Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” toplantısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
“Ailə Günü” toplantısı

Ocaq Günsırası ilə 29 Xəzan Ayı, 39-cu ildə (oktyabr, 2017) “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” toplantısı keçirildi. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində Ocaqçı kimi çalışmalarımdan razı qalmadım. Ancaq bəzi ədəbiyyatlar oxudum, Atadan isə az oxudum. Ocaqla bağlı əməllərim də olub. Saytla bağlı, tədbir kitablaşdırmaqla bağlı. Bunlar hər zaman etdiyim şeylərdir, son çağlar bunlardan qırağa çıxmalarım yoxdur.
Düşüncələrimi bölüşmək istəyirəm.


Bəzən düşünürəm hiddətim hara qədərdir? Ədalətsizliyə hiddətim məni hara gətirib çıxarır? Həqiqəti dərk etməkdən, xeyirin, ədalətin varlığından sevincim məni hara gətirib çıxarır? Hansı sonuca, dəyişikliyə varıram? Gerçək yaşamda sevincin böyüklüyü nə, ədalətisizliyin məndə yaratdığı hal nə, bunları özümdə tam dərk eləmək istəyirəm.

xxx

Dünyanın fəlakətini yaradan, savaşları oluşduran, xəstəlikləri törədən zəkalı adamlardır. Dünyanı öz ölçüsündə qurmaq, ağalıq etmək güclü istəkdir. İllərlə hakimiyyətdə olub yönətmək istəyənlər də bu ağalıq istəyiylə yaşayırlar. Dünyanın fəlakəti ağalıq etmək istəyənlərlə birgə ağalığa uyanlardır. Fəlakət ondadır, ağalığa uyanlar bunu özlərinin qisməti kimi qəbul edirlər. Onlara nəsə anlatmağın özü də bəzən mümkünsüz olur.

xxx

Həyatla Amal arasında qalmaq mövcudluqla var olmağın arasında qalmaqdır. Həyata xərclənəndə yalnız mövcudluğumu görürəm. Amala çalışanda var oluşumu.

xxx

Yarımçıq ömürlər var həyatda. Dosta xəyanət edəndə yarımçıqlaşır ömürlər. Yarıda qalır. Çünkü kiminsə arzusunu qıranda sənin ömrün qırılır. Kiminsə ürəyini sındıranda sənin də ömrün sınır, yarımçıq olur. Birisini incidəndə yarım qalır. Kiməsə nifrət edəndə yarım qalır. Başqasının ayağından çəkəndə yarım qalır. Kimisə gözü yaşlı qoyanda, ümidini, arzularını əlindən alanda yarım qalır. Ancaq yarımömür yaşadığının fərqində olmur adamlar. Elə bilirlər yaşayırlar. İnsanlığa qarşı yaşayanda yarımçıqlaşır ömürlər. Ömür insanlıq özülündə yaşadığında bütövləşir. Kiminsə əlindən tutursan, birinin gözünün yaşını silirsən, o birnə dayaq olursan, dəstək verirsən, yalnız əlini deyil, ürəyini tutursan. Tutursan, o da arzularında, ümidlərində qırılmasın, davam etsin. Dolu-dolu yaşamaq – içində, yörəndə insanlığa uyğun yaşamaqdır. Göyə baxanda, insanların üzünə baxanda, gözünə baxanda, ürəyinə baxanda özünü görməkdir ömrün bütövləşməsi.

xxx

“Səhər Ricası”nı hər gün deyirəm, işə gedəndə. “Axşam Ricası”nı bəzən unuduram. O gün “Səhər Ricası”nı dedim, ağlımdan ilginc şeylər keçdi. Hər gün “Rica”nı deyirəm, sözlər təkrardır, ancaq o təkrarda birdən-birə ömrümün nizamını gördüm. “Rica”nı deyəndən sonra, sanki, yörədə hər şey gözümə daha təravətli göründü. “Rica”nı demək mənə gözəl duyğular yaşadır. “Rica”nı unutmağım – nizam yaratmamağımdandır. Mən hər zaman özümdən şikayətçi olmuşam, ömrümdə tam nizam yarada bilmirəm.

xxx

Nələrdən imtina etməliyəm? Nizamsızlığımdan.
Əməl görürəm, tam nizamlı olmur.
Oxuyuram, tam nizamlı olmur.
Dəftər-qələmlə az işləyirəm.
Son zamanlarda aqressiv olmuşam. Aqressivliyim əsasən məişət sorunlarımla bağlıdır. İşə gedəndə bəzən kütlə psixologiyasına uyuram. Mənimlə kobud davranırlar, mən də sərt qarşılıq verirəm. Öyrədici, utandırıcı qarşılıq da verə bilərdim. Bu açıdan özünü ələ almaq, durumu qiymətləndirmək, istədiyim kimi yönəltmək gərəkdir. Mənsə duruma uyuram.
Son zamanlar bu işdən çıxıb, başqa hardan gəlir gətirə bilmək haqqında düşünürəm. Beynim yorulur. Düşünürəm, yol axtarmaq olar, ancaq beyni əsas məqsəddən yayındırmaq olmaz. Ata deyirdi, beyni tüfeyli düşüncələrdən arındırmaq gərəkdr. Tüfeyli, həm də gərəksiz. Əsas məqsəd, əsas ideya hər zaman aparıcı olmalıdır. Təbii, mənim ömrümdə əsas xətt Ocaqdır, bunu bütün varlığıma yansıtmaq istəyirəm.
Ocaqçılarla sabit bağlantı yaratmağa çalışıram. Bağlantı çox gərəklidir.
Ay içində çox ehtiyac duydum Soylu Atalı ilə söhbətə. Ruhsal söhbətlər köklənmək açısından çox gərəklidir. Ocaqçılarla doğmalaşmaq, söhbətləşmək istəyirəm. Ailə Gününün keçiril­məsin­dən dolayı həyəcanlanıram, iki ay keçib son Ailə Günündən. Soylu Atalı həmişə deyir, Ailə Günündən başqa bir gün ayrıca yığışıb görüşmək olar. Bu ay bunu gerçəkləşdirmək istəyirəm. Bizim evimizdə olsun, duyğularımızı, istəklərimizi bölüşək.
Xalqlaşma söhbətlərim olur. Davamlıdır.
Atamız Var olsun!

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Keçən Ailə Günündən bu yana Ocaq ədəbiyyatından parçalar oxumuşam, indi Taqoru oxuyuram. Taqorun həyatı əsərlərindən daha ilginc gəldi mənə. Onun siyasi baxışları ilə bağlı bəlli şeylər qeyd olunmuşdu.
Hindistanda Svadeşi (öz istehsalatımız) adlı bir hərəkat olub. Məqsədi Hindistana özünü yönətmək hüququ vermək, qıraq malları baykot eləmək, milli istehsalın inkişafını təmin etmək olub. Taqor bu hərəkatın rəhbərlərindən biri idi. Ancaq çox keçmədən oradan uzaqlaşır. Haq­qında yazılır ki: “o, islahatın, siyasi mübarizə kimi zorakılıqdan əl çəkməyin yanlısı idi. Taqor ictimai dəyişiklikləri utopikcəsinə anlayırdı. Onun etiqadına görə, bunlar ölkədə xalq arasında maarifin yayılması, ölkənin öz istehsalının genişlənməsi, dinc yolla aqrar islahata nail olmaq, könüllü təşkilatlar yaratmaq yolu ilə olmalı idi. Hərəkat kütləvi devrimsəl savaş xarakteri alanda Taqorun məhdud baxışları onu bu hərəkata qatılmaqdan ayırdı”.


Mən bunu oxudum, bir anlıq Ocaqla tutuşdurdum. Bu gün də, hamımız bilirik, Ocaq haqqında da eyni düşüncədədirlər. Ocaqçılar xəyalsevərdirlər. Özləri deyib özləri eşidir. Heç nəyə yetməyəcəklər…
Bununla bağlı nə düşündüm?! – Taqor orda qalsaydı nə olacaqdı, qalmadı nə oldu? Qalmadı, özünü yaradıcılığa verdi, oxuluna başçılıq etdi. Onlardan uzaqlaşmaqla dönüklük etmədi. Tərsinə, düşüncələrinə sadiq qaldı. Burda şəxsiyyət-ideya, ideyanın həyata keçirilməsi söz qonusudur.

Şəxsiyyət hər hansı bir baxışdan, qurumdan yüksəkdə dayana bilər. Yörəsi onu gərəyincə anlamaya da bilər. Gərək verdiyin ideya qüsursuz olsun, verdiyin dəyərə inanasan. Əqidə adamının birinci özəlliyi bu olmalıdır. Gücün, ağlın, biliyin, malın-mülkün yetərsiz ola bilər, mübarizənə inamın yoxdursa, bəri başdan itirmisən deməkdir.

 

Soylu Atalı: Yaxşı məsələlərə toxunursan. Demokratik seçki nə deməkdir? Demokratiyanın seçkisi insanın xarakterinə, şəxsiyyətinə, düşüncəsinin böyüklüyünə, dərinliyinə görə deyil. İmkanının, pulunun, əlaltılarının çoxluğuna, üstünlüyünə görədir. Seçkini onda udursan. Dünyanın bir ölkəsini göstərin, şəxsiyyətin yüksək səviyyəliliyi daha da üzə çıxsın, qabağa getsin. Düşüncə dərinliyi daha da üzə çıxsın. Göstərin mənə bir fakt. Yoxdur! Burada dünyanı elə bir hala gətiriblər, burda seçki də anarxiyadır, yönətim də anarxiyadır. Hər şey anarxiya olmalıdır. Nizam yoxdur. Nizamsız yaşam olar? Şəxsiyyət yaranmalıdır. Şəxsiyyət işin başında durmalıdır. Şəxsiyyət ağıl işlətməlidir, söz deməlidir, buyurmalıdır, çağırmalıdır. Göstərməlidir, onu elə, bunu elə. Şəxsiyyət Stalin kimi deyil, başqa millətlərin başını kəsib kommunist rejimini qorumağa çalışsın. Söhbət ondan getmir. Bir ölkənin taleyini düşünürsənsə, bir millətin taleyini düşünürsənsə, bütövlükdə insanlığın gələcəyini düşünürsənsə, şəxsiyyətlər gərəkdir. Sürü gərək deyil. Sürü yönətə bilməz. Ancaq razıyam burda bir mexanizm də olmalıdır, şəxsiyyətin xarizmatik keyfiyyətləri aldada bilər, Ərdoğan kimi. Aldatmamaq üçün qurumsal bir diqqət olmalıdır, nəzarət olmalıdır. Ola bilər, görürsən şəxsiyyət bildiyin birisi sağa-sola vurur. Konkret desək, satılır. Ağlı var, bacarıqlıdır, ancaq satılıb. Satılana böyun əyə bilmərəm təbii. Göylü vurğu elədi, demokratik seçki-filan. Ona görə bu məsələyə toxundum. Burda biz də məsələyə ayrıntılı baxırıq, ayrıntılı yanaşırıq. Demokratiyayla bağlı düşüncələrimi deyəcəm, sən davam elə.

Göylü Atalı: Yüksək oxul bitirməməsinə baxmayaraq, atasının mülkündə oxul açır. Dərsləri özünün hazırladığı ayrıca üsulla keçir. Oxul rəsmi, qanuni təhsil sistemindən xeyli fərqlənir. Belə ki, məşğələlər əksərən açıq havada keçirilir. Dərs mahnı oxumaqla başlanır, əxlaq qurallarını uşaqlar özləri bəlli edir, arılığı, qayda-qanunu, əyləncəni, dincəlişi, hətta cəza tədbirlərini belə oxul şurası ilə birlikdə özləri bəlli edirlər.
Cansıxıcı, standart, monoton təhsil sistemini bəlkə də canlandıracaq bir ideyadır. Nəsə xoş gəldi mənə. Atanın Ailə Günləri üçün dediyi sözü xatırlatdı mənə. Tədbirləri meşədə, çay qırağında, dağda, bir sözlə, doğada keçirin. Deyə bilərlər, axı oxullarda musiqi, idman, əmək dərsləri keçirilir, dərsdən qıraq tədbirlər ərsəyə gətirilir. Əlbəttə, bunlar var, ancaq sonuc o deyil.
Yaradıcılığına gəlincə, aforizmlər şəklində yazır.

Soylu Atalı: Bir var bədii aforizmlər, bir var fəlsəfi aforzmlər. Onda bədii deyimlər sayılır. Bədiiyyatı fəlsəfidir, aforizmləri bədii aforizmlərdir.

Göylü Atalı: Onun “Ey canımın canı!” deyə müraciəti var. Tanrıya yönəlik müraciətdir, şükranını dilə gətirir: “Məni hədsiz arzuların əsiri olmaqdan qoruyursan”. Hind təfəkküründən gələn ideyadır, öz yerində.
Arzularla yaşamaq yaxşımı, pismi, ya da arzuların boyu, boyası nə? – bumu şərt?

Soylu Atalı: Aximsa ideyası var, onun etkisidir.

Göylü Atalı: Arzuyla yaşamaq pis şeydirmi?

Soylu Atalı: Arzudan qaça bilməzsən. İnsanın varlığı arzuya bağlıdır. Ancaq arzu iradəyə doğma olmalıdır. Arzu arzu olaraq qalırsa, bu xülyadır. Arzunu gerçəkləşdirmək gərəkdir. Arzuların fantastik xarakter daşıyırsa, boşla getsin. Beynini niyə yorursan. Ruhsal arzular var, məişət arzuları var. Məsələn, arzulaya bilərsən 4 qatlı (mərtəbəli) sarayın olsun. Bir də arzulaya bilərsən millətimin gələcəyi işıqlı olsun. Eyni şey deyil.

Nurtəkin Atalı: Məqsəddən asılıdır arzunun boyu.

Göylü Atalı: “Öz yükünü o adama ver ki, bütün bunları qaldırmağa gücü çatar, həm də bu ağırlıqlar onun üçün bir nemətdir”. Ocağın yükünü düşündüm. Ağırmı gəlir, yoxsa doğrudanmı nemət kimi qəbul eləyirəm?! Bunun üzərində düşünürəm.

Soylu Atalı: Sevə-sevə yaşamaq var, bir də zorən yaşamaq var. Düşüncəni, yükü sevə-sevə yaşamaq var, bir də zorən. Haçağ sevə-sevə yaşamaq var – dərk eləyəndə. Haçağ zorən yaşayırsan – sadəcə özünü axına qoşanda. Nədəsə özünü süni ifadəyə çalışırsan. Onda zorlanırsan. Onda yük insanın üzərinə nemət kimi deyil, ağırlıq kimi yeriyir.

Göylü Atalı: “Ey dustaq! Söylə görüm, bu qırılmaz zəncirlərlə səni kim bənd etmişdir?
Dustaq cavab verir:
-Mən özüm. Bunları mən özüm belə qayğıkeşliklə döyüb bərkitmişəm”.
Həyat zəncirləridir – öncə ata-ananın istəyərəkdən, istəməyərəkdən bağladığı, sonra toplu­mun, axırda özümüzün vurduğumuz zəncirlər.
“Məni bu dünyada sevənlər hər araçla əllərində saxlamaq istəyirlər. Ancaq sənin eşqin elə deyil, – sənin eşqin onların sevgisindən güclüdür, həm də azadlığımı əlimdən almır”.
“Mənə qüvvət ver ki, qəlbim gündəlik vurnuxmalardan uca olsun”.
“Mənim günlərim bu dünyanın izdihamlı bazarında keçir. Ovuclarım gündəlik qazancla dolur. Ancaq elə et ki, heç bir şey qazanmadığımı hər an duyum. Elə et ki, səni bir an da unutmayım”.

Nələrdən imtina eləməliyəm?

  1. Ən başda ikiliklərimdən. Adına ikiüzüllük deyək, ikilik deyək, hər nəysə ziddiyyətlərim var. Amalı yaşamaq, qorumaq istəyirəm, həyatı da yaşamaq istəyirəm. Həyat yaşanmamalıdırmı? Amalın, arzuların, idealın qanadın olduğu qədər yaşadığın həyatın da urvatı olur, yoxsa yox.
  2. Həsəd, tamah duyğularımla döyüşürəm. Hərdən mənə elə gəlir, umursamıram artıq. Özümü aldadıram. Əlim çatmır deyə imtina eləmiş görünürəm. Duyğu fürsətə bağlısa, deməli, hələ yol gedilməyib.

Kiçik bir fakt deyəcəm. Ocaq bilir, mən böyük itki hesabına böyük bir yükdən azad oldum. Onun acısıdırmı, acığıdırmı, içimdən çıxartmağa çalışıram. Özümü təsdiq eləmək çabasındayam. Yenə də ruhumu sıxıram. Birdən ayılıram, neyləyirəm. Bütün gün vurnux, çalış-çabala, ömür gedir. Əlin, ürəyin, imkanların boşda. Budurmu hədəfin? Bu deyil.

  1. Yalandan imtinam bütöv deyil. Başqalarını da aldada bilirəm, özümü də. İnsanlarla münasibətdə səmimiyyətimdə bəzən sınır ola bilir.
  2. Eqom insanlarla təmasımda sınır yaradır. O sınırı hərdən itirə bilirəm. Sırf eqoyamı bağlıdır, özündən razılığamı bağlıdır, yoxsa, özünün üstünlüyünü dərk eləməkdir, enməməkdir. Təmasda bəlli gərginliklər gətirir mənə.

Soylu Atalı: Əgər sınırı itirə bilirsənsə, onda bunu üstünlüklərin xəttində götürmə, o biri xətdə götür. Çünkü üstünlüklər xəttində hər şey bəlirlənir, aydın olur. Səndə aydınlıqsızlar qalır.

Göylü Atalı: Bədbin əhvaldan tam çıxa bilməmişəm. Bəzən geri qayıda bilir. Bilirəm, bunda son yaşantılarımın da etkisi var, nələrdən keçdim, sonuc nə oldu, bunları düşünüb geriyə addım ata bilirəm. Bundan çıxmalıyam.

Nurtəkin Atalı: Mən Ocağa gələndə Taqoru oxumuşdum, o çağlarda. Atadan Taqora qiymə­tini soruşdum. Ata dedi, 20-ci yüzildə doğmalığın tərənnümü.

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Çıxışlarınızla bağlı bir məsələni deyim. Nurtəkinin “ömrün bütövlüyü” məsələsi ilə bağlı düşüncəsi. Ömür haçağ bütövləşir?! Toplumda ömür heç vaxt bütövləşmir. Niyə bütövləşmir? Çünkü toplum sıradan bir həyat yaşayır. Üstəgəl toplumun yaşamında özünəxaslıq aradan qalxıb. Özgələşmə çox aşırı həddədir. Özəllikcə tolumun ruhsal həyatı, ruhsal düşüncəsi işğal olunub. İşğal halında yaşayan toplumun ömründə bütövlük yaranmaz. Bu durumda toplumun ömrünün bütövləşməsini düşünmək mümkün deyil. Gərək sənin xalqının özünəxaslığı bərpa olunsun. Gərək onun düşüncəsi özünəxas olaraq bərpa olunsun. Nə qədər ki, bu yoxdur, toplumda ömür bütövlüyü aramaq mümkün olmayacaq. Əqidə adamlarında ömür bütövləşə bilər, Əqidə ilə yaşayan adamlarda. Qana-qana, düşünə-düşünə, fəlakətləri dərk eləyə-eləyə, toplumun gələcəyini göz altına ala-ala. Belə insanlarda ömür bütövləşə bilər. Bu insanlarda da ömrün bütövləşməsi hava-su kimi gərəkdir. Əgər bu insanlarda ömür bütövləşməzsə, onda əmin ola bilərik, xalq necə var, elə qalacaq. Necə var elə qalacaq, fəlakət azalmayacaq. Fəlakət necə var elə qalmayacaq, fəlakət artacaq. O kəslər ki xalqın gələcəyini düşünür, o kəslər ki xalqın özünəxaslığını düşünür, onlar özlüyündə xalqın mahiyyəti ilə bütövləşməlidir. Başqa sözlə, ömür bütövləşməlidir. Ömür ikiliklərdən, çelişkilərdən arınmalıdır. Arınarsa, onun döyüşü sonuc verəcək. Arınmazsa, belə ikili adamların gələcəyinə, mübarizəsinə inanmıram. Mübarizəsinin sonucuna da inanmıram.

Bayaq söhbətimizin başlanğıcında bəyin vurğu elədiyi ki “türkçülər var, bir əldə Quran, bir əldə Turan” deyirlər, belə mümkün deyil. Bu boş lafdır. Sənin əlində deyil bu. Sənin qəlbindədir. Sənin şüurundadır. Özgələşdirən bir səviyyədə şüurundadır. Səni məhv eləyir. Sənin şüurun ümmətçilikdən oluşub. Üzdə nə qədər deyirsən de, mən millətçiyəm, necə millətçisən ki, həm də ümmətçisən. Ümmət sözü millət sözünü aradan qaldırmaqdan ötrü ortaya gəlib. Ona görə ümmətçi olanın millətçi olmasına, qlobalçı olanın millətçi olmasına inanmıram. Bəşərçi olanın millətçi olmasına inanıram, başqa sözlə, millətçi olanın bəşərçi olmasına inanıram. Millətçilik ideyası bəşərçilik ideyasıdır. Dönə-dönə vurğu eləmişik, bəşər toplumun toplamı deyil. Yəni dünya xalqlarının toplamı deyil. Dünya xalqlarının özünəxas insani keyfiyyətlərinin birliyidir. İnsani keyfiyyətlərin yoxdursa, onu yaşatmırsansa, sən imperialist düşüncəylə yaşayırsansa, türk olmursan fransız ol, nə olursan ol. Nə anlamı var?

Bayaq dedim, demokratik deyilən söhbətə aydınlıq gətirmək isrtəyirəm. Atanın da dediyi kimi, demokratiya ölü doğulub. Hamı deyir, türklər Avropaya mədəniyyət aparıb. Türklər dünyanın harasına gedib, oraya gəlişmə aparıb. Bu gəlişmənin, mədəniyyətin altında nə vardı?! –  Bəlli şüur, bəlli düşüncə, İnsanlığa bağlı düşüncə. Bu insanlığa bağlı düşüncənin adı nə idi? Demokratiya idi? Demokratiya deyildi axı. Atilla məgər demokratiya aparırdı? Atilla türklük, mədəniyyət aparanda, apardığının adına demokratiya demirdi. İndi bizimkilər hər şeyə demokratiya deyirlər. O sözün altına girmir Türklük. Demokratiyanın başında Batı durur. İnsan haqları deyir, əslində o haqq deyil, hüquqdur. Hansı insanın hüququnu yaradır, qoruyur? –  Sürünün. Türkdə sürü haqqı yoxdur, İnsan haqqı var. Bundan ötrü insan olmaq gərəkdir. Bundan ötrü millət olmalısan. Kimliyin bəli olmalıdır, sənin haqqın olsun. Sən insanlığını, milliliyini itirmisənsə, haqqını itirmisən. Millilik adlı haqqını itirmisən, İnsanlıq adlı haqqını itirmisən. Hansı haqq uğrunda mübarizə aparırsan? Hansı haqdan danışırsan? Yemək, içmək, bunlar bəllidir. Heyvanın da yeməyə haqqı var. Ac qalası deyil ki. Qidalanmaq, yemək yemək, məgər bu haqdır? Buna maaş ver, hüququnu müdafiə elə. Bu ayrı şeydir. Haqq ayrı şeydir, hüquq ayrı şey. Haqq millət olmaqdır, insan olmaqdır, bəşər olmaqdır. Batı bəşəri məhv edir. 300-350 illik tarixi olan bir Amerika minillik tarixi olan millətləri məhv edir. Silahının gücüylə, demokratiya ideoloji çətiri altında. İndi sən türklüyə xas olan o keyfiyyətləri necə o çətirin altına salırsan, niyə salırsan? Sən bunu edəndə sənin istəklərin deyil, Batının istəkləri keçir. Ha deynən demokratiya o deyil, budur. Sən yüz de, demokratiya o deyil. Sən nə qədər istəyirsən almana alman de, o özünə döyç deyir. Yəni sənin deməyinlə deyil. Mən də sizə deyirəm ki, türksevər bəylər, onun adı Türklükdür. İstədiyimiz bəndlərin adı Türklükdür, demokratiya deyil. Demokratiya quruluşa bağlı bir şeydir. Bunu nə qədər demək olar. Quldarlıq demokratiyası vardı, feodalizm demok­ratiyası vardı, kapitalizm demokratiyası var, sosializm demokratiyası var. Yəni ictimai-iqtisadi formasiya deyirlər adına. Bu formasiyalara bağlı bir şeydir demokratiya. Qulun hüququ, haqqı yox idi. Qul demos deyildi, kratiyası da olmayacaqdı. Təhkimçinin hüququ yox idi. Bunu bəşəriyyətə anlatmaq gərək! Məni demokratiyaya qarşı suçlayanlar anlamırlar. Mən insanın haqqına, ləyaqətinə, milli kimliyinə, milli varoluşuna, insanın varoluşuna qarşı deyiləm. Mən onun uğrunda mübarizə aparıram. Bəs məni nədə suçlayırsan, qınayırsan? Oyunu qırağa qoy. Mən deyirəm, sən dempokratiya sözünü nə qədər çox yazacaqsansa, o qədər onun dəyirmanına su tökəcəksən. Onun başında duranın dəyirmanına su tökəcəksən. Gəl o demokratiyanın altında nələri düşünürsənsə, onun adına Türklük deyək, deyək Türklük filan şeydir. Qoy o da desin demokratiya filan şeydir. Sən demokratiya de adına, mən demokratiya demirəm. Bütün məsələ budur. Burda şovinizm axtarmaq yanlışlıqdır. Türklük bəşəri keyfiyyətdir – birüzüllük, mərdlik, döyüşkənlik, halallıq, ailəsevərlik, insansevərlik, Doğasevərlik, bunlar bütün bəşərə gərək olan şeylərdir. Bunu veririk də biz bəşəriyyətə. Pis eləyirik? Deyirik ikiüzlü olma, yəhudi olma, sərmayəçi erməni olma. Ermənilikdən çıx. Bunu deyirik da. Türk xarakteri bəşəri xarakterdir. Ona yiyə dur. Bizi şovinizmdə suçlayanların ağlı yoxdur. İnanmıram bizi suçlayan olsun belə şeylərdə. Bizi oxuyurlarsa, izləyirlərsə, inanmıram.

İkinci bir məsələyə toxunmaq istəyirəm. Ocağın dediyi, öyrəndiyi, öyrətdiyi bir şey. Mənimlə söhbət edənlər çox mənə deyiblər ki, istər sosial şəbəkədə, istər canlı görüşlərdə, bəs biz rusu, ingilisi, farsı qıcıqlandırmamalıyıq.  Nə deməkdir qıcıqlandırmaq?! – Mən türkəm, türk olaraq bu bəşəriyyətdə kimliyimi itirmişəm. Üzümü itirmişəm. Qurallarımı, yasalarımı itirmişəm. Prinsip­lərimi, yaşam sistemimi itirmişəm. Bunu bərpa eləmək istəyirəm, gəlişdirmək istəyirəm. Mən bunun istəyirəmsə, rus qıcıqlanır, getsin qıcıqlansın. İkinci, sən dövlətin başında duran siyasətçi, ağzını yuma bilərsən, qıcıqlandırmaya bilərsən. Mən dövlətin yönətimində oturan adam deyiləm. Mənim nə haqqım var, olanı qoyub olmazı danışım?! Xalqın içində mən olanı deməliyəm ki, onun şüuruna otursun. Eyitim nədir bəs? Haçağ eyitimlənəcək bu xalq?! Özü də deyirlər hələ bunun vaxtı deyil. Haçağdır bunun vaxtı?! 100 il bundan qabaq vaxtı deyildi, bu gün vaxtı deyil, 1000 il bundan sonra vaxtı olmayacaq, bəs haçağ vaxtı olacaq?! Görün necə kor bir şüurla qarşımıza çıxırlar. Kor bir şüurla ayağımıza qandallanırlar. Ona görə addımı dala qoymaq olmaz. Mən bir vətəndaşam. Oxumamışam da. Bir vətəndaş olaraq düşünməli deyiləm? Bu millətin oğlunu, qızını düşünməli deyiləm? Kimin xoşuna gəlmir nə dəxli var? Mən Türklüyü irəli sürürəm, sən yəhudiliyi savunursan. Hələ üstəlik deyirsən, bunlardan öyrənmək gərəkdir. Yəhudidən Türk olmağı öyrənə bilmərəm. Çünkü yəhudi qurmur, dağıdır. Mən qurmaq istəyi­rəm. Amerika dağıdır. Mən dağıdıcılıq öyrənim? Ona görə öyrənməli bir şey varsa, o bizdədir. Ata deyir, bütün dünya türkün qılıncının zəhmini gördü, indi idrakının zəhmini görməlidir. Onu yaratmaq, ortaya gətirmək gərəkdir. Daha qılınc məntiqi yoxdur ki, atın belinə qalxasan, mərd-mərdanə döyüşəsən. Bu da mənim torpağımdır. Bu sınırdan bu yana keçmə deyəsən. Daha o çağ deyil. İndi idrak zamanıdır. İnsanlaşmaq, dünyaya örnək vermək çağıdır. Dünyanın arxasınca sürünmək çağı deyil. Dövlət həmişə güc qarşısında təslimçilik əhvalı sərgiləyir. Niyə? Özünün gücü yoxdur. Azərbaycanda yoxdur. Ancaq dövlətin gücü milli strategiyadır. Bizim insanlarımız da işğal olunan dövlətimizin təslimçilik əhvalına bağlanır. Dövlətin təslimçiliyindən çıx da. Sən niyə təslimçilik sərgiləyirsən? Düşüncə adamı niyə təslimçilik əhvalı sərgiləməlidir? Təslimçilik əhvalıyla kim səni qoruyacaq? Amerika sənin haqqında düşünəcək? Səni düşünməyəcək. Bu gün bütövlükdə toplumumuzda o əhvallar var. Qıraqda güc axtarır. Öz içində yarat. Deyir nə vaxt olacaq? Bilirsən nə vaxt olacaq?! – 500 il sonra. Axır ki, sən özün olmalısan da. Sən tarix səhnəsindən çıxmalı deyilsən ki. Bu dünyaya öz sözünü deməlisən. Öz kimliyini ortaya qoymalı­san da. Sənin yerinə kim eləyəcək bunu. Sənin oğlun, qızın eləyəcək də. Vərəsəlik üsuluyla ruhsuzluğu, döyüşkənsizliyi ötürür özündən sonrakına.

Bu gün mən Ailə Günündə daha çox ölkənin durumuna yönəlik danışıram. Baxmayaraq, mən onun ruhsal anlamına toxunuram.

Bir də örgütlər, qurumlar, partiyalar məsələsi. Mən hələ 15 il bundan öncə davamlı yazırdım ki, bir ölkədə nə qədər çox toplumsal, siyasal qurumlar varsa, bunlar bir o qədər dövlətin zəifləməsi deməkdir. Demokratiya da bunu eləyir. Alverçidir, deyir mənim də öz düşüncəm var. Soruşan gərək, nə vaxt, harda uğraşmısan düşüncəylə?! Demokratiya bunu gətirir, düşüncəsi olanla düşüncəsi olmayan bir-birinə qarışsın. Xalq formalaşmasın, yaranmasın. Mən ömrümü əridirəm bu yöndə, ancaq biriləri səhərdən axşama qatıq satır, sonra gəlib qarşıma dikilir ki, mənim də öz düşüncəm var, sən də məni eşitməlisən. Sənin nəyin var ki, eşidəm?! Mən sənə ciddi söz deyirəm, dədəmin bağçasında yer belləməyə çağırmıram. Ona görə şəxsiyyət məsələsinə çox düzgün, ciddi yanaşmaq gərəkdir. Onsuz nə mərifət, nə gəlişmə, nə qanacaq, nə eyitim – heç nə yoxdur. Özbaşınalıq, harınlıq, anarxiya var. Mən də anarxiyanı qəbul etmirəm. Bu stolun başında xanım oturubsa, o demək deyil, bunun bir əlinə bel, bir əlinə yel vermək gərəkdir. Yox. O, düşüncələrə qulluq göstərir, yönəldir. Orda özünü fəda eləyən oturur. Başda özünü fəda eləyən gəlir. Sarsağın birini gətirib qoymursan ora. Özü üçün yaşayanı, düşünəni gətirmirsən ora. Fədakar birini gətirirsən. Bütün varlığıyla tikan üstündə yaşayır bu adam, millət üçün, vətən üçün. O varsa, həqiqət ordadır. O yoxdursa, yox. Haqq da, hüquq da ordadır. Qurtuluş da ordadır. Özbaşınalıqda, dərəbəylikdə qurtuluş yoxdur. Ocaq belə bir məsələnin ruhsal anlamını yaradıb. Asif Ata deyirdi, bu milləti elə bir duruma gətiriblər, onun indiki səviyyəsiylə beş addım yol getmək mümkün deyil. Ona görə düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Xalq yaranmalıdır, dəyişməlidir. Bundan ötrü əzab çəkmək gərəkdir, ömür xərcləmək gərəkdir. Düşüncə vermək, ideya vermək, səfər eləmək, kitab yazmaq gərəkdir. Bizim kimi. Zaman-zaman xalq yaranmalıdır. Ondan sonra onun içindən yaranan oğullar gətirməlisən dövlətin başına. Ona etibar etməlisən. İndi kimə etibar edə bilərsən?! İçində millət, vətən yoxdur. Düşüncəsində ləyaqət, insanlıq yoxdur, eqoizm var. Deyir, mən hər şeyəm. Hər şey deyilsən. Hər şey olan hamının qulluğunda durur. Ona üstdən aşağı baxmır. Sevir onu. Sənin üçün varam deyir. Mən burdayam ağlım bir az yaxşı işləyir. Ağlım bir az yaxşı işləyir ki, sənə qulluq eləyim, səni qurtarım. Ona görə yazmışam, nələri dəyişmək gərəkdir. Onlardan biri də nədir bilirsiniz? Allahı dəyişmək. Mən bunu dönə-dönə yazmışam. Bütün sorunların əsasında Ruhsal əyriliklər durur. Başqa sözlə, Ruhaniyyat sisteminin əyriliyi durur. Çünkü insanı insan eləyən, millət eləyən, insana tərbiyə, düşüncə verən, qayda-qanun verən ruhaniyyatdır. Bu gün, millət olaraq, tapındığımız ruhaniyyat əyridir. Əyri ruhaniyyat əyri həyat sistemi yaradır. Ərəbin Allahı çox böyük xətalar işlədir. Allahı dəyişmək gərəkdir. Elə dəyişmək ki, onda sənin də milli kimliklərin olsun, milli xarakterin Allah adlanan o bazada olsun. Olacaqsa, ona ibadət etmək, üz tutmaq sənin xarakterini sənə qaytaracaq.

Biz, Ocaq olaraq, inamı dəyişirik, Allahı, insanı, düşüncəni, – bütövlükdə varlığa baxışı dəyişirik. Bununla qürur duymayan insan Ocaqçı ola bilməz, millətçi də ola bilməz. Bununla qürur duymaq gərək. Mənim kimi.

Ailə Günündə deyəcəyim söz bunlardır. Var olun məni dinlədiyinizə görə. Ataya səcdə özünü təsdiqdir. Şəxsiyyətə üz tutmaq, şəxsiyyətin böyüklüyünü tanımaq, dərk eləmək böyüməkdir. Böyüklüyə üz tutmaq böyüməkdir. Eqoist böyüklüyə üz tutmur, böyüklüyü görmür, tanımır. İçində heç nə olmaya-olmaya. Bir dəfə bir yoldaşla söhbət eləyirdim. Deyir, sizin Asif Ataya münasibətiniz şəxsiyyətə pərəstiş deyil ki? Deyirəm, Asif Ata ağa deyil, özündənkeçəndir (Fədakardır). Mənim ona səcdəm insanlığa səcdəmdir, insanlığa tapınmağımdır, böyüklüyə tapınmağımdır. Mən Asif Atanın 7 il yanında olmuşam. Mən bilirəm o kimdir. Mən o vaxtlar eqoist adam idim. Eqoistcəsinə qalsaydım, Asif Ataya nec ə səcdə eləyə bilərdim?! Getdikcə tanıdım, dərk elədim Asif Atanı. Mən bilirəm, O, Türklüyün, bəşərin ruhsal qurtuluşudur.

Müsəlman deyir süfrə duası, gömmə duası oxumaq gərəkdir. Bunlar insanı, üzr istəyirəm, eşşək yerinə qoymaqdır. İnsan orda özünü anlaya bilirmi, özünə tərbiyə gəlirmi? Gəlmir. Ancaq sən deyirsən: “Məndə məndən yüksək olan məna!
Məndəki qorxunu məndən al.
(İçindən özünün yaddaşına haray çəkirsən).
Məndəki qorxunu məndən al, məndəki həsədi məndən al! Məndəki cahili məndən al! Məndəki hərisi məndən al! Məndəki zalımı məndən al!.. Məni özümə çatdır!” Sonra deyirsən: “Nisbi cəsarəti məndən al! Nisbi heyrəti məndən al! Nisbi vüqarı məndən al!.. Məni özümə çatdır”. Necə insanı kökləyir. Bu çox böyük ruhsal tərbiyədir.
“Təbiətdə təbiətdən yüksək olan məna!
Dağların vüqarında mənliyim yaşayır! Ona çatım!
Çayların axarında mənliyim yaşayır! Ona çatım!”
Görün burda mütilik var?!
“Dünyada dünyadan yüksək olan məna!
Əzəliyə qovuşum, Ötəridən keçim!
Əbədiyə qovuşum, ötəridən keçim!
Kamilə qovuşum, qeyri-kamildən keçim!
Sonsuza qovuşum, sonludan keçim!
Ötərini Əzəli saymayım!
Keçicini Əbədi saymayım!
Qeyri-kamili Kamil saymayım!
Sonlunu Konsuz saymayım!
Hadisədə qalmayım, Mahiyyətə çatım!
Gerçəklikdə qalmayım, Mahiyyətə çatım!
Şəraitdə qalmayım, Mahiyyətə çatım!
Mühitdə qalmayım, Mahiyyətə çatım!
Səndəki Özümlüyümə çatım!”.
Mühit balacadır. Mühiti balaca ağıllılar yaradır, balaca mənəviyyatlılar yaradır. Onda qalmayım. Ondan yüksəyə qalxım. İnsani mahiyyətimə çatım, yüksəlim. Onda mən xalqa da, vətənə də, millətə də – hər şeyə gərək olacam. Onsuz olmayacam. Böyük məsələdir.
Atamız Var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

“Qutsal Oxuma” bölməsində Nurtəkin Atalı “Mütləqə İnam” kitabından “Cəmiyyətlə görüş”  parçasını oxudu.
Kitabdakı “Cəmiyyət insan səadətini nəzərə almırdı” düşüncəsinə Soylu Atalı “Niyə” sorusunu sordu.

 

Nurtəkin Atalı: Çünkü cəmiyyətin özünün artıq ölçüsü yaranıb.

Soylu Atalı: Bayaqdan bizim dediymiz odur. Bu toplum nə özü öz üzərində işləyir, nə də onun diqqətini özünə yönəldən bir ideya, ideoloji sistem yoxdur. Nə də bir ruhsal sistem yoxdur. Ona görə getdikcə toplumda insanlar cılızlaşır, balacalaşır, bəsitləşir. O özünə bərabər axtarır. İstəmir sən ondan üstün olasan. Bu ölçüdən qırağa çıxırsan, sənə əyri baxır. Toplumun içində ölçü dəyişməlidir…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.

 Yağış Ayı, 39-cu il.
(noyarb, 2017.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir