Xəbərlər

Uluyol-Hünər Ailəsinin “Ailə Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı 19 İşıq Ayı, 46-cı ildə (iyun,2024) Uluyol-Hünər Ailəsinin aylıq “Ailə Günü” toplantısını gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:

Uluyol-Hünər Ailəsinin növbəti “Ailə Günü” toplantısını keçiririk. Hamınız xoş gəlmisiniz. Bir neçə aydır Ailə Günü tədbirini ardıcıl keçirmirik, Doğmalaşma Günü keçiririk. Ancaq Ocaqda hər bir tədbirin öz yeri olduğu kimi “Ailə Günü”nün də özəl yeri var. Ona görə çalışmaq lazımdır ki, Ailə Gününü ardıcıl keçirək.
Bu aykı yaşantılarım Ocaq işlərinə bağlı olub. Tədbirin kitablaşdırılmasında Göytəkinə kömək eləmişəm, Atanı oxumuşam. Oxumaq, söz yox, məni kökdə saxlayır. Xalqlaşmam yönündə bircə yol söhbətim olub. Bir iş yoldaşımla söhbət eləmişəm. Ümumi milli yöndə bir söhbət oldu. Özüm də görürəm ki, söhbət edəndə mənə necə yaxşı bir enerji gəlir, özümü yaxşı hiss edirəm. Ancaq Ocaqçılarla edilən mənəvi söhbətlərdən başqa heç kimlə söhbət etmirəm. Əsasən işə gedib evə qayıdıram. Ruhani düşüncələri, ruhani əhvalı bölüşməyəndə insanın əhvalı kökdə olmur. Xalqlaşma məsələsi haqqında ciddi düşünməliyəm. Bu,mənim özümə gərəkdir. Eyni zamanda özümüz də görürük ki, istər sosial şəbəkələrdə, istər ətrafda Atanın adından, Ocaq adından danışanlar çoxdur. Onlar ona görə var ki, mən meydanda yoxam. Mənim varlığım var, ancaq varlığımın təsdiqi sosial şəbəkələrdə, internet səviyyəsində görünmür. Bu haqda ciddi düşünməyi özümə söz vermişəm. Mən xalqlaşmamı yaratmalıyam.
İndi isə qeyd etdiyim düşüncələrimi sizində bölüşəcəm.

xxx

 Adamlıq xislətini tanıyan, anlayan siyasəti də anlayır. Çünkü eyni ruhludurlar. İnsan özünü yaradır ki idealını doğrultsun, adam isə yalnız həyata, zamana şəraitə uyğunlaşır. Ona görə yaşayıram ki, yaşadığımı yaşatmaq fərəhinə çatdırım insanları.
Daim Keçmişi düşünürəm. Keçmiş sanki köhnə bir evdir, uçulub, qalmışam altında. Nə üzünə, nə ürəyinə gün düşür, nə də bir hərəkət edə bilirsən. Keçmişi keçib yaşamağa davam etmək gərəkdir.
Ocaqçı olaraq bütün potensialımdan istifadə etmədiyimin fərqindəyəm. Atanın dediyi kimi, natiqlik, yazarlıq, təşkilatçılıq. Bu birlik məni çox irəli apara bilər. Xalqlaşmamı yaratmalıyam.

xxx

Adamı ona görə satın almaq olur ki, adam ömrünü satın alına biləcək nəsnələrə bağlayır. Ruhsallığa bağlı olan insan üçün satın alına biləcək nəsnə yoxdur. Ruhsallıq, ruhsal insani keyfiyyətlər ömürdə yaradılan, qurulan ucalıqdır. Bu ucalıqdan həyata enmək ölümə təndir. İnsanlığı seçən İnsanlıqdan heç nəyin xatirinə keçməz. Ruhsallıq seçimi dəyişmir, dəyişdirilmir. Ata deyir ki, insan gerçəklikdə özünü yaratmır, aşkarlayır. İnsan özünü yaradanda gerçəklikdən üstün olur. Özünü aşkarlamaq fitrətində nə varsa odur, həyat da bir az körükləyib artırır. Özünü yaratmaq isə özü ilə döyüşlə mümkündür.


xxx

Doğru yolda olduğumu düşünəndə o qədər sevinirəm ki, fərəhdən başım gicəllənir, heyrətə sığmır fərəhim…
Gediş Yazısında Göytəkin qonu qoyub: “Ruh bədənə tabe olanda heyvanilik peyda olur, bədən ruha tabe olanda İnsanilik”.
Bədən ölümlüdür, keçicidir, sonludur. Həyatda öz varlığını sürdürmək üçün insan çalışır, çabalayır. Nəyəsə sahib olmaq üçün çalışır, nədənsə faydalanır, gördüyünə yiyələnməyə çalışır, gücünü göstərir, mal-mülk peşində olur. Seçilmək, birinci olmaq, özünü var-dövlətlə təsdiqləmək, ağalığını sürdürmək üçün insani keyfiyyətlərindən keçir. Bədən sağ qalmalı, rahat olmalı, bacardıqca daha çox qamarlamağı, yığmağı tələb edir. Çünkü bunsuz varlığını təsdiq etmək, yaşam sürdürmək mümkün deyil. Heyvanlik o zaman yaranır ki, adam ancaq özünü düşünür, gözünün gördüyü, əlinin yetdiyi hər şeyə sahib ola bilmək üçün başqasını tapdalamağa gedir, vicdanını susdura bilir. Canlı olaraq yaşamaq adamı başqaları ilə, dünya ilə üz-üzə qoyur. Bu cür yaşamaqdan fərəh almaq deyir hər şeyə. İnsanlara da, dünyaya da, təbiətə də hökm etmək, ağalıq etmək, istismar etmək gücü adamın özünə ağalıq edir. Ruhun istəyi insanı ölümsüzlüyə, sonsuzluğa yetirməkdir. Ruh insanı nisbidə, həyatda qalmağa qoymur. İnsani mahiyyətlə bağlı olan hər şeyə sevgi yaradan Ruh İnsanlığa qarşı hər şeyə nifrət yaradır. Münasibət aydınlığı yaradır. Ömrü nəyə həsr etməyi tələb kimi insanın qarşısına qoyur. İnsanın ruhani keyfiyyətlərini aşkarlaması insanı Mütləqə qovuşdurur, dünya ilə, doğa ilə varlığını, birliyini anladır. İnsan yalnız özü üçün yaşamır, özünü yaratmaq, özünü başqasında tapmaq kimi ilahi duyğulara yetir. Ruhla insan daha çox yaradıcıdır, qurucudur, ölümsüzlüyə qovuşdurandır. Ona görə də bədənin istəklərini deyil, ruhun istəklərini dinləmək gərəkdir. Yüzillərdən bəri yaşayan qəhrəmanlıq, müdriklik, insanillik hər zaman həm qədimdir, həm də sabahlıdır, zamanın ötəsindədir yəni. Ölümsüz ideyalara həsr olunan ömür də, ideyalar da ölümsüzləşir. Yolu yaşadan ömür özü də yola çevrilir. Ruh bədənlə hər zaman döyüşür. Gözün gördüyü insanı həyata bağlayır, ruhun gördüyü dərk etdirir, insanı Mütləqə qovuşdurur. Bədənə bağlanan həyata bağlanır, həyatdan, bədəndən asılı olur. Ruha bağlanan ruhsal azadlığa yetir. Bədən ruha tabe olanda insan özündən yüksək yaşayır, Mütləq tələb insanı özü ilə barışmağa qoymur, zamanla barışmağa qoymur, həyatla barışmağa qoymur.
Düşüncələrim bu qədər.
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma yönündə Atanın “Mütləqləşmək -Var olmaq” kitabını təkrar oxudum. Mən bu kitabı 30 il bundan öncə oxumuşam, o vaxtı üzünü köçürmüşdüm. O vaxt kitablar çox deyildi. Onu təkcə oxumamışdım, həm də köçürmüşdüm deyə, yazmaqla yadımda qalmışdı. Ancaq bu dəfə oxuyanda gördüm, hələ yetmədiklərim var. O vaxtı indikindən çox aşağı idim. Bu dəfə Mütləqləşmək – Var olmaq” kitabını elə bil birinci dəfədir oxuyurdum, belə bir hal yaşadım. Dedim ki, bu sözlər tanış deyil. Doğrudur, ümumi hal tanışdır, ancaq sözün deyilişləri də var.
Xalqlaşmam da olur. Bir dəfə Soylu bununla bağlı bir az tənqidi yanaşdı, dedi elə eyni adamlarla görüşürsən, eyni adamlara sözünü deyirsən. Hətta belə bir cümlə də işlətdi ki, birinin qulağından tutub Ocağa gətirməmisən. Ocağa qulağından tutub gətirmək nə deməkdir, Ocağa elə adam gətirmək olar?! Bilmirəm əsəbləşmişdi ya nə idi, məncə Soylunu yoran mənim o naşı yazımdır, ona görə mənə qarşı bir az aqressivdir. Ancaq mənim də bacardığım budur. Mən eyni adamlarla görüşmürəm, müxtəlif bölgənin adamlarıdır, ümumi söhbət yeri yaranıb orda. Ağsaqqallar toplanıb, mən də ora gedəndə bir neçəsi suallar yağdırırlar. İçlərində eləsi də olur, məsələn, Cəlilabaddan bir zavod direktoru var, deyir bu adam pis adamdır, bu adamı tutmaq lazımdır, hətta deyir bu adam agentdir. Bu sözü də deyib, nəsə xoşu gəlmir. Çünkü neynirsən elə, söz gəlib dinin üstünə çıxır, bu da maneələr yaradır. Ancaq ümumiyyətlə götürəndə tərəfdarlarım da çoxalıb. Hətta orda bir oğlan öz yaşlı atasına qarşı çıxdı ki, bir ömründə bu kişinin dediyi sözləri işlətməmisən. Yəni belələri da var. İş yerimdə də olur, məqam olduqca söhbət edirəm. Ancaq ən çox üzə tutulan əməlim Qobustanın Şamaxı dağlarının yuxarılarında bir kənd var, adına Xilmilli kəndi deyirlər, orda olub. Ora görüş üçün getməmişdik. Bir hüzür yerinə oğlum getmişdi, mən də onunla məqsədli getdim. Çünki bir dəfə o kənddə olmuşam, söz demişəm, məni tanıyanlar da var. Ona görə mən də getdim. Evdən xahiş etmişdilər ki, çox narahatlıq yaratma. Ancaq bu yeni bir fikirdir, mübahisəsiz olmur. Birmənalı qəbul eləmək mümkün deyil axı belə bir fikri. İnsanlar elə gündədir ki. Özəllikcə də toplumun sünnü kəsimi şiələrdən daha çox dinə meyillidirlər, hamısı xorla danışır dini rituallardan filan. Mən də qoşulmuram, əl qaldırmıram, söz demirəm. Bu da diqqət çəkir. Sonra məclisi aparan molla başladı ki, Allah dinləri yaratdı, şeytanı yaratdı, sonra insanları yaratdı. Belə söhbət edir, buna münasibət bildirməmək olmaz.
Əgər cinləri, şeytanları, pis əməlləri Allah İnsanlıqdan əvvəl yaradıbsa onda o necə Allahdır? Beləcə münasibətimi bildirdim. Sonra elə onunla da söhbət başladı. Demək olar ki, tam iki saat dayanmadan danışdım. Hətta çöldən də oğlumgil işarə edirdilər ki, bəsdir. Ancaq suallar dayanmırdı, sualın arası kəsilmirdi. Hüzür yerlərində bir növ insanlar qayğılardan da azad olur, gəlib oturub söhbət edirlər. Çox yaxşı oldu ki, mollanın özü də maraqlı oldu. Söz yox, razılaşa bilməzdi, mümkün deyil razılaşsın. Ancaq maraqlı idi onun üçün. Qeyri-adilik maraq doğurmaya bilməzdi. Yaxşı söhbətlər etdik. Hətta çıxanda molla özü də gəldi. Adətən elə məqamlarda dinçilər çox qıcıqlı olurlar. Maşına mindirənə qədər gəldilər, bizi çox hörmətlə yola saldılar. Yəni orda aqressiya səviyyəsində əks münasibət görmədim. Barışmazlıqlar oldu. Oradan çıxıb başqa bir kəndə getdik. Orda mən otuz beş il bundan öncə görüş keçirmişəm. Dağların arasında olan bir kənddir. Yenə oğlumdan xahiş etdim ki, mənə imkan yaratsın. Orada lap öncələr, evlənməmişdən də çox öncə bir dostum vardı, o  vaxt onun yanına getmişəm. O təşkil edib, düşünən müəllimləri, fikir adamlarını dəvət edib, öz evində yaxşı bir söhbətimiz alındı. O vaxt cavanlıq idi ya nə idisə çox elə ehtiyatlanmırdım da. Ehtiyat etmirdim nəyisə yaxşı demərəm, hər hansı bir fikrin qol-qanadını qıraram. Görüş çox gözəl də qəbul olundu. Bir dəfə də Soylu ilə getdik ki, məktəbdə görüş keçirək. Həmin adam çalışdı, ancaq həmin məktəbdə müəllimlər olmadı, şəhidin yasına getmişdilər. Biz də ədəbiyyat payladıq, 5-3 nəfərlə görüşdük, söhbət etdik, ancaq görüş istədiyimiz səviyyədə alınmadı. Bu dəfə də həmin adamın yanına getdim ki, mən bura görüş üçün gələcəm. Sən onu hazırla. O da söz verdi, bir-birimizə telefon nömrəsi verdik, dedi sənə zəng edəcəm, vaxtını razılaşarıq gələrsən, yığışıb yaxşı bir söhbət edərik. Onun müəllim, şair qardaşları var. Onlarla da münasibətim olub. Xalqlaşma işim, həmişə üzüm danlansa da, belə gərəkli olur. Evə gələndən sonra da uşaqlar gileylənirdilər ki, elə gedəndən gələnə qədər danışdı, heç kimə imkan vermədi. Ancaq mən orda danışanda da hərdən deyirdim ki, ola bilər kimsə yorular, ola bilər kiməsə xoş gəlməsin, mən söhbətimi dayandıra bilərəm. Elə bir həşirlə deyirdilər yox, xahiş edirik dayandırma. Molla da heç bir etiraz etmirdi. Ancaq mənim oğlum, gəlinim gəlib anasına deyir ki, bu kişi imkan vermədi heç kimə, səsini alıb başına danışdı, hətta çöldə bir nəfər də deyib ki, o kişi deyəsən Allahsızdır. Mən özüm o sözü ehtiyatla işlədirəm. Mən Allahsız sözü işlətmirəm, Allahlıq məzmunundan danışıram, Allahın əsas sifətlərini deyirəm, bütün gözəlliklər Allahın təzahürüdür deyirəm. Orda olanda cibimdə Günsıra  vardı, onu çıxartdım, dedim götürə bilərsiniz. Bircə nəfər müəllim vardı, o götürdü. Dedim müəllim yoldaşlarına da verərsən, lap dəvət olunsa mən yenə də gələrəm, mənim üçün bir narahatçılıq yoxdur. Bir nəfər Günsıranı götürdü, dedi mən sayta girib sizinlə əlaqə yaradacam. Dedim ki, bunu davam edə bilərik.
İndi isə qonulara münasibətimi bildirim. Göytəkin Ata sözünü yazıb. Ata sözü yazılıbsa mən özüm də buna ehtiyatla yanaşıram. Biz belə qəbul eləmişik ki, Atanın sözünü hətta təsdiqləmək belə qəbahətdir. Ata düz deyir. Atanın dediyi düzdür, təsdiqə ehtiyac yoxdur. Ruh bədənin tələblərinə tabe olanda heyvaniliyin ömürdə aşkarlanması deyimin birinci hissəsidir. Ruhun bədənə tabeçiliyini mümkünsüz sayıram. Əgər ruh bədən tələblərinə tabe olursa, o ruh deyil, nisbi düşüncədir, ağıldır və i. a. Ruh – İnam, İdrak, Mənəviyyat, İradənin birliyidir. Bu birlik pozularsa, o nisbi mənada olur. Nisbi olanı isə olan saymıram. Bu yöndə ruhun bədənə tabeçiliyini doğru saymıram. Bu sözü Ata dediyinə görə çox ehtiyatla yanaşıram, ancaq yenə də mən buna münasibət bildirdim.
Bədənin ruha tabeçiliyi düşüncəsi anlaşılandır. Bədənin ruha tabe olması İnam, İdrak, Mənəviyyat və İradə daşıyıcısı olmasıdır. Bu mütləq mənada baş tutubsa, Mənaya qovuşmaq, Məna ilə bir olmaq baş tutub. İçsəsin ülvi harayı ağıla, ürəyə yetir, İnsanilik heyvanlik üzərində qələbə çalır, insan özünü təsdiq edir, özünə bərabər olur, özündəki yadlığı aradan qaldırır, özünə doğmalaşır. Qorxunu, yalanı, ağalığı, hərisliyi, kin-kidurəti, xurafatı, zoru ömründən  sildikcə heyvanlik əsarətindən ayrılır, özümləşir, Mütləq mahiyyətinə yetir. Gerçəkliyin məntiqindən yüksək yaşamaq özümləşmənin əsasını, yönünü müəyyən edir. Maddi ehtiyacın ödənilməsi tələbi var, bu da insaniliyə mane olur. Təbiətə münasibət nisbi mənada baş tutur, buna insanın cismaniliyi mane olur. Bu insanın faciəsi olsa da, bədəni üçün təbiətə sahiblik qaçılmazdır. Yalnız ruhun tələbi ilə bu sahibliyə ruhani yöndən uyğunlaşmaq gərəkdir. Talamaq səviyyəsindən zəruri ehtiyacın ödənilməsi səviyyəsinə qayıtmaq gərəkdir. Belə və bu kimi ziddiyyətləri ruhaniyyata yəni İnsaniliyə tapınmaqla mümkün hesab edirik. Faydalının deyil, mahiyyətin dərki insanı həqiqətə yüksəldə bilər.
Atamız Var olsun.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma ilə bağlı demək olar mən də hər gün məşğul oluram. Elə əlimin altında Ata kitabları, Soylunun kitablarıdır. Arada sizin kitablara da baxıram. Bir dəfə oxumuşam, hardasa nəyəsə ehtiyac olanda yenə baxıram. Yazılar da yazıram, gündəlik qeydlər edirəm. Son vaxtlar telefonda yazma qaydasını, bacımızın köməyi ilə, müəyyən qədər öyrənmişəm. Kiçik yazılar da verirəm. Çalışıram, qısa, məzmunlu yazıları verim. Amallaşma ilə bu cür məşğulam. Xalqlaşmam təsadüfün hesabına qalır. Bir neçə dəfə görüşlərim olub, təsadüfi rast düşüb, söhbətlərimiz olub. Çox geniş miqyasda söhbətlər olur, qarşıdurmalar da olur. Qardaşımız dedi cəlilabadlı var, o qədər adamın içində dinə qarşı həssasdır. Doğrudur, bizim tərəflərin yanaşması çox kor-koranədir. Ona görə bir az xalqlaşmada adam çətinliklərlə üzləşir. Xalqlaşma məsələsində mənim qarşıma bu dəfə bir məsələ çıxdı. Sovet rejimi üçün burnunun ucu göynəyənlər var. Biz yaşda olan adamlarda var. Əsasən o istiqamətdə aydınlaşmalarımız daha geniş miqyas aldı. Mən özüm sovet rejimində yaşayan adamam, bilirəm sovet rejimi nədir. Necə ki din ərəblərdə meydana çıxdı, qısa müddətdə başladı işğalçılığa, dünya miqyasında yayıldılar. Din sanki pərdə oldu, ancaq bu ideyanın da ortaya çıxması elə birinci ərəblərə yaradı. İndi ərəb dövlətləri var, yaxşı ya pis. Bu dövlətlərin də uzun müddət davam gətirməyi, mən belə sayıram ki, formal olsa da, dini yaşatmalarıdır. Çünkü sovet rejimi kommunizm ideologiyası əsasında qurulmuşdu. O ideologiya da aradan gedən kimi parçalanma getdi, kommunizmdən əsər-əlamət qalmadı. İndi necə ki qərb dövlətləri idealsız yaşayırlar. Bir demokratiya ideyasıdır. Demokratiya da insanın adamlıq halına güvən deməkdir. Kimin bacarığı, qabiliyyəti, elmi varsa irəli çıxır. Hardasa cəmiyyətdə yaxşı-pis nəsə ola bilər, ancaq o yerdə ki ədavət var, bazar qanunları hökm edir, təbəqələşmə var, hansı səviyyədə olursa olsun, o cəmiyyət yadlıq, yağılıq içində qarışıb qaynayacaq. Çünkü nə qədər tox olsa da, insan qarın ilə kifayətlənə bilmir. İnsanın təbiəti elədir ki, o həyatda sosial ədalət axtarır. O olmayandan sonra təbəqələşmə, az da olarsa, yenə də orda barışmazlıq var. Cəmiyyətin rahatlıq tapması o halda mümkündür ki, orda sosial-maddi bərabərlik olsun. Sosializmdə bu, az-çox var idi. Ancaq sosializmin ruslaşma siyasəti vardı. Ümmətçilik deyirik ərəbçilikdir. Şiəçilik adı altında farsçılıq ideologiyası bu gün Azərbaycanda hökmranlıq edir. Dövlət də qurmaq istədilər ancaq ayıq düşüldü, onların qarşısı alındı. Biri də var beynəlmiləl sözü altında rusçuluq. Biz o halı yaşayan adamlarıq. Ailələrdə, müəssisələrdə rusca danışmaq fəxr sayılırdı. Elə bil yarış gedirdi. Bir millət kimi biz aradan çıxırdıq. Ancaq düşünürsən ki, bizim kimi millətin aradan çıxmağa haqqı yoxdur. Dünya millətlərinin içərisində ən böyük dəyərlər bizdədir. Bizim kimdənsə dəyər dilənmək haqqımız yoxdur.
50-dən çox partiya olub Azərbaycanda. Bu partiyaların hamısı vətən, millət, xalq, ədalət sözləri işlədirlər. Hamının məramı budursa, 50 partiyanı birləşdirsinlər bir yerə. Elə deyirlər qalır söz kimi. Burda əsas məqsəd, bayaq bacımızın da ifadə etdiyi kimi, ağalığı yeritməkdir. Kim birinci olar, kim aparıcı olar, hamı bu iddiadadır. O vaxt da Xalq Cəbhəsi aparıcı idi, o boyda hadisəni çırpdılar yerə. O bir hərəkat idi, o hərəkatın aparıcıları, başbilənləri anlaşa bilmədilər.
Mənə sual verirdilər, mən belə bir ifadə işlətdim ki, statistikaya görə o vaxtlar  Azərbaycanın milli gəlirinin 95 faizdən çoxu əvəzi ödənilmədən Azərbaycandan kənara çıxarılırdı. Bunu deyəndə dərhal deyirlər bəs indi necə, indi hamısı bizə qalır, hanı yaşayışımız, hanı güzəranımız? O vaxtı çörək dərdi yox idi, indi hamı çörək dərdi çəkir, iş yoxdur, hamı işsizlik dərdi çəkir.
Xalqlaşmada dinə münasibət mənim də qarşıma çıxır. Mən nə qədər ki üstüörtülü danışırdım, məni dindarlardan dəstəkləyənlər də var idi. Son zamanlar məsələni bir qədər kəskin qoymuşam, ona görə məndən uzaqlaşırlar. Hər halda, kim olur olsun, necə olur olsun, bu xalq bizimdir. Gərək biz onları yüksəldə bilək. Onun üçün gərək hamımızın amal baxımından, ideya, söz baxımından hazırlığımız ola. Onları qaçırtmaq olmaz, onları heç qınamıram da. Biz gərək təmkinlə yanaşaq.
İndiki zamanda dinin bizim türk aləminə necə yeridiyini, necə gəldiyini oxuyanda, öyrənəndə adamın tükləri biz-biz olur. Onlar bu milləti nə günə qoyublar. Bu millətin heysiyyatı heç olmasa indi oyanmalıdır. Bu din millətin başına hansı oyunlar bahasına gəldi. Onun yeriməsi də çox uzun bir müddət çəkib. İndi çox asta-asta millətin içinə girib yayılan başqa ideologiyalar da var…
Atamız Var olsun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Amallaşma yönündə ayrı-ayrı qonular, sorular haqqında düşünmüşəm. Davamlı olaraq həm oxuduqlarımla bağlı, həm də yaşamboyu rastlaşdığım müxtəlif hadisələrlə bağlı düşünürəm, doğru nəticə çıxarmağa çalışıram. Harda necə davranmağımla bağlı düşünürəm. Hər hansı bir münasibətim, davranışım, hər hansı bir hadisəyə münasibətim artıq mənim yolumdan qaynaqlanır. Hər hansı bir olaya yanaşmam insana münasibətdən xəbər verir. Ona görə hadisələrə nikbin və ya bədbin yanaşmaq, ümidsiz ya ümidli yanaşmaq çox böyük önəm daşıyır.
Son dönəm düşündüyüm ayrı-ayrı qonular var. Bunlardan biri gündən günə artan hərcayiliklə bağlıdır, özəllikcə də sosial şəbəkələr həyatımıza girəndən sonra bu lap çox artıb. Yaşlı insanların böyük əksəriyyətində müdriklik görmək olmur, gənclərdə get-gedə sayğısızlıq artır. Hər kəs bir-birini suçlayır. Yaşlı nəsil gənc nəsli daha çox suçlayır. Bu qonularla bağlı geniş düşünürəm. İnsan necə bir ömür yaşayırsa, çevrəsində də ona uyğun bir mühit yaradır. Əslində gənc nəsli yetişdirən də bizik. Onları formalaşdıran da ömrümüzdür, yaşamımızdır. Onların həyatında ən böyük iz buraxan da bizim davranışlarımızdır. Dediyim kimi, ömrümüzdə yaratdıqlarımızdır. Bu cür qonular üzərində qarşımda daha çox suallar dayanır. Mən gələcəyə nə ötürürəm, başlıcası valideyin olaraq, insan olaraq, ya da hər hansı bir peşənin yiyəsi olaraq. Gözümün önündə yetişən nəslə nə ilə örnək ola bilirəm. Bu cür sorular məni yenə özümə yönəldir, daha çox öz davranışlarıma yönəldir. Düşündükcə görürəm ki, əvvəldə yol verdiyim davranışların nələrə yol açdığının fərqinə varmamışam, indi daha yaxşı görə bilirəm. Hər hansı bir əyri davranış əslində hərcayiliyin, fəlakətlərin toxumunu səpir. Bir az dərinliyinə gedib düşünəndə belə görünür. İstər ailədə ən yaxınlarınla, istər cəmiyyətin hər hansı bir fərdi ilə söhbət edirsən, bir müddət sənin dediklərinə köklənir, ancaq yenə də mənim dediklərimdən açılandan sonra əyri mühitə düşür, cəmiyyətin içərisinə qayıdır. Çətin olan insana o eybəcərlik mühitində yox olmamağı anlatmaq, ona ümid vermək, eybəcərlik mühitindən ayrılmaq gücü verməkdir. Bu da sırf mənim öz davranışlarıma bağlıdır. Keçen dəfə Soylu bəy tədbirdə bununla bağlı çox yaxşı izah verdi. Onun bir düşüncəsi artıq mənim düşüncələrimə yön vermiş oldu. Deyir, biz nə qədər sözlə desək də, bu həqiqətdir, bu doğru olandır. Biz sadəcə deməklə yetərləniriksə insanları yükləyirik. Biz  həqiqəti öz ömrümüzlə, yaşamımızla verməliyik. Dəyişiklik yaradan da bizim davranışımızdır, yaşamımızdır.
Suallarım, cavablarım, düşüncələrim bu yöndədir. İçimdə konkret olaraq insana münasibəti dəyişmək istəyirəm. Sözün əməldən ayrılmamaq məsələsi var. Ona tam əməl eləmək istəyirəm. Burda özünə nəzarət çox önəmlidir. Bəzən fərqinə varmadan nəyəsə münasibət bildirirsən, ancaq görürəm, bu münasibətimdə ümidsizlik də var, bəzən münasibətimdə eqoizm görünür, insanlara, ya olaya münasibətimdə mərhəmətsizlik də görünür. Ona görə daha diqqətli olmağa çalışıram. Daha çox düşünməyə çalışıram. Daha çox özünə nəzarətə yönəlirəm.
Amallaşma hesabatımla bağlı bir də onu deyim ki, İsa Muğannanın “İdeal” əsərini oxuyub bitirdim. Kitabı diqqətlə oxudum, önəmli məsələlər var idi. Bəzi məsələlər var ki, onların sübuta yetirilməsi, izahı-filan mənim üçün elə mənalı görünmədi. Bununla bağlı “Ruhani İdrak Günü” Mərasimində də sual vermişdim. Türkün başlanğıc millət olduğunu, türk dilinin başlanğıc dil olduğunu müxtəlif izahlarla, təhrif olunmuş sözlərlə izah eləməyə çalışır. İdrak Günü mərasimində izah gətirildi deyə, indi çox dərinə getmək istəmirəm.
Kitabı oxuduqca düşündüyüm məsələlərdən biri – əqidə yolu tutmaq, ideala münasibətlə bağlı, əqidə yolunun keşməkeşliyi ilə bağlı məsələlərdir. Əqidə yoldaşına inanmaq əsas məsələdir. Bir yandan da inamla yanaşı şübhənin olması məsələsidir. Bunlar haqqında oxuyanda mən idrakla  bağlı daha çox düşünürəm. İnsanın əqidə ilə bağlı, yol ilə bağlı oxuyub öyrəndiyi doğrudan da, çox azdır. Əgər əqidə ilə iç-içə olmursansa, öz yaşamını əqidəyə uyğunlaşdırmırsansa, onda insanın içində olan hər hansı kiçik şübhə, ya da inamsızlıq, qısa zamanda ortaya çıxır. Məsələn, əsərdə əsərin qəhrəmanının ideala münasibəti yüksəkdir, bu yaxşı qiymətləndirilir. Ancaq o əqidə ilə iç-içə olmur, ona bağlı yaşamır. Həm də onun içində kök salan şübhə də var. İdrak formalaşmadığına görə hansı bir hadisə və yaxud da qıraqdan kiminsə dediyi söz onu çaşdıra bilir. O sözdən, o münasibətdən onun içində olan o şübhə daha da böyüyür və tam açıqlığı ilə ortaya çıxır. Beləliklə də, yolunda dəfələrlə çaşır. Ona görə idrak məsələsinin önəmi burda daha çox aydınlaşır mənim üçün. Soylu bəyin dediyi kimi, dərk etmək sözü asan deyilən bir söz deyil, dərk etmək yaşamaq deməkdir. Mənim üçün bədii kitab oxuyanda düşünməyin ən böyük önəmi budur. Çünkü bu cümləni hər dəfə düşünürəm, cümləni düşündükcə də mənim üçün daha da aydınlaşır. Doğrudan da, bir yolda şübhəsiz irəliləmək üçün əqidə ilə iç-içə olmaq, onu yaşamaq, dərk etmək – idraka çatmaq çox önəmlidir. Əgər idrak insanda formalaşmırsa asanlıqla insan o yolda aza da bilər, şübhəyə düşə bilər.
Kitabda məni düşündürən digər məsələ – bizim içimizdə yad düşüncələrin oturuşması, yad ideologiyaların aşama-aşama içimizə gətirilməsi, formalaşdırılmasıdır. Bu ideologiyaların oturuşdurulması üçün özlərinə yarar adamların önə çəkilməsidir. Onlardan istifadə etməklə planların həyata keçirilməsidir. Milliliyin aradan qaldırılması prosesləri hiss olunmayacaq dərəcədə yavaş aparılır. Bu cür gedişlərin, planların acı sonuclarını da indi yaşayırıq. Bu yöndə kitabda ayrı-ayrı faktlarla izahlar var. Eyni zamanda bu cür məsələlərdə dirəniş göstərən tək-tək adamların mübarizəsindən söhbət açılır. Kitabın özündə belə bir deyim var, düşmənlə üz-üzə döyüşmək daha asandır, nəinki yad ideologiyaların oturuşdurulmasına, içimizə gətirilməsinə, milliyin aradan qaldırılmasına qarşı döyüşmək. Doğrudan da, böyük bir hünər tələb edir, ömürlər istəyir. O dirəniş gücünü, hünəri göstərən insanların necə bir çətinliklə irəlilədiyini göstərir, hansı qurbanlar verməli olduğundan söz açılır kitabda. Ən çox önəm verilən məsələ də daha doğru, düzgün mübarizə üsulu yaratmaqdan keçir. Doğrudan da, o cür ideologiyaların oturuşmasının qarşısını almağın yolu xalqın içində davamlı iş aparmaqdan, xalqı ayıltmaqdan keçir.
Bir də bir məsələ ilə bağlı düşüncələrimi demək istəyirəm. Bu aralarda Aqata Kristinin detektiv kitabını oxudum. Mən bu cür kitablara heç müraciət etmirəm. Sadəcə qonşumla düşüncə bölüşmələrimiz olur. Ordan bir obrazın həyatı ilə bağlı bir məqam var idi. Onunla bağlı düşüncə bölüşək deyə, mən də o kitabı oxudum. Acı gerçəklik odur ki, indi gənclərin çoxu bu janra daha çox maraq göstərir. Mənim üçün bu cür kitabların mənfi yönü artıq bəllidir. Bu cür kitabları oxuduqca insanda inamsızlıq, güvənsizlik, çevrəndə olan hər kəsə bir şübhə yaradır. Ancaq yenə də heç bir kitabı oxumaq faydasız deyil. Bu cür kitablar insana əlavə bir düşüncə vermir. Tutaq ki, Tolstoyu, Taqoru, Hüqonu, başqa böyük yazarların kiçik bir əsərini oxuyursan, orda təsvir olunan hadisələr, yazarın deyimləri, hadisələrdə olan obrazların xarakteri, obrazların bir-birinə münasibəti, obrazların hadisə qarşısındakı davranışları, – bunlar hamısı insanın yaddaşında elə bir iz buraxır ki, kitabı oxuyub qurtarırsan, ancaq kitab sənin üçün bitmiş sayılmır. Yaşamın ayrı-ayrı mərhələlərində dəfələrlə öz düşüncəndə o hadisələrə qayıdırsan, daha geniş düşünürsən, aşama-aşama sanki o deyilənlər sübut olunur, insanın yaşamında öz əksini tapır. Detektiv kitablarda belə bir özəllik yoxdur, sadəcə cinayətin çözülməsi var, bununla da məsələ bitir. Ancaq yenə mənim üçün önəmli oldu. İntiqam və qisas hissinin insanda formalaşması, illərlə insanın içində yaşaması və daha böyük fəlakətlərə yol açması ilə bağlı düşüncələrimə yön verdi.
Zəngin bir ailədə cinayət baş verir – zəngin ailənin uşağını öldürürlər, orada çalışanların hamısında uşağı öldürənə qarşı kin-küdurət, qisas duyğusu formalaşır. İllərlə bu duyğu həmin ailədə çalışan insanları bir arada saxlayır. O qədər bir arada saxlayır ki, həmin yad insanlar o duyğunun təsiri altında bir-biri ilə birləşirlər, həmin cinayətkarı öldürmək üçün plan hazırlayırlar. Deməli, bu cür mənfi duyğular insanın içindən qaldırılmayanda ən sadə insanı belə qatı cinayətkara çevirə bilir. Burda cinayətin cinayətlə cəzalanmasını görürük. Əvvəldən ortada bir cinayət və cinayətkar var idi, indi artıq o duyğunun təsiri ilə  bir neçə cinayətkar var. Burdan da mən Atanın bir deyiminə yönəlirəm –“Cinayətin ən böyük cəzası İnsanlaşmaqdadır”. Bizim söhbətimiz də bu deyimin müzakirəsi üzərindən davam elədi.
Mənim Allaha ibadət, itaət etməklə, inamla bağlı düşüncələrim var.  Onları sistemləşdirib yazmışam, qeydlərdən oxumaq istəyirəm.
İnanmaq – inamda özünü tapmaq, inamla bir olmaq, inamın tələbinə uyğun yaşamaq, kamilləşmək.
İbadət – cismən edilən hərəkətlər, içdən doğmayan rituallar. (Burda söhbət itaətin təsiri ilə, yəni borc olaraq yerinə yetirilən ibadətdən gedir).
Dində insanın qarşısına 2 tələb qoyulur – Allahı sev, sonra isə deyilir, Allahdan qorx. Bu tələb insanın şüuruna yeridilməklə kamillik yolu cızılır, qurtuluş vəd edilir. Qorxu itaət yaradır. Əslində formalaşdırılan qorxunun nəticəsində yeni bir itaət yaranır. Burda artıq sevgi məfhumu aradan qalxır. Din əslində Allaha itaətə sevgi adı qoyur. İnam nə zaman tam olur, ibadət tam olurmu? – İnam o zaman tam bütöv olur ki, onun tələbləri insanı işığa çıxara bilsin, insana özünü tanıtsın. Onun tələbləri ilə həyatı, dünyanı sevsin insan. İnsan, dünya insanın gözündən düşməsin. Bu tələblər insanı daim ucalığa səsləsin, İnsanlığın sirlərinə vaqif etsin. Bu da özünü dərklə mümkündür. İnam idrakı böyütməlidir.
İnsanları bir-biri ilə nə bağlayır, ya da nə bağlamalıdır? İnsanları bir-birinə bağlayan, doğma edən inamdır, yəni insanın inamı, bir-birinə olan inam. Vahid bir ölçü insanları doğma edir. Bir insanı o zaman sevə bilərsən ki, onun özünün mənfi yönləri olsa belə, o mənfi yönlərini ötəcəyinə inanırsan. Ümid edirsən ki, tapındığı ölçüsü onu etdiyi yanlışdan ayıracaq. Ümid edirsən ki, onunla sənin aranda baş verən hər hansı bir yanlış olay onun üçün özüylədöyüş səbəbi olacaq, onu düşündürəcək. Ümid edirsən ki, onunla sənin aranda baş verən xoşagəlməz olay qarşısında sənin insani davranışın onun üçün onu düşündürən, dəyişdirən nəsnə olacaq. İnsana inam olmayan yerdə ibadət də heç nəyi dəyişdirməz. İnsanlar sadəcə ritualları yerinə yetirmək üçün toplanarlar, ancaq onları birləşdirən sadəcə qısa zaman içində yerinə yetiriləcək hərəkətlər olar.
Qorxu və onun sonucu olaraq yaranan itaət. Qorxu insanı mənfi yöndə dəyişdirir,  itaət edən insan kiçilir, mütiləşir. Ancaq insanın içində daim azadlığa can atmaq var. İnsanı qorxu içində itaətdə saxlamaq olar, ancaq insanın azadlıq istəyi cəsarətlə birləşib baş qaldıranda qorxu onun üçün əngəl olaraq qala bilmir. İnsan itaəti bir anda aşa bilər. Məsələn, din qorxu ilə kamilləşdirməyə çalışır. İnsan yol verdiyi günahların cəzasının qorxusu ilə bəlkə də bir müddət özünü qoruya bilər. Ancaq bəzi məqamlarda artıq qorxu onun üçün əngəl deyil ki, o, həmin günaha yol verməsin. O zaman ki, insan özü öz qarşısında sorumluluq daşıyır, öz içində qurtuluş axtarır, özünə xəyanət etmək istəmir, onda günaha, yanlışa sövq edən duyğu ilə döyüşmək gücü tapa bilir. Əgər insan qıraq qüvvənin qarşısında sorumluluq daşıyırsa, bağışlanacağına inanırsa, özündən qıraqdakından ümid, qurtuluş gözləyirsə, o zaman qorxu belə onu günahdan çəkindirməz.
Kamilləşmə hesabatım. Bayaq Amallaşma hesabatımda da qeyd elədim, qarşıma qoyduğum suallar özü elə məni daha çox özümlə bağlı düşündürür. Ancaq yenə də özümlə bağlı bəzi məqamlar vardı, onu ciddi sorğulamışam özüm üçün. Bir deyimlə belə ifadə eləmişəm ki, içimdə fərqli bir yol getmək, tam olmaq istəyi çağlayır, bu istəyi üzə çıxaracaq cəsarət tam olsaydı.
Qarşıma qoyduğum suallardan biri budur – həvəsmi, eşqmi? Söz yox, mənim irəliləməm, çalışmam həvəsin ötəsində olan bir şeydir. Həvəs bir anda baş qaldırır və tez sönür. Ancaq yenə də buna cavab vermək çətindir, çünkü bu suala cavab vermək böyük imtinalar istəyir, tamlıq, bütövlük istəyir. Məndə əvvəllər daha çox öz yolunu tapmamaqdan dolayı, ya başqa səbəblərdən özünə inamsızlıq vardı. İnsana bağlı bəzi məsələlərin yoluna qoyulmasının mümkünsüzlüyü kimi bir fikrim formalaşmışdı. Bəlkə də bu onunla bağlı idi ki, mənim şüurumda illərlə kök salan bir fikir vardı ki, günahsız insan yoxdur. Şüurda oturuşmuş düşüncənin təsiri böyük idi. Ancaq sonra anladım ki, ən birinci aradan qaldırılmalı olan bu düşüncədir. Çünkü bu düşüncənin özü insanı Mütləqilikdən ayıran ən böyük əngəldir.
Ona görə mənim düşüncələrim ən çox bunun üzərində olur. Hansı düşüncələr ki məndə ehkam kimi formalaşmışdı, filan şeyi aşmaq olmaz, filan şeyi əldə etmək mümkünsüzdür, filan şeylə döyüşmək mümkünsüzdür kimi sorunları özümdə aşmasam, onda qarşımdakı insana da inana bilmərəm. İnanmıramsa başqasına – insana inamdan bəhs edə bilmərəm.
Xalqlaşma hesabatı ilə bağlı Amallaşma hesabatında qeyd elədim, söhbətim olub ara-sıra, düşüncə bölüşmələrim olub. Daha çox internet üzərindən sosial şəbəkələrdə Atanı gündəmdə saxlamağa çalışıram istər deyimlərlə, istər yazılarla. Ocaq yazıları paylaşımlar etmişəm, saytların işlədilməsi kimi işləri yerinə yetirmişəm. Tədbir kitablaşdırmışam, Nurtəkin bacı ilə köməkli.
Başqa onu deyə bilərəm, Soylu bəy əvvəl bir ideya ilə bağlı mənə demişdi, Uşaq Bibliyasını oxumaq, ordan oxuduqca Mütləqə İnam təlimini uşaqlara necə vermək olar, sualı üzərindən yazmaq, bir kitab hazırlamaq. Mən Atanın kitablarını bir dəfə oxuyub başa çıxmışam, ancaq bir dəfə oxumaqla Atanın kitablarını anlamaq, dərk eləmək mümkünsüzdür. Həm də mənim iki il bundan öncəki düşüncəmlə indiki düşüncəm də eyni deyil. O vaxt mən mexaniki oxumuşam, düşüncə bir az genişləndikcə artıq deyimlərin üzərində daha çox düşünə bilirsən, daha geniş nəticəyə gələ bilirsən. Ona görə Uşaq Bibliyasını oxuyuram, ancaq mənim hələ Mütləqə İnamla bağlı nəsə izah vermək, nəsə yazmaq kimi gücüm çox zəifdir. Ancaq yenə də hansı məsələləri ki, açmalıyam, onları yarım başlıqlar şəklində yazıram, gücüm çatan dərəcədə qeydlər aparıram, sonra bir daha Atanın kitablarına qayıdıb oxuya-oxuya o qeydləri daha da genişləndirməyi düşünürəm. Uzun zaman alacaq işdir, hər halda başlamışam. Gələcəklə bağlı planlarımdan biri də budur.
Atamız Var olsun.

Günev Atalı: Gözəl hesabat idi.

Göytəkin Atalı: Var olun.

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):  Mən Atanın kitablarını oxuyanda mənim üçün həmişə düşündürücü bir fikir var, ancaq şərh yoxdur. O fikirlər onun real həyatda yaşayıb özünün çıxartdığı nəticələrdən doğub. Mən də düşünürəm ki,  Atanın ən çox istədiyi yöndə insan olmaq üçün insana lazım olan nədir. Nədir ki insanı o yönə doğru apara bilər. Mən çox düşünürəm, Atanın çox sözlərindən görünür, düşüncəmə görə, bu, əsas iradə ilə bağlı bir şeydir. Çünkü bir şeyi insan düşüncə səviyyəsində qavraya bilər, ancaq onu həyata keçirtmək üçün iradə, cəsarət gərəkdir. Mən öz həyatıma baxanda özümü dəyişdirmək, özümü irəli aparmaq baxımından iradəsiz olduğumu görürəm. İnsanın həqiqətən özünü dəyişdirməyi son dərəcə mürəkkəb, çətin bir prosesdir. Çünkü biz dünyaya gələndə birincisi öz seçimimizlə gəlmirik,qərarları öz seçimimizlə vermirik. Bizə diktə olunan şeylər bir müddət ruhumuza işləyir. Nəhayət öz ağlımızla bəlli bir nəticəyə gəlib ona qarşı çıxanda qarşı çıxmaq, dəyişiklik etmək son dərəcə çətin bir vəziyyət alır. Mütləqləşmək, öz həyatım baxımından düşünürəm ki, hara qədər məndə alına bilər, hansı dərəcəyə qədər alına bilər. Mən öz həyatımdan götürürəm, məsəlçün cəmiyyətdə olan sorunlara fikir bildirə bilirsən, ancaq konkret olaraq əməli səviyyədə qarşı çıxa bilmirsən. Bir nümunə verim, deyək ki, mən işlədiyim sahədə sonsuz sayda pozuqluq var, qarışıqlıq var, aldatmalar var. Bilən də bu sahədə neçə ildir işləyir, bilir. Ancaq di gəl ki, mən buna qarşı çıxmaq üçün özümdə düşünürəm ki, nə qədər mən ideallaşa, mütləqləşə bilərəm. Bu sahədə məsələn, bir şeyə qarşı çıxmaq istəyirəm, gəlirəm müdürə deyirəm, bu düzgün deyil. Deyir, xoşundur işlə, xoşun deyil işləmə. Mən də baxıram, ailə var, uşaq var, mən burdan çıxıb nə edəcəm, etiraz edib nə edəcəm, bu da düzələn deyil. Ona görə Mütləqləşmənin səviyyəsi burda hardasa aşağı düşür. Çox kiçik bir çərçivədə qalır. İnsan üçün həqiqətən də təməl olaraq gərək olan şeylərdən biri, insanın öz həyatını özəl yaşaması, yaxşı yaşaması üçün mütləq mənada hardasa maddi müstəqillik əldə etməsi də önəmlidir. Belə şeylər olmayanda insan tam sözünü deyə bilmir, bəlli mənada qırıla-qırıla qalırsan. Ona görə də mən həyatımda istəklərlə, ideal düşüncə ilə reallıq arasında çox ciddi uçurum görürəm.
İkinci məsələdə məni ən çox düşündürən nədir.  Sözü deyən insanla qarşıdakı insanın o sözü başa düşmə səviyyəsi arasında nə qədər fərq var? Mən nəyi bilmək istəyirəm, məsələn, Ata bir şey haqqında bir fikir bildirir, bir söz deyir. Mən düşünürəm ki, görəsən Ata o sözü deyəndə Atanın o düşüncə səviyyəsi ilə, duyğu səviyyəsi ilə mən o sözü eşidəndə onun dediyi ilə mənim düşüncə və duyğum arasında nə qədər fərq var? Uçurumlar varmı, fərq varmı, yoxsa yaxınlıq var. Bu sualı ümumiyyətlə, Ocaqçlara da verirəm. Yenə sualı təkrarlamaq istəyirəm ki, Atanın dediyi bir sözlə onun başa düşdüyü, anladığı ilə biz həmən o sözü oxuyanda hiss etdiyimiz, bildiyimiz, başa düşdüyümüz arasında görəsən nə qədər fərq var? Mən bunu bilmək istəyirəm. Hamınıza uğurlar arzulayıram. Bayrağımızı öpürəm.
Atamız var olsun.

Nurtəkin Atalı: Ömürtayın dediyi sual var, Atanı oxumaq məsələsi. Bayaq Göytəkin dedi ki, mən Atanı iki il bundan qabaq oxumuşam. Yenidən oxumalıyam. Günev qardaşımız illərdir Ocaqdadır, deyir, Atanın “Mütləqləşmək-Var olmaq” kitabını o vaxt əlimlə yazmışam, indi oxuyuram, başqa cür düşündürür. Hər dəfə biz oxuyanda bizim idrakımız gəlişir, hər dəfə oxuyanda biz daha da dərindən duyuruq, biz özümüz artdıqca, yaşadıqca daha dərindən duyuruq. Biz Atanı oxuyuruq, gedib onu hardasa deyirik. Biz Soylu bəyə görüşlər təşkil edirdik. Soylu bəy dedi, get sən də görüşlər keçir, nə vaxta kimi elə mən görüş keçirəcəyəm. Mən getdim görüş keçirdim. Onda başa düşdüm ki, cəsarət nə deməkdir, söz demək nə deməkdir. Sonra Atanı oxuyanda cəsarət sözünü daha dərindən anladım, çünkü mən onu yaşadım, içimdə qorxunu ötə bildim. Deyirəm xalqlaşma əməlim yoxdur. Öncələr mən başqa Nurtəkin idim. Son illər hədsiz dərəcədə passivləşmişəm, ona görə də özümün özümə dediyim sözün kəsəri xoşuma gəlmir, yaşamım xoşuma gəlmir, öz enerjim özümün xoşuma gəlmir. Mən bu cür danışmamalıyam, bu cür yaşamamalıyam. Mən onu bilirəm, onu dəyişdirmək üçün çox çalışıram. Mən bunu dəyişdirəcəm, çünkü mənim başqa yolum, yönüm yoxdur. Mən Atanı dərk elədikcə başa düşürəm ki, bu mənim üçün nəfəsdir, yaşamaqdır. Ya Nurtəkin olmalıyam, ya da məhv olub gedəcəm. Elə bir ailədə olmuşam, atam ölüb, qardaşım bizim ağamız olub. Biz küçədə gedirdik, qardaşım deyirdi, sən gözünü qaldırıb avtobusun nömrəsinə belə baxma. O dərəcədə mənim üzərimdə hökmü vardı. Ocağa gəldim, dedim gedirəm Asif Atanın yanına. Onlar tam bilmədilər Asif Ata kimdir. Atanı oxudum, yanına gedəndə bilirdim dinə qarşıdır. Ancaq özüm Atanın bir kitabını oxuyandan sonra heyrətlənib Ocağa gəlmişdim.Ocağı biləndə anam mənə qarşı olmadı, ancaq qardaşım oldu. O, evdə elə hallar yaradırdı, mübahisələr yaradırdı, evdə rahatlıq olmurdu. Ancaq mən tapdığımı tapmışdım. Atanı dərindən dərk eləmirdim, ancaq bilirdim ki, bu mənə gərəkdir. Atan oxuduqca qardaşıma qarşı dururdum. Hər dəfə mənimlə mübahisə etdikdə onu Atanın məntiqi ilə yerində oturda bilirdim. Hər dəfə deyirdi mən dini yaxşı bilmirəm, ona görə sən məni yerimdə oturdursan. Ancaq mən onu yaxşı öyrənəcəm. Mən bəlkə də indiki halımla ona qarşı o cür sərt, aqressiv olmazdım, ancaq o vaxtkı halımla elə idim. Zaman-zaman onlar dərk etdilər ki, bu onun yoludur, ondan əl çəkək. Onlar barışdılar, çünkü mən öz yolumda hədsiz dərəcədə israrlı oldum, iradəli oldum. Döyüşə-döyüşə yetdim. Döyüşməyəndə alınmır. Soylu bəyin ailəsində daha kəskin şeylər oldu, Günev qardaşda da elə. Bizim ailə hələ çox dindar deyildi. Soylu bəyin anası daha çox qarşı çıxdı. Mənə bir dəfə Ata dedi ki, Soylunun anası mənim yanıma gəlmişdi, deyirdi oğlumu burax. Ata deyirdi, mən onda Soylunun qətiyyətini gördüm, anasını çıxardı ki, Atayla danışmasın. Atanın özü belə, Soylu ilə bağlı o məqamı heyrətlə danışırdı. Yəni yaşadıqca cəsarətə, özünü təsdiqə yetir, artırsan. Soylu bəy neçə illərdir Atanı şərh edir, Atanı ondan yaxşı şərh edən yoxdur. Ancaq Soylu bəy Atanı yenə də oxuyur, yenə yeni bir şeylər tapır. Asif Atanın ilk kitabları çox qalın idi. Ata son kitablarını yazanda deyirdi, mən fəlsəfəmi yazmışam, bu nöqtələrdir. Həcm kiçildikcə baxırdın, bir fikrin üzərində düşünüb nələr şərh eləmək olar. Ancaq Ata daha yığcam edirdi. Ata da kamilləşirdi. Kamillik, düşüncənin yetkinləşməsi sonsuzdur. İnsan nə qədər yaşayır, nə qədər məşğul olursa, onun idrakı o qədər dərinləşir. Onun müəyyən bir sınırı yoxdur. Eləcə də sən Atanın bütün kitablarını oxuyub qurtar, sonra başqa ədəbiyyatlar oxu. Sonra yenə Atanı oxu, görəcəksən ki, sənin bir il öncəki səviyyənlə indiki səviyyən eyni deyil. Eyni zamanda biri var Atanı oxumaq, düşünmək, biri də var Atanı demək. Məsələn, xalqlaşma əməlimdə məni böyüdən nə idi, – qarşıdakı sual verirdi, elə şeylər var, ona cavab verməyə gücüm çatmırdı. Ya da mən görürdüm danışıram, izah edirəm, ancaq o qədər məqamlarda qorxumu, nisbiliyimi, hardasa zəif cavab verdiyimi, hardasa yaxşı cavab verdiyimi özüm bilirdim. Qarşıdakı bunu bilməsə də. Gəlib özümü analiz edirdim, bir də özümü dəyişir, bir də döyüşürdüm. Zaman-zaman bunlar öz təsirini göstərir. Bu belə bir fəaliyyətdir. Ata deyir, Evladda natiqliq, yazarlıq, təşkilatçılıq olmalıdır. Bu bizim ana yolumuzdur, bizim əsas sözümüzdür. Həm oxumaq həm başqası ilə bölüşmək, xalqlaşmaq hamısı bir getməlidir. Biz sosial şəbəkələrdə çox fəal deyilik. Ən azından səhifəmizin yazılarını bəyənməliyik. Sosial şəbəkələrdə Soylu bəy paylaşımlar edir. Sən onun paylaşımlarının altında düşüncəni bildir, orda sənə nəsə söz deyəcəklər, ona da cavab ver. Ətrafda kiminləsə söhbət etmirsənsə, ən azından sosial şəbəkələrdə aktivliyi artırmaq gərəkdir, bölüşmək gərəkdir, görünmək gərəkdir. Çünki kiminləsə toqquşmasan, üz-üzə gəlməsən adam özünü görə bilmir. Məsələn, mən oturmuşam evdə duyğulanıram, düşünürəm, keçir. Ancaq özünü yaratmaq məsələsi sırf o döyüşdən keçir, başqası ilə görüşdə, toqquşanda içində bir zəlzələ yaradır ki, mən hardayam, necəyəm, hansı səviyyədəyəm. Ən azından insanın içi o qədər dolur ki, sən danışmaya bilmirsən. Günev qardaş hara gedir danışır, ən çox da yas yerlərində. Mən sadəcə işə gedib gəlirəm. Ancaq bilirəm ki, çıxmalıyam, bir yol tapmalıyam. Altı gün işləyirəm, çıxa bilmirəm, işdə də elə danışmağa bir adam yoxdur. Ancaq yenə də axtarıb tapmalıyam, bəhanə olmamalıdır. Mən vaxt ayırmalıyam, ən azından sosial şəbəkələrdə nəsə eləməliyəm. Onu deməsən mümkün deyil. Çünki sənin çatdığın həqiqət, duyğu sənə deyir ki, qaşındakı insanı da oyat, onu da ayılt. İnsanlıq tələbi çağırır adamı. Ona görə sən də fəallığını artır, gözəl mütaliən var, düşünürsən. Ancaq sən bir az fəallığını artırsan görəcəksən ki, özünü dəyişmək olur. Ata deyir, heykəltəraş kimi özünü yarat. Biz belə yaranmışıq, ancaq belə yaranmışlıqla hara qədər barışıb oturmalıyıq. Məsələn, mən qardaşımdan qorxub onun dediyini etsəydim Nurtəkin olmayacaqdım. Ona qarşı çıxdığım üçün belə oldum. İndi də bizim münasibətimiz var, o barışıb. O vaxtı çox çətin münasibətlərimiz oldu, nə olsun. Mən İnsanlığımı qorudum, o da onu bilir. O bilir ki, mən söz deyirəmsə bu, Sözdür. Doğrudur, dinə qarşı olmaq çətinlik yaradır, ancaq insanlar da görürlər. Soylu bəydə də eləydi, indi gəlirlər, sözünü dinləyirlər. O özünə nəsildə də, ətrafda da hörməti qazanıb. Bilirlər ki, bu insan ən azından vicdanlıdır, təmizdir, sözün düzünü deyir. Onu anlayırlar. Ona görə də bu yolu getmək – düşünmək deməkdir, düşündüyünü deyəndə qayıdıb bir də düşünürsən. O artıq qarşılıqlı işləyir.

Göytəkin Atalı: Nurtəkin bacı, Ömürtayın başlanğıcda dediyi məsələ vardı, – işdə hər hansı bir ədalətsizliyə qarşı çıxmaq. Keçen dəfə mərasimdə Soylu bəyə bir sual verdim: Bəzi əsərləri oxuyanda görürəm, bəzi obrazlar sarayın içində, sarayın fitnə-fəsadının ədalətsizliyinin içində mübarizəyə qalxırlar, ancaq elə sarayın içində o fitnə-fəsadın qurbanına çevrilirlər. Dedim belə hallar olanda mənə sarsıntılı təsir edir. Soylu bəy buna yaxşı izah verdi, o necə məğlub olur ki, illər sonra sənə mesaj verir. Mübarizə mesajı verir. Soylu bəyin dediyi o idi ki, sarayın içi ilə mübarizəni sarayın içində aparmazlar. Sarayın içində apardığın mübarizədə sən, fiziki olaraq, məğlub olacaqsan. Ancaq əsas məsələ odur ki, sənin içində barışmazlıq var, bu barışmazlığın özü mübarizənin başlanması deməkdir. Bu barışmazlıq indi sizin işinizdə nəyisə dəyişdirməsə belə, o barışmazlığın üzərində mənəviyyat qurulur. Əsas odur ki, ətrafda olan insanların içində sənin özündəki fərqliliyi görürlər. Əsas odur, o barışmazlıqla sən özün özünə sübut edirsən ki, mən bu ədalətsizliyi görürəm, ona qarışmamaq, ona qarşı çıxmaq kimi bir gücüm var. Onunla mübarizə aparmaq kimi bir gücüm var. Bu daha çox həm insanın özünə inamını artırır, həm də ki, yenə dediyim kimi, işlədiyin mühitdə nəyisə dəyişdirə bilməsən belə, insanın mənəviyyatı qurulur o mübarizənin içində.

Nurtəkin Atalı: Soylu bəyin işlədiyi müəssisədə oğurluq edən də var, başqa işlər görən də. Eləcə də Bilənin işlədiyi yerdə əyri işlərlə məşğul olanlar var. Elə şeylər var ki, o bizdən asılı deyil. Mənim özümdən asılı olanı doğru edirəm, doğru yanaşıram. Bu mənim müəssisəm deyil, düzəni dəyişmək mümkün deyil, özün düzgün ol, doğru ol. Bu da sonucda duzənə etki göstərəcək.

İnamlı Atalı: Nurtəkin bacımızın hadisələr qarşısında davranış söhbəti sual kimi çıxdı ortalığa. Nurtəkinin, Göytəkinin cavabları yaxşı izah oldu.Göytəkinin izharında qisas hissi deyilən bir şey vardı. “Dağılan tifaq” əsərində də vardı. Orda var, mülkədarların bir-biriylə döyüşü, hətta nökərlərin davranışı. İndi bu qisas hissi haqqında yazı var, şərin üzü çoxdu axı. Onun bir formasında belə düşünürdüm ki, ağanın zülmü qarşısında filankəs əzildi, əyildi. Ona gücü çatmadı. Ağadan aldığı tərbiyəni özündən zəifə tətbiq edir. Onun ədaləti pozulubsa, qisas hissini  özündən zəifin üstündə həyata keçirir, ədaləti vurur. Ya da onun hardasa ləyaqətini tapdayıblarsa, o da başqasının ləyaqətini tapdamağa çalışır ki, qisas hissini həyata keçirsin.

Günev Atalı: Qonuda qoyulan düşüncə, söz yox, Ata sözüdür, ruhun bədənə tabeçiliyi. Ruh bədənə tabe olanda heyvanilik yaranır.
Mən də burda yazmışam ki, ruhun bədənə tabeçiliyini mümkünsüz sayıram. Əgər bu Mütləq ruhdursa, nisbi ruhdan söhbət getmir. İnam, idrak, Mənəviyyat, İradənin birliyi məndə tam formalaşıb özünü büruzə verirsə, mən necə heyvanlığa enə bilərəm. Bədənin tələbləriylə heyvanlığa enə bilərəm. Onda bu ruh deyil. Onu qeyd eləmişəm. Buna münasibət bildirməyinizi istərdim.

Nurtəkin Atalı: Deyirsiniz ki, ruh bədənə tam tabe olmur. Ata deyir, şər xeyirlə həmişə döyüşür. Biz hansısa bir səviyyəmizə ensək belə, ola bilər içimizdə hansısa bir xeyirli duyğu və şər duyğu, tutalım, qorxu, cəsarət, bəlkə həyatda elə bir olayla qarşılaşdım ki, qorxu üstün ola bilər. Ancaq idrakınla yenə də o cəsarətə çatırsan. Ruhun bədənə tabeçiliyi, ya əksinə, həmişə döyüş halında olur. Seçim məsələsi var, doğrudan da, insan heyvaniliyi seçirsə, heyvanlığa enir. Bədənə tabe olanda bədən ruha qalib gəlir, ya da əksinə…

Ailə Günü “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə sona yetdi.

İşıq Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir