Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər

Ocaq Günsırası ilə 27 Şölə Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə mərasim başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Amallaşma hesabatımı vermək istəyirəm. Atanın “Mütləqləşmək – Var olmaq” kitabını oxumağa başlamışam. Az oxumuşam. Keçən “Ailə Günü”ndən bu vaxta qədər Ocağn 4 tədbirini kitablaşdırmışam, səsdən sözə çevirmişəm. Əməl baxımından ayım zəngin olsa da, Amallaşmam az olub. Ancaq tədbirləri kitablaşdırmağı da mən Amallaşma hesab edirəm. Hər bir fikrə qayıdış, hər bir fikri yenidən düşünmək özü də elə Amallaşmaqdır.

Kamilləşməm haqqında iki məqamı qeyd etmək istəyirəm. Keçən “Ailə Günü” mərasimində İnamlı ilə münasibətimlə bağlı bir məqamı qeyd etmişdim. Özündən çıxmaq və içimdəki acıq duyğusu haqqında etirafım vardı. Bu ayda da eyni duyğuları yaşadım. “Ailə Günü”nə hazırlaşanda düşündüm ki, təkrar oldu bu məqamlar və məni xəcalət hissi bürüdü. Bir şey də var ki, özümü görməyə başlayıram. Hər kiçik ünsiyyətdə belə. Bu ay yenə də acıq məqamı məndə baş qaldırdı, yenə də o duyğunun təsirində qaldım. Mən gedişat və car formasını Ocaq Yükümlüsünə göndərirəm ki, çap etsin. Bilgisayardandır, ya nədəndir yazı düzgün formada getməmişdi. Soylu Atalı mənə zəng edəndə mən acıqla danışdım. Soylu dedi ki, yenidən göndər. Özümdə günah görmürdüm. Əvvəllər diqqətsizliyim olub, son vaxtlar çalışıram diqqətsiz olmayam. Ocaq Yükümlüsünün sözü mənə əvvəlki diqqətsizliklərimi yadıma saldı və mən günahsızlığımı sübut etmək üçün tələb elədim ki, Üstün bilgisayarını gətirsin və orda baxılsın. Üstünün bilgisayarında da baxılanda göndərdiyim yenə eyni formada açılmışdı. Mən yenidən göndərdim, normal da getdi, çap olundu. Məsələ bundadır ki, əgər əməl sonuca doğru və düzgün varmırsa, çalışmaq lazımdır ki, o sonuc olsun. Burda birincisi, əməlin sonucu olmaması ziyandır, ikinci isə ruhani tabeçiliyin olmaması.

Hər zaman ayıq olmaq lazımdır. Elə məqam olub ki, elə səbir göstərmişəm ki, özümün özümdən xoşum gəlib. Ancaq keçən aydakı acığım ikinci dəfə bu ayda təkrar olanda özümü pərt edir, ancaq bunu etiraf eləməkdən həm xəcalət çəkirəm, amma həm də sevinirəm ki, özümü görə bilirəm. Özümü tədqiq edirəm ki, bu səhvləri təkrarlamayım. Həmişə düşünürəm ki, kimsə acıqla danışanda sakit və doğma tonla cavab verəcəm. Hər zaman alınmır. Münasibət, doğmalıq zərər çəkir, özüm isə xəcalət çəkirəm özümlə bacarmadığım üçün.

Ocaqda az yol getməmişəm, ancaq bəzən arxayınçılığım olur. Görürəm ki, adam istəyəndə ən kiçik qonuşmada nə qədər səhvini görə bilər.

Ocaqda ruhani tabeçilik var. Nə qədər ki, mənəmlik sözünü deyir, ruhani tabeçilik alınmayacaq. Ocaqda isə ruhani nizam onda yaranır ki, ruhani tabeçilik gerçəkləşir. Mən Ocağa gəlmişəm və Ocağın mühitihə tabe olmalıyam. Ocaq mənim mənəmliyimlə hesablaşmalı deyil. Bunu özümə bir daha dedim.

Bu aydakı ikinci qüsurum o oldu ki,  bir yaxın adamdan xahiş elədim, sözümü yerə saldı. Mən isə incidim. İncimiş duyğularım içimi o tərəf-bu tərəfə çəkirdi. İnamlı Soylu Atalının bir sözünü  tədbirdə demişdi ki, əgər düşüncədə həqiqətə gedib çatmırsansa, demək, doğru düşünmürsən. Bu söz özüylədöyüşdə mənim üçün stimul olub. Mən düşünürəm və sonda yenə də pərt oluram, düşünürəm ki, axı mən ondan umurdum. O incimiş duyğular gedir-gəlir. Mən isə həftəylə gedib-gələn pərt duyğuların təsirində qaldım. Yadıma düşdükcə daha da acıqlanırdım. Mən bu duyğuları geniş yazdım, bir həftədən sonra onu oxuyanda özümün kiçikliyimi gördüm. Anladım ki, umacaqlıq asılılıqdır. Umduqca daha çox asılı oluram. Ən çox özümdən ummağa haqqım var. Sözüm yerə düşə bilər, o adamın işi ola bilər və s. gərək mənim halım ondan asılı olmasın. Mən asılıydım, duyğularımı azad edəndə azadlığı hiss elədim. Hər bir şeyə öz istəyin açısından yanaşmaq da doğru deyil. Umacaqlıq asılılıqdır, onu özümə deyə bildim.

Xalqlaşma hesabatı bir neçə adamla yazışmam olub. İki adamla söhbət elədik, onları da Soylu göndərmişdi. Onlarla söhbətdə anladım ki, yazışma üz-üzə görüşü əvəz eləmir. Üz-üzə görü­şəndə bir çox şeylər var, mən görürəm ki, onları yadırğamışam. Çünki canlı ifadə, fikri sona qədər demək, qarşındakını tam anlamaq canlı ünsiyyətdə öyrədir adamı. Bir ildir ki, bundan məhrum olmuşam və bir çox şeylər məndə geriyə gedib. Ona görə bir neçə adam var ki, onları evə dəvət edib söhbətləşmək istəyirəm.

Bizim “Ailə günü”müzün mövzusu var: “İnsana inam və Allaha inam (Əslində Mənaya inam) arasında nə kimi bağlılıq olmalıdır ki, toplum ruhani məzmunu anlayıb onunla yaşaya bilsin”.

Bunu düşündükcə bəzi məqamları yazmışam, onları oxumaq istəyirəm:

Adam üçün Allah hər şeyi bacarandır, biləndir. Din bunu fiziki mənada nəzərdə tutur. İnsanda Allahlıq var, yəni insan hər şeyi bacarandır, biləndir ruhani anlamda. Hər şeyi bacarmaq – şəraitdən, mühitdən üstün olmaq, öz qüsurların üzərində qələbə çalmaqdır. Özü üzərində ucalan, özünü idarə edən, özünü dəyişən, yetkinləşdirən, təkmilləşdirən insan Allahlıq məzmununa yetir. Özü üzərində qələbə çalan yalnız öz ömrünü yaratmaqla məhdudlaşmır. Öz ömründə ədalətə çatan həyatdakı ədaləti də təsdiq edir. Adamlar Allaha ədalət kimi də inanırlar. Ədalət Allah məzmununda itir, çünki insan çatmalıdır o ədalətə və insan yaşatmalıdır onu ömründə. Ədalətli münasibət ədaləti yaşadır. Həqiqi münasibət həqiqəti yaşadır. İnsan öz ömründə həm Özümlüyü təsdiq edir, həm də Ədaləti, Həqiqəti, Xeyiri yaşadır. Onun Ədaləti yaşatmağı başqa ömürlərdə davam edir. Ədaləti Allahdan gözləmək deyil, özündə yaşatmaq gərək.

Adamın Allaha inamının təməlində Adamın istəkləri durur. Hər şey onun əlindədir, pisi də, yaxşısı da, bu günü də, sabahı da. Dünyanın idarəedicisi dünyanın, həyatın nizamına nəzarət edir. Adam öz ömrünün, dünyayla, həyatla bağlı hadisələrin yiyəsi kimi Allahı görür, sorumluluqdan çıxır. Sorumluluqdan çıxanda onu qoruya da bilmir.

Mən öz ömrümü qururam, öz ömrümə sahibəm, öz millətimi düşünürəm, eyni zamanda dünyanın da sabahını düşünürəm. Millətimin də yiyəsi mənəm, Dünyanın da. Burda yiyəlik duyğusu var. Yiyəlikdə isə qorumaq var. Bəndədə isə yiyə olmaq, qorumaq duyğusu yoxdur.

 xxx

Adam özünün imkanlarını Allahda məhdudlaşdırır.

Allah hər şeyə qadirdir, bəs Adam?

Hər şeyə qadir olan Allahın yaratdığı adam yalnız tabeliyə məhkumdur.

İnsan Mütləqə inanmaqla özünü yaratmağa, özüylədöyüşə inanır, onu gerçəkləşdirir. Özünə Mütləq tələblə yanaşmaqla Mütləqə can atır.

Özünə Mütləq ölçüylə yanaşmaq adamın özünün səviyyəsini göstərir, Mütləqə yetmək duyğusunu yaradır. Mütləq ölçü Adamı öz gözündən salmır, özüylə tanış edir, gerçəkliyi göstərir.

Allah ölçüsüylə baxanda adam özünün bəndə səviyyəsiylə görüşür. Dini qanunlara əməl etməklə adam həyatını qurur, özüylə barışır, qismətiylə barışır, yetkinləşməyə, aqibətini qurmağa, ömrünün yiyəsi olmağa can atmır.

Allah üçün yaşayırlar, vuruşurlar, dünyaya ondan işıq düşmür.

Mütləqə yetmək üçün insan özüylə döyüşür, yaşayır, dünyaya belə ömürdən işıq düşür.

xxx

Adam fərəhli olanda hara baxırsa, sevinc duyğusu yaşayır. Hər gördüyündə gözəl nəsə tapıb sevinir. Kədərli olanda gördüyü hər şey kədər çağırır. Bu, təbiidir. Lakin hər şey adamın halından asılı olarsa, necə baxmağından asılı olarsa, ölçü nə olar?

Adam bədbin olanda baxdığı hər şeydə bədbinlik görür. Bu bədbinlik günbəgün onun  ömrünə, üzünə, gözünə çökür. Bəzən elə yaşlı adam görürsən ki, üzündəki qırışı bədbinlik qırışıdır. Bədbinlik adamı özündən uzaqlaşdırdıqca insanlardan da uzaqlaşdırır. Bədbinlikdən çıxmaq yolu özüylə barışmazlıqdan, özünə inanmaqdan başlayır. Gərək bədbinliyi özünə yaraşdırmayasan. Çünki bədbinlik insanı da, həyatı da, dünyanı da insana yadlaşdırır. İnsan özünü dünyada qərib hiss edir. Ancaq özünü yaratdıqca insanlara da, həyata da, dünyaya da doğmalaşır insan. Hər şeydə fərəh tapan qovuşa bilir Mənaya.

Atanın İnsan sevinci adlı yazısı var “Mütləqə İnam” Kitabında. Onu oxuyanda adamı sevinc bürüyür. Ata orda deyir ki: “Səcdə sevinci. Heyrət sevinci. Səma sevinci. Torpaq sevinci. Yarpaq sevinci. Fədakarlıq sevinci. Özündənkeçmə sevinci…”. Onu oxuyanda görürsən ki, hər şeydə sevinc var. O, Mütləqin nişanələridir. Hər bir şeydən fərəh almaq olur. İnsan həyata nikbin baxanda, hər bir şey fərəh çağıra bilir. Dünya da adama doğmalaşır, insanlar da. Atanın üzünün ifadəsi həm kədərli, həm nikbin idi. Atanın üzünə baxdıqca tədqiq eləmək istəyirdin. Nikbin insanların üzü tədqiq olunası, kəşf olunası üzdür.

 xxx

Bizim üçün Müqəddəsliyin ölçüsü – İnsanilik, millilik, bəşərilikdir. Müqəddəs insan bu insani keyfiyyətlərlə yaşayan, ona ucalandır. Müqəddəs torpaq yurddur. Müqəddəs yol – İnsaniliyə, Milliliyə, Bəşərilyə aparandır.

 xxx

Adamlıq hədd tanıyır. Çünki adamın dostluğu, sevgisi, fədakarlığı, qayğısı… müəyyən həddə qədər olsa da, məkri, yırtıcılığı, azğınlığı, amansızlığı da hədlidir. Adamlıq həddinin qarşısında İnsanilik durur. Şər sonludur, çünki Xeyir sonsuzdur. Yalan sonludur, çünki Həqiqət sonsuzdur. Dünyanın halına, mənzərəsinə baxanda nə qədər amansızlıq, yırtıcılıq, insansızlıq görsən də, məhz İnsaniliyə inam, Xeyirə inam dünyanın məhv olmayacağına inam yaradır. İnsanları bu günün qaranlığından Sabaha inamı da bundan yaranır. Lakin yalnız inanmaq azdır, İnamı yaşamaq, həyata keçirmək gərəkdir.

 xxx

Əqidə – Aşiqlik yüküdür. O yükü anlayana qədər özünü böyütməli, anlayıb yaşatmaq üçün yetkinləşməli, başqalarına anlatmaq üçün müdrikləşməlidir insan.

 xxx

Ata deyir ki, “bu günü evə gətirməyin”. Bu gün keçici həvəslə, düşüncələrlə, duyğularla evimizə, ürəyimizə soxulmağa çalışır. Hər anda, dəqiqədə ayıq olmadınsa evə də girəcək, qəlbinə də. Bu gün ürəyə gələndə anın da bugünləşir, saatın da, ömrün də. Bugünləşdikcə itir, azır, yox olur. Bu günü ürəyə qoymamaq üçün sabahlı duyğular, düşüncələr ürəkdə yurd salmalı, kök atmalıdır. Kök atmalıdır ki, yaşasın, davam etsin. Təməli möhkəm olan düşüncə, duyğu yaşadıqca davam edir, artır, sabahlaşır.

 xxx

“Ailə Günü”müzün başqa mövzusu Şölə Ayındakı tədbirlərdən özümləşdirdiklərimdir.

Şölə Ayının biri “Evlad Günü” mərasimi oldu. Müqəddəs hal yaşadan bir mərasim oldu. Müqəddəsliyi mənim üçün odur ki, hər bir mərasim məktəbdir. Ocaq Yükümlüsünün tələbləri: “Özüylədöyüş dəftərləri yazılmalıdır, Ata kitabları oxunmalıdır” – yeni ruhani əhvala köklədi məni.

“Ata Sonevini Ziyarət Günü” mərasiminə gedə bilmədim. Mərasimə getməməklə itirdim. O da bir səfərdir, Ata qarşısında hesabat deməkdir. Hər səfərdən sonra içimdə nə qədər dəyişildiyimi hiss edirdim. Müqəddəs bir məsuliyyət gətirir adama.

“Xəlqilik” Bayramımız da müqəddəs və bəhrəli bir səviyyədə keçdi. Soylu Atalı bəzi qonuları açdı: din xurafatı, idman xurafatı, ictimai təşkilatlar xurafatı, musiqi xurafatı. Bu fikirlərin özünün açılması cəmiyyəti, həyatı təqdim eləmək üçün, xalqlaşma üçün çox yaxşı başlanğıc verdi mənə. Ocaq Yükümlüsü bir fikir də demişdi: “quş üçün qanad nədirsə, ideya insan üçün odur”. İnsan üçün məqsədin, Amalın seçilməsinin gərəkliyi deməkdir. Bayramda bir çox məqam­lar vardı. Eləcə də başqa Ocaqçıların da düşünüləsi fikirləri vardı. O tədbirləri kitablaşdır­mışdım deyə o halı bir də yaşadım. Hər dəfə qayıtmaq lazımdır o tədbirə, o düşüncələrə.

“Xəlqilik” Bayramına hazırlaşanda düşünürdüm ki, Xəlqilik haqqında dedik, daha nə demək olar ki?! Dərd sonsuzdur, ancaq yolun özünün ifadəsi də birdir. Biz,  insanlar, o Yolu yaşayırıq. O yola çatdığımız qədər onu ifadə eləmək, demək gərək. Mən görürəm ki, nə qədər rəngarəngdir və sonsuzdur. Biz “Xəlqilik” Bayramında bu günü də göstərə bildik, sabahın yolunu da. Bayramdan sonra bir neçə fikir yazdım:

“Xalqın kiçikliyi ərazisinə, sayına görə müəyyən olunmur təkcə. Dəyərlərinə, mədəniyyətinə, dilinə yadlaşanda kiçilir xalq. Böyük ölkələrin böyüklüyünü qəbul edəndə kiçilir xalq. Diplomatiyası, iqtisadiyyatı asılı olanda kiçilir xalq. Şəxsiyyətlər yetirməyəndə, özümlüyünə yetməyəndə kiçilir xalq. Dünyanın gedişatına təslim olanda kiçilir xalq. Kreditlər, yardımlar alanda kiçilir xalq. Dünyada yerini axtaranda kiçilir xalq. Elə özümləşməli, özünü elə qurmalı ki, dünya sənə gəlsin. Kiçiklikdən çıxmaq üçün Mütləqə İnam Yolu var”…

İnamlı Atalı Ataya Səcdə ilə sözünə başladı: Bir aydır ki, gündəlik yazmıram. Bu da halımdakı pozuntularla bağlıdır. Baxmayaraq ki, Ocaq tədbirlərində, mərasimlərində uğurlu söz demişəm, sistemli şəkildə Atanın Qutsal Bitiqlərini yarıya qədər oxumuşam, yenə də ruhani halım kökdən düşüb. Bu da özümə əzab verir. Durğunluq halı yaşayıram. 10 gündən çoxdur ki, mütaliə edə bilmirəm. Daha çox məişət qayğılarına köklənmişəm. Məişətdə insan var olmur, mövcud olur. Ətrafdakılarla da doğma ola bilmirəm. Bilə-bilə özümü məhv edirəm. Bilirəm ki, hər mühitdə özünü qorumaq olar. Bilirəm ki, ən çətin mühitdə belə ayaqda durmaq olar. Bilirəm ki, məişət intizamı hamısından aşağıdır. Ancaq bunu bildiyim halda özümü həyatın bu gedişinə uğradıram. Qələbəyə aparan yolu bilsəm də, məğlub oluram. Bilmədən, zəiflikdən yaranan məğlubiyyət böyük dərd deyil əslində, çünki nədənini bilmirsən. Mübarizəyə gücün, iradən yetmir. Ancaq bacardığını, bildiyini edirsən. Qorxulusu odur ki, nədənini bilirsən, iradəlisən, hardasa idraklısan. Bunlara baxmayaraq, məğlub duruma salırsan özünü.

İş otağımda əyləşib radioya qulaq asırdım. Radioda duyğusal şeir səsləndirirdilər. Sonuncu şeir anaya həsr olunmuşdu. Onsuz da təsirlənmişdim deyə ana haqqında deyilən şeir məni kövrəltdi. Şeiri dinlədikcə anam gözlərim qarşısında canlanırdı. Zamanında ananın müqəd­dəsliyini, ümumən insanlığın müqəddəsliyini anlamamışdım. Onun yoxluğu məni yandırıb-yaxırdı. Düşündüm ki, biz, övladlar, ananın müqəddəsliyini zamanında anlamış olsaq, heç bir ana bəlkə də nə əzab çəkər, nə övlad nankorluğu görər. Dünya da gözəlləşər. Mən ana haqqında düşünüb ona görə qəhərlənməmişdim ki, anam yadıma düşmüşdü. Ona görə qəhər boğmuşdu ki, ananın əsil mahiyyətini, cəfakeşliyini, qayğıkeşlyini dərk eləyib anlamışdım, ancaq zamanında deyil. Bu anlamağı mənə öyrədən ruhaniyyat deyildimi? Analığı, atalığı, qardaş-bacılığı öyrədən ruhaniyyat, – yaranmağı, yaşamağı da öyrədir insana. Ananın müqəddəsliyi həm də ondadır ki, ananın etdikləri umacaqsızdır. Sırf vicdançılıq, həqiqətçilik məsuliyyətidir. Ana-övlad münasibəti yeganə münasibətdir ki, bu münasibətdə yad duyğular olmur. İnsanın mənəviyyatını təşkil edən üç əsas şərt – vicdançılıq, özündənkeçmə, umacaqsızlıq ananın övladına olan münasibətində özünü mütləq şəkildə göstərir. Bu üzdən ana itkisi övlad üçün ali kədər yaradır. Bu ali kədərin özündə insan daha çox özü olur. İnsanlaşma gəlir ömrə.

 

xxx

İşə gedib-gələrkən yola səpələnən qaraçıların yollarda dilənməsini müşahidə eləməyim mənə çox pis təsir bağışlayır. Birincisi, millətindən asılı olmayaraq, insanın dilənməsi, zəlillik eləməsi, ləyaqətindən keçməsi məni ağrıdır. Axı insan buna layiq deyil. Axı onun mahiyyətində ali keyfiyyətlər olduğu halda niyə özünü bu kökə salır. İnsanlıqdan ayrılır, bəndələşir, zəlilləşir. Zəhmətə qatlaşmadan asan yolla çörək qazanmaq istəyir. Bu ki, ən böyük saxtakarlıqdır. Niyə insan insana səcdəli münasibətdə olmalı olduğu halda bu cür aqibət yaşayır?!

İkincisi, bir xalq olaraq, fitrətimizdə olan mərhəmət hissidir ki, bu hiss  insanın halına acımaq, düşdüyü dərdə biganə qalmamaq bəsit şəkildə özünü göstərir. Mərhəmət hissindən sui-istifadə halları insanın içindəki mərhəmət hissinin zaman-zaman yox olmasına gətirib çıxarır. Necə ki, indiki halda bu, özünü açıq şəkildə göstərir. Təbii ki, dilənənlər arasında həqiqətən də bir tikə çörəyə ehtiyacı olanlar var. Ancaq bu da haqq vermir insanın ləyaqətini itirməsinə.

Soylu Atalının Tolstoyun “Anna Karenina” əsəri üstə yazdığı “Fəlakət düyünü” əsərini oxudum. Dahilərin əsərlərini yaşadan onların əsərlərinin ciddi, idraklı insan tərəfindən təhlil edilməsidir həm də. Mən inanmıram ki, Tolstoyu belə idraklı və yüksək səviyyədə təhlil edən ikinci bir adam olsun. Tolstoyun böyüklüyünü Soylunun yazısında bir daha anladım.

Ruhaniyyat insanda imkan aşkarlığı yaradır”…

İnamlı Ocaqçılıq halı ilə bağlı bir yazısını da oxudu. O, davamlı şəkildə Ocaqçı kimi yaşaya bilmədiyini və Ocaqdan ayrıldığını vurğuladı.

 

Ağşın Ağkəmərli: Mən sizlərə təşəkkür edirəm ki, məni tədbirə dəvət etmisiniz. Ürəyim sizlərdən yana darıxmışdı. Sizdən ayrılanda o boşluğu hiss eləyirəm. O boşluğu doldurmaq üçün daim görüşməyə can atıram. Soylu bəylə görüşəndə soruşdum ki, yaxın günlərdə tədbir olacaqmı, dedi ki, “Ailə Günü” olmalıdır. Sevindim, eyni fikir daşıyan insanları bir arada görmək mənim üçün böyük bir fərəhdir. Qısa müddətlik Güney Azərbaycana getmişdim. Siz elə düşünməyin ki, bu söz-söhbət təkcə bir otaqda gedir. Sizin duyğularınız, düşüncələriniz orda da yayılır. Mən Ocağı dərindən bilmədiyimə görə orda bu ideyaları demək gücündə deyildim, ancaq dostlar həmişə bizi bir arada görübdülər. Bununla əlaqədar mənə ardıcıl suallar verirdilər. Söhbətlərdən başqa disklərimizə baxanda dostlar çox şeylər əldə edirlər. O zaman da fikirləşməyə vaxt ayırırlar. Bunlar məni sevindirir. Arada sorğu-sual yaranırdı. Ocaqla bağlı, fikri, düşüncəsi, söhbəti ilə bağlı. Mən də sizlərdən öyrəndiklərimi deyirdim. Bu gün burda səmimi, sadə keçən tədbirlərimiz nəinki ölkəmizdə, nəinki parçalanmış vətənimizin xilas edilməsində, dünyanın xilas edilməsində böyük rolu var. Açıq-aydın görünür. Bizim orda öz iclaslarımız ara versə də, bu  görüşlərin nəticəsində bizdə də ciddi təsir oyadırdı.

 Bir dərgimiz vardı, iqtisadi məsələ ilə bağlı ona fasilə vermişdik. Dostların təşəbbüsü ilə onu yenidən buraxmaq qərarına gəldik. Dərgini ərəb əlifbasıyla Azərbaycan türkcəsində buraxdıq. Məsuliyyəti artıranda adamda öyrənmək istəyi yaranır. Özünə dönmək, özünə qayıtmaq məsələsi daha da aktivləşir. Bu gün baxsaq ki, kürd hansı məqsədi ortaya qoyur, erməni hansı məqsədi ortaya qoyur, fars hansı tələbləri uyğulamaq istəyir, biz bu gün hardayıq. Ancaq vətən hissini aşılamaq, vətənsiz yaşamağın mümkün olmadığını dərk etmək özü böyük bir məsələdir. Sorunları hiss eləmək, problemləri görmək, eyni zamanda ona qarşı məsuliyyət hissini daşımaq da tam bir tərəfdə. Bu işlər get-gedə çoxalır və biz milləti bir araya gətirmək üçün çox çalışmalıyıq.

Yaşadığı yerdə can verdiyinə, qan verdiyinə, vergi verdiyinə, zəhmət çəkdiyinə baxmayaraq, bu millət İran adlanan ölkədə özünü qürbətdə hiss eləyir. Sənin Kəngər körfəzindən tutmuş Gilanına qədər torpağın olmuş olsa belə, qan verdiyinə, zəhmət çəkdiyinə baxmayaraq, millət özünü Azərbaycandan xaric, qürbətdə hiss edir. Qürbət hissi ondan irəli gəlir ki, öz dilində məktəb yox, öz millətini təmsil edən bir şey yox, öz musiqisi yox, öz kimliyinə aid bir şey yox. Yəni mən sizin söhbətinizə qayıtmaq istəyirəm ki, böyük bir özgələşmənin nəticəsində bizim o dərnəyin içində bir növ doğmalaşmaq məsələsi gedirdi. Mən də hər dəfə ora gedəndə sizlərdən müəyyən qədər qidalandığıma görə o fikirləri aşılayırdım. Və bunun nəticəsində əhvallarda özünə bir qayıdış görünürdü. Bəzən olur ki, bizim bir şox şeylərimiz məqamdan asılıdır. Hərdən olur ki, o məqamların yaranmasını gözləməliyik. Biz həmişə məsələlərdə qəflətən yaxalanırıq, o məsələlərdə qəflətən yaxalanmayaq deyə ona qarşı tədbirlərimiz görülməlidir və gərəkən kadrlarımız hazırlanmalıdır. O kadrlarla bərabər bir şeylər ortaya gətirmək. Ocaq bu gün böyük iş görür, böyük yükü daşıyır. Böyük məsuliyyət daşıyır. Çiynini elə bir yükün altına verir ki, nəinki Azərbaycan, bütün dünyanı xilas etmək imkanı yaşadır. Bunun təməlində Asif Atanın fikri, ideyaları olduğuna görə bu, həyata keçirilə bilər…

 Nurtəkin xanımın çıxışını çox bəyəndim. Sizin çıxışınız bir söhbətin çıxışı deyil, neçə əsərin sintezidir. Sizin söhbətlərdə çox dolğun, dəyərli, qiymətli fikirlər vardı, çox sevdim, bəyəndim. Sizin söhbətinizin müəyyən bir parametri özü bir kitaba bərabərdir. Adətən yazınız ifadə etmənizdən güclüdür. Bu gün isə ikisi də sizdə paralel var idi. Həm dolğunluğu, zənginliyi görmək olardı, həm də dəyərli fikirlərin vardı. Çox sevindim, götürdüyüm qeydlər bütün dediyim sözlərlə əlaqədar idi. Sizin söhbətiniz bir ayın məhsuludursa, çox zənginsiniz. Burda elə fikir ifadəsi vardı ki, bununla neçə il yaşamaq olar, neçə kitabları yaratmaq olar. Bu da şübhəsiz ki, Ocağın məfkurəsindən irəli gəlir. Siz ondan qidalandınız, ondan ruhlandınız.

  

Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: “Ailə Günü”nün önəmi bir cəhətdən başqa tədbirlərdən daha qabaqdadır. Nə üçün? Üç nəfərin, yaxud beş nəfərin ayda bir dəfə toplantı keçirməsi, 3-5 nəfər də Ocaq dostlarından dəvət olunması məsələnin üzdən görünəın tərəfidir. Məsələnin dərinliyində daha ciddi və başqa məqamlar var. Bu ciddi məqamlar nəylə bağlıdır? Xalq həmişə çaşanda, büdrəyəndə, nələrisə itirəndə dönür tarixinə baxır. Nə etməli olduğunu bilmək üçün tarixdə örnək axtarır. Görsün onun tarixində olan böyüklər nə deyir? Məsələn, biz,  milli zəmində axsayanda və milli zəmində nələrsə itirəndə öz tarixi şəxsiyyətlərimizə üz tuturuq. Onların adını daha çox çəkirik. Onların nə dediyini, nələr elədiyini çox insanlar bilməsə də, o, nikbinlik qaynağıdır, tapınmalı olan bir dəyərdir. Buna görə də Babəkin adını çəkir, Dədə Qorqudun adını çəkir. Onlardan örnək axtarır, xalq yıxılır, devrilir, neyləyək ki, yıxılmasın, devrilməsin. Bunu xalqa yaxın olan, içində ziyalılığa meyli olan  insanlar edir. Bu cəhətdən “Ailə Günü” mərasimi, Asif Atanın düşündüyü Ruhani Ailə biçimi hər bir fərd üçün öz ömrünü örnəyə çevirmək mühitidir. Xalqın yaşaya bilmədiyi, fəqət yaşatmaq istədiyi nə varsa, onları öz ömrünə gətirməli və öz ömründən xalqa örnək göstərməlidir. Asif Atanın Ocağında deyilən fikirlər, axtarışlar, düşüncələr, özüylə bağlı həqiqətlər hamısı belə bir örnəkdir. Əlbəttə, birincisi, sən bunu örnək kimi düşünmürsən. Sən istəyirsən ki, içində olan, səni Ailəyə bağlayan balaca əhvallarla vidalaşasan. İstəyirsən ki, balaca duyğulardan azad olasan. Bu istəklə də sən həm özüylə döyüşürsən, həm də özüylə döyüşünün gedişatını hesabat verirsən. Bu baxımdan “Ailə Günü” mərasimi Ocağın o biri tədbirlərindən bir addım qabağadır. Amallaşma haqqında hesabat verirsən. Nə öyrənirsən, necə öyrənirsən? Əlbəttə, bunu biz Ailə Gününə bir-iki gün qalmış, qarşımıza dəftər-kitabı qoyub öyrənmək, yazmaq, iki gündən sonra da bunu tədbirdə durub demək məqsədi güdmürük. Bu, doğru deyil heç. Hər bir Ocaq fərdi Ocağın qapısını açdığı gündən etibarən Ocağın tələbləri əsasında yaşayır. Asif Atanın tələbləri əsasında özünü qurmaq istəyir. Özünü qurmaq üçün cəhdlər edir, çabalar göstərir, Asif Atanın kitablarını açıb oxuyur, dünyanın kitablarını açıb oxuyur, araşdırır. Araşdırdıqca fikirləri formalaşır, öz ömründə tapdığı əngəl yaradan duyğularla üz-üzə qalır. Onlardan necə ayrılım, necə imtina edim?! Bunların hamısı özünü qurma nizamına çevrilir. Bir var ömrün nizamı, bir də var ömürdə özünü qurma nizamı. Ömür özü tam nizamlı olmaya bilər, ancaq ömrün qurulma nizamı var. Ömrün qurulma nizamı, dediyim kimi, daim oxuyursan, öyrənirsən, qüsurlarını tanıyırsan, dəyərləri tanıyırsan. Bu, Ocaqda Evladın Amallaşma xəttidir.

İkinci, Kamillşmə xəttidir. Kamilləşmə xəttində düşündükcə, öyrəndikcə, oxuduqca ideal­ların­la görüşdükcə, görürsən ki, sənin ömrün ideallarından çox aşağıdır. İdeallarına doğma deyil. Nədə ideallarına doğmadır, nədə deyil? Bunu axtarırsan. Nədə ideallarına doğma deyilsənsə, bunu yaradan səbəbləri müəyyən edirsən, ideallarına doğmalaşmaqda qarşına çıxan maneələri dəf edirsən. O dəf elədiyin proseslərin özünü də özüylədöyüş adlandırırsan və onun hesabatını verirsən. Gündəlikdə yazırsan və s. Üçüncü hesabat da xalqlaşmadır. Xalqlaşma hesabatının təməlində nə durur? Ocaqçı daim Asif Atanın dediyi prinsiplərlə yüklü ideya xurcununu çiyninə aşırmalı və daim xalqın içində olmalıdır. Xalqın içi Bakı küçələrinin içində o baş-bu başa getmək deyil. Xalqın içi Azərbaycanın o başından-bu başına hər yeri əhatə edir və məqsədyönlü şəkildə ayrı-ayrı ünvanlarda toplumun ayrı-ayrı nümayəndələri ilə üz-üzə oturub söhbət eləməkdir, iş aparmaqdır. Bildiyini, öyrəndiyini ona deməkdir. Bizə elə gəlir ki, xalqa hər şey bəllidir. Heç nə bəlli deyil. Yalnız həyatı adi qaydada necə yaşamaq bəllidir. Heç o da düz-əməli bəlli deyil. Amma bir xalq olmağın yolu, tələbi nədir, bəlli deyil. Onu gedirsən, verirsən. Hətta xalqın oxumuşları çoxluq etibarilə elə bilir ki, hər şeyi bilir. Bilmir. Mən dönə-dönə sübut eləmişəm ki, bilmir. Ona görə Asif Atanın belə bir prinsiplə irəli durması, ortaya qoyması, bizim gözümüzü açması, bizi yönəltməsi həm nə qədər ciddi etkiyə malikdirsə, bir o qədər də onun vacibliyi “Ailə Günü”ndə öz əksini tapır.

İndi sizin  düşündüyünüz məqamlarla bağlı bəzi şeylər demək istəyirəm. Nurtəkinin dediyi ki, mən günahsızlığımı sübut etməyə çalışırdım. İzah da eləmisən. Bəli, günahsızlıq sözlə sübut olunmur. Günahsızlıq yaşanır. Nə qədər sübut edirsən, bir o qədər səhv edirsən. Mənə Ata deyirdi ki, oğul, filan şeyi get yaz, mənə gətir. Mən də durub izah edirdim ki, bunu Yədulla yazıb, onu gətirər, filan edər və s. Bu, doğru deyil. Ataya bu izahı vermək gərək deyil. Başa salmaq gərək deyil. O yazını gətirib qarşısına qoymaq lazımdır. Harda nə var, bilmirəm. Görülməli işi izah eləmək, “başa salmaq” ruhaniyyat işi deyil. Bunu hansısa istehsalatda, müəssisədə edə bilərsən. Ancaq bunu ruhaniyyatda eləmək doğru deyil. Filan şey belədir. Ortada sonuc nədir? Bu məsələ həll olmalıdır. Bunu həll elə, deyim həll elədin. Ruhaniyyat onu istəyir. Ruhani tabeçilik həmin şeydir. Çox gec anlamışıq ki, Asif Ataya ruhani tabeçilik nə deməkdir.

Bu nədən irəli gəlir? Ruhaniyyatçı olmaq, ruhaniyyatçı kimi yaşamq çox çətindir və hər adamın da işi deyil. İçində dünyəvi havalar çalan adam, ümumiyyətlə, ruhaniyyatçı kimi yaşaya bilmir. Ruhaniyyatçılıq xüsusi məsələdir. Ruhaniyyatçıyam deyərək ruhaniyyatçı ola bilmir­sənsə, ruhaniyyatçı kimi yaşamırsansa, bu, daha böyük zərərdir. Ruhaniyyatçı olmağın tələbləri var: Sənin səbrin fil səbri olmalıdır. Sənin çiynin dağ qədər tutumlu və dözümlü olmalıdır. Yükə hazır olmalıdır. Sənin idrakıyın gücü daşı kəsməlidir.

Sonra mövzu ilə bağlı “İnsana inam və Allaha inam arasında nə kimi bağlılıq olmalıdır ki, toplum ruhani məzmunu anlayıb onunla yaşaya bilsin”. Nə deməkdir bu? İnsana inam və Allaha inam məsələsi. Bu gün sən nə qədər deyirsən de ki, göydə Allah-filan yoxdur, toplum deyir ki, var. Toplum bərkmi dərk edir ki, var? Məsələ ondadır ki, insanın içində, şüurunda belə bir məzmun var. O şüuru insandan heç vaxt çıxara bilməzsən. Ateistlər, materialistlər nə qədər çalışdılar, insanın o alt yapısında oturan məzmun məsələsinə təsir edə bilmədilər. Sadəcə olaraq, o “Var”ı insan düzgün dərk eləmir. O “Var”ı da ona düzgün anladan yoxdur. Peyğəmbərlər Allahı, o məzmunu insanlara düzgün verə bilmədilər. Qəbul olunan Allah adamın bütün imkanlarını, ixtiyarını özündə cəmləşdirən və adamı idarə edən transsendental bir şeydir. Bu da yoxdur əslində. Bəs nə var? O “nə var”ı verməsən, topluma nə deyirsən, nə eləyirsən elə, nəinki ciddi xalq yaradacaqsan, onu tərbiyə də edə bilməyəcəksən. Alınmır.

Dinin münasibətilə İnamın münasibətinin fərqini bir misalda izah etmək istəyirəm. Adamın biri deyir ki, tufandan qorunmaq üçün ağacları bir-birinə çatıb nəsə düzəltmək lazımdır ki, adamlar daldalansın. O biri də deyir ki, daşdan ikiqat ev tikmək lazımdır. Bəsit də olsa, bu paralellik, deyirəm. İkisi də düzə oxşayır. Birinci halda sən bilirsən ki, tufan sən qurduğunu götürəcək. Deməli, elə şey qurmalısan ki, götürməsin. Din və İnamın fərqi ondadır. Din deyir ki, şax-şəvəldən bir şey düzəlt, İnam deyir ki, ikiqatdan bir divar qaldır. Fərq odur.

Din də deyir insan kamil olmalıdır, İnam da deyir  insan kamil olmalıdır. Qıraqdan da baxan deyir ki, bu ikisi də eyni şey deyir. Ancaq girirsən içinə. Din deyir ki,  insanın kamilləşməsi üçün namaz qılmalıdır, Oruc tutmalıdır, ibadət eləməlidir, qonşunun malına daş atmamalıdır. Bu, ən yaxşı halda tərbiyədir. Ancaq bu tərbiyə insanın içini, onun möhtəşəmliyini aşkarlamır. Sən bu tərbiyə ilə dünyanın gedişatının qarşısında tab gətirə bilmirsən. Bu tərbiyə gec və ya tez əlinin arxasını qoyur yerə. Bu tərbiyə ilə sən nə insan ola bilirsən, nə xalq ola bilirsən, nə bəşər ola bilirsən. İnam bizə deyir ki, sənin içində Allah var. İçində böyük məzmun var, sən onu aşkarlamalısan. Aşkarlamalısan, göylərin sirlərinə vaqif olmalısan. Allahın sirrinə vaqif olmalısan. Sən o sirrə vaqif olmayınca, qəlbin gözəllikləri aşkarlanmayacaq, kəşf olunmayacaq, bilinməyəcək. Sənin qəlbinin gözəllikləri mənim qəlbimə işıq salmayacaq. Mənim üzümə gözəllik gətirməyəcək. Fərq çox böyükdür. Ata deyir, daxilində Mütləq gəzdirirsən, Onunla müqayisə elə özünü. Din deyir özünü molla ilə müqayisə elə. Mollaya baxırsan, müqayisə olunacaq bir şey tapmırsan. Din heç vaxt demir ki, özünü Allahla müqayisə elə. İnam deyir, yalnız Mütləq olan həqiqidir. Nə edirsən elə o, Mütləqə uyğun olmalıdır. Onu deyir, onu tələb edir. Dünya məhvərindən çıxıb, dünyanı məhvərinə qaytarmaq üçün insan özünü yalnız Mütləqlə müqayisə eləməlidir. Onda dünyanı məhvərinə qaytaracaqsan. Həyatın gedişatını məhvərinə qaytaracaqsan. Başqa cür mümkün deyil…

 İnsanın mahiyyətində elə balaca şeylər tapırlar ki, o balaca şeylər insana inamın yolunu kəsir. Birinə deyirsən insan daxilində Mütləq gəzdirir, o da sənə deyir ki, o küçədə oturub əlini açan insan? O özündə Mütləq gəzdirir? Nəsimi deyirdi ki, həm dilənçiyəm, həm şaham, həm həqqəm. İnsanda o var, bu var. İnsan o vaxt dilənçidir ki, içindəki həqiqətdən məhrum olub. Öz aqibətini əlinə ala bilməyib. İnsan o vaxt “şah”dır ki, içindəki heyvani duyğularla, ehtiraslarla yaşayır. İnsan o vaxt Həqqdir ki, daxilindəki həqiqətin səsiylə nəfəs alır, yaşayır. İçindəki Mütləqin səsiylə yaşayır, davranır. İnsan təzadlar dünyasındadır. Təzadlar biçimidir insan. Onun biolojiliyinin təsirindən gələn dilənçilik də var, azğın şahlıq da var. Amma onun daxilində gəzdirdiyi insanlıq hikmətindən gələn Həqq var. Ona qovuşmalıdır. İnsan ona görə doğulur, yaranır ki, ona qovuşsun. Ona görə doğulmur ki, doğulduğu ana, məqama bərabər qalsın. Təzadların içindən çıxmaq lazımdır. Asif Ata bizi təzadlardan çıxmağa çağırır. Sən həm bədənsən, həm də ruhani xilqətsən. Mahiyyətində filan şey, gerçəkliyində ayrı şeydir. Gerçək­liyin də səni gerçəkliyə bağlayır. Mövcud olmaq məsələsi var. Mövcud olmaq üçün həyat uğrunda mübarizə aparmaq məsələsi var. Ən adi, bəsit, ibtidai səviyyələrə enmək məsələsi var. Qamarlamaq üçün, rəqabət aparmaq üçün, rəqabətdə üstünlük əldə eləmək üçün və s. Bunlar səni heyvana bağlayır. Heyvan kimi saxlayır, heyvan kimi də öldürür. Ancaq sən içinlə əlləşdikcə, içindəki əsrarı üzə çıxarırsan. Mütləqi tanıdıqca özünü öz mənana bərabər görürsən. Öz mənana bərabər yaşayırsan. Öz mənana bərabər yaşadığın üçün də sənin ömründən həyata işıq gəlir. Sən mühiti dəyişə bilirsən. Sənin dediyin ölçü olur, ömrün ölçü olur. İnsanlar böyük hikmətlərə öz içinin tələbi ilə yanaşır. Ancaq öz fiziki, bioloji pəncərəsindən baxanda deyir ki, bunlar yaxşı şeydir, ancaq mümkün deyil. Mümkün deyilsə, nəyə yaşayırıq? Yaxşıdır ona görə ki, mümkün olmalıdır. Mümkün olmayacaqsa, yaxşı deyil. Sən öz içinin balaca havasından baxırsan, deyirsən ki, mümkün deyil. Onda bir nəfər mənə göstərin ki, yeyib-içəndə, toylarda bir adama danışmaq üşün söz verəndə desin ki, hər şey murdardır, düzələn deyil. Başlayacaq yaxşı şeylərdən danışmağa. Niyə yaxşı şeylərdən danışırsan əgər düzəlməyəcəksə. Yaxşı şeydən danışırsan ki, yaxşı şey örnək olsun. Yaxşı şey ağlımıza otursun, əməlimizə otursun. Ağlına gələn nədirsə, əlinə qonan da odur. Ağlına gözəl şeylər gətir ki, əlin də gözəl şeylər icra eləsin. Amma ağlını gah cəmiyyət eybəcərliyinin, xurafatının, gah da yaxşı sözlərin yanına daşıma. Ağlını daim Xeyirlə doldur. Bax, bu mənada insanı təzadların içndən çıxarmaq gərəkdir. Bunun da yolu Asif Atadır, din deyil, fəlsəfələr deyil. Asif Ata Böyük Ruhani Sistemdir. Ruhaniyyat insanı təzadların içindən çıxarır.

 Deyirsən ki, insan hara baxır bədbinlik görür. Ancaq təzadların içindən çıxandan sonra hara baxırsan, orda məna görürsən. Poeziya nədən yaranır? Ağaca baxırsan, məna görürsən, quşun uçuşunda məna görürsən. Göylərə baxırsan, əsrar səni çəkib aparır, qanadlandırır.  Hara baxırsan mənanı görmək lazımdır. Məna gördükcə sənin ürəyin böyüyür. Mənanı göstərən hikmət ölçü olmalıdır. Buna görə Ocaqçınıın özünə dediyi və başqasına dediyi bir anlam daşımalıdır – özünə nə deyirsənsə, əməldə topluma onu deyirsən. Topluma əməldə yaxşı söz demək üçün için və çölün bir-birinə bərabər olmalıdır. Ocaq kamilliyi odur. İnsan mütiyə bərabər olmur, köləyə bərabər olmur.

Mən bir yazı haqqında düşünürəm. Remarkı oxuyuram, əgər səbəb verə bilsə, o yazını gerçəkləşdirəcəm – Tərəqqi və antitrərəqqi. Tərəqqi adına deyilən nə var antitərəqqidir. Bu gün dünyanı lərzəyə salan, çalxalayan İşid örgütndən danışırlar. Terror örgütü, harda əlinə kim keçirsə, başını kəsir. 10 yaşındakı uşağın başını “Allahu əkbər” deyib kəsir. Bunu niyə deyir, niyə eləyir? Dünyada naşını qandıran, söz deyən, maarifləndirən bir şey  yoxdur. Allah əkbər-zad deyil, Allah balacadır, yoxdur, ölüdür. Sən orda insanın başını kəsirsən, əslində Allahı öldürürsən. Hardan oldu Allah əkbər?!

Deyirlər ki, Asif Ata nə istəyir? Asif Ata deyir ki, məni eşitməsən, həmin o İşid səni dana qibləsinə kəsəcək. Əgər məni eşitməsən, heç biriniz o taledən sığortalanmamısınız. Çünki o quduzluğun arxasında dünyanın azğınlığı durur. Ocaqçının Ocağa bağlanması, içinin tələblərini artırması, Ocaqdan yapışması onun xoşbəxtliyidir. Həm də xalqının xoşbəxtliyidir. Xalqını sevirsənsə, bu sənin çox böyük dəyərindir.

Əlisəfa bəy  tədbirə dəvətə görə təşəkkürünü bildirdi, “Ailə Günü”nün mövzusuna yönəlik fikirlərini vurğuladı: Peyğəmbərlər yüksək ruhani vəcdlə doğulan insanlar olurlar. Onlar, Asif Atanın təbirincə desək, Mütləqi özlərinə məxsus şəkildə görürlər. Onlarda konsentrasiya da gözəl alınır, ruhani sözlər də alınır. Beləliklə də, peyğəmbərlik alınır. Bu guya böyük ruha malik  insanların dedikləri sıradan insanlar üçün o qədər ağır olur ki, bunu hamı daşıya bilmir. Gerçəkdə də belədir. Amma iş doğrudursa, zaman-zaman nəticə verməlidir. Mən İslam dünya­sının yaxasından tutub deyərəm ki, 1400 ildir ki, daşıdığınız ideologiyanın nəticəsi budurmu? İşid də onu göstərir. Odur ki, siz onu bacarmadınız. Aşıq Ələsgər demiş:

Gəl yapışma gücün çatmayan daşa,

götürə bilmərsən, zora düşərsən.

Bu gün bizim dədəmizin, babamızın daşıdığı İslamın ideologiyası bizə onu deyir ki, bizim daşımağımız üçün deyil. (Qoyulmuş mövzu gözəl mövzudur.) Ona görə ki, insan hazırlığı yoxdur onu daşımaq üçün. İnsanın hazırlığı odur ki, Asif Ata bu boyda maarifləndirici əsərlər yazıb, izah edib, sağ olun ki, Ocağı az adamla, çətinliklə də olsa, sönməyə qoymursunuz. Yaxşı olardı ki, daşıyıcılar çoxalsın, savadlı insanlar Ocağa gəlsin və mövzuları araşdırsınlar. Dinlər insanın bugünkü səviyyəsi və münasibətlərin tənzimlənməsi, ruhla bədənin, maddiyyatla mənəviyyatın, millətlərin, dinin daşıyıcısı olmayanların, tabedə olanlarla tabe edənlərin, bütün bunların hamısını, qarşılıqlı münasibəti ruhani hal kimi araşdırmalıdır, izah etməlidir. Ondan sonra insan öz Mütləqini tapa bilər. Bu gün biz tapa bilmirik. İnsan yarananda özündən asılı olmayaraq, üzünü göyə tutdu. Özünə yaradan axtardı, Tanrı axtardı, xuda axtardı. Tapdığı da, düzüb qoşduğu, cəmiyyətə təqdim etmək istədiyi də bu səviyyədə oldu. Dinlər insanı  Mütləqə aparıb çıxara bilmədi. Cığırlar hamısı dolanbac, insanın gedə bilməyəcəyi, axıracan getməyə də iqtidarı olmayacağı bir səviyyədə yalan oldu. Ona görə də bu gün bilmirsən ideoloji ilə hərəkət edəsən, etnik mənsubiyyətinlə hərəkət edəsən, iqtisadi klanların, masonların ortaya qoyduğu qaydalarla hərəkət edəsən. Bilmirsən ki, xalqlaşma prosesində dindən, etnosdan, iqtisadi blokadalardan fərqli olaraq nədən ortaya gələsən. Bilmirsən dövlətlərarası münasibətlərdə özünü necə aparasan. Dünya bu boyda qatmaqarışıqdır. Elə bir halda belə söhbətlərin edilməsi bura gələnlərin yaddaşında nəsə saxlayır. Mənim də burada məsuliyyətim var. Məclislərimiz geniş olmalıdır. Ürəyinizə sağlıq. Tədbirimiz şən olsun.

Nizami bəy Ocaq tədbirlərində daim yeni fikirlərlə tanış olduğunu, öyrəndiyini, özü üçün nələrisə götürdüyünü vurğuladı.

Soylu Atalı: Üç gün əvvəl mən Aran Qarabağdan gəldim. Orda “Ailə Günü” mərasimi keçirdik. Orda da tədbirə qatılan dostlarımız özlərinin işiylə bağlı hesabat verdilər. Orda kənd var. O kənd aşırı dərəcədə cəhalət içindədir. Orda Seyid Çələbi adlanan birisi var, kəndin başına açmadığı oyun qalmayıb. Atdığı addımlar ayıblı addımlardır. İnanmağım gəlmirdi ki, bu dövrdə belə şey olar. Bu gün orada Ocağa bağlı iki qardaş mübarizə aparır. İki qardaşın ikisi də elə fəaliyyət göstərir ki, o kənddə ciddi dönüş yaranıb. Təsəvvür edin, iki qardaş, ya əmioğlu arasında, ya bacı-qardaş arasında seyidçilik bölgüsü düzgün qurulmayıb, söhbət alınmayıb və bunlar ayrılıblar, ayrı-ayrı kənddə məskunlaşıblar. 1956-cı ildən bu vaxta qədər o iki kəndin arasında əmioğlu, dayıoğlu, qardaş-bacı arasında münasibət yoxdur, get-gəl yoxdur qorxularından. Çələbilərin qorxusundan ki, bunları dinsizlikdə, kafirlikdə suçlayacaqlar. Bu qardaşların orda fəaliyyəti nəticəsində 1 ildən artıqdır ki, get-gəllər başlayıb. O qardaşlardan biri təhsillidir, o birinin ali təhsili yoxdur. O təhsili olmayan çıxıb elin içinə, 40-50 nəfər yığıb, əməli-başlı görüş keçirib. Onlar orda keçirdiyimiz tədbirlərdən aldığı, əldə elədiyi həm əhvaldır, həm fikirdir, həm ruhdur. Bir şəxsin ömründə belə iz buraxıla bilər ki, o şəxsin ömründən başlayan böyük bir proses həyata keçə bilər. Başlayıb da. Ona görə vaxtilə Asif Ata hər zaman öz fikirlərinin, düşüncəsinin yeriməsini, yeridilməsini belə vurğu edirdi ki, “ağac-ağac, addım-addım, hal-hal, fərd-fərd”. Biz daha sürətlə istəyirk. Bizim istəklərimizə toplum çox vaxt cavab vermir. Ancaq ayrı-ayrı insanlarımız, Əlisəfa bəyin dediyi kimi, bura gələndə yalnız dinləyib getməyək, xalqın dərdinə yönəlik başqa yerlərdə söhbətlər aparaq, təsir göstərək.

Ata deyirdi ki, gərək sizin yanınızda vətənsizlik söhbəti getməsin. Vətənsizlik adlanan şər sizin olduğunuz mühitdə gərək ayaq açmasın. Gərək onunla mübarizə aparasınız. Xalqın yönü milli kimliyinə bağlı deyil. Biz də elə eləməliyik ki, xalq milli kimliyinə bağlansın. Onu bağlamasan, xalq ola bilməyəcəksən.

Bu ayda biz “Xəlqilik” Bayramını keçirdik. Vaxtilə Türk Millətçi partiyasında olan bir dostumuz deyir ki, nədənsə biz 90-cı illərdən eyni şeyi deyirik-deyirik, bir nəticə olmur. Deyirəm, hamımız eyni şeyi demirik. Desəydik, başqa cür olardı. Millətçilik sözünü deyirik, amma bu dediyimiz nədir?! Bayaq dediyim kimi, bir var dinin kamil insanı, bir də var İnamın kamil insanı. Bizi kökləyən başqa ideolojiliklərlə bağlı millətçilik sözü var, bir də var milli ruhun millətçilik sözü. Həqiqi millətçilik nədirsə, onun öz sözü var, ölçüsü var. Bu baxımdan söhbət təkcə millətçilik sözünü əzbərləməkdən getmir. Bu sözün altındakı mənadan gedir. O məzmunu düzgün yaratmaq, düzgün vermək gərəkdir. Yoxsa sən millətçilik sözünün altında xalqa elə söz deyərsən ki, nə ona yaxın gələr, nə də təsiri olar.

Ramin bəy: Çoxdandır sizlərlə görüşmürdüm. Bu gün çox xoş söhbətlər eşitdim, böyüklərimi dinlədim. Çox gözəl atmosferdə oldum. Hər biriniz var olun.

Araz və Erol tədbirə şeir söyləməklə qatıldılar.

Müqəddəs Oxuma hissəsində Asif Atanın “Təməl” kitabından hissələr oxundu.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.

Od Ayı, 36-cı il. Atakənd.

(iyul, 2014. Bakı.)

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir