Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”

Ocaq Günsırası ilə 17 Çiçək Ayı, 43-cü ildə (aprel, 2021) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” toplantısını keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hər birinizi xoş gördük. Yenidən hər birinizi görmək fərəhlidir. Ay içində hər zamankı kimi saytla, tədbir yazılarına düzən vermələrimlə bağlı işlərim olub. Daha çox Ocaq əməlləri görmək istəsəm də, o imkansızlığı ötə bilmədim.

xxx

Din insanı o dünya üçün yaşamağa çağırır. Allahı, onun qorxusunu yaşatmaq dinə, siyasətə, dövlətə, hər şeyə yarayır, insandan başqa.

İnsan o dünya şirnisinə, cəhənnəm xofuna ağlını qapdırıb yaşayır, yaşadığını sanır. Yaşamaq – Xeyiri yaşatmaq, Şərlə döyüşməkdir. Dinin uydurmaları şərdir. Yəni qorxu, qəzavü-qədər, qismət şərdir.

Mütləqin tələbi – qurmalısan, yaratmalısan, özünü danmalı, yenidən qurmalısan. Həyat, təbiət sənə nə veribsə, azdır, Keçicidən, ötəridən keçib əbədi, əzəli, sonsuz, kamil olana verməlisən ömrünü deyir.

Amal elə bir yoldur ki, bu yolda insan özünü yaradır, qurur, yaşayır, yolu yaşadır. Çünkü yol –İnsanlığı, Şərqiliyi, Bəşəriliyi ifadə edir.

Dində İnsan Allah üçün yaşayır. Ömrü boyunca qismətinə inanmağı, özünə inanmamağı, Allahdan qorxmağı, bu dünyaya deyil, o dünyaya inanmağı seçir. Bununla yaşayır.

Amal üstə yaşamaq – həm tələbdir, həm yoldur, həm də fərəhdir. Özünə, özümlüyünə yetməkdir. Özünə güvənməkdir, xalqa güvənməkdir. Sabaha güvənməkdir, inanmaqdır!

İnsan ömrü ilə millət, bəşər arasında bir bağ var. Ruhsal bağ. İnsan özünü yaradır, özünə yarayır, millətə, bəşərə də yarayır.

Dində din üçün, Allah üçün yaşayırsan. Dinin, Allahın tələbləri insan ruhunu qurmur, potensialını aşkarlamır, sabaha inandırmır. Həyat qorxuyla nizamlanır. Əslində həyat sevgiylə, inamla, güvənlə nizamlanmalıdır.

Atanın belə bir sözü var: Mütləq İnam – İnamsızlığın sonu deməkdir.

Nisbi İnamı nisbi inamla yox etmək mümkün deyil. Din İnamsızlığını Mütləq İnamla yox etmək olar, sonlandırmaq olar. Eləcə də Din İdraksızlığını, Mənəviyyatsızlığını, İradəsizliyini Mütləq İdrakla, Mənəviyyatla, İradəylə sonlandırmaq olar.

Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Amallaşma-Kamilləşmə hesabatımla bağlı onu deyim, son iki ay içində həm Atanın kitablarını, həm də qıraq ədəbiyyatlar oxumuşam. Bəzi məsələlər üzərində həm özüm düşünmüşəm, həm də düşüncələrimi Soylu bəylə paylaşmışam. İnsanla bağlı, əsərlərdəki olaylar, obrazların xarakterləri ilə bağlı önəmli söhbətlərimiz alınıb. Keçən görüşümüzdə Nurtəkin bacıdan Ocağın öncəki dönəmlərində yazdığı gündəliklərini oxumaq üçün götürmüşdüm. O gündəlikləri oxumuşam. Bizim Ocaqla tanışlığımızdan sonra pandemiya başladı. Düzdür, Ocağın işləri dayanmır, ancaq şərait açısından davamlı əməllər ortaya gətirmək çətinləşir. Tez-tez görüşüb səfərlər də etmək olmur. Gündəlikdən sizin (Nurtəkinə üzünü tutur – G.A.) o dönəmlərdə etdiyiniz əməlləri, getdiyiniz yerləri, çəkdiyiniz əziyyətləri izlədim. Ocaq sorağı yetirmək üçün demək olar ki, döymədiyiniz qapı qalmayıb. Eyni zamanda sizin bu qədər işi usanmadan, yorulmadan, fərəhlə etdiyinizi gördüm. Doğrudan da, sizin xalq üçün, Ocaq üçün etdiyiniz əməllər, göstərdiyiniz çabalar heyrət ediləsidir. Gündəliyi oxumaqla Ocaq arxivinin necə yaranmasını da öyrəndim. Mənə çox yaxşı etki göstərdi. Buna görə sənə təşəkkür edirəm.

Ay içində Tolstoyun “Etiraflarım”, “Sergi Ata” kitablarını oxumuşam. “Etiraflarım” əsərində Tolstoyun axtarışlarını, onun məna axtarışını, həyatını başa vurduqdan sonra ondan nələr qalacağını axtarmasını izlədim. Bu əsəri oxuduqca İnam-Əbədilik məsələsi ilə bağlı düşündüm. Doğrudan da, İnamın insan həyatında rolu böyükdür. İnam insana yaşamaq imkanı verir. Ancaq inandığın inanc sayəsində sən ömrünü necə qurursan, nəyin üzərində qurursan, bu inanc səni hara aparır. Yəni bu inancla sən sadəcə mövcudluğunu sürdürürsən, yoxsa əbədiliyə doğru yol alırsan? Dünyanı, həyatı, ən əsası da özünü dərk edə bilirsənmi? Ataya qədər olan  inanclar –  dinlər insan ömrünü qorxu, yalan üzərində qurur. Ən böyük sorunlar, eybəcərliklər də bu iki şeydən qaynaqlanır. Çünkü İnamın kökündə insanı sevgi ilə böyütmək deyil, yalanla aldatmaq, alçaltmaq, rəzil duruma gətirmək, qorxu ilə itəaətdə saxlamaq dayanır. Dinlər insana nə özünü sevdirir, nə də həyatı sevdirir. Özünə qiymət verməyən, öz dəyərini anlamayan insan bu dünya üçün, insanlıq üçün yaxşı heç nə edə bilməz.

Bu inancların ən pis cəhəti odur ki, insan Allahı sevərək ibadət etdiyini düşünür, əslində  qorxaraq, çəkinərək itaət etdiyini anlamır. Bu günlərdə tanışım Aygünlə buna bənzər bir söhbət oldu aramızda. Din yolunda döyüşmək, ölmək haqqında danışırdıq. Dedi, gör insan Allahı necə sevirsə, onun yolunda ölümə də hazır olur. Mən dedim, Allahı sevmək nədir, sevmək bir olmaq deməkdirsə, deməli, Allah da onu sevir. Bəs Allah niyə ondan sevgisini sübut etməkçün ölməyini istəyir?! Ancaq Asif Ata məndən onu istəmir, məndən Sevgi istəyir. İçində Allahı yarat deyir, onu sev, ona bərabər ol. Sonra bu bərabərlikdən bax dünyaya, bu bərabərlikdən yanaş insana. İkinci, din yolunda döyüşə atılan biri Allahı sevdiyi üçün bunu etdiyini düşünür. Ancaq din yolunda döyüşə getmək elə qorxudandır. Dinin tələbləri ilə qarşı-qarşıya qalan insan bilir ki, başqa yolla Allahın o əzablı cəhənnəmindən qurtulub cənnətə vara bilməyəcək. O qorxu ilə gedir döyüşə, sevgi ilə yox. Bayaq da dediyim kimi, bütün sorunlar qorxu ilə yalandan yaranır.

İnsanın qarşısına çıxan yeni inam, insanların bu yeniliyə münasibəti haqqında da düşündüm. İnsanlara biz həqiqətləri deyirik, işığı göstəririk. Ancaq insanlar bunu sadəcə dinləməklə yetərlənir, həqiqətlərlə üz-üzə dayanmaqdan qaçırlar. Nədən sevmirlər, niyə maraqlanmaq istəmirlər?! Həmişə mənə elə gəlirdi ki, bu onların tapındığı inanca tam şübhəsiz inanmağından irəli gəlir. Sonra anladım, əslində bu onların tam olaraq inanması ilə bağlı deyil. İnsanların ömürləri elə bir qaranlığa qərq olub ki, işıqla, həqiqətlə üz-üzə gəlməkdən qorxurlar. Həqiqətlərlə üz-üzə dayanmaq həm də onların özləri ilə üz-üzə dayanması deməkdir. O qaranlıqdan qurtulmaq gücünü özündə tapa bilmir, bunun ola biləcəyinə inanmır. Ona görə sadəcə dinləməklə yetərlənir. Bunun üzərindən düşünəndə Atanın nəyə görə İntibah yolu önərməsini anlayıram. Çünkü inam insanın içində zorla yaradılan bir şey deyil. İnsanı zorla o qaranlığın içindən çəkib çıxarmaq olmaz. Zor onu bir qaranlıqdan başqasına sürükləmək kimi bir şey olar.

Tolstoyun “Sergi Ata” əsərini oxumaqla insan duyğuları, onları necə tərbiyə etmək, necə yönəltmək, özünü qıraqdan görmək, özüylə döyüş haqqında düşünmüşəm. Sergi Ata illərlə rahib həyatı yaşayır, ancaq onun içində hərdən bir ümidsizlik, inamsızlıq, şübhə baş qaldırır. Bu cür halları uzun-uzadı ibadət etməklə aradan qaldırır. Ancaq aradan uzun illər keçsə də, hər nə qədər ibadət etsə də, bu cür halların yaranmasının qarşısını ala bilmir. Sonda anlayır ki, həqiqət – özünü hər şeydən ayırıb (təcrid edib) yaşamaqda deyil. Hər nə qədər dua etsə də anlayır ki, onun içində həm də şöhrətsevərlik var, bundan qurtula bilməyib.

Qıraq ədəbiyyatlar oxuyanda, olayları, obrazların xarakterləri üzərində düşünəndə Atanın dedikləri, aforizm şəklində olan qısa cümlələri mənim üçün açılır, aydınlaşır.

Xalqlaşma hesabatımla bağlı onu deyim, bizim rəğbətçimiz Nigarla yazılar paylaşıram, bu yazıların üzərindən söhbətlərimiz olur. Son zamanlar Aygünlə üç görüşüm olub. Son iki görüş daha uğurlu alınıb. Hər iki görüşdə biz ortalama iki saata qədər müxtəlif qonular üzərindən söhbət etmişik. Aygünlə söhbət zamanı onun xarakteri ilə bağlı bir cəhəti izləyib düşündüm. Doğrudur, tək Aygünün xarakterinə əsaslanıb bunu hər kəsə aid etmək doğru olmaz. Bayaq vurğuladım, insanlar elə bil qaranlığa qərq olublar, nəyəsə etiraz etmək gücləri də yoxdur. Ancaq Aygün o qaranlığı görə bilir. Bunu belə deyim, sanki o qaranlığın çevrəsində dolanır, ancaq qəribədir, yenə o qaranlıqdan tutur. Yəni o qaranlıqdan tam qurtulmaq, həqiqətlərə doğru irəliləmək gücünü tapa bilmir özündə. Bu mənim yadıma Ocağa yeni gəldiyim çağları saldı. O vaxtı elə Ailə Günündə özümdəki qorxu ilə, cəsarətsizliklə bağlı demişdim. Mən həm oxuyurdum, həm də sizi dinləyirdim. Ağılın məntiqi ilə yanaşanda qarşıma çıxan bu inamın tam doğru, indiyə qədər daşıdığım inancın da yalan olduğunu anlayırdım. Ancaq hərdənbir cəsarətsizlik, qorxu halı yaşayırdım. Hərdən elə bil lap mənə qəribə gəlirdi, mən necə çıxıb kimlərinsə arasında deyə bilərəm ki, mən filan şeyi qəbul etmirəm, bunu qəbul edirəm. Bir müddət keçdikdən sonra həm oxuduqlarım, həm də sizdən dinlədiklərim elə bil bir-bir mənə tam çatdı, içimdə təsdiqini tapdı. Hərdən özüm də heyrət edirdim ki, necə olub, mən indiyə kimi dəfələrlə təkrarladığım bu cümləni, ya da dəfələrlə oxuduğum bir şeylərin mənə nələr dediyini tam anlamamışam. Atanın dediyi kimi, idrakın aşkarlanması məsələsi var. Yəni təkcə görməklə insan özündə o gücü tapa bilmir. Gərək oxuduqlarını, dinlədiklərini tam dərk edəsən ki, içindəki qorxu, cəsarətsizlik halı da yavaş-yavaş aradan qalxsın. Yenə bayaq dediyim kimi, bir anda yaranması mümkün deyil, bəlli aşamalardan sonra adam o gücü özündə tapır. Aygün də oxuyur, söhbətlərimiz də olur, ümid edirəm, o da o gücü özündə tapacaq. Düşündüklərim, demək istədiklərim bu qədər. Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mərasimin tələblərinə uyğun olaraq, Amallaşma ilə bağlı onu deyim, bu məndə həmişə olur. Atanın kitabları, Soylu qardaşımın kitabları əlimin altındadır. İnsanlaşma ilə bağlı həmişə düşünürəm. Necə etməli ki, insan öz ömrünü insanlıq yönündə qura bilsin, ömrünü bütövlükdə Amala həsr edə bilsin. Yaşayış tərzimi çalışıram bu yöndə quram. Xalqlaşma işi ilə bağlı bir qədər zəifəm. Ocaqçı gərək Xalqlaşma işini o biri əməllərlə paralel yerinə yetirə bilə.

Qoyulan qonu ilə bağlı onu deyim, mən dindarların dinə həqiqi mənada inanmağına inanmıram. Bir inamda qorxu, itaət ki var, bunlar şərdir. Mütləqə İnamda tələb var, gərək şəri içində öldürəsən. Yerini xeyirə verəsən. Dindarlar isə şər duyğuları ürəklərində becərirlər. Mən inanmıram, onlar Allaha tam olaraq inansınlar. Həyatda hər bir dindar öz həyatını yaşayır, mollalar qazanc mənbəyi kimi dindən yararlanır. Qalanları isə qurbanlıq kimi dinin əlində vasitədir. Mütləqə İnam isə mənim üçün doğru bir Yoldur.

Bacılarımın izharları mənim ürəyimdən xəbər verdi, sanki düşündüklərimi dinlədim.

Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ailə Günündə əsəs məsələ Amallaşma, Kamilləşmə hesabatı verməkdir. Amallaşma ilə bağlı onu deyim, hər ay On Qutsal Bitiyin biri stolüstü kitabım olur. Onu demirəm, tam ardıcıl sinəmə yığıram. Ancaq ara-sıra oxuyuram. Bu dəfə də “Anlam İnsanliyi” kitabını oxudum. Olaylara konkret münasibət bildirilir, mən də özüm üçün düşünüb təhlil edirəm. Atanın hər hansı bir düşüncəsini oxuyuram, ona öz münasibətimi düşünürəm. Kənd arasında hər hansı düşüncəni Atanın cümləsi ilə deyəndə bir az çətin anlaşılır.

Kamilləşmə ilə bağlı halım sabitdir. Qabaqlar vaxtımın bir hissəsini Ocağa ayırırdım, indi daha çox hissəsini ayırıram. Bu da Məbədlə bağlıdır. Çünkü Xalqlaşma işim çoxsaylı adamlarla olmur, kənd içində rayon mərkəzində olduğum çağlarda olur.

Bu gün də iki nəfərlə söhbətim olub. Lövhələrin sifarişi üçün getmişdim. Orda olanlar, eşidib bilənlər maraqlanırlar. Atanın ideyalarını eşidiblər. Yeni suallar verirlər, mən də cavablandırıram. Hətta öyrənmək istəyənlər də olur. Kənd içində də hara getsəm, hər yerdə baş verənlərə ancaq Ocaq yönündən münasibət bildirirəm. Mən artıq düşüncəmdən çıxarmışam, bunu kimsə qəbul edər, ya etməz. Ya da tərs münasibət göstərər. Məbəd də görənlərdə maraq oyadır. Lövhələri də yazdırmışam, hazırdır. Onları da asacam. Məbədlə bağlı etdiyim hər bir iş qıraqdan görünür.

İndi qoyulan qonu ilə bağlı düşüncələrimi deyim. Dində insanın Allah qarşısında borcu birinci növbədə öz üzərindən cız çəkməkdir. Özü yoxdur. Allahla insan arasında ağa-qul münasibəti yaranır. Allahla İnsan arasında heç bir bağlılıq yoxdur. Ağa ilə qul necədirsə, dində də insanla Allah elədir. İnsan bütün həyatı boyu Allaha qulluqçu olur. Hətta yaxşı, insani bir əməl yiyəsi olursa, onu da Allaha xoş getsin deyə edir. Bu açıdan insan özü yoxdur. İnsan Ç.Aytmatovun “Manqurt” əsərində göstərilən manqurt gününə düşür. Din insanın nəyi varsa, əlindən alır. Şəxsiyyət kimi var olmur, düşüncəsi olmur. Yaxşı əməllərini də Allah qarşısında borcu kimi sayır. Buna görə Allah onu ödülləndirəcək – cənnət verəcək.

İnsanın Mütləqilik tələbi var. Hər bir canlının özünəxas yaşam yönü var. Hər hansı bir canlı təbiətin ona verdikləri əsasında yaşayır. Ancaq insan təbiətin ona verdiyindən artıq olanı axtarır, mənanı axtarır. Buna doğru getdiyi yol, mənanı axtarmaq tələbi həm də onu Mütləqə qovuşdurur. Belə düşüncə ilə belə bir ömür yaşayan insanın həyatı boşuna getmir. Kiçik olaylarda, nisbi olaylarda, münasibətlərdə qalmır, onun içindəki Mütləqilik tələbi onu daha yüksək əməllərə səsləyir. Qorxuyla, yalanla, həsədlə barışmır. İnsan bilir ki, içində onu daim zirvəyə səsləyən, gözəlliyə səsləyən, müqəddəsliyə səsləyən bir səs var. Bu səs Mütləqin səsidir. İnsan ona görə barışmır heç nə ilə. Çünkü onun içində təbiətin verdiyindən artıq bir qüdrət var. Mütləq tələb insani tələbdir, müqəddəslik tələbidir. Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə sözümü Ataya səcdə ilə başlayıram.

Mən sizə iyirmi il bundan öncə yazdığım üç balaca yazını oxumaq istəyirəm. Ocaqçılarla bağlı səsləntilərim var. İlginc məsələlərdir. İstəyirəm onları sizə oxuyam: “Çağdaşını duymayan, anlamayan, qiymətləndirməyən insanın qədimliyə münasibətini həqiqi saymıram. Buddaya, İsaya, sufilərə sevgisini əsil saymıram. Bu gündə qədimi görməyən insanı qeyri-kamil, bu gündə qədimi yaratmayan insanı amalsız bilirəm”.

Mən bunu niyə deyirəm, ayrı-ayrı insanlar Azərbaycanla guya qürur duyurlar, Azərbaycanın Babəki var, deyək ki, türkün Teymuru var. Halbuki biz Teymuru dəyər saymırıq. Bizə görə Dəyər – mənəvi-ruhani anlamda keyfiyyət daşıyandır. Azərbaycanın Nəsimisi ilə qürur duyuram deyirlər. Necə qürur duyursan ki, ərdəmli çağdaşını görmürsən?! Çağdaşını görmürsənsə, sən qədimliyi necə görə bilərsən, necə sevə bilərsən?! Sən qədimliyi yaşatmırsan, ancaq mən qədimliyi yaşadıram. Qədimlik məndə yaşayır, necə sən məndə qədimliyi görmürsən?! Bu olduqca ciddi bir məsələdir. Ona görə insanların boğazdan yuxarı yaşamaları bir yerə qədərdir. O dayanacaq. Çoxları Azərbaycanın qədrini bilirmi, onun qədimliyini sevirmi, onun dəyərini sevirmi?! Sevmir. Sevsəydilər, bizi daha yaxşı anlayardılar. Hələ ki sevmirlər, hələ ki anlamırlar. Yəni əslində onların hələ ki, Azərbaycanları yoxdur. Azərbaycanı onlara biz yaradıb veririk. Biz yuxarıda adlarını çəkdiyimiz böyüklərin xalqına Azərbaycan yaradıb veririk…

“İnsanlıq haqqında bilik toplayanlar bu biliyi kimə verəcəklər görəsən?! Özü ömrünə götürmədiyini başqasının ömrünə necə yeridə bilər?! Ya insanlıq haqqında bilik, fərq etməz, ya başqa şeylər haqqında bilik, deyək, demokratiya haqqında bilik, informasiya – “dünyanın ayrı-ayrı ölkələrində filan şey yaxşıdır, filan şey pisdir” deyə bilik toplayanlar, bu biliyi işə keçirmək gərəkdir. Özəllikcə daha çox ruhaniyyatla bağlı bilik toplayanlar bu biliyi kimə verəcəklər?! Bu biliyi öz ömrünə oturtmursan, bu bilik sənin ömründə iş görmür, mənə necə verəcəksən?! Öz ömründə iş görməyən bir sözə, biliyə məni necə inandıracaqsan ki, bu yaxşı şeydir?! Sənin ömründə olsun, mən də inanım ki, yaxşı şeydir…

Asif Atanın düşüncələrini əzbərləyənlər ittiham edilir. Bəs görəsən Tolstoyun adamlara münasibəti ilə bağlı faktları öyrənib, onu saatlarla sadalayan adam nəyə nail olduğunun fərqindədirmi? Ata-Evlad münasibətindən başqa bütün münasibətlərə qibtə ilə baxan adamların içdənlik ölçüsünün adı nədir görəsən?!

İndi buna bir əlavə etmək istəyirəm. Göytəkin deyir, insanlar deyirlər, Allah yolunda ölümə gedirik. Axı sən Allah üçün ölmürsən. Sən cənnət üçün ölürsən. Nə edirsənsə, cənnət üçün edirsən. Allahın yolu deyirsən, əslində içində cənnəti göz önündə tutursan. Sənin üçün Allahın yolu cənnətdir, cənnətdən başqa Allahın yolu yoxdur. Əgər Allahın yolu ədalət olsaydı, dünya çoxdan ədələtə bürünərdi. Əgər Allahın yolu həqiqət olsaydı, Allahın yolu gözəllik olsaydı, Allahın yolu ümid, inam olsaydı, sən də o yolu getsəydin, dünya çoxdan ağ günə çıxmışdı. Çıxmayıb. Deməli, sən yalan danışırsan. Yalan danışdığın üçün də sən dindarsan, inamçı deyilsən.

İndi ikinci yazını oxuyum: “Asif Ataya varlığı ilə bağlı olan Evlad! Batan Günəşdə, doğan ayda, sayrışan ulduzlarda, xışıldayan yarpaqlarda, otların meh ilə öpüşməsində, yolların sükutunda Atanın varlığını duyursan, xatirələrinə kədərlənirsən. Bəs insanın üzünə baxanda necə, Atanı duyursanmı?! Atanı insan üzünün gözəlliyində duyduğun üçün də sevinirsənmi?! İnsanda görmürsənsə, görüb də sevinmirsənsə, onda Ataya bağlılığın necə əsil ola bilər?! Atanı insan üçün öyrən, Atanı insan üçün dərk elə, Atanı insan üçün sev, onda Atanı təsdiq edərsən”.

Baxın, dindən bizim fərqimiz budur. Din Allahı nə üçün sevir, bəs sən Atanı nə üçün sevirsən?! Atanı insan üçün sevirəm, insanın qurtuluşu üçün sevirəm, insanın böyüməsi üçün sevirəm. Çünkü Atanın Amalı insandır, bayrağının adı insandır.

İndi üçüncü yazını oxuyum: Öncə yuxarıdakına bir-iki əlavə edim. İnsan təbiətdə, təbiətin gözəlliklərində Atanın xatirələrini duyar, kədərlənər. Əgər doğrudan da, Ataya bağlıdırsa. Ancaq necə ola bilər, mənim üzümə baxanda sən kövrəlmirsən, Atanı xatırlamırsan. Ata sənin yadına düşmür, mənim üzümdə Atanın nişanələri var axı. Təbiəti sevməyə nə var, təbiəti hamı sevə bilər. İnsanı sevmək məsələsi var. İnsanı öyrənmək məsələsi var.

“Təbiət mənim üçün yaranıb, fəsillər mənim üçün yenilənir, çiçəklər mənim üçün açır, çay mənim üçün coşur, günəş mənim üçün doğur, insan mənim üçün doğulur, qızlar, oğlanlar mənim üçün sevilir, körpə mənim üçün gülümsəyir, göylər mənim üçün gözəldir, dünya mənim varlığımı sübut eləmək üçün işıqlanır. Gözəllik, sevgi, həsrət, vüsal mənim xoşbəxtliyimin nişanələridir”. Mənim, yəni İnsanın.

Ocaq yaşayır, yaşatmaq istəyir. Ocaq insana onun kim olduğunun gözəlliyini öyrətmək istəyir. Ocaq insanı insana bağlamaq istəyir, Mütləqə bağlamaq istəyir. Ona görə mən Ailə Gününün Amallaşma tələbi ilə bağlı istəyirəm sözümü belə deyəm. Mən bu vaxta qədər daha çox öyrənirdim. Atanı öyrənirdim, Atanı öyrəndikcə dünyanı, həyatı öyrənirdim, insanı öyrənirdim, yəni özümü öyrənirdim. Atanı öyrəndikcə göylərin, yerlərin sirrini, gözəlliklərini öyrənirdim. İnsanlığın sehrini, möcüzəliyini öyrənirdim. İndi mən öyrənməkdən daha çox öyrədirəm. Öyrəndiklərimlə yaşadığım üçün öyrədirəm. Öyrəndiklərimlə birikdiyim, bərkidiyim üçün öyrədirəm. Ona görə də Atanın İnsana ismarıcını daha çox dərk edirəm. Öyrətdikcə dərk edirəm. Öyrətdikcə yenidən öyrənirəm. Mənim Amallaşmam indi belə bir xətt üzrə gedir. Mən böyük düşüncəli insanları oxuyuram. Oxuduqca bilirsiniz, onlarla bağlı çoxsaylı yazılar yazıram. Bu yazılarımla mən həm də öyrədirəm, başqalarına Atanı öyrədirəm. Mən Tolstoyla bağlı yazı yazıram, əslində başqalarına Atanı öyrədirəm. Mən H.Cavidlə bağlı yazı yazıram, Şekspirlə bağlı yazı yazıram, Atanı başqalarına öyrədirəm. Hamısının dediyini, deyə bilmədiyini, demək istədiyini Atanın ölçüsü ilə ümumiləşdirib insanlara çatdırıram. Baxışları bədii ədəbiyyata yönəltmək istəmirəm, bədii ədəbiyyatın ötəsində olan insan gözəlliyinin, insan yaşamının anlamına yönəldirəm. Mənim istəyim, hədəfim də odur. Mən ədəbiyyatşünaslıq istəyində, həvəsində olan adam deyiləm ki, ədəbi ələşdirmələrlə uğraşıb yetərlənim. Mənim hədəfim İnsana İnamın bayrağını ucalara qaldırmaqdır. Asif Atanın bayraqdarıyam mən. Onun İnsanlaşma çağırışının bayraqdarıyam, onun bayrağını ucalara qaldırmağa çalışıram. Onun bayrağını qəlbimin başına sancdığım qədər ucaldıram. Asif Atanın bayrağını əlimdə tutmuram, ürəyimdə tuturam, başımda tuturam. Ona görə onun dəyərini insanlara çatdırmağa çalışıram. Özüylə döyüşümün yönü bu xətdə özünü doğruldur. Hər addımda insana dediyim sözün doğruluğuna əmin olmaq üçün öz içimdə onun surətini, yaşantılarını görməyə çalışıram. İnsana sözü kitablardanmı deyirəm, yoxsa ürəyimin sevgisindənmi deyirəm?! – Mənim özüylə döyüşüm bütünlüklə bu yöndədir, sözü kitablardan deməyim. Kitablardan deyilən söz bilikdən deyilən sözdür. Kitablardan öyrənilib deyilən söz, hardasa boğazdan yuxarı deyilən sözdür, ürəyə çatmayan sözdür. Ürəkdən deyilməyən söz ürəyə çatmır. Ürəkdən deyilməyən söz beyinlərə çatmır. Mən bu həqiqəti bilərək, dərk edərək insanlara sözümü deyirəm. Bu yolda da, söz yox, addımlarımın doğruluğunu, yanlışlarımın nədə, harda olduğunu bəlirləyib özümə deyirəm. Bəzən qırağa çıxmalarım da olur, bəzən insana sevgim ona acığımla da əvəz olunur. Bu da mənim, görünür, bəlli məsələlərdə axtarışlarımın bütünləşməməsi deməkdir. Dünya, həyat, insan həm olduqca ciddi məsələdir, həm də yaxşı mənada mürəkkəb məsələdir. Çünkü bizə hər şey bəzən sadə görünə bilər, çıxılmaz görünə bilər. Məsələ nə düşündüyümüz qədər (adilik baxımından) sadə deyil, nə də düşündüyümüz qədər çıxılmaz deyil. Bunların konturlarını, sınırlarını daha çox bəlirləməyə çalışıram. Asif Atanın Özüylədöyüş ideyası o qədər önəmli bir məsələdir, onun bütün çalarlarını hər yöndən düşünürəm. Çünkü ən çətin məsələ içdənlik (səmimilik) məsələsidir. İnsan hər şeyi bacarır, içdənliyi bacarmır.

İnsanın özü ilə bağlı içdənlik nədir, – özünü qoruma instikti, gizli eqo. İnsan heç vaxt qarşısında oturanla sağlam münasibətdə, sağlam əhvalda dura bilmir. Niyə? Çünkü heç vaxt özü ilə sağlam ünsiyyətdə olmur, özü ilə səmimi ünsiyyətdə olmur. Nə qədər ki insan özüylə səmimi ünsiyyətdə olmayacaq, o insan heç bir vaxt ruhaniyyatın nə demək olduğunu dərk eləməyəcək, ruhaniyyatın incəliklərini anlamayacaq. Özüylə səmimi olmağı bacarmayan başqasında nəsə axtaracaq, özünü ağıllı sayacaq, özünü yetkin sayacaq. İnsan özünü aldatmağa başlayacaq, onsuz da aldadır. Əgər istəyirsən dünyaya işıq salasan, istəyirsənsə insani münasibətlər gözəlləşməyə başlasın, özünü aldatmaqdan vaz keç. Özünü nə qədər aldadacaqsan, bir o qədər də başqalarını aldadacaqsan. Gerçəkdən öz mahiyyətinə, mənasına bərabər yaşamaq ciddiyyətlə içdənlik istəyir. Öz mənasına bərabər yaşayan adam heç vaxt topluma acıqlanmayacaq ki, mən buna söz deyirəm, bu qulağından alır, o biri qulağından gedir. Sən hələ bax, gör öz dediyin söz öz qulağına düşübmü, bunu yoxla. Gör topluma dediyin uğurlu sözü özünün içinə oturtmusanmı?! Buna görə mən özüylə döyüşü bu yöndə qururam, bu yöndə axtarıram. Hər an özümlə döyüşürəm, özümü göz önündə tuturam. Nəyi doğru elədim, nəyi doğru eləmədim. Bu günün özündə də belə edirəm. Mən arxayınlaşmıram. Ona görə daim axtarışdayam. Öncələr də demişəm, mənim ən böyük yağım mən özüməm. Mənə düşmən münasibəti gərək deyil. Mən özüm özümü yetərincə mühakimə edirəm, yetərincə döyürəm.

Bir də məsələnin Xalqlaşma yönünü deyim. Mənim bu gün Xalqlaşma işimin əsas yönü iki xətdə dəyərləndirilə bilər. Ocaq içi münasibətlərdə, Ocaq dışı münasibətlərdə. Sizə açığı deyim, Ocaq dışı münasibətlərdə mənim söhbətlərim həmişə olur. Bireysəl söhbətlərim daha çox olur.

Bu yaxınlarda, bildiyiniz kimi, Bilən Bakıya gəldi. Bu, Xalqlaşma yönündən Bilənin ciddi bir hünəri idi. Gəldi, həm amaldaşına baş çəkdi, həm də görüş təşkil etdi. Getdik, çox yaxşı, ciddi söhbət oldu. Yaxşı söz dedik. Belə olur, insanlara inamın gərəkliyini, dinin qüsurlarını deyirsən. Bəzən az qəbul edirlər, bəzən çox qəbul edirlər, ancaq ağılları tərpədirik. İnsanları özünə baxmaq yönündən, özünü görmək yönündən yaxşı anlamda şübhəyə salırıq. Bu yaxşı bir şeydir.

Sonra, telefon zəngləri, internet üzərindən söhbətlərim olur. Bir də yazılarımla olur. Yazılarımı saytlardan oxuyanlarla ünsiyyətlərim olur, söhbətlər edirik. Bu yazılar üzərindən söhbətlərim çox dinamik də deyil, nə də dramatik deyil. Pozitiv yanaşmalar var, təşəkkür edənlər var, öyənlər var. Tənqid edənlər yoxdur ki, söhbətlər dərinləşə. Mən də istəyirəm, ərk edib tənqid edən də olsun ki, burası belə deyil, elədir. Ona görə mənim Xalqlaşmada söhbətimin Ocaq dışı xətti daha çox təbliğat xarakteri daşıyır, daha az böyütmə xarakteri daşıyır. Çünkü canlı ünsiyyətlər az olur. Mənim söhbətlərimin ikinci xətti Ocaq içi söhbətlərimdir. Amaldaşlarımla söhbətlər isə daha çox qurucu söhbətlərdir. Son dönəmlər mən ən çox İnamlı, Göytəkin, Bilənlə söhbət edirəm. O birilərlə də ara-sıra söhbətlərimiz olur. Bu söhbətlərimiz də həm dinamik, həm də qurucu yöndə gedir. Mənim Xalqlaşma məsələm belə bir məna kəsb edir.

Bir də genel Ocağın durumu ilə bağlı demək istəyirəm. Dünya çox əyridir. Həyat hər gün əyilir. İnsanların mənəviyyatı hər gün əyilir. Ölkə də hər gün əyilir. Günü-gündən əyilir. Elə şeylər var, əyilmə bizdən asılı deyil. Ancaq əyilməyə dirəniş göstərmək, dirəniş yaratmaq həm də bizdən asılıdır. Dünyanın əyilməsini dərk edirsənsə, həyatın əyilməsini dərk edirsənsə, onda öz içində əyrini düzəltməklə daha çox uğraşmalısan. Bu, mənim amaldaşıma, özümə sözümdür. İçini düzəltməklə daha çox uğraşmalısan. Sənin için əyilənlərə heç bir mənada bənzəməməlidir. Günü gündən təzad böyüməlidir. Qıraq – mən, qıraq – Ocaq təzadı günü gündən böyüməlidir. Bunun üçün də daha çox özüylə ciddi uğraşmaq gərəkdir. İndi daha çox özüylə uğraşmaq Amallaşma xarakteri daşıyır. Amalllaşma işi də qətiləşdikcə, artdıqca, böyüdükcə, Mənanı anlayıb dərk elədikcə, Mənanı ömrə gətirdikcə adamın deməyə sözü daha çox olur. Qırağa demək istədiyi, amaldaşına demək istədiyi sözü daha çox olur.

Bu çətin dönəmdə həm pandemiya var, həm də yaşamaq çətinliyi, maddi çətinliklər daha çox artır. Ocaq bu çətinliklərin artacağı, dərinləşəcəyi məqamlar üçün hazır olmalıdır əslində. Gen gün üçün hazır olmağa bir şey yoxdur. Dar gün üçün Ocaq hazır olmalıdır. Ocağın da hazır olması Ocaqçıların günü gündən Ata ilə dolması, dərinləşməsi, böyüməsi deməkdir. Çünkü elə-belə düşünmək olmaz, biz qıraqda olanlardan daha çox söz bilirik, daha çox söz deyə bilərik. Məsələ tək onunla başa gəlmir. Məsələ, hər zaman vurğu elədiyimiz kimi, “Ruhani Cəmiyyət”in (Ruhani Birliyin) qurduğumuz kiçik modelini zənginləşdirmək, dərinləşdirməkdir. Bu yolda uğurla irəliləmək istəyən insan Ocaq olacaq, Ocağın dirənişinə, gücünə çevriləcək, olmayan dayanacaq. Olmayanın içi quruculuğa doğru olmur ki. Mən bunu görürəm. Çünkü özüm içimi qururam. İçimi qurduqca quruculuğun nə demək olduğunu dərk edirəm. Görürəm mənim özümlə uğraşmağım qıraqdakında yoxdur. Mən zaman-zaman bütün bunların hamısını görmüşəm. Atanın ölümündən sonra genel adsıraya baxıb görürəm, iyirmi dörd adam gətirmişik Ocağa. Az say deyil. Onlar bir vaxt qaldılar, mən dediyim şəkildə Ocaqlaşmadılar, yaxalarını həyatın əlindən ala bilmədilər, sonra çıxıb getdilər (qalanlar da iş görür). Qalmaq üçün gəlirsən, and içirsən ki, insan olacam. And içirsən, heyvanlıqdan ayrılacam, ayrılmırsan. Sonra ora qayıdırsan. Ona görə də mənim dediyim məsələ ilə bağlı biz özümüz oturub ciddi düşünməliyik. Bu dediklərimi ünsiyyətdə olduğumuz insanlara da aşılamalıyıq. Bildirməliyik, Ocaq açısından Azərbaycan nə deməkdir, dünya nə deməkdir, insan nə deməkdir, həyat nə deməkdir, vətən nə deməkdir. Ora çağırmlıyıq. Başlıca olaraq, İnsana çağırmalıyıq. İnsana doğru gəlməsən, sənin nə vətənin olacaq, nə ailən, nə anan, nə atan, nə də kimin, kimliyin olacaq. Atalı yetim olacaqsan, analı yetim olacaqsan.

Bizim Ocaq tədbirlərimizin, başlıca Ailə Günlərimizin canı, mənası budur. Öyrənmək, öyrətmək. Verdiyimiz hesabatla həm öyrənirik həm də öyrədirik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq, Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.

Üzü yazıldı: Çiçək Ayı, 43-cü il. Göyçay.
(aprel, 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir