Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” toplantısındakı çıxışlar

IMG_2149Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
“Ailə Günü” toplantısındakı çıxışlar

 Ocaq Günsırası ilə 28 Qürub Ayı, 38-ci ildə (avqust, 2016) “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin VI Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə keçirdiyi Ailə Günü qutlu olsun.
Aylıq hesabatımı vermək istəyirəm. Hər bir Ailə Günündə nə qədər çox açılıramsa, nə qədər hesabat verirəmsə, o qədər də almaq olanağım olur. Söz dedikcə özümü qıraqdan daha yaxşı görmək, qiymətləndirmək olanağım olur. Elə aylar olur ki, özünüifadəm uğurlu olur, elə aylar olur ki, az olur.
Bu ay Ocaq əməlim az olub, yalnız tədbir kitablaşdırmışam və saytlarla işləmişəm.
Atanın 9-cu Bitiyindən parçalar oxumuşam – “Özündən Yüksək” və “Dünyadan Üstün” bitiqlərini. “Özündən Yüksək” bitiyini oxuyanda Dünyanın, Həyatın, İnsanın özündən yüksək mənası ağlıma daha yaxşı çatır. Bunun əsasında gedişi araşdırıb öyrənərkən insanların yanaşmasındakı təzadları daha yaxşı anlayıram.
Bəzi fikirlər yazmışam, onu oxuyum.

xxx

Deyirlər, yanlışsız adam yoxdur. Bu deyimdə yanlışını boynuna alıb yanlışsızlığa doğru addımlamaq istəyi yoxdur. Yanlışa bəraət var. Belə deyə-deyə özlərini arxayınlaşdırılar.

 xxx

Ailə öz görəvindən uzaqlaşıb.
Öyrətmən öz görəvindən uzaqlaşıb.
Aydın öz görəvindən uzaqlaşıb.
Dövlət öz görəvindən uzaqlaşıb.
Çünkü insan insan olmaqdan uzaqlaşıb. İnsan öz anlamına tən olsaydı, hər kəs görəvini yerinə yetirərdi.

IMG_2149

xxx

Düşünmək – məni düşüncəsizlikdən arındırır. Düşündükcə hər bir şeydən yüksəyə qalxıram. Adiliyin adi olduğunu görürəm. Ona enmirəm, enmək istəmirəm.
Mən Atadan özümə doğru yüksəlirəm. Özü olmaq fərəhini yaşayıram.

 xxx

Ailə Günü qonumuz – “Amal insanı özünə yüksəldir, həyat isə özünə uyğunlaşdırır”. Bunu hal kimi son aylarda yaşamışam. Nə qədər ki, həyat qayğılarına bac verirəm, onda həyata uyğunlaşdığıımı görürəm. Atanın belə bir fikri var: “Barışmazlıq əbədi bir zəruriyyətdir”. Həyat qayğılarının basqısından çıxmaq, daim Amal üstə yaşamaq gərəkdir. Ocaq əməllərinin də azlığı halıma, fərəhimə etki göstərir. Necə olmalıdır onu da bilirəm, özümü kökləyirəm. Düşünürəm ki, bu Ailə Günü də köklənməkdə mənə kömək olacaq.

IMG_2172

Türkel Atalı (Ataya səcdə ilə sözünə başladı N.A.): Amallaşmam ciddi və davamlı olmayıb. Ay içində 4-5 dəfə Amallaşmaq məqsədilə Ocaq ədəbiyyatlarından oxumuşam. Özümə münasibətdə, qüsurlarımın olmasına baxmayaraq, bədbin və fərəhsiz olmamışam.
Bu ay, vaxtilə oxuduğum oxulun müdir yardımçısını gördüm. Hardasa bir saatdan çox onunla bir yerdə olduq, söhbət elədik. Onunla söhbətimiz harda işlədiyimi sormağından başladı. Durumdan, indiki gedişdən gileyləndi. Yarım saatdan çox danışdı. Deyir mən aydınam, hamının problemini görürəm.
Maddiyyatla bağlı  olanı görür. Çünkü ziyalı olmur, sıradan bir adam olsun, adamların beyni maddiyyatla məşğuldur. O öyrətmən danışır, mənim bilmədiyim çox şeylərin də olduğunu deyir. Yetkin yaşlı adamdır. Düşünmür ki, qarşısındakı gəncdir. Onun bilmədiklərini də deyirəm, elə durum yaradıram ki, sanki tamam əlacsızlıqdır. Çünkü danışığında çıxış yolu yoxdur, üzdə olanı danışır. Ancaq Ailə Günü kitablarına baxanda, Ailə Günündə söhbətlərə qulaq asanda, görürəm Ailə Günündə deyilən bir fikrə bərabər deyil onun ümumi danışığı. Ailə Günündə olan söhbətlər adamın içini doldurur.
Kamilləşmə və Xalqlaşma məsələsi. Ay içində “Günorta Ricası”nı çox vaxt unutsam da, səhər və axşam “rica”larını “Təmas”la bir yerdə demişəm. Mən işlədiyim yerdə rəhbər işçilərin hamısı pensiyaya çıxmış, çoxu polis sistemində işləmiş şəxslərdir. Bizə deyirlər ki, işiniz, aylığınız azdır, nədir, qane olun. Biri deyir sizi bura umacaqsız götürdüyümüz kimi xoşumuza gəlməsəniz, istədiyimiz vaxt qovarıq. Hər dəfə də bu və buna bənzər fikirlərini çatdırırlar. Düşündüm, başqası kimi oturub xəyal qurum ki, haçağsa vəzifəli bir tanış tapılacaq, məni normal işə qoyacaq, görürəm ki, bu düşüncəylə yaşamaq ömrü hədər verməkdir. Mən Ocaqçıyam. Ocaqçı kimi bu durumu – mənim güclü, onun gücsüz olacağım kimi qiymətləndirməli deyiləm. Hansısa pensiyaya çıxmış polisə, bu fikirlərinə görə, acıqlı, kinli münasibətdə olub yazıq və bədbin yaşamamalıyam. Bunlardan da istənilən qədər aşağı səviyyəlilər var cəmiyyətdə. O demək deyil ki, bu mühitdən çıxıb başqa mühitə düşəcəm, hər şey də dəyişəcək. Belələrinin də arxasınca söyməklə ürəyim sakitləşəcək, məsələ də həllini tapacaq.
“Gediş Yazısı”nda qonu var – “həyat özünə uyğunlaşdırır”. Cəmiyyətdə doğru, arı ortam yoxdur axı. Mən özüm heç nə eləməyə-eləməyə, boş-boş danışığımla qarşımdakından nəsə umum. “Axşam Təması”nda da deyilir ki, “mühitdə qalmayım, mahiyyətə çatım”. Cəmiyyət mühiti adamı ancaq kin, acıq, gücsüz durumda saxlayır. Cəmiyyətin pis əxlaqı, adamın içi boş olduğuna görə, içinə dolur. Enerjini boş, anlamsız yerlərə xərcləyir. Ona görə də ancaq Ocaq mühitində mahiyyətə yetmək olar. Qüsurlarımla yaşasam da, hələ də Ocaq mühiti mənə fərəhli, vüqarlı, güclü, qətiyyətli olmağı bəxş eləyir. Bu kimi düşüncələrlə, “Rica” deməyimdə davamlı olmağımla halımın uğursuzluqla, fərəhsizliklə bitmədiyini hesab edirəm. Atamız Var olsun!

Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür): Mənim son aylarda duyğum, düşüncəm, əhvalım xeyli gərgin və yüklüdür. O açıdan ətalətdə qaldığımı görürəm. Oxusam da düşüncəmi hələ bütövləşdirə bilmirəm. Belə başa düşürəm ki, problem tam həllini tapmayınca bir müddət köklənmədə çətinlik çəkə bilərəm.
Son günlər “Görmək İnsaniliyi” bitiyini oxumuşam. Ordan müəyyən düşüncələrimi bölüşəcəm.

xxx

Adam aldanışlarda yaşayır:
Məişət sevinci dərir, təsəlli tapır.
Şəhvətdə sevinc arayır, təsəlli tapır.
Rütbə qazanır, təsəlli tapır.
Vəzifəyə gəlir, təsəlli tapır.
Varidat əldə edir, təsəlli tapır.
Adam özünü aldadır, çünkü təsəlliyə ehtiyacı var.
İnsan həyatın anlamına varır, o üzdən təsəlliyə ehtiyacı qalmır.
Ruhaniyyatdan fərəh alır: İnamında, İdrakında, Mənəviyyatında, İradəsində bərkiyir.

xxx

Filankəs demoqoqdur deyirlər. Filankəsin demoqoqluğu sırf hüquqa əsaslanırsa, quru “düzgün adamdır” görüntüsü olanda, İnsanlığa nəinki yarayır, bəzən qarşı olur. Mərhəmət ayaqlana bilir, vicdan susdurula bilir.
Düzgünlük Yaşam-Mahiyyət birliyinə bağlananda o düzgünlükdən insan ömrünə işıq düşür.

xxx

Cəmiyyətdə bütün problemlərin kökündə insansızlıq durur. Sosial ədalətsizlik böyüdükcə daxili çəkişmələr, üsyanlar da böyüyür. Yazılan  qanunlar ya işləmir, ya da ədalət tam təmin olunmur. O üzdən də inqilablar qaçılmaz olur.
Bu gün insanların maddi durumu get-gedə pisləşir. Bu da mənəvi duruma sirayət edir. Göz önündə tutduğum bir məqam var ki, nə baş verir-versin, mənəvi-ruhani iflası yaşamaq olmaz.
Elə bu fikrin davamı olaraq bir məqamı qeyd edim. Dost dediyim adamdan gözləmədiyim addım gördüm. “Mən itirirəmsə, o niyə itirməsin” ölçüsüylə aldanıb ayağımdan çəkdi. Haqqını aramaq yaxşı şeydir, dostluğa arxa çevirməksə yaxşı şey deyil. Bununla neçənci dəfədir münasibətdə qüsurlar müşahidə edirəm. Üstünə getmirəm. Çünkü o, yaxşı adamdır, ancaq özüylədöyüşü tanımır. Əlbəttə, mənim də qüsurlarım var, kobud davranmalarım olur. “Mənəviyyatla mənəviyyatsızlığı məğlub eləmək” fikri var Atanın. Ordan yola çıxıram. Yaxşı cəhət odur ki, bu qüsurlar dostluğumuzun önünə keçmir, qabartmadan qüsurlarımızı görürük, deyirik, xılta çevirmirik və ötürük.

xxx

Son durumlardan dolayı bəzən bədbinlik qapsayır məni. Bədbinlik və nikbinlik üzərində düşündüm. Ölçü “filankəs nikbindir, filankəs bədbindir” olmamalıdır, ölçü “filankəs kamildir, filankəs qeyri-kamildir” olmalıdır. Kamil həm də nikbin olur. Kamilin nikbinliyi arsızlığa dayanmır, dünyanın, həyatın, insanın mahiyyətini dərk etməyə dayanır.

xxx

Dünyanın mənəvi durumu haqqında düşündüm. Bəşər adam əhvalındadır, qarışıqdır. Milli-insani dəyərlərdən də qopa bilmir, vəhşi, yırtıcı, əzici-bölücü xislətindən də əl çəkə bilmir. İnsanilik halı bərqərar olmalıdır ki, bəşər içdən durulsun, özünə bənzəsin.
Atamız Var olsun!

IMG_2181

Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür): Bu ay halımı ötənlərə baxanda bir addım öndə hiss edirəm. Həm amallaşma, həm xalqlaşma cəhətdən. Olduğum bir sıra yerlərdə söhbətlər apardım.
Təlimdə oldum, təlimin sonunda 15-20 dəqiqəlik çıxış elədim. Özümə də xoş oldu,  ordakılara da. Çıxışın mahiyyəti bu idi: hamı çalışır ki, öyrətmənləri eyitimləndirsin. Oxullarda öyrənciləri tərbiyələndirən öyrətməndir. Onları necə tərbiyələndirək, necə yetkinləşdirək deyə məsələ qoyurlar. Sistemlər, variantlar, daha nələr təklif edirlər. Mən onların hamısının üstündən xətt çəkdim, dedim ki, öyrətmən İnsan olmayacaqsa, onun yetişdirdiyi də İnsan olmayacaq. Gərək öyrətmən özü yaradıcı olsun, öz üzərində işləsin, özünün ürəyi işıqlı olsun ki, başqalarının ürəyinə də düşə bilsin. Onda ona düstur gərək olmayacaq, onda ona hansısa təlim gərək olmayacaq. Ordan-burdan əzbərlədiyini danışmayacaq. O, ürəyinin işığını verəcək. Hər şeydən öndə duran insandır. Bunu da mənə Asif Ata öyrədib…
Bu yöndən apardığım söhbətin sonucu oldu ki, ordan bir neçə öyrətmənin Soylu Atalı ilə görüşünü təşkil elədim. Yenə də görüşmək istəyənlər var.
Atanın “Hallar” bitiyini oxumuşam. Ordan bəzi fikirlər oxumaq istəyirəm.
Qoyulan qonu ilə bağlı düşündüm. Ata Bitiyin girişində gerçəklik haqqında 3 qayda yazır – gerçəkliyi ötmək, gerçəkliyə uyğunlaşmaq və gerçəkliyi uydurmaq. Nə deməkdir bu? Ağlın var, ancaq o ağıl idarə olunur. Ürəyin var, ancaq o ürəyi insanlara aça bilmirsən. Duyğularını ifadə edə bilmirsən. Ruhunla yaşamaq yerinə ruhsuzluğa qulluq edirsən. Özünə sahib deyilsən, baxışların sənin deyil. Ya ərəbin gözüylə baxırsan, ya ingilisin, ya rusun. Bu səbəbdən də Ata deyir ki, gerçəkliyi ötmək gərəkdir, ona uyğunlaşmaq, ya da onu uydurmaq yox.
Ata fikri: Həyat gerçəklikdən artıq, idealdan aşağıdır.
Həyat gerçəkliklə məhdudlaşmır. Demək, ideala, Amala yetmək üçün gerçəkliyi ötmək gərək. Əgər yüksək keyfiyyətləri gerçəklik yarada bilsəydi, onda onu ötmək nəyə gərək idi? Amala yetmək üçün insan özünü gerçəkliyin adiliyinə qarşı qoyur. Onun dediyi həqiqəti həqiqət saymır, nisbi həqiqət sayır. Gerçəkliyin yaratdığı gözəllik ideal gözəllik deyil. Gerçəkliyin yaratdığı sevgi aşiqlik zirvəsinə yetmir. Gerçəkliyin özündə deyil, anlamında Mütləqilik var, ona görə də Mütləqə çatmaq arzusu bitib-tükənmir. Biz bu gün gerçəkliyə bərabər yaşayan cəmiyyəti qəbul etmirik. Onu nisbi sayırıq. Ondan daha üstün cəmiyyətin olmasını istəyirik.
Gerçəkliyin gözündə mən ideal sayıla bilərəm. Həqiqətçi olduğum üçün, ədalətli olduğum üçün, xeyirxah olduğum üçün. Ancaq bu məni qane etmir. Məni məndən kim yaxşı tanıya bilər ki. Mənə nisbi kamillik gərək deyil. Mən Mütləq olana yetməliyəm. İdeala yetmək üçün gerçəklik həddini, səddini aşmalıyam. Mənim qutsallığım, ülviliyim gerçəklikdən yüksəyə qalxanda yaranır.
Ata fikri: Adam yalansız yaşaya bilmir, İnsan yalanla yaşaya bilməz.
Bu ölçüdür. İkinci tərəfdən, yalan təkcə sənin əməlində olan deyil, yalanla üzləşib görməzdən gəlmək də elə yalanla yaşamaqdır.
Ata fikri: Bəşər dünəndən çıxa bilmir. Bu, ölümcül təhlükədir. Təzələnməyən ölür. Bəşər dünəndən çıxmasa ölər.
Cəmiyyət bu günü yenilənməyə cinayət kimi baxır, xəyanət kimi baxır. 7-ci yüzil düşüncəsiylə yaşamağı şərəf bilir. Yenilənmək istəmir. Yalnız həqiqətə doğma olanlar yenilənmək istəyəcək. Yalnız həqiqəti görənlər. Müticəsinə, qorxaqcasına dindən möhkəm yapışanlar yenilənmək istəməyəcəklər. Ata daim vurğu edir – yenilənmək gərəkdir.
Ata fikri: Müdriklik ağalığı yer üzündən silə bilmədi. Çünkü ağalıq müdrik bilindi.
Ağalığı doğruldan köləlik alın yazısı kimi qəbul olundu, doğru bilindi. Ölüm qorxusu adamı yendi. Ağaya boyun əyən olmasa o, kimə ağalıq edər? Ağalığı yaşadan köləlikdir. Köləliksə insanın cılızlaşması, bəsitləşməsi, iradəsizləşməsi ilə yaranır. Bu təkcə keçmişdə deyil, bugündə də var.
Bu yaxınlarda bir kəslə söhbət edirdim. Bugünkü durum haqqında. Durum insanı alçaldır. Səndən alır, heç nə vermir. Cəmiyyət səndən alır, heç nə vermir. Nəfəs almaqdan başqa görürsən ki, heç nə qalmır.
O adam isə cavabında deyir ki, bu günümüzə də şükür. Deməyə söz qalmır. Fəlakətə şükür deyir, bəlkə də özünün halını xoşbəxt sayır. Düşünməyə gücü çatmır.
Ata deyir ki, bəşər insan halına ucalmalıdır ki, halı durulsun.
İnsanlıq halına yetdikcə mənim halım durulur. Həm öz səviyyəmi görürəm, həm qıraqdakıların. Ata gözümü açır, nəyə yetdiyimi görürəm.
Atamız Var olsun!

IMG_2197

Soylu Atalı (Ataya səcdə edib bayrağı öpür): Ailəçilər şərəfli bir yol keçiblər. Ancaq qalxıb-enən hallar da yaşayırlar. Ocaq halında davamlı yaşaya bilmirlər. Ona görə bəzən özünə inam zəifləyir. Qıraqdan deməklə olmur. Ocağın prinsipi odur ki, hər şey insanın öz içinə dayanmalıdır. Mən Ocaqçı halında, çıxışında qırım görmürəm. Bu cür davam eləyər, sonra adam görər ki, özünü aldada-aldada gedir. Əgər sən özünə inamını günü-gündən göylərə qaldırmırsansa, bu azğın gedişin qarşısında sənin idrakın necə tab gətirə bilər?! Ocaqçı hər gün özünə hesabat verməlidir. Hər gün özünə hesabat verə bilməsən, Ailə Günündə də hesabat verə bilməzsən. Mən kiməm, həyat nədir, dünya necədir? Hər gün bu sorulara cavab verməlisən. Hər Ailə Günündə Ocaqçı sualları bu şəkildə qoymasa da, onun bütün cavabları bu soruların açımı olmalıdır. Sən hara gəlib çıxmısan? Bugünün dünənindən bir addım qabağadırmı, deyilmi? Qabağadırsa, nədə qabağadır, deyilsə, niyə deyil? Mən istəmirəm ki, özünü Ocaqçı sayan formallarla fərq azalsın. Sosial şəbəkə Ocaqçılığı Ocaqçılıq deyil. Sosial şəbəkədə Atanın iki dənə yazısını payladın, bununla da çalışma bitdi? Ocaqçının çox ciddi əsaslı fikri formalaşmalıdır. O fikir, doğrudan da, özünə inamın və halındakı qətiyyətin ifadəsi olmalıdır. Bu, məsələnin bu cəhəti. Çətinliklər var, çətinliklərin qarşısında gərək dilin topuq çalmasın. Çətinlik gəlir, Ocaq sözünü unudursan, ona görə də özünü ifadə eləmək problemə çevrilir. Burdan çıxmaq gərəkdir. Ayları yola vermək olmaz. Özü öz başına oyun açıb həyatın içinə girmək ən böyük sorumsuzluqdur. Həyatın içinə girib sonra da ağlamağın anlamı yoxdur. Düşünmək – biryolluq, ciddi, əsaslı. Ömrünü, ləyaqətini güdaza vermək olmaz. İllərlə yol gələsən, sonra balaca bir külək hər şeyi yıxa bilməməlidir. Çətinliyi yenmək gərək. Çətinlikdə nə baş verə bilər? Uzaqbaşı ac qalıb öləcəksən. Ancaq şərəfin ölməyəcək. Ocaqçılıq halı ölməyəcək. Acından ölə bilərəm, bu gün öldüm, ya sabah öldüm, fərqi nədir ki? Bədəni əbədiyyətə daşımayacam ki? Əsas hal məsələsidir. Atanın “Hallar” kitabını Üstün dedi oxudum. Bir var səndə gerçəkliyin yaratdığı hal, gedişin yaratdığı hal, həyatın yaratdığı hal, çətinliyin yaratdığı hal, bir də var mahiyyətin yaratdığı hal. Mahiyyət üstə düşünəndə adamda ancaq fərəhli hal yaranır. Gerçəklik üstə yaşayanda isə hal enib-qalxır. Gerçəklik səndə hal yaradanda… Şəxsən mən gerçəkliyə heç vaxt yaxa vermirəm, gerçəklik məndə hal yaratmır. Halı mən özüm yaradıram. Gerçəklik nə karədir ki, mənim içimə girib məndə hal yaratsın. Ona görə Atanı tanımaq gərəkdir. Atanı bilmək gərəkdir. Atanı bilən azdır. İstər Ocağın içində, istər dışında.
Müsəlman özünə inanmır. Özünə inanmır, çünkü Allahı tanımır. Mən müsəlmanlarla söhbət edəndə onların üstünə yeriyirəm. Anlamaya-anlamaya danışırsan, tanımırsan Allahı deyirəm. Anlamır, deyir Allah kainatı düzüb-qoşur. Düzüb-qoşan yoxdur. Allah “kim” sualına cavab verdiyi üçün ölüdür, yoxdur. Mənim Mütləqim İsmin Adlıq halının suallarına cavab vermir. Qüdrət “kim, nə, hara” suallarına cavab vermir. “Kim, nə, hara” sualına cavab verən qüvvədir. Qüvvə fiziki anlayışdır, ölçülür, çəkilir, onun ölçü vahidi var. Əgər ölçü vahidi olan qüvvəyə tapınırsansa, qüvvə düzüb-qoşursa, sən heç nəyi dərk eləməyəcəksən.
Asif Ata deyir ki, təsadüf zərurətdən doğmur. Ancaq bütün fəlsəfələr deyir, təsadüf zərurətdən doğur. Atada mahiyyət təzahürə nəzarət eləmir. Mahiyyət təzahürü idarə eləmir. Mahiyyət doğmur. Təzahür onun törəməsi deyil, doğduğu deyil. Əgər təzahür mahiyyətin törəməsidirsə… fəlsəfələrin çoxu elə deyir. Ona görə də ölçü yoxdur, bilinmir ölçü hardadır. Əgər təzahür mahiyyətin törəməsidirsə, o deməkdir ki, bu törəmə özü artacaq və törəmə verəcək. Doğulan bir gün özü doğacaq da. Təzahür Mahiyyətin törəməsidirsə, onda elə mahiyyətlə təzahür arasında bərabərlik olur. Evladla ata-ana arasında nə fərq var ki, bu da elə bir azdan ata-ana olacaq da. Təzahür mahiyyətə bərabər deyil. Mahiyyət təzahürü idarə eləmir. Allah dünyaya nəzarət eləmir, idarə eləmir. Daha doğrusu, Mütləq eləmir, Allah eləyir. Bunu dərk edən insan nəyə nail olur, bilirsinizmi? Bunu dərk edən insan dünyanı dəyişmək istəyir, gözəlləşdirmək istəyir. Müsəlman hər şeyi Allahın boxçasına yığır və əlini ağdan-qaraya vurmur. Dünyanın dəyişməsi haqqında, gözəlləşməsi haqqında düşünmür. Dünyanı gözəlləşdirmək haqda düşünmür. Ona görə Mütləqi dərk eləmək gərəkdir. Mütləqi dərk edəndə özünə sığmayacaqsan. İş görəcəksən, dünyanı dəyişmək istəyəcəksən. Deyəcəksən eybəcəri yıxmaq gərək. Nəylə yıxmaq gərəkdir? Qüdrətlə. O qüdrət hanı – sənin içində, olanaqda. Harda yıxım eybəcərliyi – içimdə. İçimdən uzaqda deyil. Pisləməklə deyil ki, hamı pisləyir. Baxın cəmiyyətə. Hamı deyir, filan şey pisdir. Ancaq hamı pis şeylərin ortağıdır. Hamı onun içindədir. Ocaqçı onun içində olmamalıdır. Ocaqçı onun içindən ayrılır. İçində öldürür. Yıxır içində. Pisliyin haqqı, bəraəti onun içində qalmır. Bundan sonra Ölçü axtarmağa gərək yox. Ölçü sənin ömrün, sənin davranışın, sənin mübarizən, sənin varlığın. Yoxsa mən neyləyim, inqilab edirsən alınmır – onu edirsən alınmır, bunu edirsən alınmır. Mütləqi dərk eləmək gərəkdir. Mütləq nəzarətçi deyil. Mütləq görünüşə gəlir, təzahürə gəlir, təzahür mahiyyətə tabe olmur. Mahiyyət bir anda görünüşə gəldi, təzahür elədi, sonra təzahür nə olacaq, mahiyyətə dəxli yoxdur. Kimə dəxli var, bax mənə, insana. O təzahürü mən öz varlığımda, öz əməlimdə, ömrümdə mahiyyətə yüksəldə bilərəm. O təzahürü mahiyyət gözəlliyinə tən eləyə bilərəm. Təzahür öz-özünə olmayacaq. Həyatda, dünyada təzahürlər mahiyyətə bərabər olmayacaq. İnsan əməlində isə tazahür mahiyyətə uyğunlaşdırılır və dünyaya yeni hal, yeni ahəng gətirilir. Qutsallıq budur, qutsallıq insanla bağlıdır. Qutsallıq Allahla bağlı deyil, insanla bağlıdır. Qutsallığı Allah yaratmır, insan yaradır. Nəylə yaradır insan qutsallığı? –Allahın təzahürünü, görünüşünü, görünüşə gəlişini onun özünə uyğunlaşdırmaqla qutsallıq yaradır. Bizim fəlsəfəmiz odur ki, İnsan Allahdan gəlir, yəni mahiyyətdən gəlir. İnsan palçıqdan gəlmir. Dinlər deyir ki, mən monoteist dinəm, axı sən panteizmə dayanırsan. Sən torpaqdan yaradırsan insan kimi böyük bir varlığı. İnsan bütünlüklə torpaqdan yaranan bir məxluq kimi ortaya çıxır. Onun İnsandakı ilahi olanaqları dərk olunmur. Palçıqdan yarananın nəyini dərk edəcəksən?! Saxsı qab da palçıqdan yaranır. Şorba içirsən içində, o da ondan yaranır da. Bax insanı əşyalaşdırmaq gedişidir bu. Ona görə deyirəm ki, qutsallığı insan yaradır, əməli, işi, nəfəsi, varlığı, hər şeyi Mütləqə bərabər eləməklə. Mütləqə uyğunlaşdırmaqla, tən eləməklə yaradır. Yoxsa özü imkanda qutsaldır. Axı gerçəklik Mütləqdən ibarət deyil, nisbidən ibarətdir. İndi bu nisbini qutsallaşdırmaq kimin işidir? Mütləqin işi deyil, mənim işimdir. Özündə Mütləq gəzdirən mənim. Öz-özünə heç nə qutsallaşmır axı.

IMG_2190
“Olan və Olmayan” kitabında Asif Ata deyir ki, olan mahiyyətdir,  ancaq mövcud fəlsəfi baxışlar gerçəkliyi olan kimi göstərir. Ata isə deyir ki, gerçəklik olan deyil, olmayandır. Olan mahiyyətdir. Əgər olan bu gün olur, sabah yoxdursa, o necə olandır?! Mahiyyət dəyişməzdir. Görünüşə gəlmənin arxasında dəyişməz mahiyyət var. Bizim də üzümüzü tutduğumuz hədəf həmən o dəyişməz mahiyyətdir. Biz gerçəkliyə, olaya, biçimə dayanmırıq axı, ölçü olaraq, mahiyyətə dayanırıq. Mahiyyət dəyişməzdir, dəyişməzi dərk edərsənsə, onda yaxşını yamandan seçməyi öyrənərsən. Onda xeyiri şərdən ayırmağı öyrənərsən. Sən xeyiri şərdən ayıra bilmirsən, xeyirlini şərlidən ayırırsan. Xeyirlə Şər üzdə görünmür. Üzdə görünən xeyirli ilə şərlidir. Ölçü ona görə olmur, ona görə insan dərk olunmur, Mütləq dərk olunmur.
Mən bir misal çəkmişdim arı misalını. Deyirlər ki, arı işləyir. Baxarsınız ki, arının nə qədər zəngin həyat sistemi var, möcüzədir deyirlər, heyrət edirlər. Mən  də deyirəm ki, arının həyatı möcüzə deyil. Çünkü möcüzə dərk olunaraq mahiyyətə yetmədə özünü göstərir. Hadisədə möcüzə yoxdur. Mən arının həyat sistemini dərk edib hara gedib dayanıram? Gedib dünyalığa dayanır məsələ. Arının özündə dayanıb qala bilmərəm, çünkü arının həyatını öyrənib bilə bilərik. Ancaq öyrəndiyimiz, bildiyimiz bu həyat sistemi dəyişmir, standartdır. Min il bundan öncə də arı eyni həyat sistemində yaşayıb, min il bundan sonra da yaşayacaq, – bal gətirən, keşikçi, bal gətirməyəni dışlamaq və s. Bu nizam həmişə var, bu, instinktin yaratdığı bir nizamdır. Sən bunu öyrənirsən görürsən ki, bu öyrəndiyində daha yeni bir şey yoxdur, bu dəyişmir axı. Bunun nəyinə heyrətlənirsən?! Ancaq insan ömrü ilə məşğul olmursan. İnsan ömründə isə dəyişmələr var, gəlişmələr var, sivilizasiyalar yaranır nə qədər. Möcüzə bundadır. Çünkü insan ömrünün arxasında dəhşətli bir gözlənilməzlik var, arının ömründə gözlənilməzlik yoxdur. Eyni standart şeylərdir. Gözlənilməzlik olmayan yerdə heyrət yoxdur, ola bilməz. İnsan təbiətin ən bəsit şəkillərinə belə heyrət edir, ancaq ən yüksək varlıq olan insan ömrünü öyrənə bilmir, ona heyrət edə bilmir. İstəmir insan varlığını öyrənsin, ona heyrət eləsin. Çünkü insan varlığını öyrənmək, ona heyrət eləmək insandan Allah olmaq tələb edir. Allah ola bilmir. Gerçəkliyə pərçimlənir. Gerçəkliyin nəşəsindən yapışır, şirəsindən yapışır, ağalıq istəyir, nökərlik istəyir, təbəqəlik istəyir, neyləyir o insan varlığının möcüzələrini dərk eləsin, onda ağa ola bilməyəcək. Onda bərabərsizlik olmayacaq. Haqsızlıq olmayacaq, ədalət onda yaşama qayıdıb gələcək. Ədalət tutacaq sənin yaxandan. Ona görə də televiziya, mətbuat, hər yerdə, dünyanın hər yerində ən bəsit şeylərin təbliğatını aparırlar. Qoy insan idrakı məhdud şeylərlə uğraşsın, böyük hikmətlərin sirrini açmasın. Onda kapitalizm çökə bilər. Təbliğatını aparmayın, insanlar ayılar, ayağa durar, birləşər, dağıdar bütün bu mənfur yalançı quruluşu, sistemi, rejimi. Ədalətli cəmiyyət yaratmaq istəyər. Ocaq bu hikmətə vaqif olmaq üçündür. Ocaqçı bunun peşində olmalıdır.

IMG_2199
Sual qoyursunuz, cavab vermirsiniz. “Yurdumuzda və dünyamızda baş verən məsələlər”. Söz yox ki, yurdumuzda mənəvi məsələlər baş vermir. Siyasi məsələlər baş verir. Quruculuqlar baş vermir, dağıdıcılıqlar baş verir. Məcbursan ki, bir az da bu dağıdıcılıqlardan bəhs edəsən. Niyə dağılır? Səbəb nədir? Böyük anlamda bütün gediş imperializm prinsipləri üzərində formalaşır. İmperializmin qanunları var və hər bir dövlətin hər bir siyasəti, hər bir münasibəti, ünsiyyəti imperializmin qanunlarına tabe eləmək cəhdləri, basqıları, oyunları var dəhşətli dərəcədə. Bütün bu oyunlar, eybəcərliklər, murdarlıqlar ona qulluq edir ki, imperializm yaşasın. Ağalıq sınırlarını genişləndirsin. ABŞ-ın, Rusiyanın, Avropanın, Türkiyənin, Qafqazın, Çinin durumu, münasibəti qeyri insanilik üstə formalaşan böyük bir dalğadır ki, bu dalğa bəşəriyyəti məhvə sürüyür. ABŞ istəyir ki, imperiyasının sınırlarını ortaqsız olaraq Qafqazda bərkitsin, Orta Doğuda bərkitsin, keçsin Çinə, Uzaq Doğuya-filan. Bunun üçün də vassallarını oynadır.
Rusiya istəyir ki, özünü dağılmaqdan qorusun. Nəinki qorusun, Yaxın Doğuda özünün etkilərini bərpa eləsin. Bundan ötrü əzəli düşməni olan Türkiyəylə yaxınlıq edir. Türkiyəylə yaxınlıq edir ki, parçalanmaqdan özünü qorusun. Necə qorusun? Türkiyəni müəyyən məsələlərə vadar eləsin, adi dillə desək, Türkiyənin dişini sındırsın ki, Rusiyanın içində olan türk dövlətləri bağımsızlıq əldə eləmək haqqında düşünməsin. Bütün çabaları ona bağlıdır. Eyni halda dediyim kimi, Orta Doğuda siyasi etkisini bərpa eləsin, Qafqazı əlindən buraxmasın. ABŞ Türkiyədə baş verənlərə müəyyən anlamda göz yumur, müəyyən anlamda isə rahatsız olur nəzarətindən çıxmasın deyə. Niyə göz yumur? Çünkü ABŞ-a da, Rusiyaya da bugünkü İslam Türkiyəsi sərf edir. Niyə sərf edir? Çünkü Türkiyə Atatürkün prinsipləri ilə möhkəmlənmişdi. Düzdür, Amerika Türkiyənin içərisinə nüfuz edə bilmişdi və bərkimişdi, nə qədər ki, Sovetlər vardı. Amerikanın Türkiyənin içində bərkiməsi ilə Atatürkün prinsipləri işləmədi. Ancaq ordu vardı. Türkiyənin qorunmasını şərtləndirən qaydaları vardı. İndiki hakimiyyət Türkiyənin içində bunların hamısını çökdürür. İslamı dövlətin başına gətirir. İslamı dövlətin başına gətirməklə dövlətin başı ayağa bərabər olur, cahilləşir, fanatlaşır. Milli kimlik arxa plana keçir. Necə ki, Osmanlıda türklük qəhətə çıxmışdı, burda da yenə, dövlətin başına islamın gəlməsilə, türklük yoxa çıxır. Ərəb cəhaləti başa çıxır. Bu qıraqdan hər kəsə sərf edir. Türkiyəni gücləndirə bilməz belə şey. Zəiflədər daha da. Ələbaxan edər. 22, ya 23 ərəb dövlətindən hansı biri Amerikanın, ya Rusiyanın oyuncağı deyil? Çünkü hamısının başında cəhalət durur. Hamısının idarəetməsi cəhalətə bağlıdır. Türkiyə həmin duruma gətirilir ki, parçalana bilsin. Osmanlı cəhalətindən istifadə elədilər zaman-zaman. Dindarların tamahgirliyindən, dünyagirliyindən, şöhrətsevər­liyindən, şəhvətsevərliyindən istifadə edirdilər, onların əli ilə Osmanlını dağıdırdılar. Türkiyəni tikə-tikə parçalayıb götürmək istəyirdilər. İndi həmin proses yetirilir yenidən. Dövlətin başına gələn acgöz, tamahkar, maddiyyatsevər, dünyagir dindarlar Türkiyəni dağıtmaq istəyənlər üçün çox uyğun ortam yaradırlar. Bundan Azərbaycanın dünyəvi quruluşuna da pis etki ola bilər. Türkiyənin içindəki eybəcərlik çox böyük sürətlə Azərbaycanın içərisinə sirayət edəcək. Yaxın çağlarda əgər Azərbaycanın içində bir az ABŞ-ın, bir az Rusiyanın etkisi zəifləyib, Türkiyənin etkisi artarsa, bir də gördün dinçi hakimiyyət başda oturub mollalıq edir. Getdikcə durum ağırlaşır, dövlətimizin bağımsızlığı, millətimizin özgürlüyü getdikcə daha amansız soru altına keçir. Sosial problemlər getdikcə artır, şiddətlənir, güc getdikcə zəifləyir, insanların yalnız özünü öldürməyə gücü çatır. İntiharlar çoxalır. Özünüz də görürsünüz. Problemlər getdikcə çoxalır. Çıxış yolu tapa bilməyən yiyəsizlər intihara gedir. Bu bizi düşündürən ciddi məsələdir. Bunları bilən, dərk eləyən insan özünün sağlam mübarizəsini möhkəmləndirməlidir, daha ciddi iş aparmalıdır. Daha ciddi çağırışlar etməlidir. Çətinliklərə qoşulmaq gərək deyil. Çətinliklər üstünə gəldikcə sən də özünə qısılmalı deyilsən.  Çətinliklər hər kəsi əzə bilər, hər kəsi intihara sürükləyə bilər, Ocağı yox. Ocağın adı niyə Ocaqdır? Biz siyasi proseslərə nüfuz edə bilmirik. Ancaq biz xalqın şüuruna, ağlına nüfuz edə bilərik. Biz öz həqiqətimizi onun beyninə daha əsaslı yeritməliyik. Əgər xalq Ocağı zəif eşidirsə, suçu təkcə xalqda axtarmayın, həm də Ocaqçıların özünün gücündə axtarın. Həqiqəti harda haraylamısan? Onu fikirləş. Gücü artırmaq gərəkdir. Ocağın içini qorumaq haqqında düşünmək gərəkdir. Həyatla, aclıqla sınağa çəkilən Ocaqçı başını itirməsin. Səfərbər olmaq gərəkdir.

IMG_2152
Çox demirəm, 3 nəfər, 5 nəfər yetkin, sağlam insan çox gözəl bir dünya yaradır. Öz içində dünya, öz yörəsində dünya. Dünyanın bütün etkisini hər yerdə izhar edə bilər. Bir-biri üçün göydəndüşmə bir dəyər olmaq gərəkdir. Bir-birinin qədrini bilmək gərəkdir. Çünkü sənin amaldaşından başqa mübarizəndə söykənəcəyin adam yoxdur. Onun qədrini bilmək, gərək olmaq, həyan olmaq, onunla iç-içə yaşamaq, onunla böyük birliyə yetmək gərəkdir. Hərə ağzını bir yerə tutub sonra qırıla-qırıla gəlib burda hesabat verməli deyil. Güclü olmaq gərəkdir. Gücü mənəviyyat yaradır. Dünyada nə baş verir-versin, bizdən asılı olmayan işlər var. Elə şeylər var, yaxın on illərə sən etki göstərə bilməyəcəksən. Ancaq xalqın içini dəyişmək haqqında düşünməlisən. Xalqın qulağını, beynini doldurmaq haqqında düşünməlisən. Onu inandırmaq haqqında düşünməlisən. Nə qədər güclü olarsan, nə qədər əsaslı mübarizə apararsan, iş  sürətlənər. Olmasa, iş də uzanar. Biz dünyada baş verən olayları izləyirik, qiymətləndiririk, dərk edirik. Dərk elədikcə öz mübarizəmizdə bərkiyirik. Biz dünyanı ona görə araşdırıb öyrənirik ki, öz mübarizəmizdə bərkiyək.
Biz qüdrət Ocağıyıq. Ona yetmək və yol getmək gərəkdir. İdeyadan böyük, güclü nə var ki?! O ideyayla silahlanan, o ideyayla yüklənən, o ideyayla bərkiyən insan bilirsən nə qədər qüdrətli olur. Gözünüzün qabağında hamı bircə-bircə satılır, gedir torbalara dolur. Ona görə də qətiyyətli olmaq gərəkdir, hünərli olmaq gərəkdir və inamlı olmaq gərəkdir. Özündə güc tapıb, təpər tapıb güclü addımlar götürmək gərəkdir. Bizim işimiz elə olacaq. Xalqın içində xalqın qulağını, beynini doldurmaq. Hamı xalqı içindən və çölündən yıxır. Ancaq biz xalqı içindən qaldırırıq. Qaldırmalıyıq. Ayrı cür mümkün deyil. Ölümün pəncəsinə veriblər xalqı. Xalqın şüuru, mənliyi gücsüzdür. Xalqın gücü çatmır ki, o ölümü öldürsün. Dərrakəsinin gücü çatmır.
Sözümü bitirirəm. Sizi özümün nikbin gücümə dost olmağa çağırıram. Mənə dost olmağı bacaran adam məğlub olmaz. Mənə dost olmağı bacaran adam həmişə qalib olar.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

IMG_2206

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.

 

Qürub Ayı, 38-ci il. Atakənd.
(avqust, 2016. Bakı.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir