Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
birgə keçirdiyi “Ailə Günü”ündəki çıxışlar
Ocaq Günsırası ilə 28 Xəzan Ayı, 40-cı ildə (oktyabr, 2018) “Uluyol-Hünər”, “Ulufərəh” Ailələri birgə “Ailə Günü” keçirdilər. Ocaq quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində hər zamankı kimi tədbir kitablaşdırmalarım olub, saytın işləməsini sağlamışam. Ocaqdışı ədəbiyyat oxumuşam, düşünmüşəm. Atadan da oxuyub düşüncələrimi bəlirləmişəm. İndi Atanın “Özümlük-Özgəlik” kitabı üstə bəzi düşüncələrimi oxumaq istəyirəm.
*** Allahlıq anlayışı İnsanın Dünya, Həyat, İnsan haqqında düşüncələrinə ən böyük əngəldir. Dünyanın Allah tərəfindən yaradıldığını düşünmək artıq dünya haqqında düşünməyə yasaq qoyur. Dünyanın mənası haqqında düşünməyə yasaq qoyur. Çünkü Yaradan varsa, yaradılan böyük məna kəsb etmir. Yaradan özünün qanunları, tələbləri, mərhəməti… ilə yaşamağı, görməyi tələb edir. Bu tələblər adamı bağımsız düşünməyə, bağımsız görməyə qoymur.
Adamın var olmaq istəyi (bütün əməllərdə gerçəkləşib Mütləq olmaqdan savayı) həyatdan üstün olmaq olub, ancaq həyata yarayıb. Zamandan üstün olmaq istəyib, zamana yarayıb. Məna üstə yaşamayıb.
***
“Bütün canlılar özlərini aşkarlayır, İnsan özünə çatır”.
(“Özümlük-Özgəlik”).
Özündə olanı aşkarlamaq – yəni soydan, gendən, millətdən gələnləri aşkarlamaq, ortamın, zamanın etkisində olduğunu aşkarlamaqdır. Sən nə varsansa, osan. Ondan yüksəyə qalxmaq mümkün deyil.
İnsanın özünə çatması – özündən yüksəyə, yüksək ideallara çatması, yüksək ideyanın ömrünə gətirilməsi, ömrünə gətirdiklərinin həyata yansımasıdır. İnsan dəyişdikcə, həyat dəyişir. Özündə olanı aşkarlamaqla həyat dəyişmir.
Ata düşüncəsi: “İnsan Yaradanın Qulu olduğu dərəcədə Yaratdığının Qulu olur”.
İnsan Adamlığının qulu olur, İnsanlığından yaratdığının yiyəsi olur.
*** Cəmiyyət Adamı alət etməmişdən öncə adam özünü alətləşdirir.
*** Pessimizm getdikcə daha çox yayğınlaşmaqdadır. Çünkü cəmiyyətdə görəvcə üstün olanların aşağıdakıları əzməsi, haqqın, ədalətin öz yerini tapmaması, adamlarda mübarizə həvəsini, istəyini öldürür. Ona görə pessimizst ədəbiyyat daha çox oxunaqlı ədəbiyyat olur.
*** İnsan – İnsaniliyə yetməklə var olmasını təsdiq edir. Var olmaqla İnsanilik hədsizliyini göstərir. Qəhrəmanlıq, dahilik, heyranlıq, vüqar… bunlar İnsanlığın sonsuz çalarıdır.
Var olmanın min çaları var. Yoxluğun bir çaları.
*** Dönüklük, haqsızlıq, yalan, alçaqlıq elə adiləşib, gedişə elə uyğunlaşıb, adamın Həqiqət, Ədalət, Xeyir uğrunda döyüşü anlamsız görünür. Bu gediş Mənanı bilənlərə, Məna üstə yaşayanlara özgün görünmür. Çünkü Mənanın varlığına inanmaq İnsanı gedişlə barışmağa qoymur, haqsızlığa dözməyə qoymur.
Atamız Var olsun!
Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A): İş növbəsindəyəm. İş rejimi, iş ortamı, hər kəsə elə gəlir, eyni durumdadır. Ancaq üzlərdə gündən-günə tükənmə, cansızlıq artır. Gecə saat 4-ə işləyir. Oyaq qalanlar, hər növbədə olduğu kimi, yuxuya dalmasınlar deyə, səhərin açılmasına qədər vaxtın keçməsi üçün, telefonla, internetlə uğraşırlar. Belə-belə günlər, aylar keçir. Adamlar dəyişmək, ayılmaq haqqında düşünmür. Texnologiyanın gəlişmədiyi dövr, telefonun, internetin olmadığı çağlar olsaydı, adam düşünərdimi? Saatın keçməsini gözləyib səhəri açmaqmı, yoxsa günü yaşayıb, ömrə zənginlik gətirməkmi? Hər kəs saatları yola verib növbənin tamamlanmasını istəyir. Yerdə bitən ot üçün günlərin heç bir fərqi olmadığı kimi adamların yaşamı, fəaliyyəti də heç bir məna kəsb eləmir. Üzdə görünən gerçəkliyin mənasızlıqları adamların içinə elə dolub, içinə enmək, onun ağlına gəlməyəcək qədər çox uzaqlarda qalıb. İçində yol getməyəndə gerçək durum adamı çaşdırır. Bu çaşqınlıqlar bir neçə il öncə məndə çox olurdu. Düşünürdüm, adamlar o qədər pis durumdadır, düzəlmələri o qədər də ağlabatan deyil. Mən də onlardan biri olum, qabağa gedim i.a. İndi çox az halda, başqa yöndə, çaşqınlıqlarım olur.
Saat 6-nın yarısı olur. Yarım saatdan sonra hər kəs ayıq olacaq. Səs-küy, bədbin, anlamsız üzlər. Adamların ürəyi hələ də qaranlıq içindədir. Gəldiyim qənaətləri axıra kimi yazmağıma həm indi səs-küylü ortam, həm də yuxusuzluq əngəl oldu. Buna baxmayaraq, halım yüksəkdir. Beləcə günümü bu düşüncələrlə başa vurdum. (17 Xəzan Ayı, 40- cı il).
Bir də ümumi aylıq düşüncələrimi bölüşmək istəyirəm. Maddi qazancı, gəliri necəsə artırmaq. Sıxıntım olmasa da, ay içində düşüncələrim olub bu yöndə. Ancaq bu düşüncələrin əsarətində olmamışam. Bu gerçəkliklə bağlı halımdır. Ruhsal halım, Amalın tələbinə uyğun səviyyədə tam özünü doğrultmasa da, aşağı da olmayıb. Xeyli zaman torpaq suvarılmayanda ara məsamələri genişlənir, çatlar yaranır. Elə ki suvarırsan, baxırsan necə canlanma baş verir. Bir çox məqamlarda içim susuz torpağın durumuna düşür. Bu durumdan ayrılıb, canlanan kimi coşğunluq başlayır. Coşğunluğa təkan verən səbəb içdə başqa axtarışlara doğru yön verir. Axtarışlar getməyəndə içdə parçalanmalar, özünü təkrarlamalar olur. Axtarışlar nə zaman gedir, özüylə döyüşəndə. Özüylədöyüşün özülündə imtinalar dayanır. Ataya, ailəsiylə bağlı sual verirlər. Ata deyir, mən tənhalığa çəkilməsəydim, 5 ilə 15 kitab yazmazdım. Ocağım yaranmazdı, Evladlarım da olmazdı. Ocaq Yükümlüsünün bununla bağlı dediyi, “inandığın üçün imtina eləyirsən. İnamsız imtina fəlakət gətirər, inamlı imtina səadət”. Ata imtinalarıyla kamil insan oldu, öz səadətinə yetdi. Müsəlman bir tikə çörək tapdığına görə çörək yetirən Allahına şükür edir. Ocaqçı Ataya səcdəsiylə mənəviyyatını ucaldır. Ata deyir, insanın azadlığı özündən asılılığıdır. Özüylə döyüşməklə imtinaları azadlığın üçün eləyirsən əslində. Azadlığın ömrünə fərəh gətirər, səadət gətirər.
Atanın başqa bir düşüncəsi: özüylədöyüş əsasında özünü elə yaratmaq gərəkdir, zamanı gələndə deyim, qalxın ayağa.
Atamız Var olsun!
Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Amallaşma, kamilləşmə, xalqlaşma yönündə qısa hesabat kimi verim. Son vaxtlar qəribə hallara tuş gəlirəm içimdə. Bir durğunluq var. O ötülməlidir. Ancaq necə? Bir il yarım bundan qabaq 50 səhifəsini oxuduğum kitab keçdi əlimə. Onu yenidən oxumağa başladım. Xalid Hüseynin “Və dağlardan səda gəldi” əsəridir. Tutumlu bir əsərdir. Onu bitirməkdəyəm. Əsər məni yaxşı etkiləyir. İndi dərk edirəm, mənim qolumdan qaldıracaq məsələlərdən biri “oxu əməli” imiş. Nə yazıqlar, yetərincə uğraşmırdım. Bədii ədəbiyyat bir az yorurdu məni. Bu da ondan irəli gəlirdi, onunla doğmalaşa bilmirdim. Doğurdan da, oxuduqca ağlımda, şüurumda başqa bir hal yaranır. İnsanın dünyagörüşü artır.
Öncəki aylara baxanda, bu ay daha çox xalqlaşma söhbətlərim oldu. 15-20 ildən bəri tanıdığım adamlarla yaxşı söhbətim oldu. Orda Asif Atanın kimliyini ürəklə dilə gətirdim. Çox az hal olub, Asif Atanın kimliyini dilə gətirim. Öncələr ancaq məni tanıyan insanların yanında olurdu. İndi içimdə qabağa doğru daha bir addım atdım.
Nardaranda, bəlli olaylardan sonra, “dövlət yanğından qoruma” ünvanı kimi nəsə tikiblər. Orda 3-4 gün işimiz oldu. İşləyənlərin çoxu Nardarandan götürülüb. Orda da milli kimlik yönündə yaxşı söhbətim oldu. Söhbət elədikcə bir də ayıldım, oranın rəisi yaxında dayanıb qulaq asır. Bunları edəndən sonra elə bil onların havasında olursan. Aydın məsələdir, kamilləşmədə Müləqə doğru irəliləmək bizim başlıca ölçümüzdür. Özüylədöyüş – insanın özü olmasıdır. Bir çağlar Soylu bəy deyirdi, Asif Atanın İnsanlaşın-İnsanlaşdırın çağırışını qıraqdan eşidən düşünər, mən də deyə bilərəm, burda nə var?! Ancaq elə deyil.
“Özüylədöyüş – insanın özü olmasıdır” sözü artıq yavaş-yavaş xalqın yaddaşına atalar sözü kimi keçəcək. Ocağın, Ocaqçıların dəyəri mənim üçün bəlli bir ucalığa çevrilibdir.
Atamız Var olsun!
Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): “Mütləqə İnam” Bitiyini oxumuşam. Düşüncələrimi oxumaq istəyirəm.
*** Allahı izah etmək əslində insanı izah etməkdir.
*** Fəlsəfəni siyasətin xidmətçisinə çevirdilər.
*** İnsanın dünya üzərində qələbələri ona möhtəşəmlik gətirdi, Doğmalıq gətirmədi.
Dünyada insandan başqa heç bir canlı təbiətə bütöv şəkildə hakim olmağa səy etmirdi. Çünkü başqa cür sağ qalmaq olmazdı…
Burda həm də sual yarandı, hədəf sağ qalmaq idimi? Ata belə bir ifadə işlədir, “mən tüfəng icad elədim. Çünkü mənə pələng pəncəsi, canavar dişi verilməmişdi”. Bu mənə cavab kimi gəldi, ancaq yenə də sual kimi qalır.
Başqa bir məqam, deyir, mənim üzərimdə sənin bəxş etdiyindən daha çox ruhun bəxş etdiyi var. Ruhum səndən ayrılandan sonra daim artdı, böyüdü, məni böyütdü. Bu da yenə sual kimi yarandı məndə. Ruh təbiətdənmi gəlir, mənadanmı? Ruh təbiəti təqlid etmir. Onu tamamlayır. Onun üzərində yüksəlir.
Sonra, iki bir-birinə zidd baxış yarandı düşüncəmdə – dövlət baxışı, insan baxışı. Cəmiyyətdə insan rol oynadı, yaşamadı. İnsanlar, doğrudan da, təbiətdə elə yaşam tərzi keçirirlər, sanki bəlli bir rolu həyata keçirmək üçün. Bəzən nə atalığını, nə analığını tam yaşamır.
Ata belə bir söz deyir, “Məqam əsr qədər əzəmətli ola bilər”.
Vicdanla bağlı Ata belə ifadə işlədir, cəmiyyətin etkilərindən daha çox mənəviyyat qanunları var.
Sonra, Ata (Mütləqə İnam Bitiyində) ehkamçi haqda belə bir söz işlədir, gözlər işıqsız idi.
İşıqlı gözlər həsrəti var cəmiyyətdə.
Atamız Var olsun!
Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ocağın Ailələrinin Ailə Günündə (Xəzan ayının 28-i, 40-cı ildə) söz demək üçün Atanın Bayrağını öpürəm, ona səcdə qılıram. Bu ay mənə elə gəldi, Ocaq bir an dayanıb. Çünkü ötən tədbirdən üzü bu yana xeyli ara oldu. Bu aranı biz süni olaraq yaratmadıq. İş elə gətirib. Xəzan Ayı törənsiz aydır. Ancaq Ailə Günü keçirilməli aydır. Bununla belə, mənə ara çox uzun görünür. Halıma sıxıntı gətirir. Məncə, bu doğal görünməlidir. Az qala 30 ilə yaxın bir köklənmə, bir alışqanlıq var.
Öncə bəzi xatırlatmalar etmək istəyirəm. Sonra bir neçə yönləndirici söz demək istəyirəm. Ailə Günü Atanı öyrənmək, həmçinin özünü təsdiq eləmək günüdür. Bütün qıraq oxular Atanı öyrənməyə görədir. Yardımçıdır. Ona görə düşünürəm, Ailə Günündə söz deyəndə Amaldan başlamaq gərəkdir. Nəyi amallaşdırmışam, öyrənmişəm?! Yardımçını yardımçı yerində vurğu eləmək gərəkdir. Bədii ədəbiyyat həyatı dəyişdirməz İnsanlığı qurtarmaz. İnsanlığın qurtuluşunun araçısına, yəni ruhaniyyata sevgi yaradar.
Sonra, dili, çalışmaq gərəkdir türkləşdirməyiniz doğrudur. Ərəbcə, farsca sözlər çox işlədirsiniz. Məsələn, çağaşırı “ay ərzində” sözünü işlədirsiniz. Niyə demirsiniz “ay içində”?.. Dilimizin türkləşməsi gərəkdir. Çünkü Ocaq toplum üçün hər şeydə örnəkdir. Ocaq öz toplumuna öz anasının dilini öyrətməlidir. Öz ulusunun abesini öyrətməlidir. Ocaq ulusuna davranmağı, ölçünü tanımağı, yaşatmağı öyrətməlidir. Doğrudur, Ocaq təkcə örnək deyil, qurucudur. Ancaq dilin arılaşmasında da örnək olmalıyıq.
Varlığın yaşaması nəyə bağlıdır? Varoluşun uyumuna. Atadan oxuduğu ilə bağlı Göylü dedi, “hədəf sağ qalmaq idimi?!” deyə. Yəni varoluşumu (mövcudluğumu) sürdürməliyəm. Varoluşu sürdürməsəm, varlığı, yəni mənanı, Mütləqi necə yaşada bilərsən? Varlıq varoluşda yaşayır, var- oluşu yaşadır. (Yəni mövcudluqda yaşayır, mövcudluğu yaşadır).
Toplum bu gün psixoz durumdadır. Az, ya çox anlamda psixoz olmayan insana rast gəlinməz. Ölümdən qabaqkı ölümdür bu. Olduqca ağırdır.
Mən Atanın ölümündə sarsıldım. Çünkü onun yolunu tam olaraq tanımamışdım. Atamın ölümündə üzüldüm. İndi anamın ölümünə yanıram. Üzülməyim, yanmağım toplumun düşdüyü duruma görədir. Toplumda insan var olmur. Psixoz duruma salınan insan var ola bilməz. Hər kəsdə aqressiyanın olması, onun psixoz durumundan soraq verir. Hər kəs aqressivdir, acıqlıdır. Acıq şərin haytasına qarşı olmur, bir-birinə qarşı olur. Bəzən ən adi duyğularına toxunulduğuna görə qarşındakını, az qala, öldürürsən. Qoluna, ayağına toxunulur, aqressiya sərgiləyirsən. Bu, toplumun psixoz durumudur. Bunu nə yaradır? Bunu yaşamaq uğrunda savaş yaradır. İnsanlar yaşamaq istəyir. Yaşamağa olanaq tanıyan yoxdur. Dinlər də hər şeyi çox asan çözürlər. Əslində gerçəkləşməsi olumsuz olan sözlərlə çözürlər. “Göydə Allah, yerdə hökmdar” ideyası yaratdılar. İnsanın başına bəla açdılar. Hökmdar insanla, Allahdan bir az yumşaq davranır. Allahı insana elə qarşı qoydular, Allah insanla elə pis davrandı, yerdəki hökmdara şükür oxuduq. Ona görə yerdəki hökmdarın zalımlığını, əzazilliyini qəbul elədik. O bizi talayır. Allahın göndərdiyi söz də deyir, dünya malına tamah salma. Dünya malına həsrət qalana deyir, dünya malına tamah salma. Dünya malına əli çatmır bunun, dünya malına tamah salma nə deməkdir? Bəs bu necə var olsun (mövcud olsun)?! Din demir, hakimiyyəti, ağalığı sarsıt. Elə sarsıt, dünya malına səni həsrət qoymasın. Onda, dünya malına sənin əlin çatarsa, sən dünya malıyla tamahsız davranarsan. Sənin gərəkən tələblərin, gərəkən yaşam ortamın ödənilərsə, onda sən dünya malı üçün hər şeyindən keçməzsən. Başqa sözlə, “dünyanın sənə gərək olan malını, varını halal yolla əldə et, haram yolla yox” çağırışı etmək gərəkdir. Bunun üçün döyüş gərəkdir. Heç bir dünyabaxış, Atanın çağırdığı anlamda, döyüşə çağırmır. İnsanın özüylə döyüşməsini sağlamır. Çağırır, gedək filan tayfanı talayaq, qənimət gətirək. Çünkü bunu Allah yolunda eləyirik? Allahın o biri tayfayla nədir qərəzi görəsən? Çox pis çağırışdır. Demirəm, yersiz çağırışdır, pis çağırışdır. Belə ruhaniyyat olar?! Ona görə vicdanla uğraşmaq gərəkdir. Ata deyir, mənəviyyatın başlıca tələbi vicdan hakimliyidir. Bir var vicdanı tanımaq, bir də var vicdanı susdurmaq. Vicdanı tanıyarsan, sarsılarsan, dirilərsən – adil olarsan. Vicdanı susdurarsan, arsız olarsan. Toplum vicdanı susdurmaqla arsız olub əslində. Arsızlıq özü toplumun psixoz durumudur. Aqressiya arsızlıqla uyum yaradır. Abır-həya olarsa, insan hər addımda aqressiyaya getməz.
Toplumu ölümə hazırlayırlar. Dünyanın hər yerində toplum psixoz durumdadır. Tumanını çıxarıb küçəyə yürüş edənlər psixoz durumdadır. Normal adam o hərəkəti eləməz. Avropada eləyirlər. Halbuki guya Avropada hüquq dövlətləri var. Hüquq insanı psixoz durumdan qurtarmır. Hüquq insanı, psixoz durumuyla, yerində oturdur. Ona görə Atanın çağırışı günbəgün aktuallaşır, gərəkləşir. Atanı yaşatmaq qədər böyük ləyaqət yoxdur. Bu böyük ləyaqəti Ocaqçılar hər addımda tanımalı, öyrənməli, bilməlidir. Mən harda söhbət eləyirəmsə, tamam başqa şeydən danışıram ha, ancaq o an mənə Asif Atadan suallar verirlər. Heç mən Asif Atanın adını çəkmirəm. Bax, bu gəliş özü böyük bir uğurdur. Ata deyirdi, sizi yerişinizdən, duruşunuzdan, baxışınızdan tanıyacaqlar. Mən son dönəmlər, qabaqkılara baxanda, yaxşı söhbətlər eləyirəm. Qabaqlar mənim söhbətlərimdə təlqin də var idi. Ancaq indi mənim söhbətlərim yeritməsiz söhbətlərdir. İnandıran, çağıran söhbətlərdir. Heç kimin ağzından sallaşmayan söhbətlərdir. Bu da, bəlkə bir yetkinlik aşamasıdır.
Srağagün iş yerimə yenə praktikaya gəlmişdilər. Mən onlara həm texnologiya yönündən, həm də millilik yönündən gərək olan şeyləri dedim. Çox sakit qəbul eləyirlər. Bir adam mənə demir, bunlar bura texnologiya öyrənməyə gəlib, millilik yox. Deyə bilmir. Elə bir hal yaranıb.
Mən sizə daha çox ləyaqətli çabalar diləyirəm. Oxunuzu artırın. Oxunuzu artırsanız, aktivliyiniz də artacaq. Özünü toplumda ifadə eləməyi artırın. Toplumun getdikcə ehtiyacı artır. Onu ödəmək üçün öz üzərində işləmək gərək. Həyat qayğıları sizi gələcək üçün, varlıq üçün azaltmasın. Bunu mən özümə də deyirəm. Son vaxtlar mən çox paylanmışam. İstəmirəm özümüm uyumumdan çıxım. Mənim nizamım var. Ocağı öyrənmək, demək. Bu nizamda pozuntu əmələ gəlsə, bərpa eləmək üçün yüyürəcəm. O yüyürmənin qarşısını almaq üçün daim sistemli işləmək gərək olur.
Bir-birinizdən, çağaşırı, soraq tutun, bağlantı qurun. Həyat başınızı qatır. Hər şey sizə elə-belə görünər. Nə zamandır anamın durumu məni incidirdi. Qayğılanırdım, bir az əsəbləşirdim. Bu gün sanki anamın yoxluğunu yaşayıram. Mənə necə ağır gəlir. Mən elə bilirdim, bu yöndə mən güclü adamam. Duyğularım nə qədər həssas imiş. Anasızlıq bütün yaşlarda, ən güclü olduğun çağlarda belə, adamı sarsıda bilir.
Ocağın ola bilməyəcəyi məqamı düşünün, bir-birinizlə bağlı olmayacağınız məqamı düşünün. Görün necə sarsılarsınız. Ona görə bir-birinizlə bağlantı qurun, halını soruşun. Tamamilə öz qonumuzda. Ruhsal qonuda hallaşın. Çox gərəklidir. Ocaq üçün çox xeyirlidir.
Günev bölgədə həm yaxşı söhbətlər aparır. Həm də məbədin işini aparır. Məbədin suvağını qurtarmaq üzrədir. Həm də toplumun içində uğurlu söz deyir. Onunla tez-tez bağlantı qurun. Bəlkə ondan nəsə öyrəndiniz, bəlkə o sizdən nəsə öyrəndi. Bəlkə ürəyinə işıq saldınız. Bəlkə ürəyinizə işıq salacaq. Həyatı yenmək üçün birgə olun, bir olun, içinizlə bir yaşayın. Bir amaldaş olaraq bunu istəyirəm, bunu diləyirəm. Var olun. Sizə uğurlar, Ocaq başarıları diləyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Qutsal Oxuma bölümündə Göylü Atalı “Təzadlar” Bitiyindən oxudu, birgə aydınlığa yetildi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.
Yağış Ayı, 40-cı il. Saray-Soylu.
(noyabr, 2018).