Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin Ailə Günü

Ocaq Günsırası ilə 20 Qar Ayı, 42-ci ildə (yanvar, 2021) “Uluyol-Hünər” Ailəsinin Ailə Günü  keçirildi. “Ailə”nin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Yenidən “Ailə Günü”ndə hər birinizi xoş gördük. Ocaq tədbirləri köklənmək üçün olduqca önəmlidir. Doğrudan da, tədbirlər olmasa ömrümdə bir əskiklik olduğunu hiss edirəm.
Keçən aydan bu yana necə yaşamışam. Ara-sıra sosial şəbəkə üzərindən söhbətlərə başlamışam. Hələ azdır, ancaq buna zaman ayıracam. Atanın kitablarını oxuyuram. Başqa ədəbiyyatlar oxumağa vaxtım olmur. Ay içində Atanın “Münasibətlər” kitabını oxumuşam. Düşüncələrimi sizinlə bölüşəcəm.
Yalnız bu günlə yaşayanda bu günə alışırsan. Bu gün bəllidir. Bu günə alışan onu dəyişdirə bilmir. Sabaha inanmaqla bu günü dəyişmək olar. Sabahın ölçüsündən baxanda bu gün azdır, yersizdir. Çalışmaq, bu günü ötmək gərəkdir. Bugünün azlığını yalnız sabahdan baxanda görmək olur. Bugünümüzdə ağır, sarsıdıcı məqamlar yaşayırıq – birey olaraq, millət olaraq. Sabaha İnam bu ağır məqamlarla üz-üzə durmağa, onu ötməyə güc verir. Var olmaq asan bir şey deyil. Çünkü zaman, mühit, şərait, toplum insanın var olmasına qarşıdır. Həm içindəki, həm çölündəki şərlə döyüş içindəki sarsılmaz inama bağlıdır. Atanın “Münasibətlər” kitabında belə bir düşüncəsi var. “İnsan ictimai varlıqdır sözündə həqiqət yoxdur. İnsan cəmdən törəmir, insan cəmi törədir”. Bütün düşüncələr insanın ictimai varlıq olması üzərində oluşub, cəmin insanı idarə etməsi, etkisi, ondan ayrı olarsa yaşaya bilməməsi kimi düşüncələr beyinə yeridilir. İnsan bunu həqiqət kimi qəbul edir, həyatına uyğulayır. İnsan cəmdən böyükdür, ancaq bu həqiqəti hər insan görmür. Ruhunu, xarakterini yetirən insan topluma da etki göstərər, onu yönətər də. Əgər toplum bireyin həyatına soxularsa, insan ondan ayrılmalıdır. İnsan cəmi törədir. Yəni bir insandan başalaya bilir xalq, bir insandan başlayar yenilənmə. Bu başlama uğurlu gələcəyin – sabahın özülü olar.

Həyatda hər kəs özünə gərək olmaq haqqında düşünür. İstər sosial şəbəkələrdə, istərsə də həyatda necə uğur qazanmaq haqqında kitablar, özəl mühazirələr var. Həyatda necə uğur qazanmaq olar? Bunu maddi yönə bağlayırlar. Ancaq maddi rifaha çatanda sən həyatda uğur qazanmış hesab olunursan. Çünkü toplum insanı başqa cür saymır, toplumda insanın sayılmaq ölçüsü onun var-dövləti, imtiyazı sayılır. Ailə qurmaq, ailəli olmaq deyil. Ailə millətlə, vətənlə bağlı olaydır. Ailə ilə insan bütün olur, olmalıdır. Çünkü milli-mənəvi dəyərlərin, yurd qutsallığının yaşandığı, qorunduğu ortamdır ailə. Ailəli olmaq vətənli olmaqdır, millətlə bütün olmaqdır.

Zaman yalanı sayıb, yalanı seçib, yalanı öyüb, ancaq əbədilik həqiqətə həmişə sadiqdir. Həyat insanı dəyişdirir ki, özü dəyişməsin. İnsan özünü dəyişdirir ki, həyatı dəyişdirsin. İnsanın dəyişməsi dəyişməzliyə doğrudur.

Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edir – G.A.):  Nurtəkin bacı, öncə bu günkü qonu ilə bağlı düşüncələrimi deyəcəm, sonra özümlə bağlı hesabata  keçəcəm. Atanın bir düşüncəsini yazmısan, “Əsil yaşamaq – Ali həyat üçün yaşamaqdır”.

Ali Həyat insanın öz içində yaratdığı, öz içində yetdiyidir. Yəni öz mənasını, insaniliyi öz içində təsdiq etməsidir. Atanın belə bir sözü var, “İnsanın xarici həyatı onun iç həyatının güzgüsüdür”. Bu gün əslində dünyanın halına baxanda naqisliyin, çirkinliyin üstünlük təşkil eləməsini görəndə, biz hər şeyi günahlandırırıq. Quruluşu, rejimi, zamanı, cəmiyyəti günahkar sayırıq. Ancaq bütün bu sorunların özümüzdən qaynaqlandığını düşünə bilmirik. Bununla nəyi demək istəyirəm, insan elə bir qiymətsiz duruma gətirilir, özündə yaranan dəyişikliklərə belə inana bilmir. Sadə bir misalla  deyim, Atanın dediyi kimi, “daxildən kapitalistlik silinir, kapitalizmə son qoyulur”. Bu gün biz quruluşu günahlandırırıq, ancaq onun tələblərini nə dərəcədə içimizdən silə bilirik. Ya da cəmiyyəti günahlandırırıq, cəmiyyətlə bir olub cəmiyyətçiliyi yaşamağı nə dərəcədə içimizdən uzaqlaşdıra bilirik. Nə dərəcədə onu içimizdə öldürə bilirik, bunu öncə içimizdən təmizləməliyik, sonra o sorunları cəmiyyətdən yox edə bilək. Bu gün, məsələn, çoxları deyir, mən yaxşıyam, onun yaxşı keyfiyyətləri ola bilər, ancaq onun tam olaraq nəyəsə yetdiyini demək olmur. Biri var, insan tam olaraq Ali Həyat dediyimizə yetə, onu içində təsdiq edə bilə, biri də var, onun yaxşı keyfiyyətləri hansısa hallarda özünü göstərə. Yəni Ali Həyat deyəndə bizdən Mütləqiliyə yetmək tələb olunur. Bu çətindir, özüylə döyüş tələb edir. Məsələn, biz bu gün nələrdənsə imtina etdiyimizi deyəndə bu kiməsə gülünc də görünə bilər, bundan imtina edib necə yaşamaq olar deyə irad deyərlər. Ancaq imtina etdikdən sonra, içini təmizlədikdən sonra artıq, insan olaraq, istər quruluşun, istərsə də cəmiyyətin mənfi hallarını, sorunlarını həll etmək yönündən düşünməyə başlayırıq. Atanın da dediyi kimi, “Gözəl həyat yaşamaq üçün gözəl insan olmaq gərəkdir”. Gərək o yolu özümüz keçək ki, başqasına da verə bilək. O sevgini içimizdə yarada bilsək, ondan mütləq toplumda etkisi işləyəcək.

…Bilənin söhbət etdiyi gənc xanım vardı, ona Ocaq ədəbiyyatları vermişdi. Onunla telefon bağlantısı qurmuşam, söhbətlərə başlamışam. Həm onunla etdiyim söhbətlər, həm də bu ay Soylu bəylə söhbətlərimiz mənim üçün çox şeyi aydınlatdı. Mən hansısa kitabları oxuyuram, ya da dinləməklə nələrisə öyrənirəm, ancaq elə  bilirəm, onu kiminsə qarşısında demək, özümü ifadə etmək məndə alınmaz. O xanımla söhbət etdikcə bu rahatsızlığım aradan qalxır, özümə inamım artırdı.

Bu ay Atanın “Görmək İnsaniliyi”  kitabını oxumuşam. Bayaq dediyim məsələyə bir əlavə edəcəm, biz deyirik, hər şey insandan başlayır, gərək insan içində nələrəsə yetsin ki, xilaskara çevrilsin. “Görmək İnsaniliyi” kitabını oxuduqca insanın içində olan sorunlar elə izah olunur, ən kiçik nöqsanın gətirdiyi fəsadları elə açır, həqiqətən heyrət edirəm. Ölməzliyin nə olduğunu dərk elətdirdi mənə.

Bu ay yuxarıda dediyim xanım ailəsi ilə bizim evdə oldu. Onlarla bizim çox yaxşı söhbətimiz alındı. Nurtəkin bacı, mən yeni Ocağa gələn vaxtlar sən demişdin, sən görəcəksən, Ocaq sənin ömründə hansı dəyişiklikləri yaradacaq, hansı duyğuları sənə yaşadacaq. O zamanlar hələ ideyalarla yeni tanış olduğum vaxtlar idi, onda adamın gözünə sadəcə Ocağın yaratdığı çətinliklər görünürdü. Yəni bu ideya yolunda irəliləməklə mən nələrlə qarşı-qarşıya qalacam, nələrdən keçməli olacam, nələri qurban verməli olacam deyə düşünürdüm. Ancaq ideyaların içinə girdikcə sənin dediyinin anlamı mənə tam aydın oldu. Çünkü həmin qonaqlarla söhbətimiz zamanı yaşadığım duyğuları sözlə ifadə etməyə çalışsam, bəlkə az olar, sönük qalar. Mən həm Atanın yolunu çatdırdığıma görə sevinirdim, həm özümü ifadə edə bildiyimə görə sevinirdim, həm də sevinirdim, yaranan o ortamda ucuz, bayağı söhbət getmirdi, anlamlı söhbət gedirdi, mən onlara nələrisə çatdırmağı bacarırdım. Onların da qarşılıqlı olaraq düşüncələrini deməsi, onların da nələrəsə can atması tamam başqa bir duyğular yaradırdı məndə. Həqiqətən  Xalqlaşma əməli, kimlərləsə edilən söhbətlər adamın sanki düşüncələrini toparlayır, həm də  adam hansı yolda olduğunu, nə etdiyini, nə bacardığını, nəyə qadir olduğunu anlayır, özünə inamı artır. Onlarla birgə olanda ən çox baxışımı çəkən bir məsələ vardı, həm Aygünün, həm də qardaşının sanki içlərində bir çəkişmə vardı. Onların yaxşı keyfiyyətləri var, ancaq elə bil, bir yerdə nələrsə qırılır, düşüncələrinə düzgün yön verməyi bilmirlər. Baxırsan, sanki yol tapa bilmirlər. Onda Atanın yolunun nə dediyi, nə istədiyi bir daha mənə aydın oldu. Çünkü biz deyirik, bu gün cəmiyyət pis durumdadır, filan qüsurları var, onu, bunu dəyişmək olmaz. Ancaq ola bilməz cəmiyyətdə  hansısa adamlarda yaxşı keyfiyyətlər olmasın, ucundan tutub böyüdüləsi bir şeylər olmasın. Böyütmək də bizim üzərimizə düşür. Burda bizim Yolumuzun gərəkliyi, mənim üçün aydınlaşır. Bu daha inamımı artırır. Deyəcəklərim bu qədər. Atamız Var olsun!

Nurtəkin Atalı: Var ol. Səni qutlayıram. Özünün də ifadə etdiyin kimi Xalqlaşma özünütəsdiq, özünü qıraqdan görməkdir. Doğrudan da, dediyin kimi, hansı yolda olduğunu bir daha özün üçün təsdiq etməkdir. Ona görə Xalqlaşma fərəhin qutlu olsun, davamlı olsun.
Günev qardaş, səni dinləyək.

 Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Elə bir özəl sözüm yoxdur, ancaq Ailə Günü olduğu üçün Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verməliyəm. Bir də qoyulan qonuya öz baxışımı bildirməliyəm. Bu ay içində ən çox Soylu Atalıdan oxumuşam. “Söz işığı”,  “İnsanlığın İnam Yolu” kitablarını oxumuşam. Bu kitablarla mən daha çox Asif Ataya yetmişəm. Bəlkə də mənim savadımın, biliyimin çox dərin olmadığındandır, doğrudur, Asif Atanın sözünü oxuyuram, hardasa mənə çatır. Ancaq həyati məsələlərin izahında, toplumda, ölkədə, yörəmizdə baş verən olaylara Asif Atanın, Asif Ata Ocağının baxışlarını mən Soylu Atalının kitablarından öyrənirəm. Soylu Atalı olaylara toplumun yanaşmasını dəyərləndirir, sonda Asif Ata ideyaları açısından həmin olaylara yanaşmasını sərgiləyir. Həm də o kitablarda hər şey mənə çatacaq səviyyədə izah olunur. Mənə çox gözəl etki göstərir.

Kamilləşmə, Xalqlaşma məsələsi ilə bağlı həmişə ikisinə birgə cavab verirəm. Kamilləşmə –  həqiqət yönündə eşitdiyini, gördüyünü, bildiyini özümləşdirib həyatına gətirirsən, bunun əsasında yaşayırsan, örnəyə çevrilirsən, işığa çevrilirsən, kitaba çevrilirsən, çevrənə də bu cür etki göstərirsən. Həm sözlə, həm də yaşamınla. Bu açıdan mən hər gün ömrümə yeni bir ahənglə, düşüncəmdə yeni bir çalarla davam edirəm. Az da olsa irəliləmə olur.

Xalqlaşma işimlə bağlı deyim, keçən vaxt içində yayıcılıq işim bir qədər azalsa da davam edib. Qardaşımın ölümü ilə bağlı orda toplaşanlara – ölümə baxış, olaylara, siyasətə baxış, insanların düşdüyü durumdan Ocağın sərgilədiyi çıxış yolu, xalqlaşmaq yönündən özəl söhbətlərim olubdur. Eyni zamanda kəndə qayıtdıqdan sonra da ara-sıra başsağlığı verməyə gələnlərlə də söhbət etmişəm. Buna həm onların ehtiyacı olur, həm  də söhbəti özüm o çalarlara gətirib çıxarıram, xalqlaşma nədir, xəlqi dəyərlərlə yaşamaq nə deməkdir, onu ömürə, yaşama gətirmək, ölçüyə çevirmək nə deməkdir. Bunun üçün hansı proseslər getməlidir, özüylə döyüş nə deməkdir. Bu yöndən söhbətlərim olub. Bu cür söhbətlər olmayanda mənim Ocaqçılığım heç bir anlam daşımır. Bu yaşam normama çevrilib, ölçümə çevrilib, bu əsasda yaşayıram. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım bu qədər.

Qonumuz “Adi həyat-Ali Həyat” adlanır. Burada Ali Həyatın üstünlüyü ilə bağlı söz deyəcəm. Təbii, adi  həyatdan Həqiqətə doğru, Mütləqə doğru, Mənaya doğru atılan hər bir addım Ali Həyata doğru atılan addımdır. O Yoldur, Amaldır, onunla gedirik. Bu yolda Asif Ata Ocaqçılarının aqibəti xüsusi bir aqibətdir. Ali  Həyata yetmək üçün onu dərk etmək gərəkdir. Ali Həyat insanın gündəlik yaşadığı məişətə bağlı həyatdan, maddiyyata bağlı həyatdan yüksəyə qalxır. Heç kəsə də məişət, maddiyyat qadağan olunmur. Bunlar, yaşam üçün  nə dərəcədə gərəklidirsə, o dərəcədə əməl olunmalıdır. Cismani yaşamını sürdürməsən, ruhani yaşam haqqında danışmaq olmur. Ancaq insanın yüksək ideallara dayanıb yüksək keyfiyyətlərlə ömür sürməsi əsasdır. Ruhani tələbləri İdrak vasitəsilə dərk edib ömürə gətirirsən, iradə göstərib gerçəkləşdirirsən. Ali Həyatı yaşamaq, Kamilləşmək, Ruhaniyyatı ölçü eləmək, Mütləqə yetmək, Mənaya yetmək – bütün bunların arxasında ömür dayanmalıdır. Duyğuların, düşüncələrin, yaşamda birliyi çox önəmli məsələdir. Mən, zaman-zaman vurğuladığım kimi, artıq bu bölgədə, bu yolda olduğuma görə, üz tutmadığım insan qalmayıb. Qıraq kəndlərdə insanlar dinləyirlər, yaxşı münasibət bəsləyirlər, bəlkə də o yanğını duyurlar, hər bir insanın içində qutsallığa meyil var, gözəlliyə, ali, ülvi duyğulara meyil var. Ancaq onu həyatına gətirmək özəl məsələdir. Ali Həyat budur. Onu ömrə gətirmək, gerçəkləşdirmək, üzə çıxarmaq. İçdə yaxşı insan ola bilərsən, çəkilərsən dağa, mağaraya, meşəyə özünü saflaşdırarsan, gözəl insan ola bilərsən, şeiriyyətin ola bilər, yaradıcılığın ola bilər, ancaq onu  topluma yetirmək, onun əsasında sona qədər ömür yaşamaq – dünyada bundan gözəl aqibət yoxdur. Bunu Ocaqçılarımız daim düşünməlidir. Yoxsa belə bir çətin aşamada, belə bir çətin dövrdə Amallı yaşamaq, cəmiyyətlə təzadlı yaşamaq, cəmiyyətin ölçüləri ilə yaşamamaq hər kəsin bacardığı bir iş deyil. Ancaq onu bacardıqca Ali Həyat insanın duyğularını işıqlandırır, insanın çevrəyə sevgisini də artırır. Baxmayaraq, çevrə bəzən səni təpki ilə qarşılayır, istər-istəməz sevgi duyğusu elədir, o bir qatda qala bilmir. O duyğu içində gəlişdikcə işıqlanır, çevrəyə etki göstərir. Bu açıdan Ali Həyat məsələsi çox yerində qoyulmuş qonudur. Bəlkə də buna bütün çalarları ilə cavab verə bilmirəm, Soylu Atalı danışdıqca daha dərindən öyrənərəm.

Atamız Var olsun!

Yurdtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən Ailə Günü üçün özəl olaraq  hazırlaşmamışam. Ancaq qoyulan suallar elə suallardır, demək olar, bütün həyatımız elə bu suallar üzərində köklənir. Günev qardaşımın bayaq dediyi kimi, cəmiyyətdə olan söhbətimizin böyük hissəsi İnamla, İnsanlaşma ilə bağlı olur, cəmiyyətin halı ilə bağlı olur. Amallaşma, Kamilləşmə, Xalqlaşma ideyalarını bir-birindən ayırmaq da olmur. İnsan Amallaşdıqca oxuduğu ideyaların işığı içində yaranır, sözsüz, hardasa bölüşmək tələbi yaradır adamda. Rastlaşdığımız, görüşdüyümüz adamlarla biz bunu bölüşürük. Adi həyatda insanlararası münasibət qanunlarla tənzimlənir, dövlət, cəmiyyət qanunlarla tənzimlənir. Ancaq bu qanunlarla insanın daxili halını bütövlükdə yönətmək olmur. İnsanın insana münasibətindəki xeyirxahlığı, ləyaqəti, özündən keçməni, imtinanı qanunlar çərçivəsində həll etmək olmur. Bu, insanın içində yaranmalıdır, başqalarına münasibətdə də özünü göstərsin.

Demək olar, gündəlik Amallaşma ilə məşğulam. Bunları öz içimdə araşdırıram. İmtinadan söhbət gedirsə, həmişə yadıma düşür, Ocaqçılar arasında da qeybət olurdu, ya da paxıllıq duyğusu bəzilərinin içində özünü göstərirdi. Bunları insan içində aşkarlamalıdır. Birinci növbədə onları görməyi bacarmalıdır, sonra ondan imtina etməlidir. Mən daha çox özüylə döyüşü müzakirə edirəm. Bacardıqca oxumaq, Amallaşmaq, Ocaq kitablarını oxumaq, bayaq qardaşımız Günev dedi, Soylu qardaşımızın kitablarında həyatı anladan çox qonular var. Onlar mənə də yaxşı etki göstərib. Atanın “Mütləqə İnam” kitabını oxumuşam, bəzi bölmələrinə təkrar qayıdıram. Daima öz iç dünyamı nəzarətdə saxlamağa çalışıram. Ailədə, qonşuda, iş yerində münasibətlərimin çoxunu Ocaq yönlü qururam. Xalqlaşma işim odur, Güney Azərbaycanla bağlantı yaratmışam, onlarla söhbətlərim olub. Türk millətinin  özünü dərk eləmək, özünü tapmaq, canavarlaşan dünyada öz yerini bərpa eləmək yönündə hansı yolu tutmaq gərəkdir – onu deyirəm. Tam Həqiqət də biz bilirik, Mütləqə İnamdadır. Qalan inamlar nisbidir, yarımçıqdır. Xoşbəxtlik – nə şəxsiyyətin özündə, nə millətdə, nə dövlətdə başqa üsulla alınmayacaq… Sözüm bu qədər. Atamız Var olsun!

Yasin Türksoy: Özəl olaraq Ailə Günü üçün sözüm yoxdur, ancaq heyrətim var. Bir dəfə buna İçərişəhərdə, İnam evində toxunmuşduq. Belə sərt karantin rejimində bir araya gəlmək, bağlantı qurmaq, həmin o düşüncələrə qaytardı məni. Dünyanın heç bir yerində belə bir oxul yoxdur. Az sayda insan məhdud çərçivələr içərisində dünyanın nizamını dəyişəcək, dünyanın nizamına yol verəcək insani, bəşəri yol göstərir. Bu cür məhdud çərçivə içərisində, çətinliklər içərisində görüşmək, danışmaq, sanki işıq yandırmaq, yol göstərmək Ocağın yolu, yönü, ideyası məni heyrətləndirdi. Nə yaxşı, Ocaq var. Ocaqçılar, var olun! Mən də nəsə qatqı etməyi, iş görməyi özümə fərəh bilirəm. Atamız Var olsun!

İlahə xanım: Ürəyinizdə Ata Günəşi olsun!

Mən Nurtəkinlə, Soylu qardaşla danışmışdım, Asif Atanın əsərlərinin səsli kitab forması olmalıdır. Texnikanın olanaqlarından yararlanmalıyıq. Xalqlaşmaq  üçün, Asif Atanın kitablarını səsli şəkildə insanlara çatdıra bilərik. Səsli şəkildə olsa insanlar istənilən vaxt, yolda, harasa gedəndə dinləyə bilərlər. Bir də Asif Atanın kitablarının müəllif hüquqları məni rahatsız edir. Oxuduğum kitab Asif Atanın “İnam Fəlsəfəsi” kitabıdır. Təkrar oxuyuram, hər dəfə də sanki yeni bir şeylər tapıram. Mahiyyət təzahür ahəngidir. Məna-hadisə ahəngi, gedişat ahəngi, qayda ahəngi dəyişmir. Təzahür ahəngi ilə hadisə ahənginin fərqi varmı? Bunlar eynidirmi? Atanın fəlsəfəsi ilə bağlı kitab başlamışam, onun üzərində işləyirəm. İndi karantinlə bağlı olaraq işə getmirəm, zamanım çox olur. Asif Atanın həyatı haqqında bir bilgi də vermək gərəkdir, kitabın içində. Onu ayrıca başlıq altında vermək istəyirəm.

Atamız Var olsun!

Soylu Atalı (başlanğıc hissə yazılmayıb – G.A.): …Sən gerçək həyatını, varlığını gözəl sürdürürsən, insanca sürdürürsən, oyun oynamırsan. Ağlında, düşüncəndə, ürəyində hoqqabazlıqlar yuva salmır, ağlında, ürəyində oyunbazlıqlar yuva salmır, bicliklər, kələklər, vicdansızlıqlar yuva salmır. Toplumda kimsə kimsəni necə aldadır, necə qabağa düşür, necə dolanır, şöhrətsevərlik – sənin ömrünə hakim olmur. Sən bioloji həyatını elə yaşayırsan, Yüksək (ali) həyat tələbi üstündə yaşayırsan. Budur, bu mücərrəd ideya deyil, gerçək yaşamaqdır, həqiqətdir. Bu cür yaşayarsan, bu cür yaşamını sürdürə-sürdürə topluma söz deyərsən. Kimsə səni eşitməyə bilər, kimsə sən danışanda ağzını qulağının dibinə qədər əyə bilər, bu sənin dediyinin doğru olmadığı anlamına gəlməz. Öncə insan dediklərinə öz içində yetməlidir, Ocaq bizdən bunu tələb edir. Öz dediklərinə öz içində yet, ona inan, ona güvən, özün ruhani qanunlarla yaşa. Özün ruhani qanunlarla yaşayacaqsansa, səndən qıraqda səni eşitməyənə acıqlanmayacaqsan, niyə məni eşitmir deyə. Sən özün yaşa, sən dünyanı qabaqla. Bəşəriyyətin yüz ildən, min ildən sonra çatacağı bir səviyyəyə bu gün çat, onu  yaşa, ruhani ahənglə yaşa, onun gözəlliyini duy, yaşa, ömrünə gətir. Gözəlliyi ömründə ifadə elə. Kim səni eşidir, eşitmir özü bilər. Bu səni çaşdırmamalıdır. Bizim işimiz inqilab deyil, inqilabçılıq deyil, bizim işimiz intibahdır. Ocağın işi ruhani intibahdır.

Asif Ata dəfələrlə vurğu edir, ağac-ağac, hal-hal, fərd-fərd, pillə-pillə. Əgər belə olmasaydı, mən bu gün Ocağı min nəfərlə doldurardım. Bizdən qıraqdakı siyasi partiyalar kimi Ocaqdakıların sayını minə çatdırmışdım indi. Neyləyirəm mən onu, mənə yar olmayacaqsa. Mənə bircə nəfər göstərin ki, onun içində ilahi heyrət cuşa gəlir, onun içində ilahi hikmət baş qaldırır. Bircə nəfər göstərin, onun içində ilahi eşq tüğyan edir, həqiqətlər peşindədir, həqiqətlərə vurulub. Ona qovuşmağa, onunla yaşamağa can atır. O bircə nəfər Ocağa bəsdir. İntibahla inqilabın fərqini bilmək gərəkdir. Sizdən soruşanda da bunu deməlisiniz, izah eləməlisiniz. İntibahla inqilabın fərqi odur ki, inqilab  ildırım kimi çaxır, şimşək kimi oynayır, sel kimi gəlir, yuyur, dağıdır, aparır, yerində zibil saxlayır. İntibah isə ruhani bağbanlıqdır. Addım-addım insan qəlbinin gözəlliklərini, özündən başlayaraq, kəşf edirsən. Bütün bu gözəlliklərin hər birini bəsləyirsən, böyüdürsən, yüksək pilləyə, səviyyəyə çatdırırsan. Bu sənin münasibətlərində özünü göstərir, təzahür edir, amaldaşına, insana, insanlığa, Ataya, amala,  həyata, dünyanın mənasına, gözəlliklərinə vurulursan. Heyrət edirsən, bəxtiyar olursan, xoşbəxtliyin zirvəsinə qalxırsan. Mən o cür yaşayıram, mənim ömrüm o cür qurulub. Mən Ocaqçılara bunu arzulayıram.

Bayaq Yurdtəkin qardaşımız çox gözəl  məsələyə toxundu, təbrik edirəm qardaşımızı. Deyir, toplumu, dövləti, toplumsal gedişləri qanunlarla tənzimləyə bilərsən, insanın içini qanunlarla tənzimləyə bilməzsən. Bu gözəl sözdür. İnsanın özündən keçməsini (fədakarlığını), ilahi eşqini, Məcnunluğunu qanunlarla tənzimləyə bilməzsən. Qanunu insanın içinə yaxınlaşdırarsan, qanun insanın içinə yasaq qoyar. Onda insanın içindəki Məcnun qayıdıb qanunun üzünə dayanar, səni tanımıram deyər. İnsanın içindəki Məcnunluq dirəniş göstərər qanuna, onun içini qəlibə salmaq istəsən. İnsanı çox şeydən məhrum ediblər. İnsanı Allah olmaqdan məhrum ediblər, Ocaq insanın Allah olmaq imkanlarını yaratmaq üçün meydana gəlib. İnsanı öz içindəki həqiqətlərin böyüklüyünə, ucalığına qovuşdurmaq üçün yaranıb Ocaq. Ocaq müxalifəti barışdırmaq üçün yaranmayıb.

İndi ölkədə islahat aparırlar, əslində hakimiyyətlərinin ömrünü uzadırlar. Bunlar dəvənin belini islahatla düzəldirlər, başlarını itiriblər. İnsanın içindən xəbərləri yoxdur, insanın içini, düşüncəsini, ləyaqətini dəyişmirlər, vətəni ona sevdirə bilmirlər, həqiqəti ona sevdirə bilmirlər. Durub deyirlər, isalahat aparırıq, hər şey yaxşı olacaq – yolunuza yaxşı asfalt tökəcəm, siz də onun üzərindən yaxşı yüyürəcəksiniz. İnsana bunu bəxş edirlər. İnsanın içindən xəbərləri yoxdur. İnsanın ucalığından, ləyaqətindən xəbərləri yoxdur. Ocaq bunu yaradır. Ocaq bunun harayını çəkir. Dünyanın kor gözünə məlhəm olur, kar qulağına məlhəm olur, deyir həqiqətləri eşit. Yaşamaq gözəldir, dünyanın mənası gözəldir. Dünyanın Mənasına, insanlığa uzaqdan tamaşa edirlər, insanlığın bir metrliyinə yaxın gəlmirlər. Ancaq həqiqət istəyirlər, ədalət istəyirlər, nizam istəyirlər. Həqiqətə uzaqdan baxmaq olmaz, insanlığı uzaqdan seyr eləmək olmaz. Asif Atannın çağırışlarını eşidib girmək gərəkdir məbədin içinə. İnsanlıq məbədinin içərisinə girəndən sonra Allah olursan. Ayaqla yox, ürəklə girəndən sonra. Əslində Ocağın ruhani tələbləri, öyrətdikləri budur. Amallaşma, Kamilləşmə, Xalqlaşma budur. Bu insan yaranışıdır. Amallaşırsan, dünyanın mənasını öyrənirsən, kəşf edirsən, Allahın sirlərini kəşf edirsən Atadan, dünyadakı böyük düşüncələrdən, böyük insanlardan öyrənməklə. Allahın sirlərini kəşf edirsən, dünyalığa yetirsən, həyatlığa yetirsən, insanlığın bütün gözəlliklərini ömrünə çevirirsən, ömrünə gətirirsən, yaşayırsan. Amallaşma budur, bunun harayını çəkirsən, bunun hesabatını verirsən. Necə pillə-pillə bu sirrləri öyrənə bildim, ürəyimə hopdura bildim. Bu sirlər, bu gözəlliklər mənim ürəyimi necə təmizlədi, işığa çıxartdı, ən yüksək duyğularımı bəslədi, böyütdü. Məni özümə insan kimi tanıtdı, insan kimi yaşamağa başladım. İçim təmizləndikcə, durulduqca müdrikləşdim. Bu Kamilləşmə hesabatıdır. Bunların hamısını öyrənirsən, harayını çəkirsən, hesabatını verirsən. İnsanları həqiqətlə üz-üzə qoydum. İnsanları Atanın həqiqətləri ilə, dünyanın mənası ilə üz-üzə qoydum. Xalqlaşma budur. Anlayan anladı, anlamayan özü bilər. Qanan qanacaq. Bəzən Atanın sağlığında Ocaqçılarda elə hal yaranırdı, Heydər Əliyevlə Əbülfəz Elçibəyin münasibətlərini yaxşı izah eləmək elə Xalqlaşma işidir. Elə deyil. Rusiyanın gəlib Qarabağda oturmasını izah eləmək Xalqlaşma işi deyil. Xalqlaşmanın çox ibtidai, primitiv detalıdır. Xalqlaşma xalq yaratma əməlidir. Xalq yaratmanın əsasında İnsanlaşma durur, İnsanı tanıtmaq durur. İnsanın Allahlıq xilqətini öyrətmək durur, yarpaq-yarpaq açmaq. Xalqlaşma odur, yerdə qalan nə varsa, onun xırda detalıdır. Ocaq böyük yanğıdır, böyük atəşdir, qovurur, adamı yandırır, ancaq kül eləmir, işığa çevirir. İşıqlanırsan, dünyanı işıqlandırırsan. Ocaq budur. Mən Atanın adının Ocaqçılarda belə bir səviyyəyə yüksəlməsini, belə bir yaşam nizamına yetməsini umuram, istəyirəm. Ona görə heç bir vaxt çaşmayın, biz niyə sürətlə artmırıq. Artanda gözəl artırıq. Bir insan ömrünün ləyaqətinin yüksək qatda oturuşması minlərcə insanın qulağının eşitməsindən qat-qat yüksəkdə durur. Ocaqlaşma budur.

İndi İlahə bacımızın sualını cavablandıracam. Əslində Mahiyyət, Məna fars-ərəb sözləri olmaqla fərqlənir. Təzahür, adından göründüyü kimi zühur edən deməkdir. Görünən, görsənişə gələn deməkdir. Görsənişə nə gəlir? Görsənişə təbiətin bütün gördüyünüz ünsürlərinin yaranması, şəklə düşməsi – görsənişə gəlmədir. İnsanlıq mənası insan kimi görsənişə gəlir, ifadəyə gəlir. Kədər göz yaşı kimi görsənişə gəlir. Kədər Mənadır, göz yaşı təzahürdür. Zühur edən nə varsa, olaydır. Mənanın olaylaşması, yəni Mənanın yaşama gəlməsi biçimə düşməsidir. Mahiyyət əslində elə Mənadır. Bir sıra anlayışlar var, bunlara Ata özü yeni məzmunlar, anlamlar verir. Düşüncəni çatdırıb ifadə edə bilsin deyə. Bəzən Adamın içində Məna ilə bağlı, Həqiqətlə bağlı elə gözəl düşüncələr yaranır ki, bu düşüncələri sözə sığışdıra bilmirsən. Ona görə yeni anlayışlar gərək olur, fərqləndirə-fərqləndirə izah edəsən, çatdırasan. Deyək, olayın Mənası, ya Mahiyyəti. Yenə deyirəm, burda özəl bir fərq yoxdur. Sadəcə olaraq, düşüncəni çatdırmaq baxımından, cümlələrdə yeri gələndə onu fərqləndirmək, yaxşı izah eləmək üçün işlənir. Məsələn, xalq-millət. Ata deyir, xalqla millət sözü bir sözdür. Onu Marksistlər ayırırlar, fərqli-fərqli bir şeyə çevirirlər. Fərqli deyil. Xalq ərəb sözüdür, millət isə fars sözüdür. Ancaq yenə də düşüncəni çatdıranda bu sözləri epizodik fərqli anlayışlarla ifadə edirsən. Xalq sözünü bəzən əhali sözü ilə qarışdırırlar. Azərbaycan xalqı deyəndə bütün Azərbaycanda kim varsa hamısı nəzərdə tutulur. Ancaq millət deyəndə türk milləti. Yəni epizodik olanda fərqlənir, böyük mənada isə ikisi də bir sözdür.

Bu gün mən Asif Atanın “Anlam İnsaniliyi” bitiyini, “ön söz” yazmaq üçün, oxuyub başa çatdırdım. Ancaq gözəl başa çatdırdım. Mən Atanı oxuyuram, ona “ön söz” yazım, nə qədər deyimlər yazmışam. Bu kitabda Atanın bir deyimi vardı: “Təbiət adam yaradır, insan yarada bilmir”. Nə qədər böyük sözdür. Panteizmlə Mütləqçiliyin mahiyyəti açılır, Tanrıçılıqla Mütləqə İnamın fərqi aydınlaşır burda. Təbiətin ən yaxşı əsəri adamdır. Bioloji adam yaradır. Adamda hər şey var, heyvan da var. Ancaq İnsanı Məna yaradır, İnsan özü yaradır. İnsanlığa özü yetir, Mütləq İnsanlığa özü yetir. Mütləq tələblə yetir insan İnsanlığa. Görün nə qədər böyük fərq var. Mütləq İnsan yaradır, ancaq təbiət, ən yaxşı halda, adam. Təbiət nə qədər cazibədar olsa da, nə qədər biz onu sevsək də, vurulsaq da, nə qədər təbiət  türkün vurğunluq hədəfi olsa da, ancaq onu ilahiləşdirmək Mütləqə İnamın yanında çox sönükdür. Tanrıçılıq təbiətin ilahiləşdirilməsidir. Panteizm odur. Nə qədər gözəl olsa da, gözəl vurğulansa da, gözəl duyulsa da, gözəl yaşansa da, Mütləqə İnamın vergülünə çevrilir. Adamla İnsanın fərqini gözünüzün qabağına gətirsəniz, görəcəksiniz onun da fərqini. Yerlə göy qədər fərqi var. Bunu yazı şəklində yazacam. Ata özünün hər kəlamında açılır. Bircə cümlə deyir, açılır o cümlədə. Aforizmin gücü odur. Bir aforizmik cümlənin arxasında böyük bir Həqiqət dəryası olur, böyük bir hikmət xəzinəsi gizlənir. O da böyük dühalarda dilə gətirilir…

Bu günkü Ailə Günümüzdə mənim də sözüm bu qədər. Arzum odur, biz Ocaqçılıq ləyaqətini elə yaşayaq, ürəyimizin gücü böyüsün, azalmasın. Biz Mütləqə elə qovuşaq, Ataya elə qovuşaq, onun Həqiqətlərini elə yaşayaq, elə anlayaq, o bizim ürəyimizin, varlığımızın qüdrətinə çevrilsin. Onda dünya bizi daha yaxşı anlayacaq. Heç bir düşüncə, ideya, gerçəklik bizim qarşımızda duruş gətirə bilməyəcək. Mən Ocağımıza bunu, buna yetməyi arzulayıram. Çox düşünmək, oxumaq, öz üzərində işləmək gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Bayrağımızı öpürəm.

Qutsal Oxuma hissəsində Nurtəkin Atalı Atanın “Mütləqilik” kitabından bir parça oxudu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü sona yetir.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.

 Köçəri Ayı, 42-ci il. Göyçay.

(fevral, 2021.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir