Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni

Ocaq Günsırası ilə 4 Ata Ayı, 44-cü ildə (sentyabr, 2022) “Uluyol-Hünər” Ailəsinin sonrakı “Ailə Günü” yığıncağı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük. Bu aykı yaşantılarım haqqında qısaca danışmaq istəyirəm. Amallaşma yönündə Atanı oxuyuram, düşünmüşəm. Ancaq bu ayda ən böyük işim səfərim olub. Uzun çağlardır xalqlaşma yönündə gözə tutulacaq əməlim olmayıb. Ara verəndə başlamaq, ya da davam eləmək çətin olur. Qubada 6 gün bacımgildə qaldım, 5 gün iş apardım. Hər dəfə evdən çıxmağım, hər dəfə insanlarla görüşməyim məni yaxşı etkilədi… Soylu bəyin görüşlərdə belə bir halı var. Bəzən ona deyirdilər, 5 dəqiqə vaxtınız var, bitirin. Ancaq Soylu bəy heç vaxt tələsmirdi, danışırdı, davam edirdi, o söhbət elə bir yönə gedirdi ki, 5 dəqiqə 20 dəqiqə ola bilirdi. Səfərdə açdığım qapılar hər an çətinlik vəd edirdi, bəziləri bilmir, bəziləri söhbət etmək istəmir. Ancaq mən söhbətə başlayırdım, qarşımdakının istəksizliyini görsəm də. Söhbətə başlayırdım, söhbət davam edirdi, söhbət bəlli bir məqama da çata bilirdi. Nə qədər insanlarla görüşdüm, söhbətləşdim, təkcə Xaçmazda Kitab Evinin müdiri ilə söhbətim alınmadı, çünkü o, yaşlı idi, Atanı tanıyırdı, hiss etdim, içində bir qəbuledilməzlik var. Özünü də elə apardı sanki çox tələsir harasa. Ancaq başqa kimlə görüşdümsə, qarşımdakının halına baxmadan mən öz gəlişimin məqsədini, Atanı, bir sözlə, nə deyə bilirdimsə onun hamısını dedim. Halımın özü məni yüksəyə qaldırır. Mən gördüm, əslində buyam. Mən xalqlaşan, insanlara ideyanı deyən, deməli olan Nurtəkinəm. Mənim halım əslində budur. Mənim fərəh aldığım budur. Bunu gördüm keçən ayımızda. Bu halın özü də məni çox yüksəyə qaldırdı. Qarşımda da məqsədlər qoymuşam ki, istər Amallaşma ilə bağlı, istər özünü ifadə etməklə bağlı, bir çox şeylərlə bağlı dayanmayım.
Səfərdən qayıdandan sonra da bəzi söhbətlərim olub. Görürəm fərəhin yüksək halına çatmışam özüm üçün, insanlarla söhbət mənim özümə gərəkli olduğu dərəcədə onlara da gərəklidir. Biz bilirik insanların arzuları, istəkləri bəsitdir, həyat səviyyəsindədir. Onu daha yaxşı görürəm, daha aydın görürəm. Yüksəkdən görürəm sanki. Bu halımın özü məni çox sevindirir. Düşünürəm özümə doğru bir addım atdım. Bu addımı dayandırmaq fikrində deyiləm.
Ay içində Soylu bəyin kitabını oxuyub hazırlamışıq. Gözəl bir kitab alınıb. Sağlıq olsun, çap olunacaq. Oxuduqca da çox bəhrələndim.
Belə bir qonumuz var – “Adamdan heyvana əl boyda yol var, Adamdan insana göy boyda yol”. Atanın elə fikirləri var, aforizm kimi yaxşı yadımda qalır. Bu fikri oxuyanda həmişə Ocaqdan gedənlər gözümün qarşısına gəlir. Ata deyir, artmayan azalır. Hardasa dayanırsansa, hardasa bir addım geri atırsansa, o doğrudan da adamı uçuruma sala bilir. Əl boyda yol ordadır. Uçuruma düşməkdir. Adamdan insana isə əgər bir duyğu belə insaniliyə doğru addım atırsansa, o elə bir yüksəkliyə qaldırır, ordan aşağı düşmək istəmirsən. Özümün halını elə görürəm. Qanad çalaraq daha da ucalmaq, daha da ucalmaq. İnsanlıq halı adam üçün elə bir haldır, qanad çala-çala daha da yüksəkliyə çatırsan.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Nurtəkin dedi üzə tutulası, fərəh verici işim – səfərlərim olub. Mən bir az naxoşlamışam. Bununla belə xalqlaşma işim, söhbətlərim olub. Ədəbiyyatlar vermişəm, yaxşı söhbətlər eləmişəm. Biri ilə ünsiyyətdə öncə ədəbiyyat vermişdim, araşdırmışdı səhərə kimi. Səhəri günü qəbul eləmədi. Ərkanla kitabları qaytardı. Ağlına gələn odur ki, siz niyə Atanı peyğəmbər adlandırırsınız. Başa saldıq ki, Ata dünyabaxış yaradıcısıdır. Dünyanın pozulmuş halına qarşı fikir sərgiləmək, onun əlacını tapmaq, sistemli şəkildə dünyanı, həyatı, insanı dəyişmək, insanı kamilləşdirmək, mərkəzdə insanın dayanması hamısı gözəldir. Ancaq peyğəmbər sözü. Nə isə…
Xalqlaşma işim bir dəfə də həkimimlə alındı. Mənim halımı öyrənəndə mən Asif Atadan danışdım. Düşüncələrimi dedim. Heç xəbəri yox idi. Ədəbiyyat istədi, verdim. Yaxşı söhbət elədik. Dincəldiyim yerlərdə, parklarda özüm yaşda insanlarla söhbət eləmişəm. Yaşlı adamlar idi, ən cavanı hardasa 50 yaşlarında. Xalqlaşma ilə bağlı bəlli addımlarım olub yenə.
20 yaşlarında gənc bir oğlan vardı. Qaraçuxurda yaşayırdılar, təsadüfən qohumugilə gəlib. Biz də onların evinin qarşısından (Elana ilə) keçirdik. Oturmaq istədik, yer göstərdi. Söhbət başladı. Qohumları da dedilər, bu bizim hamımızı öyrədir. Bu adamda nevroz xəstəliyi var. Ayaqlarında da ifliclik var. Yeriyir, ancaq çətinliklə. İşıqlı üzü vardı, Avropa filosoflarını oxuyub, ancaq Şərq filosoflarından xəbəri yox idi. Sağlıq durumu ilə bağlı məktəbə getməyib, bacısı əlifba öyrədib, sonra özünütəhsillə məşğul olub. Soruşanda özünü fəlsəfəçi, filosof kimi qiymətləndirdi. Biz də maraqlandıq, özümüzü nişan verdik. Ordaca saytı verdim, girdi telefonda, dedi axşam maraqlanaram. Qaranlıq düşənə qədər söhbət elədik, gəldik. Axşam maraqlanıb, peyğəmbər sözünü keçə bilməyibdir. Həzm edə bilməyib, daha doğrusu. Səhərisi günü bizi görəndə üzündə ağır bir yorğunluq vardı. Tədbirlərə baxıb, videolara baxıb, ancaq niyə Ataya peyğəmbər deyirsiniz. Ümumiyyətlə, peyğəmbər kimə deyərlər. Tarixdə peyğəmbərlər nizamı dəyişib, söz deyib, fikir deyib. Bayrağını qaldırıb, qurumunu yaradıb, günsıra yaradıb, əlifba yaradıb. Peyğəmbər hər adama deyilməz. Ancaq Asif Ata yol tapıb ortaya qoyur ki, bu dünyanın pozulmuş nizamını necə düzəltmək olar?! Çünkü insan həmişə bu deyilmiş fikirlərdən qıraqda qalıb. Bütün bunların hamısına qohumları da qulaq asırdı. Qəbul edirdilər də. Ancaq axşam gedib peyğəmbər haqqında, fikri dəyişib. Öz işidir.
Qalan iki yerdə ədəbiyyatı da yaxşı qəbul elədilər. Həkim də hər dəfə yeni bir şeylər soruşurdu…
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):  Amallaşma ilə bağlı demək olar, həmişə məşğulam. Son zamanlar Atanın “Görmək İnsaniliyi” kitabını oxumuşam. Qardaşımız Soylu Atalının tövsiyəsi ilə bəzi qeydlər də aparmağa başlamışam. Öncələr kitabı qeydsiz oxuyardım. Ancaq qeydlər aparmaq daha yaxşıdır. Düşüncələri mənimsəmək üçün böyük köməyi olur. Oxuduqlarım haqqında dərindən düşünmüşəm. Bir daha yolumuzun necə gərəkli olduğunun fərqinə vardım. İnsanlaşmaq, özüylədöyüş tələbi də həmişə diqqət mərkəzində olub. Ən çox uğraşdığım sahə özüylədöyüş sahəsidir ki biz həyatda yaşayırıq, həyata bulaşırıq. Ancaq Soylu qardaşımız, Nurtəkin bacımız, Bilən-Göytəkin ailəsi hardasa həyatdan qopa bilibsiniz. Həyatla uzlaşma qura bilmisiniz. Mənim üçün sizin həyatınız bir örnəkdir.
Xalqlaşma əməlim ardıcıl deyil. Yox da deyil. Məni tanıyan qohum-əqrəbadır, tanış-bilişdir. Bunlar mənim yolumu bilirlər, bu yolla bağlı həmişə onların marağındayam. Aramızda geniş söhbətlər olur. Bəzən əlavə qoşulanlar da olub. Söhbəti ən çox dinə bağlı aparırlar, yəni deyirlər, elə dinin dediyini deyirsiniz. Din varsa, başqa şeyə ehtiyac yoxdur. Ancaq bəzən olub, mən yenə ehtiyatla belə şeylərə yanaşıram, yeni qoşulanlar daha kəskin şəkildə münasibət bildiriblər. Dinin gərəksizliyi haqqında öz fikrini bildirib. Hansı ki Ocaqdan xəbəri olmayan bir adamdır. Bircə özümü o anlamda qınayıram ki, hardasa gərək ardıcıl, mütəmadi bir qrup yaradım, bu daha gözəl olardı xalqlaşma əməli üçün.
Gəldik qonumuza – bu haqda da düşüncələrim olub. Dünən var, bu gün var, sabah var. Bir də var – Məxluq, adam, insan. Dünəni bu günə bağlayan istismar adında bir məsələ var, heç kim bu günlə yaşamaq istəmir. Bu gün adam üçün də, insan üçün də, hətta məxluq üçün də iztirablı bir yoldur. Hərənin öz tutumuna görə, öz baxışına görə.
Dünəni bu günə bağlayan islam adında bir yön var. Heç kim bu günlə yaşamaq istəmir. Bu gün bütün adam üçün də, insan üçün də, hətta məxluq üçün də islam bir roldur. Bugünkü yaşam tərzi hərənin öz tutumuna görə, öz baxışına görə. Ancaq mən deyərdim, dünənlə bu gün arasında elə bir ciddi fərq yoxdur. Sadəcə olaraq istismarın çeşidləri dəyişir. Yenilənir, incələşir, gözəgörünməz olur, bəzən hətta ifrat dərəcədə dünəni təkrar edir. Kapitalizmi bəyənmədik, sosializmə gəlib çıxdıq, sosializmi bəyənmədik, kapitalizm ortaya çıxdı. Yenidən qayıtdılar kapitalizmə. Bu çevrə ki var, bu çevrədən qırağa çıxa bilmədik, mən deyərdim dünənlə bu gün eyniləşib. Dünənlə bu gün arasında fərq yoxdur. Qardaşımız heyvanlığın müxtəlif çeşidlərindən danışdı. Mən isə deyərdim məxluq heyvandan da aşağı səviyyədir. Çünkü heyvan təbiidir, öz təbii ehtiyaclarını ödəyir. İnsanda isə ağıl deyilən bir üstünlük var. Bu ağıl əgər planlar qurursa, şər törətmək üçün planlar qurursa, yollar axtarırsa, bunlar heyvanda olan keyfiyyətlərdir. Adam heyvandan da aşağı səviyyəyə enir, heyvandan da qorxunc olur. Həm təbiət üçün, həm dünya üçün, həm insan üçün, həm həyat üçün. Ancaq cəmiyyətin də, insanın da qurtuluşu sabahdadır. Demək olar, tarix olsun, cəmiyyətlər olsun, bunlar bütün sistemləri təcrübədən keçiriblər. Bütün sistemlər sınaqdan keçib. Heç biri yaramayıb. Heç biri cəmiyyətin əsas faktı olan insan anlamından yapışmayıb. Gerçək həyat nisbidir, sonludur, ölümlüdür, istər şər yönündə olsun, istər xeyir yönlü olsun. Şər adam da ölür, xeyirxah adam da ölür. Bəzən olur, xeyirxah adamın ölümü daha əzablı olur. Babəkin ölümü, Nəsiminin ölümü. Bir üstünlük ondadır ki, bu cür qəhrəmanlar ölümü də fərəhlə qarşılayırlar. Onların fərəhi, məğrurluğu, halı olur. Ancaq şər yönlü adamların da ölümü sanki faciə ilə bitir. Bütün ömürlərini maddiyyata həsr eləyənlər, H.Z.Tağıyev bütün ömrü boyu milyoner kim yaşadı, qızı Sara xatun acından öldü. Onlar ölümü də əzabla, işgəncə ilə qəbul edib. Onların işində heç bir fərəh olmayıb. Nəsilləri üçün də heç bir zaman arxayın olmayıblar. Nəsil də gedib dalana dirənib. Mən hələ hakimiyyət baxımından göylə gedənlərin şahidi olmuşam ki, onların axırı acınacaqlı bir sonluqla bitib… Məqam düşəndə bu səpkidə söhbətlərim olub.
Cəmiyyət adamdan heyvana nəinki bir addım yol, hətta heyvandan aşağı enir. Ancaq adamdan insana göylər qədər yol var. Bu elə-belə başa gələn bir olay deyil, uzun yol tələb edir, özüylədöyüşün adi bir məqamı böyük düşüncələr, böyük duyğulanma halları tələb edir. Ancaq mən nikbinəm o mənada ki, insan öz düşüncə tərzini, duyğularını əsasən hansı səmtdə kökləyirsə, hansı səmtdə daha çox düşünürsə, duyğulanırsa, geci-tezi həmin yola gəlib çıxa bilər…
Atamız var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Demək olar, Atadan, Soylu Atalıdan hər gün oxuyuram. Məni rahatsız edən çox şeylər var. Ocağa gəlməmişdən qabaq mən insanlardan bezmiş kimi, insanlardan əlimi üzmüş kimi idim, çıxış yolumu belə görmüşdüm. Düşünürdüm ki, ölkənin düzəlməsi üçün, belə görünür, çox adamları məhv eləmək lazımdır. Beynimdə belə formalaşmışdı ki, çıxış yolu budur. Elələrinin haqqı yoxdur yaşamağa. Oxuduğum orta məktəb, təhsil aldığım müddət, işlədiyim müddət heç bir yerdə düzgün, insana xas olan bir şey görmədim. Ona görə məndə belə bir şey formalaşmışdı ki, məhv eləməklə düzəltmək. Ocaq mənim düşüncəmdə dəyişiklik yaratdı. Tam şəkildə çıxmamışam, bu da özümlə bağlı bir sorundur. İstəyirəm hər şey tez olsun. Ancaq görünür hələ çox düşünməli, ciddi işlər görməli olacam…
Xalqlaşma işim yaxşıdır. Demək olar, gündə söhbətlərim olur. Həddindən artıq insanlarla ünsiyyətim var. Bu, artır, azalmır.
Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib, bayrağı öpür – N.A.): Mən gələnəksəl qonularımıza yönəlik çox şey deməyəcəm. Məsələn, Amallaşma məsələsiylə bağlı. Çünkü mənim amallaşmam sizin hər birinizə tanışdır. Bireysəl söhbətlərimizdə demişəm, təkrar eləmək istəmirəm. Mənim ən çox son axtarışlarım nəyə doğrudur?! Bu gün Asif Atanın peyğəmbərliyinə qarşı dirənənlər var, onun yaratdığı inamı suçlayanlar var, nə bilim nələr. Mən tamam ayrı bir səpkidə düşünürəm. Asif Atanı başqa dünyagörüşlərin, başqa təlimlərin, başqa ideyaların arasından necə çıxarım özüm üçün. Həm də toplum üçün fərqli olduğunu aydın şəklə salım. Mənim axtarışım əsasən bu yöndədir. Qardaşımız Günev dedi, Atanın peyğəmbərlik məsələsini bilən kimi, biri ordan yaxasını qırağa çəkir, biri burdan. Bunlar olmalı bir şeylərdir. Çünkü elə bizim yerişimizin zəifliyinin də əsas nədəni budur. Biz Asif Atanı peyğəmbər saymasaq, başqa sözlə, Asif Atanı topluma peyğəmbər kimi izah etməsək, sunmasaq, onda istənilən adam bizim ətəyimizdən tutar. Azərbaycanda belələrinin sayı indikindən qat-qat çox olar. Elə məsələ ondadır ki, biz cəmiyyətin qəbul eləmək, sinirə bilmək imkansızlığını bilə-bilə Asif Atanın peyğəmbərliyini ona öyrətməyə, verməyə çalışırıq. Çünkü ayrı bir işimiz yoxdur. Bizim işimiz odur. Biz peyğəmbərliyi vermək istəyirik. Söz yox, bunu asan qəbul eləməyəcəklər. Bunu qəbul eləmirlər, qalan şeyləri qəbul edirlər. Qəbul eləmirlər, eləmirlər. Ancaq biz verməliyik. Peyğəmbərliyi verməsək, onda yerdə qalan işlərimizin gücü birəbeş azalacaq. Nə qədər istəyirsən de, Asif Ata xalqını çox sevir. O, pis şeyləri xalqına arzulamır. Filan şey olmasın, filan şey olsun. Olmasın, olmasın. Gəl elə səhərdən-axşama deyək, kaş xalqın filan çatışmazlığı olmaya. Halva-halva deməklə ağız şirin olmur. Hamı deyir pis şeylər olmasın. Olmaması üçün neyləyək?! Olmaması üçün biz deyirik peyğəmbər gərəkdir. Sənin içində yaranan peyğəmbərə gərək var. Çünkü sənin dərdini sənin içindən çıxan bilir. Sənə qıraqdan işğal gətirən sənin dərdini bilmir. Sənə dərd gətirir. Bunu görmürsən, görə bilmirsən, özün bil.
Toplum iki açıdan bu məsələyə yanaşa bilər. Dinə bağlı insanlar Məhəmməddən başqa peyğəmbər görmək istəməzlər. Elmin, texnologiyaların gəlişməsi ilə bağlı informasiyalarla yüklü olan başqa kəsimə də peyğəmbərlik gülünc etki bağışlayar. İlin-günün bu vaxtı, 21-ci yüzildə nə peyğəmbər. Peyğəmbər qurtardı, peyğəmbər qədimdə ola bilər. Ağıllarına sığışdıra bilmirlər, 21-ci yüzildə texnologiyaların bu qədər gəlişdiyi bir çağda ortaya peyğəmbər çıxa bilər, ya da ortaya peyğəmbər çıxartmaq istəyərlər. Bizə bəlkə də anormal kim baxanlar var. Bizi xəstə təfəkkürlü sayanlar var, bu məsələyə görə. Bunların dərdi-azarı yoxdur. Bir qom adam düşüb ki, Asif Ata peyğəmbərdir. Belə düşünənlər var. Ancaq biz cəmiyyətin bu halına acıqlanmamalıyıq. Hansı birimiz Ocağa gələn kimi Asif Atanın peyğəmbərliyini asanlıqla sinirmişik ki. Heç birimiz. Bilən son gələnlərdən biridir. Bilən qəbul olanda heç peyğəmbərim sözünü demədi. Çünkü peyğəmbər sözü onun da qulağına hələ yatmamışdı. Onun da hələ könlünə yatmamışdı. Onun üçün də hələ yaxşı anlamda, adiləşməmişdi, vərdiş halına keçməmişdi. İndi bu millətin qulağında peyğəmbər sözünü adiləşdirməliyik biz. O qədər deyəcəyik, deyəcəyik, ona adi gələcək. Necə ki Ata sözünə qarşı da allergiya vardı. Necə yəni Ata, nə Ata. Mənim öz atama nə gəlib. Bu da belə bir aşama idi. Ata nədir?! İndi hamı adi qarşılayır. Cəmiyyətin mənasız inadını sındırmaq gərəkdir.
Mən illər öncə balaca bir olayı izləmişəm. Kənddə bizim evimiz ikimərtəbəlidir. Bunun artırması var. Damla birləşən hissəsində quş gəlib yuva qururdu. Min dəfə o tərəf-bu tərəfə uçur, dimdiyində ot gətirir bir-bir, hansı əzabla yuva qurur. O yuvanı qurmaq üçün min cür əzab çəkir. O yuvanı bir yerə qədər qururdu, anam ağacla onu uçururdu. Ancaq o quş yenidən onu davam edirdi. İkinci, üçüncü dəfə də davam elədi. Axırı anam yoruldu. Mən də yuvanın altına bir fanerka düzəltdim. Anam ona görə uçururdu ki, eyvanı batırır. Dediyim nədir. O quşun inadı, yuvanı orda nəzərdə tutub. Ora ona uyğundur. Orda qurmalıdır. O quş o yuvanı qurmalıdır, qurdu. Anam bezdi, yoruldu, onun üçün adiləşdi.
İnsan varidat dalınca qaçır, zənginlik dalınca qaçır. Maşınım da olsun, filan şeyim də olsun, doymur. Bunu biz insanilik açısından eybəcərlik sayırıq. Ancaq mahiyyətcə bu, insanın başqa canlılardan əskikliyi deyil, üstünlüyüdür. İnsan ruhani varlıqdır, ruh daşıyıcısıdır. İnsan ruhani varlıq olmalıdır. İdeallara can atmalıdır. Ruhaniliyə can atmalıdır. Ona can ata bilmir. O boş dayana bilməz axı, onun əvəzinə bütün bu şeylərə meyil edir. Deməli, insanın meyil eləmək gücü var, qüdrəti var. Sadəcə olaraq, o öz insani mahiyyətinə can atmadığına görə, ideala can atmadığına görə, idealla yaşamadığına görə balaca şeylərə, aşağıdakılara meyil edir. Yetər ki, enerjisini nəyəsə qoysun. Ancaq bu, insanın enerji açısından, quruculuq açısından, canatma açısından üstünlüyüdür. Sadəcə olaraq, təyinatı doğru deyil. Doğru yönə deyil çabaları. Ona görə biz onu insani əskiklik sayırıq. Yoxsa heyvanla tutuşduranda əskiklik məsələsi deyil. Bu cəhətləri biz insanlara öyrətmək istəyirik. Sənin ideallara can atmaq potensialın var. Gəlişmə nə deməkdir?! – İdeallara can atmaqdır. Olanla barışmırsan, olmalıya can atırsan. Ona görə can atırsan, ona görə baş verir. Yerində saysan, can atmasan, əlbəttə, gəlişmə olmaz. Bu həqiqəti mən sənə necə verim, necə öyrədim?! Mən deyirəm ağlına batır, ancaq can atmırsan. Bəs neyləyim?! Bunu həyata keçirmək üçün inad gərəkdir. Bu inadı göstərənin adına peyğəmbər deyirlər. Alim bu inadı göstərmir, Peyğəmbər göstərir. Peyğəmbər idealla iç-içə olur. Peyğəmbər Allahla iç-içə olur. Daim Allahla təmasda olur. Alim elmlə təmasda olur. Alim gerçəkliklə təmasda olur. Peyğəmbər Allahla təmasda olur. Ona görə də Allahın tələblərini çatdırmaq zorundadır insana. İnsanı Allahın tələblərinə yönətmək zorundadır. Yəni Mütləqə yönətmək. Çünkü daim Mütləqlə ünsiyyətdədir, Mütləqlə təmasdadır. Məndə Məndən yüksək olan Mütləq Məna… Təbiətdə Təbiətdən yüksək olan Mütləq Məna… Bunlarla təmasdadır insan. Yəni peyğəmbər. Toplumu yönləndirmək üçün, qurtarmaq üçün, ona ölçü vermək üçün, normal insan kimi yaşatmaq ölçüsü vemək üçün peyğəmbər çabaları gərəkdir. Peyğəmbər inadı gərəkdir. Peyğəmbər görümü gərəkdir. Peyğəmbər eşqi gərəkdir. Bunu adi adam eləyə bilmir. Adi adam usanır, yorulur, dayanır. İnadından dönür, ancaq peyğəmbər dönmür. O biri peyğəmbərlər də dönmür. O biri peyğəmbərlərin hansısa ideyasını doğru üsaymırıq, qəbul eləmirik, bu ayrı məsələ. Ancaq onun çabaları, inadları var. Ata nə deyirdi – Quranda Məhəmmədin harayları var. “Allah birdir, birdir” deyə-deyə durur. Bütün məsələ bundadır ki, cəmiyyətin yolu, yönü peyğəmbər yükündədir. Mən sizin vaxtınızı çox almayacam. Mən o insanlar üçün bir şey yazmışam. İstəyirəm sizə oxuyam.
“Biz nə etməliyik?” deyə, Ocaqdan soru soran dost. (Həmişə sizə də deyirlər, mənə də deyirlər, biz nə etməliyik, nə edə bilərik).
Azərbaycanın qədim dəyərlərini Ocağın buyurduğu yöndə öyrən. Bu dəyərlərin qürurverici, bəşəri dəyərlər olduğunu dərk elə. İnsanı Ocaq ideyaları ilə öyrən. Özünü tanı. Ömrünü Ocağın göstərdiyi mənəviyyat ölçüləriylə qur. Səni ayaqda tutan, özünə bənzədən keyfiyyətlərə yiyə dur. Bunlar aşağıdakılardır:
 Öz içindən mənəviyyatına atalıq edən şəxsiyyətini tanı, ona doğmalaş.
Mütləqlə, sonsuzluqla ünsiyyətini, bağlılığını düzgün qurmaq üçün insaniliyin ruhani özəlliklərini öyrən. Onun müqəddəsliyindən öz içində qiblə yarat.
İnamına özünəxas məbəd yarat. Ona yiyə dur.
Dilini qoru, inkişaf elətdir.
Abeni yarat, onu yaşam tərzinə çevir, qoru.
Mədəniyyətini özünə xas özəlliklərindən oluşdur. Onu xalqın içində oturuşdurmağa çalış.
Öz yurdundan yerini dar edən istənilən ideyanı içindən, yurdundan dışlamaq üçün mübarizə apar. Bunun üçün Asif Atanın bitiqlərini oxu. Kəlamlarını öyrən. Yadlığa qarşı söz deməkdən qorxma. Bunun üçün Ocaqçılarla səmimi bağlantılar qur.
Mənim ilkin olaraq “biz nə etməliyik” deyən bizdən qıraqda Azərbaycanlıya, ya bir başqasına ilk tövsiyəm budur.
Onlara belə bir üztutmam da var: Asif Atanın əməyilə Azərbaycanda öz ideyalarında yalanlar daşıyan din yerinə yalansız inam yaranıb. Burada dinin yalanlarını, inamın doğrularını da yazmaq olar.
İnsana, millətə, gələcəyə, keçmişə münasibət.
Dinin yerinə Mütləqə İnam.
Özüylə ünsiyyət ünvanı. İbadət evi özündən. Mütləqlə ünsiyyət ünvanı.
Ruhaniyyat bayrağı.
İnsanlaşmanı ölçü sayan, İnsanı ən yüksək dəyər sayan bayraq.
(Din insanı ən yüksək dəyər saymır. Suçlu bəndə sayır).
Sözün geyimi yarandı – abe.
Milli-ruhani kimlik – adlar.
Dili yad mədəniyyətin anlayışlarından arındırıb milli anlayışlarla zənginləşdirən gələnək.
Günsıra. Ruhani ilsıra.
Ruhani bayramlar. Mərasimlər. İnsanı özünə öyrədən ruhani məktəb.
Ən böyük mədəniyyət örnəkləri olan toy-vay quralları. Onların kitabı.
Bunların hamısı bir yerdə özün deməkdir. Özgəliyə son deməkdir. Ruhani işğala son. Ruhani assimilyasiyaya son deməkdir. Müsəlmanlıq ruhumuza yaddır. O, bizi tarixin hər bir dönəmində özümüzə yadlaşdırdı. İndi Amal məqamıdır.
Asif Atanın Azərbaycanda yaratdığı bunlardır. Bunları qısaca sizinlə bölüşmək istədim.
Atamız var olsun!

“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” sona yetir.

Sərt Ayı, 44-cü il. Atakənd.
(dekabr, 2022. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir