Xəbərlər

Uluyol-Hünər Ailəsinin “Ailə Günü”

Ocaq Günsırası ilə 24 Od Ayı, 43-cü ildə (iyul, 2021) “Uluyol-Hünər” Ailəsinin sonrakı “Ailə Günü” keçirildi. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu aydakı halım haqqında ciddi  deyəcəyim yoxdur. Bilirəm, Ailə Yükümlüsü kimi bu mənim passivliyimin göstəricisidir. Ay içində gələnəksəl işlərimi görmüşəm.

Göytəkinin yazdığı qonu ilə bağlı düşüncələrimi oxuyacam: “Dinin tövbəsi insana nə verir, İnamın özüylə döyüşü nə?”. – Tövbə insanın öz günahını Allah qarşısında söyləməsi, ondan bağışlanmasını diləməkdir. Adam tövbə edir ki, bir daha filan günaha qayıtmayacaq. Əslində nəyin günah olub-olmamasının özünü bilmək gərəkdir. Nəyin doğru, nəyin yalan olmasını bilmək üçün həqiqət ölçüsü gərəkdir. Bunsuz nəyin günah olduğunu, nəyin günah olmadığını bilmək olmur. Adamın qarşısına elə tələblər qoyulur, insan bir çox şeyləri günah hesab edir. Məsələn, dini məsələləri sorğulamağı, araşdırmağı, başqa bir sıra şeylər olur ki, insan bunları özünə günah sayır. Tövbədə adam o günahı, günah saydığı nəyisə, ya da  ümumi insanlığın günah hesab etdiyini etiraf edir. Onun bağışlanmaq diləyib üz tutduğu Allahdır, özü deyil. Özü ilə üz-üzə qalmır. Allahla da üz-üzə qalmır əslində. Allahdan bağışlanmaq diləyir, Allahdan asılı qalır. Günahdan o zaman təmizlənmək olar ki, nəyinsə əsasında özünü qurasan, yaradasan, o günahdan arınasan. Yalnız bağışlanmağını istəmək çıxış yolu deyil. Özüylə döyüş insanı özü ilə üz-üzə qoyur . Özünü görmək özüylə döyüşün birinci aşamasıdır. Tövbə edən Allahdan qorxaraq günahını tövbə edir. Etiraf edən Mütləq qarşısında etiraf edir. Özümlüyünə yüksəlmək üçün çalışır. Tövbə edən elə bəndəliyində qalır. Etiraf edən insanlığa yüksəlir, insanlığı qoruyur. Bir insanın yaşamasında onun ölçüsü önəmlidir. Çünkü öz yaşamı ilə, insanlıq qurallarını yaşamaqla insanlığı qoruyur. Öz ömründən sonrakı ömürlərə ötürür. Tövbə bəndəliyi qorumaq yollarından biridir. Nə qədər ki, insan Allahdan asılı olacaq, özünə şübhə ilə yanaşacaq. Doğrumu etdim, Allah bağışlayacaqmı?! Daim özünə qarşı əminlik, özünə qarşı inam, güvən olmayacaq. Dində bəndənin ölçüsü insanlıq deyil, onun ölçüsü başqadır, din qurallarıdır. İnamda insanın ölçüsü Mütləqdır, İnsanlıqdır. O ölçü ilə yanaşanda, baxılanda özünü  yaradır, yanlışlarını ötüb özümlüyünə çatır.

Atamız Var olsun!

 Göytəkin Atalı (Ataya səcdə edir – G.A.): Keçən Ailə Günündən bu günə qədər bir neçə kitab oxumuşam. Həm Atanın kitabını, həm də qıraq ədəbiyyatlar oxumuşam. Son aylarda daha çox özümlə bağlı düşünmüşəm. Özəllikcə də Atanın kitabını oxuduqdan sonra. Kitabda bir çox hissələr vardı, mənim özümlə bağlı yanlışları görməyimə səbəb oldu, indiyə qədər bunu görə bilməməyimə çaşıram. Atanın “İnam və Şübhə” kitabını oxuduqca yaranan düşüncələrim daha çox özümlə bağlı olduğuna görə gündəliyimdə yazmışam. Həmin yazılardan oxumaq istəyirəm.

Gündəliyimdə Atanın bir düşüncəsini yazmışam: “İnsan başqası ilə heç vaxt daxilən qovuşa bilmir, insan heç vaxt başqasının qəlb kitabını oxuya bilmir. Nəhayət vaxt gedir və ölüm insanı öz ağuşuna alır”.

Bu bir neçə cümlə üzərindən özümün insanlara münasibətimlə bağlı düşündüm. Nədən insanlara qəlbən yaxın ola bilmirik? Mən çevrəmdəki insanlara münasibətimi düşündükcə öncə onların çatışmazlıqları gözümün önünə gəlir. Çatışmazlıqları gördükcə o adamlardan uzaqlaşmaq istəyirəm. Bu cür yanaşmam doğrudurmu?! Nədən insanları sevmək əvəzinə onların qüsurlarını düşünüb uzaqlaşmağa çalışıram. Məncə insana münasibət bu cür yanaşmalardan pozulmağa başlayır. Biz insanlara sevgi ilə, səmimi duyğularla da yanaşa bilərik.  Əvəzində onların mənfi cəhətlərini düşünüb içimizdəki sevgisizliklə, üzümüzdəki saxta təbəssümlə yanaşırıq. Bizim içimizlə üzümüz bir olmur. Qarşımızdakı ilə bizim aramızda gerçək səmimi münasibət deyil, süni münasibət yaranır. Get-gedə münasibətlər soyuyur,  yalnız təmənnaya dayanan münasibətlər şəklində davam edir. Bundan başqa, biz başqalarının müsbət keyfiyyətlərini önə çəkib özünə deməyi də bacarmırıq. Buna da içimizdəki eqoistlik mane olur. Adam başqasını özündən üstün görməyi qəbul edə bilmir. Sanki birinin yaxşı cəhətlərini dilə gətirsək, o bizdən yüksəkdə dayanacaq. Doğrudan da, insanlar arasında səmimi münasibətin yaranması insanın özünün hər bir duyğusunu sorğulamasından asılıdır. Bir də Atanın dediyi kimi – “Əsl İnsan özündən çox başqasını düşünməlidir”.

Yenə Atanın başqa bir düşüncəsini örnək göstərim: “Dünya yadlaşanda, uzaqlaşanda insan hər şeydən, o cümlədən özündən də küsər”.

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Çevrəmizdə bizi anlayan biri yoxdur, onunla bir ola biləsən, onunla nələrisə bölüşə biləsən, onda özünü tapasan, o sənin dünyanın doğmasına çevrilə, səni anlaya, tənhalıqdan qurtarasan. Beləsi olmayanda insan öz dünyasına çəkilir. İnsanın öz dünyası olmayanda təkliyə çəkilmək ona bədbinlik, ümidsizlik gətirər. İnsanın öz dünyası zəngin olarsa, özüylə tək qalanda nələrisə aşkarlayar, yenilənər. Belə halda özüylə tək qalmaq insanı yenidən yaşama, dünayaya bağlayar. İçindəki bu yeniliyi, nikbinliyi duyurmaq  tələbi ilə ayağa qalxar.

İndi “Gediş Yazısı”ndakı qonu ilə bağlı düşüncələrimi demək istəyirəm. Dində tövbə məsələsi ciddi önəm verilən bir məsələdir. Tövbə Allah qarşısında günahları etiraf etmək, ondan çəkinməkdir. Öncə mənə ziddiyyətli görünən tərəfini demək istəyirəm. Bir halda ki, Allah yaratdığı haqqında hər şeyi biləndir, görəndir, onda onun qarşısında nəyisə etiraf etməyə, dilə gətirməyə nə ehtiyac var. İnsan Allahla ünsiyyətdə olur, hər hansı bir günahını dilə gətirir, ondan tövbə edir. O günahdan əl çəkmək üçün özünə söz verir, ya da Allaha söz verir. Bundan sonrakı aşamada verdiyin bu sözü tutmaq üçün ortaya iradə qoymalısan. Dində iradə göstərmək məsələsi qıraqda qalır, qorxu önə keçir. Mən özüm din ritualları ilə uğraşanda, bəzi əhvallarımla bağlı, bir neçə dəfə tövbə etmişəm. İçimdəki qorxunun etkisi ilə bir müddət o günahdan çəkinmişəm. Çünkü tövbə edib çəkinmək yaxşı qarşılansa da, tövbəni pozmaq ağır günah sayılır. Bir müddət onun qorxusu ilə çəkinsə də bir an gəlir, insan o qorxunu unudur, o günahı yenə edir. Qorxu insana o günahdan təmizlənməkdə axıra qədər kömək etmir. Bir də tövbənin, günahların bağışlanması üçün edilən duanın başqa bir tərəfi də var, bu, insanda arxayınlaşma yaradır. Məsələn, müsəlman hər gün günah edir, hər gün də dua edib Allahdan bağışlanmaq diləyir. Burda günahları özünə sadalamaq, onlarla döyüşmək, aradan qaldırmaq baş vermir. Sanki insan Allaha deyir, mən səni xatırlayıram, sənin dediyini  edirəm, sən də mənim günahlarımı bağışla. Bununla içi rahatlıq tapır. Tolstoyun, oxuduğum “Uşaqlıq” povestində belə bir parça var, məni düşündürdü. Keşiş bir neçə adama tövbə etdirmək üçün gəlir. Tövbə edənlər içərisində bir oğlanın təxminən belə bir düşüncəsi var, deyir: “mən beş dəqiqə içində otaqda qaldım, çalışdım ki, bütün günahlarımı Allahdan gizlətmədən dilə gətirim. Həmin müddətdə bütün günahlarımı dilə gətirdim, bunu edə bildiyimə görə Allah məni bağışladı. Otaqdan çıxanda özümü çox rahat, mənəvi cəhətdən yüngül hiss edirdim. Mənə elə gəlirdi, bütün günahları üzərimdən atmışam”. Günahlardan təmizlənmək, mənəviyyatını təmizləmək beş dəqiqə, ya da bir neçə gün içində baş verən bir şey deyil axı. Dediyim odur, tövbə məsələsi insanda arxayınlıq yaradır. Deməli, hər nə suç işlətsən də, bir yol tövbə edərək, canını suçdan qurtara bilərsən.

Atanın “Özüylədöyüş” ideyasına görə, birinci addım kimi, etiraf məsələsi önə çəkilir. Çox önəmli məsələdir. Burada Atanın İnam, İdrak, İradə, Mənəviyyat məsələsini vurğu eləməsi özəl anlam daşıyır. İnsanın özünə doğmalaşması – özünü tanımasından, dərk etməsindən başlayır. Bu da inamla bağlı bir məsələdir. İnandıqca özünü dərk edirsən, yanlışlarını görməyə başlayırsan, bunu özünə deyirsən. Ortaya iradə qoyursan. Dinin tövbəsindən fərqli olaraq, gözləmirsən qıraq qüvvə sənə yardımçı olacaq, səni bağışlayacaq. Artıq bilirsən, bunu sən özün etməlisən. İradə göstərirsən, günahlardan arına-arına mənəviyyatını qurursan. Etiraf məsələsi ilə bağlı bir şey də deyim. Soylu Atalının “İnam Sorağında” kitabını yenidən oxumuşam. Bizim qarşımızda kiminsə səmimi etiraflar etməsi bizi özümüzlə üz-üzə qoyur. O kitabı oxuduqca orada vurğulanan səmimi etiraflar özümdə olan bir çox yanlışları görməyimə səbəb oldu. İlk başlardakı münasibətimi, halları sorğuladım. Bayaq dediyim məsələyə qayıdım, insanın müsbət keyfiyyətlərini vurğulamaq, önə çəkmək haqqında dedim. Burada insanların həqiqət ölçüsünə dayanması  məsələsinin önəmi var. Məsələn, mən Ocaqla yeni bağlaşdığım vaxtlar siz mənə elə yanaşdınız, müsbət keyfiyyətlərimi önə çəkib təqdir etdiniz. Başlanğıcda, yolu tam anlamadığı üçün, adam bu cür münasibətdən özü haqqında yüksək düşünür. Adam elə bilir, bir anda bu yolda bir ömür qoymuş adamlarla bərabər səviyyədədir. Mən də elə hiss etmişdim, bilmirəm üz tutduğum yol Atanın yolu olmasaydı, o cür düşünmək məni hara götürərdi…

Bu ay Ocaqsevər Nigarla söhbət etmişəm, Ocaqla bağlı suallar verirdi, mən də cavablandırmağa çalışmışam. Tədbirlərimizə canlı qoşula bilməsə də, çıxışları, tədbirləri göndərirəm, oxuyur. Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ailə Gününün əsas anlamı Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatıdır. Bu ay Amallaşma işimdə passiv olmuşam. Yalnız Göytəkinin mənə verdiyi Tolstoyun “Etiraflarım” kitabını oxumuşam.

Kamilləşmə ilə bağlı onu deyim, kamilliyin ən önəmli cəhəti halımın sabit olmasıdır. Enib-qalxma yoxdur. Özümü belə cəhətlərdən qoruyuram. Özünüqoruma bir yerə qədər çətin, gərgin olur. Bəlli bir dövr keçəndən sonra adamın halında bir yön yaranır. İndi halımın sabitliyini qorumaqda çətinliyim yoxdur. Ocaqçılıq əhvalım yüksəkdir.

Məni bəlli çatışmazlıqlardan, zəiflikdən Xalqlaşma işlərim qurtarır. Xalqlaşma işində uğurlarım var. Ən önəmlilərindən bir neçəsini qeyd edim. Evlad Günü mərasiminə gedəndə də, qayıdanda da, avtobusda beş kənddən adamlar vardı, onlarla söhbət etmişəm. Avtobusda qrup yoldaşımla rastlaşdım, onun verdiyi sualları cavabladım, başqalarında da maraq  yarandı, söhbətə qoşuldular. Ciddi suallar verirdilər. Ocağın önəmini, ideyalarını izhar etdim. Nə etmək, haradan başlamaq gərək olduğunu anlatdım. Onlara Ocaqla təması önərdim, evimə çağırdım. Onu da dedim, toplanın, görüş kimi hazırlayın, böyük məmnuniyyətlə gələrəm. Dinləyənlərin anlaya biləcəyi yöndə onlara çox şey dedim.

Məbədin işlərini görürəm, artıq öz görünüşünü alıb. Bu da kənd adamlarının, görənlərin marağına səbəb olur. Çaşırlar, heç kim gözləmirdi, ancaq Günev bu işi bacardı, sona çatdırdı. Neçə ildir məndən Ocağı eşidirlər, bilgiləri də var. Bəzən işə kömək edənlər də olur.

Dövlət adamlarından da  maraqlalanlar oldu, suallar verdilər, maraqla dinlədilər. Mənim başqa adamlarla görüşüb söhbət etdiyim yer var, orda da görüşlərim davam edir. Ocağa münasibət qabaqlarda olduğu kimi deyil, inamsızlıq göstərmirlər. Anlayırlar, Allahlıq məzmunu nədir, ona yanaşma nə cürdür, o məzmunu doğru izah edənlər, qoruyanlar kimdir. Söz yox, onu qoruyan, doğru izah edən Ocaqdır.

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

“Qonu” ilə bağlı düşüncələrimi də deyim. Tövbə Allah qarşısında günahlarını etiraf etməkdir. Tövbənin əsas mənası etirafdır. Adam etiraf etməyi ilə bir daha günahı etməməyə söz verir. Ancaq məsələ bununla bitmir. Günahı, şəri içində öldürməsən, günahdan çıxmaq mümkün deyil. Üzdə göstərmək xatirinə olmaz, şərin mahiyyətini anlamaq, axtarmaq, üzə çıxarmaq gərəkdir. Bunu bir kəlmə deməklə olmaz. Ardıcıl özüylə məşğul olmayan, özüylə döyüşməyən, özündəki şəri döyməyən adamda etiraf nəticə vermir. Şərə münasibət bilinməlidir, şər xeyirin yoxluğundan yaranır. Qaranlığın mahiyyəti yoxdur. İşığı söndürən kimi qaranlıq hazır olur. Ancaq işığın səbəbi, mahiyyəti var. Tanımadan, bilmədən, dinin tələbində tövbə etməklə şərdən qurtulmaq olmur. Şərdən qurtulmaq üçün Şəri doğuran səbəbləri bilmək, onsuz yaşamağın gözəlliyini bilmək gərəkdir. Xeyirlə yaşamağın fərəhini duymaqla, içinin necə zənginləşdiyini, ülviləşdiyini duymaqla, öz gözündə necə ucaldığını görməklə şəri içəridən silmək olar. Ocaqçının özüylə döyüşü budur, özümüzlə üz-üzə qalırıq, özümüzdəki şəri döyürük. İnsan özünü yaradır. Bu gözəl yaradıcılıqdır. Bu haqda çox danışmaq olar. Qısaca dedim. Qürur duyuram, yaxşı ki Ocaq var, sizlər varsınız.

Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mərasimin ənənəvi gedişinə uyğun olaraq onu deyim, Amallaşma ilə həmişə məşğul oluram. Mən də Tolstoyun “Etiraflarım” əsərini oxumuşam. Bunun üzərində düşünmüşəm, öz iç dünyamı da araşdırmışam. Tolstoydan fərqli olaraq, çox güclü inam yiyəsiyik. Ata gözümüzü elə açıb, Tolstoysayağı axtarış aparmağa ehtiyac görmədik. Düzdür, öz ömrümüzdə özümüzə uyğun araşdırmalarımız olub. Ancaq Asif Ataya inamımız, sevgimiz elə bir səviyyədədir, onun ömrünə elə inanırıq, araşdırmalarımız özümüzə münasibətdə uğur yaradıb. Atanın dediyinin həqiqətinə inanmışıq. Tolstoy bu əsərində inam məsələsinə görə axıracan tərəddüddə qalıb. Atanın öyrətmələrinə görə inam məsələsində bizim tərəddüdümüz olmadı. Dünyanın, həyatın, insanın mahiyyətini idraki yöndə daxili aləmimizdə, mənəviyyatımızda anlamaqla yaşadırıq. Başqa canlılardan fərqli olaraq, insanda iradə gücünün olmasını, bu iradə gücü ilə bütün halların tənzimlənməsini bilirik, buna inanırırq. Öz inamımız səviyyəsində özümüzü qurmağa çalışırıq. Ən çox Soylunun, eləcə də başqa amaldaşlarımın kitablarına üz tutmuşam. Xalqlaşma yönündə iş apararkən kitab verdiyim adamlar da olub. Kitab verdiklərim içində hüquq-mühafizə sistemində işləyən adamlar da olub. Oxuyurlar, onlarla bağlantım var, bəyəndiklərini deyirlər. Mən onlara deyirəm, oxuyandan sonra oturaq, geniş söhbətlər aparaq, təhlillər edək. Düşüncələrinizi deyin, bu mənim üçün maraqlı olar.

Kamilləşmə məsələsinə gəlincə, son illər həyat məsələlərinə enməyim çox olur. Bəzi şeylərdə məcbur oluram. Məsələn, ən çox rüşvətə nifrət edirəm, ancaq bəzi hallarda məcbur olub rüşvət verməli oluram. Görürəm, bu rejimdə, bu gedişdə başqa variant yoxdur. Asanlıqla ağa qara deyə bilirlər, həqiqətə arxa çevirə bilirlər, asanlıqla insanın haqqını tapdalaya bilirlər. Mən də belə məsələrdə bir az enirəm, bunlar məndən asılı olan məsələlər deyil. Məcbur olmalarım məni ağrıdır, özümə pis gəlir. Nəsimi, dərisi soyulanda belə, geri çəkilmədiyi halda, mən xırda məsələlərdə geri çəkilməli oluram. Bu da məni ağrıdır.

Dinin tövbə məsələsi haqqında düşüncələrimi də deyim. Günev bununla bağlı sadə dildə yaxşı açıqlama verdi. Tövbəni kimlər edir – peşmançılıq hissi keçirənlər. İndiki dövrdə adam fürsəti əldən verdiyinə peşman olur – pul qazanmaq, şöhrət fürsətini, vəzifə fürsətini əldən verdiyinə peşman olur. Dinə gəlincə, dində heç inam yoxdur. Üzdə yaxşı şeylər deyilməsinə baxmayaraq, inam yoxdur. Yalnız Allahdan umacaq var. Biz bilirik, umacaqla döyüşmək gərəkdir. Dindarın belə bir döyüşü yoxdur. Dindarın tövbəsinə də inanmıram. Burda insanın daxili şərlə döyüş variantı yoxdur. Mənim babam molla olub, molla da olsa, insan kimi təmiz olub, indiki mollalar kimi olmayıb. Yolu gözləyən adam olub. Mənim özümə dediyi bəzi şeylər uşaqlıqdan yadımda qalıb. Dua öyrətmişdi, deyirdi, bunu min dəfə oxuyan həm özünü həm  minlərlə insanı cəhənnəm odundan qoruya bilər. Necə asan bir variantdır. Ancaq Ocaqçılar özüylə döyüş aşamasından keçir, insanın özünü tanıması, özünə yağı kəsilməsi, içindəki şəri üzə çıxarması – bir gün deyil, bütün ömrü boyu  döyüşməsi, ona iradə gücünə yetmək yolu mövcuddur. Bu da tək məni deyil, bütün insanlığı qane edən bir variantdr. Əgər Ocaqçılardan başqa qırqaqdakılar da bunu etsə, onların da xeyrinə olar. Atamız Var olsun!

 

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ailə Günümüzün hesabat tələbi, yəni Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündə çıxışlar. Öncə onu deyim, İnamlı qardaşımız Bakıda olanda yaxşı Xalqlaşma işi olub, onun haqqında geniş danışmaq olardı. Ancaq niyəsə ötəri vurğu edib keçdi.

Mən Atanı yenə oxudum. Oxudum ki, önsöz yazım. Sonra məndə olan Dədə Qorqud ensiklopediyasına baxdım. Bəzi düşüncələrim yarandı, düşüncələrimi yazmışam. Daha geniş açmağa çalışmışam özüm üçün. İstəyirəm nə oxudum, nə anladımsa, ondan sizə danışam. Bizim xalqımızın qədimliyindən başlayan bir məsələ var, ayrı-ayrı xalqlarda da bu məsələ var. Yaranışın əsasında dayanan dörd ünsür  – torpaq, hava, od, su. Yaranışın əsasında duran bu dörd ünsürü qutsal sayırlar. Bizim xalqımız da min illərdir, bu sayılanın özünü bayram edir. Dörd çərşənbə keçirir, dörd çərşənbənin hər birinin adını çəkdiyim ünsürlərə özgün edir. Mən Asif Atanı oxuyub düşündükcə, bu çağa qədər xalqımızın, ya da bir çox xalqların qutsal saydığı, yaranışın əsasında duran torpaq, hava, su, od məsələsini Atanın ölçüsü ilə qutsal saymadım. Niyə saymadım?! – Adını çəkdiyim məsələlərin hər biri maddidir, maddinin özündə gedən proseslər var, dəyişikliklər var, onun əsasında yaranan nəsnələr var. Axı maddi özü necə qutsal ola bilər. Biz deyirik, torpaq vətən anlamı daşıyanda özündən yüksəyə qalxır, qutsal sayılır. Əgər o vətən deyilsə, niyə qutsal sayılır?! Torpaqdan bir çox şeylər əmələ gəlir. Nə olsun?! Biz insanı məgər doğub-törədiyinə görəmi qutsal sayırıq, yoxsa Atanın fəlsəfəsi ilə desək, özündə özündən yüksək məna daşıdığına görəmi?! Yəni insanlıq adlı məna daşıdığına görə, həm də insanlığa yetdiyinə, insanlığı yaşatdığına görə qutsal sayırıq. Elə olar, özündə insanlıq adlı məna daşıyar, ancaq yetməz ona, məna mücərrəd qalar bir yanda. Onda o insanı niyə qutsal sayım, niyə o bədəni qutsal sayım?! Eləcə də torpaq, hava, su, od məsələsi. Bu havanı mən uduram, fiziki olaraq mövcud oluram. Nə olsun?! Fiziki olaraq mənim mövcudluğumu sürdürməyimə gərək olursa, o qutsaldırmı?! Çörəyi niyə qutsal sayırlar, çörək qidadır, o niyə qutsal sayılmalıdır?! Çörəyi qutsal nemət hesab edirlər, mən hesab etmirəm. Çörək vasitədir, vasitə niyə qutsal olmalıdır?! Od da onun kimi. Biz deyirik, Zərdüştçülükdə Odçuluq var. Ancaq Zərdüştdə odun işıq anlamı var, mənası var. Biz odun mənasının qutsal sayıldığını görürük, odun özünü yox. Ona görə Ata dəfələrlə vurğu edir ki, Zərdüşt atəşpərəst deyildi, işıqpərəst idi. Qarışdırırlar.

Mən Atanı oxuyandan sonra bu məsələləri özümə daha geniş aydınlaşdırmaq istədim. Ata deyir, “qılıncla intibah dağılar, ya da qorunar, qurulmaz”. Bu məsələni bir daha düşündüm. Biz deyirik,  intibah – insanlığın gəlişməsi, xalqlaşması, gələcəkləşməsidir. Biz buna intibah deyirik. Ona görə intibah deyirik ki, insanlıq hayla gedib vayla qayıtmır. İnsanlıq addım-addım, pillə-pillə ölçüyə çevrilir, ömrə yeriyir, düşüncələrə yeriyir, insanları içəridən qurur, birgə yaşayışın ruhani nizamını yaradır, qutsal münasibət oluşdurur. Bunu qılıncla qurmaq olmur. Yəni inqilab yolu ilə buna yetmək olmur. Qılıncı götürüb üstümə gəlsən ki, yaxşı adam ol, mən sənin qılıncından qorxacam, ancaq yaxşı adam olmayacam. Ancaq sən intibahı yaradar, ölkəndə, xalqda, insanda intibah yolu keçərsən, bu intibahı irtica qüvvələri, şər dayandırmasın, dağıtmasın deyə onu qılıncla qoruya bilərsən. Qılıncı şərə qarşı çəkərsən. O cür intibahı qoruyarsan.  Sonra yenə mən Atanı oxuyanda düşündüyüm, öyrəndiyim bir məsələ var. Onu deyim, biz Ocaq olaraq, Ailə Günlərində hesabat veririk. Bizim hesabatımızın əsasında nə durur – dünya nədir, insan kimdir, həyat nədir?! Bu suallara daim cavab axtarırıq. Dünyanı dərk eləmək, öyrənmək bir gündə başa çatan proses deyil, lap bir ildə də başa çatan proses deyil. Dünyanı dərk eləmək – dünyada hər şeyi bilmək demək deyil. Dünyanı dərk eləmək, dünyalıq üstdə ömrü qurmaq deməkdir, yaşamaq deməkdir. Mən nə qədər sağam, fiziki olaraq mövcudam, mən dünyalığı yaşamalıyam. Ölənə qədər yaşamalıyam. Yaşamaq üçün onu hər yöndən araşdırıb öyrənməliyəm, hər dəfə öyrənməli, hər dəfə özümə deməli, hər dəfə ömrümə gətirməli, yaşamalıyam. Ona görə bizim amallaşma yönündə dediklərimizlə hər dəfə ayrı-ayrı biçimdə dünya nədir sualına cavab veririk, insan kimdir sualına cavab veririk, həyat nədir sualına cavab veririk. Hər yandan həyat necədir – onu izah edirik, aydınlaşdırırıq. Nəyi əyridir, nəyi düzdür, nəyi yalandır, nəyi doğrudur, həm özümüzə, həm də başqalarına deyirik. Bizim hesabatımızın yönü bu olur. Mən də Atanı oxuduqca bu məsələlərə aydınlıq gətirməyə çalışıram, dünyanı tanımağa çalışıram, həyatı bilməyə çalışıram. Dinin bizə öyrətdiyi, aşıladığı bir şey var, alın yazısı. Alın yazısı – bədənin, canın, cismin nizam tapması, bəlli bir nizamla hərəkət etməsi, bəlli bir nizamla mövcud olmasıdır. Axı bədən nisbidir, axı can, cisim nisbidir. Nisbinin nizamına öncədən necə hökm vermək olar, necə nisbini Mütləqləşdirmək olar?! Əslində alın yazısı nisbini Mütləqləşdirməkdir. Yəni öncədən hökm verməkdir, belə olacaq, dəyişməyəcək. Nisbi bir mövcudiyyətə Mütləqilik möhürü vurmaq, onun nizamını Mütləq saymaq, dəyişməz saymaq avantüradır, ayrı şey deyil.

Əslində bunların hər biri – can, cisim, bədən, insanın mövcud olması, hərəkəti, fəaliyyəti, hamısı gözlə görünənlərdir. Bu gözlə görünənlərin hamısı Mütləq şəkildə Allaha özgün edilir. Biz deyirik, olaylar Mənadan gəlir, Mənanın oluşumudur, təzahürüdür, biçimidir. Ancaq Mənaya bərabər götürmürük. Mənadan gələni Mənaya bərabər götürmürük, Mənanınkı saymırıq. Çünkü Mənanınkı ola bilməz. O nisbiləşir, adiləşir, azala-azala gedir, başa çatır. Dində isə gözlə görünən bu tip şeylərin hamısını Allaha özgün sayırlar. Əslində Allah Mütləqiliyini itirir.

Sonra, Atada belə bir deyim var: “Hər hansı bir olay ötəridir, ancaq ötərilik özü əzəlidir”. Bəlkə də biz bunların çox vaxt fərqinə varmırıq. Atanın dediyidir, Ataya inanırıq, çox vaxt mühakimə etmirik, sorğulamırıq. Nə deməkdir ötərilik əzəlidir?! Olaylar meydana çıxır, ifadə olunur, başa çatır. Yəni hər hansı bir olay ötəridir. Ancaq bir olayın yaranması, başa çatması onun bütünlükdə bitməsi demək deyil. Yəni  biri başa çatacaq, başqası yaranacaq, olay bir daha yaranacaq. Ona görə Ata deyir, ötərilik əzəlidir. Yəni olayların meydana çıxması, ifadə olunması, başa çatması əzəli prosesdir. Yəni Məna hər zaman təzahür edir, görsənişə gəlir. Məna özü əzəlidirsə, deməli, Məna elə əzəldən də təzahür edir, olaylaşır, görsənişə gəlir. Yəni Məna öncə olub, ancaq öncələr təzahür etməyib məntiqi yoxdur. Məna daim təzahür edir, daim görsənişə gəlir. Deməli, Məna əzəlidirsə, onun görsənişə gəlmə prosesi də əzəlidir. Buradan başqa bir məsələ çıxır ortaya. Əgər biz bunu belə deyib keçəriksə, aydınlıq gətirməriksə, onda gəlib ora çıxarıq, din deyir xeyir də, şər də Allahdandır. Yəni belə götürə bilərik, xeyir də, şər də Mütləqin təzahürüdür, Mütləqdəndir. Ata deyir, Şər – Xeyirin yoxluğudur. Şərin öz varlığı yoxdur. Həm də mahiyyətin daim nisbiləşən gerçəkləşmələri var. Nisbiləşən gerçəkliklər şərə keçid edə bilərmi?! Hardasa, nədəsə, nəsə edə bilər. Bəs onda necə olur, şərə keçid də əzəlidirmi?! – Şərə enmə, azalma əzəli ola bilər. Şərin öz varlığı əzəli ola bilməz.

Xeyirin azalması, əslində nisbiləşməsi əzəlidir. Ancaq şər özü əzəli deyil. Bu da fəlsəfənin toxunmalı olduğu məsələdir. Ötərinin deyil, Ötəriliyin əzəli olması, şərin deyil, şərə enmənin, azalmanın, nisbiləşmənin, kiçilmənin əzəli olması. Şər ötəridir, yəni ötərinin əzəli olmasından söhbət getmir. Şər niyə ötəridir?! – Biz baxırıq, insan var olandan, hayat var olandan şər var. Bəs bu niyə ötəridir, çünkü şər mayada deyil, mahiyyətdə deyil, o insanda başa çatır. İnsanda həmişəlik deyil. Yəni insan onu daşıyar, elə də ölə bilər. Söhbət mahiyyətinə bərabər olan, özünü tanıyan, özünü dərk edən insandan gedir. İnsan özünə bərabər yaşamadığı, özündən aşağı yaşadığı üçün onun ömründə şər olur. İnsan özünə bərabər yaşayarsa, onun ömründə şər olmaz.

Bir də bir məsələni sizə deyim. Sovetlər dağılandan sonra bizə bir sıra ideoloji şeylər aşıladılar. Onlardan biri demokratiyanın çoxrəylilik prinsipidir. Hər kəsin öz düşüncəsi ola bilər. Bu gözəl səslənir – söz azadlığı olmalıdır, hər kəsin söz hüququ var, söz azadlığı var. Ancaq çoxrəylilik, çoxtəşəbbüslülük – fərqli əməllərlə, fərqli çalışmalarla, fərqli üsullarla, fərqli düşünmələrlə vahid amala qulluq edərsə, önəmi var. Ancaq bizə gətirilən çoxrəylilik məsələsində nə ilə qarşılaşdıq?! Bizdə insanların fərqli düşüncələri – bütöv həqiqəti, böyük amalı, böyük məqsədi parçalamağa, dağıtmağa, sıradan çıxartmağa qulluq elədi. Yəni hər kəsin söz azadlığı deyil bu. Hərcayi sözün azadlığı olmur, əsarəti olur. Böyük sözün azadlığı olur, böyük sözü yaşatmaq, böyük sözə əməl etmək, fərqli əməllərlə, fərqli duyğularla, fərqli üslublarla ola bilər. Bu zaman həqiqətə xələl gəlmir, bu zaman böyük sözə xələl  gəlmir. Dediyim kimi, bizə gətirilən çoxrəylilik vahid məqdsədi parçalamaq, dağıtmaq, heçə çevirmək məqsədi güddü…

Atanı oxduqca bu qənaətlərimi yazmışdım, onları sizinlə paylaşmaq istədim.

Ailə Gününün ikinci önəmli çaları kamilləşmə – özüylə döyüş məsələsidir. Mən istəyirəm, bunu gediş yazısında qoyulan qonu ilə birləşdirim. Dinin tövbə məsələsi ilə İnamın özüylə döyüş məsələsini  qarşılaşdırmağa aydınlıq gətirim. Baxın, mənim özüylə döyüşüm əslində deyəcəyim məsələlərlə bağlıdır. Mənim özüylə döyüşüm böyük həqiqətləri daha yaxşı anlamaq yönündə çalışmalardır. Balaca məsələlərə enməmək yönündə çalışmalardır. Ədaləti öz ömrümdə təsdiq etmək çabalarımla bağlı çalışmalardır.

Tövbə məsələsi ilə bağlı deyim. Deyək ki, hər hansı bir xtristian, ya da müsəlman deyir, mənim filan qüsurum var. Bu qüsurumdan əl çəkirəm. Ola bilər, o qüsurundan əl çəkir. Bunu alqışlamaq olar. Ancaq özüylə döyüş məsələsi sadəcə olaraq, hansısa kiçik lokal qüsurları görmək, ondan əl çəkməklə bağlı deyil. Böyük həqiqətləri dərklə bağlıdır. Hər hansı bir xristiana, ya da müsəlmana desək, dünya əzəlidir, deyəcək, əstağfürullah, axı dünyanı Allah yaradıb. Sən bunu deyəndən sonra sənin dediyindən tövbə edir, rədd edir, ondan əl çəkir. Dünyanın əzəli sayılmasından tövbə edir. Dünyanı əzəli saymayan adam necə yetkin ola bilər, necə kamil ola bilər, necə uğurlara yetə bilər?! Onda nə deməkdir tövbə, balaca qüsurları aradan qaldırmaqdır?! Bunlar insanın yaranması üçün çox bəsit şeylərdir. İnsanın öz mənasına yetməsi, özünü dərk etməsi yönündə düşüncəsi üçün olduqca balaca şeylərdir. Sən deyirsən, insan özündə Mütləq gəzdirir, müsəlman, ya xristian deyəcək, əstağfrullah. İnsan Allaha bərabərdir mahiyyətcə, o da bu bərabərliyə tövbə edir. Onun belə şeydən tövbə eləməsi onun böyüməsi anlamına gəlmir, onun cılızlaşması, kiçilməsi, enməsi anlamına gəlir. Deməli, tövbə əslində böyük mənada götürəndə insanı kiçildir, insanı özündən ayırır. Bəs özüylədöyüş nədir, Ata nə deyir, özümlə döyüşürəm, lokal qüsurlarımı görüb, sadalayıb onu qırağa qoymaqla yetərlənmirəm. Dünya nədir sualına cavab verirəm. Deyirəm, dünya özündə özündən artıq Dünyalıq mənasını daşıyır. Din onu demir axı. Din deyir, dünya sonradan yaranmış boş bir şeydir. Dünyanı boş saymaqla, fani saymaqla, heç saymaqla hansı tövbələrə getmək olar ki, insan xoşbəxt yaşasın, kamil olsun. Dünyanı anlamadan, dərk etmədən yetəcəyin səviyyənin, yetəcəyin xoşbəxtliyin adı, anlamı nədir?! Dünyanı dərk etmədən yetəcəyin azadlığın adı nədir?! O, gerilikdən, geri düşüncədən, xürafatdan, cəhalətdən asılıdır, balaca düşüncələrdən asılıdır, böyük düşüncələrə qalxa bilmir. Böyük düşüncələrə qalxa bilmirsə, onun mənəviyyatı azad deyil. Onun mənəviyyatı azad deyilsə, o necə xoşbəxtdir, necə kamildir?! Özüylədöyüşlə tövbə məsələsinin nəinki fərqi var, yer-göy təzadı var. Bu, fərq deyil, təzaddır. Fərq olanda yönləri, ortalama bir olar, biri bir az o yana baxar. Fərq odur. Bu fərq deyil, daban-dabana ziddir, təzaddır. Buna görə də biz insanı tövbəyə çağırmırıq. Biz insanı dünyanı dərk etməyə, özünü dərk etməyə çağırırıq. Dünyanı dərk eləmək də özüylə döyüş tələb edir. Özündəki balacalığı ötməsən, özündəki biolojilikdə dayanıb qalsan, özündəki fiziki olanaqla sınırlansan sənin özünü dərkindən söz gedə bilməz. Dünyanı dərkindən, sənin xoşbəxtliyindən söz gedə bilməz, toplumu dəyişə biləcəyindən söz gedə bilməz. İnamın tələbi insanı yeni aşamaya qaldırır, onun qarşısında yeni üfüqlər açır. Bu üfüqlərdə dinin tərbiyə verdiyi insanlar qanad çala bilmir. Çünkü onların ora qalxacaq qanadı olmur.

Üçüncü məsələ Xalqlaşma məsələsidir. Mən keçən Ailə Günündən üzü bu yana bir sıra söhbətlər aparmışam. İki-üç dəfə yas yerində olmuşam. İki dəfə də toy məclisində olmuşam. Hər iki halda ciddi söhbətlər eləmişəm. Məni başlıca sevindirən məsələ nədir, mənim söhbətlərimə zaman-zaman qatılan adamlar yenidən mənim söhbətimə qatılırsa, sanki mənim dediklərimi  başlayırlar deməyə. Mən sanki öz dediklərimə qulaq asıram. Bu çox yaxşı göstəricidir. Adamlar, istər söz öyrənmək xatirinə olsun, istər özünü göstərmək xatirinə, fərqi yoxdur, məsələ ondadır, o mənim dediyimi deyir, fərqli deyir.

İnternet üzərindən də söhbətlərim olub. Bəzi yoldaşlar var, onlar qarşılarına bir dinə tərs düşən, ideoloji doktrinlərə tərs düşən adam görən kimi mənimlə calaşdırırlar. Sağ olsunlar, düz edirlər. Onlarla mənim aramda yaxşı ünsiyyətlər yaranır.

Bu yaxınlarda mənə, söhbətin gedişində, bir sual verdilər. Deyirlər, siz toplumda gedən siyasi-toplumsal proseslərə qatılmırsınız. Deyirəm, düz deyirsiniz, qatılmırıq. Deyir, bəs necə dəyişikliyə yetəcəksiniz? – Deyirəm, biz qıraqdan-qırağa qatılırıq, mən istəmirəm, biz, yanlış olaraq, siyasi proseslərin içinə girək. Biz o proseslərin içərisinə girsək, bizdən çox şey itiriləcək. Ancaq sizin sözünüzə qarşılıq olaraq onu deyə bilərəm, biz aktiv söhbətləri, aktiv görüşlərin sayını artırmalıyıq. Xalqın içində daha çox olmalıyıq, bununla razıyam. Ancaq biz siyasi proseslərə hələ qoşulmayacağıq. Yəni biz siyasi prosesləri yürüdənlərin biri olmaq istəmirik. Biz Ruhaniyyat olayıyıq, siyasətçi deyilik. Ancaq siyasi proseslərə etki göstərmək işinə qoşulacağıq. O vaxt ki, xalqın içində siyasi prosesləri yürüdən qüvvələr görünməyə başlayar, yeni gənclik görünməyə başlayar, onların ağlını yönəltmək üçün, onlara ideoloji dayaq olmaq üçün, dəstək vermək ücün biz siyasi ortamda aktivlik göstərə bilərik. Siz sual verə bilərsiniz, qoşulsaq nə itirəcəyik, niyə itirəcəyik?! – Birinci, vaxt itir. Bir halda ki, toplumda bizi eşidə biləcək, bizim sözümüzdən etkilənə biləcək, yetişə biləcək qüvvlər yoxdur, bizim boşluqda çalışmalarımız vaxt itkisidir. İkinci, elə bir proses başlayar, ortam bizdən tələb edər, siyasətə etki göstərməyə çalışaq. Bunun üçün biz elə xalqın içində olub onun ağlına, şüuruna, ayrı-ayrı siyasi proseslərə qatılan adamların ağlına, şüuruna söz deməyə çalışmalıyıq. Artırmalıyıq bunu. Ancaq ayrıca qurumların içinə getmək, işinə qoşulmaq ruhaniyyatın işi deyil. Qurumlarda, qruplarda, təşkilatlarda sözümüzü deyərik, etki göstərməyə çalışarıq, ancaq dediyim kimi, qruplarda ola bilmərik.

Bir sözlə, Xalqlaşma məsələsində mənim işim Amallaşmam qədər davamlıdır. Ancaq kütləvi deyil. Kütləvi deyəndə hay-həşirə salmaq demirəm, qabaqlar məktəblərdə öyrəncilər, gənclər arasında çoxluğun qatıldığı toplantılarda, tədbirlərdə, görüşlərdə söz demişəm…

Mənim sizə deyəcəyim söz bu qədər. Sizin dediyiniz, demədikləriniz oldu. Ocağın əməlləri var, yox deyil. Ancaq razılaşaq, azdır. Hər kəs öz yerində, öz bölgəsində aktivliyi artırsa, yaxşı olar. Aktivliyin də artması Amallaşmadan keçir. Atanı, Dünyanı, Amalı nə qədər çox öyrənəriksə, xalqa, topluma deməyə bir o qədər çox sözümüz olar. Özümüz özümüzü təkrar eləmərik. Ona görə Amallaşma, Kamilləşmə, Xalqlaşma işi davamlı olmalıdır, gəlişməlidir. Bunu hər birinizə deyirəm, özümə hər gün deyirəm. Atamız Var olsun! Atamızın bayrağını öpürəm.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Tədbir sona yetir.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Qürub Ayı, 43-cü il. Göyçay.
(avqust, 2021.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir