşırsan, sən meydanı tozanağa çevirirsən, görüntü yaradırsan. Görüntü yaratma. Özünü də aldatma, toplumu da. Ona görə istənilən birey Asif Atanın Ocağından öyrənməlidir. Döyüş nədir, xeyir, şər, dost, düşmən, ideya nədir, – öyrənməlidir. Onların bunu öyrənməsi üçün iş, birinci, Ocağın içindən başlayır. Öyrənin ki, öyrədəsiniz. Öyrənin ki, dünyanın dəyişəcəyinə inanasınız. Öyrənin ki, toplumun süstlüyü sizə yansımasın. Toplumun geriləməsi, hərcayi­ləşməsi, özgələşməsi, özünə yadlaşması sizə yansımasın. Sizin ümidinizə yansımasın. Bir ruhsal birlik yaradın. O ruhsal birliyi qoruyun. Nəylə yaradın, nəylə qoruyun?! İçini ruhaniyyat işığına çevirməklə yaradırsan. İçinin ruhaniyyat işığını yandırmaqla, qorumaqla qoruyursan. Bir-birinizlə bağlantılarınız yox. Niyə yox?! Çünkü bir-birinizə deyə biləcəyiniz yeni söz yoxdur. Verə biləcəyin yeni hal, düşüncə yoxdur.

Zaman-zaman yeni mübarizə görüntüləri ortaya çıxacaq. Ancaq Ocaq insanının düşüncəsi, ideyası, daim bir xətt üzrə, sabit qalacaq. Ona yiyə çıxmaq gərək. Ocaq hər şeydən yüksəkdə durur. Gördünüz, biriləri Rusiyanın ortasından durub bizə dərs deməyə gəlib. Mən orda niyə təpki göstərdim?! Məni düzgün anlayın. Bir az öfkəli danışdım hardasa. Hind fəlsəfəsini niyə anladır bizə?! Onu mən də bilirəm. Niyə hind fəlsəfəsinin üzərində vurğu eləyirsən?! Cazibəli görünsün deyə?! Bəs öz sözün hanı?! Öz sözü yoxdur. Ona görə deyirəm, Asif Atanı siz ciddi öyrənin, səsiniz uzaqlara işləsin. Onda onlar özlərini yığışdıracaqlar. Durub gəlib Asif Atanın Ocağına dərs demək həvəsinə düşməyəcəklər. utanacaqlar. Biz heç kimə üstdən aşağı baxmırıq, olandan danışırıq. Tərsinə, biz insanların böyük, güclü olmasını görmək istəyirik, dünyanın harasında olursa olsun. İdeyalı, düşüncəli, idraklı görmək istəyirik. Sən məndən aşağısan harayı çəkmək üçün demirik bunu. Bu xalqın içində yaranan Asif Ata bütün Türk Dünyasının başıdır. Bütün Türk Dünyasının, bu çağa qədər yaranmışların içində, Asif Ataya tay olacaq birisi yoxdur. Ona görə Asif Atadan öyrənmək gərəkdir. Olsaydı, bir az da ondan öyrənərdik. Biz, yenə deyirəm, yaxşı nə var görürük, bəhrələnirik. Ancaq bizim ruhsal, milli tərbiyəmiz Asif Ataya bağlıdır. Nə qədər ki, milli tərbiyəmiz, millət olaraq, Asif Ataya bağlı deyil, qaranlıqlar içində yaşayacağıq. Elə ki millət qurtuluşunun Asif Atada olduğunu görməyə başlayacaq, inanın, umudsuzluqdan çıxacaq. İçində, gəlib bizi ötən, şəxsiyyətlər yaranacaq. Bunu mən qəti bilirəm. Zaman sınağa çəkir hər şeyi. Mənim üçün demək asan deyil, Ocaqçıların yaşamının çətinliyini aydın görürəm. Ocaqçıların yaşamı da toplum kimi çətinlik içindədir. Ancaq Ocaqçının haqqı yoxdur, onun qaranlığına tay olsun. Bax, bunu, istəyərdim, bu gündən düşünəsiniz. Gələn Ailə Gününə sizdən ruhsal qırım istəyirəm. Qorxacaq, cəsarətsizcəsinə, sizi ilkoxul öyrəncisi kimi görmək istəmirəm. Ruhsal söz istəyirəm. Doğrudan, mənim içim sevinmək istəyir. Mən sizdən ilham almaq istəyirəm. Bunu mənə verməməkdə haqsızsınız. Arılığınıza, ərdəmliyinizə tən ruhsal boyunuz ucalıqlardan görünməyə başlasın.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

Sənə də irad bildirəcəkdim (Nurtəkin Atalıya deyir – T. A.). Sənin öz üzərində işləmələrin, duyğuların var. Ancaq hər yol, dediyim kimi, diktorluqdan çıxa bilmirsən. Diktor kimi oxuyursan. Tələsmə. Öyrətmən kimi çıxış elə. Bunu haqq edirsən. Bu gərəkdir. Ocaqçı öyrənci kimi danışmamalıdır, öyrətmən kimi danışmalıdır. Onun səsindən, üzündən, halından işıq yanmalıdır. Bunu öz üzərində işləmək gərəkdir. Yadınıza salın, mən oxullarda həyəcan içində olurdum. Niyə? Çünkü millətin balalarına Yeni İnamdan danışırdım. Ancaq necə kükrəyirdim. Nə qədər alovlu kükrəmişəm, enerji qoymuşam. Onların öyrətmənlərinə də öyrətmənlik eləmi­şəm. Çünkü haqqım var idi. Biz öyrətməliyik. Biz ömrümüz boyu ucalıqlardan bəhrələnəcəyik, ancaq bizim öyrənmək çağımız arxada qalmalıdır, bizim öyrətmək çağımızdır. Atadan, özündən öyrənib öyrətmək.

Mən tədbirin önəmini dərindən bilirəm. Ötənlərdə Beyləqana gedərkən söhbət elədik. Birdən Günev dedi, Soylu, nə yaxşı, Ailə Gününü keçiririk. Dedim niyə? Dedi, adam durduqca durğunlaşır. Ailə tədbiri çox böyük məsələdir. İnsanlar bir araya gəlmək üçün, özünü ifadə eləmək üçün içəridən bir ehtiyac duyurlar. Ehtiyac həmişə var. Çünki qıraqda söz eşitmirəm. Hər şey standartdır, sünidir, saxtadır. Heç kim cəsarət eləyib həqiqəti deyə bilmir. Doğrunun söylənmədiyi bir ortamda adam boğulur, saxtakar olur. Mən bilirəm orda saxtakarlıq, yalan, ikiüzlülük var. Ömrü yola verirlər. Yadınıza gəlir, İbrahim İlyaslının kitab sunulması toplantısına getmişdik. “İnsanlığın İnam Yolu” kitabımda yazım var, “duyğuların sarvanı”, bu yazıda poeziyanın nə demək olduğunu ortaya qoymuşam. Bilirəm, bədiiyyat haqqında, poeziya haqqın­da ən yaxşı yazılarımdan biri odur. Orda konkret düşüncə var, ciddi baxış var. Ordakılar gözləyirlər, kitabı sunsunlar, sonra gedib araq içsinlər. Ad olsun, kitab sunuldu. Ən ciddi toplantılarının belə mahiyyəti, görürsən, lağlağıdır. Ocağın toplantısı da, bir açıdan biçimcə standart görünə bilər. Ancaq istənilən bir toplantının canı biçim deyil, sözdür, haldır, sarsıdıcı düşüncədir. Ocaqda bu var, başqa yerdə yoxdur…

Göylü Atalı: “İçdən Yaranma” Qutsal Bitiyindən “Kamilləşmə Əməli”ni oxudu.

… Gərək biləsən ki, insan mahiyyəti bütövdür. İnsan təbiəti isə ziddiyyətlidir, qarışıqdır. Təbiəti mahiyyətə yüksəltmək gərək.

Soylu Atalı: Bax, gərək biləsən, gərək duyasan, gərək dərk eləyəsən, gərək əməl edəsən. Bunun üçün nə gərəkdir? Bilirsən, ancaq inanmırsansa, deməli, hiylə var. Bilirsən, inanırsansa, hiyləsizdir, arıdır, durudur. Ruhaniyyat budur.

Göylü Atalı: (oxumanı davam edir – T. A.) …yırtıcılığı əməlsizləşdirməkdir. Yırtıcılığı əməlsiz qoymaqdır.

Soylu Atalı: Özüylədöyüşün ən böyük açarıdır. Deyirik, içində yırtıcılıq havası gəlir. Gərək bunu öyrənəsən, biləsən öncə. Əgər tanısan, o bir yırtıcı havadır, o yırtıcının gəlişinə əməl eləmirsən, ifadə eləmirsən. Bilmək görmək qədər önəmlidir. Ruhsal bilik odur. İçimdən bir hal gəlir, öfkə gəlir. Bu öfkəni doğuran səbəb nədir, bu öfkə nəyə qarşı yönəlib, bu öfkə xeyirinmi üstünə gedir, şərinmi, bu öfkəni doğuran səbəb xeyirdirmi, şərdirmi?! Məsələn, gözümün qabağında sən xeyiri tapdalayırsan. Mən durub susuram, əşi, öfkələnməyim, səbrli olum. Bu, bilmək deyil. Ən azı buna etiraz etməliyəm, təpki göstərməliyəm. Sakit qala bilmərəm. Sakit qala bilməməyim özünü təsdiqdir. Bir də var, içimdə balaca duyğular var, ona toxunursan. Ona toxunanda öfkələnirəm. Qəzəblənirəm, acıqlanıram. Bax, bununla döyüş deyir Ata. İçində sağlam qüvvəni susdurma. Sağlam etkini susdurma. Sağlam etirazı susdurma. Xəstə etirazı öldür, ruhun sağalsın. Özüylədöyüş budur. Hər bir insan etməlidir bunu. Çünkü toplum birgə yaşayır. Birgə yaşayışda sən məni gözə almalısan. Gözə almaq üçün də insan kimi davranmalısan, insan kimi yaşamalısan. Onda bir-birimizə qarşı ic dünya qaranlığa qərq olmayacaq. Ata onu deyir.

Göylü Atalı (oxumanı davam edir – T. A.).

Soylu Atalı: İradə məsələsiylə bağlı bir neçə söz deyim. Məsələn, içində bir xudbinlik var. Xudbinlik baş qaldırır, tədbir görmür. Sərbəst olur. Sərbəst olduqca böyüyür. Bunlar bağda yetişən alaq kimidir. Bağda gözəl şeylər bəsləmək istəyirsənsə, gözəl bağbanlıq eləyirsən. Gərək öz içində, öz şəxsiyyətində də bağbanlıq eləyəsən. Ruhsal bağbanlıq eləyəsən. İçindəki alaqları təmizləyəsən. Ruhsal duyğuları bəsləyəsən, böyüdəsən. Buna insanı inandırmaq olduqca çətindir. Bu dediklərimizə əməl eləməyə başlamayıbsansa, inandırmaq çətindir. Ona görə Ata deyir, Ocağa gəlin, Ocaqlaşın. Ocağa gəlib Ocaqlaşanda, zorən olsa da, özünü axtarırsan, özünlə uğraşırsan. Onda öz içində nələrisə görürsən, tanıyırsan, bilirsən. Onda başlayırsan Atanın özüylədöyüş məsələsinə inanmağa. Yoxsa qıraqda özüylədöyüş məsələsi nağıl kimi görünür. Xülya kimi görünməməsi üçün “İnsanlaşın-İnsanlaşdırın” ideyasına tapınırsan. Ona görə Asif Ata dedi: “Düşündük, daşındıq, Ocaqlaşma Yolu tutduq”. Min illər peyğəmbərlərin çalışıb, çabaladıqları, ancaq insanı xoşbəxt edə bilmədikləri çabadır Asif Atanın çabası…

Nurtəkin Atalı: Düşünürəm ki, gələn Ailə Gününə Soylunun tələblərini gerçəkləşdirərik.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” sona yetdi.

Sərt Ayı, 39-cu il.

(dekabr, 2017.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir