Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” mərasimindəki hesabatları

Tədbirdən görüntüOcaq Günsırası ilə 30 Ata Ayı, 35-ildə (sentyabr, 2013) “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” tədbiri keçirildi. Mərasim Qurallarından sonra “Uluyol-Hünər”in Yükümlüsü  Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı. O, Ata Ayının tədbirlər baxımından zəngin olduğunu və bu tədbirlərin öz halına ruhani təsirindən danışdı. Özünü daxildən araşdırmağın, özüylə üz-üzə qalmağın gərəkliyini vurğuladı. Sonra mövzu üstə fikirlərini söylədi: “İnam əsasında yaşamaq – Mütləq Düşüncə, Mütləq Duyğu, Mütləq İradə əsasında yaşamaqdır. Mütləq Düşüncə İdrakla bağlıdır, Ağılla bağlı deyil. Çünki Ağıl gerçəkliyi əks etdirir, gerçəklik həddində, səddində olur. Ağıl Sonsuzluğu, Əbədiliyi, Kamilliyi anlamır. Anlamadığı üçün də ona can atmır.

Mütləq Duyğu – Ata ifadəsilə desək, “Adi duyğunun ölməsi və təzədən dirilməsidir”. Adamın duyğuları çoxdur, Mütləq onları yönəldir, nizamlayır, yetkinləşdirir. Mütləq duyğu əzilmir, sarsılmır, azdırmır İnsanı.

Mütləq İradə gerçəkliyə sığmayan, imkana sığmayan iradədir. Gerçəkləşən ruhani əməllər düşüncə – duyğu birliyinin iradə ilə doğurduğu əməllərdir.

İnam əsasında yaşamaq həyat adiliyini ötmək deməkdir. Adamlar gələcək haqqında düşünəndə gələcəklərini karyeraya, var-dövlətə, gerçək imkanlara yetmək ümidi ilə qururlar. Bu çabalarında uğursuzluq olan kimi sarsılırlar. Özünə inam Amalla bağlı olanda keşməkeşli həyat hadisələri insanı sarsıtmır, əymir.

Gələcək gerçəkliklə bağlı olanda müəyyənliyini itirir, Amalla bağlı olanda isə aydınlaşır.

***

Tədbirdən görüntüƏsas olan nədir?

Bu suala həyati yöndən cavab verəndə Adam həyatlaşır.

Amal yönündən cavab verəndə Amallaşır.

Həyati yön – Özümsüzləşdirir.

Amal yönü – özümləşdirir.

***

Dindar Allaha aşiq deyil. Çünki aşiqlik ikinin vəhdəti, özünü başqasında tapmaq ucalığı, başqalaşmaq deməkdir.

Elm xadimi də aşiq deyil. Çünki elmdə insan gerçəkliyi öyrənir. Gerçəkliyin faydalı və faydasız yönlərini.

Amalda İnsan özünü, mənliyini tapır. Mənaya aşiqlik – aqibət yaradır.

***

Mən yolçuyam – Uzaq yollar yolçusu. Tək qalmağı gözə alan, məqsədinə qovuşmaq istəyən yolçu. Hər kəs öz yolunda təkdir, çünki çətinliklər təkbaşına aşılmalı, istədiyinə tək yetilməlidir. Yalnız tək olanda gücünün hara qədər olduğunu anlayırsan. Sevginin, cəsarətinin, qorxmazlığının, sədaqətinin, özünə inamının səviyyəsi ilə görüşürsən. Yalnız tək olanda özünlə üz-üzə qalırsan. Özüylə üz-üzə qalmaq, qala bilmək səmimiyyətdir. Səhvlərinə bəraət gərəksizliyidir, uğurlarını qiymətləndirməkdir. Təməl qurulur içində və ağac torpağa kök atan kimi bitir. Min tufan, qasırğa onu oynada bilməz, çünki təməl dərindədir. Çünki təməl özünə güvəncdədir.

Həyatın əyən, alçaldan, sarsıdan, sındıran, yandıran üzü çoxdur. Həyatın çoxüzlülüyünə qarşı mənim bir üzüm var – sınmayacam, əyilməyəcəm, sarsılmayacam.

***

Bir fəlakət üz verəndə təskinlik üçün “Həyat davam edir” deyirlər. Həyat mənsiz də, sənsiz də davam edir. Lakin insanın günü keçsə də, davam olmaya da bilər. İnsanın davam etməsi – yəni fəlakətini ötməsi, ümidə, inama tapınması, yaşamağı davam etməsidir.

***

Dində günah Adamın içindədir, xilas göydə.

Şər Adamın içindədir – Xeyir Göydə.

Adamın alnına talesizlik yazılıb”.

–         Üstünün Ruhani doğum günü ilə bağlı fikirlərimi bölüşmək istəyirəm: “Üstün həm Amallı olmaq istəyirdi, həm həyatçı. Həyatın axarı daha təsirli görünürdü onda. Ocaqda daha çox həyanlığı, doğmalığı ilə seçilirdi. Arada bir fikirlər söyləyəndə imkanlarından soraq versə də, hələ özünü ifadə eləməsi yox idi. Lakin Amal tələbiylə bir addım atan kimi, onun fərəhinə qovuşması ilə ikinci addımını və sonrakı addımlarını atdı. İnsan özünü həm də başqaları üçün kəşf edir. İnsan özünə inanada inandırır, özünü yaradanda sevdirir. Üstündə indi belə bir mərhələ başlayıb. Uğur özü söz deyir. Davamlı olmasını diləyirik”.

Göylü AtalıGöylü Atalı Üstün Atalını ruhani doğum günü münasibətilə təbrik etdi. Əqidədə 10 il, 15 il, 25 il yol getməyin hünər olduğunu vurğuladı. Sonra Amallaşması haqqında danışdı: “Amallaşmam barədə onu deyə bilərəm ki, müxtəlif ədəbiyyatlar oxuyuram. Ocaqla bağlı ayrı-ayrı yazılar oxumuşam. Mən qıraq ədəbiyyatla Ocaq ədəbiyyatının təsiri arasındakı fərqi özüm üçün müəyyən eləmişəm. Sözsüz ki, istənilən ədəbiyyat təsirsiz ötüşmür, adamda duyğular oyadır, dünşündürür və s. Amma İnsanlığı qarşıma məqsəd qoymağı, bunu taleyimə, ömrümə çevirməyi Ocaq ədəbiyyatı ilə əldə etmişəm. Bununla belə, hələ ki, oxuduqlarıma öz düşüncələrimlə müqayisə etmək səviyyəsində yanaşıram. Soylu Atalının oxuma və yazma səviyyəsinə çatmamışam. Soylu oxuduğunu ötür, təhlil edir, dəyərləndirir. Ötəndə yeni ədəbiyyat yaranır…

Cəmiyyət öz qanunlarını atamızla, anamızla, qardaş-bacımızla, dostumuzla, məktəbdə müəllimlərimizlə, işdə kollektivimizlə öyrədir bizə. Bunlardan qopmaq nə qədər çətinsə, cəmiyyətdən də qopmaq o qədər çətin olur. Xilas isə qopmaqdadır, qopmağı bacarmaqdadır. Bu səbəbdən də özünü döydüyün qədər gərək ailəndəki qüsurları görəsən və döyəsən. Ailəndəki qüsurları döydüyün halda, xalqdakı qüsurlar aradan qalxa bilər. Eyni halda, özünə inandığın qədər ailəni sevməlisən ki, ailən bundan qazansın, bundan ömrünə işıq düşsün. Ailəni sevdiyin qədər xalqını sevməlisən ki, xalq bundan qazansın, bundan ailənə işıq düşsün. Xalqını sevdiyin qədər bəşəri sevməlisən ki, bəşər bundan qazansın və xalqına işıq düşsün.

Son vaxtlarda özümlə döyüşüm başqalarının qüsurlarına tez və kobud reaksiya verməyimlə bağlı olub. Hər dəfə birdən-birə ayılıram elə bil, içimdən sual qopur – mən neyləyirəm?! Nəcib olmaq bu qədərmi çətindir? Hər addımda başqalarının qəlbini qırdığına görə üzr istəmək səni başqalarının da gözündə aşağılayır, öz gözündə də. Həmişə nəcib olmaq çətin olsa da, nanəcib olmamağa çalışıram və məncə indi bu, alınır. Başqasının qüsurunun üstünə iki dəfə getməzdən öncə iki dəfə düşünürəm. Bu deyiliş havadan asıılı qalacaqsa, ya da qarşı tərəfi böyütmək əvəzinə qıracaqsa, heç demə, sus. Əslində başqasının qüsurunu üzünə çırpmaq içdəki qüsurları  içində basdırmaqla təskinlik tapmaqdır.

Xalqlaşma ilə bağlı onu deyə bilərəm ki, ünsiyyətim yox kimidir. Səfərlərə hazırlaşıram, 10 il öncəki Göylünün halını bərpa etmək niyyətindəyəm. Bu istək məni ciddi tərpədir. Bu il Ocağa gəlişimin 15 ilidir. Üzüm ağdır, bununla belə, yeni bir mərhələ başlamaq istəyirəm. Atamız Var olsun”.

Nurtəkin: “Soylu Atalı hər hansı ədəbiyyatı oxuyur, ordakı duyğuların, düşüncənin dərinliyini görə bilir, çünki Soylu özünü çox ciddi araşdırıb. İnsan özünü tanıya bildiyi qədər başqasını da tanıya bilir. Mən qıraq ədəbiyyat oxuyanda özümdə nə hiss edirəm? Ata bizə elə bir ölçü verib ki, tam görə bilməsəm də, yazıçı orda olmalı nədir, nə demək istəyir və nəyi deyə bilməyib, onu hiss edirəm. Ata artıq ölçüdür. Yazara sevgi ilə yanaşıram, düşünürəm ki, nəyisə çatdıra bilməyən yazıçının Ata fəlsəfəsindən xəbəri olsaydı başqa cür yazardı”.

İnamlı Atalıİnamlı iş yerində üzləşdiyi hadisə ilə bağlı fikilərini bölüşdü. Yurdumuzun adının təhqir edilməsi ilə bağlı iş yoldaşına qarşı etirazından danışdı. O, bildirdi ki, bu hal bir fərdə xas deyil, xalqda özünə yadlaşmadan doğan kütləvi haldır.

 Sonra isə Soylu Atalı haqqında yazı yazmağa başladığını dedi və o yazıdan bəzi hissələri oxudu.

Üstün Atalı Atanın “Adamlıq – İnsanlıq” kitabını oxuduğunu dedi: “Atanın son sözü ki, faciədə Adam məğlub olur, insan qələbə çalır. Bu fikir mənim bütün fikirlərimi cilalayıb.

İnsanın həyatdakı çabaları ölməzliyə doğrudur. Öz nisbiliyi ilə barışmır. Əslində içindəki tələb Mütləqin tələbidir. Daim can atır, amma necə? İdrakının yetdiyi səviyyədə, daha dəqiq desək, mahiyyəti anladığı səviyyədə. Mahiyyəti anlama səviyyəsi qədər. Ata deyir, diş düşür, sifət qırışır, bədən qocalır. İnsan ölümlə üzləşəcəyini bilir, amma onu qəbul edə bilmir. Müxtəlif vasitələrə əl atır, daha cavan görünmək istəyir. Daha gənc görünmək istəyir. Ancaq geri dönüb ömrünə baxa bilmir. Çünki baxanda nə görəcək? Bir şey görsənirmi? Nə etməli? Bunun üçün ruhumuzu yaratmalı. Bizi ifadə edən ruhumuzdur. İnsan nə qədər kamilliyə üz tutarsa, bir o qədər kamilləşir. Həyata xidmət insanı öldürür yalnız, ruhaniyata xidmət isə insanı yaşadır. İnsan nə qədər həyata, cəmiyyətə xərclənirsə, bir o qədər itirir. Amma insan Amala, İnsanlığa bağlandıqca var olur. Həm özü üçün var olur, həm də xalqı üçün var olur.

Üstün Atalı

İnsanın adamlığı, yəni Adamlığa enməsi, Adamın adamlığından daha pisdir. Atanın bir fikrini demək istəyirəm: “Müqəddəs imkan – bəşərin bişər olması”. Şərsiz bəşər mümkündürmü? Niyə bu, ancaq cənnətdə görünə bilər? Bu imkanın orda aşkarlanacağına inanmalıyıq? Bunu ömrümüzdə gerçəkləşdirə biliriksə, ümumbəşər səviyyəsində niyə də olmasın?! Bu həm də insanın daxili tələbidir.

…Heç kimi xudbin görmək istəmirəm. Qorxaq, aciz, yalançı görmək istəmirəm. Bu istək daim məni irəli aparan daxili gücümdür. İnsanın ikiüzlülükdən azad olmasını, biclikdən – Adamlıqdan xilas olmasını istəyirəm…

Seçki ilə bağlı düşüncələrimi deyim: İndiki namizədlər əslində imtiyaz aşiqləridir. Ata demiş, əllərindən imtiyazı al, görüm onda nəyə can atacaqlar. Türkün ruhu yoxdur əməllərində. Hamısı xudbin. Arada izləyirəm, hanı birsifətlilik, döyüşkənlik, kişilik? Sanki maşın yarışmasıdır. Xalqın taleyini düşünən yoxdur, xalqla bir olan yoxdur. Gərək xalqla bir olasan ki, onların içində sevgi yarada biləsən. Bu gün də ona deməyə sözün ola”.

Üstün Atalı keçən ay Gəncəyə və Goranboya elədiyi səfərindən danışdı: “Zahirən Gəncə çox gözəlləşib, amma Gəncənin ziyalı kəsimində, gəncliyində ruhani maraq görmədim. İnsanlara Atanın sorağını vermək lazımdır. Orda tanışlar tapdım, indiyə qədər əlaqəmiz var.

Yasin TürksoyYasin Türksoy: “Üstünün ruhani doğum gününü təbrik edirəm. Qutlu olsun. Səfərlər Üstünün halında yeni mərhələdir. Düşünmək, yazmaq, fərəhlə yaşamaq, fərəhlə səfərə getmək halı aşkarlanıb. Bunlar gözəldir. İnsanın öz dostunun, məsləkdaşının sevincindən fərəh almaq da gözəldir. O danışdıqca mən də fərəhlənirəm”.

Ağşın AğkəmərliAğşın Ağkəmərli ailəsi ilə birlikdə Güney Azərbaycana səfərindən danışdı. Orda olarkən etdiyi söhbətlərdən bilgi verdi. Çabalardakı ideoloji boşluğu izah edərək Ocaq ideyalarına ciddi ehtiyacın olduğunu bildirdi. Ailəsinin ordakı insanlarla təmasda Bu Tayı təmsil etdiklərinin önəmindən danışdı. Uzaqda olarkən Ocaq həsrətini daha dərindən duyduğunu vurğuladı.

Türkel Atalı son günlərdə işdəki münasibətlərindən danışdı. İnsanların bir-birinə faydaçı münasibətlərinin insani münasibətləri ötməsini vurğuladı. Bəzən Ocaq tədbirində kökləndiyini, lakin həyatda o halının davamlı olmamasının səbəblərini araşdırmağa çalışdığını dedi.

Soylu Atalı: “Mən Ocaqçıların çıxışlarına qulaq asdıqca, zəif ya güclü söz demələrindən asılı olmayaraq, hər dəfə ümidlənirəm. Ona görə ki, hər kəsin dediyi söz artıq hər kəsin özünün sözüdür. Bir vaxtlar söz demək üçün Ocaqçı özünə nəyisə təlqin edirdi, söz xatirinə deyirdi. Amma indi bu, uğurlu yaşamın təzahürü kimi özünü göstərir.

Bir dəfə “Qutsal Öyrənim Günü”ndə sual qoymuşdum – Zərurət və Azadlıq məsələsi. Yaranan durumlarla bağlı diqqətinizi o məsələyə yönəltmək istəyirəm. Marksistlər deyir ki, “Azadlıq dərk olunmuş Zərurətdir”. Ata isə deyir ki, “Azadlıq rədd olunmuş Zərurətdir”. Ata nə demək istəyir? Bir misal çəkim. Fərz edin ki, bir insan dənizə düşüb, boğulur. Elə yerdədir ki, onun orda nicatı görünmür. Orda nə gəmi var, nə heç şey. Deməli, onun ölümü zərurətə çevrilib. Gəlin görək, insan o zərurəti dərk edirmi? Məsələyə dərk olunmuş zərurət kimi yanaşılsa, onda insan əlini yanına salıb təslim olmalıdır. Amma təslim olmur, çabalayır, xilas olmağa calışır. Yaxud başqa misal. Məcnun divanə olub düşür çöllərə. Leyli ölür, gömülür torpağa. Torpağa gömülən Leylinin yoxluğu zərurətdir. Bəs Məcnun divanəlikdən əl götürürmü? Daha da çöllərə düşür. Bax, rədd edilmiş zərurət budur. Onun içi elə bir eşqlə dolub ki, o eşq, aşiqlik onu bütün cəmiyyətdən, bütün dünyadan yüksəkdə saxlayır. Yüksəkdə olduğu üçün də o, bütün varlığı ilə azaddır. O azadlıq onun üçün yaranan zərurəti rədd edir. Belə bir məsələyə diqqət yetirək. Bir var həyatdan gələn zərurət, bir də var şəraitdən gələn zərurət. Belə ki, insan yeməlidir, içməlidir, bunun üçün işləməlidir, ömrünün böyük bir hissəsini əməyə həsr eləməlidir. Bu, zərurətdir, qaçılmaz bir şeydir. Amma eyni zamanda insanın daxili başqa əhvallarla yüklüdür, o romantik duyğularla yaşamaq istəyir. Həyatda tamamilə başqa duyğuların yeriməsinə çalışır. Həyatda mövcud olmaq üçün əmək lazımdır, işləmək lazımdır. Mövcudluğun təminatıdır bu. Burda da, içəridə başqa əhvallar baş qaldırır. İnsan içində baş qaldıranın arxasınca tam gedə bilməsə də, onun üçün qaçılmaz olan zərurəti yenə rədd edir. Doğrudur, mütləq imtina həddinə gəlib çıxmır, çünki mövcud olmayacaq. Amma qane eləmir insanı işləmək, qidalanmaq, daha doğrusu onda dayanıb qalmaq.

Bir də Ocaqçının özünün bağlılığı və azadlığı məsələsi gəlib çıxır ortaya. Hər bir Ocaqçı özü üçün şəraitin yaratdığı zərurəti rədd edir. Qurbanlar verir, fədakarlıqlar edir. Hesablaşmır. Özünü yükün altına verir. Özünün azadlığını sanki məhdudlaşdırır. Bu, belədirmi? Belə olsaydı nə baş verərdi? Belə olsaydı 15 il yol gedə bilərdinmi? Gedə bilməzdin. Bu nədir? İnsan azadlığı dərk edir. Azadlığı dərk edir, görür ki, onun yaşamağının, varlığının hərəkətverici qüvvəsi Allahı tanımaqdır, Allahlı olmaqdır. Bizim təbirimizcə, Mütləqli olmaqdır.

Adam ən çox özündən qıraqdakı xarici təsirin tələbiylə addımlar atır. Onun üçün gözə görünən və görünməyən əmrlər var. Xəyali qüvvələri demirəm. Məsələn, cəmiyyətin, hakimiyyətin, dövlətin təsiri var, gözə görünmür, amma onların yönəltməsi ilə davranır, yaşayır insan. Bir var bu, nə addım atırsa, onun gözünə görünən və görünməyən qüvvələrin əmriylə atır. Toplumu nəzərdə tuturam. İnsana hərbidə əmr verirlər ki, adamı öldür. Hərbidə hərbçi öldürür. Amma öldürəndə fikirləşmir ki, öldürdüyünün məsuliyyəti onun üzərindədir. Deyir ki, mənə əmr verildi, öldürdüm. Xarici amilin iradəsini məsuliyyətin altına qoyur və arxayınlaşır. Nə baş verir? Məsuliyyəti xarici iradənin boynuna qoyur, özü vicdanı sakit halda yaşaya bilir. Buna görə də dünya əyintidən əyintiyə uğrayır. Ancaq insan qətl törədirsə, insanı öldürürsə, əslində Allahı öldürür. Özünə bağlı, onun mövcudluğuna bağlı, onun varlığını təsdiq edən Allahı öldürür. Allahı öldürməklə, yəni onun ömrünü, həyatını mənalı edən bir faktı öldürməklə, insanın yaşaması nəyi ifadə edir? İnsan Allahı öldürməklə həyatın mənasından özünü məhrum edir. İnsan xarici iradənin əmriylə insanı öldürməkdən qaça bilmirsə, özünü öldürməlidir. Çünki  Allahı öldürüb yaşamaqla yaşamamaq arasında heç bir fərq yoxdur. Deməli, özünü öldürməldir. Əgər insan bunu dərk edərsə, bütövlükdə bəşəri nizam nicat tapır. Asif Atanın dediyi odur. Asif Ata onu vermək istəyir İnsana. Ona görə də insan bu həqiqəti dərk edərsə, onun yaşamğının mənası olar. Ocaqçı üçün Azadlıq odur. Xarici amilin əmrinə tabe olmamaq, nəinki tabe olmamaq, əksinə çıxmaq. Biz xarici amilin əmriylə Allahın atributlarını – vicdanı, ləyaqəti və s. öldürmürük, onu rədd edirik, özümüzü də doğrulduruq. Azadlığımızı təmin edirik. Sənin həsr olunmağın odur. Sənə qəlib kimi görünən yükün altına girirsən. O yük qəlib kimi görünsə də, qəlib deyil, o sənin nicatındır, xilasındır, Azadlığındır. Hər bir xarici təsirdən azad olmaq – Azadlığı təsdiq edir! Bütünlüklə daxili halın təsirində yaşayırsan və öz iradənə tabe olursan. Öz iradənə sahib olursan. Ocaqçının mənəviyyatının, mübarizəsinin dayaq nöqtəsi odur. Ata niyə dinləri rədd edir? Çünki din insanı xarici amilin tabeliyinə verir. Xarici amilin tabeliyindədirsə, insan özü olaraq görünmür, bilinmir. İnsan özü olaraq həyat sürmür, varlığını ifadə eləmir. O insanın heyvanla, yəni Allahı öldürənlə heç bir fərqi qalmır. Müti və kölə. Hökm deyil ki, sən yanındakı insanı öldürəsən, içindəki insanı öldürürsən. Din insana öz içindəki insanı öldürtdürür. Köləlik, mütilik ifadə olunursa, təsdiq olunursa, içəridəki insan ölür. İçəridəki insanın ölməsi əslində Allahın ölməsi deməkdir.

Soylu AtalıMən başqa ədəbiyyatları oxuyub araşdırıram və Atanı başqa ədəbiyyatların vasitəsilə də ifadə edirəm. İndi Tolstoyu araşdırıram. Əslində onun axtarışları, insan haqqındakı mülahizələri, həyat qənaətləri hamısı Atanı ifadə edir. Tolstoy Atadan əvvəl yaşayıb. Niyə Atanı ifadə edir? Tolstoy çox böyük məktəbdir. Ancaq bir var köklü dəyişiklik, bir də var həyatda etik pozuntuları bərpa eləmək. İctimai pozuntuları bərpa eləməyə xidmət göstərmək. Tolstoy ikinci məsələyə bağlıdır, Asif Ata birinciyə. Asif Atada köklü dəyişiklik olduğuna görə Tolstoy Asif Ataya sığışır. Asif Ata Tolstoya sığışmır. Baxmayaraq ki, Asif Ata Tolstoydan daha geniş, daha zəngin, daha əhatəlidir, bunlar arasında gözəl bir doğmalıq, gözəl bir hal yaranır.

Biz, Ocaq olaraq, başqa ədəbiyyatları niyə oxuyuruq? Zövq almaq üçün oxumuruq, başqalarından fərqlənmək üçün oxumuruq, başqalarından üstün bilik əldə eləmək üçün oxumuruq. Bilik bütün nəsnələri həyat gedişinə uyğunlaşdırmaq üçün əldə olunan uğurdur. Biz onun üçün oxumuruq. Biz onun üçün oxuyuruq ki, Asif Atanın dünyaya verdiyi ismarıcı anlaya bilək və anlada bilək. Biz onun üçün oxuyuruq. Biz oxuduğumuzda elə qənaətlər əldə edirik ki, Atanı topluma izhar edəndə bizim ayağımızın altında ciddi zəmin olsun. Oxu bizim üçün zəmindir. O zəmin üzərində dayanıb daha dərin, daha ətraflı, tam müfəssəl şəkildə Asif Atanı topluma verə bilək. Buna nail ola bilirik. Oxuduğumuzda əgər Atanı deyə bilmiriksə, görə bilmiriksə, onu oxumaq lazım deyil. Əlimizə aldığımız ədəbiyyat gərək tələblərimizə cavab versin. Ona görə balaca ədəbiyyat oxumuruq. Böyük ədəbiyyatları oxumaq gərəkdir. Düşüncənin yetkinləşməsi, artması gərəkdir. Atanın yolunda sağlam addımlar atılması gərəkdir. Uğurlu nəticələr əldə etmək gərəkdir. Bütün çabalar yetirilməli, bəslənilməli, böyüməlidir. Çox zəngin yol keçmişik. Usanmadan, yorulmadan yol gəlirik. Çox ciddi uğurlara yetmişik. Bu uğurların hamısı bizi ayaqda saxlamaq üçün güclü bir həyat qüvvəsidir. Bu qüvvədən biz irəliyə doğru təkan alırıq, addım götürə bilirik. Ona görə də Ocağın mühitini qorumaq üçün, inkişaf etdirmək üçün daim yeni düşüncələr, yeni axtarışlar lazımdır. Ocaqçının yerişini, davamlılığını, verimliliyini inkişaf elətdirmək üçün.

Bir məsələyə də fikir bildirim. Cəmiyyətdə adamlar arxa axtarır özlərinə. Bizə arxa gərək deyil. Arxa köləyə gərəkdir, cəmiyyətin nökərinə, məzlumuna lazımdır. Adam o köləlikdən, o psixologiyadan çıxmasa azadlığını anlamaz.

Yeni aya uğurlu başlamağımız lazımdır. Yeni əhvallarla dolmaq lazımdır. O qədər güclü olmalıyıq ki, bizim səsimiz hər yerdən eşidilməlidir. Bizim mübarizəmizin genişlənməsi içəridən böyüməyimiz deməkdir. Ruhani güc, ruhani imkanlar genişləndikcə hər bir addımın təsir miqyası böyüyür. Atamız Var olsun!”

Göylü Atalı “Dünyadakı Mütləqlə Axşam təmasını” və “Ataya Axşam Ricasını” dedi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq”, “Atamız var olsun” səcdəsi ilə “Ailə Günü” başa çatdı.

Xəzan Ayı, 35-il. Atakənd.

(oktyabr, 2013. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir